![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Unudulmaz sevgi şeirləri: İbrahim İlyaslı, “Necəsən…”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Çağdaş poeziyamızda sevgi mövzusu sosial şəbəkə şeirlərinin leytmotivini təşkil edir. Amma bu şeirlərdə sevgi sanki modern sevgidir, təmənnalıdır. Belə sevgi şəxsən məni və dəqiq bilirəm ki, çoxlarını təmin eləmir. Sumqayıtda yaşayıb yaradan, sazlı-sözlü Qazax mahalını təmsil edən İbrahim İlyaslının sevgisi isə əsl klassik sevgidir, bulaşmayan, saf sevgidir. Onun çox məşhur “Necəsən” şeiri, düşünürəm ki, Sevgililər günündə rubrikama yaraşıq verər.
NECƏSƏN Mənim səndən uzaqlarda Yamandı halım, necəsən? Özgəsinə qismət olan Cahı-cəlalım, necəsən? Yalana döndü gerçəyim, Ay gözəlim, ay göyçəyim. Çəmənim, çölüm, çiçəyim, Pətəyim, balım, necəsən? Daşam yolun üstə bitən, Nə sirdi anlamaz yetən. Gözü, könlü dil-dil ötən, Dilləri lalım, necəsən? Zər-zibam, ləlim, gövhərim, Yaqut-yəmən, simu-zərim, Barmaqları bəxtəvərim, Başı bəlalım, necəsən? Üzün dönməz mənə sarı, Yarı öz ömründən, yarı. İbrahimin sitəmkarı, Necəsən, zalım, necəsən?
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
Günün fotosu: Almaniya silah-sursat zavodu tikir
Günün fotosu: Almaniya silah-sursat zavodu tikir
Ukraynadakı müharibənin fonunda Almaniya hərbi sursatlar istehsal edəcək zavodun tikintisinə başlayıb. Bu zavod həm bundesverin öz təlabatını ödəyəcək, həm də Ukraynaya yardım edəcək.
Rheinmetall adlanacaq bu müdafiə sənayesi konserninin Unterlyus şəhərində fundamentinin qoyulması mərasiminə Almaniyanın və Danimarkanın baş nazirləri Olaf Şolts və Mette Frederiksen qatılmışdılar.
Zavodun dəyəri 300 milyon avrodur, tikinti 15 ay davam edəcək. İlk ildə zavod 50 min, sonrakı illərdə 200 min mərmi istehsal edəcək.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Bəxtiyar Vahabzadə, “Yalan dünya”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir.
YALAN DÜNYA
Gah başıma tumar çəkən, Gah ilantək çalan dünya. Gah sinəmə dağlar çəkən, Gah könlümü alan dünya.
Gah dağılan, gah qurulan, Bəzən açan, bəzən solan, Gələnləri yola salan, Özü baqi qalan dünya.
Bir yanda at, bir yanda ot, Solu günəş, sağı bulud. «Dovşana qaç, tazıya tut»- Deyən köhnə filan dünya.
Min rəngi var, min donu var, Neçə-neçə oyunu var, Nə əvvəli, nə sonu var, Yalan dünya, yalan dünya!
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
“Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq”
“Ədəbiyyat və incəsənət” portalı iki görkəmli ziyalımız - Kamal ABDULLA və Rafiq ƏLİYEV tərəfindən yazılmış “Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq” kitabı barədə sizlərə məlumat vermişdi.
Bəs maraqlıdır, “Kitabi-Dədə Qorqud"da ilkin demokratik prinsiplər barədə müəlliflər nə düşünürlər?
Bugünkü demokratik meyarlar "Kitabi-Dədə Qorqud"da yazılan tək "ol zamanlarda" olan kimi, əlbəttə ki, deyildir. Xalqın hakimiyyəti, hətta qədim demokratiya vətəni olan Elladada da bugünkü kimi deyildi. Volterin məşhur düsturu ("Mən sənə nifrət edə bilərəm, amma mən həyatımı verərəm ki, sən sərbəst şəkildə öz düşündüklərini deyə biləsən") müasir demokratiyanın himninə çevrilməzdən çox-çox əvvəl də bu və ya başqa, bəzən primitiv, bəzən pərakəndə halda müxtəlif cəmiyyətlərdə demokratik yanaşma cəhdlərinə rast gəlmək olurdu. Çünki demokratiya insanlığın kodlaşdırılması elementlərindən biridir və ona qədim inkişaf dövründən məxsusdur. Demokratiyaya, yəni, böyük əksəriyyətin mənafeyinə uyğun olan həyat tərzinə, münasibətlər məcmusuna meyil insanlıq tarixində özünün müxtəlif təzahür formaları ilə hansısa şəkildə özünü göstərməlidir. Bu əlamətlər hər bir xalqın ədəbi-mədəni sərvət daşıyıcısı olan qədim nümunələrində bu və ya başqa şəkildə yaşamaya bilməzdi.
"Kitabi-Dədə Qorqud" dastanında biz qədim (bunu primitiv, pərakəndə, ilkin də adlandıra bilərik) demokratik elementlərin ciddi "axtarışı"na heç zaman çıxmamışdıq. Bu barədə düşünmək ağlımıza belə gəlməmişdi. Amma dastanın bədii materialının dərinliklərinə endikcə, burada başqa elm sahələrinə məxsus dəyərləndirici materialla və yeni elmi aparatura ilə işlədikcə, onun potensialında yeni-yeni nüansların mövcudluğu ilə qarşılaşırıq və indi haqqında danışdığımız məqamın, yəni demokratiya elementlərinin orada yer alması bizi təəccübləndirməyə bilmir. Qeyri-səlis məntiq prinsiplərinin "Kitabi-Dədə Qorqud" dastanına ilkin tətbiqindən sonra dastandakı yeni, indiyə qədər diqqəti cəlb etməyən belə bir vacib məsələnin ortaya çıxması bizi, sözün yaxşı mənasında, heyrətləndirdi. Bu, demokratiya prinsiplərinin təsvirinin, əlbəttə ki, "ol zamanlara" aid prinsiplərin "ol zamanlara" aid təsviri zamanı mətnin alt qatında "gizlənib" qalması idi.
İlk öncə, qeyri-səlis məntiqdə Aristotel məntiqindəki "üçüncünü istisna" qanununun qüvvədən düşməsi məqamına diqqət edək. Aristotelin dediyi kimi, dünya, obyektiv gerçəklik heç də iki əks qütbdən ibarət deyilmiş. Böyük alim Zadə bunu 1965-ci ildə sübut etdi. İnsan ya ölü, ya diri olmaya da bilərmiş. "Kitabi-Dədə Qorqud" mətnində deyildiyi kimi, o bu iki qütbün ortasında da ola bilərmiş. Dastanda bu məqam "küçücük ölüm" adlandırılır. Dastan deyir: "Ol zamanlar" igidlər yatanda yeddi gün yeddi gecə yatardılar. Heç nə onları o yuxudan oyada bilməzdi." Müasir tibbdə buna "koma" deyilir. "Ölü və "diri" qütbləri arasında üçüncünün (küçücük ölümün) yer alması, əslində, təsəvvürdə gedən demokratikləşmə prosesindən xəbər verir. Yəni, qədim əcdadımızın iki əks qütbdən əlavə, daha bir haldan xəbərdar olması özünü göstərir. Deməli, qədim əcdadımız demokratikliyin əsas şərtlərindən birinin - variantların olmasını ümumi şəkildə qəbul edir və bunu, hətta adı ilə (küçücük ölüm) adlandırır. Bununla da o, özünün seçim imkanını genişləndirmiş olurdu.
Qeyd etmək lazımdır ki, iki qütb arasında başqa halların olması və bununla seçim imkanının genişlənməsi dastanın mətnində adi düşüncə tərzi əlaməti kimi özünü göstərir. Burda, hətta üçüncü ilə yanaşı dördüncü, beşinci hallar da özünü göstərə bilir. Deməli, seçim imkanları daha geniş, müxtəlif "rənglərdə" mövcud imiş.
Məsələn, belə bir misala diqqət edək. Bayandur xanın məclisində oğlu-qızı olmadığı üçün Dirsə xanı qara çadıra yerləşdirirlər. O bunun səbəbini, ya özündən, ya da arvadından görür. Arvadı isə ona başqa səbəblər göstərir. Acları doyuzdurmadıqlarını, donsuzları geyindirmədiklərini, pulsuzlara mal-dövlət verməmələrini "məndən-səndən" səbəbli qütblərin arasına salır. Deməli, seçim imkanı yenə də genişləndirilmiş şəkildə nəzərə çarpdırılır. Dirsə xan xatunu ilə söhbətdə səbəbkarı axtarır və ona "bu bəla ya səndəndir, ya məndən" deyir. O, özündən xəbərsiz Aristotel məntiqinin sadiq davamçısıdır. Xatunu isə məsələnin qoyuluşunu daha geniş müstəviyə keçirir. İki qütb arasına başqa hallar qoyur və Zadədən əvvəl onun ideologiyasının nümayəndəsi kimi çıxış edir. Zadə özü də təsəvvür etməzdi ki, onun ideyalarını (iki qütb arasında sonsuz halların olmasını) ondan çox-çox əvvəl "Kitabi Dədə-Qorqud" dastanındakı Dirsə xanın xatunu bu cür gözəl şəkildə ifadə edəcək. Beləliklə, məsələ özünün "ağ-qara" təsvirindən çıxaraq, prinsip etibarilə, başqa rəngli təsvirə qədəm qoyur.
Seçim imkanının genişləndirilməsi (hətta təkcə "üçüncü" hesabına olsa da), obyektiv aləmdəki rəngarəngliyin yavaş-yavaş artıq qədim əcdadımızın diqqət orbitinə keçməsi demək idi. Bu isə, aydındır ki, demokratik yanaşmanın ilkin şərtlərindən biridir.
Demokratik düşüncə tərzi dastanda başqa cür təsvirlərdə də özünün təzahür formasını tapır. Burada qeyri-səlis düşüncə tərzinin çox-çox dərinliklərdəki büruzəsini görmək mümkün olur.
Qeyri-səlis məntiqin inersiyası ilə demokratik düşüncə tərzinin axtarışı bizi digər aspektlərdə özünü göstərən başqa maraqlı hallarla da qarşılaşdırır. Əhəmiyyətli olan budur ki, indiyə qədər bəzən dastanın ideoloji qatında son dərəcə mənfi dəyərli keyfiyyət kəsb etmiş bir obraz belə bir tədqiq nəticəsində tamamilə yeni, müsbət keyfiyyətlərə malik əlavə çalarlar kəsb edə bilir.
Məsələn, biz At ağızlı Aruz Qocanı Qalın Oğuza təfriqə salan, İç Oğuzla Dış Oğuz arasında qanlı münaqişəyə səbəb olan bir Dış Oğuz ağsaqqalı kimi dəyərləndirirdik. Məhz o, Dış Oğuzu İç Oğuza qarşı üsyana qaldırmışdı. Bu üsyan Oğuzdaxili qarşıdurmanın "Kitabi-Dədə Qorqud" dastanı vasitəsilə birinci bədii təsviri idi. "Kitabi-Dədə Qorqud"la bağlı bütün tədqiqlərdə bu qarşıdurma, belə deyək, lənətlənib. Bu münaqişənin bizim tədqiq obyektimizlə bağlı maraqlı səbəbini bu yeni yanaşma rakursundan qiymətləndirməyə çalışaq. Dastanın üst qatı bu münaqişənin səbəbini belə təqdim edir.
Qalın Oğuzun sərkərdəsi Salur Qazan ildə bir dəfə İç Oğuz və Dış Oğuz bir yerdə olarkən evini onlara yağmaladardı. Halalı Boyu Uzun Burla xatunun əlindən tutub çölə çıxar, bundan sonra İç Oğuz, Dış Oğuz bəyləri onun evinə girib istədikləri nə varsa, alıb gedərlərdi. Oğuz cəmiyyətinin bundan daha qədim, özəyində demokratik düşüncə tərzi ilə formalaşmış başqa bir ritualı, yəqin ki, yoxdur. Düzdür, kifayət qədər primitiv demokratik nümunədir, amma hər halda, bundan daha yaxşısı "ol zamanlarda" özünü göstərmir. Bəs nə baş verir ki, belə bir münasibət hökm sürən cəmiyyətdə daxili qarşıdurma baş verir, hətta əsas qəhrəmanlardan ikisi - Beyrək və Aruz Qoca bu münaqişə gedişatında məhv edilirlər?! Dastanın gizli qatında bu hadisənin belə bir səbəbini ortaya çıxarmaq mümkündür.
Bunun gizli səbəbi Salur Qazanın izahedilməz (hər halda, mətndə bununla bağlı heç bir izah yoxdur!) hərəkətidir. Son yağmaya o, Dış Oğuz bəylərini çağırmır, evini yalnız İç Oğuz bəylərinə yağmaladır. Deməli, əslində, demokratik təmələ bağlı ritualın pozucusu Salur Qazandır. Bəs belə isə, o zaman Aruz Qoca kimdir?!
Mətnin dərin sinergetikasından məlum olur ki, Aruz Qoca qədim demokratik ritualin pozulmasına qarşı çıxan, onun pozulması ilə barışmayan Dış Oğuz bəyidir. Əslində demokratiya uğrunda mücadilə aparan, həyatını qurban verən ilk Oğuz bəyidir. Onun hərəkətini ən ümumi şəkildə bu cür qiymətləndirmək olar.
İllər boyu ən müxtəlif yönlərdən tədqiq zamanı Salur Qazan Oğuzun birliyini qoruyan sərkərdə kimi qələmə verilib, Aruz qocanı isə bu birliyə zərbə vuran şəxs kimi qiymətləndiriblər. Sadəcə, öyrənmə rakursunu bir qədər dəyişsək və məsələlərə yeni demokratiya axtarışları işığında baxsaq, yeni nəticələrlə qarşılaşacağıq. Qeyri-səlis məntiqin işığında baxdıqda yaxşıların yamana, yamanların isə yaxşıya çevrilməsi o qədər də qeyri-təbii görünmür.
Sonda isə, bir daha onu qeyd etmək istərdik ki, "Kitabi-Dədə Qorqud" dastanında qədim demokratik prinsiplərin axtarışına çıxmamıza səbəb yenə də qeyri-səlis məntiq ideyalarının bu dastana tətbiqi oldu. Digər bədii nümunələrimizin də bu aspektdən (qeyri-səlis məntiq prinsiplərindən) qiymətləndirilməsi, inanırıq ki, bəzi ehkamlaşmış qəhrəmanlarımıza yeni baxış sərgiləyən yanaşmalar verə bilər.
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
POETİK QİRAƏTdə Aygün Bayramlının “Sevgi” şeiri
Poetik Qiraətdə bu gün sizlərə təqvimi nəzərə alaraq bir sevgi şeiri təqdim edirik. Müəllifi gənc şairə, həm də piano müəllimi Aygün Bayramlıdır.
Onun sevgiyə verdiyi tətif gözəldir, deyilmi?
Sevgi bizim məhlədə, bizim bağçada idi,
Sevgi, Sona nənənin qadağan eylədiyi
Alçada idi.
SEVGİ
Bilsəydim böyüməzdim,
Böyüyəndə öyrəndim nifrəti,
Mən balaca olanda bilməzdim nifrət nədi.
Mən balaca olanda
Bildiyim təkcə sevgi,
Anamın çörək üstə
Şor çəkməyi olardı,
O vaxtdakı saf sevgim
«şor çörəyim» olardı...
Mən o vaxtda sevgini,
Atamın qatar -qatar
Süfrəmizə düzdüyü
«Pendir -çörək» bilirdim,
«Kəmşirin çay» bilirdim...
Sevgi, o vaxt mən hələ
Lap balaca olanda
Babamın hədiyyəsi
Güllü donumda idi,
Donumun ətəyində
Əlvan çiçəkdə idi,
Mən böyüdüm,
don balacalaşdı...
Sevgi, o illər kimi
Bizlərdən uzaqlaşdı
Kaş balaca qalaydım...
Sevgi məhləmizdəki
«Ortada qaldı» idi,
Bir topdan aslı idi
oyunda qalmağımız,
O topu tutmağımız sevgi idi...
Sevgi Sona nənənin
Bağında alça idi.
O da qadağan idi...
Bir də dolu bir oğlan
Keçirdi məhləmizdən
Xətrimi istəyirdi
«Ay qara qız» deyirdi...
Sevgi onun adıma
Ad qoşmağında idi.
İllər keçdi beləcə,
Bir daha məhləmizdən
Həmin oğlan keçmədi...
Bax o həmin sevgilər
Qaldı məhəlləmizdə
Qaz balonlar üstündə
Ağacı şagird bilib
Dərs keçməyimizdə...
İndi təəssüf, nə təəssüf,
Böyüdük, şor çörəyin
Dadı suya qarışdı,
İndi şirinçaylar da
zəhər dadır elə bil,
Güllü donun gülləri
soldu bir- bir babamın
qəbiri üzərində...
Müharibələr gördük...
Ortadaqaldılarda tutmadığım
o toplar düşdü evlərimizə ...
Alça ağacı həmin barı vermədi sonra
Töküldü öz dibinə, yığan da olmadı heç...
Sonra o dolu oğlan, hara getdi bilmədik,
Böyüyəndən sonra da bir daha görüşmədik.
Görən dərs keçdiyimiz o həmin ağaclar da
Məktəbi bitirdimi?
Biz «müəllim» olmuşuq...
Bilsəydim böyüməzdim...
Sevgi bizim məhlədə, bizim bağçada idi,
Sevgi, Sona nənənin qadağan eylədiyi
Alçada idi.
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində -Əvəlikli isti
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Əvəlikli istinin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Əvəlik – 50 qr
§ Yumru düyü – 35 qr
§ Soğan – 25 qr
§ Alça turşusu – 15 qr
§ Kərə yağı – 30 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Soğan təmizlənir, xırda doğranır, üzərinə duz əlavə olunaraq, yağda qovrulur. Soğan qovrulduqdan sonra xörəyə işgənə əlavə olunur. Isti qaynara düşdükdə qaynar su ilə acı suyu alınmış əvəlik, 5 dəqiqə qaynadıqdan sonra yuyulmuş düyü (iki stəkan işgənəyə 1 stəkan düyü olmaq şərtilə) və alça turşusu əlavə olunur. Vam odda arabir qarışdırılaraq bişirilir. Bir qədər duru halda (şilə halında) ocaqdan götürülür. Zövqə görə qara istiot da əlavə oluna bilər
Ədəbiyyat və incəsənət”
(14.02.2024)
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq. Bununla bağlı Heydər Əliyev Mərkəzində Forumun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Adil Kərimli çıxış edərək forumun əhəmiyyəti, ümumi məsələləri ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü il mayın 1-dən 3-dək növbəti – VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı tapşırıq verilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı çərçivəsində dövlət strukturlarının qarşısında müəyyən öhdəliklər qoyulub.
Təşkilat Komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov Foruma hazırlıqla bağlı geniş təqdimatla çıxış edib. Bildirilib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusuna həsr olunub.
İclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
Bu gün nə günüdür? - XEYİR, SEVGİLİLƏR GÜNÜNÜ DEMİRİK
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.
Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib.
O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
14 fevralı yalnız sevgililər günü kimi bilənlərin nəzərinə, əgər kitab və uşaqları sevirsinizsə siz daha çox sevib-sevilə bilərsiniz.
14 fevralınız mübarək!
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
Facebook çıxarana alqış
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Allah facebook çıxaranın atasına rəhmət eləsin. İndi-indi görürük, aramızda nə qədər savadsız varmış.
2.
“Xoşbəxtlik pulda deyil” söyləyərək kürəkən ölmüş qaynanası üçün ən bahalı əklili aldı.
3.
Erməni Radiosuna sual:
-Hansı siyasi lətifəni Rusiyada söyləmək ən təhlükəlidir?
-Putinin dul arvadı barədə lətifəni.
4.
“Gənclər üçün bizdə həmişə yol açıqdır!” deyərək 79 yaşlı nazir 76 yaşlı şöbə müdirini müavin təyin etdi.
5.
Bizi o qədər çox aldadıblar ki, yalan artıq faciə deyil, statistikadır.
GÜNÜN PARAFRAZI:
Vaxtında sevilsəydin, Sevgililər Günündə sən də söyüş yiyəsi olardın!
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Vüqar Nemətin “Kimdi bu dəli” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vüqar Nemətin şeirlərini təqdim edir.
KİMDİ BU DƏLİ?
Görəsən kimdi bu dəli?
Biz keçdik, bizi söymədi.
O tanrını qaraladı,
İt-pişik payı qoymadı.
Söydü, yeri-göyü söydü,
Döydü, kölgəsini döydü,
Hamının ağzını əydi,
Zorbaya, zora əymədi.
Getməz, o üzdən getmədi,
Bilmədik davası nədi?!
Birazdan çaldı, oynadı,
Artıq heç kəsi saymadı.
Ağıl axtara-axtara,
Gör bir gəlib çıxıb hara?!
Bu dünyaya, pula, vara,
Uymaz, heç nəyə uymadı.
Həm buralı, həm oralı,
Görəsən kimdir bu dəli??
Hamı yolun çaşdı, vəli
O öz yolunu caymadı!..
“Ədəbiyyat və incəsənət”
(14.02.2024)