Super User
Lənkəranda Əbülfət Mədətoğlunun 65 illik yubileyi qeyd edilib
AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin akt zalında tanınmış şair, publisist, "Ədalət" qəzetinin baş redaktorunun birinci müavini, respublikanın əməkdar jurnalisti Əbülfət Mədətoğlunun 65 illik yubileyi münasibətilə oxucularla görüşü və imza günü keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli məlumat verib.
Bölgənin çoxsaylı yazarlarının, ziyalıların və oxucuların iştirak etdiyi tədbiri giriş sözü ilə bölmənin sədri,yazıçı publisit Qafar Cəfərli açaraq yubilyarın həyat yolu haqqında ətraflı məlumat verib. Əbulfət Mədətoğlunun təhsilindən, jurnalist olaraq müxtəlif mətbuat orqanlarında, xüsusən son 22 ildə çalışdığı, böyük nüfuza və çəkiyə malik “Ədalət” qəzetindəki fəaliyyətindən, şair olaraq sözə olan sevgisi və məsuliyyətindən, nəşr olunmuş kitablarından, əsərlərinin müxtəlif dillərə tərcümə olunmasından, görkəmli elm və söz adamlarının onun yaradıcılılğına verdikləri qiymətdən, layiq görüldüyü təltif və mükafatlardan, həmçinin şeirlərinə bəstələnmiş mahnılardan danışaraq Qafar Çəfərli onu 65 illik yubileyi münasibətilə təbrik edib.
Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında Bölmənin ədəbi məsləhətçisi, şair Ağamir Cavad məruzə edib. Məruzəçi Ə. Mədətoğlunun çoxşaxəli yaradıcığından söz açaraq onun həm publisist, həm də şeir yaradıcılığı barədə ətraflı çıxış edib, ona həsr etdiyi essesini oxuyub.
Daha sonra tədbirin aparıcısı Qafar Cəfərli sözü iştirakşılara verib. Məxsusi olaraq tədbirə qatılmaq üçün Bakı şəhərindən gəlmiş gənc və istedadlı şair Ülkər Nicatlı; "Sözün işığı" qəzetinin baş redaktoru, şair Ədalət Salman; "Zərban" TV-nin təsisçisi və baş redaktoru, yazıçı Hafiz Mirzə; yazıçılar Eldar Tahirov, Əlizadə Əsədov və Qurban Əhməd;ş airlərdən Sakit Üçtərəfli, Əhməd Haqsevər, Məmməd Əvəzoğlu, Ağaddin Babayev, Əyyub Türkay, Bəxtyar Əliyar; Əməkdar məşqçi İdrak Dadaşov; Qarabağ müharibəsi veteranları ictimai birliyinin Lənkəran bölməsi üzrə sədr müavini Saleh Dostiyev; rayonun tanınmış ziyalılarından Fəxrəddin Canıyev, Teyyub Rzayev, Ağadadaş Əliyev çıxış edərək yubilyarın yaradıcılığının müxtəlif məqamlarına toxunmaqla onu təbrik ediblər, peşəkar jurnalistik fəaliyyətində və bədii yaradıcılıqda ona uğurlar arzulayıblar.
Gənc şair, LDU-nun tələbəsi Aytəkin Əziz, şair Əyyub Türkay və yazıçı Qurban Əhməd yubilyarın şeirlərindən nümunələr ifa edibər.
Sonda söz şair-publisist Əbülfət Mədətoğluna verilib. Yubilyar öz həyat yolu, yaradıcılıq məramları haqqında danışıb, tədbirin təşkilatçılarına və çıxış edərək ünvanına xoş sözlər deyən hər kəsə minnətdarlığını bildirib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Əbulfət Mədətoğlu nəşr olunmuş kitablarından avtoqrafla oxuculara və kitabxanaya hədiyyə edib.
Tədbiri bölmənin sədri Qafar Cəfərli yekunlaşdırıb. Xatirə şəkilləri çəkilib.
Tədbir cənub bölgəsində uğurla fəaliyyət göstərən “Zərban” internet televizyası tərəfindən lentə alınıb.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Ölülər - MİRZƏ CƏLİLİN 155 İLLİYİNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bazar günü böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümü tamam oldu. Çoxsaylı televiziyalar, bazar günü işləyən xəbər saytları o nəhəng dağı görmədən günün başa vurdular.
Tək təsəllimiz o oldu ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib. Gərək xalqın dahi oğlunu anmaq üçün mütləq prezident sərəncamı olsun?
Məsələn, ermənilər ildə iki dəfə - həm doğum, həm vəfatı günlərində Xaçaturyanın, Saroyanın, Azanavurun və digər tanınmış sənətkarlarının günlərini geniş qeyd edirlər. Rəqəm dəyirmi olanda isə kütləvi bayram tədbirlərinə vüsət verirlər.
Bizsə dahi Mirzə Cəlilin 155 illiyinin üzərindən sükutla keçirik.
Cəlil Məmmədquluzadənin Azərbaycan tarixində azman bir yeri var, unutmayaq gəlin. O, realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, "Ölülər") ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.
1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.
1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 7 aprel 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.
C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.
Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən "Ölülər" komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş "Ölülər" komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.
Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.
Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.
Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.
Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Ruhu şad olsun.
“Əədəbiyyat və incəsənət”
(12.02.2024)
Azərbaycan Küveytdə keçirilən “Dünya xalqları forumu”nda təmsil olunub
Küveyt Universiteti və Küveytdə fəaliyyət göstərən “talk” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünya xalqları forumu” adlı mədəni tədbir keçirilib. Tədbirdə Küveyt Dövlətində akkreditə olunmuş 5 qitədən 40-dan çox ölkənin səfirliyi və beynəlxalq təşkilatı iştirak edib. Tədbir çərçivəsində ölkələrin tarixini, adət-ənənələrini, milli geyimlərini, xalçalarını, musiqisini, mədəni irsini, turizm potensialını və milli mətbəxini əks etdirən geniş sərgi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib. Bildirilib ki, səfirliyin və “Vətənsevər” Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə sərgidə Azərbaycan stendi qurulub. Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədə ətraflı məlumat verilib, həmçinin çap materialları nümayiş etdirilərək paylanılıb.
Tədbirdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.
Səfirlik üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçaları təşkilatçılara hədiyyə olaraq təqdim edib.
Bununla yanaşı, tədbirdə səfirliyin dəstəyilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” kitabı, Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa və quruculuq işlərini və orada keçirilən mədəni tədbirləri əks etdirən kitabça, habelə Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” festivalına həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim edilib.
Həmçinin sərgidə ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli və görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi dəyərlərini əks etdirən broşürlər nümayiş olunub.
Tədbirdə xalqımıza məxsus milli qadın geyimlərində olan icma üzvlərimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aid yeməklər, şirniyyatlar (şəkərbura, paxlava və s.) təqdim olunub.
Bununla yanaşı, “Made in Azerbaijan” məhsullarının Küveytdə təbliği məqsədilə “Azərsun Holdinq”in “Bizim Tarla” və “Azərçay” brendlərinin məhsulları da sərgi iştirakçılarına hədiyyə edilib.
Sərgini universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Küveytdəki təmsilçiliyi tədbir iştirakçılarına Bakı-Küveyt-Bakı istiqaməti üzrə uçuş cədvəli və xidmətlər barədə ətraflı məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Şəhidlər barədə şeirlər – Kamal Mirzəyev
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamal Mirzəyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
KAMAL ƏJDƏR OĞLU MİRZƏLİYEV
(30.08.1996.-17.10.2020.)
Şamaxı rayonunun Çarhan kəndində doğulmuş, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Sahil qəsəbəsinə köçərək orada yaşamış, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
K A M A L
İnsanı insan edir əqidəsi, amalı,
Sizlərlə tanış edim igidimiz Kamalı.
Əslən Şamaxıdandır, böyüdü Qaradağda,
Şəhidliyə qovuşdu Talışda-Qarabağda.
İki gözəl bacıya mehriban qardaş idi,
Ananın sevimlisi, ataya sirdaş idi.
Atası halallıqla böyütmüşdü Kamalı,
Oğul da oğul idi, nur saçırdı camalı.
Təmkinlə, ləyaqətlə dolaşardı, gəzərdi,
Şirin gülüşü ilə evlərini bəzərdi.
Necə kədərli idi – işğalı Qarabağın,
Dözmək olarmı qalsın yağılarda torpağın?
Əsgərliyə gedəndə xoşbəxt, bəxtəvər idi,
Doğma Vətənə layiq oğul di, ər idi.
Əsgərlik xidmətində qazandı o, hörməti,
Aprel döyüşləri də oldu onun qisməti.
Vətən borcunu verib, qayıtdı o, Sahilə,
Dostlarına deyirdi, “Döyüş öndədir hələ”.
Hər şeyin öz vaxtı var, yetişdi zaman, məqam,
Könüllü əsgər oldu, alınacaq intiqam.
Başladı o, xidmətə kəşfiyyat bölümündə,
Elə hünər göstərdi, qorxmadı ölümündən.
Bir yaralı döstunu çıxararkən meydandan,
Ucaldı şəhidliyə, keçərək şirin candan.
Əbədiyaşar oldu, yolu düşdü cənnətə,
Ondakı ürəyə bax, bax , ondakı qeyrətə.
Şəhidlər qürurumuz, şəhidlər and yerimiz,
Şəhid məzarlarısa ocağımız, pirimiz.
Qarabağ azad olub, borcluyuq şəhidlərə,
Çox nəğmə yazılacaq Kamaltək igidlərə.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
RUHƏN ŞEİRƏ HOPMÜŞ ADAM - Sumqayıtda Sabir Yusifoğlunun xatirə gecəsi keçirildi
Gülnarə Cəmaləddin, “Ədəbiyyat və incəsənət” üçün
Ağ kağıza yazmadı
qələm
şeirlərimi.
Canımı dost-düşmənə
bölən şeirlərimi...
Sabir Allahla adaş idi. Allahla adaş olanlar onunla bağrıbadaş olurlar. Onların taleyində ya bir natamamlıq
olur, ya da peyğəmbər yaşında dünyanı tərk edirlər. Amma adları kimi aydın, alnıaçıq, mərdi-mərdanə bir ömür yaşayırlar Allahla adaş olanlar...
Sabir şeirlərinə çox bənzəyirdi. Oxuduqca dərinlərə baş vurmalı olurdun...
Fevralın 10-da Sumqayıtdakı Poeziya Evində AYB Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya klubunun birgə təşkilatçılığı ilə çağdaş Azərbaycan ədəbiyyatında öz sözü və yeri olan Sabir Yusifoğlunun yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirildi.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsi yad edildi və Azərbaycan Respublikasının himni səsləndirildi. Şairin ömür yolunu əks etdirən video-çarx nümayiş etdirildi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Sabir Yusifoğlunun şeiri ilə tədbir iştirakçılarını salamladı. AYB -nin Poeziya seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı Sabir Yusifoğlunun həyat və yaradıcılığı haqqında qonaqlara geniş məlumat verdi.
Söz AYB-nin Ədəbiyyat Fondunun rəhbəri, tanınmış yazıçı Varisə verildi. Varis Sabir Yusifoğlunun poetik nümunələrindən misal çəkərək, onunla bağlı xatirələrindən danışdı, onun çağdaş ədəbiyyat müstəvisindəki yerindən və çəkisindən bəhs etdi.
Şumqayıtlı qələm adamları Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Süleyman Hüseynov, Hümbət Quliyev, Sübhan Quliyev, Hafiz Ataxanlı, Lilpar Cəmşidqızı, Elvin Əlizadə Sabir Yusifoğlu şəxsiyyətinin böyüklüyündən bəhs etdilər.
Vaxtilə "Dəniz" ədəbi birliyinin yığıncaqlarında Sabir Yusifoğlu ilə bir yerdə olan, bu gün imzaları respublika səviyyəsində tanınan- Məryəm Aslanqızı, Asif Asiman, Mövlam Hüseynli, Füzuli Sabiroğlu, Xan Rəsuloğlu, Xəqani Abbasəli Öztürk, Müqəddəs Şahbazov, Almaz Ərgünəş Bəyazid, aşıq İman Sabir Yusifoğlunun insani keyfiyyətlərindən və yaradıcılıq məziyyətlərindən söz etdilər.
Sumqayıt Dram Teatrının aktyoru İzaməddin Bağırov şairin şeirlərindən nümunələr səsləndirdi.
22 saylı məktəbin şagirdi Fatimə Məmmədli və nəvəsi Ləman Sabir Yusifoğlunun şeirlərini əzbərdən söylədilər.
Sonda Sabir Yusifoğlunun övladı - qazi şair Emin Piri öz adından və ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Aşıq Anar Laçınlının səsləndirdiyi saz havası isə məclisə başqa bir ovqat bəxş etdi.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Mədəniyyət Nazirliyində Mərakeşin media təmsilçiləri ilə görüş keçirilib
Mədəniyyət Nazirliyində ölkəmizdə səfərdə olan Mərakeş Krallığının nüfuzlu media orqanlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Görüşdə Mərakeşin “Məqrib ərəb press” agentliyinin redaktoru Mohammed Asvab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” dərgisinin redaksiya direktoru Souhail Nhaili və bu ölkənin bir sıra digər media nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizin qədim və zəngin mədəniyyəti haqqında məlumat verib, həmçinin Azərbaycanla Mərakeş Krallığı arasında mədəni əlaqələrdən danışıb.
Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il eyni zamanda Mərakeş Krallığının Mərakeş şəhəri də “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. “Paytaxt ili” çərçivəsində birgə fəaliyyət barədə məsələlər müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
TÜRKSOY-un Baş katibi Azərbaycan Prezidentini təbrik etmişdir
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevi Növbədənkənar Prezident Seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik etmişdir.
“Ədəbiyyat və incəsənət” portalı təbrik mətnini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.
Seçkilərdə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.
Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.
Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.
TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.
Ən dərin hörmət və ehtiramla,
Sultan Raev
TÜRKSOY-un Baş katibi
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Rəsm qalereyası: Pablo Pikasso, “Absent həvəskarı” (1901)
Mumbayda Azərbaycanın turizm imkanları təbliğ olunur
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları fevralın 8-də işinə başlayan “OTM Mumbai 2024” (“Outbound Travel Mart”) sərgilənir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən məlumat verir.
Hindistanın Mumbay şəhərində fevralın 10-dək davam edəcək sərgidə ziyarətçilərə Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilir.
Milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 15 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.
Qeyd edək ki, 2023-cü il ərzində ölkəmizə gələn xarici ölkə vətəndaşları sırasında Hindistan olan ziyarətçilər 4-cü yerdə qərarlaşıblar. Ötən il ərzində Azərbaycana 117 302 nəfər Hindistan vətəndaşı gəlib ki, bu da 2022-ci il rəqəmləri ilə müqayisədə 93%, 2019-cu il rəqəmləri ilə müqayisədə isə 80% çoxdur.
Asiya üzrə ən böyük turizm sərgisi hesab olunan 2023-cü ildə 35 mindən artıq ziyarətçi qəbul edən sərgiyə 60 ölkədən 1600-dən çox turizm şirkəti qatılıb.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Bazar günü məşhur kamança ifaçısı Mark Eliyahunun Bakı konsertidir
Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də - bazar günü Heydər Əliyev Sarayında çıxış edəcək. Səbirsizliklə gözlənilən gün artıq yetişdi.
“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.
Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Milliyyətcə yəhudidir. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.
Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
“Bakı” jurnalı yazır ki, Eliyahunun sayəsində kamança bütün dünyada tanınıb.
Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
Biletlərin qiyməti 40-220 manat aralığındadır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)