![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidimiz Abdulla Paşayevin ailəsinə dəstək göstərib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
22 yaşlı şəhidimiz Paşayev Abdulla Sultan oğlu Gəncə şəhərində doğulub.
Əsgərliyinin bitməsinə 3 ay qalıbmış.
O, 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Əsgər Paşayev Abdulla “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
"Youtube" video: https://youtu.be/IQrUGSuFA6Y
Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-GVRwxK5r0h
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Azərbaycan "2023-cü ilin Mədəniyyət Destinasiyası" mükafatına layiq görülüb
Çin Xalq Respublikasının "Voyage" jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqe və nüfuzu xüsusi qeyd olunub.
Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu" mədəni landşaftı kimi tarixi irs əraziləri haqqında geniş məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sözügedən məkanlar haqqında məlumat Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə “Voyage” jurnalının “Weibo” sosial platformasındakı səhifəsində dərc olunaraq milyonlarla səyahətçiyə Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaradıb. Bununla yanaşı, səhifədə "#VoyageAwards年度大奖" həştaqı ilə həyata keçirilən təbliğat kampaniyası müddətində Azərbaycan cəlbedici destinasiya olaraq, ümumilikdə, 10,95 milyon insana nümayiş etdirilib.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Voyage" jurnalı tərəfindən “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ulduz ətri...” şeiri
Poetik Qiraətdə dalbadal ikinci gündür ki, sizlərə Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nurinin şeiri təqdim ediləcək, bu dəfə “Ulduz ətri...”
Ulduz ətri
Yarpaq kimi sevmək olmur xəzəli,
Boğazına keçər bir gün öz əlin...
Yaxşı baxsan, ulduzların gözəli
Sevgilitək görünəcək dünyada.
Dərilməyən yalan qalıb görəsən?
Yapışmağa saman qalıb görəsən?
Ölüm niyə cavan qalıb görəsən-
Bu qocaman, bu ağbirçək dünyada?
Haqq hardaymış?- yuxarını gəzirdim...
Qurumuş çay axarını gəzirdim.
Mən bəxtimin baharını gəzirdim-
Əzilibmiş çiçək-çiçək dünyada.
Ay idi?- ya, yar gözümə sataşdı?
Tanrı bu gün kor gözümə sataşdı...
Hara baxdım- tor gözümə sataşdı
Hara baxdım-bu hörümçək dünyada.
Gül eşqinə gül üzünü itirmə,
Günəşi tut, gündüzünü itirmə.
Canım durna, göy üzünü itirmə-
Üşüyərsən lələk-lələk dünyada...
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
“Bu gün teatrda və kinoda tamaşaçının arxasınca qaçmaq bir növ dəbə düşüb”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Teatrdan 2009-cu ildə uzaqlaşmışam, amma bu o demək deyil ki, səhnədən də uzaqlaşmışam. Doğrudur, səhnəyə qayıtmağımla bağlı müəyyən təkliflər var, hələ ki, mən həmin təkliflərə münasibət bildirməmişəm. Aktyor olaraq ilk çalışdığım teatr Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı olub. Daha sonrakı iş yerim Şuşa teatrı oldu. 1992-ci ilə kimi orada fəaliyyət göstərdim və teatrın Bakıda məskunlaşması üçün çox işlər gördüm. 1993-cü ildə iş üçün Bakı Bələdiyyə Teatrının direktoru mərhum Xalq artistimiz Amaliya Pənahovaya müraciət etdim. Amaliya xanım məni müqavilə ilə işə götürdü. 2007-ci ilə qədər, düz 15 il Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərdim. Zamanla elə bir vəziyyət yarandı ki, artıq mənim o teatrda qalmağım mümkün deyildi. Heç kimin qəlbini qırmadan dostcasına ayrıldım. Oradan ayrıldıqdan sonra heç bir teatrda işləmədim. Təəssüf olsun ki, bu gün teatrda və kinoda tamaşaçının arxasınca qaçmaq bir növ dəbə düşüb. Mən belə şeylərin əleyhinəyəm. Azərbaycan teatr və kinosunun çox zəngin tarixi var. Biz bu kinonu, teatrı yaşatmağı bacarmalıyıq...”
Qaraqabaq, zəhimli görünsə də əslində ürəyi yumşaq adamdır. Davranışında sadə və mehribandır. Heç kimin xətrinə dəyməyi xoşlamır. Bağışlamağı, mərhəmət göstərməyi bacarır.
“Bəzən çox ürəyi yumşaqlıq elədiyimə görə özümü danlayıram. Sonra fikirləşirəm ki, yox, Allah məni insan yaradıb, gərək insanlığımı icra edim. Axı Allah adamı it də yarada bilərdi, pişik də. Mən isə insanam, deməli Yaradanın etimadını doğrutmalıyam. Allah mənim məhz insan olmağımı istəyibsə, bunu nəzərə alıb yaşamalıyam. Heç vaxt unutmuram ki, hər bir hərəkətim üçün o dünyada cavab verməli olacam.”- söyləyir...
Haqqında söhbət açdığım Azad Hətəm oğlu Şükürov 1959-cu ildə Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. 1977-1981-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb, sonra bir müddət aktyor kimi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1984-cü ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında fəaliyyət göstərib. 1990-cı ildən həmin ali təhsil ocağının “Səhnə danışığı” kafedrasında müəllim kimi çalışır, 2001-2006-cı illərdə kafedra müdiri olub. Sonra Bakı Bələdiyyə Teatrının aktyoru kimi səhnədə maraqlı obrazlar yaradıb, bu teatrdakı fəaliyyətinə görə 2002-ci ilin noyabrında Əməkdar artist fəxri adına layiq görülüb. 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Azad Şükürov həm də tez-tez mətbuatda elmi məqalələrə çıxış edir. “Televiziyada danışıq” proqramı , “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin müəllifidir...
Qəribə xüsusiyyətləri də az deyil. Çox prinsipial adamdır. Necə deyərlər, “nemes kimidir, “yox” dedisə, onu fikrindən döndərmək çətindir.” Amma bütün bunlara baxmayaraq xeyirxahlığından da qalmır. Əl tutmağı, kömək etməyi xoşlayır. Heç vaxt şit zarafatlar etmir, lakin yumor hissi yüksəkdir. Yerində deyib gülməyi də bacarır, ciddiliyinə də söz ola bilməz...
Deyir ki,- “Doğrudur, teatrda çalışdığm dövrdə heç cür vaxt tapıb kinoya çəkilə bilmirdim. Amma arada Nadir Muqbilovun “Prokuror”, Azər Zamanlının “Oyun” filmində baş rollara çəkilmişəm. Ramiz Həsənoğlunun “Cavid ömrü”, “Sübhün səfiri” filmlərində, Ramiz Əzizbəylinin “Yalan” filmində də rol almışam. İndi demək olar ki, hər il ən azı bir filmə çəkilirəm...”
Həyatı boyu ona çox təkliflər olub. Hətta onu- sənin danışığın da, savadın da, görkəmin də filan vəzifəyə uyğundur- deyib həvəsləndiriblər də. O isə bu təkliflərdən imtina edib, qəbul etməyib ki, öz sənətindən uzaq düşməsin. Çünki o, bu sənətə kortəbii deyil, şüurlu surətdə gəlib və sənətə gəldiyi zaman bütün çətinlikləri əvvəlcədən göz önünə alıb...
“İş orasındadır ki, mənim sənət müəllimlərim görkəmli sənətkarlarımız Rza Təhmasib və Əliabbas Qədirov olublar. Onlar mənə hər zaman acı həqiqəti deyərdilər. Sənətin və həyatın gözə görünməyən, amma reallıqda adamı gözləyən çətinliklərdən söz açırdılar. Mən erkən yaşlarımdan həyatın çətinliklərini yaşayan insanam və bu gün çətinlikdən qorxmuram”- söyləyir.
Siyasətdən çox uzaq adamdır. Heç vaxt siyasi proseslərdə radikal mövqe nümayiş etdirməyib. Amma ata-baba torpağlarının işğaldan azad olunması onu çox sevindirir. Buna görə Ali Baş Komandana minnətdarlığını gizlətmir. Prezident seçkilərində məhz ona səs verdiyini dilə gətirir: “Allah şəhidlərimizə rəhmət eləsin! Bir mədəniyyət xadimi, pedaqoq olaraq insanlara bildirmək istəyirəm ki, bizə qələbələr bəxş edən, 30 il ərzində məhrum olduğumuz ana torpağa, doğma yurda, doğulduğumuz kəndə-kəsəyə getmək, valideynlərimizin məzarını ziyarət etmək imkanını yaradan müdrik şəxsiyyətə, ölkə rəhbəri İlham Əliyevə səs verdim və bunu ona olan minnətdarlığımın təzahürü hesab edirəm!”
İllər sürətlə bir-birini əvəz edirlər. Sanki bir neçə il bundan öncə, Amerika qitəsindən ona göndərdiyim təbriki dünən yazmışdım. Budur, fevralın 11-də haqqında söhbət açdığım əməkdar artistin artıq 65 yaşı tamam oldu, yubileyi idi. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşayın, sənətkar!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Zəif sentyabr günəşi səhərdən havanı qızdırsa da, günortadan sonra meşənin sərinliyi özünü göstərməyə başlamışdı. Kabab çəkmək üçün qaladığım ocaq çoxdan sönüb, yerində ancaq külü qalmışdı. Süfrə açıb oturmaq üçün yerə sərdiyimiz palaz da torpağın soyuğunu özünə çəkib dizlərimi üşüdürdü. Çönüb Gülanəyə baxdım. O da jiletinə bürünüb oturmuşdu.
Meşənin sakitliyini çox sevirdim. İllərlə, əvvəlcə, polis sıralarında çalışarkən, sonradan isə detektiv kimi apardığım araşdırmalarda rastlaşdığım, əslində, insan adına yaraşmayan, ancaq insanlar tərəfindən törədilən cinayətlərin, qəddarlıqların, xəyanətlərin məni yavaş-yavaş insanlardan uzaqlaşmağa sövq etdiyini hiss edirdim. Son zamanlar daha çox tək qalmağa üstünlük verirdim. Tez-tez şəhərin səs-küyündən uzaqlaşmaq üçün rayonlara dincəlməyə gəlir, hansı rayonda olmağımdan və neçə gün qalacağımdan asılı olmayaraq mütləq meşəyə gedib sakit bir yer tapıb vaxtımın çox hissəsini orada keçirirdim. Belə günlərdə mənim yanımda ola biləcək yeganə adam Gülanə idi. Xasiyyətimi incəliklərinə qədər öyrənmiş, harada danışmaq, harada susmaq lazım olduğunu gözəl bilən Gülanə ilə çox vaxt danışmadan, baxışlarımızla bir-birimizi başa düşdüyümüzdən, yalnız ona şamil olunmayan bu tək qalmaq istəyimə onun varlığı başqa bir rahatlıq gətirirdi. Qəribə hisslər yaşayırdım belə anlarda. Sanki həm tək idim, həm də onunla. Bu qadını çox sevirdim. Heç vaxt özünə deməsəm də, onu göylərdən mənə göndərilən bir mələk hesab edirdim-gəlişi ilə heç vaxt ailə qurmamış bir kişinin bir-birindən fərqlənməyən boz günlərini növbə ilə hər gün göy qurşağının bir rənginə boyayan mələk.
Daha getmək lazım idi. Bu gün səhər gəlib yerləşdiyimiz oteldə heç bir saat qalmamış, bəzi əşyalarımızı otağımıza qoyub otelin restoranında bir stəkan çay içdikdən sonra İsmayıllı bazarından yaxşı bir bazarlıq edib meşəyə gəlmişdik.
-Gedəkmi, xanım?
-Gedək, cənab detektiv.
Tanışlığımızın ilk günündən aramızda yaranmış bu danışıq formasını olduğu kimi saxlamışdıq. Bu, ikimizin də çox xoşuna gəlirdi. Bir-birimizə baxıb gülümsədik və eyni vaxtda ayağa qalxdıq.
-Mən hər ehtimala qarşı ocağın üstünə su töküm, sən də süfrəni yığ.
Beşlitrlik qabın dibində qalan suyu ocağın üstünə səpəndə külün içində gizlənmiş tək-tük közlər cızıldamağa başladı. Onların tam söndüyünə əmin olduqdan sonra Gülanəyə köməyə gəldim. Birlikdə əvvəlcə onun palazın üstündəkiləri yığıb qablaşdırdığı iki zənbili, sonra isə palazı maşının yük yerinə qoyduq. Buradan qaldığımız otelə qədər yarım saatlıq yol var idi.
Meşənin içi ilə uzanan torpaq yol geniş olsa da, yola əyilən bəzi ağacların budaqlarının maşını cızmaması üçün əsas yola çıxana qədər asta sürətlə gedirdim. «Niva» markalı bu maşını yayın əvvəllərində kreditlə götürmüşdüm. Belə şeylərə çox fikir verməsəm də, təzə olduğu üçün maşının cızılmasını istəmirdim.
Bu yayı demək olar ki, istirahətə həsr etmişdim. Sonuncu araşdırmamdan, iki qətl hadisəsini paralel olaraq araşdırmağımdan düz dörd ay keçmişdi. Olduqca gərgin keçən bu araşdırmada cinayət aləminin «elitası» sayılan «qanuni oğru»ların maraqlarına zidd olan dərinliklərə gedib çıxdığım üçün qarşı tərəf mənim «ölüm hökmü»mü vermiş, ancaq mən də, bütün araşdırma boyu məni tək qoymayan müəllimim, istefada olan polis polkovniki Arif Dadaşzadə də bu təhlükəli işdən qalib çıxa bilmişdik. Bundan sonrakı dörd ayda bir neçə xırda məsələ ilə bağlı müraciət edənlər olmuşdusa da, o işləri köməkçim Layiqəyə həvalə etmiş, özüm isə yalnız ona istiqamət verməklə kifayətlənmişdim. Bunu qəsdən, Layiqənin sərbəst araşdırma aparmağa alışması üçün etmişdim. Layiqə də yanımda olduğu bir ildən artıq müddətdə topladığı təcrübəsini işə salmış, həmin xırda oğurluq və sairə ilə bağlı olan işləri qısa müddətə açmışdı. Ona görə də bu işləri hesabımdan saymırdım və onları Layiqənin aktivinə yazmışdım. Belə bir köməkçim olduğu üçün rahat idim. Elə indi də ofisi ona tapşırıb dincəlməyə gəlmişdim. Şəhərdə olmadığım müddətdə Layiqə bütün işləri tək aparır, gələnləri qarşılayıb dinləyirdi. Mənə isə, yalnız ağır cinayətlə bağlı müraciət edən olarsa, xəbər verməsini tapşırmışdım.
Detektiv kimi profilim, əsasən, ölüm işi, insan oğurluğu, şantaj kimi cinayətlərin araşdırılması, xüsusilə təhlükəli cinayətkarın axtarışı, bir sözlə, ağır cinayət hadisələridir. Mən bunun məktəbini keçmişəm. Belə cinayətləri araşdırmaqdan xüsusi zövq alıram.
Son dörd ayda belə cinayətlərlə bağlı müraciət edən olmadığından vaxtımı Gülanə ilə dincəlməklə keçirmişdim. İndi də havamızı dəyişmək, payızın ilk günlərinin gözəlliyindən zövq almaq üçün Azərbaycanın mənzərəli guşələrindən biri olan İsmayıllı rayonunu seçmişdim...
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Azıx mağarası əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Xocavənd rayonu, Azıx mağarası
Yüz milyon illər bundan əvvəl insanlar qəbilə halında yaşadıqları vaxtlarda səfalı bir meşədə iki qəbilə yaşardı. İnsanlar təbiətin onlara bəxş etdiyi qidadan – meyvə, qoz, bitki köklərindən yeyər, vəhşi heyvanları ovlardılar. Gözəl iqlim şəraiti, bol çaylar qəbilələrin sayının artmasına səbəb olurdu. Qonşu qəbilələr arasında daim yaşayış uğrunda mübarizə gedərdi. Qəbilə başçıları bir-birlləri ilə ölənəcən vuruşardılar. Havalar soyuyanda, şaxtalar düşəndə meşələrdə yaşayan qəbilə adamları heyvanları öldürübmağaralarda, kahalarda, zağlarda yaşayırdılar. Ov üstündə qəbilələr bir-birlərilə qanlı döyüşə girərdi.
Bir qəbilədə digər üzvlərdən fərqli bir-birini çox istəyən ana və oğul vardı. Oğlu hər zaman anasını qoruyur, tapdığı yeməyi anası ilə bölürdü. Nəhayət onlar bu haqsız müharibələrə dözməyib tənha yaşamaq qərarına gəldilər. Heç kəsin bilmədiyi qalın meşəliklə örtülən, iki qayalığın arasında yerləşən bir mağarada məskunlaşdılar. Ananın adı Az, oğulun adı İxo idi. Oğlu çox güclü, cəsur, döyüşkən, birnəfəsə aslanları, kərgədanları daşla vurub öldürər, azuqə götürərdilər. İxo özünü qorumaq üçün daşdan silahlar, sapand düzəltmişdi. Bir gün ana xəstələndi. Ov üçün İxo tək meşəyə üz tutdu. Ov dalınca bütün günü qaçdı, kərgədanla döyüşdə yaralandı, güclə ondan canını qurtardı, yorulub tamam əldən düşdü. Mağaraya gəlib çatanda dağdan böyük bir daş parçasınınmağaranın ağzına düşdüyünü gördü. Daş mağaranın ağzını tamam bağlamışdı. Qışqırıb Az İxo dedi, amma xəstə ana yəqin ki, ölmüşdü. Oğul Azixo deyib hayqırır, anadan bir səs gəlmədiyini görüb, həmin yeri tərk edir, qəbiləyə qayıdır. O vaxtdan bu mağara Azıx adlanır.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Sevdiklərin uğruna sevmədiklərindən imtina etmək! - ESSE
Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”
SEVDİYİM ƏN BÖYÜK CƏSARƏT, CƏSARƏT EDİB SEVMƏDİKLƏRİMDİ.
Habil Yaşar.
İllərlə insanların inandığı həqiqətlərdən biri bu idi ki, "bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, İlahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir".
Doğrudur, çox zaman həyatımız bu fikir üstündən yol alıb və o cür yaşadıb ömrünün hər anını. Zaman-zaman saxta düşüncələrə meyl etdiyimiz də olub, saxta münasibətlərə inandığımız da.
Qorxmuşuq hər zaman nədənsə. Və istəklərimizi deməkdən, sevmədiyimizi dilə gətirməkdən və hətta, xəyal etməkdən belə çəkinmişik.
Niyə?
Çünki biz insanlar sevirik insanları olduqları mövqedən yıxmağı, etdiyi ən xırda səhvi üstündən qınamağı.
Həyata, həyatına olan marağını birilərinin əlindən almağı.
Əslində belə edərkən nələrsə qazanmayacağımızı çox gözəl bilirik, amma nəbilim....
Düşünürəm, bəlkə də bir insan cəsarət edib istəklərini və hətta istəmədiklərini dilə gətirə bilirsə, hər zaman bir addım irəlidə olmağı, ətrafa rəğmən ayaqda durmağı mütləq ki bacaracaq.
Yazar Boven deyirdi, “keçmişi xatırlayınca bəzən çox cəsarət göstərməməyimə deyil, önümə çıxacaq təhlükəni gözə almamış olduğuma təəssüflənirəm".
Necə də gözəl deyib, əzizim, deyilmi?..
Biz hər birimiz anlamalıyıq ki, bir yola çıxırıqsa, insanları və lazımsız düşüncələri o yolun başında qoymalıyıq, istəsək də, istəməsək də.
Yazar Habil Yaşarın dediyi kimi, “sevdiyim ən böyük cəsarət, cəsarət edib sevmədiklərimdi", deyib elə yol alaq, sevdiyimiz uğurun arxasınca irəliləməyə.
Unutma, cəsarətin ölçüsü hər şeydən əl üzüb məğlub olmaq deyil, sevdiklərin uğruna sevmədiklərindən imtina etməkdi.
Belə, gözəl insan, özün və sevdiklərin uğruna yaşamaq ümidi ilə.
Sağlıqla qal.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Hikmət müəllimin qohumları!
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
SATICI:
-Ay xanım! Ay kişi! Biri-birinizi itələməyin, sıraya, növbəyə keçin ki, hər kəsi vaxtında yola sala bilim. Bu camaatı da heç cürə başa düşə bilmirəm də, sıra mədəniyyətinə riayət etmirlər. Bir sıraya keçsəydilər indi çoxdan işləri həll olunmuş olardı.
MÜDİR:
- Nazim, bu 2 nəfəri qabağa salarsan, Hikmət müəllimin qohumlarıdır. Elə et ki, çox gözləməsinlər.
SATICI:
+ Baş üstə müdir. Gəlin siz keçin, Hikmət müəllimə can qurban.
ALICI:
-A kişi, bəs bayaqdan sıra mədəniyyəti elə, sıra mədəniyyəti belə deyirdin? Nə oldu bəs? İndiki halda nə sıra mədəniyyətindən danışırsınız?! Vapşee, ona qalanda, biz də Hikmət müəllimin qohumlarıyıq!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
“Unuda bilməzsən!” - ELZA İBRAHİMOVANIN ANIM GÜNÜNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir mahnı var, “Unuda bilməzsən”. Mərhum İlhamə Quliyeva ifa edərdi. İndilərdə də Aytən Məhərrəmova ifa edir. O bir kəlam var, “ilahi anda yaranan incəsənət nümunəsi”. Bu məhz “Unuda bilməzsən” mahnısı haqda deyilib.
Səninlə ağlayıb, səninlə gülərəm,
Dönüb qocalığa qapına gələrəm,
Unuda bilməzsən!!!
Mahnıdan necə təsirlənir, onu necə yaşayırsan.
Yaxud, “Gəl görüşək” mahnısı, Flora Kərimovanın ifa etdiyi başqa bir şedevr.
Gəl-gəl gülüm, gəl görüşək,
Hicranına dözməz ürək,
Həsrət mənə bir dağ olar.
Gəl-gəl gülüm, gəl görüşək,
Ağlamasın salxım söyüd,
Göz yaşlarım bulaq olar…
Ötən gün vəfatından 12 il ötən Azərbaycanın Xalq artisti Elza İbrahimova bu mahnıların bəstəkarıdır.
Duyğumuza hakim kəsilən qeyd etdiyimiz mahnılar, eləcə də çox məşhur “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Xalq artisti Elza İbrahimovanın adını musiqi tariximizin qızıl səhifələrinə yazdırıb.
O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla həmkarlarının qibtə etdikləri səviyyəyə ucalıb, ifaçıların rəğbətini, kiçikdən böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb, onlarda musiqinin bu və ya digər janrına maraq oyadıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Elza İbrahimova mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə başa vurub.
Görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin meydana gətirdiyi bütün bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.
“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri isə dinləyicilərin yaralarına bir məlhəmdir.
Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.
Şübhəsiz Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.
Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas olan sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.
Elza İbrahimovanın mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Belə əsərlərdə milli muğamımızın, Azərbaycan və Qərb musiqisinin böyük sintezi vardır. Bəstəkarın milli intonasiyanın və ritmlərin estrada janrında ifadə etdiyi mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə, sözün geniş mənasında sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə - bəstəkarın musiqi dünyasına aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb.
Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı bu səmimi hissləri həm də dinləyicidə aşılayır. Ölməz sənətkarımız Rəşid Behbudovun ifasında bu əsər Azərbaycanı dünyada tərənnüm edən mahnılardan biri olub.
Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdıqları bəlkə də on bəstəkarın yaradıcılığı qədərdir. Musiqi bəstələdiyi şeirlərin gözəl məzmun və dil vəhdəti isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.
Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilmiş, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.
Bu gün qlobal dünyaya sürətlə inteqrasiya edən ölkəmizin yerli və xarici televiziya və radio kanallarında növbənöv musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Şəhram Qolkarın “Bənzətmə”si
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Şəhram Qolkarın şeirlərini təqdim edir.
Şəhram Qolkar 1973-də Muğanda doğulmuşdur. Baklavra qədər orada olub oxuyubmuş. Universitet illərini şirkət yönətimi sahəsində davam etmək üçün Tehrana yol almışdır. Orada olub Muğanda olmayan azcıq olanaqlar uşaq çağlarından başlayan ədəbiyyat həvəsini daha da qabartmışdı. Az zamanda gəlişməsinin yapdırtdığı açıq ara az sonra əsgərlikdəki və daha sonra yaranan geniş bol boş işsizlik vaxtları ona şeir, hekayə, araşdırma və məqalələr üzrə yazı, köçürmə, çevirilər, ayrıca genəl mədəni ortamda qəzet, jurnal, sanalda ədəbi sitə yazdırtdırlb.
BƏNZƏTMƏ
Sinən ağ dəniz;
Boğaz körpüsü sütyən qovşağı
Qadırğalı
Hərbi donanmayla dolu
Boğaz altı lövbəri
Göyərtəsində cüt topu
Baxan donur, boğazı quruyur
Əllə dolur havalanır
Tam şişəndə;
Qalay axır
Qala yaxır
Qala yıxır
Qalaya xır
Şişə çəkir qalanları
Boğazlayır
Boğazına saxlayır
Boğaz açmış ac göz boşboğazları.
Sinən ürəkqabın
Ürəyinin bənizi, başmağı
Həm qaradır havası həm dənizi
Ürəyinə gedən yolun
Qaranlıqda iynə ucu boyda işıldayan izi
Süt içən əmziyi
Süt yiyən bezi
Əmcək qabın.
Sinən evin eyvanı
Nə əl çatır, nə ayaq
Uymur heç nömrəli ayaq
Pinəçisi xəfiyyə
Satır “üzüyümün qaşın” çalan piyanoçunu
Ələ verən təlis qədər kağıza-kuğuza, sənədə, akta
Çalanları oğurlayır “hə bəsxanaya”
Fərq etməyir: kontrabas, ürək, dilək, çörək
Hamısına bir gözlə “eye one”dan baxır, -
Yuxarıdan.
Sinən
Ağacda heyvanin dəymişi
Sapından asır heyvanın ərmişin
Daşınar əmlik
Dırnağa yamanan şüş dırnaqlıq
Maşına cək
Qələti tutulmuş kağızdakı lak
Qullanılmamış ürün
Körüklənmiş burun
Börkü başında ağa
Ətirli pudurlu çağa
Yazılmamış ağ çek
Yeyilməmiş
Naylondan çıxmamış ak.
Sinən ən dadlı çiban
Sinən yara izi
Gövdənin gözü
Zırıltılı qonağın iki gözü
Stəkanın, çaynikin qulpu
Ciyərimi pöşləyən
Kömürün iki közü
Suya yatmış sərt torpağın
Cütə bağlanan öküzü
Uzun yol erkək qoxuyan avtobusun
İki qızı
Savalanın ekizi.
Sinən düşün futbol meydançası
Apaçinin lələk tacı
Canavar tükü
Vampirin qoşutlu dişi
Barbi qadınların hər şeyi
Diş batmaz
Göz oxşamaz
Döşün daşın
Kələm daşın
Qapıdan top keçirməz
Luyi Yasin.
Sinən qaradağın üçqardaş dağı
Babək qalasının meşə yolu
Tükənməyən dağı
Yamacının topa çığı
Sinən mağara
Qalıb ağara-ağara
Köpüklənməz ağ araq
Vinçesterin kalibri qədər qülləsi
Qobustanın qayadakı dadaşlarıl
Sinən ağız əmziyi
Qoxusu gənziyin uyuşdurucusu
Qoxu suya qala-qala qalma qala
Bu gözləri kim tikər
Düşün döşün
Düşün daşın
Bozqırımın Çingizi...
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)