Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Özünə əmin, güclü xarakterli və sarsılmaz adam idi. Hadisələrə öz məntiqindən boylanıb, qiymətləndirir və şərh edirdi. 

Zəhmətkeş, eləcə də çox məhsuldardı. Çalışmaqdan zövq alırdı. Vaxtının xeyli hissəsini yazıb yaratmaqla məşğul olurdu. Günün necə başlayıb, necə bitdiyini hiss etmirdi…

 

Deyirdi ki,- “Hərdən fikirləşirəm ki, kaş bir qaranlıq zirzəmi ola, ora işıq düşməyə və mən sakitcə uzanıb yatam. Gözlərim işığa çox həssasdır, hər gün beş saat yarım yatıram. Oyanan kimi kompüteri açıb tərcüməyə və ya növbəti əsərə başlayıram. Kaş elə imkanım ola, səkkiz, doqquz saat qaranlıq bir otaqda yata biləm...”

 

Qaydalara riayət olunmasını çox xoşlayırdı. Soyuqqanlı görünsə də mehriban rəftarlarıyla diqqəti özünə çəkməyi bacarırdı. Dostluqda sədaqətə önəm verirdi. Xəyanət onun gözünün düşməniydi. Maddiyyata vasitə kimi baxır və böyük işlərə imza atmaq naminə ona önəm verirdi.

 

“Rusların belə bir atalar sözü var: Xoşbəxtlik pulda deyil, pulun məbləğindədir. Bizə də pul versələr, həyətdə gəzib-dolaşmaq daha xoş olar. Daha dərindən fikirləşərəm. Amma düzü, özümü yaxşı hiss etmirəm və mənə elə gəlir ki, bizim nəslimiz haqqında əfsanə gerçək olmayacaq. Nəvələrim yeniyetmədirlər. Məncə, onların toyunu görməyəcəm...”- söyləyirdi.

 

İdeal ata idi. Uşaqlarını ən yaxşı şəkildə yetişdirmək naminə bütün imkanlarından istifadə edirdi.

Haqqında söhbət açdığım Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində dünyaya gəlmişdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Beş il Azərbaycan radiosunda redaktor, bir il türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru, yeddi il kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru, bir neçə il İstanbulda nəşr olunan "Hürriyyət" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, daha sonra Xarıci Turizm Şurasının idarə rəisi, "XXI əsr" qəzetınin baş redaktoru, bir müddət də "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi vəzifələrində çalışmışdı. Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri vəzifəsində işləmişdi. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri idi. 2016-cı ildən vəfat edənədək BDU-nun türkologiya kafedrasına başçılıq edirdi. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi…

Zamanı idarə etməyi olduqca yaxşı bacarırdı. Məqsədi həmişə qalib gəlməkdi. Özünə xas sistem də qurmuşdu. İnandıqdan və qoyduğu qaydalardan xaricə çıxmırdı.

 Üzərinə götürdüyü məsuliyyətin fərqindəydi və nə qədər ağır olsa da bu məsuliyyətdən qaçmırdı…

Bəlkə də ölkə üzrə ən çox kitabı çap olunan yeganə müəllifdir. İndiyədək 27 öz kitabı, 61 tərcümə kitabı nəşr olunub...

Maraqlı adam idi,- “Şimali Qafqazda doğum gününü ancaq uşaqlar üçün qeyd edirlər. Böyüklər isə yalnız 60-70 yaşında doğum günü qutlayır. Onlar da ya ictimai-siyasi xadim, ya da sənət adamı olmalıdır. Siravi vətəndaşlar bir kərə yubiley keçirər. 63 yaşında böyük bir heyvan – dəvə, yaxud da cöngə kəsər. Camaata qonaqlıq verər. Yubilyara söz verildikdə isə deyər ki, Allah sevimli bəndəsi həzrəti Məhəmmədi 63 il yaşadıb. Mən də bu yaşıma qədər gəlib çıxmışamsa, demək, onun sevimli bəndəsiyəm. Bundan sonra nə yaşasam, qənimətdir.”- söyləyirdi…

Yetmiş il idi ki, yol gedirdi, inamla, əzmlə, iradə göstərərək. Çox uğurlara imza atmışdı, amma bütün bu nailiyyətləri hələ də az sayırdı. Yorulmadan, qələmi yerə qoymadan çalışırdı. 

Deyirdi ki,- “Ömrü boşa vermək olmaz, son nəfəsədək işləmək lazımdır...”

Allah rəhmət etsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xaq yazıçısı, TÜRKSOY prezidenti Sultan Rayevin “Dəlixana” romanının təqdimatı keçiriləcək.

 

Qeyd edim ki, bu son dərəcə oxunaqlı olan roman qırğız, rus və türk dillərində artıq geniş auditoriya qazanıb, indi isə Azərbaycanı fəth etməyə hazırlaşır. 

Ondan başlayaq ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.

Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün dəlixanadan qaçıb çöllərə düşürlər, Müqəddəs  torpağın axtarışına çıxırlar, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...

Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.

Bu yeddi nəfərdən başqa əsərin digər qəhrəmanı da ilanlardır. Günahkarların ruhunu qarabaqara isləyən, cisimlərinə ölüm bəxş edən ilanlar. 

 

Roman Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Ədəbiyyat Fondunun və Hədəf Şirkətlər Qrupunun baş direktorları Varis və Şəmil Sadiqdir. 

Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar tanınmış yazıçı Yunus Oğuz və Cavid Qədirdir. Aysel Oğuz Yunus Oğuzun qızıdır. 

Qeyd edim ki, tədbirdə Azərbaycan ədəbi cameəsinin tanınmış simaları iştirak edəcəklər.

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə mayın 22-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı Maqsud İbrahimov Yaradıcılıq Mərkəzində məşhur Bakı sakini, fantastika yazıçısı Yevgeni Lvoviç Voyskunskinin “Mümkünsüzlük formulu” adlı hekayəsi əsasında keçirilmiş növbəti ən yaxşı esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir təşkil edilib.

 

AzərTAC xəbər verir ki, yazıçı Yevgeni Lvoviç Voyskunski ötən əsrin 60-cı illərində Bakıda elmi-fantastik ədəbiyyat məktəbinin formalaşmasının başında dayanıb və Azərbaycan Yazıçılar İttifaqının elmi fantastika komissiyasının sədri olub.

 

“Mümkünsüzlük formulu” hekayəsi İsay Lukodyanov ilə birgə yazılıb.

 

Müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllimlər və mütəxəssislər arasında yaradıcı düşüncənin inkişafı və bu istiqamətdə motivasiyanın formalaşdırılması olub.

 

Mərkəzin direktoru Anna İbrahimbəyova Bakı şəhərinin fantastika yazıçılarının irsinə həsr olunmuş tədbirlərin ardıcıllığının əhəmiyyətini qeyd edib və qonaqları həmyerlimiz Yevgeni Voyskunskinin əsərləri əsasında keçirilən esse müsabiqəsinin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimində iştirak etməyə dəvət edib.

 

Sonra müsabiqənin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

 

Qeyd etmək lazımdır ki, məktəblilər arasında ilk yarış 2022-ci ildə keçirilib. Burada məktəblilər Maqsud İbrahimbəyovun “Tutulmuş yer” fantastik hekayəsi əsasında işlərini münsiflər heyətinə təqdim ediblər.

 

Sonra müsabiqənin nəticələri ilə bağlı videoformatda beynəlxalq münsiflər heyətinin üzvləri, tanınmış fantastika yazıçısı, bakılı Pavel Amnuel və yazıçının oğlu alim Aleksandr Voyskunski qonaqlara müraciət ediblər.

 

İştirakçıların işlərini münsiflər heyəti də qiymətləndirib.

 

Tədbirdə iştirakçılara məşhur yazıçının məzunu olduğu Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdlərinə müsabiqədə fəal iştiraka görə diplom və sertifikatlar verilib.

 

Tədbirin sonunda, tanınmış fantastika yazıçısı, astrofizik alim Pavel Amnuelin əsərləri əsasında keçiriləcək növbəti esse müsabiqəsinin şərtləri və qaydaları izah edilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Wednesday, 22 May 2024 18:00

Ramiz Əsgərin vəfatına NEKROLOQ

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Tanınmış türkoloq, tərcüməçi, alim Ramiz Əsgərin vəfatı xəbərinə hamımız üzüldük. O, çox işıqlı bir şəxs idi, azərbaycançılıq məfkurəsi uğrunda çalışırdı. 

 

Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini 1978-ci ildə bitirib.

Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan “Odlar yurdu” qəzetinin baş redaktoru (1984-1991), “Hürriyyət” qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), “XXI əsr” qəzetınin baş redaktoru (1994-1996), “Yeni Forum” jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olub. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi idi.

2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi.

 

Azərbaycanın “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq “Babur” mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq “Bəkir Çobanzadə” mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın əməkdar jurnalisti idi.

Ramiz Əsgər “Divani-lüğət-it-Türk”ün Azərbaycanda ilk mükəmməl nəşrini hazırlamışdı və bu böyük nümunəni Azərbaycan elminə təqdim etmişdi.

Ramiz Əsgər Prezident İlham Əliyev tərəfindən “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi.

 

Ramiz Əsgərin vəfatına əksər tanınmışlar reaksiya veriblər. Tanınmış şair Əkbər Qoşalı mərhumla bağlı belə bir paylaşım edib:

“Ramiz Əsgər xoca haqqa yürüdü…

Yeri ucmak olsun. Ocağı sönməsin! 

Ötən yüzilliyin 80-ci illərində “Odlar yurdu” ilə imzasını tanıdım, sonra özünü tanıdım, 

qonşu olub daha yaxından tanıdım… 

Xocanın yeri həmişə görünəcək…”

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri kəlağayını yox olmaqdan qorudu və onun gələcəyinə inam doğurdu. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.

 

AzərTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlağayı sənətinin UNESCO Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qurumun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı sərginin açılışı olub.

 

Sərginin açılışında Azərbaycanın Fransa və Monakodakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəliklərin səfirləri və diplomatları, yerli incəsənət nümayəndələri, jurnalistlər iştirak ediblər.

 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək milli qadın geyiminin qədim atributu –kəlağayının təkcə ipək başörtüyü deyil, həmçinin mədəni kimliyimizin, sənətkarlığın və Azərbaycan irsinin rəmzi kimi tanındığını bildirib. Qeyd edib ki, hər bir kəlağayı tarixin, sənətkarlığın və mədəni ifadənin zərif sapları ilə parçaya toxunmuş hekayəsidir. Kəlağayı əsrlər boyu Azərbaycan qadınının məlahətini, zərifliyini və gücünü simvolizə edən mədəni irsimizin ayrılmaz hissəsi olub. Xalqın məişətinin xüsusiyyətlərini, dünyaya baxışını, mənəvi və estetik dəyərlərini özündə cəm eləmiş və beləliklə də mədəniyyətimizin müstəqil qatı olan Azərbaycan qadının milli geyiminin bir hissəsinə çevrilib. Sərgidə nümayiş olunan nəfis kəlağayılar təkcə artefakt deyil, onlar irsimizin canlı təcəssümüdür.

 

Daimi nümayəndə “IDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının təşkilatçısı, “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanovanın “Şuşa” və “Avind” süni intellekt layihələri haqqında məlumat verib. Bildirib ki, “Şuşa” Azərbaycanın zəngin mədəni irsini əks etdirən rəqəmsal sənət əsərlərinin yaradan süni intellekt üzrə rəssamdır. “Şuşa”nın əsərlərinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan ilhamlanan rəqəmsal xalçalar və digər sənət növləri daxildir. Layihənin məqsədi ənənəvi motivləri müasir rəqəmsal sənət üsulları ilə birləşdirərək tarix və texnologiyanın kəsişməsini nümayiş etdirməkdir. Avind isə Türkiyənin ilk süni intellekt kuratorudur. “Avind”in roluna rəqəmsal incəsənət festivalları üçün sənət əsərlərinin seçilməsi və kurasiyasının aparılması, sərgi üçün ən uyğun nümunələri seçmək üçün böyük həcmdə məlumatları skan etmək və təhlil etmək üçün qabaqcıl alqoritmlərdən istifadə etmək daxildir. Hər iki layihə süni intellekti sənət dünyasına inteqrasiya etmək, texnologiya vasitəsilə yaradıcılıq və kuratorluq təcrübələrinin sərhədlərini genişləndirmək öhdəliyi daşıyır.

 

E.Abdullayev sərgidə nəfis kəlağayıları ilə təmsil olunan İsmayıllı rayonunun Basqalı qəsəbəsində fəaliyyət göstərən “Basqalı” kəlağayı brendi haqqında məlumat verib. Ən qədim zamanlardan qəsəbədə kəlağayı sənətinin geniş yayıldığını, burada “Kəlağayı” muzeyi, eləcə də istehsal sahəsi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Basqalı” kəlağayı brendi 100 faiz ipəkdən, xüsusi çap və boyama texnikası ilə hazırlanır. “Basqalı” brendinin dünyada tanındığını, bir çox sərgi və festivallarda iştirak etdiyini vurğulayıb.

 

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Vera Al Xuri Lacoeuilhe kəlağayının, ipəyin tarixindən söz açaraq ornamental və mürəkkəb həndəsi naxışlarla bəzədilən, populyar nəfis baş örtüyünün qadınları qışda soyuqdan, küləkdən, yayda isə istidən qoruduğunu bildirib. Qeyd edib ki, ipək qışda isti, yayda isə sərin olur. Bu qədim sənətin nəsildən-nəslə ötürülməsinin, mədəni irsin qorunub saxlanılmasının vacibliyindən danışıb. Bildirib ki, bu sərgi ziyarətçilərə kəlağayı sənəti haqqında ətraflı məlumat verməklə, bu qədim sənətin qorunub saxlanmasına və yaşamasına da töhfə verir.

 

Sonra N.Qaraxanova sərgidə nümayiş olunan “Şuşa” kompozisiyasını təqdim edərək onun Azərbaycan və Qarabağ xalçalarının rəqəmsal aləmdə toxunub Azərbaycan milli musiqisi ilə bir araya gələrək ictimaiyyətə təqdim etdiyini deyib. Bildirib ki, informasiya, şəkil və musiqi nümunələri “Şuşa” süni intellektin alqoritminə yüklənib və beləliklə, Azərbaycan xalçası beynəlxalq səviyyədə rəqəmsal texnologiya vasitəsilə təqdim edilir.

 

“Basqalı” brendinin nümayəndələri Mətanət Mirzəliyeva və Elçin Mirzəliyev Azərbaycanın kəlağayı sənətinin vətəni, gözoxşayan Basqal kəndində qədim İpək yolu abı-havasının hələ də hiss olunduğunu deyərək hələ qədim zamanlardan kənddə hər evdə ipəkçilik və kəlağayı istehsalı ilə məşğul olunduğunu və bu sənətin sirlərinin nəsildən-nəslə ötürüldüyünü bildiriblər. Diqqətə çatdırıblar ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir.

 

Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğu diqqətə çatdırılıb.

 

Sonra E.Mirzəliyev kəlağayı emalatxanasındakı iş prosesindən, barama, ondan ipək sapın əldə edilməsindən, qəliblərin hazırlanmasından söz açıb. Bildirib ki, bu ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir. Boyaların təbii yolla hazırlanmasından danışaraq nümunələri təqdim edib.

 

O, kəlağayı hazırlanmasının mürəkkəb, çox zəhmət tələb edən bir proses olduğunu diqqətə çatdırıb.

 

Kəlağayının hazırlanmasına dair ustad dərs tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. E.Mirzəliyev tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

“Basqalı” brendi kəlağayının hazırlanması üçün lazım olan bütün vasitələri nümayiş etdirib. Brendin kəlağayılarının orqanik olduğunu əyani olaraq göstərilib.

 

“Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisi UNESCO-nun mənzil-qərargahında iki gün davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Sirr deyil ki, ədəbiyyat üzrə ən ali mükafat Nobel mükafatıdır, ondan sonra isə ikinci sırada Beynəlxalq Buker Mükafatı (The International Booker Prize) dayanır. 

Və mən böyük maraqla bu gecə qalibin  adının açıqlanmasını gözləyirdim. 

 

Aprel ayında elan edilən şort list məni əsla təəccübləndirməmişdi. İlin əsas ədəbi hadisə müəllifləri orada təmsil olunurdu. 

Selva Almada (Argentina), ispancadan  tərcüməçisi Annie McDermott (İngiltərə);

Jenny Erpenbeck (Almaniya), almancadan tərcüməçisi Michael Hofmann (Almaniya).

Və sual olunurdu, kim qalib gələcək, Avropa, yoxsa Amerika? 

Düzü, məni Jenny Erpenbeck və onun “Kairos” romanı daha çox cəlb edirdi. 

İndi isə nəticə barədə:

Alman yazıçısı Jenny Erpenbeck “Kairos (Kayros)” romanına görə 2024-cü ilin Beynəlxalq Buker Mükafatına layiq görüldü. Londonda - Teyt Modern qalereyasında keçirilən mükafatlandırma mərasimi zamanı (biz mərasimi canlı olaraq mükafatın saytından izləyirdik) münsiflər heyətinin sədri, kanadalı yazıçı Eleanor Vaxtel qeyd etdi: “Sədr qadın, qalib qadın, amma bu o demək deyil ki, bu, feminizmin təntənəsidir”. Eleonor Vaxtel qeyd etdi ki, Jenny həqiqətən təkrarsız yazır. 

Qalib 50 min funt-sterlinq (təxminən 63 min dollar) məbləğində mükafat alacaq. Qaydalara uyğun olaraq, Erpenbeck pul mükafatını kitabın ingilis dilinə tərcüməçisi, alman şairi Michael Hofmann ilə bölüşməyə borcludur.

Qeyd edək ki, 2023-cü ildə Bukeri irlandiyalı yazıçı Pol Linç “Peyğəmbərin nəğməsi” romanına görə qazanmışdı.

 

Qalib gələn roman - yəni, “Kairos” 1980-ci illərdəki Şərqi Berlindən olan gənc bir qadın və yaşlı bir kişi arasındakı dağıdıcı əlaqədən bəhs edir. Bu aşiqlərin tarixi Şərqi Almaniyanın idealizminin iflasının təcəssümü kimi qəbul edilə bilər. "Kairos"da müəllif yalnız ümid və məyusluq haqqında deyil, həm də Azadlıq, sədaqət, sevgi və gücün mahiyyətini açmağa çalışır.

Qeyd edim ki, Jenny Erpenbeck həm də rejissordur. Uşaqlıqdan bəri dünyası ədəbiyyatla bağlı olub,  atası, filosof və yazıçı Jon Earpenbeck və anası, tərcüməçi Doris Kilias sayəsində qızcığaz ədəbiyyatı sevib. Yazıçı yaradıcılığına teatr tamaşalarına ssenari yazmaqla başlayıb. İlk ədəbi əsərlərini isə 1990-cı illərdən nəşr etdirməyə başlaylb. 

Erpenbeck Thomas Mann mükafatı da daxil olmaqla Almaniyada bir sıra prestijli mükafatların sahibidir. 2024-cü ildə Beynəlxalq Booker nominasiyası karyerasında ikinci oldu. Birincisi 2018-ci ildə "Get, Get, Gone" kitabı üçün baş tutmuşdu. 

Deməkmiş, insan hissləri robotlaşan dünyada diqqət cəlb edirmiş ki, hisslərdən yazan qadın ən prestijli mükafatı qazana bildi.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq. 

 

 

1.

 

"Dünyada Üzeyir bəyin musiqisindən gözəl musiqi yoxdur. Sizin Şuşa uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni yalnız Üzeyir bəyin musiqisi ilə müqayisə etmək olar: gözəl, təntənəli, möhtəşəm və əbədi! Bütün bunlara görə çox sağ olun".

 

Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim etdilər. Sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Şuşaya ilk köçən sakinlər sırasında həmkarımız, yazıçı-jurnalist Kərim Kərimli və ailəsi də vardı. Kərimin yerinə çox sevindim, VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında onu bağrıma basıb, təbrik etdim. İşğal illərində Şuşa haqqında onlarla məqalənin, neçə-neçə kitabın müəllifi və redaktoru olan dostumuz Kərimi təbrik etməkdən, onu belə xoşbəxt görməkdən üstün nə ola bilərdi ki? 

Deyir, 4 otaqlı evimin birini dostlarım, qonaqlarım üçün saxlayacağam, gələrsiniz, kəkotulu çayımı içərsiniz.

İstedadlı qələm dostumuz Kərimin yaşayış kompleksinin açılış mərasimindəki çıxışından yuxarıda sitat gətirdiyim, cənab Prezidentə ünvanladığı minnətdarlıq duyğusuyla dolu bu fikirləri isə söz-söz yaddaşıma həkk olundu.

Əminəm ki, Kərim Şuşada ömrünün ən qayğısız, xoşbəxt illərini yaşayacaq, Şuşa haqqında ən gözəl yazılarını hələ bundan sonra yazacaqdır.

 

2.

Sirr xarakterdədir!

Sən əgər tanımaza-bilməzə gözəl təşəbbüsləri dəstəkləyirsənsə, yaxşı işləri, istedadlı insanları ürəkdən, təmənnasız dəyərləndirirsənsə, bu, izsiz qalmır. İnsanlarımız minnətdarlıq duyğusundan, ədalət hissindən xali deyil!

 

3.

Sevindikləri hadisənin fəlakət gətirəcəyini bilmirdilər.

 

4.

Böyük oyunçuların böyük dərdi var.

 

5

Doğrudan da, həqiqət bir anda aydın olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Rəsm qalereyası: Gülşiftə Fərəhani (İran). “Abstrakt”

İyunun 6-dan 9-dək İstanbulda VI Dünya Etnosport Mədəniyyət Festivalı keçiriləcək. Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan tədbirdə qurulacaq Azərbaycan çadırında ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, İstanbulun Atatürk hava limanının ərazisində təşkil olunacaq tədbirdə dünyanın 30-dan çox ölkəsinin iştirakı gözlənilir.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmiz üçün ayrılmış çadırda müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq. Qonaqlar canlı olaraq mütəxəssislərin Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləmək imkanı əldə edəcəklər. Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin milli musiqimizə dair ifaları nəzərdə tutulub.

Festival çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə məşhur Qarabağ atlarının keçidi və çıxışları olacaq.

Qeyd edək ki, 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalda indiyədək 50-dən artıq ölkədən 250-dən çox idmançı iştirak edib. Hər il bir milyondan artıq ziyarətçi qəbul edən festivalda iştirakçı ölkələrin milli-mənəvi dəyərlərinin tanıdılması ilə yanaşı oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla müxtəlif ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Qarabağ atlarının nümayişləri isə hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət”

 

Salam. İstəkli oxucularım, növbəti paylaşımı sabah təqdim edəcəyəm. Yunus Səfdərinin şeirləridir. Sadəcə Yunus bəydən şəkil yoxdur. Olub-qalan şeirləri də bunlardır, onu da zorla axtarıb tapmışam. 

Yunus bəyin ruhi xəstəliyi olduğu üçün artıq ədəbi aktivist deyil. Amma ürəyimizdə yeri vardır, çünki o, zamanında qələm tanıyanda, biz Güneylilər hələ ədəbiyyatın nə olduğunu bilmirdik, bunu iddia ilə deyirəm!

Qaçırmayın!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.