İyunun 6-dan 9-dək İstanbulda VI Dünya Etnosport Mədəniyyət Festivalı keçiriləcək. Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan tədbirdə qurulacaq Azərbaycan çadırında ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, İstanbulun Atatürk hava limanının ərazisində təşkil olunacaq tədbirdə dünyanın 30-dan çox ölkəsinin iştirakı gözlənilir.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmiz üçün ayrılmış çadırda müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunacaq. Qonaqlar canlı olaraq mütəxəssislərin Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləmək imkanı əldə edəcəklər. Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin milli musiqimizə dair ifaları nəzərdə tutulub.
Festival çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə məşhur Qarabağ atlarının keçidi və çıxışları olacaq.
Qeyd edək ki, 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalda indiyədək 50-dən artıq ölkədən 250-dən çox idmançı iştirak edib. Hər il bir milyondan artıq ziyarətçi qəbul edən festivalda iştirakçı ölkələrin milli-mənəvi dəyərlərinin tanıdılması ilə yanaşı oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla müxtəlif ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Qarabağ atlarının nümayişləri isə hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır.
“Ədəbiyyat və incəsənət”
(22.05.2024)