Super User

Super User

 

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbərliyi və Laos Xalq Demokratik Respublikasının nümayəndə  heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar. Bu barədə “Ədəbiyyat və incəsənət”   portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.

 

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.

 

Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

 

Laos tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair ilkin razılığa gəlinib.

 

Nümayəndə heyətləri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Məqsəd Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yerində tanış olmaq, eləcə də “ASAN xidmət” konsepsiyasının  Efiopiyada tətbiqi istiqamətində əməkdaşlıq sənədinin imzalanmasıdır. 

“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.

Ülvi Mehdiyev 2023-cü ilin avqust ayında Efiopiyaya səfərini məmnunluqla xatırladıb, dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını bildirib.

Temesgen Tiruneh əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” konsepsiyası ilə tanışlığının onda xoş təəssürat yaratdığını bildirib, eyni zamanda Dövlət Agentliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. 

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandum ölkəmizin “ASAN xidmət” konsepsiya əsasında Efiopiyada dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılması, müvafiq istiqamətdə təlim və təcrübə proqramlarının həyata keçirilməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur.

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, “Bilim Bakı” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə də tanış olub.

Ümumilikdə  səfər çərçivəsində qonaqların azərbaycanlı dövlət rəsmiləri ilə bir sıra işgüzar görüşlərinin, tanışlıq səfərlərinin və digər tədbirlərin təşkili planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

I Türk İnteqrasiya Olimpiadasının finalının Bakıda keçirilməsi xəbərini alınca “Ədəbiyyat və incəsənət” portalı Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiqə müraciət edərək ondan açıqlama aldı.

 

-Şəmil bəy, olimpiadanı keçirnək ideyası haradan yarandı? 

 

-Andiçmə mərasimində cənab Prezident İlham Əliyevin dediyi tarixi fikirlər Türk İnteqrasiya Olimpiadasının mayakı oldu: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”.

Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçımız Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

 

-Bəs niyə inteqrasiya olimpiadası?

 

-TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.

Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir. Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

 

-Əsas məqsədi nədir bu olimpiadanın?

 

-300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə alaraq bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə yolan çıxıb bizim olimpiada. 

Olimpiadanln dörd əsas məqsədi var:

1. Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;

2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

4. Türk xalqlarının “işdə, dildə, əməldə birliy”in fərqində olmaları və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etmələri.  

 

-Olimpiadanın əhatə dairəsi çoxmu genişdir? 

 

-Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Cənubi Azərbaycan, Quzey Kıbrıs, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Qərbi Trakiya, Kərkük türkləridir.

 

-Demək, ümdə vəzifəniz Azərbaycanın bu bilik yarışmasına paytaxt olmasıdır. 

 

-Bəli. Amma tək bu yarışmaya yox, daha geniş anlamda. Ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur və belə addımlarla biz bunu sürətləndirə bilərik. Niyə türk dünyasına elm günəşi Azərbaycanda doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!

 

-Hazırda olimpiada hansı mərhələdədir?

 

-Artıq TİO-nun ölkə mərhələləri bitib, 27 may tarixində Bakıda final turu və Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək; olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edəcək.

Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.

 

-Uğurlar sizə!

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qədir Aslanı 80 illik yubileyi ilə bağlı təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunun mətnini təqdim edir: 

 

"Hörmətli Qədir müəllim,

Sizi - tanınmış jurnalisti 80 illik yubileyinizlə bağlı təbrik edir, sizə möhkəm can sağlığı diləyirəm!

Siz Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Jurnalistika fakültəsini bitirmisiniz. Bakıda təhsilinizi başa vurduqdan sonra doğma Göyçəyə qayıdıb, Basarkeçərdə yayınlanan “Bolluq uğrunda” qəzetində çalışmağa başlamış, 20 il həmin qəzetin məsul katibi olmusunuz.

1988-ci ildə dədə-baba yurdumuz Göyçəni tərk etməyə məcbur qaldıqdan sonra Bakı şəhərində yaşayıb-yaratmış, müxtəlif mətbu orqanlarda çalışmış, öz məhsuldar əməyinizlə seçilmisiniz. Artıq 24 ildir “Respublika” qəzetinin Diaspor şöbəsinin müdirisiniz.

Sizin “Göyçə şəhidləri”, “Qədim Oğuz yurdunun Milli Qəhrəmanları”, “XX əsrin Koroğlusu”, “Goranboy qartalları” – ümumilikdə 10-dan çox kitabınız gün üzü görüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncam əsasında Əməkdar jurnalist fəxri adına layiq görülmüsünüz.

Sizi yubileyiniz və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Mayın 20-dən 26-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “II Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda yerli musiqiçilərlə (Cadenza Orchestra, BCMS Ensemble) yanaşı, Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur.

Festivalın proqramı səhər, gündüz və axşam sessiyalarından ibarətdir – konsertlərin hamısı ictimaiyyət üçün açıqdır. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Beynəlxalq Muğam Mərkəzində ustad dərslərinin, seminarların və mühazirələrin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində və Muzey Mərkəzində “Portretlər” adlı yaradıcılıq gecələri keçiriləcək. Festivalın hər bir günü ya Beynəlxalq Muğam Mərkəzində, ya da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında axşam konserti ilə başa çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Aşiq Yunus söylər sözü,

Qan-yaş dolu iki gözü.

Bilməyən nə bilsin bizi,

Bilənlərə salam olsun. 

(Yunus Əmrə)

 

İbrahim  İlyaslını "bilənlərin", yoxsa "bilməyənlərin" sayı çox?

 

-Yunus Əmrəyə varmaq ağır söhbətdir. İbrahim İlyaslı bu konuda uzağı iynə ulduzu boyda bir zərrədir. Əslində, mən heç bilinmək də istəmirəm. Heyif deyil sirr olaraq qalmaq...

 

Qadam, sənlə nə işim var? –

Mənim işim fələknəndi.

Yerin təkində iblisnən,

Göy üzündə mələknəndi.

 

Sizindi yer-göy arası,-

Abadanı, xarabası.

Qurun, dağıdın... sonrası

Şadaraynan, ələknəndi.

 

Düyün vurulmaz ilməknən,

YAZI pozulmaz silməknən.

Sənin azarın bilməknən,

Mənimki bilməməknəndi.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Nurvəş “Güney Azərbaycan poeziyası antologiyası”nda sizlərə şair Dərviş Təbrizlinin şeirlərindən seçmələr təqdim edəcək.

 

Dərviş Təbrizli

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10-dan artıq nəsr kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.

 

 

KÜÇƏNİZDƏ

 

Gördüm səni mən ilk dəfə öz küçənizdə,

Dil tutmadı heç bir yol atam söz küçənizdə.

 

Salxımla bitib gözlərim üstündə məhəbbət,

Gəl, əl uzadıb bircəsini üz küçənizdə.

 

Göstərmə gözəl gözlərini hər kəsə, vallah,

Çox qorxuram axir vuralar göz küçənizdə.

 

Min gənc o qara gözlərinin bəndinə düşmüş,

Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.

 

Sal sevgi odun könlümə bağrım başı yansın,

Bu sevgidən arzumdur olam köz küçənizdə.

 

Axşamdan inan sübhəcə səndən danışırdıq,

Tanrımla gəzirdik o gecə biz küçənizdə.

 

Təbriz dolusu sevgi gətirdim qucağımda,

Tökdüm, qapızda qoy qala Təbriz, küçənizdə.

 

Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,

Addım ata bilməz daha sənsiz küçənizdə

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

 

 

 

Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Dünya özü boyda şirin almadı...” deyəcək. 

 

“Dünya özü boyda şirin almadı-

Hərə bir yanından dişləyib keçir...”, -deyir şair. 

Razılaşın ki, çox gözəl deyir. 

Xoş mütaliələr!

 

Dünya özü boyda şirin almadı...

 

Sən demə, ölüm də əkinçi imiş-

Torpaq ömürləri xışlayıb keçir.

Dünyada nə qədər köçəri quş var,

Mənim ürəyimdə qışlayıb... keçir.

 

Şeytana daş atan özü də cinmiş,

Sonuncu ümid də dünən keçinmiş...

Göy üzü üstümdən gəlib keçibmiş

Heyif ki, yanıma düşməyib keçib...

 

Deyəsən, o qızın SU idi adı,

Hara axıb getdi, niyə qalmadı?

...Dünya özü boyda şirin almadı-

Hərə bir yanından dişləyib keçir...

                          

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Rubrikanı aparır: Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə mənimçün gözlənilməz olan tarixi romanlar müəllifi, siyasi icmalçı kimi tanıdığım Yunus Oğuzun şeir yazması oldu. Buyurun, siz də təəccüblənin. 

 

SONUNDA

Göy üzünü ha dəlsən də, dəlinməz,

Əməlinə nə yazdınsa, silinməz.

Əzrayıldı, Cəbrayldı biinməz,

Bir mələyə  tuş  olarsan son anda,

xxx

Sən insansan, nə heyvansan, nə sürü,

Qəzəbindən doğra çayı, yıx Kürü!

Əməlini sovur göyə, dağ  kürü,

Fəryadına gələ  bilməz sonan da.

xxx

Yığılacaq qalaq-qalaq daş indi,

Hər əməlin göz görməyən daşındı.

Yığış atam, yığış, ruhun daşındı,

Haqq-hesab var, tərəzi var sonunda.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Tuesday, 14 May 2024 14:33

Əzizə Cəfərzadənin Turanı...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Mən Əzizə Cəfərzadənin təkcə oğlu yox, həm onun yazılarının ilk oxucusu və həm də tənqidçisi olmuşam. 20-22 yaşlarında idim. Özü deyirdi ki, mənim yazılarımı sən oxumadan çapa verməyəcəm. Mən onun yazılarını oxuyub fikirlərimi deyirdim, yalnız bundan sonra çap etdirirdi. İngiltərədə işləyəndə, bir dəfə gecə reysi ilə qayıtmışdım. Evə gələndə gördüm ki, publisistik janrda yazdığı bir yazını qoyub yazı masama. Oxuyub dedim ki, bu elə bil Əzizə Cəfərzadənin “Aləmdə səsim var”dan qabaqkı qələmidir. Etiraz elədi, dedi, yox, təzə yazmışam. Mən dediyimdən dönmədim: “Ola bilsin, təzə yazmısan, amma bu o dövrün qələmidir”. Müxtəlif arqumentlər sadalayıb məni aldatmaq istədi, alınmadı. Sonra boynumu qucaqlayıb gülə-gülə dedi ki,- “Sağ ol, oğul, ilinə qədər düz dedin. 1967-ci ilin yazısıdı, arxivimdə qalmışdı, çap elətdirməmişdim.” 

Ümumiyyətlə, tənqidi qəbul edən adam idi. Evdə onu hamı oxuyurdu. Qardaşları da, mən də, digərləri də. Və bizim rəyimizi öyrənmədən heç birini çap etdirmirdi.”- söyləyir.

 

Bəli, bu gün sizə Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovdan söhbət açmaq istəyirəm. O, 1961-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. İxtisasca tətbiqi riyaziyyatçıdır. Hazırda neft sahəsində çalışır. Texniki elmlər üzrə fəlsəfə doktorudur...

Dostluqda çox sədaqətlidir. Xeyirxah, qayğıkeş, səbirli adamdır. Qavramaq qabiliyyəti, duyumu çox güclüdür. Ona etibar etmək, güvənmək olar. Əsas arzusu isə öz prinsiplərinə sadiq qalmaqdır...

 

Deyir ki,- “Həqiqətdə mən Əzizə Cəfərzadənin qardaşının oğluyam. Kiçik yaşlarımdan məni rəsmi şəkildə oğulluğa götürüb. Müharibə dövründə özünün qız övladı olub. O vaxtlar keçmiş “Sovetski” küçəsində yerləşən Pedaqoji məktəb hospital imiş, orada çalışırmış. Qızı körpə olanda, kimsə onu evlərindən hospitala, əmizdirməyə aparanda yolda yıxılıb və necəsə olubsa qızı başından zədə alıb, bir müddət sonra isə vəfat edib. Təxminən iki yaşında. Onun müharibə dövründə qələmə aldığı “Oyan, balacığım!”, daha sonralar yazdığı “Nətavan haqqında hekayələr”, “Cəlalliyyə”, “İşiğa doğrü” və başqa əsərlərində bu faciə öz təsvirini tapıb. Əzizə ana yeganə övladını itirməsinin acısını ömrü boyu daşıyıb. Bu acını nə qədərsə ovutmaq üçün bacım Kəmalə də çox kiçik yaşlarından onun evində yaşayıb. Amma onu övlad kimi rəsmiləşdirməyib. Məni isə rəsmi övladlığa götürüb, ona görə də soyadım Cəfərzadədən yoldaşının soyadı ilə- İbrahimovla dəyişdirilib...”

 

Yaxşı zövqu var, gözəllik aşiqidir. İnsanlarla mehriban rəftar edir. Dostlara çətin günlərində dəstək, təsəlli verməyi bacarır. Hisslərindən çox məntiqlə hərəkət etməyi sevən insandır. Risk etməyi xoşlamadığından səhvlərə də yol vermir. Başlayacağı iş üzərində uzun müddət düşünərək, hər addımını hesablamağı sevir və hazırladığı planın reallaşmasını səbrlə gözləyir...

 

“Əslində Aviasiyaya gedəcəkdim, qismət olmadı. Gözümdə problem çıxdı. Amma uşaq vaxtlarımda anamın yazı masasında əyləşib nəsə yazmağına böyük maraqla baxardım. Anam gün ərzində yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırdı. Və mən sadəcə abzasları qaydasına salmaqda ona kömək edərdim. Demək olar ki, onun yazısı üzərində təzədən işləmək söhbəti olmurdu. Ona ilham həmişə səlis cümlələrlə gələrdi. O, artıq beynində redaktə edib o cür də üzə çıxarırdı. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmədi...”- söyləyir.

 

…Ötən gün haqqında söhbət açdığım, texniki elmlər üzrə fəlsəfə doktoru Turan İbrahimovun ad günüydü, 63 yaşı tamam olurdu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.

Çox yaşasın!..

 

“Ədəbiyyat və incəsənət”

 

(14.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.