Super User

Super User

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Naxçıvan Muxtar respublikasında “StartupFest Naxçıvan” proqramının final tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin sədr müavini Ceyhun Salmanov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.

2 ay davam edən “StartupFest Naxçıvan” proqramı çərçivəsində startap ideyaları olan komandalara müxtəlif mövzularda akselerasiya proqramı keçirilib. Modullar çərçivəsində komandalar təlimlərdən əldə etdikləri bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər.

Tədbirdə startap komandaları ideyalarını təqdim edib və jürilər tərəfindən qiymətləndiriblər. Jürilərin səsverməsi nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib.

Proqramda yaşılenerji, kəndtəsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startaplar iştirak edib. Munsiflərin yekun qiymətləndirməsinə görə “Easy Agriculture” komandası 1-ci yeri tutub. Onların irəli sürdüyü startap layihəsi kənd təssərüfatında çalışanlara torpaq və bitki sağlamlığına dair daha dəqiq məlumata sahib olmağa, habelə baş verən dəyişikliklərə real vaxtda nəzarət etməyə imkan verəcək. Proqramın digər qalibləri isə “ScappMart” və “FAYDA” komandası olub.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, "Azərkontrakt" ASC-nin sədr müavini Güləddin Dadaşov, “Neftçi” Peşəkar Futbol Klubunun nümayəndəsi Emin Əfəndi və digər qonaqlar iştirak ediblər.

İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan "Bilim Bakı" mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb.

Agentlikdən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, “Deneyap” proqamı gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks, fərqli bir təhsil modelidir və ödənişsiz  həyata keçirilir.

Laboratoriyada keçirilən təlim proqramı gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqram 36 aylıq dövrü əhatə edir, ilk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla, 2 fərqli hissədən ibarətdir.

24 ay tədris dövründə iştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər. 12 ay komanda dövründə isə 24 aylıq tədris müddətini başa vuran şagirdlər uyğun olduqları sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər.

Proqrama Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 2023-2024-cü tədris ilinin 4,5,6 və 7-ci sinfini bitirən şagirdlər qoşula bilərlər. Seçim imtahanının hər iki mərhələsində ən yüksək bal toplayan şagirdlər proqramda iştirak edəcəklər.

Texnologiyanı inkişaf etdirən gənclərin sırasında olmaq istəyən məktəblilər 22 iyun 2024-cü il tarixinədək  deneyap.az saytına keçid etməklə “Deneyap” texnologiya laboratoriyasına şeçim imtahanı üçün qeydiyyatdan keçə bilərlər.

 

“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci - yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq Artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun bu gün ad günüdür, anadan olmasının 103-cü ildönümüdür. İlk öncə bu dahi şəxsiyyətdən danışarkən onu qeyd edim ki, onun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. Bir də başlığa çıxardığımız kimi, o, “Füzuli” kantatasının müəllifidir. Daim zirvələrdə olan bu musiqi əsəri barədə ayrıca danışacağıq. Və ən nəhayət, milyonların sevimlisi olan “Dəli Kür” və “Yenilməz batalyon” kinofiımlərindəki mahnılar da onundur. 

 

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. 

Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.

1949-cu ildə “Arazın o tayında” vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə “Arazın o tayında” poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.

1962-ci ildə - Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün “Sabir” oratoriyasını yazıb.

Cahangir Cahangirov “Azad” və “Xanəndənin taleyi” adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəylinin sənət ənənələrini davam etdirib.

“Xanəndənin taleyi” operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir.

1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi “Azad” operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir.

Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan “ayrılaraq” xalq arasında yayılmışdır. Bu mənada “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”nı, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”nı, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.

Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Cahangirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.

Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

Fransanın Ansi şəhərində Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı keçirilib.

AzərTAC xəbər verir ki, ölkəmizi festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva, Oqtay Yusibov, Rəşid Ağamalıyev və Şahin Əliyev təmsil ediblər.

 

Bu il dünyanın ən böyük animasiya festivalına 17000-dən çox tamaşaçı və qonaq qatılıb. Festival qaliblərinin adı festivalın rəsmi saytında – www.annecyfestival.com yerləşdirilib.

 

Festivalın MIFA marketində Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) müştərək stendlə təmsil olunub. Stenddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin animasiya məhsulları, layihələri, assosiasiyaları və festivalları təqdim edilib. “Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasında idi.

 

Qeyd edək ki, ATA və TÜRKSOY-un müştərək stendi layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilib.

 

Annecy festivalında, həmçinin, animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edib. Onun festivalda iştirakı 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.

 

Qeyd edək ki, növbəti Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı 2025-ci il iyunun 8-dən 14-dək keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Poetik Qiraətdə bu gün yenə də Yardımlıda  yaşayıb yaradan gənc şair İqbal Nəhmətdir. 

“Hələ də getməyən qonağım sənsən” deyən şairin bu dəfə üz tutduğu ünvan sevgidir. 

Xoş mütaliələr!

 

Gəl səni bir az da yaxın tanıyım,

Pıçılda, dodağın üzümə dəysin.

Nə qədər dərdin var tök nəfəsimə,

Bütün əyrilərin düzümə dəysin.

 

Gör neçə il keçib bədənimdəsən,

Qoşulub qanıma axan yaxınım.

Gəl səni bir az da yaxın tanıyım,

Ey mənim uzaqdan baxan yaxınım. 

 

Böyük təpələri, uca dağları,

Kiçik sevgimizlə keçib, aşmışıq.

Bir addım ayrılıq deyil düşünüb,

Beləcə yüz addım uzaqlaşmışıq.

 

Verdiyim suallar cavabsız qalır,

Bilirəm ən çətin sınağım sənsən.

Qapım açıq qalıb gedənim çoxdu,

Hələ də getməyən qonağım sənsən.

 

Ədəbiyyat və incəsənət”

(20.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə 60 yaşını qeyd etməyə hazırlaşan tanınmış şair, publisist, ictimai xadim Rəşad Məcid barədə Elşad Baratın portret yazısı təqdim edilir. 

 

 

Kainatda minlərlə qalaktika var, bizim qalaktikada Yer kürəsi ətraf aləmlə müqayisədə zərrə boydadır. Bu zərrənin içində milyardlarla insan, on milyardlarla müxtəlif canlı yaşayır. Canlılar aləmində şüuru olan tək varlıq isə insandır.  Bu göz qırpımı qədər az müddəti, yəni iyirmi bir əsri yaşayan insan daşla hansısa heyvanı öldürüb çiy-çiy yeməkdən ən müasir texnoloji münasibətlərə qədər inkişaf etdi. Əgər keçən əsrin əvvəllərində hava xətti ilə dünyanın o başında yaşayan bir tanış və ya qohumla danışa biləcəyimizi kimsə bizə desəydi, o adamı dəli hesab edərdik. Amma bu gün biz bu əlaqəni, hətta görüntülü də edə bilirik. Deməyim o ki, yer və zaman baxımından zərrə və göz qırpımı olan məkan və müddətdə insan oğlu obaçılıqdan, tayfaçılıqdan çıxıb dövlətləşməyə qədər böyüdü. Bu gün isə həmin zərrə Yer kürəsinin üzərində yüzlərlə millət, 200-dən artıq dövlət vardır. Bu dövlətlərin tərkibində yaşayan xalq və millətlərin öz tarixi, öz mədəniyyəti formalaşıb. Azərbaycan dövlətinin ərazisində yaşayan insanların da qədim tarixi kökləri, mədəniyyəti, ədəbiyyatı, inkişaf etmiş və milli dəyər sayılacaq bir çox tərəfləri vardır. Bir zamanlar tayfalaşmağı, yəni parçalanmağı hədəf alan insanlar bu gün dünyəviləşməyi, bütövləşməyi seçir. Çünki xalqların icad, ixtira və istehsal güclərini birləşdirməsi inkişaf hesab olunur. Cəmiyyətlərin, xalqların və millətlərin bir-biri ilə ünsiyyət qurmasında dil əsas faktor sayılır. Bir xalqın dilini formalaşdıran, inkişaf etdirən isə həmin xalqın yaratdığı ədəbiyyatdır. Ədəbiyyat təkcə dilin inkişafını və ya toplumların ünsiyyətini deyil, həm də xalqların tarix qarşısında böyüklüyünü, mədəniyyətini göstərən, tarixi şəxsiyyətləri ilə daim inkişaf etdirən söz tərəfidir. Hər bir xalqın tarixinə nəzər salsaq, görərik ki, onu xalq olaraq dünyaya tanıdan elm və söz adamlarıdır. O söz ki, onu ana dilində İzzəddin Həsənoğludan bəri yaşadan neçə-neçə tarixi şəxsiyyətlərimiz vardır. Dastanları, şifahi xalq ədəbiyyatını yaradanlar da bu xalqın ziyalılarıdır. Dədəm Qorquddan Nizami Gəncəviyə, nənəm Məhsətidən Qazi Bürhanəddinə, Məhəmməd Füzulidən Molla Pənah Vaqifə qədər yüzlərlə söz sahibinin adını çəkə bilərik. Sovetin qılıncının kəsərli vaxtlarında yaşayıb-yaratmış İsmayıl Şıxlı, Mir Cəlal, Rəsul Rza, Mikayıl Müşfiq kimi söz adamları da bu xalqın nümayəndələridir. Bu gün isə ana dilində sözün məsuliyyətini öz çiyinlərində daşıyan Anar, Elçin, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Nəriman Həsənzadə, Ramiz Rövşən, Kamal Abdulla, Rəşad Məcid kimi şair və yazıçılarımızın adını çəkə bilərik.

Poeziya insanın daxili dünyasında özü ilə söhbətindən, hiss və duyğularının müəyyən ritmlə sözə çevrilməsindən yaranır. Hansısa dünya şöhrətli ixtiraçı alim iki bənd şeir yazmağa cəhd edib bacarmaya bilər. Amma şair olan kəs təbiətlə, insanlarla, ətraf aləmlə elə bir dalğavari təmas xəttindədir ki, onu təsirləndirən hər bir detalı poeziyaya gətirmək gücündədir. Azərbaycan poeziyasında özünü yazan, sözünü şeir dili ilə deyərkən, hisslərinin azadlığına söykənən, misralarının arasında
düşüncələrinin təmizliyini gördüyümüz Rəşad Məcid öz imzası ilə artıq ədəbi tarixin silinməz yaddaşına hopub. Rəşad Məcidin gənc vaxtlarında, 1993-cü ildə çapdan çıxmış “Hələ ki vaxt var” adlı şeirlər kitabında elə şeirlər yer alıb ki, o şeirləri oxuyanda şairin təbiət dilində danışdığını, kainat hikmətində düşündüyünü
aydın görmək olur:

 

Bu dağlarda ay işığı –

Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.


Bir ahıl saçında zehi görmək də, şehli çəmən üzərində ay işığının parıltısını görmək də və bunu şeirə gətirmək də yalnız şairə məxsusdur. İnsanın qənşərində dağlar və onun da arxasından ay işığı düşəndə müxtəlif kölgələr yaranır. Burada
Rəşad Məcid kölgələri yelkənli gəmiyə bənzədir. Dağlar isə vətən torpağının zirvələridir. Çox incə məqam odur ki, gəmidəki yelkən dağların başındakı bayraq mənasını verə bilir. Həmişə var olan ay işığının şahidliyində döşü bayraqlı dağların nəsildən-nəsilə saflıq, mərdlik, bütövlük daşıyan və miras olduğunu deyən Rəşad Məcid çox ustalıqla onu da qeyd edir ki, ay işığında yamacı ağaran dağlar üzü südə bulanmış körpə kimidir. Göründüyü kimi, şair burada vətən torpağının müqəddəsliyini körpə saflığına bağlayır. Rəşad Məcid bu şeiri yazanda mənim təhlilimdə olan hansısa detail, bəlkə də düşünmədən yazıb, amma şeir düşüncədən, hiss və duyğulardan gəldiyi üçün, şair özü də fərqinə varmadan ortaya öz daxili dünyası boyda əsər qoyur. Elə əsərin böyüklüyü də oradadır ki, onu oxuyub düşünmək məcburiyyətində qalaq, onu oxuyub neçə yerə yozaq, təhlil edək. Böyük Füzulinin elə beyti var ki, əlli cür təhlili vardır. Rəşad Məcidin də poetik yanaşmasının və şair düşüncəsinin böyüklüyü onun şeirlərini oxuyanda oxucu gözünün önündə və təfəkküründə müxtəlif şəkillərin canlanmasıdır. Yuxarıda da
qeyd etdiyimiz kimi, reallıq və hikmət Rəşad Məcid poeziyasının ana xəttidir. Şeirlərində konkret həyatın özündən danışan şair hikmət dolu məsləhətlərini də oxucusundan əsirgəmir. Misal üçün:


İçəridən əyildinsə,
Ha dik dayan, ha düz yeri.
Görək, necə keçəcəksən
Ömründəki qəliz yeri?
Dərd gələcək qucaq-qucaq,
Yandıracaq ocaq-ocaq.
Yaddaşında sızlayacaq
Ağrılardan min iz yeri.


Bu şeirdə Rəşad Məcid, sanki öz getdiyi yolu getmək istəyən oxucuya məsləhətini verir, həm də daxili rahatlıqla, əminliklə fikrini çatdırmağı bacarır. Bildirir ki, həyat imtahandır, onsuz da ömrünün qəliz yerində iç üzün ortaya çıxacaq, yəni içdən əyilmisənsə, dik-dik yeriməklə yaşamaq olmur, qucaq-qucaq dərd gələcək və od kimi, ocaq kimi yandıracaq, həmin ocaqların izi isə xatirələr formasında ağrılara, acılara dönəcək, buna görə də içini yaşa, ruhunun və qəlbinin tələbatını ödə. Digər tərəfdən, bu iki bəndin alt qatında, fəlsəfi məqamında xeyirlə şərin varlığından məlumat verən, həyatın xeyir və şərin mübarizəsi üzərində qurulduğunu deyən detallar vardır. Məsələn, içində şeytana, çölündə tanrıya səcdə edən adam hələ xeyir və şər arasında öz tərəfini seçməyibdir. Mənə görə nəsr əsərləri daha çox düşüncələrin, nəzm əsərləri isə daha çox hiss və duyğuların məhsuludur. Rəşad Məcidin hiss və duyğularından doğulub düşüncələrinə söykənən bütün şeirləri real həyatın poetik dildə ifadəsidir. Elə müəllif kimi qələmini həmişə real həyatın mürəkkəbinə batırdığı üçün onun əsərlərində xeyirlə şərin, tanrıyla şeytanın, yaxşıyla pisin mübarizəsi qırmızı xətt kimi keçir. Bu yerdə şairin “Mələyim və iblisim” adlı şeirini misal çəkmək yerinə düşər:


Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.


Təkcə bu bənd haqqında saatlarla danışmaq və yazmaq, düşünmək və susmaq olar. İstər riyazi dəqiqliklə, istər məntiqi düşüncə ilə, istərsə də, fəlsəfi yanaşmayla bu misraların üzərinə getsək, qarşımıza kainatın sirr boğçaları çıxar. Öncə riyazi dildə onu deyək ki, ədəd oxunda bütün rəqəmlər mənfi sonsuzluqla müsbət sonsuzluq arasında yerləşir. Həyat isə xeyirlə şərin arasındadır. Deməli, bütün olmuşlar, olanlar və olacaqlar ən yaxşı ilə ən pisin arasında baş verir. Bu bənddə Rəşad Məcid, sanki həyatın ciyərini çıxarıb oxucuya təqdim edir ki, bax, həyatın iç üzü budur, çətinlə asan, sevinclə əzab, yaşamla ölüm – hamısı ən yaxşı və ən pis dediyimiz həyat nöqtələri arasındakı intervalın üzərində yaşanır. Sanki müəllif burada oxucuya seçimetmə şansı verir ki, özün seç – yaxşı, yoxsa, pis, mənfi, yoxsa, müsbət, azadlıq, yoxsa, məhbəs? Elə şeirin ikinci bəndində də ruh azadlığından, yol seçimindən söz açır:


Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.


Burada Rəşad Məcid ən yaxşı ilə ən pisin, mənfi və müsbət sonsuzluqların, elə hər şeyin insandan başladığını, insanın öz içində baş verdiyini vurğulayır. Bildirir ki, təbiətin lütfü olan geniş çəmənlə insan oğlunun tikdiyi qara zindan arasında özün
seçim etməlisən, amma unutmamalısan ki, qatil də insandır, qurban da, göyə qaldıran da insandır, yerə çırpan da, buna görə də cismin çəməndə, ruhun zindandadırsa, azadlıqla məhbəs arasındasan deməkdir, elə həyatın özü də budur. Xeyirə, yoxsa, şərə tərəf getmək isə insanın öz seçimidir. Şeirin üçüncü bəndində isə şair belə deyir:

 

Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl, düzünü de,
Allahım, mələyim, iblisim mənim.


Hər kəs ətraf aləmi düşündüyü və dərk etdiyi qədərdir. Kimisi bu şeirə sevgi şeiri deyə bilər, kimisi də fəlsəfi, mən isə bu şeirə həyat şeir deyirəm. Çünki bu üç bənddə həyatın hər üzü var. Hələ insan təfəkkürü mütləq həqiqətin nə olduğunu dərk edə bilmir. Buna görə də mənim üçün mütləq həqiqət yalnız tanrıdır.
Bu şeirdə də Rəşad Məcid üzünü mütləq həqiqətə tutur və bütün insanlar adından deyir ki, mən sənin gecəni, gündüzünü, yəni günəşini və zülmətini görmüşəm, yaxşının və yamanın hər üzünü yaşamışam, ən doğrusunu sən bilirsən, insan oğlu yanlış yola düşərsə, bircə dəfə gəl və düzünü de.
Göründüyü kimi, Rəşad Məcid şair kimi özü ilə başladığı dialoqu tanrıya qədər davam etdirməyi bacarır, poetik dilini və məntiqini hədəfindən ayırmadan yoluna davam edə bilir. Hər şairin ya poetik hədəfi, ya da poetik xitabı vardır. İkisi də ola bilər. Məsələn, böyük şairimiz Ramiz Rövşənin poetik xitabı “Allah” sözüdür, şeirlərində həmişə Allaha müraiət edir, Füzuli və Nəsiminin yaradıcılığında poetik hədəf ilahi eşq, poetik xitabı isə yar, can və canandır. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında hər bir şairin poetik hədəfini aydın-açıq görmək olur. Rəşad Məcidin poetik hədəfi isə haqqdır, o haqq ki, xeyir və şər arasında qalib tərəfdir.

Yuxarıda qeyd etdiyim ki, şeir şairin daha çox hiss və duyğularının, nəsr isə düşüncələrinin məhsuludur. İnsanın ruh halını nəzərə alsaq, düşüncələr hisslərdən, hisslər isə düşüncələrdən formalaşa bilir. Rəşad Məcid yaradıcılığında
daha çox hiss və duyğularına arxalanır. Onun “10 sentyabr” hekayəsində də oxucuya ötürülmüş böyük mesajlar hiss və duyğulu cümlələrlə verilir. Bu hekayə müasir Azərbaycan nəsrində ən yaxşı hekayələrdəndir. Bir mətndə sadə dil və sadə hadisələr içində qlobal mesajlarını verə bilirsənsə, artıq qalib müəllifsən. Rəşad Məcid yaradıcılığında nəsrə az müraciət etsə də, təkcə “10 sentyabr” bəs edir ki, onun bədii mətn dilini, yazıçı ustalığını görək. Bir yazıçının böyüklüyü onun yazdığı əsərlərin sayında yox, mətninin içindədir. Kimsə iki yüz roman yazıb yazıçı olmaya bilər, amma iki hekayə ilə tarixdə yazıçı kimi yaşayan müəlliflər vardır. Müəllifin içindən süzülüb gələn mətn öz müəllifini içində yaşadır. Rəşad Məcidin də yazıçı kimliyi “10 sentyabr”da gizlənib. Yazıçı ustalığı ilə yazılmış hansısa bir əsərin ən böyük gücü şəkillənmədədir. Yəni oxucu mətni oxuyanda gözünün önündə mətndə baş verən hadisələrlə bağlı müxtəlif şəkillər canlanırsa, o mətn publisistik yox, nəsr əsəridir. Publisistika daha çox quru informasiya ötürməkdirsə, nəsr şəkil yaratmaqdır. Rəşad Məcidin “10 sentyabr” hekayəsində demək olar ki, hər cümlədə şəkil var, bu hekayəni oxuyanda elə bil hekayə yox, film izləyirsən. Elə bir bədii film ki, onun ssenari müəllifi də, rejissoru da, operatoru, rəssamı, bəstəkarı da Rəşad Məcid özüdür. Bu hekayənin elə girişində hər cümlənin şəkil yaratdığına misal göstərmək olar. Məsələn, xəstəxanadan çıxıb maşına yaxınlaşan adamın şəkli, köhnə “Jiquli”nin şəkli, sovet zavodunun görüntüsü, maşında oturduğu halda əliylə üzərinə “taksi” yazılmış lövhəni maşının üstünə bərkidən adamın görüntüsü – bütün bu şəkillər hekayənin sonuna qədər davam edir. Cümlə-cümlə şəkillənmiş “10 sentyabr”ın hər abzasına ayrı-ayrılıqda münasibət bildirmək olar. İkinci abzasda qızını əməliyyat etdirmək istəyən atanın çırpınışlarını görürük. İmkansız və çarəsiz ata həkim axtarışındadır, ümidi ona nişan verilmiş hərbi həkimədir. Nəhayət, həkimlə razılaşır, amma yenə də pulu çatmır. Burada Rəşad Məcid bütün dövrlərdə həkim və xəstə münasibətlərini açıq şəkildə ortaya qoyub. Eyni zamanda cəmiyyətdə yaşayan aşağı təbəqəli insanların real vəziyyətini göz önünə gətirib. Qızının əməliyyat olunması üçün həkim tapma xəbərini arvadına muştuluq kimi çatdırmağı düşünən adam, həm də iş yeri dayanacaq olan adam obrazı Rəşad Məcidin nəsr ustalığı və Azərbaycan nəsrində obrazyaratma inqilabıdır. Çünki aylarla iş axtarıb tapmayan, ümidi öz maşınına qalan və işindən utanan adam obrazı elə canlı təsvir olunub ki, elə bil hekayə yox, real həyatdır. Tanrı da bəndəsini belə yaradıb. Elə hamımızın həyatı bir hekayə deyilmi?
Çoxumuz hansısa qorxulu yuxudan oyanıb yuxu olduğuna sevinmişik. Bəlkə hər birimiz bu dünyadan köçəndə yuxu kimi həyatdan da oyanacağıq? Bütün bu düşüncələri və oxucu düşündürmə gedişlərini Rəşad Məcid bir hekayədə verə bilib.
“10 sentyabr”da amerikalı olan gombul, balacaboy kişinin və xanımı – arıq, ortaboylu qadının əllərinin ərzaq paketləri ilə dolu olması, gombul amerikalının ağzının dayanmadan işləməsi və Azərbaycan mətbəxinin paxlavalarını az qala, diri-diri udması Rəşad Məcidin oxucuya çatdırdığı yumşaq və acı gerçəklərdir.
Burada, bizim ingilis dilinə can atdığımız halda, amerikalıların tikə-tikə danışdığı sözlər ana dilimizə hörmətsizlik kimi də qiymətləndirilə bilər, gecəqonduların yanından keçib hündür və təzə tikilmiş binaya getmələri isə müəllifin oxucuya çatdırmaq istədiyi başqa bir mesajdır. Bunun yanında obrazın ailəsi ilə birlikdə yaşadığı evin kiçikliyi təsvir olunur; atasının mal-heyvan satıb yeddi min manata aldığı iç-içə ikiotaqlı, hamam-tualetini də sonradan özü tikib.
Rəşad Məcidin bu hekayədə yaratdığı baş obraz real, canlı insandır. Onun arvadının vergili olmasından tutmuş, dostunun dini söhbətlərinə qədər, hər şeyə real və tərəddüdlü münasibəti canlı insanın hiss və duyğularından doğan reaksiyadır. Bir müəllifin böyüklüyü həm də oradadır ki, yaratdığı obrazlara can verə bilsin. Hekayənin həyat reallığı və özəlliyi çoxdur, Azərbaycan nəsrində bu qədər açıq və sadə dillə kimsə hekayə yazmayıb. Buna misal kimi onu göstərə bilərəm ki, hekayədə bir tərəfdə, yeməkdən imtina etmiş, günü-gündən arıqlayan, böyrəkləri sıradan çıxmış və əməliyyatına pul tapılmayan qız obrazı və onun çarəsiz atası, digər tərəfdə, bir insana həyat verəcək əməliyyat pulunun on yeddi mislinə it almaq istəyən amerikalı obrazı var. Ümumiyyətlə, “10 sentyabr” hər günün hekayəsidir, burada baş verən əksər hadisələri bütün dövrlərə aid etmək olar. Hər yazıçı və şairin haqq tərəfi olmalıdır. Yaradıcı insan haqq tərəfinə söykənməsə, yoluna davam edə bilməz. Çünki haqq insanın şəxsiyyətini və yaradıcılığını böyüdür. Rəşad Məcidin isə iki haqq tərəfi var – biri “haqq-ədalət” sözündəki haqq tərəf, digəri, tanrı, ilahi eşq, mütləq həqiqət olan haqq tərəfdir. Şeir və nəsr əsərlərində olduğu kimi, publisistik məqalələrində də Rəşad Məcidin haqq tərəfləri aydın görünür. Bu fikirlərə əsas olaraq oradan başlaya bilərik ki, özü birinci, adı “525-ci qəzet” olan mətbu orqana bir qərinədir rəhbərlik edən Rəşad Məcid yorulamadan, dayanmadan yazıb və yazdırıb. Bu qəzet üçün birincilik statusunu ona görə qeyd etdim ki, “Molla Nəsrəddin” və “Füyuzat”dan sonra uzunömürlü və davamiyyətli, ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələri dərc edən bir qəzetdir. Akademik İsa Həbibbəyli də qəzetin 25 illik yubileyi ərəfəsində qələmə aldığı “525-ci qəzet məktəbi” adlı yazısında belə qeyd edir:

 

“Azərbaycan mətbuatı tarixində böyük məktəb yaratmış məşhur “Molla Nəsrəddin” jirnalından və “Füyuzat” məcmuəsindən sonra “525-ci qəzet” də xüsusi jurnalistika məktəbi səviyyəsinə çata bilmişdir... Müstəqillik dövrü Azərbaycan mətbuatının “525-ci qəzet” mərhələsi mövcuddur. “525-ci qəzet”in 25 illiyi müstəqil mətbuatımızın keçdiyi məsuliyyətli yolun həm şərəfli salnaməsi, həm də etibarlı bələdçisidir. “525-ci qəzet”in – gündəlik hər sayı müasir jurnalistikanın dərsləridir”

 

Göründüyü kimi, “525-ci qəzet”in adına yazılmış hər bir uğurun arxasında Rəşad Məcid dayanır. Bu gün isə Rəşad Məcid Mətbuat Şurasının sədridir. Mətbuat Şurasının məqsədi də jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.

Müəllif kimi Rəşad Məcidin çatışmayan bir tərəfi vardır; heç vaxt əsərlərini, əsasən də şeirlərini təbliğ etməyib. Məni təəccübləndirən, hətta dəhşətə gətirən məsələ də budur ki, onun nəzm əsərləri arasında Azərbaycan poeziyasının zirvəsi sayılacaq misralar, bəndlər, şeirlər vardır, amma təbliğ edilmir, iki cüt bir tək şeir yazan bəzi adamlar isə ad almaq iddiasındadır. Bəlkə də Rəşad Məcid düz edir, şeirə yiyə durmur, şair adına yaxın gəlmir, çünki bu gün yerindən duran şeir yazır, daha doğrusu şeir yaza bilmir, şeiri gözdən salmaqla məşğul olur. Buna görə də elə biri mən, bəzən şairliyimdən utanıram. İnanıram ki, gələcəkdə bir senzura yaradılacaq, hər yoldan ötən adının qarşısına şair sözünü yapışdırmayacaq. Həqiqətdir ki, Rəşad Məcidin şeirləri xalq şairlərinin şeirlərindən geri qalmır, bəzən isə bir çoxunu üstələyir. Tək çatışmayan tərəf bu şeirlərin təbliğatıdır.

İlk dəfə Rəşad Məcidlə illər öncə, elə onun təşəbbüsüylə yaradılmış Gənc Ədiblər Məktəbində tanış olduq. İlk baxışdan sərt və ünsiyyətsiz insan təsiri bağışlasa da, sonradan kövrək qəlbli bir insan olduğunu və gənclərə isti, səmimi münasibətini gördük. Onu da qeyd edim ki, həmin il mən də “Prezident təqaüdçüsü” adına layiq görüldüm və sonradan bildim ki, mənim təqdimatımı məhz Rəşad Məcid verib. Təkcə mənim deyil, yüzlərlə gənc yazarın uğur qazanmasında, doğru yol seçməsində Rəşad Məcidin rolu vardır. Bu gün isə Rəşad Məcidin təşəbbüsü ilə yaradılmış həmin Gənc Ədiblər Məktəbinin əksər məzunları ölkə ədəbi mühitində, mədəniyyət sahəsində və mətbuatında söz sahibi olan insanlardır.

Bu yaxında Rəşad Məcidin 60 illik yubileyini qeyd edəcəyik. Hesabladım, 60 il 21900 gün edir. Yazının əvvəlində qeyd etmişdik, minlərlə qalaktikanın içində bizim qalaktikamız var, insan zəkasına sığa bilməyəcək qədər yaşı olan qalaktikamızda isə zərrə boyda Yer kürəsi və o topun üzərində gəzişən bizlər. Əgər kainat varlığı qarşısında bir göz qırpımı qədər ömrümüz varsa, niyə ömrümüzü dolu yaşamayaq? Bu mənada, Rəşad Məcid qalibdir. Çünki, ömrünün lap 6900 gününü uşaqlığa, yeniyetməliyə saysaq, 15000 gününü dəyərləndirə bilib. Bunu onun tərcümeyi-halına baxanda da görmək olur. Rəşad Məcid emosional, həssas və kövrək insandır. Məncə, onun 60 ilində bir dənə də düşmən yoxdur, sanki ömrünü ədəd oxunda daim müsbət sonsuzluğa doğru yaşayıb. Ani hirsdən doğan mənfi hisslərə qapılsa da, bu, müvəqqəti və keçici olubdur. İnsana aid olan kinli yanaşmaların və düşüncələrin yerini də Rəşad Məcid sevgi ilə, təbəssüm ilə doldurmağı bacarıb. Əgər anidən sənə acı söz desə, sən isə susub ona baxsan, üç dəqiqə sonra üzündə peşimanlıq cizgiləri görəcəksən. Yəni Rəşad Məcid bu qədər yumşaq, xəfif və kövrək ürəyə sahib olan, yaradıcılığında da, real həyatında da daim haqqa söykənən bir insandır. Həmişə belə qalın, Rəşad Məcid, qarşıdan gələn 21900-cü gününüz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Araz Asifin şeirlərini təqdim edir.

 

 

*

 

Qiyamət qopmur ki,

Olur.

Elə bil ki, kudeta[1] kimi bir şey...

Qopan sözcüklərdir sıcaq bir xəlvət sonrası...

Və onun dəmir barmaqları

Arxamda cızıq salır

Qalır əlimdəki nərmə-nazik sözcüklər.

Zəhrimarım olur illər hökuməti.

Bu anda demiş Muəmmər Qəddafi

Qəddar və sosial demokratdır hamı

Və sən sosialcasına öldürdün prezidenti

Və cəhənnəm olsun demokrat meydanındakı heykəl.

Kəl,

Kəl,

Kələm gül açdı nənəlik...

Oxuyur qızlar, sənin yanındakı Bakı qızlarını deyirəm

Və ötür ordan oğlan, nəfəsi Xəzərin, nəfəsi Xəzəri,

Zolağında əsən əsim ötür Baksavetdən Tarqoviyə qədər...

Ötən, balonlar boş olanda ucadan ötərlər,

Oğlan muğam,

Muğamın oğlan çağı.

Ay yar-yar deyə

Neynək, neynək a dərdin aldığım, a dərdin aldığım

Öldü şeir yanından ötənlər.

Boy-buxunlu təpik döymələr dirildi.

Qiyamət olmur ki?

Qopdu kudetada başımdakı kəpənək...

Kək...

K...

Ək...

Məni sosialistliyinə ək

Və biç yan tərəfindəki baharı.

Dəniz sənin vaxtında tufanlı olur,

Vaxt versənə xanım xatın?!

Evimiz boşdu bu gün,

Qiyamət meydanına çevirə bilərik otaqlarımızı

Kimsə bilmədən belə,

Vaxt sənin yanında qiyamət olur...

 

 “Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 



 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).

Gəlin bunlara diqqət yetirək:

8.Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.

 

Bu isə öncəki gün paylaşdığımdır:

1.

Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

2.

Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.

3.

Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

4.

Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.

5.

Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

6.

İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli,  klassik ədəbiyyatı oxumalısınız.

7.

İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.

 

Sabah davamı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

 

Thursday, 20 June 2024 12:36

Əlisəmid Kürün ağ-qara fotosu

Ülviyyə Heydərova, “Ədəbiyyat və incəsənət” üçün

 

Şair Əlisəmid Kür. Bu gün şəhərdə təsadüfən görüşdük, fotosunu çəkdim.

Sözünü sevən, qədrini bilən adam, Var olun! 

Şairin "Kentavr" şeirini diqqətinizə çatdırıram: 

 

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.

Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…

Bir də qulaqlarıma at kişnərtisi gəldi…

 

Dərdin arxasınca dördnala çapan

Bədəni at, başı adam,

Bu yarıat, yarıadam

Qaçmağa hallı adam

hara gedir, Yaradan?!

 

Sözünün dalında dağ kimi durub,

Hər gün bir sevdayla döyüşə gedir.

Dalına atdığı şələyə baxmır.

Xəndəyə yıxılmır, tələyə baxmır,

Özüylə söyüşə-söyüşə gedir.

 

At kimi yeriyir qəmin üstünə

Çapır, dördnala çapır,

Hara gedir qəm gətirir

Bir gün çörək tapır,

bir gün də tapmır…

 

«Mersedes» gözəllər keçir yanından

Vaxtı yox onlara gözucu baxa.

Faytona qoşulmuş ata boylanır,

Bu yarıat, yarıadama

ana boylanır

ata boylanır.

 

Kentavr şəhərdən baş aça bilmir.

Dəyənək qorxusu çıxmır canından.

Bu köçkün kentavr,

qaçqın kentavr

Polisin əlindən qaça da bilmir.

 

Bu qovur, o qovur,

Göydə Allah qovur, yerdə bəndəsi

Kəpənək yuxusu qaçıb gözündən

Hələ kütə gedir onun kündəsi.

– Hara gedirsən, KENTAVR?

– Kimdən qaçrsan, KENTAVR?

Başın bədənindən ayrı,

Bədənin başından ayrı,

Özün-özündən qaçırsan,

Gedirsən qəmin üstünə

söyüşə-söyüşə,

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar – döyüşə!

 

P.S. Yəqin bu şeiri oxuduqdan sonra şairin fotosunu nə səbəbə ağ-qara çəkdiyimin fərqinə vara bildiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.