“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə 60 yaşını qeyd etməyə hazırlaşan tanınmış şair, publisist, ictimai xadim Rəşad Məcid barədə Elşad Baratın portret yazısı təqdim edilir.
Kainatda minlərlə qalaktika var, bizim qalaktikada Yer kürəsi ətraf aləmlə müqayisədə zərrə boydadır. Bu zərrənin içində milyardlarla insan, on milyardlarla müxtəlif canlı yaşayır. Canlılar aləmində şüuru olan tək varlıq isə insandır. Bu göz qırpımı qədər az müddəti, yəni iyirmi bir əsri yaşayan insan daşla hansısa heyvanı öldürüb çiy-çiy yeməkdən ən müasir texnoloji münasibətlərə qədər inkişaf etdi. Əgər keçən əsrin əvvəllərində hava xətti ilə dünyanın o başında yaşayan bir tanış və ya qohumla danışa biləcəyimizi kimsə bizə desəydi, o adamı dəli hesab edərdik. Amma bu gün biz bu əlaqəni, hətta görüntülü də edə bilirik. Deməyim o ki, yer və zaman baxımından zərrə və göz qırpımı olan məkan və müddətdə insan oğlu obaçılıqdan, tayfaçılıqdan çıxıb dövlətləşməyə qədər böyüdü. Bu gün isə həmin zərrə Yer kürəsinin üzərində yüzlərlə millət, 200-dən artıq dövlət vardır. Bu dövlətlərin tərkibində yaşayan xalq və millətlərin öz tarixi, öz mədəniyyəti formalaşıb. Azərbaycan dövlətinin ərazisində yaşayan insanların da qədim tarixi kökləri, mədəniyyəti, ədəbiyyatı, inkişaf etmiş və milli dəyər sayılacaq bir çox tərəfləri vardır. Bir zamanlar tayfalaşmağı, yəni parçalanmağı hədəf alan insanlar bu gün dünyəviləşməyi, bütövləşməyi seçir. Çünki xalqların icad, ixtira və istehsal güclərini birləşdirməsi inkişaf hesab olunur. Cəmiyyətlərin, xalqların və millətlərin bir-biri ilə ünsiyyət qurmasında dil əsas faktor sayılır. Bir xalqın dilini formalaşdıran, inkişaf etdirən isə həmin xalqın yaratdığı ədəbiyyatdır. Ədəbiyyat təkcə dilin inkişafını və ya toplumların ünsiyyətini deyil, həm də xalqların tarix qarşısında böyüklüyünü, mədəniyyətini göstərən, tarixi şəxsiyyətləri ilə daim inkişaf etdirən söz tərəfidir. Hər bir xalqın tarixinə nəzər salsaq, görərik ki, onu xalq olaraq dünyaya tanıdan elm və söz adamlarıdır. O söz ki, onu ana dilində İzzəddin Həsənoğludan bəri yaşadan neçə-neçə tarixi şəxsiyyətlərimiz vardır. Dastanları, şifahi xalq ədəbiyyatını yaradanlar da bu xalqın ziyalılarıdır. Dədəm Qorquddan Nizami Gəncəviyə, nənəm Məhsətidən Qazi Bürhanəddinə, Məhəmməd Füzulidən Molla Pənah Vaqifə qədər yüzlərlə söz sahibinin adını çəkə bilərik. Sovetin qılıncının kəsərli vaxtlarında yaşayıb-yaratmış İsmayıl Şıxlı, Mir Cəlal, Rəsul Rza, Mikayıl Müşfiq kimi söz adamları da bu xalqın nümayəndələridir. Bu gün isə ana dilində sözün məsuliyyətini öz çiyinlərində daşıyan Anar, Elçin, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Nəriman Həsənzadə, Ramiz Rövşən, Kamal Abdulla, Rəşad Məcid kimi şair və yazıçılarımızın adını çəkə bilərik.
Poeziya insanın daxili dünyasında özü ilə söhbətindən, hiss və duyğularının müəyyən ritmlə sözə çevrilməsindən yaranır. Hansısa dünya şöhrətli ixtiraçı alim iki bənd şeir yazmağa cəhd edib bacarmaya bilər. Amma şair olan kəs təbiətlə, insanlarla, ətraf aləmlə elə bir dalğavari təmas xəttindədir ki, onu təsirləndirən hər bir detalı poeziyaya gətirmək gücündədir. Azərbaycan poeziyasında özünü yazan, sözünü şeir dili ilə deyərkən, hisslərinin azadlığına söykənən, misralarının arasında düşüncələrinin təmizliyini gördüyümüz Rəşad Məcid öz imzası ilə artıq ədəbi tarixin silinməz yaddaşına hopub. Rəşad Məcidin gənc vaxtlarında, 1993-cü ildə çapdan çıxmış “Hələ ki vaxt var” adlı şeirlər kitabında elə şeirlər yer alıb ki, o şeirləri oxuyanda şairin təbiət dilində danışdığını, kainat hikmətində düşündüyünü aydın görmək olur:
Bu dağlarda ay işığı –
Çəməni bürüyən şehdir, Bir ahıl saçında zehdir. Bu dağlar ay işığında Nəsildən-nəsilə saflıq aparan Yelkənli gəmidir. Bu dağlar ay işığında Üz-gözü südə bulaşmış Körpə kimidir.
Bir ahıl saçında zehi görmək də, şehli çəmən üzərində ay işığının parıltısını görmək də və bunu şeirə gətirmək də yalnız şairə məxsusdur. İnsanın qənşərində dağlar və onun da arxasından ay işığı düşəndə müxtəlif kölgələr yaranır. Burada Rəşad Məcid kölgələri yelkənli gəmiyə bənzədir. Dağlar isə vətən torpağının zirvələridir. Çox incə məqam odur ki, gəmidəki yelkən dağların başındakı bayraq mənasını verə bilir. Həmişə var olan ay işığının şahidliyində döşü bayraqlı dağların nəsildən-nəsilə saflıq, mərdlik, bütövlük daşıyan və miras olduğunu deyən Rəşad Məcid çox ustalıqla onu da qeyd edir ki, ay işığında yamacı ağaran dağlar üzü südə bulanmış körpə kimidir. Göründüyü kimi, şair burada vətən torpağının müqəddəsliyini körpə saflığına bağlayır. Rəşad Məcid bu şeiri yazanda mənim təhlilimdə olan hansısa detail, bəlkə də düşünmədən yazıb, amma şeir düşüncədən, hiss və duyğulardan gəldiyi üçün, şair özü də fərqinə varmadan ortaya öz daxili dünyası boyda əsər qoyur. Elə əsərin böyüklüyü də oradadır ki, onu oxuyub düşünmək məcburiyyətində qalaq, onu oxuyub neçə yerə yozaq, təhlil edək. Böyük Füzulinin elə beyti var ki, əlli cür təhlili vardır. Rəşad Məcidin də poetik yanaşmasının və şair düşüncəsinin böyüklüyü onun şeirlərini oxuyanda oxucu gözünün önündə və təfəkküründə müxtəlif şəkillərin canlanmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, reallıq və hikmət Rəşad Məcid poeziyasının ana xəttidir. Şeirlərində konkret həyatın özündən danışan şair hikmət dolu məsləhətlərini də oxucusundan əsirgəmir. Misal üçün:
İçəridən əyildinsə, Ha dik dayan, ha düz yeri. Görək, necə keçəcəksən Ömründəki qəliz yeri? Dərd gələcək qucaq-qucaq, Yandıracaq ocaq-ocaq. Yaddaşında sızlayacaq Ağrılardan min iz yeri.
Bu şeirdə Rəşad Məcid, sanki öz getdiyi yolu getmək istəyən oxucuya məsləhətini verir, həm də daxili rahatlıqla, əminliklə fikrini çatdırmağı bacarır. Bildirir ki, həyat imtahandır, onsuz da ömrünün qəliz yerində iç üzün ortaya çıxacaq, yəni içdən əyilmisənsə, dik-dik yeriməklə yaşamaq olmur, qucaq-qucaq dərd gələcək və od kimi, ocaq kimi yandıracaq, həmin ocaqların izi isə xatirələr formasında ağrılara, acılara dönəcək, buna görə də içini yaşa, ruhunun və qəlbinin tələbatını ödə. Digər tərəfdən, bu iki bəndin alt qatında, fəlsəfi məqamında xeyirlə şərin varlığından məlumat verən, həyatın xeyir və şərin mübarizəsi üzərində qurulduğunu deyən detallar vardır. Məsələn, içində şeytana, çölündə tanrıya səcdə edən adam hələ xeyir və şər arasında öz tərəfini seçməyibdir. Mənə görə nəsr əsərləri daha çox düşüncələrin, nəzm əsərləri isə daha çox hiss və duyğuların məhsuludur. Rəşad Məcidin hiss və duyğularından doğulub düşüncələrinə söykənən bütün şeirləri real həyatın poetik dildə ifadəsidir. Elə müəllif kimi qələmini həmişə real həyatın mürəkkəbinə batırdığı üçün onun əsərlərində xeyirlə şərin, tanrıyla şeytanın, yaxşıyla pisin mübarizəsi qırmızı xətt kimi keçir. Bu yerdə şairin “Mələyim və iblisim” adlı şeirini misal çəkmək yerinə düşər:
Hamıdan çətinsən, hamıdan asan, Əzabın məşəqqət, sevincin dərman. Gah həyat verirsən, gah qətlə fərman, Əzizim, ən yaxşım, ən pisim mənim.
Təkcə bu bənd haqqında saatlarla danışmaq və yazmaq, düşünmək və susmaq olar. İstər riyazi dəqiqliklə, istər məntiqi düşüncə ilə, istərsə də, fəlsəfi yanaşmayla bu misraların üzərinə getsək, qarşımıza kainatın sirr boğçaları çıxar. Öncə riyazi dildə onu deyək ki, ədəd oxunda bütün rəqəmlər mənfi sonsuzluqla müsbət sonsuzluq arasında yerləşir. Həyat isə xeyirlə şərin arasındadır. Deməli, bütün olmuşlar, olanlar və olacaqlar ən yaxşı ilə ən pisin arasında baş verir. Bu bənddə Rəşad Məcid, sanki həyatın ciyərini çıxarıb oxucuya təqdim edir ki, bax, həyatın iç üzü budur, çətinlə asan, sevinclə əzab, yaşamla ölüm – hamısı ən yaxşı və ən pis dediyimiz həyat nöqtələri arasındakı intervalın üzərində yaşanır. Sanki müəllif burada oxucuya seçimetmə şansı verir ki, özün seç – yaxşı, yoxsa, pis, mənfi, yoxsa, müsbət, azadlıq, yoxsa, məhbəs? Elə şeirin ikinci bəndində də ruh azadlığından, yol seçimindən söz açır:
Gah geniş çəmənsən, gah qara zindan, Gah qatil olursan, gah da ki qurban. Gah göydə yaşadan, gah yerə çırpan, Ruhum, azadlığım, məhbəsim mənim.
Burada Rəşad Məcid ən yaxşı ilə ən pisin, mənfi və müsbət sonsuzluqların, elə hər şeyin insandan başladığını, insanın öz içində baş verdiyini vurğulayır. Bildirir ki, təbiətin lütfü olan geniş çəmənlə insan oğlunun tikdiyi qara zindan arasında özün seçim etməlisən, amma unutmamalısan ki, qatil də insandır, qurban da, göyə qaldıran da insandır, yerə çırpan da, buna görə də cismin çəməndə, ruhun zindandadırsa, azadlıqla məhbəs arasındasan deməkdir, elə həyatın özü də budur. Xeyirə, yoxsa, şərə tərəf getmək isə insanın öz seçimidir. Şeirin üçüncü bəndində isə şair belə deyir:
Gördüm gecəsini, gündüzünü də, Yaxşının, yamanın hər üzünü də. Axır bircə dəfə gəl, düzünü de, Allahım, mələyim, iblisim mənim.
Hər kəs ətraf aləmi düşündüyü və dərk etdiyi qədərdir. Kimisi bu şeirə sevgi şeiri deyə bilər, kimisi də fəlsəfi, mən isə bu şeirə həyat şeir deyirəm. Çünki bu üç bənddə həyatın hər üzü var. Hələ insan təfəkkürü mütləq həqiqətin nə olduğunu dərk edə bilmir. Buna görə də mənim üçün mütləq həqiqət yalnız tanrıdır. Bu şeirdə də Rəşad Məcid üzünü mütləq həqiqətə tutur və bütün insanlar adından deyir ki, mən sənin gecəni, gündüzünü, yəni günəşini və zülmətini görmüşəm, yaxşının və yamanın hər üzünü yaşamışam, ən doğrusunu sən bilirsən, insan oğlu yanlış yola düşərsə, bircə dəfə gəl və düzünü de. Göründüyü kimi, Rəşad Məcid şair kimi özü ilə başladığı dialoqu tanrıya qədər davam etdirməyi bacarır, poetik dilini və məntiqini hədəfindən ayırmadan yoluna davam edə bilir. Hər şairin ya poetik hədəfi, ya da poetik xitabı vardır. İkisi də ola bilər. Məsələn, böyük şairimiz Ramiz Rövşənin poetik xitabı “Allah” sözüdür, şeirlərində həmişə Allaha müraiət edir, Füzuli və Nəsiminin yaradıcılığında poetik hədəf ilahi eşq, poetik xitabı isə yar, can və canandır. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında hər bir şairin poetik hədəfini aydın-açıq görmək olur. Rəşad Məcidin poetik hədəfi isə haqqdır, o haqq ki, xeyir və şər arasında qalib tərəfdir.
Yuxarıda qeyd etdiyim ki, şeir şairin daha çox hiss və duyğularının, nəsr isə düşüncələrinin məhsuludur. İnsanın ruh halını nəzərə alsaq, düşüncələr hisslərdən, hisslər isə düşüncələrdən formalaşa bilir. Rəşad Məcid yaradıcılığında daha çox hiss və duyğularına arxalanır. Onun “10 sentyabr” hekayəsində də oxucuya ötürülmüş böyük mesajlar hiss və duyğulu cümlələrlə verilir. Bu hekayə müasir Azərbaycan nəsrində ən yaxşı hekayələrdəndir. Bir mətndə sadə dil və sadə hadisələr içində qlobal mesajlarını verə bilirsənsə, artıq qalib müəllifsən. Rəşad Məcid yaradıcılığında nəsrə az müraciət etsə də, təkcə “10 sentyabr” bəs edir ki, onun bədii mətn dilini, yazıçı ustalığını görək. Bir yazıçının böyüklüyü onun yazdığı əsərlərin sayında yox, mətninin içindədir. Kimsə iki yüz roman yazıb yazıçı olmaya bilər, amma iki hekayə ilə tarixdə yazıçı kimi yaşayan müəlliflər vardır. Müəllifin içindən süzülüb gələn mətn öz müəllifini içində yaşadır. Rəşad Məcidin də yazıçı kimliyi “10 sentyabr”da gizlənib. Yazıçı ustalığı ilə yazılmış hansısa bir əsərin ən böyük gücü şəkillənmədədir. Yəni oxucu mətni oxuyanda gözünün önündə mətndə baş verən hadisələrlə bağlı müxtəlif şəkillər canlanırsa, o mətn publisistik yox, nəsr əsəridir. Publisistika daha çox quru informasiya ötürməkdirsə, nəsr şəkil yaratmaqdır. Rəşad Məcidin “10 sentyabr” hekayəsində demək olar ki, hər cümlədə şəkil var, bu hekayəni oxuyanda elə bil hekayə yox, film izləyirsən. Elə bir bədii film ki, onun ssenari müəllifi də, rejissoru da, operatoru, rəssamı, bəstəkarı da Rəşad Məcid özüdür. Bu hekayənin elə girişində hər cümlənin şəkil yaratdığına misal göstərmək olar. Məsələn, xəstəxanadan çıxıb maşına yaxınlaşan adamın şəkli, köhnə “Jiquli”nin şəkli, sovet zavodunun görüntüsü, maşında oturduğu halda əliylə üzərinə “taksi” yazılmış lövhəni maşının üstünə bərkidən adamın görüntüsü – bütün bu şəkillər hekayənin sonuna qədər davam edir. Cümlə-cümlə şəkillənmiş “10 sentyabr”ın hər abzasına ayrı-ayrılıqda münasibət bildirmək olar. İkinci abzasda qızını əməliyyat etdirmək istəyən atanın çırpınışlarını görürük. İmkansız və çarəsiz ata həkim axtarışındadır, ümidi ona nişan verilmiş hərbi həkimədir. Nəhayət, həkimlə razılaşır, amma yenə də pulu çatmır. Burada Rəşad Məcid bütün dövrlərdə həkim və xəstə münasibətlərini açıq şəkildə ortaya qoyub. Eyni zamanda cəmiyyətdə yaşayan aşağı təbəqəli insanların real vəziyyətini göz önünə gətirib. Qızının əməliyyat olunması üçün həkim tapma xəbərini arvadına muştuluq kimi çatdırmağı düşünən adam, həm də iş yeri dayanacaq olan adam obrazı Rəşad Məcidin nəsr ustalığı və Azərbaycan nəsrində obrazyaratma inqilabıdır. Çünki aylarla iş axtarıb tapmayan, ümidi öz maşınına qalan və işindən utanan adam obrazı elə canlı təsvir olunub ki, elə bil hekayə yox, real həyatdır. Tanrı da bəndəsini belə yaradıb. Elə hamımızın həyatı bir hekayə deyilmi? Çoxumuz hansısa qorxulu yuxudan oyanıb yuxu olduğuna sevinmişik. Bəlkə hər birimiz bu dünyadan köçəndə yuxu kimi həyatdan da oyanacağıq? Bütün bu düşüncələri və oxucu düşündürmə gedişlərini Rəşad Məcid bir hekayədə verə bilib. “10 sentyabr”da amerikalı olan gombul, balacaboy kişinin və xanımı – arıq, ortaboylu qadının əllərinin ərzaq paketləri ilə dolu olması, gombul amerikalının ağzının dayanmadan işləməsi və Azərbaycan mətbəxinin paxlavalarını az qala, diri-diri udması Rəşad Məcidin oxucuya çatdırdığı yumşaq və acı gerçəklərdir. Burada, bizim ingilis dilinə can atdığımız halda, amerikalıların tikə-tikə danışdığı sözlər ana dilimizə hörmətsizlik kimi də qiymətləndirilə bilər, gecəqonduların yanından keçib hündür və təzə tikilmiş binaya getmələri isə müəllifin oxucuya çatdırmaq istədiyi başqa bir mesajdır. Bunun yanında obrazın ailəsi ilə birlikdə yaşadığı evin kiçikliyi təsvir olunur; atasının mal-heyvan satıb yeddi min manata aldığı iç-içə ikiotaqlı, hamam-tualetini də sonradan özü tikib. Rəşad Məcidin bu hekayədə yaratdığı baş obraz real, canlı insandır. Onun arvadının vergili olmasından tutmuş, dostunun dini söhbətlərinə qədər, hər şeyə real və tərəddüdlü münasibəti canlı insanın hiss və duyğularından doğan reaksiyadır. Bir müəllifin böyüklüyü həm də oradadır ki, yaratdığı obrazlara can verə bilsin. Hekayənin həyat reallığı və özəlliyi çoxdur, Azərbaycan nəsrində bu qədər açıq və sadə dillə kimsə hekayə yazmayıb. Buna misal kimi onu göstərə bilərəm ki, hekayədə bir tərəfdə, yeməkdən imtina etmiş, günü-gündən arıqlayan, böyrəkləri sıradan çıxmış və əməliyyatına pul tapılmayan qız obrazı və onun çarəsiz atası, digər tərəfdə, bir insana həyat verəcək əməliyyat pulunun on yeddi mislinə it almaq istəyən amerikalı obrazı var. Ümumiyyətlə, “10 sentyabr” hər günün hekayəsidir, burada baş verən əksər hadisələri bütün dövrlərə aid etmək olar. Hər yazıçı və şairin haqq tərəfi olmalıdır. Yaradıcı insan haqq tərəfinə söykənməsə, yoluna davam edə bilməz. Çünki haqq insanın şəxsiyyətini və yaradıcılığını böyüdür. Rəşad Məcidin isə iki haqq tərəfi var – biri “haqq-ədalət” sözündəki haqq tərəf, digəri, tanrı, ilahi eşq, mütləq həqiqət olan haqq tərəfdir. Şeir və nəsr əsərlərində olduğu kimi, publisistik məqalələrində də Rəşad Məcidin haqq tərəfləri aydın görünür. Bu fikirlərə əsas olaraq oradan başlaya bilərik ki, özü birinci, adı “525-ci qəzet” olan mətbu orqana bir qərinədir rəhbərlik edən Rəşad Məcid yorulamadan, dayanmadan yazıb və yazdırıb. Bu qəzet üçün birincilik statusunu ona görə qeyd etdim ki, “Molla Nəsrəddin” və “Füyuzat”dan sonra uzunömürlü və davamiyyətli, ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələri dərc edən bir qəzetdir. Akademik İsa Həbibbəyli də qəzetin 25 illik yubileyi ərəfəsində qələmə aldığı “525-ci qəzet məktəbi” adlı yazısında belə qeyd edir:
“Azərbaycan mətbuatı tarixində böyük məktəb yaratmış məşhur “Molla Nəsrəddin” jirnalından və “Füyuzat” məcmuəsindən sonra “525-ci qəzet” də xüsusi jurnalistika məktəbi səviyyəsinə çata bilmişdir... Müstəqillik dövrü Azərbaycan mətbuatının “525-ci qəzet” mərhələsi mövcuddur. “525-ci qəzet”in 25 illiyi müstəqil mətbuatımızın keçdiyi məsuliyyətli yolun həm şərəfli salnaməsi, həm də etibarlı bələdçisidir. “525-ci qəzet”in – gündəlik hər sayı müasir jurnalistikanın dərsləridir”
Göründüyü kimi, “525-ci qəzet”in adına yazılmış hər bir uğurun arxasında Rəşad Məcid dayanır. Bu gün isə Rəşad Məcid Mətbuat Şurasının sədridir. Mətbuat Şurasının məqsədi də jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.
Müəllif kimi Rəşad Məcidin çatışmayan bir tərəfi vardır; heç vaxt əsərlərini, əsasən də şeirlərini təbliğ etməyib. Məni təəccübləndirən, hətta dəhşətə gətirən məsələ də budur ki, onun nəzm əsərləri arasında Azərbaycan poeziyasının zirvəsi sayılacaq misralar, bəndlər, şeirlər vardır, amma təbliğ edilmir, iki cüt bir tək şeir yazan bəzi adamlar isə ad almaq iddiasındadır. Bəlkə də Rəşad Məcid düz edir, şeirə yiyə durmur, şair adına yaxın gəlmir, çünki bu gün yerindən duran şeir yazır, daha doğrusu şeir yaza bilmir, şeiri gözdən salmaqla məşğul olur. Buna görə də elə biri mən, bəzən şairliyimdən utanıram. İnanıram ki, gələcəkdə bir senzura yaradılacaq, hər yoldan ötən adının qarşısına şair sözünü yapışdırmayacaq. Həqiqətdir ki, Rəşad Məcidin şeirləri xalq şairlərinin şeirlərindən geri qalmır, bəzən isə bir çoxunu üstələyir. Tək çatışmayan tərəf bu şeirlərin təbliğatıdır.
İlk dəfə Rəşad Məcidlə illər öncə, elə onun təşəbbüsüylə yaradılmış Gənc Ədiblər Məktəbində tanış olduq. İlk baxışdan sərt və ünsiyyətsiz insan təsiri bağışlasa da, sonradan kövrək qəlbli bir insan olduğunu və gənclərə isti, səmimi münasibətini gördük. Onu da qeyd edim ki, həmin il mən də “Prezident təqaüdçüsü” adına layiq görüldüm və sonradan bildim ki, mənim təqdimatımı məhz Rəşad Məcid verib. Təkcə mənim deyil, yüzlərlə gənc yazarın uğur qazanmasında, doğru yol seçməsində Rəşad Məcidin rolu vardır. Bu gün isə Rəşad Məcidin təşəbbüsü ilə yaradılmış həmin Gənc Ədiblər Məktəbinin əksər məzunları ölkə ədəbi mühitində, mədəniyyət sahəsində və mətbuatında söz sahibi olan insanlardır.
Bu yaxında Rəşad Məcidin 60 illik yubileyini qeyd edəcəyik. Hesabladım, 60 il 21900 gün edir. Yazının əvvəlində qeyd etmişdik, minlərlə qalaktikanın içində bizim qalaktikamız var, insan zəkasına sığa bilməyəcək qədər yaşı olan qalaktikamızda isə zərrə boyda Yer kürəsi və o topun üzərində gəzişən bizlər. Əgər kainat varlığı qarşısında bir göz qırpımı qədər ömrümüz varsa, niyə ömrümüzü dolu yaşamayaq? Bu mənada, Rəşad Məcid qalibdir. Çünki, ömrünün lap 6900 gününü uşaqlığa, yeniyetməliyə saysaq, 15000 gününü dəyərləndirə bilib. Bunu onun tərcümeyi-halına baxanda da görmək olur. Rəşad Məcid emosional, həssas və kövrək insandır. Məncə, onun 60 ilində bir dənə də düşmən yoxdur, sanki ömrünü ədəd oxunda daim müsbət sonsuzluğa doğru yaşayıb. Ani hirsdən doğan mənfi hisslərə qapılsa da, bu, müvəqqəti və keçici olubdur. İnsana aid olan kinli yanaşmaların və düşüncələrin yerini də Rəşad Məcid sevgi ilə, təbəssüm ilə doldurmağı bacarıb. Əgər anidən sənə acı söz desə, sən isə susub ona baxsan, üç dəqiqə sonra üzündə peşimanlıq cizgiləri görəcəksən. Yəni Rəşad Məcid bu qədər yumşaq, xəfif və kövrək ürəyə sahib olan, yaradıcılığında da, real həyatında da daim haqqa söykənən bir insandır. Həmişə belə qalın, Rəşad Məcid, qarşıdan gələn 21900-cü gününüz mübarək!
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)