Super User
Praqada Böyük Azərbaycanlı anılıb
Praqada Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəesindən verilən məlumata görə, tədbirdə mədəniyyət nümayəndələri və Azərbaycan diasporunun fəalları görkəmli siyasi xadimin həyat və fəaliyyətindən, Azərbaycan üçün xidmətlərindən söz açıblar.
Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair və dramaturq Leyla Cəfərova (Begim) Ulu Öndər haqqında danışarkən “Ümummilli Lider Heydər Əliyev yalnız müasir Azərbaycan dövlətinin siyasi lideri və memarı kimi deyil, həm də mədəniyyətimizin qoruyucusu kimi tarixə düşüb”, - deyə vurğulayıb.
Qlobal miqyaslı siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev haqqında dünya liderlərinin və mədəniyyət xadimlərinin çıxışlarını əks etdirən video çarx nümayiş olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Elegiya”sı səsləndirilib.
Qeyd edək ki, Praqa şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cari ildə açılıb və aktiv fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
CƏLİL XƏLİLOV: DTX cinayətlərin qarşısını planlaşdırma mərhələsində almaqla yüksək peşəkarlıq sərgiləyir
Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Məlum olub ki, cinayət qruplaşmasının üzvləri mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb.
Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin ekstremist qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində atdığı bu addımı yüksək qiymətləndirib:
“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşmanın ifşası dövlətçiliyimizin, onun əsaslarının müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından son dərəcə mühm əhəmiyyətə malikdir. Bu əməliyyat hər şeydən öncə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığından, hədsiz çevikliyindən xəbər verir.
Qruplaşmanın cinayət əməlinin qarşısının planlaşdırma mərhələsində alınması da Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir. Qeyd edək ki, bütün dünyada çox az sayda xüsusi xidmət orqanları var ki, onlar planlaşdırılan cinayətlərin qarşısını elə planlaşdırma mərhələsində ala, təhlkəni elə ilkin mərhələdə ortadan qaldıra bilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu cür peşəkar xüsusi xidmət orqanlarından biridir.
Mən bu uğuruna görə Dövlət Təhlükəsizliyi Xidmətini təbrik edir, ona bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Eyni zamanda, bütün vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlarda şübhə doğuran istənilən məsələ ilə bağlı güc orqanlarımızı dərhal məlumatlandırmağa səsləyirəm.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zərərsizləşdirilən ekstremist qruplaşma ilə bağlı baş verənlər bir daha göstərdi ki, bu gün də dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını pozmağa, ölkədə xaos, qarışıqlıq yaratmağa çalışan qüvvələr var. Doğrudur, onların bu cəhdlərinin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti və digər güc orqanalrı tərəfindən qətiyyətlə alınır, lakin bu məsələdə hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına informasiya dəstəyi verməsi, dövlət qurumları ilə sıx əməkdaşlıq həyata keçirməsi zəruridir. Yalnız bu halda biz bütün təhlükələrdən sığortalana bilərik”.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Sabirabadda 10 ildə ASANlaşan 2 milyon müraciət
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 15 dekabr 2014-cü il tarixində keçirilib.
Mərkəz Sabirabad şəhərinin Heydər Əliyev prospekti, 128 ünvanında yerləşir.
Sabirabad regional “ASAN xidmət” mərkəzi Sabirabad rayonu ilə bərabər Neftçala, Biləsuvar, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Fəaliyyət göstərdiyi müddət ərzində Sabirabad “ASAN xidmət” mərkəzində 2 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Ay ərzində mərkəzdə 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 2000-ə yaxın könüllü məzun olub.
Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 min nəfərə yaxın vətəndaş qəbul edilir.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Hyustonda azərbaycanlı dirijorun müşaiyəti ilə “Şelkunçik” baleti səhnələşdirilib
ABŞ-nin Texas ştatının Hyuston şəhərində dahi rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baleti azərbaycanlı dirijor Təranə Teylorun rəhbərlik etdiyi yeni Hyuston Repertuar Balet Orkestrinin müşayiəti ilə növbəti dəfə səhnələşdirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Konitəsindən məlumat verilib.
Təranə Teylorun dirijorluğu ilə “Şelkunçik” baletinin ilk təqdimatı 2023-cü ildə nümayiş olunub və Texas ictimaiyyəti tərəfindən rəğbət görüb.
Builki baletdə əsas rolları Amerika Balet Teatrının tanınmış solistləri Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander (Jake Roxander) ifa edib. Sonda Hyuston Repertuar Balet Orkestrinin üzvləri və orkestrin rəhbəri Təranə Teylorun çıxışını tamaşaçılar sürəkli, gurultulu alqışlarla qarşılayıb.
Qeyd edək ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu olan Təranə Teylor solo, vokal, instrumental, kamera, orkestr, teatr və balet musiqisində böyük təcrübəyə malik pianoçudur. O, rəhbərlik etdiyi orkestri yaradana qədər 7 il ərzində Hyuston Repertuar Balet Orkestrində pianoçu kimi fəaliyyət göstərib. Orkestrin üzvləri ABŞ-nin və dünyanın müxtəlif ölkələrinin səhnələrində çıxış edən tanınmış musiqiçilərdir. Soydaşımız Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas Musiqi klubunun 15 tələbəsi ABŞ üzrə keçirilmiş “All State Music Festival” festivalında iştirak edib, yüksək nəticələr göstərərək mükafatlar alıb.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Badımcan dolması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Badımcan dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ət – 117 qr
§ Badımcan – 140 qr
§ Pomidor – 50 qr
§ Soğan – 20 qr
§ Müxəşşər – 55 qr
§ Şüyüd – 8 qr
§ Keşniş – 8 qr
§ Nanə – 8 qr
§ Mərzə – 8 qr
§ Reyhan – 8 qr
§ Sarıkök – 0,1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Ət xırda tikələr şəklində doğranır və ya ət taxtasında döyülür. Soğan doğranır, ətlə birlikdə qızardılır. Qabığı soyulub doğranmış pomidor, müxəşşər, xırda doğranmış göyərtilər: şüyüd, keşniş, nanə, mərzə, rey- han, duz, istiot, sarıkök əlavə olunur.
Badımcanlar yuyulur, yuxarı his- səsi kəsilir, eninə yarım sm kəsilir. Qaynar suya əlavə olunur, pörtlədilir, sonra suyunun süzülməsi üçün aşsüzənə yığılır.
Badımcanlar yağda bir az qızardılır. Müəyyən miqdar isti işgənə əlavə olunur və bişməyə qoyulur.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
BİR SUAL, BİR CAVAB Rəşad Məcid ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
(Rəşad Məcid)
Xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşanın- Azərbaycanın qədim şəhərinin işğaldan azad edildiyi o möhtəşəm və unudulmaz günü necə xatırlayırsınız?
CAVAB
Şuşa haqqında bu şeirim 2021- ci ilin may ayının 12- dən 13- nə keçən gecə Şuşada yazılıb. Az sonra isə Əməkdar artist Xumar xanım Qədimova bu şeirə çox möhtəşəm marş kimi bir musiqi bəstələdi. Şuşanın alınmasına həsr olunmuş heyrətamiz əsər nümunəsi oldu. 2021- cil mayın 12- də təxminən 29 illik fasilədən sonra "Xarıbülbül" musiqi festivalı zamanı Azərbaycanın incəsənət xadimləri ilə, Xalq yazıçısı Anar bəylə Şuşada, Cıdır düzündə olduq. Əyilib Cıdır düzünün daşlarını öpüb Fərhah Bədəlbəyli kimi: " Bizi bağışla, Şuşa"- söylədim. Oradan qayıdandan sonra həmin təəssüratlardan " Şuşa gör nələr eylər!" adlı yazı yazdım. Həmin gün 2021- ci il, 12 may tarixində Azərbaycanın Prezidenti Müzəffər Ali Baş Komandan Şuşada- Cıdır düzündə çıxış edərkən söylədi ki: " Mən dünyanın çox gözəl şəhərlərində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm."
Bu sözlərdən sonra hönkür- hönkür ağladım. Çünki mən ilk dəfə 1979- cu ildə dərc olunan ilk şeirimi - 15 yaşım olarkən yazdığım" Cıdır düzü" şeirimi Şuşaya- Cıdır düzünə həsr etmişəm. Şuşanı, Cıdır düzünü tarixin möcüzəsi, əksi adlandırmışam. Şuşanın işğalı illərində Şuşa barəsində həmişə ürəkdən yanğı ilə danışmışam, Şuşanın işğalı həyatımın ən ağır günləri olubdur. Şuşanın işğal günü- 8 mayda həmişə Anar müəllimin, Toğrul Nərimanbəyovun, Polad Bülbüloğlunun, Fərhad Bədərbəylinin Şuşa haqqında sözlərini, Şuşanın təbiəti, insanları haqqında fikirlərini söyləmişəm. Şübhəsiz, Şuşa haqqında ən gözəl sözlərin müəllifi həm də Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz həmin gün 2021- ci il 12 mayda Ali Baş Komandanın söylədiyi bu sözlərdən sonra bu şeirim yarandı. O gün - 2020 - ci il 8 Noyabr həyatımın ən sevincli günü idi, Şuşanın azad olunduğu gün!
Buna görə də başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan ordusuna, bütün əsgərlərimizə, Şəhidlərimizə, qazilərimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu şad olsun. Onların hesabına biz Şuşada qürurla gəzirik. Mən artıq 14- cü dəfədir ki, azad Şuşada olmuşam. Azad Şuşada müxtəlif mədəniyyət, media tədbirlərində iştirak etmişəm, Şuşada olmaq mənim üçün böyük xoşbəxtlik və səadətdir.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Göyərçin ovcuyam mən... ” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Gözəl bir sevgi şeiri ilə sizləri baş-başa qoyacağıq.
Hər axşam şam oluram,
Əriyib... tam oluram.
Səndə tamam oluram-
Mən gün, sən də həftəsən.
-deyən şair sözdən ilmə toxuyur.
Həqiqətən, gözəldir.
Xoş mütaliələr!
Göyərçin ovcuyam mən...
Hər axşam şam oluram,
Əriyib... tam oluram.
Səndə tamam oluram-
Mən gün, sən də həftəsən.
Eşq-şirin əzab kimi,
Bitməyən hesab kimi...
Ən yaxşı kitab kimi
Canımdakı rəfdəsən.
Sən yolsan, yolçuyam mən.
Göyərçin ovcuyam mən...
Yüz ildir ovçuyam mən-
Yüz ildir hədəfdəsən...
Qəmi sevdim, həm səni,
Qısqandı bu qəm səni.
Düşüb gəzmirəm səni-
Sən ki, hər tərəfdəsən...
Bu dünyadı, kahadı?
Şah olmur hər şah adı.
Bu sədəf nə bahadı-
Yoxsa sən sədəfdəsən?!
“Ədəbiyyat və incəsənət”
(17.12. 2024)
Beyləqanda gənclərin payız düşərgəsi
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Başa çatan il Yaşıl dünya naminə həmrəylik ili kimi tarixdə qalacaq. Mövzuya uyğun tədbirlər isə ilin sonunadək davam etməkdədir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin təşəbbüsü ilə “Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində payız Düşərgəsi keçirilmişdir.
Layihənin davamı olaraq düşərgədə iştirak etmiş gənc təbiət dostları öz rayonlarında kiçik layihələr həyata keçirmişlər. İlk layihə təşəbbüsü 5 dekabrda İmişli şəhərində, 6 dekabrda Beyləqan, 9 dekabrda Füzuli şəhərində keçirilmişdir.
Layihədə gənclər öz təşəbbüsləri ilə mükəmməl təqdimat hazırlayaraq tətbiq etdilər. Son olaraq Xocavənd gənclərinin təşkil etdiyi kiçik layihə 14 dekabrda baş tutdu. Gənclər öz layihələrini Ağ göl milli parkında təşkil etmişdilər.
Ağ göl milli parkına səfərimizin əsas məqsədi gəncləri ekoloji maarifləndirmək, onlarda təbiətə qarşı duyarlılığı artırmaqdır. Bu həm də Xocavənd gənclərinin kiçik layihə təşəbbüslərinin davamıdır.
Bu layihədə gənclərə təşkilati dəstəyi “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin əməkdaşları Aysel Cəfərova və Şəmsiyyə Rüstəmli göstərmişlər.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
ADPU-dakı esse müsabiqəsində fərqlənən yazılardan - ZƏFƏRİN SORAĞI
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” portalı
ADPU Filologiya fakültəsində keçirilmiş “Zəfər"dən yaz, zəfər çal” adlı esse müsabiqəsində mən də bu təqdim etdiyim esse ilə iştirak edib diploma layiq görülmüşəm. Essemi sevimli oxucularıma təqdim edirəm.
Zəfər nədir?
Baxmayaraq ki, bu söz cəmi beş hərfdən ibarətdir, ancaq çox dərin mənaya malikdir. Zəfər imkansız olanın qalibiyyətidir. Dörd il əvvələ kimi bizim imkanı az olan qayəmiz Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək idi. 2020-ci il 26 sentyabr axşam yatarkən, sabahımı müharibə şəraitində olan bir ölkədə açacağımı düşünməzdim. Lakin bu günün çatacağını bilirdim. Gec.. ya da tez...
30 il... 30 il həsrətin bitmə ilidir. Vətənindən ayrı düşənlərin qovuşma ilidir. Zəfərə gedən yolda ölkəmiz çox can itirdi. Axı uğrunda canını, qanını fəda edən varsa, Vətən Vətəndir.
Biz gənclər gözümüzü bu dünyada açandan bəri yadelli basqınlarını, hətta qandonduran soyqırımlarını öyrənmişik. Bu acı bizdə daha yaralı idi... Niyə? Əmim də I Qarabağ müharibəsində şəhid olmuşdu. O, ömrünün 27-ci ilində, elə ad günündə şəhidlik zirvəsinə qalxmışdı. Onun səsi gah Turşsudan, gah Nəbilərdən, gah da Ağdərədən gəlirdi. Ağdərədə ayağından zədə almasına baxmayaq, o, müalicəsini alıb, cəbhəyə geri döndü. Baxmayaraq ki, ona artıq evə getməsi təklif olundu, o, bunu qəbul etmədi. Axı o səngər dostlarını necə tək qoya bilərdi? O, deyirdi ki, “Gedəyin Seyidəhmədli kəndini də alağın, ad günümə sizdən hədiyyə olsun". Belə də oldu, kənd bir neçə saat ərzində işğaldan azad olundu. Elə bu sevinci yaşayarkən alnından aldığı güllə ilə şəhadətə qovuşdu.
Bənzər səhnələr çox məkanlarda oldu və çox ev, eləcə də, Azərbaycan xalqı büsbütün yasa büründü. Çox balalar atasız, qadınlar yarsız, ana-atalar övladsız qaldı. Boş qəbirlər şəhidlərlə nurlandı.
Zəfər asan əldə olunmadı. Sıx meşələrin arasında, soyuq dağların döşlərində, türk döyüş strategiyası ilə əldə olundu.
Soyuq noyabrda müharibə!
Əsgərlər şaxtalı havada qələbə qazananda əhali bu qələbəni fəxarətlə qeyd edirdi. 30 ildir gözlənən qələbə 44 gündə əldə olundu. Elə buna görə də II Qarabağ müharibəsi Azərbaycanın zəfəridir.
Zəfərin üstündən 4 böyük il keçdi, amma 4 il əvvəlki hislər keçmədi. Deməli, zəfər həm fəxrli, həm şirin bir hiss imiş.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
“Ledi Maqbet” tamaşasının premyerası olub
Akademik Milli Dram Teatrında "Ledi Maqbet" tamaşasının premyerası olub.
Teatrdan AzərTAC-a bildirilib ki, Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefist tamaşadır.
Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Məryəm Əlizadə Bəsti Cəfərovanın yaradıcılığı, səhnə fəaliyyəti və sənət yolu haqqında çıxış ediblər.
Daha sonra tamaşa nümayiş olunub. Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.
Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlahə Həsənova, Elnur Qədirov, İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmli iştirak ediblər.
Rejissor Nicat Kazımov U.Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.
Maqbetin Dunkanı öldürməsi geriyə dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar. Nəhayət, Maqbetin Kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)