“Ledi Maqbet” tamaşasının premyerası olub

Akademik Milli Dram Teatrında "Ledi Maqbet" tamaşasının premyerası olub.

 

Teatrdan AzərTAC-a bildirilib ki, Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefist tamaşadır.

 

Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Məryəm Əlizadə Bəsti Cəfərovanın yaradıcılığı, səhnə fəaliyyəti və sənət yolu haqqında çıxış ediblər.

 

Daha sonra tamaşa nümayiş olunub. Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

 

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlahə Həsənova, Elnur Qədirov, İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmli iştirak ediblər.

 

Rejissor Nicat Kazımov U.Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.

 

Maqbetin Dunkanı öldürməsi geriyə dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar. Nəhayət, Maqbetin Kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.