Super User
Dayısı oğlu Əbdülxaliq nəyə görə Hüseyn Ərəblinskini təhdid edirdi?
“Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar “ layihəsində Əyyub Qiyas bu dəfə aktyor Hüseyn Ərəblinskini (1881-1919) təqdim edir.
1-ci əhvalat
Vəziyyətimiz çox ağır idi, təhsil xərcini ödəyə bilmədiyimiz üçün bir neçə ildən sonra mollaxananı tərk etməyə məcbur oldum. Ancaq tale üzümə güldü, eşitdim ki, görkəmli maarifçi Həbib bəy Mahmudbəyov kasıb uşaqların “Üçüncü rus-tatar” məktəbində pulsuz oxumaları üçün şərait yaradıb. Mən də vaxt itirmədən Həbib bəyə müraciət etdim:
– Həbib bəy, mollaxanda oxumağa imkanımız yoxdur. Nə olar, məni də bu məktəbə qəbul elə, oxuyum.
– Demək, mollaxanada oxumusan. Onda yazıb-oxumağı bilərsən.
– Bilirəm, Həbib bəy. Yaza da bilirəm, oxuya da. Ancaq daha çox şey öyrənmək istəyirəm.
– Nə deyirəm, bala, gəl. Mən bu məktəbi onsuz da sənin kimi elm öyrənmək istəyən, amma imkanı olmayan kasıb müsəlman balaları üçün açmışam.
2-ci əhvalat
Mənim əsas teatr fəaliyyətim 1903-1904-cü illərdə yaranan “Müsəlman artistləri cəmiyyəti” ilə sıx bağlıdır. Bu cəmiyyətin tamaşalarında ilk uğurlu çıxışlarımı etdim.
Cəmiyyətin təşəbbüsü ilə 1905-ci ildə, Azərbaycan teatrı tarixində ilk qastrol səfəri Lənkərana oldu. Truppa üzvləri məni də qastrola gedənlərin arasında görəndə təəccübləndilər. Qastrola Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsini aparmışdıq. Tamaşaya iki saat qalmış birdən xəbər çıxdı ki, baş rolu – Fəxrəddini oynayacaq aktyor xəstələnib.
– Hüseyn, tez, paltarını dəyiş, qrilmlən, Fəxrəddini sən oynayacaqsan, – truppa müdiri, qaranəfəs gəlib bu sözləri mənə deyəndə çaşıb qaldım.
– Mən axı məşq eləməmişəm.
– Məşqlərin hamısında olmusan, özüm də bilirəm, bir kənara çəkilib rolu əzbərlədiyini çox görmüşəm. İndi vaxt itirmək olmaz, tez ol, artist yoxdur, başa düşürsən, xəstələnib. Yoxsa tamaşaçılar bizi daşa basar.
Tez-tələsik qrim otağına cumdum. Rolun uğurlu alınması üçün əlimdən gələni elədim. Nə bilim, deyəsən, hamı razı qaldı.
3-cü əhvalat
Bir gecə tamaşadan sonra evə qayıdırdım, qaranlıq, kimsəsiz küçə ilə gedir, bir qədər əvvəl başa çatmış tamaşanın sehrindən hələ də qopa bilmirdim. Birdən kimsə arxadan əlini çiynimə qoyub məni yolumdan saxladı. Geri çevriləndə dayım oğlu Əbdülxaliqi gördüm. Axmağın, avaranın biriydi. Əlindən hər nə desən gələrdi.
– Nə vaxta qədər nəslimizin adını batıracaqsan? – deyə qəzəblə soruşdu.
– Mən nəslin adını batırmıram, dayıoğlu, əksinə, bir gün gələcək hamı bizim nəslimizi mənə görə xatırlayacaq – cavabını verdim.
– Mənə nağıl danışma. Bura sənin boş-boş sözlərinə qulaq asmağa gəlməmişəm. Sənə son xəbərdarlığımdır, ya bu mütrüflükdən əl çəkib kişi kimi bir işin qulpundan yapışacaqsan…
– Kişi kimi, yəni sənin kimi avaraçılıq eləyəcəm? Onun-bunun gözünü qorxutmaqla malına-puluna çökəcəm? – sualımla onu danışmağa qoymadım. Əbdülxaliq qəfil əl atıb xirtdəyimdən yapışdı. Məni divara dirəyib hədələdi:
– Danışma! Dediklərimi qulağında sırğa elə! Bu mütrüfülükdən əl çəkməsən baxmayacam bibimin göz yaşlarına, gülləni boşaldacam beyninə! İndi get, papağını qabağına qoy, fikirləş!
Yaxamı buraxıb getdi. Bir Əbdülxaliq yox, mini də olsaydı məni sevimli işimdən ayıra bilməzdi.
P.S. Amma Əbdülxaliqin 1919-cu ildə atdığı qəfil güllə Hüseyn Ərəblinskinin həyatına son qoydu. Böyük sənətkarın dəfni Bakıda böyük izdihamla, xalq sevgisi ilə keçirildi.
The Beatles, Pavarotti, “Terminator” və Kiçik Teatr
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
12 oktyabr. İspanların milli bayramı
İspaniya Krallığının Milli Bayramı. Kolumb italiyalı olsa da, Amerikanı kəşf etsə də həmin günün şərəfinə ispanlar milli bayram keçirirlər. Soruşarsınız ki niyə? Ona görə ki, o vaxt Kolumbun ekspedisiyasını ispan kralı Ferdinand maliyyələşdirib, gəmilər ispan gəmiləri olub, heyət də ispan heyəti, ona görə də, ispanlar italyanlar qədər Amerikanın kəşfinin müəllifləri hesab edirlər özlərini. Amerikanı kəşf etdiyinə görə Kolumb İtaliyaya yox, İspaniyaya hesabat verib, ora ilk yollanan ağdərilər ispanlar olub, ispan kralı da Kolumba Admiral rütbəsi verib. Hər il bu gün Madriddə təntənəli parad təşkil olunur, 3 min piyada, hərbi texnika keçid edir, səmada hərbi təyyarələr uçur.
12 oktyabr. Taqmançats günü?
Bədxah qonşularımız bu gün Müqəddəs tərcüməçilər, yaxud Tarqmançats gününü qeyd edirlər. Bibliya tərcüməçilərinə həsr edilən bu günün anlamı həm dinin, həm də erməni dilinin təbliğinə hesablanıb. Amma erməni ideoloji aparatı hətta Bibliya kimi müqəddəsliyi də ümumerməni işinin bir vasitəsi hesab edir, səmavi kitabın erməni dilindəki variantında çoxlu saxtalıqlar yer alıb gedir. Tarqmançats gününüz (adamın əsla dilinə yatmır) mübarək olmasın deyirik!
12 oktyabr. The Beatles, Pavarotti, “Terminator” və Kiçik Teatr
Ümumdünya artritlə mübarizə günü. Artrit bir revmatoloji xəstəlikdir, hər yüz adamdan birində rast gəlinir. Qabaq xəstəlik yaşlı adamlara xas idi, indi həta uşaqlar da artritdən əziyyət çəkirlər; Ümumdünya sümük və əzələ günü. Bu da artrit gününə bir iqtibasdır, axı artrit – sümük və əzələ problemidir; Kadr işçisi günü. Loru dillə desək “otdelkadrların” günü. Bu şəxslər işçilərin taleyini həll edirlər, işə götürmə, işdən azad etmə məsələləri ilə məşğul olurlar, odur ki, onlarla mehriban dolanmaq gərəkdir; Ümumdünya iqtisadçı günü. Bu gün Nobel Komissiyası iqtisadi sahədə Nobel mükafatçısını elan edəcək, gün onun şərəfinədir; Mütəəssirolma anları günü. Allah heç kəsi mütəəssir eləməsin. Gününü məğzi də mütəəssirliklərdən qurtulmağa çağırışdır.
Amerikada “Qambo” şorbası günüdür, Nikaraquada televiziya işçiləri günü. 1992-ci ilin bu günüdə Qara Qarayev dünyaya gəlib, məşhur bəstəkarın adaşı olan məşhur “Qarabağ”lı futbolçu. Bizdə futbolun hazırkı bərbad vəziyyətində yeganə ayaqda duran “Qarabağ” klubudur, klub yarıtmaz AFFA başbilənlərini də sudan quru çıxarmağa kömək edir. 1984-cü ilin bu günündə Amerika ekranlarına Arnold Şvarsenegerli “Terminator” filmi çıxıb. 1965-ci ilin bu günündə Bukinqem sarayında The Beatles qrupunun solistlərinə Britaniya İmperiyası ordeni təqdim olunub. 1935-ci ilin bu günündə dünyaşöhrətli tenor Luçano Pavarotti doğulub. 1863-cü ilin bu günündə Cenevrədə Qırmızı Xaç cəmiyyəti yaradılıb. 1919-cu ilin bu günündə İranın sonuncu şahı- Məhəmməd Pəhləvi doğulub. 1879-cu ilin bu günündə Lev Trotski – tanınmış rus inqilabçısı, 1842-ci ildə Vasiliy Vereşaqin - tanınmış rus rəssamı dünyaya gəliblər. 1824-cü ildə Moskvada Kiçik Teatrın açılışı olub.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından seçmələr
Oablo Pikassonun rəsm əsəri Honkonq hərracında 24,6 milyon dollara satılıb
Məşhur ispan fırça ustası Pablo Pikassonun çəkdiyi rəsm əsəri Honkonq hərracında 191, 6 milyon Honkonq dollarına (24,6 milyon ABŞ dolları) satılıb.
TASS agentliyi xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.
Məbləğ əsərə qoyulan ilkin dəyərləndirmədən çox da kənara çıxmayıb. Satılan “Çömbəlib oturmuş qadın” (Femme Accroupie) əsərində rəssam öz həyat yoldaşı Jaklin Roku təsvir edib.
Eyni hərracda öncəki aylarda 9.1 milyon dollara Hollandiyalı rəssam Vinsent Van Qoqun natürmortu, 10,3 milyon dollara isə çin mənşəli fransız abstraksionisti Sanyunun “Yatmış gözəl” əsəri də satılmışdı.
Hərracda fransalı heykəltaraş Oqüst Rodenin yaratdığı Napoleon Bonapartın büstü səbəbi açıqlanmadan satışdan çıxarılıb. Bu əsər 70-90 milyon Honkonq dolları civarında qiymətləndirilmişdir. Büst 1930-cu illərdə itkin düşmüş hesab olunurdu. Sənətşünaslar 2015-ci ilə qədər onun harada olduğundan xəbərsiz olmuşlar.
Qənirə Paşayevadan Bakının qədim tarixinə diqqət
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının ensiklopedik toplusu xarakterli layihənin tərtibatçı-müəllifi Sevda Rəsulova ilə görüşmüşdür.
Q. Paşayeva Komitədə keçirilən görüşdə dövlətimizin paytaxtı olan qədim Bakının tarixi, zəngin mədəniyyəti, məişəti, iqlimi, o cümlədən demoqrafiyası barədə materialları, həmçinin arxiv sənədlərini özündə əks etdirən “Daş ilməli şəhərim” 10 cildliyinin “İçərişəhər mətbuatda” adlı ilk əlyazması ilə tanış olmuş, uzun illərin gərgin əməyi nəticəsi olan bu araşdırmaları yüksək dəyərləndirmişdir.
O, elmi axtarışların nəticəsi olan topluya görə tərtibatçı-müəllifə təşəkkürünü bildirmişdir: “Hesab edirəm ki, qədim Bakının, ayrıca olaraq, İçərişəhər və Abşeron kəndlərinin tarixinə həsr olunmuş bu elmi-publisistik toplu geniş araşdırmaçı və sıravi oxucu marağına səbəb olmaqla yanaşı, həm də gələcək nəsillər üçün masaüstü kitaba çevriləcəkdir”.
Doğma dilimizdə nəşri baş tutandan sonra toplunun rus və ingilis dillərinə tərcüməsininin zəruriliyini vurğulayan Q.Paşayeva “Bakıda erməni faktoru” və “Beynəlmiləlçi Bakı” fəsillərinin daxil edildiyi cildlər üzərində xüsusi dayanaraq bu mənbələrin Azərbaycan və onun paytaxtı olan əsrarəngiz Bakı ilə maraqlananlar üçün əsl məlumat bazası rolunu oynayacağını bildirmişdir.
Azərbaycanlıların sıx yaşadığı Dağıstanın Tabassaran rayonunda mədəniyyət festivalı keçirilib
Tabassaran rayonunda mədəniyyət festivalının daimi əsasda keçirilməsini təklif ediblər.
Bu barədə TASS-a rayon administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Tabasaran rayonunda mədəniyyət festivalı keçirilib və tədbir çərçivəsində Mirzə Kalukskinin əsgər-şair gününün qeyd olunmasına həsr olunmuş bayram tədbirləri keçirilib. Festival Dağıstanda İran qoşunlarının darmadağın edilməsinin 100 illiyinə və 280 illiyinə həsr olunub. Bu cür tədbirin təşkili gənclər İşləri üzrə Federal agentliyin qrant dəstəyi və Tabassaran rayon administrasiyasının dəstəyi sayəsində mümkün olub. Festival çərçivəsində üç ildən bir bələdiyyədə Mirzə Kalukskinin Gününün keçirilməsi təklif edilib", - deyə agentliyin sözçüsü bildirib.
Onun sözlərinə görə, festival çərçivəsində ənənəvi xalq sənətkarlıq sərgiləri, milli idman növləri üzrə yarışlar və konsert proqramı təşkil edilib.
"Elə həmin gün Mirzə Kalukski gününün qeyd olunması çərçivəsində Dağıstanda İran qoşunlarının darmadağın edilməsinin 280 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib",-deyə mətbuat xidmətindən əlavə ediblər. Bununla yanaşı, dəqiqləşdirilib ki, konfransda 1741-ci il hadisələrinə həsr olunmuş çıxışlar və məruzələr, Dağıstanın dağlılarının azadlıq hərəkatı, döyüşçü şair Mirzə Kalukskinin şəxsiyyəti, İran işğalçılarına qarşı mübarizədə dağlılardan ibarət dəstələrə onun başçılıq etməsi barədə məruzələr olub.
"Mirzə Kalukskinin həyatı həm şair, həm də döyüşçü kimi doğma diyara hədsiz sədaqətin nümunəsidir. Gənc nəslin mənəvi və vətənpərvərlik tərbiyəsi Mirzə Kalukski kimi insanların nümunələri üzərində qurulmalıdır",-deyə Bələdiyyə Başçısı Məhəmməd Qurbanov fikir söyləyib.
Anar Kərimov: “Tarixini bilən insan cəmiyyətdə daha güclü mövqe tutur”
Bakı Ekspo Mərkəzində professor Vilayət Quliyevin “Cümhuriyyət yazıları” kitabının təqdimat mərasimi keçirilib. Bu təqdimatda mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və kitabsevərlər iştirak edib.
Tədbirdə çıxış edən filologiya elmlər doktoru, professor Vilayət Quliyev müəllifi olduğu kitab haqqında məlumat verib. Qeyd edib ki, iki bölmədən ibarət kitabın birinci hissəsində Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində müxtəlif mətbuat orqanlarında çap olunmuş elmi-publisist səpkili məqalə və esselər, ikinci hissədə isə Cümhuriyyət tarixinə dair Azərbaycan dilinə ilk dəfə tərcümə edilən sənəd və materiallar yer alıb: “Cümhuriyyət irsini toplayıb nəşr etmək, Cümhuriyyət xadimlərinin şəxsiyyət və fəaliyyətinə obyektiv, qərəzsiz qiymət vermək, bütün ölkə miqyasında geniş maarifçilik işi aparmaq lazımdır. İnsanlarımızın belə bir fəaliyyətə təkcə marağı yox, həm də böyük ehtiyacı var. Bu amildən çıxış edərək indiyə qədər Cümhuriyyətlə bağlı elmi fəaliyyətimdə mənbələrin aşkara çıxarılması, tərcüməsi, nəşri məsələsinə, tanıtma və təbliğ işinə daha çox üstünlük vermişəm”.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, Vilayət Quliyev təkcə tarixçi, ədəbiyyatşünas yox, eyni zamanda yüksək səviyyəli dövlət xadimidir: “Vilayət Quliyev böyük və müqəddəs bir missiyanı həyata keçirir. O, ölkəmizə, cəmiyyətimizə çox vacib olan Cümhuriyyətin tarixi, onun qurucuları haqqında məlumatları çatdırır. Bu da imkan verir ki, onun kitablarını oxuyaraq öz tariximizi bilir, onunla qürur duyuruq. Tarixini bilən insan cəmiyyətdə daha güclü mövqe tutur. Bu sahədə fəaliyyətinə görə Vilayət Quliyevə təşəkkür edirəm”.
Daha sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə belə dəyərli əsəri ərsəyə gətirdiyinə görə Vilayət Quliyevi təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, kitabda elmi dövriyyəyə yeni daxil edilən faktlar əsasında Cümhuriyyət dövrünün ayrı-ayrı görkəmli şəxsiyyətlərinin portretləri və ilk respublikamızın həyatındakı diqqətəlayiq hadisələrin mənzərəsi yaradılıb. Yeni nəşr tarixçilərə, filoloqlara, politoloqlara, bütünlükdə milli dövlətçiliyimizin yaradılması, keşməkeşli fəaliyyəti, görkəmli simaları və irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı mənbədir.
TÜRKSOY şairlər şöləni keçiriləcək
Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 iliyinə həsr edilmiş şairlər şöləni keçiriləcək.
AzərTAC xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə düzənlənən şölən oktyabrın 12-dən 15-dək Özbəkistanın Xivə şəhərində baş tutacaq.
Tədbirə Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türk topluluqlarının şairləri, ədəbiyyatşünaslari qatılacaq.
Sözügedən şöləndə Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, "Ulduz" jurnalının şöbə redaktoru, şair Taleh Mansur təmsil edəcək.
Yekəqarınlar günü, Şəfiqənin acı taleyi və qorxaq pələng
11-20 oktyabrın təqvimi Varisin təqdimatında
11 oktyabr. Kolumb günü
Columbus Day – ABŞ-ın ümummilli bayramı hesab edilir, 1492-ci ilin 12 oktyabrında italiyalı səyyah Xristofor Kolumbun yeni dünyanı – Amerika qitəsini kəşf etməsi şərəfinə qeyd olunur. 1937-ci ildə prezident Franklin Ruzvelt 12 oktyabrı ümummilli bayram kimi qeyd etmək barədə qərar verib. Sonradan Konqress bu qərarı “hər oktyabr ayının ikinci çərşənbə axşamı” şəklində dəyişib.
529 ildir ki, avropalılar Amerikanı tanıyırlar, tarix baxımından elə də böyük müddət deyil. Amma bu tanışlıq dövründə onların gözləri qarşısında Amerika yarımvəhşi insanların yaşadığı bir məkandan dünyanın ən inkişaf etmiş və ən qüdrətli bir məkanına çevrilib. Deyilənə görə, ABŞ hegemonluğunu, demokratiya tələblərini bəyənməyən bəzi ölkələrin liderləri tez-tez Kolumbun atabatasına söyürlər ki, sənin axı nə itin azmışdı, gedib oralara çıxırdın.
11 oktyabr. Beynəlxalq qızlar günü
Öncə gəlin hər kəs çevrəsindəki qızları təbrik etsin, onlara hədiyyələr bəxş eləsin. BMT-nin Baş Assambleyası 2011-ci ildə 11 oktyabr – Beynəlxalq qızlar gününü təsis etməklə dünyanın diqqətini ailə problemlərinə, ən zərif və ən zəif təbəqə olan qızlara yönəldib, onların təhsili, sağlamlığı, müdafiəsi naminə çağırışlar edib. Qızların – bu balaca fidanların dünyası sərt şaxtanı, quraqlığı sevməz, qayğıya möhtacdır, bu dünyanı qorumaq böyüklərin müqəddəs borcudur. Axı bugünkü qızlar gələcəyin analarıdır.
11 oktyabr. Piylənmə ilə ümumdünya mübarizə günü
Siz zarafata salacaqsınız, amma Azərbaycandan başqa ikinci elə bir yer yoxdur ki, kişinin bazburut əmsalı onun irəliyə çıxmış dumbul qarnı ilə ölçülsün. XXXL ölçüsünədək şalvarları dəyişib sonda heç bir ölçüyə sığmayan qarnını kəmərdən azad edərək qarınaltıyadək çəkilə bilən yeniyetmə ölçülü şalvara keçid alan, küçədə-bayırda şəstlə qarnını irəli verən, məclislərdə əlini qarnının üstündə dirsəkləyən belələri heç vaxt fərqində olmayıblar ki, yekəqarınlıq – imtiyaz, rifah əlaməti deyil, xəstəlikdir. Bu gün zəhmət deyilsə belələrinə bunu çatdırın, savab qazanarsınız. O ki qaldı piylənmədən əziyyət çəkən qadınlara, kişilərdən fərqli olaraq onlar bunun ziyanlı bir şey olduğunun fərqindədirlər, bu fəsadı aradan qaldırmaq üçün qadınların əksəriyyəti pəhrizə üz tutur.
Demək, piylənməyə 95 faiz normadan artıq və çoxkalorili qida, 5 faiz isə metabolik pozğunluqlar səbəb olur. Qadınlar kişilərə nisbətən 2 dəfə çox piylənməyə məruz qalırlar. Artıq çəki ilə bağlı kritik dövr 30-60 yaş arası hesab edilir. Ən nəhayət, artıq çəkidən əziyyət çəkənlər normal çəkili insanlara nisbətən hipertoniyaya 2-3 dəfə, ürək-damar xəstəliklərinə isə 3-4 dəfə çox tutulurlar.
11 oktyabr. Digər əlamətdar hadisələr
Ziyafət günü. Anlamı nədir? Əhval-ruhiyyədən asılı olmayaraq bu gün dost kampaniyasında əylənməlisən. Yaponların Tayiko-no-hi günü də diqqətçəkəndir, insanlar sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa dəvət edilir. Butanda qeyd edilən Drubçen festivalı da həmçinin. Müqəddəs rituallar, eləcə də saatlar ərzində fasiləsiz rəqslər butanlıları həmrəy edir. Bu gün Kolumb gününü qeyd edən amerikalıların digər özəl qeydetmələri da var, şübhəsiz, bunlar mətbəxlə bağlıdır. Bu gündən ABŞ-da milli məktəb mətbəxi həftəsi başlayır. Ayrıca, bu gün həm də yeni dünya təmsilçisi İtaliya pitsası və kolbasaları gününü də qeyd edir.
Incəsənətsevərlər isə qeydiyyat aparsınlar ki, 1891-ci ilin bu günündə - düz 130 il bundan əvvəl Stokholmda açıq səma altında ilk etnoqrofik muzey fəaliyyətə başlayıb.
12 oktyabr. İspanların milli bayramı
İspaniya Krallığının Milli Bayramı. Kolumb italiyalı olsa da, Amerikanı kəşf etsə də həmin günün şərəfinə ispanlar milli bayram keçirirlər. Soruşarsınız ki niyə? Ona görə ki, o vaxt Kolumbun ekspedisiyasını ispan kralı Ferdinand maliyyələşdirib, gəmilər ispan gəmiləri olub, heyət də ispan heyəti, ona görə də, ispanlar italyanlar qədər Amerikanın kəşfinin müəllifləri hesab edirlər özlərini. Amerikanı kəşf etdiyinə görə Kolumb İtaliyaya yox, İspaniyaya hesabat verib, ora ilk yollanan ağdərilər ispanlar olub, ispan kralı da Kolumba Admiral rütbəsi verib. Hər il bu gün Madriddə təntənəli parad təşkil olunur, 3 min piyada, hərbi texnika keçid edir, səmada hərbi təyyarələr uçur.
12 oktyabr. Taqmançats günü?
Bədxah qonşularımız bu gün Müqəddəs tərcüməçilər, yaxud Tarqmançats gününü qeyd edirlər. Bibliya tərcüməçilərinə həsr edilən bu günün anlamı həm dinin, həm də erməni dilinin təbliğinə hesablanıb. Amma erməni ideoloji aparatı hətta Bibliya kimi müqəddəsliyi də ümumerməni işinin bir vasitəsi hesab edir, səmavi kitabın erməni dilindəki variantında çoxlu saxtalıqlar yer alıb gedir. Tarqmançats gününüz (adamın əsla dilinə yatmır) mübarək olmasın deyirik!
12 oktyabr. The Beatles, Pavarotti, “Terminator” və Kiçik Teatr
Ümumdünya artritlə mübarizə günü. Artrit bir revmatoloji xəstəlikdir, hər yüz adamdan birində rast gəlinir. Qabaq xəstəlik yaşlı adamlara xas idi, indi həta uşaqlar da artritdən əziyyət çəkirlər; Ümumdünya sümük və əzələ günü. Bu da artrit gününə bir iqtibasdır, axı artrit – sümük və əzələ problemidir; Kadr işçisi günü. Loru dillə desək “otdelkadrların” günü. Bu şəxslər işçilərin taleyini həll edirlər, işə götürmə, işdən azad etmə məsələləri ilə məşğul olurlar, odur ki, onlarla mehriban dolanmaq gərəkdir; Ümumdünya iqtisadçı günü. Bu gün Nobel Komissiyası iqtisadi sahədə Nobel mükafatçısını elan edəcək, gün onun şərəfinədir; Mütəəssirolma anları günü. Allah heç kəsi mütəəssir eləməsin. Gününü məğzi də mütəəssirliklərdən qurtulmağa çağırışdır.
Amerikada “Qambo” şorbası günüdür, Nikaraquada televiziya işçiləri günü. 1992-ci ilin bu günüdə Qara Qarayev dünyaya gəlib, məşhur bəstəkarın adaşı olan məşhur “Qarabağ”lı futbolçu. Bizdə futbolun hazırkı bərbad vəziyyətində yeganə ayaqda duran “Qarabağ” klubudur, klub yarıtmaz AFFA başbilənlərini də sudan quru çıxarmağa kömək edir. 1984-cü ilin bu günündə Amerika ekranlarına Arnold Şvarsenegerli “Terminator” filmi çıxıb. 1965-ci ilin bu günündə Bukinqem sarayında The Beatles qrupunun solistlərinə Britaniya İmperiyası ordeni təqdim olunub. 1935-ci ilin bu günündə dünyaşöhrətli tenor Luçano Pavarotti doğulub. 1863-cü ilin bu günündə Cenevrədə Qırmızı Xaç cəmiyyəti yaradılıb. 1919-cu ilin bu günündə İranın sonuncu şahı- Məhəmməd Pəhləvi doğulub. 1879-cu ilin bu günündə Lev Trotski – tanınmış rus inqilabçısı, 1842-ci ildə Vasiliy Vereşaqin - tanınmış rus rəssamı dünyaya gəliblər. 1824-cü ildə Moskvada Kiçik Teatrın açılışı olub.
13 oktyabr. Ümumdünya fəlakət təhlükələrinin azaldılması günü
Söhbət təbii fəlakətlərdən gedir, 1989-cu ilin 13 oktyabrında verdiyi qərarla 1990-99-cu illərdə BMT təbii fəlakətlərin təhlükəsini azaltmaq onilliyi keçirib, o vaxtdan da 13 oktyabr belə bir gün statusu alıb. Zəlzələdən, sel və sunamilərdən, siklonlardan, quraqlıqdan təkcə 2004-cü ildə 250 000 nəfər qurban gedib, ümumən, hər gün təbii fəlakətlər 184 can alır. Bu gün insanlar arasında maarifçilik işləri aparılır, ilk yardımdan istifadə etmək qaydaları aşılanır, öz informasiya mübadilələrini artırmaq, sinoptiklərin məlumatlarına diqqət yönəltmək, risk zonalarından uzaq durmaq kimi nəsnələr tövsiyyə edilir.
13 oktyabr. Pinqvinlər barədə məlumatlanmaq üzrə Afrika günü
Xoşum gəlir bu cür ekstravaqant adı olan günlərdən. Nə deyirik, gəlin məlumatlanaq. Biz sanırıq ki, pinqvinlər Arktikada, buzlaqlar qoynunda yaşayır, elə? Deməzsənmiş, orada cəmi 3 növ pinqvin yaşayırmış, 17 növ isə Afrika sakini imiş. Afrika pinqvinləri Arktika pinqvinlərindən ayaqlarının qara olması ilə fərqlənirmiş. Onların məskunlaşma yeri Cənubi Afrika sahilləri imiş. 2012-ci ildə Afrika pinqvinlərinin sayı 1930-cu ildəkinin cəmi 2 faizinə bərabər olub. Deməli, bu canlılar qırılmaq üzrədirlər, ona görə də onları qorumaq lazımdır. Dünyanın ən təzadsevər canlılarıdır pinqvinlər. Niyə belə deyirəm? Bir hissəsi ən soyuq yerdə - buzlaqlarda, digər hissəsi isə ən isti yerdə - ekvatorial ərazidə yaşayırlar.
Onları müşahidə etmək insanda xoş təəssürat oyadır. Nədənsə həddən artıq sevimli görünürlər adama bu qəribə məxluqlar. Kaş ki, bunca azalmayaydılar...
13 oktyabr. Ümumdünya zombi günü
2006-ci ilin bu nəhs günündə ABŞ-ın Pitsburq şəhərində, Monrovil ticarət mərkəzində ilk Zombi-gəzinti reallaşıb. Corc Romero orda “Ölülər üçün dan yeri” filmini çəkirdi, zombi mədəniyyətinin bütün heyranlarını da bir araya toplamışdı. Məqsəd bir idi – canlı meyit kimi yaşayan bu ac və evsiz insanları nümayiş etdirib aclıq və evsizlik sayını azaltmaq. Hərfi mənada canlı meyit, yaxud, öz üzərində nəzarəti itirib tam olaraq başqasının iradəsi ilə yaşamaq anlamını verən zombilik hazırda daha çox ölü diriltmək, cadugərlik və ekstrasenslik tərəflərinə meyl etməkdədir. Şeyx Nəsrullah kimi ölüdirildən ədəbi obrazına malik Azərbaycan da zombilikdən xali deyil. Bizdə zombilik, daha çox, şəxsi düşüncəsini büsbütün itirmiş, tam olaraq idarə olunan insanlara (dünyaşöhrətli Çingiz Aytmatovun təbirincə desək, manqurtlara) aid edilir.
13 oktyabr. Yeni kostyumda Ağ Evin qarşısında Qurbanovun şeirləri ilə
Beynəlxalq kostyum günü. Deyilənə görə, bu gün hər kəs özünə yeni kostyum almalıdır, pulu olmayanlar evdəki nimdaş kostyumlarını ütüləyib geyinməlidirlər. Təcili tibbi yardımın tibb bacıları günü. Hamısını təbrik edək. Büstqaltersizlik günü. Üstündən keçək. Azərbaycanda dəmiryolu günü. Dəmir yolu deyəndə ağla hələ də Ziya Məmmədov gəlsə də, yadda saxlamalıyıq ki, indi həmin gərövdəki Cavid Qurbanovdur. Deyilənə görə, Cavid müəllim həm də istedadlı şairdir, qoşmalar yazır, hətta bu qoşmalar ara-sıra ictimai-siyasi məzmun da kəsb edir.
1987-ci ildə Amerika donanması Fars körfəzində tarixdə ilk dəfə delfinlərdən hərbi məqsədlərçün istifadə edib. 1965-ci ildə SSRİ-də Dövlət keyfiyyət nişanı gündəmə çıxıb. 1957-ci ildə SSRİ-nin Yerin ilk süni peykini kosmosa buraxması ilə Kosmik era başlayıb. 1938-ci ildə yəhudi əsilli sovet şairi Osip Mendelştam həbs edilərək əmək düşərgəsinə salınıb. 1925-ci ildə İngiltərəyə 11 il baş nazirlik etmiş Dəmir ledi – Marqaret Tetçer dünyaya gəlib. 1900-cü ildə Ziqmund Freydin “Yuxuyozmalar” kitabı işıq üzü görüb. 1884-cü ildə Qrinviç sıfır meridianı kimi təsdiqlənib. 1792-ci ildə Vaşinqtonda Ağ Evin tikintisinə başlanılıb. 1582-ci ildə İtaliyada, ardınca da digər katolik ölkələrində Yulian təqvimi Qriqorian təqvimi ilə əvəzlənib.
14 oktyabr. Tanınmış Azərbaycan maarifçisi Şəfiqə Qaspıralının 135 illiyi
Çox maraqlı bir şəxsiyyət olub Şəfiqə xanım. O, 1886-cı il oktyabr ayının 14-də Krımda - Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olub. Mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gəlib. Qadınlara qarşı sərgilənən kobud, laqeyd münasibətlər onu qadın azadlığı uğrunda mübarizəyə cəlb edib. 1906-cı ildən 1910-cu ilə kimi o, “Tərcüman”ın mətbəəsində qadınlar üçün Rusiya müsəlmanlarının “Qadın dünyası” adlı ilk qadın jurnalının çapına nail olub. 1906-cı ildə sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş tələbə Nəsib bəy Yusifbəyli ilə ailə həyatı qurub. Şəfiqə xanım Nəsib bəy təhsilini başa vurduqdan sonra onunla Gəncəyə gedib, lakin 3 il keçəndən sonra Nəsib bəyin ondan əvvəl başqa bir qadınla dini nikahda olduğunu öyrənərək ondan ayrılıb, övladları ilə birlikdə Krıma qayıdıb. Atasının ölümündən sonra Şəfiqə xanım “Tərcüman”ın nəşrinə diqqət yetirib, siyasi fəaliyyətini artırıb. 1917-ci ildə o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilib. Krımda “Qadın komitələri” təşkilatını yaradıb. Moskvada keçirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edib.
Krım türklərinin siyasi və ictimai işlərdə fəallaşması təbii ki, hökumətin xoşuna gəlmirdi. Məhz bu səbəbdən də 1918-ci ilin fevralında “Tərcüman” qəzeti bağlandı. Şəfiqə xanım repressiya dalğasını görüb 1918-ci ilin əvvəllərində övladları ilə birlikdə Gəncəyə, 1919-cu ildə isə Bakıya gələsi oldu. Cümhuriyyət dövründə o, Bakıda Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayırdı, dövri mətbuatda qadın azadlığı mövzusunda yazıları ilə çıxış edirdi. Ayrılsalar belə Nəsib bəy övladlarına və keçmiş həyat yoldaşına hər cür dəstək göstərirdi. 1920-ci ildə bolşevik istilası və Nəsib bəyin müəmmalı qətli Şəfiqə xanımı bir daha Azərbaycandan uzaq saldı. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxardılar. Ailənin gələcək taleyindən narahat olan, o zaman Bakıda işləyən bir türk diplomatı Şəfiqə xanımı və övladlarını türk hərbçiləri ilə birlikdə Türkiyəyə yola saldı. Bir müddət Şəfiqə xanım Türkiyədə maddi çətinliklə üzləşdi, övladları ilə sıxıntı çəkdi. Sonra İstanbulda “Qızıl ay” beynəlxalq xeyriyyə cəmiyyətində tərcüməçi kimi işə düzəldi. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis etdi. “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün maraqlı olacaq bir kitab çap etdirdi. Taleyinə əzablı günlər yazılan bu fədakar xanım uzun ömür yaşadı. 1975-ci il avqust ayının 31-də İstanbulda vəfat edərək Zəncirliquyu qəbiristanlığında dəfn edildi. Ruhu şad olsun!
14 oktyabr. Ümumdünya görmə günü
Müasir tibb göz xəstəliklərinin 80 faizini sağalda bilir, amma bəzən elementar tibbi avadanlıqların və mütəxəssislərin çatışmazlığı ucbatından vaxtında xəstəliyə müdaxilə edilmir və insan görmə qabiliyyətini itirir. Məsələn, ÜST 2017-ci ildə belə bir məlumat yaymişdi ki, Afrika qitəsində 26,3 milyon insan görmə qabiliyyətinin müxtəlif fəsadları ilə yaşayır. Bunlardan da 5,9 milyonu artıq tamamən kordur. Ümumən, Afrika qitəsi göz xəstəliklərinə görə dünya birincisi olmaq kimi kədərli liderliyi özündə saxlayır, dünyadakı kor əhalinin 15,3 faizi burada yaşayır. Tibb müəyyən edib ki, korluq yaradan hallar sırasında traxoma, onxoserkoz kimi infeksion xəstəliklər aparıcı yer tutur. Ən geniş yayılmış göz xəstəlikləri katarakta, qlaukoma və diabetik retinopatiyadır. Göz xəstəliklərinin statistik yaşı isə 50 və daha yuxarı yaşlardır.
Yəqin Nobel mükafatçısı Joze Saramoqanın “Korluq” romanını oxuyanlar var. Gözəl əsərdir, oxumağa dəyər.
Biz fiziki korluqdan danışırıq əlbəttə, bu qeyd edilən gün fiziki korluğa həsr edilib. Mənəvi korluğu özündə ehtiva edən gün, əlbəttə ki təqvimdə yoxdur. Bununla belə, ətrafdakı adamları, binaları, maşınları, ağacları, bir sözlə, hər şeyi görsələr belə HƏQİQƏTİ görməyən korlar da var, bu cür görən korlar, çox təəssüf ki, əksəriyyətdir.
14 oktyabr. Keçəllər günü.
Saç tökülməsindən əziyyət çəkən saçı seyrəklər, artıq dazlaşmaya məruz qalanlar, anadangəlmə keçəllər və s. və i. Bu gün belələri diqqət mərkəzində olacaq. Saç əkən mütəxəssislər, dazlaşmanın əleyhinə kosmetik vasitələr və müalicə vasitələri istehsal edən nəhəng industriya, hətta “başa tük gətirən eleksir” adı altında pasientlərə mənşəyi bəlli olmayan preparatlar sırıyan işbazlar bu gün gündəmdə olacaq. Amma keçəllər gününün mənşəyində tək belələri dayanmır, saçını ülgüclə dibdən qırxdıran keçəllər də bu günün qəhrəmanları sayılır. Hətta bir çox ölkələrdə ənənə var, məhz bu gün saçların köklərinə fayda gətirilsin deyə insanlar başlarını keçəl eləyirlər.
Şifahi ədəbiyyatımızdakı Kosanın dostu Keçəli xatırlayıb bu gündən saçlara qayğı göstərin. Unutmayın, irsi amillər dominantlıq təşkil eləsələr belə, kimyəvi, ekoloji təsir, iş və qida rejimi də saçların tökülməsində aparıcı faktordur. Saçlarınızı qoruyun!
14 oktyabr. Eyzenhauer və Maldelbrot
Beynəlxalq standartlaşdırma günü. Ekoloji təhsil günü. Lukoşenkogildə Ana, Baydengildə desert günü. Gürcü qonşularımızda bu gün dini bayramdır – Mtsxetoba günü. Cənubi afrikalılar isə polşalılarla bəhsə girib onlardakı təhsil gününün qarşılığında keys-menecer həftəsi keçirirlər. O ki qaldı bu gün dünyaya gələn tarixi şəxsiyyətlərə, 34-cü ABŞ prezidenti Duayt Eyzenhauerin adını niyə çəkməyək ki? 1890-cı ilin bu günündə doğulan bu şəxs 1953-61-ci illərdə superdövlətə başçılıq edib, ondan əvvəl isə 2-ci dünya müharibəsində faşistlərə qarşı vuruşan müttəfiqlərin (ABŞ, Britaniya və Fransa) ordusunun Baş komandanı olub. Amma bu gün dünyadan gedənləri də xatırlamaq lazımdır, insafsızlıq etməyək. 2010-cu ilin bu günündə dünyaşöhrətli fransız riyaziyyatçı, fraktal cəbrin banisi Benua Maldelbrot dünyasını dəyişib.
15 oktyabr. Sinə xərçəngi ilə ümumdünya mübarizə günü
44 ölkədə rəsmən qeyd edilən bu gündə sözügedən xəstəlik barədə maarifləndirici söhbətlər aparılır, cəmiyyətin diqqəti sinə xərçəngi ilə bağlı erkən diaqnostikaya yönəldilir ki, yalnız bu halda xəstəliklə mübarizə aparmaq mümkün olur. Süd vəzi xərçəngi qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür, yaşı 40-a yaxınlaşan qadınlar risk qrupunu təşkil edirlər. O da var ki, bu gün dünya əhalisinin 90 faizi xərçəng, diabet və ürək xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərdən vəfat edirlər.
Allah bütün xəstələrə şəfa versin.
15 oktyabr. Ümumdünya əlyuma günü
Çox qəribə bir gündür. Əlyumaya nə ayrıca gün? Bu ki gündəlik məişətin ən elementar normasıdır? Amma əmma var, söhbət valideynlərin uşaqlarda əlyuma vərdişini oyatmasından gedir. Bu günü də BMT-nin YUNİSEF adlanan uşaq fondu təsis edib. Ekspertlərin fikrincə, çirkli əllər Asiya və Afrikada yüksək uşaq ölümü faizinin əsas şərtləridir. Çirkli əllərlə orqanizmə vəba, virus pnevmaniyası, hepatit, qrip və ağır respirativ xəstəliklər keçir.
Və əlavəsi. Mütəxəssislər bildirir ki, ümumən, planet əhalisinin özünü idarə edən zümrəsinin cəmi 67 faizi əlini yuyur, əl yumayan 33 faiz ya bunun üçün normal şəraitə malik olmur, ya da əlyumanın məğzini, anlamını bilmir. Bəli, təsəvvür edin ki, belələri də var.
15 oktyabr. Ümumdünya tələbə günü
Əziz tələbələr, bu gün sizin gününüzdür, təbriklərimizi qəbul edin. İlkin olaraq bu bayram Hindistanda, çox uzun adı və soyadı olan ( 9 sözdən birincisi Avul, sonuncusu Maraykayyar) şəxsin – hind alimi və dövlət xadiminin, 2002-2007-ci illərdə ölkə prezidenti olmuş ziyalının doğum gününün şərəfinə qeyd edilirmiş. 2010-cu ildə BMT qərara gəldi ki, qoy bu günü tək Hindistanda deyil, bütün dünyada qeyd etsinlər. Uzunadlı-soyadlı şəxsin dünya təhsilinin inkişafında, demək ki, xidmətləri böyük imiş. Yeri gəlmişkən, təqvimdə Beynəlxalq tələbə günü də var ki, həmin tarix 17 noyabrdır.
Qoy tələbələr bu günü bayram etsinlər, adi günlərdə bir dönər, burger, yaxud hot-doqla dolanırdılarsa bu gün ən azı bu fəst-fud sayını ikiyə qaldırsınlar. Tələbəlik həyatını artıq keçmiş bizlər isə məşhur mahnını zümzümə edək:
Sızlar yada düşəndə ürəyimin telləri \ O mehriban, o əziz tələbəlik illəri.
15 oktyabr. Beynəlxalq kənd qadını günü.
Kəndlərimizdəki qadınlar şəhər qadınlarına nisbətən daha zəhmətkeşdirlər. Niyə? Çünki şəhərdəkilərin yalnız ev qayğıları olduğu halda onların əlavə çöl qayğıları da var. Mal-qaraya, toyuq-cücəyə qulluq, bağ-bostan işləri onların bütün saatlarını əllərindən alır. Üstəlik ev işləri, uşaq tərbiyəsi... Odur ki, bu zəhmətkeş insanları təbrik etmək borcumuzdur. Kənd qadını şəhər qadınına xas ütülü-sığallı həyatdan məhrumdur. Gözəllik salonları, kosmetoloqlar, masajlar, epilyasiyalı, boteksli prosedurlar onlara yaddır, inək sağ, toyuğa dən ver, təzək təmizlə - bu da onların məşğuliyyətləridir. Amma aqillər deyir ki, şəhər həyatının, sivilizasiyanın ahəngindən uzaq qalan bu insanlar həm də saf, qeyri-riyakar qalırlar, təsəvvür edirsinizmi?
15 oktyabr. Pələng günü
Heyvanlar arasında gücün simvolu. Pələng zəhmli və qorxunc olmaqla yanaşı, onda həm də bir ağayanalıq hiss olunur, deyilmi?
Bütün dünyada təbiətdə təxminən 4000-ə qədər pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar, yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır. 100 il əvvələ qədər Hindistanda, Çində, Türkiyədə, demək olar ki, bütün Asiya qitəsində yaşayan pələnglərə (onlara hədər yerə Asiya pələngi deyilmir) hazırda keçmiş ərazilərinin 93%-də ümumiyyətlə rast gəlinmir. Böyük pişiklər arasında yalnız pələng yaxşı üzgüçü sayılır. Pələnglər tez-tez su hövzələrində, göllərdə və çaylarda yuyunurlar. Adətən maral, çöldonuzu kimi iri heyvanlarla qidalanan bu canlılar bəzən daha kiçik heyvanları da ovlayırlar.
Pələnglərin ən qorxulu düşməni insandır. Pələnglər 8 növə bölünür ki, onlardan 3 növü artıq nəsli kəsilmiş hesab olunur. Baxın, onların sümükləri və əksər əzaları ənənəvi Çin təbabətində istifadə olunur, pələng orqanları ağrıkəsicidən afrodizyaklara qədər dəyişən tibb sahəsi üçün istifadə edilir. Qaçaq şəklində ovlanma və vəhşi təbiət mühitinin yox olması pələnglərin saylarını kəskin surətdə azaltmaqdadır. XX əsrin əvvəlində dünyada 10000-dən çox pələng varkən, 2016-cı ildə bu rəqəm 3890 olmuşdur. Pələng günü elan edildikdən və onların müdafiəsi zəruri tədbirlər sırasına keçəndən sonra son illər az da olsa pələng sayında artım qeydə alınmaqdadır.
Amma pələnglər barədə oxuyanda indiyə qədər əsla eşitmədiyim, ağlıma belə sığışdırmadığım bir gerçəklikdən də agah oldum. Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da, sən demə, bir o qədər ehtiyatlı və qorxaq imiş. Öz şikarının üstünə 6–7 metr məsafədən və 3 metr hündürlükdən də atıla bilən pələng güclü pəncəsi ilə böyük maralı və sığını da öldürə bilir. Amma ov müqavimət göstərəndə pələng çəkinərək əksər halda onu buraxıb çıxıb gedir. Hətta belə.
15 oktyabr. Dahi Nitşenin doğulduğu gün
Lap körpə ikən ölən və doğulmamış ölən körpələrin xatirə günü. Ağrılı mövzudur. Üzərində çox da dayanmayaq. Ada-Lavleys günü. Bu bir qadındır, Britaniya riyaziyyatçısıdır, ilk proqramçılardan biridir. 1815-ci ildə dünyaya gəlib. Adına belə bir günün təsis edilməsi onun hesablama maşınları və proqramlaşdırma sahələrində gördüyü titanik əməyə görədir. Çilidə baba-nənə günüdür, Braziliyada müəllim, Tunisdə evakuasiya, Şri-Lankada yaşıllaşdırma, Kambocada Kral-ata, Burkina-Fasoda 1987-ci il çevrilişinin ildönümü. O ki qaldı Amerikaya, bu gün amerikalıları mətbəxə, ordan da süfrə arxasına Milli göbələk günü aparacaq. Qonşudan qalma dala deməyiblərmi? Kanadalılar da bu gün Milli şaurma gününü qeyd edəcəklər. Gürcülərin də bu gün əhəmiyyətli bir bayramı var. Rtveli günü. Bu, qədim üzümyığma bayramıdır ki, 8 min illik bir ənənəni bayram etməyə hesablanıb.
Və bir də, bu gün Fridrix Nitşenin – dahi alman filosofunun doğulduğu gündür. 1900-cü ildə dünyaya gözünü açan bu şəxs “Həqiqətin ən qatı düşmənləri yalanlar yox, inamlardır” söyləmişdir.
“İnamsızlıq, dünya üzərində heç vaxt olmamış, görünməmiş bir inamsızlıq, hər şeyə və hər kəsə qarşı şübhə! Həqiqətə çatmağın yeganə yolu budur. Gərək sağ göz sol gözə etibar eləməsin və bir müddət işıq qatı qaranlığa qərq olsun. Bu sizin getməli olduğunuz yeganə yoldur... Siz həmin yolun üstündə xırdaca, bərkimiş buğda dənləri görəcəksiniz. - bunlar həqiqətlərdir: on illər boyu acından ölməmək üçün ovuc-ovuc yalanla qidalanmalı olacaqsınız və bunların heç birinin yalan olduğunu bilməyəcəksiniz.” Bunlar da Nitşenin sözləridir. Əlbəttə, sosializm quruluşunda bizlərə bu kəlam yanlış və mənasız görünürdü, amma kapitalizm quruluşunu gördükdə anladıq ki, dahi alman sərraf dəqiqliyi ilə düzüb sözlərini.
16 oktyabr. Görkəmli bəstəkar Ramiz Mustafayevin 95 illiyi
Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabr ayının 16-da Türkmənistan Respublikasının Cərcou şəhərində anadan olub. Bir il sonra ailəsi Bakıya köçüb. Uşaq yaşlarından teatra böyük həvəs göstərən Ramiz Mustafayev 15 yaşına qədər müxtəlif özfəaliyyət dram dərnəklərində fəal iştirak edib. 1941-ci ildə Bakı teatr texnikumunun aktyorluq şöbəsinə daxil olub, əvvəl Gənc Tamaşaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyorluq edib. Vokal sənətinə olan həvəsi onu 1948-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib, burada professor Bülbülün vokal sinfində sənətin sirlərinə yiyələnib. Ardınca bəstəkarlığın da sirlərinə yiyələnib. Seçimi elə bəstəkarlıq olaraq da qalıb. 50 ildən artıq yaradıcılığı dövründə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. O, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya yazıb, 500-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnılarının xor üçün işləmələrinin müəllifi olub. Bəstəkarın ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış “Vaqif” operası sayılır. Bu operaya görə bəstəkar 1962-ci ildə Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində laureat adını qazanıb.
Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Ramiz Mustafayev 2008-ci il aprel ayının 10-da Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!
16 oktyabr. Ümumdünya anestezioloq günü
Ağrıya qarşı hamı həssasdır. Ən mürəkkəb tibbi müdaxilələrdə “narkoz” deyə tanıdığımız anestezioloji preparat ağrının şiddətini azaldaraq, yaxud tam kəsərək bizim bu müdaxilələrə tab gətirməyimizə yardımçı olur. Bu prosesi icra edən mütəxəssislər anestezioloqlardır ki bu gün də onların günüdür. Tarixin ilk belə mütəxəssisi qədim yunan təbibi və filosofu Dioskorid hesab olunur, o, eramızdan əvvəl 1-ci əsrdə Roma ordusunda təbiblik edərkən imperator Nerona məruzə edib ki, mandraqordan hazırlanmış yuxugətirici və ağrıkəsici məlhəmləri yaralı əsgərlərə içirdəndən sonra onların üzərində cərrahi əməliyyat aparmaq daha rahat və asan olur. 1846-cı ilin 16 oktyabrında isə amerikalı stomatoloq və cərrah Uilyam Morton ümumi narkoz düzəltmək üçün anesteziyadan ilk dəfə istifadəni publikaya göstərib.
Anestezioloqları təbrik etməyəkmi? Edək. Yetər ki onu da deyək ki, mədəniyyət xadimləri də cəmiyyətin anestezioloqlarıdır, onlar ədəbiyyat, musiqi, kino kimi janrlarla mənəvi insan ağrılarını keyləşdirməyə borcludurlar. Keyləşdirə bilirlərmi, bax bu ayrıca söhbətin mövzusudur.
16 oktyabr. Ümumdünya sağlam qidalanmaq günü
Həmən bu gün fəst-fud yeməkdən, qazlı şirin içkilər içməkdən, tütün və alkoqoldan uzaq durun. Bircə günsə bunu edin. Süfrələrdən uzaq düşmüş təbii ərzaq düzün süfrəyə. Nehrə yağı, camış qaymağı, şanı balı, kənd yumurtası, xaş-xaşlı şor yeyin səhər-səhər, günortaya unudulmuş dədə-baba yeməklərindən hazırladın, məsələn, birinciyə əvəlikli isti. İkinciyə səbzi-qovurma. Üstündən təzə sıxılmış nar, yaxud üzüm çirəsi için. Bəh-bəh. Şam yeməyinə də bir cam camış qatığı ilə təzə inək südünü qarışdırıb təzə təndir çörəyi ilə birlikdə doğramac edib gözünüzə təpin. Bundan sağlam qidanı ağlınıza belə gətirməyin. (Bunları əldə etməyin göydən ulduz qoparmaq qədər çətin olduğunu üzümə vurmayın, siz öz canınız).
16 oktyabr. “Sonuncu mogikan”
Ümumdünya ərzaq günüdür həm də bu gün. Soyuducusu ərzağa tamarzı insanlara yetər ki, bir-iki ərzaq alıb verəsiniz. Şef günüdür. Müdirləri təbrik etmək təvəqqe olunur. Bunu etməsəniz də olar. Əksər müdirlər onsuz da tabeçiliklərində olan işçilərinin hüquqlarını pozub özləri üçün cənnəti bu dünyada təmin edirlər. Allerqoloq günü. Pis bəladır, Allah qorusun sizi, allerqoloqlara işiniz düşməsin. Mən burdaca sizə bu mərəzin ən ağlagəlməz növü barədə danışmaq istəyirəm. Çiyələkdən, sitrusdan, göbələkdən allergiyası olanlar var, tozdan, günəşdən allergiyası olanlar var. Deməzsənmiş, pul əskinaslarından da allergiya mümkündür. Adam var ki, əli pula toxunanda bədəni səpib alışıb-yanır. Mən bu mövzuda bir hekayə də yazmışam, “Sonuncu mogikan” adlanır. İnternetdə adını yazsanız çıxacaq, oxuya bilərsiniz. Ümumdünya onurğa günüdür. Onurğanızı qoruyun mütləq. Evsiz pişiklər günüdür. Rastınıza çıxan küçə pişiklərinə bir şey verin yesinlər. Bədnam qonşularımızda mətbuat günüdür. Qaraya ağ, ağa qara yazmaq üzrə ixtisaslaşmış erməni mətbuatı bu gün ən böyük yalançıları mükafatlandıracaq. ABŞ bəs neynəyəcək? Milli likyör gününü qeyd edəcək. Vur ki vurasan.
17 oktyabr. Füzuli rayonunun işğaldan azad edilməsi
Tariximizin daha bir şərəfli səhifəsi. 1993-cü ildən Füzuli rayonunun ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə yenidən təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Təsəvvür edin ki, bu Qaryagin rus polkovniki imiş, İranla müharibədə nə qədər azərbaycanlı öldürübmüş. 1959-cu ilin aprelində milli hisslər dilə gəlmişdir, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin adı dəyişərək Füzuli olmuşdur. Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu həm də qədim tariximizin sübutu məkanıdır. 1968-ci ilin yayında Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş, yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid verən Füzuli rayonunun əhalisi olmuşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Azərbaycan ordusunun 1994-cü ilin yanvar ayının 5-də başladığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr 2020-ci il Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr 2020-ci ildə Arış kəndi, 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu. Yaşasın Azərbaycan ordusu!
17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin 85 illiyi
Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.
Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!
17 oktyabr. Yoxsulluqla mübarizə günü
İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!
17 oktyabr. Streyt-ədj günü
Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!
17 oktyabr. Frederik Şopen sevgisi
Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü. Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.
1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.
Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.
18 oktyabr. Azərbaycanın Dövlət Müstəqilliyi Günü
Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başlamış, 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verilmiş və Sovetlər Birliyi dünya xəritəsindən silinmişdir. Digər müttəfiq respublikalar kimi, həmin il oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etmiş və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olmuşdur.
Gəlin tarixi xatırlayaq. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri - ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, 1991-ci il dekabrın 11-də Rumıniya, 1991-ci il dekabrın 13-də Pakistan, 1991-ci il dekabrın 23-də İsveçrə, 1991-ci il dekabrın 25-də İran, 1992-ci il yanvarın 23-də ABŞ, 1992-ci il aprelin 10-da Rusiya və b. dövlətlər tanıdılar. 2 mart 1992-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlanıldı. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
18 oktyabr. Müsəlman mövludu günü
İslam dünyasında müsəlman Hicri-qəməri təqviminin hər 3-cü ayının 12-ci günü Mövlud günü - Məhəmməd peyğəmbərin doğulduğu gün qeyd edilir. Bu il həmin gün 18 oktyabra təsadüf edir. Həqiqətən də dövrünün ən böyük dühalarından olan Məhəmməd peyğəmbərdən “Quran” kitabı, eləcə də dillər-əzbəri olmuş, zərb-məsələ çevrilmiş minlərcə cümlələr miras qalmışdır. Bu gün onlardan bir parasını niyə də xatırlamayaq?
Beşikdən qəbrədək elm axtarışında olun;Behişt anaların ayaqları altındadır;Ayaqlar baş olanda, başlar ayaq altında qalar;Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər;Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir;Ədəbi olmayanın ağlı da olmaz;Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir;İçki insana xas olan bütün çirkin əməllər və günahlar saxlanılan anbarın açarıdır;Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir;Uşaqlar ata-analarından daha çox zəmanələrinə oxşayırlar;Səni şübhəyə salan hər nə varsa, tərk et;Özünə inanan adam qılınc ilə də savaşar, dil ilə də.
Və ən nəhayət, xüsusən dövrümüzlə çox səsləşən bir aforizm: Həqiqət acı olsa da danış!
18 oktyabr. İnsan alveri ilə mübarizədə Avropa günü
İnsan alveri hazırda aktual mövzudur əlbəttə. Ona görə də bu günün sıradan gün olmaması dəqiqdir. İnsan alveri deyəndə, burada uşaqların qul kimi zorakı əməyə cəlb edilməsi, qadınlarınsa fahişəliyə məcbur edilməsi əsas sırada dayanır. İstəsəniz, sizə bu mövzuda maraqlı roman deyərəm, oxuyarsınız. Elçin Səfərli: “Dönüşü olmayan gediş”. Zorən fahişəliyə cəlb edilib Türkiyəyə aparılan bir rus qadının həyatı təsirli boyalarla əks etdirilib.
18 oktyabr. Beynəlxalq qadın xoşbəxtliyi günü
Karin Rokindin 2017-ci ildəki təşəbbüsü nəticəsində təqvimə salınan bu gün qadınlardakı depressiya epidemiyasına qarşı yönəlib. Qadınları depressiyaya nə salır? Ən çox yaşlaşmaq, üzdə qırışların peyda olması. Sonra kökəlmək, artıq çəkidən bədən fiqurunun pozulması. Sonra isə yaşadıqları stresslər, əsəb gərginlikləri.
Deyirlər ki, xoşbəxtliyin cəmi bir adı var, amma bu belə deyil, hər bir qadınçün xoşbəxtlik anlamı özünəməxsus bir nəsnədir. Bir qadını yaxşı həyat yoldaşı, birini əsl sevgi, birini ağıllı övladlar, birini var-dövlət, birini uğurlu karyera, birini yaxşı rəfiqələri, birini öz bədən quruluşu, birini öz sima gözəlliyi, birini eqosu xoşbəxt edir. Dinclikdən, sakitçilikdən xoşbəxt olan qadınlar yoxdurmu, var. Hobbiləri olan məşğuliyyətdən xoşbəxt olanlar necə? Belələri də var. İnanın ki, hətta ekstrimdən də xoşbəxt olanlar az deyil. Nə isə. Çox uzatmayaq, qadınlara bir ağızdan xoşbəxtlik arzulayaq.
18 oktyabr. Böyük alım Niftalı Qocayevin 85 illiyi
Niftalı Qocayev ilk azərbaycanlı biofizik alimdir. 400-dən çox məqalənin, 16 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olan N.Qocayev beynəlxalq simpozium və konfranslarda 52 məruzə (onlardan 12-si Plenar məruzələrdir) ilə çıxış etmişdir. N.Qocayev Azərbaycan SSR Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranın Fizika və astronomiya seksiyasının sədri (1980-1984), Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri (1989-1993) vəzifələrində işləmişdir. Onun təşəbbüsü ilə 1997-ci ildə yaradılmış Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin prezidenti seçmişdir. Niftalı Qocayev Türkiyədə-Ərzurum Atatürk və İstanbul Universitetlərində professor vəzifəsində çalışaraq yüksək səviyyədə elmi pedaqoji-fəaliyyət göstərmişdir. Onun elmi rəhbərliyi ilə 30 elmlər doktoru və elmlər namizədi müdafiə etmişdir. Əsasən Amerika və Avropada nəşr olunan mötəbər elmi jurnallarda (İnt.J. Peptide and Protein Res., J.Mol. Struct., Protein and Peptide Letters, v.s.) nəşr olunan və Beynəlxalq Konfranslarda məruzə olunan 376 elmi əsərin, müxtəlif ölkələrdə nəşr olunmuş 15 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir bu şəxs. “American Biographical institute” tərəfindən 2 dəfə “American Medal of Honor” medalı ilə mükafatlandırılmışdır. N.M.Qocayev keçmiş SSRİ universitetləri üçün fizika üzrə dərslik (Оптика, Москва, Из-во Высшая Школа) yazmış yeganə azərbaycanlıdır. Onun dəfələrlə yenidən nəşr olunmuş çoxcildli “Ümumi fizika kursu”, həmçinin Türkiyədə nəşr olunmuş “Temel Moleküler Fizik”, “Optik”, 2 cilddən ibarət “Molekülün Yapısı ve özellikler” dərslikləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, tələbələr tərəfindən geniş istifadə olunur. Allah böyük alimimizə ömür versin.
18 oktyabr. İlk tranzistorlu radioqəbuledici və ilk komikslər
Alyaska günü. 1867-ci ildə Alyaskanın ruslardan alınıb amerikalılara verilməsi şərəfinə qeyd edilən bir gündür. Saqqalsızlıq günü. Hamıdan təvəqqe olunur ki, bu gün ictimaiyyət qarşısına saqqalsız çıxsınlar. Xorvatiyada qalstuksuzluq günü. Qalstuk taxanı hamılıqla hoydu-hoyduya götürürlər xorvatlar bu gün. Kanadada insanlar günü. Necə deyirlər bir məsəldə? Adam olmaq asandır, insan olmaq çətin. İtsax Rabinin xatirə günü. Yəhudilər öz məşhur dövlət xadimlərini bu gün anacaqlar. Polşalılar Poçtalyon gününü qeyd edəcəklər. (Görəsən onların da Novruzəliləri olubmu?) ABŞ isə şokoladlı keks gününü qeyd edəcək.
1967-ci ildə ilk dəfə SSRİ kosmonavtları Venera planetinə uçuş etmişlər. 1954-cü ildə Amerikada ilk tranzistorlu radioqəbuledici istismara buraxılıb, markası da “Texas İnstruments” olub. 1929-cu ildə Kanada qanunvericiliyi qadınların da insan sayılmasını qəbul edib. Təsəvvür edin ki, o vaxta qədər zavallı qadınlar insan hesab edilmirmişlər. 1896-cı ildə “Nyu-York Jornal”da ilk komikslər peyda olub. 1775-ci ildə Afrika amerikalısı olan şair Filips Uitli həmyerliləri arasında ilk olaraq qul olmaqdan azad edilib, kişiyə şairliyinə görə güzəşt ediblər.
19 oktyabr. “Öz həyatınınzı qiymətləndirin” günü
Hər kəs bir cür yaşayır, amma öz həyatımıza qiymət verərkən sankı pessimist və optimist olaraq iki yerə bölünməyimiz öz sözünü deyir. Hətta əla yaşayan pessimist belə narazılıq edir, pis gündə yaşayan optimist isə əla yaşadığını dilə gətirir. Bu da insanların öz həyatlarına obyektiv qiymət verməsini əngəlləyir.
Realda insanlar arzuladıqları kimi ömür sürə bilmirlər amma. Xüsusən onları məişət problemlərinin girdabına atan hakimiyyətlər ağ günlərini qara etməklə bir dəfə yaşanan həyatdan doyunca zövq almalarına imkan vermirlər. Yadıma bir rus lətifəsi düşdü:
Bir dəfə Mənzil İstismar Kontorunun əməkdaşı gəlib bir mənzilin qapısını döyür, soruşur, Sidorov burda yaşayır? Qapını açan deyir, yox. Ertəsi gün həmin əhvalat yenidən təkrarlanır, qapını açan kəs Sidorovun bu mənzildə yaşamadığını bildirir. Üçüncü dəfədə əməkdaş dəqiqləşdirmə aparıb fotoşəkillərinə də baxdıqdan sonra tam əminliklə həmin mənzilə gəlib yenidən qapını döyür. Növbəti “Sidorov bu mənzildə yaşayır” sualına qapını açan “yox” cavabı verəndə əməkdaş onun üstünə bozarır;
-Vətəndaş, siz niyə yalan danışırsız? Siz Sidorov deyisiz ki?
Deyir, Sidorovam.
-Bəs niyə soruşanda ki, Sidorov bu mənzildə yaşayır, deyirsiniz yox?
-Məgər bu yaşamaqdır?
19 oktyabr. Napoleonun qara günü
Bu gün farmasept və aptek işçiləri günüdür. Allah bizimkilərə insaf versin. Böyük Britaniyada elm bayramıdır, Oksfordşir günüdür, Oksford universitetinin yaradıcısı Müqəddəs Fridesvidin doğum günü şərəfinə bir gündür. Bədxah qonşularımız bu dəfə də raket-artilleriya qoşunları gününü qeyd edirlər. Ayə, qoymayın, üstümə İrasim gəlir. O ki qaldı ABŞ-a, onlarda bu gün Milli dəniz məhsulları ilə hazırlanan biskvit günüdür. Nuşi can.
1947-ci ilin bu günündə Ukrayna xalqı ağır bir gün keçirib, “satqın benderlər” adı altında 150 min ukraynalı Sibirə sürgün edilib. 1943-cü ildə Albert Şvarts streptomisin adlı məşhur antibiotiki kəşf edib. Fransız sərkərdəsi Napoleon Bonapart üçün 19 oktyabr xüsusən ağır gün olub. 1812-ci ilin bu günündə onun ordusu əlində saxladığı Moskvanı tərk etməli olub, 1813-cü ilin bu günündə isə onun ordusu Leypsiq altında “xalqlar döyüşü”nü uduzub.
20 oktyabr. Zəngilan rayonunun işğaldan azad edilməsi günü
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. “Zəngilan şəhəri” dedikdə əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Zəngilan şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi və ermənilər onu doğrayaraq xarici ölkələrə satmışlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilmişdir.
Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər, 2 hektara yaxın ərazidəki çoxillik qoz, çinar və şam ağaclarını məhv ediblər. Daş-başı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınıb və ərazi yandırılıb.
Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Var olsun Müzəffər Ordumuz!
20 oktyabr. Ümumdünya statistika günü
Statistika hamı üçün ən ümdə mövzudur. Üstəlik, Bakıda statistika idarəsinin adını hamı “Sataistikanın kruqu” deyilən ərazi ilə tanıyır. Amma statistiklərimiz düzgün statistika aparırlarmı? Əksər hallarda yox. Statistika bəzən pripiskaya qurban gedir. Sifarişli statistika cəmiyyətin ən böyük bəlasıdır. Bu sovetdənqalma bir ənənədir, digər MDB dövlətlərinə də xasdır.
20 oktyabr. Beynəlxalq aşpaz və kulinar günü
Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir.Azərbaycan mətbəxi ənənələri xalqımızın dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycan, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, GürcüstanınBorçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılıb. Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxi maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi mətbəx mədəniyyəti tarixini, onun fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəxin fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası və s. cəhətləri, eləcə də təcrübi amilləri özündə birləşdirir. Gəlin xatırlayaq: İrəvan kətəsi, Quba paxlavası, Bakı düşbərəsi, Şəki pitisi, Naxçıvan qovurması, Gəncə dovğası, Corat qutabı, Qax sürhüllüsü, Qazax xəngəli, talış ləvəngisi, ləzgi çörəyi... və daha nələr, daha nələr...
Bu gün mətbəximizin ənənələrini şərəflə daşıyan bütün aşpaz və kulinarları təbrik edək, xüsusi təbrik isə Tahir Əmiraslanova düşür, mətbəximizin dünyada bir nömrəli təmsilçisinə və təbliğatçısına.
20 oktyabr. Rey Bredberi və Səttarxan
Beynəlxalq aviadispeçer günü. Bu sahədə çalışanları təbrik edirik. Beynəlxalq pediatriya günü. Bu sahədə çalışanları da həmçinin. Bəhailər Bab gününü qeyd edəcəklər. CAR Daun sindromlularının gününü. Qvatemala inqilab, Çexiya ağacəkmə, Keniya qəhrəmanlar, Vyetnam qadınlar gününü qeyd edəcək. ABŞ isə vədinə xilaf çıxmadan mətbəx bayramlarını bu gün də bir-birinə calayacaq. Milli ofis şokoladı günü. Üstəlik, milli meyvəli brendi günü.
2011-ci ilin bu günündə Liviya lideri Müəmmər Kaddafi dünyasını dəyişib. 1978-ci ilin bu günündə “Kim, nə, harada” oyununun tarixə düşmüş məşhur iştirakçılarından biri, İctimai Televiziyanın rəhbəri Balakişi Qasımov dünyaya gəlib. 1953-cü ilin bu günündə dünyada ən çox oxunan kitablar cərgəsində yer almış Rey Bredberinin “Farenqeyt üzrə 451 dərəcə” kitabı – bir antiutopiya nümunəsi işıq üzü görüb. 1945-ci ildə Fransada qadınlara seçki hüququ verilib. 1924-cü ildə Xarkovda Ukraynanın ilk radiosu işə başlayıb. 1868-ci ildə ən böyük azərbaycanlılar sırasında yer alan Səttarxan – İranda Azərbaycan hərəkatının görkəmli lideri, Məşrutə inqilabının görkəmli xadimi, xalq qəhrəmanı dünyaya gəlib. 1854-cü ildə fransız simvolist şairi Artyür Rembo doğulub.
20 oktyabrın şeir payı
Bir qədər kədər, niskil, bir qədər tərkidünyalıq. Dərddən usanıb baş götürüb dərdsizliyə getmək istəyi. Əsil bu payız ovqatına köklənmiş misralar. Onları Əlizadə Nuri yazıb. Qosqoca kədərlə qol-boyun olan gözəl şairimiz.
Bir qız kəsə qabağını,
O ağlaya, yol ağlaya.
Gedəsən batan günəşi
Soraqlaya-soraqlaya.
Yoluna bir ada çıxa,
Heç kəs düşməyə yadına.
Yorulanda baş qoyasan
Bir qağayı qanadına.
Sebastyan Kurts
Avstriyanın kansleri Sebastyan Kurts istefa verdiyini bəyan etdi. Onun barəsində korrupsiya faktları açıqlanıbmış.
(Foto: Reuters)