Super User
«Uğur» nədir? Uğur simvolları hansılardır?
“Ədəbiyyat və incəsənət” portalında mən - Əlibala Məhərrəmzadə hər dəfə “Ev tapşırığı. Uğur düstürünü tapmalı” kitabımdan maraqlı zənn etdiyim, diqqət cəlb edən hissələri oxucuların ixtiyarına verəcəyəm.. Bu dəfə “Uğur nədir” sualına cavab axtaracaq, dünya mütəfəkkirlərinin “uğur” barədə dedikləri aforizmlərlə tanış olacaqsınız.
«Uğur» anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə dədə-baba deyimi var, onu söyləyirik: «Uğurlar olsun!» Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımız uğurumuzdur. Və bütün uğur qazanmaq düsturları eyni strategiya uzrə müəyyənləşir: arzu-məqsəd-planlaşdırma-hərəkət-nəticə.
«Uğur» ümumən hamı üçün eyni məna kəsb edirsə bu mənanı hərə öz subyektiv istəkləri ilə məzmuna gətirir. Kiminçunsə uğur vəzifə, nüfuz, ad-sandır, kiminçünsə hədsiz var-dövlətdir, kiminçünsə sevgi qovuşuğu, uğurlu ailədir, kiminçünsə yarış qalibiyyətidir.
Ümumən isə bütün dillərin lüğət tərkibində «uğur» sözünün mənası təxminən bu cür izah edilir: insan həyatında gözlənilməkdə olan, arzulanan bu və ya digər prosesin, hadisənin pozitiv notlarla yekunlaşması, məqsədə çatma! Və əksər dillərdə «uğur» sözü həm də «bəxtigətirmə» sözünün sinonimi kimi də işlənir. Bu zaman isə o, hər hansı təsadüfi, öncədən gözlənilmədən bir müvəffəqiyyətə nail olmanı nəzərdə tutur («Bəxtigətirmə»nin ən bariz nümunəsi lotereya uduşları hesab oluna bilər).
İndiyə qədər neçə-neçə yazıçı romanına, rejissor filminə «Uğur» adını qoyub (İtalyan kinorejissor Dino Rizi 1963-cü ildə, sovet kinorejissoru Konstantin Xudyakov 1984-cü ildə çəkdikləri filmlərə, alman yazıçısı Lion Feyxtvanger 1930-cu ildə yazdığı romana bu adı qoyublar).
Bir kəlmə ilə desək, bütün şüurlu həyatlarını uğur qazanmağa kökləyən insanlar, heç də təsadüfi deyil ki, özlərinə uğur simvolları, müxtəlif talismanlar da seçirlər. Məsələn, Qərbdəki bəzi ənənəvi uğur simvollarına nəzər yetirək: yonca bitkisi, parabüzən həşəratı, bacatəmizləyən... Xüsusən , «bacatəmizləyən» maraqlı seçimdir, deyilmi? Əgər insan çox vacib bir işinin ardınca yollananda «bacatəmizləyənlə» (peç borularını, kaminləri, qazanxanaları, ventilyasiya sistemlərini yoxlayan və təmizləyən mütəxəssislə) rastlaşarsa, demək, onun uğur qazanacağı təmin olunub. Hətta almanlar, avstriyalılar, polyaklar, danimarkalılar bacatəmizləyənin əksi həkk olunmuş əşyaları bir-birilərinə hədiyyə də edirlər.
Dördyarpaqlı yonca dünyada ən geniş yayılmış uğur simvoludur. İnanclara görə, kim bu bitki növü ilə rastlaşırsa, onu həyatda böyük uğurlar gözləyir. Gərək, bu yoncanın yarpağını qurudub həmişə üstündə gəzdirəsən. O, səni mənfiliklərdən, bəd nəzərlərdən qoruyacaq, yaxşı nə varsa hamısını maqnit kimi çəkib sənə doğru gətirəcək.
Siz təsəvvür edin ki, irlandlar dördyarpaqlı yoncanı (shamrock adlandırırlar) öz milli simvolları elan ediblər!
Parabüzən tapmaq da Qərb xalqlarında çox yaxşı əlamət hesab olunur, bu da, əsasən, miflərlə və ayinlərlə bağlıdır. Belə ki, miflərə görə, bu həşərat səmalarda yaşayır, yalnız istisna hallarda yerə enib Tanrının iradəsini yerdəkilərə çatdırır. Üstünə parabüzən qonmuş holland, yaxud parabüzənlə rastlaşmış çex qədər xoşbəxt adam görə bilərsinizmi? Fransızlar isə uşaqlarına parabüzənin rəsmi həkk edilmiş amulet verərək onların xata-baladan hifz olunacaqlarına inanırlar.
Təsadüfi deyil ki, ruslar bu həşərata Tanrı inəyi adı veribllər. İngilisdilli ölkələrdə o, Müqəddəs Məryəmə işarə ilə Lady adlandırılır, almanlar ona «Tanrı şamı», bolqarlar «Tanrının gözəli» deyirlər. Digər Avropa xalqları da ona «Mariya (Məryəm) böcəyi», «Müqəddəs Məryəm quşu», «Tanrı heyvanı» kimi adlar veriblər. Parabüzənin əksi olan talisman, xurafata görə, həmişə uğur gətirir. Xüsusən, kürəyində yeddi qara xal olan parabüzən əbədi uğur və xoşbəxtlik rəmzi sayılır.
Başqa bir populyar uğur simvolu nal hesab olunur. Özü də nal tək Qərbin yox, həm də Şərqin uğur simvoludur.
Uğur və xoşbəxtlik gətirən naldan söhbət gedirsə, onu satın almaq olmaz, onu mütləq yerdən tapmalısan. Özü də o, mütləq metal olmalıdır. Başqa bir şərt nalı ucluqları yuxarı, yaxud aşağı asmaq məsələsidir ki, buna da iki baxış var. Şərqdə, Latın Amerikasında və Avropada nalı ucluqları aşağı asmaq dəbdir, bu, uğurun və xoşbəxtliyin sənə doğru axması deməkdir. Əksinə, ingilislər və irlandlar isə nalı ucluqları yuxarı asırlar ki, uğur və xoşbəxtlik dağılmasın, axıb getməsin.
Çində uğur, bolluq rəmzi qızıl balıq hesab olunur. Çin ailələrində içində səkkiz qızılı rəngli (qırmızı da olar) və bir qara balıq olan akvariumlara gen-bol rast gələrsən.
Uzaq Şərqin başqa bir uğur simvolu ağzında qızıl sikkə saxlayan üçayaqlı qurbağadır. Bu simvolu var-dövlət simvolu da hesab edirlər. İnanca görə, bu varlıq bir vaxtlar şər qüvvələrə aid imiş, amma Budda onu ram edərək insanlara xidmətə məcbur edib və o, insanlar üçün ağzından qızıl sikkələr ifraz etməyə başlayıb.
Amerikalının ilk qazandığı pul əskinası uğur simvolu hesab olunduğundan həmin əskinas xərclənmədən saxlanılır. Yaponlarda bir ayağını qaldırmış Maneki-pekuo adlanqırdıqları pişik fiquru uğur rəmzidir. İtalyanlarda uğur rəmzi açardır.
Müxtəlif xalqlarda xrizantema çiçəyi, yarasa da uğur simvolu hesab olunur.
Geniş yayılmış uğur simvollarından başqa, uğur əlamətlərinə, ayinlərinə də rast gəlmək olar ki, müxtəlif xalqlarda bu əlamətlər müxtəlifdir.
Biz azərbaycanlıların da çox maraqlı, özünəməxsus uğur əlamətləri var. Hər hansı bir işin dalınca gedərkən rastına ilk çıxan adamı sınayırsan, işin uğurlu alınırsa, həmin adamı «ayağı yüngül» adlandırır və növbəti dəfələrdə o rastına çıxarkən işinin uğurla nəticələnəcəyinə bir arxayınçılıq hiss edirsən. Bundan başqa, bizlərdə hər hansı bir işin dalınca gedəndə rastına əlində içi dolu qab, zənbil tutmuş adam çıxarsa, bu da uğura işarə hesab olunur.
Bizdə Uğur həm də insan adıdır. Xüsusən indi, XXI əsrin ilk yüzilliyinin əvvəllərində valideynlər böyük ümidlərlə oğlan uşaqlarının adlarını Uğur qoyurlar.
Uğurun gətirdiyi sevinc və xoşbəxtliyin müqabilində, təbii ki, onun antonimi olan uğursuzluq da məyusluq, kədər gətirir.
Kimsə işşizliyinə, kimsə cavabsız sevgisinə, kimsə maddi ehtiyacına, kimsə xəstəliyinə görə özünü uğursuz hesab edir (Təbii ki, uğursuzluq barədə də ayrıca danışacağıq).
Hətta bəzən uğur anlayışı ifrat dərəcəyədək bəsit forma da ala bilir. Mən hər gün məhəllədə bekarçılıqdan oynadığı domino oyununda qazandığı qalibiyyətlərə görə özünü ən uğurlu adam adlandıran məzmunsuz biveci də tanıyıram, hələ dünyaya gəlməyən nəvə-nəticəsinə aldığı mülkləri tam təmir edərək içlərini əşyalarla doldurmaq «uğuruna» imza atmasını bayram edən nadürüst harını da.
Amma bizim mövzu obyektimiz şişirdilmiş, təhrif olunmuş «uğur» deyil, mütləq anlamda tanıyıb dərk etdiyimiz adi, statistik «uğur»dur. O uğur ki, hamımız varlı, yaxud kasıb, kişi, yaxud qadın, yaşlı yoxsa cavan, savadlı, yoxsa savadsız olmağımızdan asılı olmayaraq ona doğru yürüyürük.
Bəs bu uğuru necə qazanmalı? Ona doğru ən kəsə və ən dürüst yolu necə tapmalı?
Kitabımız boyunca bu suala cavab axtarmağa çalışacağıq, əlbəttə ki.
Və bir də mütləq nəyi vurğulamaq istəyirəm?
Xaraktercə ətalətli adam deyiləm, həm elm adamı, həm biznesmen, həm auditor kimi həddən artıq gərgin iş qrafikim var. Bir yandan, ictimai xadim kimi də fəalam, ən müxtəlif, elmi, sosial, mədəni, media tədbirlərinə dəvət alır, hamısında iştirak etməyə çalışıram. Xeyriyyəçilik işləri də mənim həyatımda ayrılmaz yer tutur. Bəzən onlarca insanın bu və ya digər probleminə yardım etmək zorunda qalıram. Təbii ki, söhbət həm maddi yardımdan, həm də hüquqi, mənəvi yardımdan gedir. Mən gördüyüm işlər üçün heç vaxt mükafat, «çox sağ ol» gözləmirəm, bu, öz yerində. Demək istədiyim odur ki, yaxşı mütaliəm, keçdiyim zəngin və çoxşaxəli fəaliyyət yolum, həmişə aqil və ağsaqqal insanlardan nəsə öyrənmək istəyim məndə insanları motivasiya etmək bacarığı və vərdişləri yaradıb ki, bu vərdişlər get-gedə daha da təkmilləşir, daha effektiv olur. İllərdir ki, biliklərimi kitab halına gətirmək istəyim də buradan qaynaqlanıb.
42 ildə ən müxtəlif sahələrdə qazandığım nailiyyətlər mənim həm də uğurlu bir insan olmağıma dəlalət edir. Demək, öz uğur formulamı paylaşmaq, həyatın bu və ya digər mərhələlərində çətinliklərlə üzləşən, uğur tapmaqda, necə deyərlər, oxu daşa dəyən gənclərə nələrisə tövsiyə etmək, «nə edin» və «nə etməyin» söyləmək haqqına da malikəm. Bu, isə kitab yazmaq qərarımın digər bir tərəfidir.
Hələlik isə öz uğur formulumun qısaca olaraq məğzini söyləmək istəyirəm. Bunu, haradasa, mənim əsərimin rezyümesi də hesab etmək olar: usanmadan işləmək, qarşına məqsədlər qoymaq və yerinə yetirmək. Uğur – özlüyündə bir materialist anlayışdır. Zəhmətkeşliyinlə, məqsədyönlülüyünlə, biliyinlə, ətrafına yığdığın insanları motivə etmək bacarığınla yalnız və yalnız hədəfə doğru irəliləməlisən!
Uğur barədə söylənilən dəyərli fikirlər
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, kitabın başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.
Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər. Ç.Marden
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. J.Kopp
Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir. M.Qandi
Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan. J.Labrüer
İrəli getmək gözləməkdən yaxşıdır. M.K.Atatürk
İrəlini görməyən yerində sayır. R.Beyker
Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır. Budda
«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir. A.Düma
Uğur sağlam düşüncəli insanları sevir. Evripid
Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir. U.Feder
Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram. Q.Flober
İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar. H.Ford
Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək. K.Gebbel
İynəni tikməyi bacaran adama verirlər. A.Hoffman
Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma! C.Rumi
Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur. Xaq
Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır. A.Kamyu
Qələbənin ilkin şərti cəsarətdir. A.Kembell
Yalnız həyatın sirlərini bilən insanlar uğur qazana bilər. C.Kollenz
Kamalındır dövlətin, kamalına arxalan. N.Gəncəvi
Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar. H.Laski
Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir. A.Linkoln
Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik. Lukian
Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?» Naməlum
Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır. Naməlum
Uğur qazanmaq üçün böyük səbr tələb olunur. Napoleon
Uğur və sevgi cəsurların tərəfindədir. P.Ovidi
Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə. L.Piter
Hər bir insan öz uğurunun memarıdır. Q.Sallyusti
Təbiətə qalib gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır. M.Sksiro
Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan. Y.Simonis
İnsan həyatına müdriklik deyil, uğurlar yön verir. Siseron
Kiçik uğurlarınızla qürrələnməyin. Sokrat
Layiq olmadan qazanılan uğurlar narahatlıq doğurur. H.Spenser
Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar. C.Teylor
Rahat yaşamaq və uğur qazanmaq üçün səy göstərmək lazımdır. A.Tomas
İnsan uğur qazana bilməsə də, əgər o, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin. C.Vaşinqton
Kürək çəkməyi bacarana qayıqda həmişə yer tapılar. Afrika xalqları atalar sözü
Uğur qazanmaq üçün bir az da laqeyd olmaq lazımdır. Alman atalar sözü
Səndən hərəkət, məndən bərəkət. Azərbaycan atalar sözü
Uğurun yol yoldaşı nizam-intizamdır. Çin atalar sözü
Qələbə günü yorğunluq hiss olunmaz. Fars atalar sözü
Uğuru həzm edə bilmək uğursuzluğun başlanğıcıdır. İtalyan atalar sözü
İnsan heç vaxt uğurdan doymaz. Yunan atalar sözü
Məqsədə yaxınlaşmaq hələ onu əldə etmək demək deyil, çünki məqsədə bir addım qalmış, heç cür adlaya bilməyəcəyin uçuruma rast gələ bilərsən. L.Blanki
Məqsədi böyük olan iş böyük sayıla bilər. A.Çexov
Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq, hərəkətverici qüvvə lazımınca güclü olmayacaq və nəticədə siz öz məqsədinizə tam nail ola bilməyəcəksiniz. T.Drayzer
Məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görə bilmirsən. D.Didro.
Məqsədlərimizi gerçəkliyi nəzərə alaraq müəyyənləşdirməliyik. R.Emerson
Hər cür çətinlik qüvvəni artırır. C.Ferrari
İnsan öz qüvvəsinə inandığı vaxt istəyinə nail olur. L.Feyerbax
Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. E.Heminquey
Əldə edilməsi mümkün olmayan ali məqsədlər bizə əldə edə biləcəyimiz kiçik məqsədlərdən daha əzizdir. İ.Höte
Tərəqqi məqsəd, ideal isə nümunədir. V.Hüqo
Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər. V.İrvinq
Adam evdən çıxanda nə edəcəyi barədə fikirləşməli, evə gələndə isə nə etdiyi haqqında düşünməlidir. Kleovul
Uzaqgörən adam hər bir istəyi üçün dəqiq yer ayırmalı və sonra bunları ardıcıl surətdə həyata keçirməyə başlamalıdır. Bizim tamahkarlığımız çox vaxt bu ardıcıllığı pozur və eyni vaxtda bir neçə məqsəd güdməyə sövq edir, nəticədə biz əsas məqsədi nəzərdən qaçırırıq. F.Laroşfuko
Hətta ən astagəl adam da məqsədinin aydınlığını göz önündə saxlayırsa, onun işi məqsədsiz dolaşan adamlardan daha irəli gedir. K.Lessinq
İstədiyini əldə etmək və ondan lazım olduğu kimi bəhrələnmək ağıllı insanın başlıca hədəfidir. H.Makkey
Qarşınızda konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz. M.Monten
İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir. A.Morua
Hədəfi vurmaq üçün sərrastlıq deyil, cəsarət tələb olunur. Ş.Monteskyö
İdeal öz şəxsi «MƏN»ini həyata keçirmək deməkdir. C.Mur
İnsan bütün qüvvəsini hərəkətə gətirmək üçün özündən irəlidə onu ilhama gətirə biləcək hansısa nəcib məqsədi qoymalıdır. J.Renan
Məqsədsiz həyat taleyə boyun əyməkdir. N.Saymon
İdeal – yol göstərən ulduzdur. Onsuz dəqiq istiqamət yoxdur, istiqamət olmayanda isə həyat yoxdur. L.Tolstoy
İnsanın məqsədləri böyüdükcə, özü də böyüyür. F.Şiller
Məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir: küləyin səmti dəyişdikcə, onun da istiqaməti dəyişir. S.Smayls
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19130#sigProGalleria0b3b67ff53
Ən yaxşı motivə edən kitab
Moskvada, İSP nəşriyyatında rus və ingilis dillərində, eləcə də Bakıda OL nəşriyyatında Azərbaycan dilində yazıçı Əlibala Məhərrəmzadənin “Ev tapşırığı. Uğur düsturunu necə tapmalı” kitabı işıq üzü görmüşdür. Motivasiya ədəbiyyatı sevənlər üçün gözəl töhvə olan, rusca nəşri “Qilyarovski publisisti təqdim edir” seriyasında, ingiliscə nəşri “Beynəlxalq Nabokov mükafatı” seriyasında uzun siyahılara düşən, tanıtım listələrində “Motivasiyaya ehtiyacı olanları uğur və xoşbəxtlik axtarışlarına motivə edən kitab” kimi tərif olunan “Ev tapşırığı”nda uğur qazanmağın vasitələri və yolları, ayrı-ayrı uğur təmrinləri, karyera qurmaq və lider olmağın yolları göstərilir, geniş oxucu kütləsinə hesablanan bu əsərdə həm də ayrı-ayrı məşhur kouşların təlimlərinin qısa konspekti verilir. Bir sözlə, əsl birnəfəsə oxumaq üçün kitab.
Qeyd edək ki, Əlibala Səttar oğlu Məhərrəmzadə 1976-cı ildə Quba şəhərində dünyaya gəlib. İqtisad elmləri doktoru, professordur. Ədəbi yaradıçılığa gənc yaşlarından başlayıb. “Çovdar çörəyi”, “Bakı üçbucağı”, “Ev tapşırığı. Uğur düsturunu tapmalı” kimi əsərləri ilə tanınıb. Azərbaycandan başqa Rusiyada, Ukraynada kitabları çıxıb, “Ev tapşırığı”nın beynəlxalq reputasiyasından başqa“Çovdar çörəyi” də nüfuzlu “Gümüş LiFFt” seriyasından nəşr edilib. “Xocalı soyqırımı” publisistik əsəri isə sərhədləri aşaraq əcnəbi oxucuları 1992-ci il fevralın 26-da erməmi faşizminin törətdiyi misli görünməmiş vəhşiliklər barədə məlumatlandırmaqdadır.
Əlibala Məhərrəmzadə Ukraynanın Müqəddəs Georgi ordeninə, Ukrayna Nazirlər Kabinetinin Fəxri Fərmanına, Rusiyanın Fyodr Dostoyevski medalına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatçısıdır.
“Ədəbiyyat və incəsənət” portalı bu həftədən etibarən kitabın bir-birindən maraqlı bölmələrini oxucularının ixtiyarına verməyi planlaşdırır.
Həyat dərsini kitablardan almağın əsl vaxtı deyildırmi?
Nüfuzlu mükafat başqırd yazıçısına qismət oldu
Rusiyanın paytaxtında – Dövlət Dumasının binasında ədəbiyyat üzrə 5-ci Ümumrusiya LiFFt festivallar festivalının törən mərasimi keçirildi. “Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinə istinadən məlumat verir ki, törəndə fərqlənənlərə mükafatları Rusiya Bələdiyyə Akademiyasının prezidenti Aleksandr Ayqistov, Rusiya Millətlər Assambleyasının sədr müavini Nazirjon Abdulqaniev, LiFFt fondunun prezidenti Marqarita Al, “Çingiz Aytmatov adına İssık-Kul Forumunun” icraçı direktoru Assol Moldokmatova təqdim etdilər. Mərasimdə festivalın qızıl medalının Başqırdıstanın xalq yazıçısı Marsel Salimova (Mir Salim) verilməsi böyük çoşqu ilə qarşılandı. Belə ki, hazırda Rusiya satira və yumorunda bu şəxs rəqabətsiz olaraq bir nömrədir. Marsel Salimov estafeti məşhur şair-müğənni, “Əsrarəngiz Moskva gecələri” şlyageri ilə şöhrətlənmiş Viktor Pelyaneqredən qəbul etdi. Daha qiymətlisi isə odur ki, başqırd xalqı türk kökənlidir.
Mərasimə Başqırdıstanın “Samrau” rəqs ansamblının çıxışı xüsusi rəng qatdı, qızıl laureat özü isə ənənəsinə uyğun olaraq bu cür ciddi mərasimdə də yumor ovqatı yaratdı. Qaydalara görə növbəti, 6-cı festival Marselin yaşadığı Ufa şəhərində keçiriləcək, Marsel hamını Ufaya dəvət edib söylədi ki, “Kim bizə sevgi ilə gələrsə super sevgi ilə geri dönəcək. Qaraqabaqlar, yumor hissi olmayanlar isə Ufaya buraxılmayacaq.”
Xatırladaq ki, Birləşmiş Millətlər Təkilatının patronajlığı altında keçirilən, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının layihəsi olan LiFFt festivalı ildə iki dəfə - Ümumrusiya və Ümumavrasiya formatında keçirilir. Materik qalibiyyətini öncəki illərdə rus şairi, Nobel mükafatı nominantı Konstantin Kedrov-Çelışev, dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov, azərbaycanlı yazıçı Varis Yolçiyev, habelə məşhur türk şairi Tuğrul Tanyol əldə etmişlər.
Bu ilin oktyabr ayında Avrasiya festivalı Türkiyədə keçiriləcəkdir.
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19130#sigProGalleria5c486ae21e
Kino Azərbaycana necə sərmayə gətirəcək?
Ötən gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kino industriyası və ümimən mədəniyyəti üçün əlamətdar bir tədbir keçirildi, Azərbaycan Film Komissiyasının (Filming Azerbaijan) təqdimatı keçirildi. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə dövlət və hökumət üzvləri, diplomatik korpus nümayəndələri, habelə ölkəmizdə səfərdə olan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, habelə Rusiyanın “Lenfilm” kinostudiyasının əməkdaşları iştirak edirdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Film Komissiyasını yaratmaqda məqsəd Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.
Nazir qeyd etdi ki, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var, bundan da bəhrələnmək mümkündür: “Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan çox əlverişli imkanlar yaranacaq.”
Daha sonra nazir söylədi: “Artıq “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq”.
“Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakov, habelə
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah çıxış edərək bildirdilər ki, kino öz-özlüyündə kitabı, musiqini həm də teatrı əlaqələndirir, kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətini dünyaya çatdırmağa kömək edir. Bu səbəbdən də Azərbaycanda gerçəkıəşən bu layihənin təqdirəlayiq olduğunu bildirdilər.
Tədbirdə çıxış edən “Filming Azerbaijan”ın direktoru İlkin Məhəmmədli Qarabağda çəkilən videoçarx haqqında məlumat verdi. Bildirdi ki, quş uçuşundan lentə alınan videoçarx Qarabağın tarixi abidələrini tanıtmağa imkan verəcək. Qeyd etdi ki, yaxın vaxtlarda filming.az saytı da istifadəyə verilib. Dedi ki, “Saytda müxtəlif lokasiyalar və xidmətlər var. Çəkiliş yerini axtaran şəxs bölmələrə daxil olub, istədiyi məkanı kəşf edə bilər.”
Məlumunuz olsun ki, Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Dünənsə öz fəaliyyət proqramını bəyan edərək ortaya qoydu.
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19130#sigProGalleriad09843766b
Pandemiya turizm sektorunu çökdürsə də, üfüqdə yüksəlmə görünməkdədir
Bu gün İstanbulda “ACE of MICE” adlanan beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb. Azərbaycan sərgidə milli stendlə təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, sərginin keçirildiyi İstanbul Konqres Mərkəzində xüsusi bannerlər vasitəsilə Azərbaycanın turizm imkanları ziyarətçilərə nümayiş etdirilir. Buradakı salon, zal və dəhlizlərdə Azərbaycanın turizm potensialını əks etdirən görüntülər əks olunur.
Azərbaycanın təmsil olunduğu stenddə yeni turizm destinasiyası olaraq təqdim olunan Qarabağa xüsusi maraq müşahidə olunub. Milli stendi ziyarət edən İstanbul Ticarət Palatasının rəhbəri Şekib Avdagiç işğaldan azad edilmiş Şuşa şəhərinə Türkiyədə böyük diqqətin olduğunu bildirərək yaxın zamanda buraya səfər edəcəklərini qeyd edib.
Tədbir çərçivəsində təşkil olunmuş ikitərəfli görüşlər zamanı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin gələcək perspektivlərindən danışıb. Aparat rəhbəri Azərbaycan və Türkiyə əlaqələrinin turizm sahəsi üzrə daha da genişlənəcəyini diqqətə çatdırıb.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiyadan sonra turizm və işgüzar tədbirlər sənayesinin gələcəyi” mövzusunda təşkil olunan panel görüşündə iştirak edib.
Florian Zenqstşmid turizmin pandemiyadan ən çox zərər görən sənaye sahəsi olduğunu qeyd edərək postpandemiya dövründə rəqəbətədavamlı və daha dayanıqlı turizmin inkişaf etdirilməsinin mühümlüyünü vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva “Limitsiz turizm: turizm potensialının inkişaf etdirilməsində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müsbət nəticələri” mövzusunda təşkil olunmuş panel görüşündə təmsil olunub. O, iki qardaş ölkə arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də birgə layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb.
Qeyd edək ki, “ACE of MICE” turizm sərgisi 30 iyunadək davam edəcək.
Dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi olan “ACE of MICE” turizm sərgisi 2014-cü ildən etibarən “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti tərəfindən təşkil olunur.
Sayca 8-ci dəfə keçirilən sərginin məqsədi iştirakçı ölkələrə yeni bazarlar və müştərilər qazandırmaqdır. 200 stendin təmsil olunduğu sərgiyə 3 gün ərzində 15 min ziyarətçinin qatılacağı gözlənilir. Sərgidə 11 əsas mövzu üzrə 69 spiker pandemiyadan sonra işgüzar turizm sənayesinin gələcəyinə dair çıxışlar edəcək.
Bir sözlə, turizm mövzusu yenidən aktuallaşacaq.
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19130#sigProGalleriaa74e8c8ba8
Azərbaycan və Türkiyə kino sahəsində də yaxınlaşırlar
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi və aparılan danışıqlar belə deməyə əsas verir ki, ölkələrimiz daha sıx mədəni əlaqələrdə də maraqlıdır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, sözügedən görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino İdarəsinin baş direktoru Erkin Yılmaz, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, həmçinin hər iki ölkənin nazirliklərinin məsul şəxsləri iştirak edib.
Qonaqları səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində baş tutan görüşündən söz açıb. Ölkələrimiz arasında strateji səviyyədə inkişaf edən münasibətlərin vəziyyətindən yüksək məmnunluğunu ifadə edən nazir iyunun 15-də dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni xüsusilə qeyd edib. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayıb.
Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini diqqətə çatdıran nazir 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də kino vasitəsilə təbliğində Türkiyə ilə işbirliyinin böyük önəm daşıdığını bildirib.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən Türkiyə nümayəndə heyətinin rəhbəri Ahmet Misbah Demircan mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətli töhfə verdiyini deyib. Kino sənayesinin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini bu çərçivədə lazımi dəstəyin göstəriləcəyini qeyd edib. Kino vasitəsilə beynəlxalq arenaya çıxmaq üçün ölkələrimizin yüksək potensiallı hekayə və mövzularının olduğunu, bədii və sənədli filmlərlə yanaşı, animasiya filmlərinin önəmini diqqətə çatdırıb.
Görüş zamanı kino sahəsində Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tarixi zəfərə və Qarabağa həsr olunan müştərək filmlərin, serialların istehsalı, birgə film festivallarının keçirilməsi, hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Həmçinin, Türkiyə - Azərbaycan müştərək layihəsi olan “Fulya” filmindən söz açılıb və filmin çəkilişlərinə artıq başlanıldığı bildirilib.
Böyük işbirliyi nəzərdə tutulur, biz də özlüyümüzdə uğurlar arzulayırıq.
Bir gecədə üç əfsanə
Avropanın musiqi qibləsi hesab edilən Milandakı La Skala teatrında pandemiya fasiləsindən sonra əsl fırtına qopmaqdadır. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, iyun ayının 17-dən etibarən burada Rikardo Muti tərəfindən idarə olunan Vyana Filarmonik Orkestri alman romantizmi şedevrlərini tamaşaçılara təqdim etməkdədir.
Ev salonu Müzikferayn konsert zalı olan Vyana orkestrinin (adətən orada Yeni İl konserti keçirilir) illərdir ki, arzusu Milan musiqi məbədində çıxış etmək idi, budur, arzularına çatdılar.
Konsertlər zamanı tamaşaçılar həm çalğı alətlərini sehirkarcasına səsləndirən musiqiçiləri, həm də əlində dirijor çubuğu olan, tibbi maskasını belə çıxarmayan 80 yaşlı dirijoru alqışlayırlar. Bu, Rikardo Mutidir. 2021-ci il Rikardo Muti üçün xüsusi ildir, onun Vyana Filarmoniyasına (1971-ci ildə Zalsburq Festivalında ilk dəfə o, bədii rəhbər kimi debüt etmişdi) rəhbərliyinin 50 illiyi bu il tamam olur, iyulun sonunda Muti öz 80 illik yubileyini də qeyd edəcək. Elə əslində qocaman musiqiçini öz dəstəsi ilə La Skalaya məhz yubileylərə görə dəvət ediblər, axı bu mötəbər səhnədə ən virtuoz musiqiçilərə belə çıxış etmək həmişə qismət olmur.
“Mən onu bir səbəbdən bu konsertin dirijoru olmağa dəvət etdim: onu yenidən Opera Teatrında xoşbəxt görmək istəyirdim”. Bu sözlər Dominik Meyerindir, La Skalanın direktorunun.
Mendelson, Şuman, Brams! Bu konsertlər üçün Muti sırf alman proqramı seçib, orkestr bu dünyaşöhrətli bəstəkarlardan əsərlər ifa etməkdədir. Orkestrin baş meneceri Mikael Broderer isə söyləyir:
-Mən La Skalada daha çox italyan musiqisi səsləndirəcəyimizi gözləyirdim, amma Muti alman musiqisinə qərar verdi. Və bu, sadəcə təəccüblüdür, çünki alman musiqisi bizim orkestrin adi repertuarıdır. La Skalada ifa etdiyimiz Bramsın 2-ci simfoniyasının premyerası məhz 30 dekabr 1877-ci ildə Vyana Filarmoniyasında keçirilib. Bu musiqi əsərləri orkestrimizin bir hissəsidir.
Mixail Bladererin sözlərinə görə, Mutinin proqramında "Elə məqamlar olur ki, sanki adamın dərisi ilə qarışqalar qaçır. Şumanın Simfoniyasında 3-cü və 4-cü hissələr arasında keçid var. Mənim üçün bu keçid, əlbəttə ki, bütün musiqi tarixində mövcud olan ən romantik bir parçadır. Mən həmişə bu anı səbirsizliklə gözləyirəm, çünki o, o qədər inanılmazdır, möhtəşəmdir ki və onu burada oynamaq imkanı əsil bir imtiyazdır, xoşbəxtlikdir".
80 yaşlı Mutinin də elə istədiyi məhz bu deyilmi? İtalyanlara adət etdikləri italyan musiqisini verməkdənsə elə alman musiqisi ilə onları təəccübləndirmək məgər azdır?
Yeri gəlmişkən, material hazırladıqdan sonra “Ədəbiyyat və incəsənət” portalı komandası olaraq Şumanın sözügedən Simfoniyasındakı həmin keçidi dinlədik. Söz tapıb demək belə mümkünsüzdür.
Avtomobili meşəyə çevirmək istedadı
İncəsənət nələrə qadirdir. O, hətta cansıza can da verər. İngiltərəli rəssam Den Roulinqs yararsız adı ilə silinmiş benzindaşıyan avtomobildən meşə instalyasiyası yaradaraq tamaşaçılara nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, bütün yaradıcılığı “Təbiəti qiymətləndirməmək olmaz” mesajını verən rəssam öncə avtomobilin sistetnini kəsmiş, dörd ay ərzində onu “Gələcək qayıdır” adı altında 3D
heykəltaraşlıq məhsuluna çevirmişdir.
Den deyir ki, “Mən təbiətə ondan aldıqlarımızı geri qaytarıram, tamaşaçıları da ətraf mühitin möhkəmliyinə, əbədiliyinə inandırıram!”
Den deyir: “Mənim bir çox işlərim gələcəyin qəribə yozumuna hesablanıb. Orada sənayenin qalıqları təbiətə təslim olub.”
Onun 10,5 metrlik avtomobil-meşəsi sentyabrın sonlarınadək Skantorp metallurgiya şəhərciyinin məbəddən art mərkəzə çevrilən tikilisində nümayiş olunacaq.
Və ən maraqlısı: Rəssam korporasiyaların hətta sağlam texnikalarla istismar müddətləri bitməmiş ayrılma tendensiyasını şiddətlə qınayır. Onun xammal kimi istifafə etdiyi benzindaşıyan maşın inventarlıqdan silinsə də tam saz vəziyyətdə imiş.
Bəli, Den Roulinqa avtomobildən meşə düzəldir, bizsə acımasızcasına meşələri doğrayırıq.
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19130#sigProGalleria10e1516904
“Kür” Ədəbi Məclisi Rəşad Məcidlə görüş keçirib
Tanınmış yazarlarımızın bölgələrə hər gəlişləri bir bayram əhval-ruhiyəsi gətirir. Paytaxt həyatının dinamikasının bir hissəsinin bölgələrə transferi təəssüratı yaradır. Cümə günü Beyləqan bax bu təəssürata bürünmüşdü.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin verdiyi məlumata görə Beyləqan rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcidlə görüş keçirilib. Görüşdə Rəşad Məcid Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yaranan “Kür” ədəbi məclisinin üzvlərinin şeirlərini dinləyib, mədəniyyət işçilərinin, oxucuların suallarını cavablandırıb. Rəşad Məcid regionda yaşayan gənc yazarlara öz ədəbiyyat yolundan söhbət açaraq yaradıcılıqda istedadla yanaşı zəhmətin, mütaliənin rolunu vurğulayıb. O, gənc yazarların gələcək ədəbi istiqamətlərinə dair tövsiyələrini bölüşüb. Həmçinin müəllif oxuculara və kitabxanaya müxtəlif kitablar hədiyyə edib.
Maraqlı keçən görüşün təəssüratları yəqin ki, hələ uzun müddət gənc ədəbi məclis üzvlərini tərk etməyəcək!
Kamal Abdulla: “Mən çox çalışdım ki, ədəbi prosesə bir dinamika, bir canlanma gətirim”.
“Ədəbiyyat və İncəsənət” portalının “Şənbə qonağı” rubrikasında ilk qonağı Azərbaycanın Xalq yazıçısı, Akademik Kamal Abdulladır. Qonaqla İntiqam Yaşar söhbətləşir.
- Kamal müəllim, yubiley iliniz mübarək olsun!70 yaşlı Kamal Abdulla arzusunda olduğu əsəri yaza bilibmi?
-Yox, təbii ki yaza bilmədim, heç bilmirəm ki, o nə əsərdir. İndiyə qədər yazdıqlarımın hamısı sən dediyin o fantom əsərə doğru bir addımdır. Amma axırda görəcəyik, o fantom əsər yoxmuş və sən havanı qucaqlayırsan.
-Gənc yaşlarınızda yaradıcılığa başlayarkən hədəfiniz nəzm olub, yoxsa nəsr?
-Nəzm olub. Demək olar ki, 9-10 yaşımdan kiçik şeirlər yazmışam. Onlara şeir demək olmaz əlbəttə ki. Bu meyil məktəb illərində də davam edib. Mənim orta məktəbdə çox gözəl bir ədəbiyyat müəllimim var idi - Zərbəli Səmədov. Allah ona rəhmət eləsin. O, Sovet dövründə Sosialist Əməyi Qəhrəmanı adını almış yeganə ədəbiyyat müəllimi idi. Zərbəli müəllim məni ədəbiyyata hazırladı. Qafiyəni, ritmin nə olduğunu, şeirin necə yazıldığını o mənə öyrətdi. Mən bu günə qədər də ona minnətdaram. Orta məktəbdən sonra mənim, elə hesab edirəm ki, yarıciddi bir ədəbi dönəmim başladı. Bu da universitet illəri idi. Orada mənim bu günəcən dostluq elədiyim Ramiz Rövşən, Sabir Rüstəmxanlı və rəhmətlik Nüsrət Kəsəmənli var idi. O istedadları görəndə şeir yazmaq həvəsim bir az öləzidi. Bir az nəsr əhvalına keçmək istədim. Gördüyüm hadisələr, mənasına varmağa çalışdığım bəzi məqamlar vardı ki onlar nəsr düzəninə uyğun gəlirdilər. Onlardan şeir yox, bir hekayə çıxardı, bir povest çıxardı. Və beləliklə yavaş-yavaş dünyanı dərk etdikcə, onun mənalarının bir-birindən ayırmağının mümkünlüyünü dərk etdikcə, məndə nəsr ovqatı gücləndi. Mən hekayalər yazmağa başladım. O vaxtlar mənə elə gəlirdi ki, mən ömrümdə böyük bir mətn yaza bilməyəcəyəm. Amma zaman göstərdi ki, sən saydığını say, gör fələk nə sayır. Zaman gəldi, içimdən gələn nəsr havasının qarşısını tutan divarı sökə bildim və “Yarımçıq əlyazma” ortaya çxdı. Düzü, qarşıma heç bir məqsəd qoymamışdım. Sadəcə, mən hiss hiss edirdim ki, Dədə Qorquda başqa cür yanaşmalıyam. Məni buna təhrik edən daxili bir həvəsim var idi. Və mən o romanı ortaya qoya bildim. Sonra da artıq, kiçik nəsri necə yazmağın anlaşılmaz düyününə düşdüm. Yəni, mən yazanda elə bil ki, öz-özünə roman havası gəlir. Hətta həcmcə bəlkə də o qədər böyük olmayan mətn yazarkən görürəm ki, bu, balaca romandır, böyük hekayə deyil. Amma öncə əlbəttə ki, nəzm olub. Çox zəif, mənim indi də saxladığım, hərdən oxuyub güldüyüm bir dönəmim olub.
-Hazırda şeir yazırsınız?
-Yox, şeir yazmıram. O bir hava idi, bu havanı özümdən keçirdim və nəticəsi olaraq “Nar çiçəkləri” adlı şeir kitabım çap olundu. Mən elə hesab edirəm ki, bəzi şeirlərim heç də pis alınmayıb.
-Elə cəmi bir şeir kitabınız çıxıb?
-Bir ciddi şeir kitabım deyərdim. Sonra mən şeir tərcümələri etdim. Mənə çox maraqlı gələn dönəm oldu. Nəsrə tam keçdikdən sonra rus poeziyasının gümüş dövrü şairlərinin mifoloji mövzuda yazdığı şeirləri Azərbaycan dilinə təcümə etdim. Məncə, pis alınmadı. İndiyə qədər o da bir kitab kimi çap olunub. Kitabın adı “Gümüş dövrün sirrləri” dir. Gümüş dövrün şairlərindən orada Nikolay Qumilyov, Konstantin Balmont, Mixail Kuzmin, Valeri Bryusov, Anna Axmatova, Osip Mandelştam, Kuzmin vardı. Bu mifolojinin mənim içimdə olan göynəyi idi ki, o dövrə və istiqamətə də gedib çıxdı. Və poeziya ilə bu şəkildə vidalaşdıq. Amma indi mənim romanlarıma baxanda həmin o poetik misraların əks-sədasını görə bilərsən. “Unutmağa kimsə yox” elə adı ilə də mənim bir misramı qoruyub saxlayır. Yəni, poeziya bu şəkildə öz davamiyyətini sürdü.
-“Yarımçıq əlyazma”da da bu nəzərə çarpır.
-Əlbəttə sən dediyin kimi “Yarımçıq əlyazma”da da onun əks-sədasını görmək mümkündür.
-Yazıçı Kamal Abdulla və alim Kamal Abdullayev zaman bölgüsündə necə razılığa gəlirlər?
-Sənə deyim ki, bu suala cavab vermək bir qədər çətindir. Onu mən hiss edə bilmərəm, onu oxucu hiss edə bilər ki, burada yazıçılıq çoxdur, yoxsa alimlik. Amma mənə elə gəlir ki, bunlar bir-birini ideal bir şəraitdə tamamlamalıdır.
-Kamal müəllim, bir zamanlar ədəbi ictimaiyyətdə, sözün müsbət mənasında, çox böyük səs-küy yaradan “Yaradıcılıq fakültəsi”ni yaratdınız. O fakültədən istədiyiniz nəticəni ala bildinizmi?
-Həm ala bildim, həm də ala bilmədim. Yəni, indi dediyin kimi sənin yaddaşında belə bir fakültə, onun missiyası qalıbsa, deməli nə yaxşı. Demək, biz hardasa doğru bir yolun olmasını heç olmasa göstərə bildik. Bu yol lazımlı yoldur və bu yolu qoruyub saxlamaq lazımdır. Ala da bilmədim, ona görə ki, o fakültənin davamı olmadı. Onu da hesab edirəm, bəlkə də bu, mənim günahımdan oldu. Amma mən əlimdən gələni etdim. Görünür, daha artıq çaba göstərmək lazım idi. Bilirsən, niyə mənim əlim soyudu?! Bir də gördüm ki, sanki bu fakültə heç kimə lazım deyil. Məndə o təəssüratı yaratdılar. Amma əvvəl hiss edirdim ki, bu çox adama lazımdır. İndi ədəbiyyatımızda yeri olan məşhur insanlar var ki, o fakültəni bitiriblər. Ondan əvvəl elə yerləri bitirmişdilər ki, həmin təhsillə onlar heç bir şeyə nail ola bilməzdilər.
- Mühit baxımından da çox gözəl idi.
-O fakültədə mən tək fəaliyyət göstərmirdim. Orada Azərbaycanın bir çox görkəmli alimləri - Azad Mirzəcanzadə, Rəhman Bədəlov, Niyazi Mehdi, Aydın Talıbzadə və başqaları dərs deyirdi. Ora yaxşı bir mədəniyyət mərkəzinə çevrilmişdi.
-İkinci dəfə də belə bir fakültə indi rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetində təşkil olundu. Amma həmin effektivlik özünü göstərmədi.
-Mən gördüm ki, bu lazım deyil. Çünki insanlar özlərinə daha çox inanırdılar əsassız şəkildə. Əlinə qələm alan bir gənc yazar özünə əssasız şəkildə inanırsa, iddiası imkanlarından artıqdırsa, ona nə "Yaradıcılıq fakültəsi”, nə saydığım amillər lazımdır. Özü öz yolunu gedəcək. Allah eləsin o yolu axıracan gedə bilsin. İndi sənin rəhbərlik etdiyin qurum (Dünya Gənc türk Yazarlar Birliyi –red.) ki var, o qurum gənclərdə iddia yaratmalıdır, amma “əsassız” sözünün qarşısından xətt çəkməlidir. İddia və ədəbi iddia olmalıdır. Mənim də ədəbi iddiam var, Anarın da, Çingiz Abdullayevin də, Varisin də, sənin də. Ədəbi iddia hamıda var, hamıda olmalıdır. Amma əsassız ədəbi iddia olmamalıdır. Bax, o qurumlar bununla mübarizə aparmalıdır. Mən səni inandırıram ki, əgər əsassız ədəbi iddiaların qarşısına xətt çəkə bilsəniz, Azərbaycan ədəbiyyatı həmin gənclərin timsalında çox rahat, çox sakit, son dərəcə faydalı bir məcraya dönər.
-Ədəbi mühitin bu günü və 30 il əvvəli arasında paralellər aparsaq, hansı nəticəyə gəlmək olar?
-O ədəbi mühitdə mən bir boşluq hiss edirəm. Ədəbiyyat adına ətəyindən tutmalı bir əsər, öz ədəbi kredonu yönəltməyə çalışdığın bir istiqamət görmürəm. Ona görə də açıq deyim, “Yarımçıq əlyazma” yarandı. “Yarımçıq əlyazma” bu boşluğu doldurdu. 2004-cü ildə çapdan çıxan bu əsər, roman olaraq bu boşluqları doldurdu. Ondan əvvəl mən hesab edirəm ki, ədəbiyyatımızda dediyim bu boşluq var idi. Bəli, başqa-başqa uğurlu əsərlər ola bilər, gəlin, açıq danışaq, “Yarımçıq əlyazma” impuls verdi bütün yaradıcı şəxslərə. Bu əsərdən sonra həvəs yarandı roman yazmağa, məşhur olmağa. “Yarımçıq əlyazma” qısa zamanda Şah İsmayıl kimi bir çox ölkələri fəth etdi. Bu əsər Fransada, Brazilyada, Rusiyada, Türkiyədə çap olundu. Bu bir təlatüm kimi gəldi. Dedilər ki, nə yaxşıdır, bir roman da mən yazım, bu ölkələrdə çap olunsun. Hamı başladı hekayədən romana keçməyə. “Yarımçıq əlyazma”dan sonra yaranmış hər hansı bir romanı de, mən bir ədəbiyyatşünas kimi sübut edim ki, ən azından “Yarımçıq əlyazma”nın əks-sədası və ya təsiri ilə yaranıb. Hətta “Yarımçıq əlyazma”nı pisləyənlərin özləri də onun təsiri altından çıxa bilməyiblər. Mifoloji təsirdir bu. “Yarımçıq əlyazma” bir mifoloji əhval-ruhiyyəni, mifoloji baxışı, mifoloji dünyagörüşü ədəbiyyatımız üçün sabitləşdirdi.
-Ədəbiyyatın geniş kütləyə xitab eləməsi məsələsinə dair fikirləriniz maraqlıdır. İndi bunun üçün vasitələr çoxalsa da sanki, bir məhdudlaşma var. Halbuki, əksinə olmalıdır.
-Ədəbiyyatın geniş kütləyə xitab eləməsi məsələsindən başlayaq. Ədəbiyyat, yazdığın əsər sənin özünün özünə xitabındır. Sənin özünə demək istədiklərindir ki, sən onu yazırsan. Mənim aləmimdə sən heç bir böyük kütləyə, cəmiyyətə xitab eləmirsən. Sən onu yazdın, nöqtəsini qoydun, kifayətdir. Ondan sonra cəmiyyət özü onu axtarıb tapacaq. Mən heç vaxt qarşıma məqsəd qoymuram ki, xalq üçün yazım. Mən özüm üçün yazıram. On nəfərin də xoşuna gəlirsə nə yaxşı. Mənə elə gəlir ki, Tolstoy da, Dostoyevski də, Eko da, Borxes də özü üçün yazıb. Özü üçün yazmaq o demək deyil ki, oturub fikirləşib özümə bir hekayə yazım. Hətta Borxesin belə bir hekayəsi var, “Mən və Borxes” adında. Mən ona bir hekayə də həsr eləmişəm: “Adaşlar”. Əslində, sən özün özünə yazmırsan, yazının daxili ruhu sənin özünə yönəlir. Sən bundan kənara qaça bilməzsən. Sənə elə gəlir ki, sən xalqa müraciət edirsən. Yox, bütün daxili yük sənə yönəlir.
-Qələbə ilindən sonra ədəbiyyatda yeni şəkillənmələr, mövzu rəngarəngliyi baxımından nələr gözləyirsiniz?
-Mən çox şey gözləyirəm. Qələbə ili Azərbaycan ədəbiyyatı üçün də bir dönüş nöqtəsi olmalıdır. Qələbəni biz ədəbiyyat vasitəsi ilə hələ tam şəkildə əks etdirə bilməmişik. Müharibə barədə qələbədən əvvəl və sonra yazılmış əsərlər var. Məsələn, Aqil Abbasın “Dolu” povesti və başqalarının yazdığı nümunələr var. Bunların sayı çoxalacaq. Ciddi əsərlər çoxalacaq. Amma qələbədən zaman keçməlidir. Sən o qələbənin varisi olduğunu özün özünə isbatlamalısan. Özün özünçün dəqiqləşdirməlisən ki, bu qələbə Azərbaycan əsgərinə, Azərbaycan övladına, Azərbaycan cəmiyyətinə, Azərbaycan prezidentinə məxsusdur. Bu hissləri sən beynindən keçirəndən sonra əlbəttə ki, dönüş özünü göstərəcək.
-Bizdə 10 milyonluq ölkə üçün kifayət qədər ədəbi mətbuat varmı?
-Ədəbi mətbuat mən istərdim ki, daha çox olsun. Qəzet-jurnallar, portallar çox olsa yaxşıdır. Sizin yeni açılan bu portal böyük bir tələbatın nəticəsində ortaya çıxıb. Yəqin ki, sabah kimlərsə nəsə bir yeni ehtiyac hiss edəcək, digərləri də açılacaq. Əlbəttə azdır. 10 milyonluq ölkə üçün çox azdır. Ciddi ədəbiyyatla bağlı olan ədəbi orqanlar heç vaxt kifayət qədər ola bilməz.
-Televiziyaları izləyirsinizmi?
-Mütəmadi olaraq, yox. Bilirsiniz, mən bir dilçiyəm. Mənim bir dilçi kimi əsəbimə toxunan məqamlarla rastlaşanda mən buna dözə bilmirəm. Və nə cür mübarizə aparmağın da yolunu özüm üçün bəlkə də axıra qədər bilməyəcəm. Bu yaxınlarda məni AzTV-də yaradılmış Bədii Şuranın tərkibinə daxil etdilər. İndi görək orada biz nə edə biləcəyik. Mən oxunan mahnılarda sözlərin doğru-düzgün tələffüz edilməməsinə dözə bilmirəm, mən televiziyalarda baş alıb gedən şit zarafatlara dözə bilmirəm. Baxmayaraq ki, harın-harın insanlar oturub əl çalırlar, dişlərini göstərə-göstərə gülüşürlər. Mən biabırçı şəkildə aparılan ad günləri və s. kimi şeylərə dözə bilmirəm. Mən ilk növbədə ciddilik və professionallıq tərəfdarıyam. Mən qalib xalqın qalib mədəniyyətinin nümayişinin tərəfdarıyam. Gündəlik marağa getməmələri üçün televiziyalar ictimaiyyəti və xalqı öz arxalarınca aparmalıdırlar. “Bu, xalqın xoşuna gəlir, bunu hökmən efirə verim” yanaşması qətiyyən olmaz. Xalqın xoşuna gələn hər şeyi efirə vermək olmaz. Diringi çalğılar və s. kimlərinsə xoşuna gələ bilər. Amma olmaz, onları sən özün tərbiyə eləməlisən. Onlar buna razı olmasalar da, arxanca aparmalısan. Bu gün razı deyillər, sabah sənə “sağ ol” deyəcəklər. Mən Bakı Slavyan Universitetində rektor olanda vacib ədəbiyyat oxunmasını şərt kimi qoymuşdum. Əgər tələbələr imtahana girirlərsə semestr boyu oxuduqları bədii ədəbiyyat haqqında məlumat verməli idilər. Tələbələr az qala üsyan etdilər, etiraz etdilər. Mən razılaşmadım, dedim olmaz, bunu edəcəksiniz. O tələbələrdən çoxu universiteti bitirəndən sonra mənim yanıma gəldilər və təşəkkür etdilər ki, “Kamal müəllim, çox sağ olun ki, o vacib ədəbiyyatı tələb kimi qoydunuz. Mən orada oxuduqlarımın hesabına işə düzəldim. Bildilər ki, mən, tutalım,“Martin İden”i oxumuşam, dedilər, bunu götürün işə”. Ona görə də sən öz mədəni kredonu, eqonu ortaya qoymalısan ki, insanlar sənin arxanca gəlsinlər, sən insanların arxasınca getməməlisən.
-Bir vaxtlar bütün televiyalar yanında Bədii şuralar yaradıldı, amma formal xarakter daşıdı. Heç bir müsbət keyfiyyət dəyişikliyi nəzərə çarpmadı.
-Mən dediyim Şura yeni yaranıb. Mən öz fikirlərimi orada deyəcəyəm. O fikirlər öz əksini tapmasa, yəqin ki orada iştirak etmək də mümkün olmayacaq.İlk növbədə musiqi ilə bağlıdır bizdə problem. Səsi olan hər kəsə heyran bir pərəstiş var. Bu belə olmaz. Mən o səsdə Azərbaycan dilində bədii şəkildə tələffüz olunmuş sözləri tanımalıyam. Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Gülağa Məmmədovun, Rübabə Muradovanın, Sara Qədimovanın, Əlibaba Məmmədovun ifasında tanıdığım kimi. Bu sözləri ifada tanımasam bu müğənninin səsi lap Aya çatsın, mənə maraqlı deyil. Mən ad çəkmək istəmirəm, amma heyranlıqla təqdim olunan o adamların oxuduqları mahnıda mahnınının adından başqa bir söz tanımazsınız. Sözləri tanıtmaq lazımdır, sən sözü oxuyursan mənə. Sən onu səsinin əsirliyinə salmısan, onu məhv eləmisən.
-Son vaxtlar oxunan mahnılarda bir amil də var ki, müğənni özü yazır, özü də oxuyur.
-Bax, bu da təzə meydana çıxıb. Bu çox böyük bir problemdir. Musiqi parçası nəyə görə sevilir? Rəşid Behbudovun bir tanınmaz sözünü təsəvvür edə bilərsiniz? Ona görə də bir tərəfə qoyun Rəşid Behbudovun ifalarını, bir tərəfə də qoyun bu gün çoxlarının hay-küylə pərəstiş etdikləri bir müğənnini. Xarici ölkələrdə Azərbaycan muğamını təbliğ edir, gör orada Azərbaycan sözü var? Azərbaycan dilində bir söz var? Yenə deyirəm, istəyir onun səsi Aya qədər çatsın, Aya qədər nəfəsini saxlasın, o zaman o mənə maraqlı ola bilər ki, o səsin mənə təklif etdiyi sözləri mən başa düşə bilim, tanıyım.
-Ədəbi tənqid və oxucu arasında olan bağ indi necədir, 30 il öncə necə idi?
-Ədəbi tənqid çox təəssüf ki, özünü taleləri həll eləyən bir müqtədir kimi görməyə başladı. Yəni, mən deyirəm bu belədir, deməli belədir. Yaxud da əksinə. Ədəbi tənqid öz əsas missiyasını unutdu. O başa düşə bilmədi ki, tənqid ancaq pisləmək demək deyil. Tənqid həm də əsərin yaxşı elementlərini oxucuya göstərmək və əsəri oxucuya tanıtmaqdır. Tənqid budur. Bizdə isə tənqid özünü yazara ağıl verən instansiya kimi görür. Halbuki, tənqid yazıçının yazdığı əsəri oxucuya çatdırmağın yollarını fikirləşməlidir. Bizdə təəssüf ki, kontekst anlayışı yoxdur. Bu, tənqiddə də, ədəbiyyatşünaslıqda da əksər hallarda yoxdur. Bir-iki tənqidçi ədəbiyyatşünas tanıyıram ki, onlarda bu var. Yəni sən Çingiz Abdullayevin yaradıcılığından danışırsansa, sən ancaq ondan danışmamalısan. Sən onun kontekstindən danışmalısan. Çingiz Abdullayevin ətrafında, yanında hansı detektiv janrında yazanlar var, hansı detektiv yazmayanlar var. Çingiz Abdullayev bir detektiv adası kimi hansı ədəbi mühitdədir. Sən bunları mənimçün aydınlaşdıra bilsən, deməli, sən Çingiz Abdullayevin özünü də daha yaxşı təqdim edə bilmisən. Bizdə isə başlarını salırlar bir kitaba, başlayırlar orada dil xətaları axtarmağa. Sən korrektorsan, redaktorsan, kimsən axı?
-Tərcümə haqqında fikirləriniz maraqlıdır. Hansı strategiya lazımdı Azərbaycana dünyaya çıxış üçün?
-Mən Tərcümə ensiklopediyasının hazırlayanı və redaktoru olmuşam. İlk dəfə ölkədə belə bir kitab nəşr olunub. İndi biz bunun ikinci nəşrini hazırlayırıq. Mən istərdim tərcümə məsələsinə siz bu ensiklopediyanın kontekstində baxasınız. O ensiklopediyanı bir müzakirə edək. Çünki, ikinci təkmilləşdirilmiş nəşr çıxmalıdır yaxın vaxtlarda. Oxusanız, bəlkə siz də nələrisə əlavə etmək istəyəcəksiniz. Bəlkə sizin yanınızda olan ədəbi mühit adamları da nələrisə əlavə etmək istəyəcəklər. Yəni, bunu biz milli bir məsələyə döndərməliyik. Bu ensiklopediya həm Azərbaycan dilinə tərcümə olunmuş əsərləri, həm də Azərbaycan dilindən tərcümə olunmuş əsərləri ehtiva edir. Çox möhtəşəm bir işdir. Tərcümə işi son dərəcə böyük bir işdir və son dərəcə strateji və sistemli xarakter almalıdır. Bütün dünyada sistemli şəkildə gedir bu iş. Bizdə kim nəyi istəyirsə, kim nəyi sevirsə gətirir ki, mən bunu tərcümə eləmişəm, çap edək.
-Yerli müəlliflərin xaricə çıxarılması, əsərlərinin dünya ölkələrində çapı barədə nə deyərdiniz?
-Çox ağıllı sualdır. Bu sualı xahiş edirəm dövlətin yaratdığı tərcümə mərkəzi var, oraya verəsiniz. Hökumətin maliyyəsini təmin etdiyi mərkəz var, qoy, onlar bu suala cavab versinlər. Onlar izah etsinlər ki, niyə Slavyan Universiteti və ya Azərbaycan Dillər Universiteti Tərcümə ensiklopediyası nəşr edir, biz nəşr etmirik, yaxud da nəşr edə bilmirik.
-Ədəbi gənclik mühitdə diqqətinizi çəkirmi?
-Mən gənc dövrümdə Yazıçılar İttifaqının bir plenumuna getmişdim. Onda Mirzə İbrahimov sədr idi. Ona qarşı müəyyən hücumlar olurdu, “siz niyə bunu etmirsiz, onu etmirsiz” deyirdilər. İradlardan biri də bu olmuşdu ki, “siz gənclərə heç bir yardım etmirsiniz”. Mirzə İbrahimov cavab verəndə, dedi, düz danışmırsınız. Mən Yusifə də, Anara da, Elçinə də, bir sözlə bütün yazıçıların uşaqlarının adını çəkdi ki, hamısına dəstək oluram. Bircə orada Əkrəm Əylisinin adını çəkə bilmədi, onda Əkrəm Əylisliyə baxdım ürəyim ağrıdı. Bircə onun dayağı yox idi. Həmin vaxt Mirzə İbrahimovun gənc hesab etdiklərinin hamısının əllidən çox yaşı vardı. O gənclər ki, biz 20-30 yaşlarında təsəvvür edirik, bəzən müəyyən yaş dövrünə çatmış adamlar onları yox, özlərinə yaxın bir kütləni gənc bilirlər. Sən məndən gənci soruşursan, mənim yadıma hansısa 50 yaşlı bir yazıçı düşür. Halbuki, 20-30 yaşlı gənclər düşməlidir. Təəssüf ki, bizim aramızda o ədəbi əlaqə qırılıb. Bizim aramızda ədəbi əlaqələrin olması üçün sizin kimi ədəbi mətbuata ehtiyac var. Bu o demək deyil ki, ənənəyə görə götürüb 20 yaşlı bir şairin və ya mənim bir silsilə yazılarımı verəsiniz. Vacib olan odur ki, siz o silsiləni dağıdasınız. Yeni ruh gətirəsiniz. 50 yaşlıları 20 yaşlılarla yanaşı verəsiniz. Bunlar bir yerdə görünsünlər. İmzaları qoyuram kənara, şeirləri oxuyum, görüm, bunlar bir nəfəsin, bir ruhun, bir daxildən gələn səsinmi ifadəsidir?! Bu mənə maraqlıdır.
-Hazırda Azərbaycanda böyük miqyaslı ədəbi layihələr gerçəkləşdirə biləcək ədəbiyyat adamlarından biri də sizsiniz. Bu zamana qədər fəaliyyətiniz bunu deməyə əsas verir. Bundan sonra bu tip böyük ədəbi layihələr gerçəkləşdirmək fikriniz varmı?
-Mən çox çalışdım ki, ədəbi prosesə bir dinamika, bir canlanma gətirim. Bunun üçün də bir “Ədəbiyyat adamı” adlı mükafat təsis etdim. 5 nəfər olmaqla o mükafatı iki dəfə təqdim edə bildik. Sonra pandemiya imkan vermədi. Amma “Ədəbiyyat adamı” adlı pullu mükafatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə uyğunlaşdırmaqla davam etdirəcəyəm.
-Minnətdarıq Sizə, bu maraqlı söhbət üçün, əziz Kamal müəllim!
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19130#sigProGalleriac41d7b04a0