Super User
Komitə sədri türk dünyasının tanınmış dombra ifaçısı ilə görüşdü
“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın tanınmış dombra ifaçısı Arslanbek Sultanbekov ilə, habelə “Dombranın izi ilə” sənədli filminin rejissoru Mehmet Gün ilə görüşdüyü barədə xəbəri Qənirə Paşayevaya yaxın mənbəyə istinadən paylaşır.
Görüşdə Q. Paşayeva Arslanbek Sultanbekov adının, sənətinin Azərbaycanda, ümumən türk dünyasında məşhur olduğunu vurğulayıb, onunla görüşməkdən məmnun olduğunu bildirib. Qənirə xanım söyləyib:
-Qardaş xalqlar arasında ən əsas bağlardan biri məhz mədəniyyət, mədəniyyət xadimləri arasında güclü işbirliyinin olmasından keçir. Sizin kimi məşhur ifaçının bu planda verə biləcəyi töhfələr böyükdür. Çox şadam ki, sizin və qardaş Türkiyənin tanınmış rejissoru Mehmet Günün iştirakıyla dombra ilə bağlı film hazırlanır. Ümidvaram ki, dombra, saz, digər türk musiqi alətlərinin yaranması, ozan-aşıq sənətinin inkişaf yolları timsalında ortaq mədəni irsimizlə bağlı gözəl bir sənət əsəri ərsəyə gələcək.
Komitə sədri hər iki sənətkara xatirə hədiyyələri, o cümlədən Rusiyanın Qaraçay-Çərkəz Respublikasında tikiləcək məscid üçün Türk-İslam motivli rəsm əsəri hədiyyə edib.
Azərbaycan sevdalısı, hindtoyuğu əvəzinə qartal və tarixin ən məşhur öpüşü
1-10 iyulun təqvimi Varisin təqdimatında.
1 iyul, Kanada Günü
6 saatlıq qurşaqda yerləşən, Şimali Amerika materikinin ucu-bucağı görünməyən çöllərini əhatə edən bu soyuq coğrafiya həm də mühacir idxal edir, “Yaşıl pasport” siyasəti yeridir, bu səbəbdən də ona soyuqluğunu bağışlayıb dünyanın hər yerindən isti qəlbli insanlar vətəndaşlıq almaq çabalarına girişirlər. Kanada barədə çoxlu qeyri-adi faktlar var, məsələn, dünyanın ən uzun küçəsi – 1896 kilometrlik (bəli, bəli, rəqəm səhvi yoxdur, məhz bu qədər) Yanq Strit küçəsi bu ölkədə yerləşir, Torontonun Ontario əyalətindən, Ontario gölünün sahillərindən başlayan Yanq Strit küçəsi düz ABŞ sərhədinə - Minnesotaya qədər uzanır. Demək, Kanadanın əksər dünya ölkələrinin boyaboy uzunluğundan uzun olan bir küçəsi varmış.
Kanada həm də dünyada ən uzun sahil xəttinə malikdir, sərasər 202 080 kilometr. Dünyanın ən böyük dəmir pulu – diametri 1 metr olan Ontario sikkəsi də Kanadaya məxsusdur. Dünyada ən böyük monitor da bu ölkədə quraşdırılıb – Sony kompaniyasının istehsal etdiyi 10 x 33,6 metrlik ekran Toronto şəhərinin SkyDome zalında, Rodjers mərkəzində yerləşir.
Kanada məşhur Vinni Pux adlı cizgi qəhrəmanının vətəni də hesab edilir. 1915-ci ildə Vinnipeq adlı ayı balası Kanadadan London zooparkına aparılır. Zooparka gəlmiş Kristofer adlı balaca oğlan ayını çox sevir, hər gedəndə onu yemləyir, tamaşasına durur. Uşağın bu ayı sevgisindən təsirlənən atası, yazar A.A. Miln də şən və məzəli ayı olan Vinni-Puxun əhvalatını yazmaq qərarına gəlir.
Özgə nə demək olar Kanada barədə? Çox şey. Amma yerimizin məhdud olmasını nəzərə alıb son olaraq onu deyim ki, Kanada Günü 1868-ci ildən, kondeferasiyanın ildönümünü bayram etməklə qeyd olunur - 1867-ci ilin 1 iyulunda Kanada Böyük Briyaniyadan müstəqilliyini qopara bilmişdi.
Və bir şeyi də deyim ki, bu bayram günündə Kanadada ərzaq mağazalarından başqa digərlərinin hamısı bağlanır, yalnız kitab mağazaları istisna olmaqla. Kanadada belə bir düşüncə tərzi var ki, kitab oxumağa heç bir qüvvə gərək mane olmasın.
Kanadalıların həyat səviyyəsi həddindən çox yüksəkdir, biləsiniz.
2 iyul, Beynəlxalq İdman Jurnalistikası Günü
World Sports Journalists Day Azərbaycanda peşə bayramı kimi rəsmən qeyd olunmasa da, hər halda jurnalistika çevrələrində qeyd olunur, Azərbaycan İdman Jurnalistlər Assosiasiyası, CBS sport, İdman Azərbaycan kimi televiziyalarda, “Futbol +”, “Çempion” kimi qəzetlərdə, Sport24, Rekord, Qol, Sportinfo kimi saytlarda və digər medialarda fəaliyyət göstərən idman jurnalistləri bir araya gəlirlər.
1924-cü ilin bugünkü günündə Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası təsis olunub. 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Ona görə də hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd olunur. Hazırda Assosiasiyanın 4 kontinental qurumunda 130-dan çox dövlətin milli idman mediası birləşib. 2 iyul günü idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirirlər, eyni zamanda idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.
Sirr deyil ki, müxtəlif idman növləri üzrə qitə və dünya çempionatlarının, futbol üzrə qitə çempionatının, Avroliqa finalının, Avropa Oyunlarının, "Formula 1" kimi mötəbər yarışların Bakıda keçirilməsi bu sahədə ölkəmizdə peşəkar jurnalistlərin yetişməsini şərtləndirib, onlar daha çox maddi dayaqları yüksək olan medialarda cəmləşiblər.
Mən özüm qatı idman azərkeşiyəm, uşaqlıqdan futbol matçlarını qaçırmadan izləyirəm, Sovetlər dönəmindəki Ozerov, Maslaçenko, Maxaradze kimi futbol şərhçilərinin səsləri və emosiyaları uzun illər keçsə də, hələ də xatirimdədir. Eləcə də bizim şərhçimiz Fikrət Adıgözəllinin ləngər vura-vura, hardasa yarıyuxulu təsiri bağışlayan futbol reportajlarını dodağımda təbəssüm xatırlayıram. O vaxtlar hətta belə bir lətifə də var idi ki, Fikrət Adıgözəlli oyunun ritminə uyğun danışmaqdansa “Neftçi” nin futbolçuları Fikrət Adıgözəllinin ritminə uyğun oynayırlar.
Peşə bayramınız mübarək, əziz idman jurnalistləri!
2 iyul, Azərbaycan Polisi Günü
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və Daxili İşlər naziri Fətəli xan Xoyski 1918-ci il 2 iyul tarixində ölkədə ilk polis bölümünün yaradılması barədə əmr vermişdi, bununla da Azərbaycan polis orqanlarının əsası qoyulmuşdu. Sovetlər dönəmində polis dönüb milis oldu, müstəqillik əldə ediləndən sonra yenə əzəlki polis adı geri qaytarıldı.
Tək bir faktı deyim ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, 931 nəfər şəhid verib. Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallara layiq görülənlər vardır.
4 iyul, Azərbaycanın dövlət xadimi Nəsib bəy Yusifbəylinin 140 illiyi
Bu gün rəsmi dövlət təqvimlərində yer almayan bir yubiley də var, böyük azərbaycanlı Nəsib bəy Yusifbəylinin anadan olmasının 140-cı ildönümüdür. Azərbaycan sevdalısı, həyatını xalqının azadlığına, firavanlığına qurban vermiş Nəsib bəy Yusifbəylinin adını təqvimlərə salmaya bilərlər, amma bu ad milyonlarla soydaşımızın qəlblərinə yazılıb, bunu diqqətdən kənarda saxlamaq olmaz.
Nəsib bəyin qısa həyat tarixçəsinə (cəmi 39 il yaşayıb) ötəri nəzər saldıqda hər bir xronologiyanın altından markerlə “Azərbaycan naminə” işarəsi qoymağa məcbur olarıq. 1881-ci ilin bugünkü günündə Gəncədə dünyaya göz açan Nəsib bəy Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi olub. Hələ ilk gənclik illərindən qəlbində millətçilik, vətənpərvərlik təşnəsi hiss edib, Odessa şəhərindəki Novorossiya İmperator Universitetinin Hüquq fakültəsində təhsil alarkən orada oxuyan azərbaycanlı tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətini yaradıb. Təhsilini tamamlamadan Krıma gedərək orada İsmayıl Qaspıralının əsasını qoyduğu “Tərcüman” qəzetində fəaliyyət göstərib. Siyasi düşüncə və fəaliyyətlərinə görə Çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub. 1909-cu ildə Gəncəyə qayıdaraq o, Şəhər Dumasında milli fraksiyada fəaliyyət göstərib, paralel olaraq müəllim kimi də çalışıb. 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyi altında Türk-Ədəmi Mərkəziyyət Firqəsinin əsası qoyulub. Sonra firqə Müsavatla birləşib, iki böyük sima - Nəsib bəy və Məmməd Əmin siyasi fəaliyyətdə yanaşı dayanıblar. 1918-ci ilin 23 fevralından sonra yaranan yeni hakimiyyətə - Zaqafqaziya Seyminə seçilən və Azərbaycanı təmsil edən 44 nümayəndədən biri də Nəsib bəy olub. Nəsib bəy daha sonra seymin əsasında yaranan Zaqafqaziya Federativ Demokratik Respublikasında xalq maarif naziri vəzifəsinə seçilib. Şərəfli tarixdə - 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra edib. O, yaradılan kabinetlərdə müxtəlif nazir postlarını tutduqdan sonra 3-cü və 4-cü kabinetlərdə Baş Nazir vəzifələrini yerinə yetirib. 28 aprel 1920-ci ildə bolşevik istilasından sonra ölkəni tərk etmək istəyərkən böyük şəxsiyyət bizim tarixi mənbələrin yazdığına görə “Kürdəmir yaxınlığında müəmmalı şəkildə həyatını itirib.” Amma onun Sovet rejimi tərəfindən qətlə yetirilməsi də gün kimi aydındır.
Tarix saxtakarlıq sevməz. Tarix ucaları endirənləri də bağışlamaz.
4 iyul, ABŞ-ın Dövlət Müstəqilliyi Günü
Bir mahnıda deyildiyi kimi, macəra dolu Amerika. 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə ərazisindən ibarət ölkə. 9,8 milyon kvadrat kilometr ərazisi ilə ərazisinə görə dünyanın 3-cü ölkəsi və 327 milyon nəfərdən çox əhalisi ilə əhalisinə görə yenə də dünyanın üçüncü ölkəsi. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-York.
12 min il əvvəldən ərazisində hindular yaşayan (biz uşaqlıqda onlara indeyes, Çinqaçquk deyərdik), 16-cı əsrdən avropalıların müstəmləkəçiliyinə məruz qalan, 1775-ci ildə buranı idarə edən müstəmləkəçi Britaniya ağalarının müstəqil dövlətə sahib olma iştahası nəticəsində Britaniya İmperiyasına qarşı silah qaldırıb inqilab edərək müstəqillik qazanan bir dövlət. XIX əsrin ikinci yarısında burada baş tutan vətəndaş müharibəsi ölkədə hüquqi köləliyin sona çatmasına səbəb oldu, əsrin sonunda ABŞ Sakit okeana qədər genişləndi, sənaye inqilabı iqtisadiyyatı yüksəltdi, İspaniya-ABŞ müharibəsi və Birinci Dünya Müharibəsi ölkənin hərbi güc statusunu təsdiqlədi, İkinci dünya müharibəsi ABŞ-ı qlobal bir supergecə, nüvə silahı yaradan və bundan istifadə edən ilk və yeganə ölkəyə çevirdi. 1991-ci ildə Sovet İttifaqının dağılması isə ABŞ-ı dünyanın yeganə supergücü etdi.
ABŞ BMT-nin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun təsisçi üzvüdür. Onun qlobal ÜDM-in təxminən dörddə birini təşkil edən nominal ÜDM üzrə dünyada ən iri iqtisadiyyatı var. ABŞ dünyada dəyərinə görə məhsulların ən böyük idxalçısı və ikinci ən böyük ixracçısıdır. Əhalisi dünya cəminin yalnız 4,3 faizi olmasına baxmayaraqABŞ dünyada ümumi sərvətin 31 faizinə sahibdir.
Mən ABŞ-ın dövlət bayramı barədə çox şey yaza bilərəm, amma qısa və konkret yazmaq tələb olunduğundan yalnız bir neçə məqamdan söz açıram. 1776-ci ildə ABŞ-in İstiqlaliyyət Bəyannaməsini 56 nəfər imzalamışdı, onlardan ən gənci 27 yaşlı Tomas Linç, ən yaşlısı isə 70 yaşlı Bencamin Franklin idi. Deklorasiyanı imzalayanlardan 7-si Harvard Universitetini bitirmişdi. Düzdür, deklorasiyanı imzalayanlardan bizdə ən çox tanınan şəkli yüz dollarlıq əskinasları bəzədiyi üçün hamıya doğmalaşmış Franklindir, amma sənədin hazırlanmasında, onun tətbiqində ən fəalları Con Adams və Tomas Ceferson olmuşlar. Və bu insanları qəribə tale izləmişdir. Sonradan ayrı-ayrı dönəmlərdə onların hər ikisi ABŞ prezidenti olmuşlar, hər ikisi də 1826-cı ildə eyni gündə dünyadan köçmüşlər. Amma bu da hələ hamısı deyil. Onların hər ikisi məhz 4 iyul günü dünyadan köçmüşlər.
Düzü, mən bilmirəm, ABŞ-da da yalnız qargörən “hinduşkanı” (hindtoyuğu – red.) yemək dəbi varmi, ancaq bayram günündə amerikalılar mütləq hinduşka yeyirlər, bu ənənənin əsasını da Franklin qoyub. Franklin hətta ABŞ-ın simvolunun da hinduşka olmasını təklif edib, amma onu məzxərəyə qoyub yırtıcı qartalı qəbul ediblər. Amerikalılar öz dövlətlərinin “doğum gününü” sevgi ilə “4 iyul bayramı” adlandırırlar, həmin gün yalnız yeyib-içib kef edirlər. Bayramın əsas atributu tək hinduşka yemək deyil, ümumən çox yeməkdir. Həmin gün statistikaya görə amerikalılar 150 milyon dollarlıq hot-doq, 700 milyon dollarlıq toyuq əti yeyirlər. Və düz 1 milyard dollarlıq spirtli içki alıb içirlər! (Adamın orda bir “Şərab evi” ola, bir günə bir ilin qazancını əldə edib sonra da yıxılıb yatasan). Bayram günü atəşfəşanlıq yaratmaq da mütləqdir. Yenə də statistikaya görə bir bayram günündə partlatmaq üçün ABŞ Çindən düz 227 milyon dollarlıq pirotexnika alır.
Xeyir, həmin gün mədəniyyət kölgədə qalmır, düz düşünmürsünüz. ABŞ-ın ən səs-küylü blokbasterləri kinoteatr ekranlarına məhz İstiqlaliyyət günündə çıxır.
Vəssalam.
4 iyul, Azərbaycanın siyasi xadimi Rəbiyyət Aslanovanın 70 illik yubileyi
Bu yubileyin mövzuya o dəxli var ki, məmur, deputat kimi tanıdığımız bu xanım 2004-cü ildə “İslam mədəniyyət sistemində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, fəlsəfə elmləri doktorudur. 2004-cü ildən BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. Bioqrafiyasında “Mədəniyyət” kəlməsi varsa, demək, bizim əhatə dairəmizdədir.
Rəbiyyət Aslanova Kəlbəcər şəhərində anadan olub, yeddi kitabın, 200-ə yaxın elmi məqalənin müəllifidir. Avrasiyanın siyasi, mədəni, iqtisadi, sosial, elmi inkişaf problemləri ilə məşğul olan məşhur Türkiyə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin üzvüdür. MDB Parlamentlərarası Assambleyasının Elm və Təhsil Komissiyasının sədr müavinidir. Tərcümeyi-halını həm də “Şöhrət” ordeni ilə təltif edilmişdir” kəlmələri bəzəyir.
4 iyul, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının direktoru Əliqismət Lalayevin 65 illik yubileyi
Teatrımızda bu şəxsin əvəzsiz yeri var desəm, yanılmaram. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini kimi, Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi, Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının direktoru kimi bu şəxs həyatını incəsənətə həsr etmişdir. Azərbaycan teatrları arasında ilk dəfə məhz Musiqili Komediya Teatrı beynəlxalq qurumda təmsil olunmaq fürsəti qazanmış, 2008-ci ildə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv qəbul edilmişdir. Bu gün teatrın tamaşalarını dünyanın 20-dən çox xarici ölkəsində, o cümlədən, ABŞ-da, Türkiyədə, İranda, Rusiyada maraqla izləyirlər. O, həm də sənətşünaslıq üzrə fəlsəfə doktorudur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.
Lalayev 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif edilib. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin direktorudur. Bir sözlə, Lalalayev soyadına uyğun olaraq teatrda lalələr açdırır.
“Haralıdır” sualını sevən oxucular narahat olmasınlar, deyəcəyəm, salyanlıdır.
5 iyul, Cənubi Azərbaycanın tanınmış maarifçisi Həsən Ruşdiyyənin 170 illiyi
Həyatını xalqının maariflənməsinə həsr edən, bundan ötrü böyük məhrumiyyətlər görən Həsən Mehdi oğlu Rüşdiyyəni niyə də tanımayaq? 1851-ci il iyul ayının 5-də Təbrizdə anadan olan bu şəxsiyyət mütərəqqi təlim-tərbiyə üsullarını öyrənib İranda yaymaq məqsədi ilə XIX əsrin 80-ci illərində Qafqaza gəlmiş, 1883-cü ildə İrəvanda azərbaycanlılar üçün yeni üsullu məktəb açmışdır. 1887-ci ildə İrana qayıdan Rüşdiyyənin 1888-ci ildə Təbrizdə açdığı “Dəbistani Rüşdiyyə”, “Mədrəseyi Rüşdiyyə” məktəblərini, 1897-ci ildə Tehranda açdığı yeni üsullu məktəbləri mürtəce ruhanilər və mövhumatçılar dəfələrlə bağlamış və qarət etmişlər. Buna baxmayaraq, Rüşdiyyənin məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. Bu məktəblərin tədris planına Azərbaycan, fars, fransız dilləri, ədəbiyyat, riyaziyyat, fizika kimi fənlər daxil idi. Tədris Azərbaycan dilində aparılırdı. Dövrün tanınmış ziyalı şəxsləri, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüsеyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar.
Ruşdiyyənin 1902-1903-cü illərdə Tehranda nəşr etdirdiyi “Məktəb” və “Tehran” qəzetlərində metodiki məqalələri ilə yanaşı, mütləqiyyət üsul-idarəsini ifşa edən yazıları da dərc edilmişdir. 1894-cü ildə M.Rüşdiyyə “Vətən dili” adlı əsərini yazmış, “Rüşdiyyəyi-Müzəffəriyyə”də tədris olunan ana dili dərsləri məhz bu kitab üzrə aparılmışdır. Sadə və aydın dildə yazılan bu dərslik onu qavramaqda məktəblilər üçün hеç bir çətinlik yaratmır, onlara Azərbaycan dilini sevdirirdi. Mürtəce mütləqiyyət rejiminə qarşı çıxdığı üçün həbs edilərək Xorasan əyalətinə sürgün edilən Rüşdiyyə 1905-1911-ci illərdə İran inqilabı dövründə Tehrana qayıtmış, ictimai-pedaqoji fəaliyyətini davam etdirmişdir. Rüşdiyyənin ən böyük хidmətlərindən biri də qadın azadlığı və qadın təhsili uğrunda mübarizə aparıb qızlar məktəbi açması, kоrlar üçün yеni охumaq üsulu iхtira еdib, оnlar üçün də məktəb təsis еtməsi olmuşdur.
Həsən Mehdi oğlu Rüşdiyyə 1944-cü il dekabr ayının 10-da vəfat etmişdir. Azərbaycanlılar üçün bu qədər işlər görən şəxsə gəlin bir kəlmə “Ruhu şad olsun!” söyləyək.
6 iyul, Ümumdünya Öpüşmə Günü
İnternational Kissing Day – səni də təqvimə salıblar, neynəyə bilərik ki? Qaragüruhu üstümə salmamaq üçün, mental xüsusiyyətlərə hörmət edərək bu gün barədə geniş danışmaqdan çəkinirəm. Amma mütləq şəkildə qeyd edirəm ki, öpüş zamanı insanın 146 əzələsi hərəkətə gəlir, nəticədə hər dəqiqə 2-3 kalori yandırılır. Dünyada ən uzun öpüş taylandlılar Ekkaxaye və Laksanaya məxsusdur, onlar sərasər 58 saat, 35 dəqiqə və 58 saniyə ərzində öpüşüblər. Öpüşmə səhnələri incəsənətdə də yer alıb, amma tarixdə ən məşhur “öpüşmə şedevri” real bir fotoqrafiyada fiksə olunmuş “fenomenal öpüşmə” hesab edilir. Bu fotonu yaşlı və orta nəsil gözəl xatırlayar, söhbət SSRİ-nin rəhbəri Leonid Brejnevlə Demokratik Almaniyanın rəhbəri Erik Henekerin öpüşməsindən gedir. Rəhmətlik nənəm hər dəfə bu fotonu görəndə deyərdi ki, “Bıy, ayıbınızı yer örtsün”.
7 iyul, tanınmış aktyor ƏləkbərHüseynovun 60 illiyi
Biz uşaq olanda bir aktyor var idi, Hüseynağa Sadıqov, ruhu şad olsun, ekranda onu görəndə bilirdik ki, uşaq saatı gəlib. Çağdaş dövrümüzdə həmin funksiyanı aktyor Ələkbər Hüseynov daşıyırdı, o Ələkbər Hüseynov ki, uşaqlar onu sevə-sevə Ələkbər əmi çağırırdılar. Çox təəssüf ki, bu gün 60 yaşını qeyd etmək aktyora qismət olmadı, o, hələ 14 il əvvəl uzun sürən xəstəlikdən sonra vəfat etdi.
Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra Ələkbər Hüseynov 1988-ci il aprel ayının 5-dən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlamışdı, 2006-cı ildə Kukla Teatrının baş rejissoru təyin edilmişdi, uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuşdu. 2006-cı ildən ömrünün sonuna kimi Kukla Teatrında çalışan istedarlı aktyor həmin teatrın səhnəsində yaddaqalan obrazlar yaratmış, pyeslər yazıb onları teatrının rus bölməsində özü tamaşaya hazırlamışdı. Sənətdə qazandığı nailiyyətlərə görə “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı adını qazanmış, 2000-ci il oktyabr ayının 28-də Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adı ilə təltif olunmuşdu. Ələkbər Hüseynov 2007-ci ildə Polşanın “Təbəssüm Ordeni” mükafatına da layiq görülmüşdü. Bu da rəmzi məna daşıyır. Çünki illər keçsə də, Ələkbər əmi həmişə üzlərdə təbəssüm xatırlanır.
8 iyul, fransız şairi və təmsilçisi Jan de Lafontenin 400 illiyi
Lafonten (1621-1695) uzun, qıvrım saçlı bir saray şairi olub, kralın çörəyini yesə də ona asi çıxıb, Laröşfuko ilə dostluq edib, lirik şeirləri dillər əzbəri imiş, amma onu ədəbiyyat tarixində saxlayan təmsilləri hesab edilir. Ezop təmsilçiliyin əsasını qoysa da təmsilin didaktik nəzm formasının banisi bu şəxsdir. Hətta bizə rus Krılovun təmsili kimi sırıdıqları “Tülkü və qarğa” təmsili də bu fransıza məxsusdur.
10 iyul, fransız yazıçısı Marsel Prustun 150 illiyi
Lafontendən fərli olaraq Marsel Prust (1871-1922) ölkəmizdə çox tanınır. Fransız romançısı, esseist və tənqidçisi ən azı ən məşhur əsəri olan, 4800 səhifəlik, 7 cildlik “İtirilmiş zamanın axtarışı” romanı ilə ədəbiyyatsevərlərimizin qəlbini riqqətə gətirə bilib. Anası yəhudi ailəsindən olduğu üçün Prusta yəhudilər də sahib çıxırlar.
Deyim ki, ədəbi taleyi uğurlu olsa da şəxsi taleyi bədbəxçiliyə bürünüb yazıçının, doğulandan ta ki dünyadan köçənədək ağır vərəm xəstəliyindən əziyyət çəkib.
Prust Avropada ən çox sitat gətirilən yazıçıdır. Ondan bir sitat da mən gətirməyə borcluyam:“Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla etiraf edən, yaşı ötmüş və məsələn, ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş birisi, özündən daha gənc və daha saf, daha axmaq biri tərəfindən eyni qüsurların sərgiləndiyini görəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir” (“Dustaq” romanından).
10 iyulun şeir bəndi
Gəl otur yanımda səssiz, sədasız,
Ayrılaq bu gecə qansız, qadasız.
Son dəfə bir şeir oxuyum sənə.
Hər şeyi təzədən başlayaq yenə.
Adil Mirseyid
Dünyanın ən son teatr hadisəsinə Belçika truppası imza atdı
Beynəlxalq teatr təqvimi yayda adətən boş olur, amma bir-iki istisna ilə. Bu istisnalardan biri Dyagilevsk teatr festivalıdır ki, bu yay həmin festival Rusiyanın Perm şəhərində keçirildi. Festivalın kulminasiyası isə Belçikanın Peeping Tom şirkətinin diptixinin Rusiya premyerası oldu. Söhbət Qabriel Karrizonun və Franka Şartyenin "İtkin qapı / itirilmiş otaq" adlı iki hissəli tamaşasından gedir.
“Ədəbiyyat və incəsənət” portalı “Kommersant deyli” nəşrinə istinadən xəbər verir ki, bu, mövcud
olduğu 22 il ərzində Belçikanın məşhur Peeping Tom şirkətinin Rusiyaya ilk gəlişi idi. Düzdür, 2019—cu ildə, koronavirusun hücumundan qabaq Danceİnversion festivalında Karrizo-Şartye tandemi "31, Vandenbranden küçəsi" adlı tamaşa göstərmişdi, amma onda belçikalı virtuozların çıxışı müstəqil deyildi, Lion operasının tərkibində idi. Effekt sarsıdıcı alınmışdı.
Frank Şartye budədəki nümayişdən qabaq mediaya açıqlamasında bildirdi ki, sözügedən tamaşanın sifarişçisi Niderland rəqs Teatrı(NDT)dır, tamaşa hansısa Okean layneri haqqındadır, hansında ki, təxminən detektiv hadisələr baş verir. Və əlavə də etdi ki, onlar Gabriella Karrizo ilə bu layneri müstəqil səfərə buraxmaq qərarına gəldilər, tamaşanı yenidən qurdular və üç hissəyə genişləndirdilər, bunun üçün layihə iştirakçılarını topladılar; səkkiz nəfər lazım idi, çağırışa isə dünyanın hər yerindən, demək olar ki, iki min nəfər cavab verdi.
Bu tamaşanı Peeping Tom Dyagilov festivalına böyük ümidlərlə gətirmişdi. Əslində, min il bundan əvvəl çılpaq Ledi Qodivanın Koventri üzərindən necə keçdiyini görməyə cürət edən, nəticədə gözlərini itirməklə cəzalandırılan əfsanəvi şəhər sakininin adını daşıyan Peering Tom şirkəti bu addaşımaqda öz iddiasını irəli qoyur: teatr gözqamaşdıran dərəcədə gözəl olmalıdır, hətta gözlərin tutulmasına da səbəb olmalıdır.
Voyerist yanaşma - özgə həyatının dibsiz quyusuna baxılması onların işlərinin əsas üsuluna çevrilib, səhnə təcəssümü isə o qədər orijinal alınıb ki, tənqidçilər "bədən Teatrı"nın xüsusi tərifi ilə qarşılaşmalı olublar. Yəqin ki, simvollar həddindən artıq möhtəşəm alınıb və bu absurd həyat, hiperrealist dekorasiya ilə Peeping Tom tamaşalarını etik və estetik mənada göstərməyə müvəffəq ola bilir.
Peeping Tom yaradıcılarının məslək ardıcıllığı davamlı olaraq, sanki serial şəklində “Ev”, “Bağ”, “Ana”, “Ata”, “Uşaqlar” kimi tamaşalara həyat vəsiqəsi verib.
Şirkətin həyatının yeni mərhələsi daimi truppa saxlamamaq, artistlərin gedişinə yaşıl işıq yandırmaq, tamaşalarda təkcə aktyorlarla yanaşı rəqqaslar-akrobatlar-sirkçilər deyil, həm də istənilən kombinə edilmiş epizodlara, tryuklara qol qoya bilən kaskadyorları cəlb etməkdən ibarətdir.
İstənilən halda tandem öz prinsiplərini dəyişməyib: Qabriel Karrizonun" itkin qapı”sı və Frank Şartyenin" itirilmiş otağı" (Triptixin sonuncu hissəsi Perm şəhərinə gətirilməmişdi) çoxdan sınaqdan çıxmış konstruksiyanın köməyi ilə yaradılıb və demək olar ki, bir-birindən leksik və kompozisiya cəhətindən fərqlənmir.
Tamaşanın əsas qayəsi isə ən müxtəlif hoqqalarla ortaya dərin məzmunlu qara yumor qoymaqdır.
Bəli, tamaşa çox sevildi, teatr kuluarlarından və mediadan sədası uzun müddət əskik olmayacaq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti türkiyəli nazir müavini ilə görüşdü
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan Bakıya işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Günay Əfəndiyeva fondun fəaliyyəti barədə məlumat verərək, təşkilat tərəfindən türk dünyasının maddi-mədəni irsinin tanıdılması və qorunması istiqamətində bir çox tədbirlərin, konfransların və sərgilərin keçirildiyini, kitabların nəşr etdirildiyini bildirib. O, fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb və bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin önəminə toxunub.
Fondun prezidenti cari ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal zirvə görüşü çərçivəsində Türküstan Bəyannaməsinin qəbul olunduğuna diqqət çəkərək, həmin Bəyannaməyə əsasən, üzv dövlətlərin müvafiq qurumlarının Türk Əməkdaşlıq Təşkilatları ilə birlikdə türk dünyasının ədəbiyyatı, incəsənəti, elmi və mədəniyyətinin inkişafına böyük töhfə vermiş şairlərin, filosofların və dövlət xadimlərinin ildönümlərinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi məsələsinə toxunub.
Qarabağ Zəfəri haqqında danışan fondun prezidenti bildirib ki, bu qələbə bütün türk dünyasına qürur yaşadıb. Türkdilli beynəlxalq təşkilatın rəhbəri kimi Azərbaycan ilə Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərinə böyük dəyər verdiyini deyən Günay Əfəndiyeva, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin xüsusi önəm kəsb etdiyini bildirib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan fondda olmasından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. O, fond ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında olan tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcəkdə daha çox birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib. Əhməd Misbah Demircan fond tərəfindən türkdilli xalqların zəngin maddi və mədəni irsinin araşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü və Türkiyənin bundan sonra da təşkilata hər cür dəstək göstərəcəyini bildirib.
Günay Əfəndiyeva, fond tərəfindən müxtəlif ölkələrdə nəşr olunan türkdilli ölkələrin zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən kitabları, eləcə də Qarabağ xalçasını Əhməd Misbah Demircana hədiyyə edib.
Anar AYB Gənclər Şurasının üzvləri ilə görüşdü
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iyunun 30-da Azərbaycan Yazıçılar Birliyində birliyin Gənclər Şurası üzvlərinin birliyin sədri Anarla görüşü keçirilib.
Gənclər Şurasının və Gənclər üzrə katibliyin birgə təşkilatçılığı ilə baş tutan görüşdə üzvlərin ideyaları və təklifləri səsləndirilib, müxtəlif layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən bütün gənc yazarların təklifləri AYB sədri Anar, Gənclər üzrə katib Rəşad Məcid, Şuranın sədri Fərid Hüseyn tərəfindən dinlənilərək qeydə götürülüb. Şura üvləri olan gənc yazarlardan Cavid Zeynallı, İntiqam Yaşar, Elmin Nuri, Ramil Əhməd, Şəhriyar Del Gerani, Fuad Cəfərli, Ruslan DostƏli, Şahanə Müşfiq, Şəhla Aslan, Türkan Turan və Gülnar Səmanın səsləndirdikləri təkliflər istiqamətində müxtəlif qurumlarla müzakirələrin aparılması, həmçinin Azərbaycan Yazıçılar Birliyinin özünün bu istiqamətlər üzrə görəcəyi işlər barədə konkret qərarlar qəbul olunub.
Gənc yazarlardan heç vaxt diqqət və qayğısını əsirgəməyən Anar AYB-nin bir qurum olaraq daim gənc istedadların yanında olacağını vurğulamaqla həm də yazıçılarımızın baş qurumunun perspektiv strategiyasını açıqlayıb.
Əlbəttə ki, gənclər ədəbiyyatımıza yeni ruh, yeni çalar gətirirlər. Körpə fidanların inkişafı üçün qayğı göstərmək isə mütləqdir.
“Nizami romans” müsabiqəsinin qalibləri mükafatlandırıldı
“Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Təhsil Nazirliyinın dəstəyi ilə keçirdiyi “Nizami romans” respublika müsabiqə-festivalının qalibləri məlum oldu.
“Ədəbiyyat və incəsənət” portalı akademiyaya istinadən bildirir ki, müsabiqəyə 18-35 yaşarası hazırda akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar qatılmışdı.
Müsabiqə-festivalın bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli idi. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarlarından ibarət münsiflər heyəti təşkil olunmuşdu. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə idi.
Münsiflər heyətinin səsverməsindən sonra l yerə İlahə Qismət İsrafilova, ll yerə Fərid Fətullayev, lll yerə Ülkər Aşurbəyova və Sara Amirian layiq görüldülər. Nigar Süleymanova və Elvin Quliyev isə diplomat adını qazandılar.
Onu da qeyd edək ki, müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu.
Azərbaycan Milli Xalça Muzeyi xüsusi aksiya keçirir
Azərbaycan Milli Xalça Muzeyi yeni eksponatlarla, xarici ölkələrdən Azərbaycana qaytarılan, əcdadlarımızın əl işi olan nəfis xalçalarla tanışlıq məqsədilə yeni aksiyaya start verib.
Muzeydən bildirilir ki, ziyarətçilər iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.
Bir sözlə, gedib baxmağa dəyər.
Bəşəriyyətin faciəsi cahillikdir
Rauf Zeynini hər biriniz ictimai-siyasi xadim kimi tanıyırsınız. Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Avrasiya Millətlər Assambleyasında Baş katibin müavini, İctimai Nəzarət Mərkəzinin sədri və s. və i. Amma Rauf bəy həm də yazardır, 80-ci illərin sonlarından dövri mətbuatda şeirləri, fəlsəfi esseləri ilə çıxış edir, onun aforizmləri isə ən azı tanışlarının dillərində əzbərdir.
“Ədəbiyyat və incəsənət” portalı Rauf Zeyninin marağınıza səbəb olacaq bu yazısını dərc etməklə həm də ictimaiyyəti bəhs edilən mövzu barədə diskussiyaya da cəlb etmək fikrindədir. Həqiqətənmi, bəşəriyyətin faciəsi cahillikdədir?
Giriş
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Hüseyn Cavid
Cahil və kamillərdən, azad və kölələrdən, haqlı və haqsızlardan, zalım və fağırlardan, varlı və yoxsullardan, şərəfli və şərəfsizlərdən ibarət bir cəmiyyətdə yaşamağa məhkum olunmuşuq. Təzadlar və əzablar içində mənəvi süquta sürüklənən “bir ucu olumlu, bir ucu ölümlü” dünyamızda görəsən ilk səbəb nə olub insanların bir-birinə daş atmasına, ox atmasına, güllə atmasına? Görəsən ilk dəfə kim kimin haqqını tapdalayıb, kim kimin halal tikəsini əlindən alıb? Elə yəqin haqlı-haqsız, halal-haram anlayışı da o vaxtdan etibarən bəşər təfəkküründə öz toxumlarını səpib. Elə o zamanlardan etibarən bəşər təfəkküründə Yaradandan-Tanrıdan tutmuş, ta hər bir yaradılana qədər, hər kəsin, hər kimsənin haqqının nədən ibarət olduğunu, Tanrı haqqı, insan haqqı, ağac haqqı, quş haqqı, daş haqqı və s. varlıqların təbiət və cəmiyyət haqları insan düşüncəsinin müzakirə obyektinə çevrilmişdir.
Ta qədim zamanlardan adi və qeyri-adi şüur səviyyəsindən irəli gələn insanlar məlum varlıqların təbiət, cəmiyyət və ilahiyyətlə ünsiyyətini tənzimləyən haqlar toplusunu yaradaraq, fərqin və ya cəmin, özü və ətraf mühit ilə münasibətini formalaşdırmaq, idarə etmək və yönəltmək niyyətini daim reallaşdırmağa çalışmışdır.
Nəticə etibarilə, milyon illər ərzində təbii inkişaf nəticəsində təşəkkül tapan mövcud bəşəriyyətin Tanrı və təbiət hüquqları, toplumun yaratdığı cəmiyyət və bəşəriyyət hüquqlarına tabe etdirilmişdir.
İbtidai insanların şüur və təfəkküründə yaranmış haqq və hüquq məhfumu qədim dövrlərdə “şüurun hüququ”, sonrakı dövrlərdə isə “hüququn şüuru” mahiyyətinə qədər uzunmüddətli mürəkkəb tarixi mərhələlərdən keçib mövcud formasını almışdır. Yəni, belə demək mümkündürsə, əvvəllər şüur hüququ təyin etmiş, sonralar isə hüquq şüuru formalaşdırılmışdır.
Beləliklə, fərdin təbiətlə, fərdin cəmlə, fərdin ilahiyyətlə münasibətlər sistemi formalaşana qədər, fərd hər bir hadisəyə öz şüurundan irəli gələrək hüquqi və digər münasibət bildirirdisə, sonrakı dövrlərdə fərd, özünə və ətrafında baş verənlərə şüurundan deyil, artıq formalaşmış haqq və hüquqlar sistemindən irəli gələrək münasibət bildirmişdir. Məntiqi ardıcıllıqla desək, fərdi hüquqlar, sonra icma, qəbilə, tayfa və daha sonra xalq, millət, dövlət və bütövlükdə bəşəriyyətin beynəlxalq hüquqlar sisteminin yaranmasına gətirib çıxarmışdır.
Mövcud dünyamızdan fərdi və beynəlxalq hüquq sisteminə müxtəlif münasibətin olması, hər obyektin və ya subyektin bütövlükdə hüquq və haqq anlayışına köklü şəkildə fərqli baxışların olmasını ortaya çıxarır.
Heç kimə sirr deyil ki, yazılı qanunlar-hüquqlar sisteminin yaranmasına qədər bütün məlum cəmiyyətlər yazılmayan, yəni şifahi qanunlar-hüquqlar sistemi ilə idarə olunurdu. Qədim dövrlərdə icma, qəbilə, tayfa cəmiyyəti başçıların şüurundan, təfəkküründən, həmçinin nüfuzundan və fiziki gücündən irəli gələrək idarə edilirdi.
Bu cür idarə sistemi və ya forması hüquqi və mənəvi cəhətdən bütövlükdə icmanı qane edib-etməməsi üzərində geniş dayanmaq istəməzdim, çünki bu hüquqi və mənəvi məqamlar başqa bir məqalənin araşdırma mənbəyidir. Yalnız onu qeyd etmək yerinə düşərdi ki, günümüzə qədər bəşəriyyət müxtəlif idarəetmə sistemlərini yaradıb məhv etsə də, idarəetmənin və idarəolunmanın hüquqi və mənəvi mahiyyəti öz əhəmiyyətini itirməmişdir. Çünki bəşəriyyət yenə də mahiyyət etibarilə iki qismə, idarəedənlərə və idarəolunanlara bölünməkdədir.
Əvvəldə qeyd etdiyim kimi, Tanrı və təbiət tərəfindən kiməsə idarəetmə və ya idarəolunma haqqının mütləq olaraq verilməsi mübahisəli məsələdir. Bəşər övladının yaranma və yaşama haqlarının bərabərliyi faktını əsas götürsək fərdin qeyri-bərabər və ya qeyri-adi yaşam hüquqlarına malik olmadığına şübhəmiz qalmaz. Yaranma və yaşama haqlarının bərabər olmasına baxmayaraq qeyri-bərabər şüura malik olan fərdlər, özünün haqq və hüquq anlayışından irəli gələrək müxtəlif forma və məzmunlu cəmiyyətlər yaratmışlar. Formaca müxtəlif olan bu cəmiyyətlər əsasən iki qismə bölünə bilər: şüur cəmiyyəti və hüquq cəmiyyəti, şüurun hüquqdan üstün olduğu cəmiyyətlər şüur cəmiyyəti, hüququn şüurdan yüksəkdə olduğu məkanlarda isə hüquq cəmiyyəti mövcud olmuşdur və hal-hazırda da mövcuddur.
Hər iki halda Tanrının və ya təbiətin verdiyi mütləq haqlar və hüquqlar, ayrı-ayrı fərdlər və ya cəmlər tərəfindən haqsız (qeyri-hüquqi) olaraq məhdudlaşdırılır.Və beləliklə, təbii hüquqların haqsız (qeyri-hüquqi) olaraq mənimsənilməsi, qeyri-bərabər hüquqlara malik olan cəmiyyətlərin yaranmasına gətirib çıxarır. Bu prosesə şərti olaraq, təbii hüquqların cəmiyyət hüquqları ilə məhdudlaşdırılması və ya əvəzlənməsi prosesi adı verə bilərik.
Çıxış
Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirə biləcək haqlar və hüquqlar sistemi yaratmaq istəyən əcdadlarımız və ya müasir beynəlxalq hüquqşünaslarımız, əslində haqsızlığa və ya haqsızlara bəraət, yaşam və müdafiə haqqı verən hüquqlar sistemi yaratmağa “müyəssər” olmuşlar. Belə olmasaydı, hal-hazırda dünyanın güc mərkəzləri ayrı-ayrı fərdlərə və ya cəmiyyətlərə, bütövlükdə bəşəriyyətə qarşı tətbiq etdikləri qeyri-qanuni, qeyri-insani, haqsız, başqa sözlə cahil əməllərini mövcud hüquqlar sistemi çəçivəsində qanuni əməl kimi təqdim edə bilməzdilər.
Real, faktiki yaşamı tərənnüm edən realistlər “kim güclüdür, o da haqlıdır” deyərək, əslində dolayısı ilə güclüyə, yəni bu mənada haqsıza haqq qazandırmış, hüquq bərabərliyi baxımından ilkin tarazlığı-müvazinəti pozmuşlar.
Yuxarıdakı aforizmi, (deyimi) “kim güclüdür, o da zəifdir” və ya fəlsəfi desək “kim güclüdür, o da haqsızdır” kimi ifadə edərək məntiqinə varsaq, daha gerçək haqqa yaxınlaşmış olacağımızı zənn edirəm. Təbii hüquqların mahiyyətini və ya daha ədalətli mənasını aşağıdakı deyimdə görürəm. “Güclü ədalətli deyilsə, haqsızdır” və ya “Güclü olduğunuz qədər ədalətli olun, onda daha güclü olarsınız”! Bütün mənalarda daha güclü olanlar daha ədalətli olmağa borclu deyilmi?!
Bu baxımdan diqqətinizi bütün bəşəriyyət üçün əvəzsiz örnək ola biləcək, Şərqin iki tarixi şəxsiyyətinin- Nəsimi və Teymurləngin şərti təfəkkür müqayisəsinə cəlb etmək istəyərdim. Əmir Teymurun təfəkküründə kök salmış “güclü-gücsüz, iri-xırda” ünsürlərindən ibarət cəmiyyət sisteminə, Nəsimi dühasına hakim kəsilmiş ”cahil və kamil” ünsürlərdən ibarət cəmiyyət formulası ilə cavab verir. Nə qədər təzadlı olsa da, Əmir Teymur mövcud cəmiyyətin formalaşdırıldığı hüququn şüurundan, Nəsimi isə təfəkkürün hakim olduğu şüurun hüququndan çıxış edir. Əmir Teymur cəmin, yəni kütlənin itaət etdiyi haqlar və hüquqlar sisteminin formalaşdırdığı “şüurların” sərkərdəsi, başqa sözlə “güclülərin-gücsüzlərin” sərkərdəsidirsə, Nəsimi cəmin, yəni əksəriyyətin dərk və qəbul edə bilmədiyi, mövcud varlıqların, bəşəriyyət və kainatın gerçəklik və mahiyyətini dərk etməyə çalışan ali şüurların formalaşdırdığı təfəkkürlərin, yəni kamillərin sərkərdəsidir. Bütün bunlara baxmayaraq, Nəsiminin haqlı olduğunu dərk eləyən Əmir Teymur güclü olduğu qədər ədalətli olmağa məhkumdur. Çünki Əmir Teymur bütün maddi, fiziki və mənəvi qüdrəti ilə birlikdə, Nəsiminin ilahi və mənəvi qüdrətinin qarşısında gücsüz və haqsız olduğunu dərk edirdi.
Beləliklə, bütün bəşəriyyət adi şüurun məntiqi nəticəsində formalaşan müxtəlif quruluşlarda, ayrı-ayrı hüquq sistemləri çərçivəsində təbii haqları və qanuni hüquqları uğrunda “ədalətli” mübarizə aparır.
İstər şüurun hüququ, istərsə də hüququn şüuru təyin elədiyi cəmiyyətlərdə mahiyyətcə eyni zəmində baş verən qarşıdurmalar, münaqişələr belə bir fikir söyləməyə əsas verir ki, Yaradan tərəfindən verilmiş haqlara qeyd- şərtsiz razılaşan fərdin, yaranan tərəfindən yaradılmış hər hansı hüquqlar və qanunlar sistemi ilə razılaşması şərti və zahiri xarakter daşıyır.
Yaradılış etibarilə mürəkkəb mənəvi-psixoloji varlıq hesab edilən insan- fərd, öz mürəkkəb, təzadlı və mücərrəd daxili aləmindən irəli gələrək təzadlı və mücərrəd haqlar və hüquqlar sistemi olan cəmiyyətlər yaratmışdır.
Hər hansı mənsubiyyətdən asılı olmayaraq bəşər qarşısında məsuliyyətini dərk edən adi şüur daşıyıcısı-yaranan, bəşərin haqq və hüquqlarına zidd olan əməllərdən şüurlu şəkildə imtina eləyib, yalnız bəşəriyyətə mənsub olduğunu anlayıb, vəhdətin mahiyyətinə qayıda bilsəydi, bəşəriyyət minilliklərin bəlasından xilas ola bilərdi.
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19120#sigProGalleria3f4b247269
Musiqili Teatr mövsümə yekun vurdu
Müvafiq həyat reallıqlarına uyğun olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümə Zoom platforması üzərində yekun vurdu, il ərzində yaradıcılıq uğurları ilə seçilən əməkdaşlarını təltif etdi.
“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinə istinadən bildirir ki, tədbirdə Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanları, o cümlədən teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olundu.
Tədbirin aparıcıları – Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və istedadlı aktrisa Mehriban Zaliyeva teatr kollektivinin İkinci Qarabağ müharibəsinə şəhid verməklə yanaşı, arxa cəbhədə yorulmaz fəaliyyətindən, yaradıcılıq əzmindən də söz açdılar. Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yekun tədbirinin ilk dəfə onlayn formatda təqdim olunmasına diqqət çəkərək ötən bir il ərzində yaradıcı insanların qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışdı. O dedi: “Mövcud pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı və fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha göstərdik. Biz bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər əldə edə bilərik. Bu tədbirdə də əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir”.
Mükafatlandırılan əməkfaşlar bunlardır: Teatrın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov; aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev; bədii quruluş hissə müdiri Qabil Gözəlov; quruluşçu operator və montajçı Hikmət Şahverdizadə; teatrın mətbuat katibi Fəridə Aslanova; orkestr artisti Firuzə Nəcəfli.
Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olundu. “Mövsümün ən işgüzar rejissoru” nominasiyasında teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” nominasiyasında balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi oldular. Sonda teatrın gənc solistləri – Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni uğurlu mövsüm sorağı ilə beləcə yay tətilinə yollandı.
https://edebiyyatveincesenet.az/en/resm-qalereyasi/itemlist/user/43-superuser?start=19120#sigProGalleria1ee414eade
Elxan Zal 60 illik yubileyi münasibəti ilə təltif edildi
Tanınmış şair, publisist və tərcüməçi Elxan Zal Qaraxanlıya ədəbiyyata xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı AYB mətbuat katibi Xəyal Rzaya istinadən məlumat verir ki, AYB-də bu münasibətlə keçirilən tədbirdə mükafatı təqdim edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev yubliyarı təbrik edərək onun haqqında xoş fikirlərini, ürək sözlərini paylaşıb.
Qeyd edək ki, Xalq yazıçısı Anar Elxan Zal Qaraxanlının 60 illik yubileyi münasibətilə “Ədəbiyyat qəzeti”ndə təbrik məqaləsilə çıxış edib. Həmin təbrik mətnini təqdim edirik:
“Əziz Elxan! Sənin də altmış yaşın olarmış. Elə bil dünən idi, sənin adın gənc şairlər sırasında çəkilirdi, məni isə həmişəki kimi siz gənclərə diqqətsizlikdə suçlayırdılar. Halbuki istedadlı cavanları – sən isə şübhəsiz onların sırasındasan – həmişə himayə etməyə çalışırdım və çalışıram. Oxuduğum şeirlərini özümün yüksək qiymətləndirdiyimdən başqa, ədəbi zövqünə və güzəştsiz münasibətinə inandığım əziz dostum Vaqif Səmədoğlunun da sənin yaradıcılığını yüksək qiymətləndirməsi mənimçün çox önəmlidir. Bu illərdə səni yalnız orijinal şair kimi deyil, həm də türk dünyasına, onun keçmişinə və indisinə, tarixinə və ədəbiyyatına dərindən bələd olan və bildiklərini səxavətlə oxucularla bölüşən adam kimi tanıdım. Odur ki, Mahmud Qaşqarlı Fondunu yaradarkən səni onun əsas təşkilatçısı kimi görməyim əbəs deyildi.
Mənə bağışladığın son kitabın – “Ordu günü” qarşımdadır. İstər publisist yazılarınla, istər poema və şeirlərinlə tarixi Qarabağ zəfərimiz, bu zəfəri öncədən görən ulu öndərin ruhu, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, qardaş Türkiyənin Cumhur Başqanı Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyi sənin qələminlə bir daha canlandırılır. Eyni zamanda başqa türk xalqlarının – əcdadlarımız – Mete-Oğuzdan Qazaxstan lideri Elbaşı Nursultan Nazarbayevə qədər türk böyüklərini tərənnüm etməyin, türk dünyasına marağın və sevgin mənə çox doğma, çox tanış, çox məhrəm hisslərin ifadəsidir.
Bir neçə il bundan qabaq Yazıçılar Birliyi Türkiyə, türk dünyasıyla Azərbaycanın ədəbi əlaqələrinin inkişafı yolunda xidmətləri olanlara təqdim etmək üçün böyük şairimiz Bəxtiyar Vahabzadə adına mükafat təsis etmişdi. İndiyədək bu mükafata yalnız Türkiyəli ədiblər layiq bilinib. Sən “Bəxtiyar Vahabzadə” mükafatını alan ilk azərbaycanlı qələm sahibisən və sənin buna tam haqqın çatır”.
Biz də portalımız adından Elxan Zal Qaraxanlını yubileyi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.