Super User

Super User

Bu günə təsadüf edən əlamətdar hadisələri nəzərinizə çatdırırıq:

 

14 oktyabr. Ümumdünya görmə günü

 

Müasir tibb göz xəstəliklərinin 80 faizini sağalda bilir, amma bəzən elementar tibbi avadanlıqların və mütəxəssislərin çatışmazlığı ucbatından vaxtında xəstəliyə müdaxilə edilmir və insan görmə qabiliyyətini itirir. Məsələn, ÜST 2017-ci ildə belə bir məlumat yaymişdi ki, Afrika qitəsində 26,3 milyon insan görmə qabiliyyətinin müxtəlif fəsadları ilə yaşayır. Bunlardan da 5,9 milyonu artıq tamamən kordur. Ümumən, Afrika qitəsi göz xəstəliklərinə görə dünya birincisi olmaq kimi kədərli liderliyi özündə saxlayır, dünyadakı kor əhalinin 15,3 faizi burada yaşayır. Tibb müəyyən edib ki, korluq yaradan hallar sırasında traxoma, onxoserkoz kimi infeksion xəstəliklər aparıcı yer tutur. Ən geniş yayılmış göz xəstəlikləri katarakta, qlaukoma və diabetik retinopatiyadır. Göz xəstəliklərinin statistik yaşı isə 50 və daha yuxarı yaşlardır.

 

Yəqin Nobel mükafatçısı Joze Saramaqonun “Korluq” romanını oxuyanlar var. Gözəl əsərdir, oxumağa dəyər.

 

Biz fiziki korluqdan danışırıq əlbəttə, bu qeyd edilən gün fiziki korluğa həsr edilib. Mənəvi korluğu özündə ehtiva edən gün, əlbəttə ki təqvimdə yoxdur. Bununla belə, ətrafdakı adamları, binaları, maşınları, ağacları, bir sözlə, hər şeyi görsələr belə HƏQİQƏTİ görməyən korlar da var, bu cür görən korlar, çox təəssüf ki, əksəriyyətdir.

 

14 oktyabr. Keçəllər günü.

 

Saç tökülməsindən əziyyət çəkən saçı seyrəklər, artıq dazlaşmaya məruz qalanlar, anadangəlmə keçəllər və s. və i. Bu gün belələri diqqət mərkəzində olacaq. Saç əkən mütəxəssislər, dazlaşmanın əleyhinə kosmetik vasitələr və müalicə vasitələri istehsal edən nəhəng industriya,  hətta  “başa tük gətirən eleksir” adı altında pasientlərə mənşəyi bəlli olmayan preparatlar sırıyan işbazlar bu gün gündəmdə olacaq. Amma keçəllər gününün mənşəyində tək belələri dayanmır, saçını ülgüclə dibdən qırxdıran keçəllər də bu günün qəhrəmanları sayılır. Hətta bir çox ölkələrdə ənənə var, məhz bu gün saçların köklərinə fayda gətirilsin deyə insanlar başlarını keçəl eləyirlər.

 

Şifahi ədəbiyyatımızdakı Kosanın dostu Keçəli xatırlayıb bu gündən saçlara qayğı göstərin. Unutmayın, irsi amillər dominantlıq təşkil eləsələr belə, kimyəvi, ekoloji təsir, iş və qida rejimi də saçların tökülməsində aparıcı faktordur. Saçlarınızı qoruyun!

 

14 oktyabr. Eyzenhauer və Maldelbrot

 

Beynəlxalq standartlaşdırma günü. Ekoloji təhsil günü. Lukoşenkogildə Ana, Baydengildə desert günü. Gürcü qonşularımızda bu gün dini bayramdır – Mtsxetoba günü. Cənubi afrikalılar isə polşalılarla bəhsə girib onlardakı təhsil gününün qarşılığında keys-menecer həftəsi keçirirlər. O ki qaldı bu gün dünyaya gələn tarixi şəxsiyyətlərə, 34-cü ABŞ prezidenti Duayt Eyzenhauerin adını niyə çəkməyək ki? 1890-cı ilin bu günündə doğulan bu şəxs 1953-61-ci illərdə superdövlətə başçılıq edib, ondan əvvəl isə 2-ci dünya müharibəsində faşistlərə qarşı vuruşan müttəfiqlərin (ABŞ, Britaniya və Fransa) ordusunun Baş komandanı olub. Amma bu gün dünyadan gedənləri də xatırlamaq lazımdır, insafsızlıq etməyək. 2010-cu ilin bu günündə dünyaşöhrətli fransız riyaziyyatçı, fraktal cəbrin banisi Benua Maldelbrot dünyasını dəyişib.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından

 

 

 

Oktyabrın 16-da Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşası ilə yeni mövsümünün açılışını edəcək.
AzərTAC xəbər verir ki, tamaşa insan və marionetlərin dili, Üzeyirin sehrli musiqisi və Füzulinin yanıqlı sözləri ilə gözləmədiyiniz səhnə quruluşunda təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.

 

“Ədəbiyyat və incəsənət” portalının “Çərşənbə söhbətləri” rubrikasında Aysel Kərimin bugünkü qonağı millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır. Söhbət ədəbiyyatdan başlasa da mütləq ictimai-siyasi müstəviyə keçid alır. Başqa cür ola da bilməz, axı Sabir Rüstəmxanlı “Ömür kitabı”nı yazmış, xalqının taleyi üçün məsuliyyət duyan bir ziyalıdır.

 

 

 

-Dəyərli Sabir müəllim. Xoş gördük. Gərgin iş rejiminizə rəğmən hər zaman ayırdığınız vaxta və diqqətə görə sizə təşəkkür edirəm.

 

-Əziz Aysel. Müsahibəyə görə təşəkkür edirəm. Bilirsən ki, sən mənə həm şeirlərinlə, həm musiqi əsərlərinlə çox doğmasan. Sənin kimi istedadlı, ruhuyla, mənəvi dünyasıyla çox dəyərli olan gənclərimizi görəndə çox sevinirəm. Onlarla qürur duyuram. Bu gün sənin yeni bir keyfiyyətini, jurnalistliyini görürəm. Və bu gözəl suallarına da böyük məmnuniyyətlə cavab verəcəyəm.

 

- Özünüzü necə insan kimi tanıdardınız? “Özümə” şeirinizi oxuyan insanlar sizin həyat fəlsəfənizi hardasa çözə bilər. Bəs o şeiri oxumayanlar üçün özünüz haqda nələr danışardınız?

 

-Birinci sualın ümumiyyətlə çox maraqlı sualdı. Yazı-pozu adamının kimliyi, xarakteri, tərcümeyi-halı onun yazılarındadır. Yəni biz ömür boyu əslində özümüzü yazırıq. Öz iç dünyamızı və böyük dünyaya baxışlarımızı. Bu baxımdan, belə bir ənənə də var, keçmiş zamanların böyük sənətkarlarının şəkilləri qalmadığına görə çox vaxt onların portretlərini əsərlərinə görə çəkirlər. Mən hərdən fikirləşirəm ki, bu əsərlər əsasında çəkilmiş portretlər yəqin reallığa çox yaxındı. Mən buna inanıram. Çünki hər kəsin sözü onun mənəvi portretini dəqiq əks elətdirir. Xırda fərqlər ola bilər. Bu önəmli deyil. Yalnız zahiri cizgilər bu fərqlərdə əksini tapa bilər. Amma mənəvi portretdə sözə və əsərlərə əsaslanan cizgilər, məncə, çox doğru cizgilərdir. Məsələn, mən Nəsimini o heykəldəki və portretində olduğu kimi təsəvvür edirəm. Füzuli də, bilirsən ki, sonradan tapılmış öz şəklinə çox bənzəyir. Mən 17 yaşından sonra bütün həyatımı ədəbi mühitin gözünün qabağında -  əvvəlcə universitetdə, sonra 4-cü kursdan “Ədəbiyyat və incəsənət” qəzetində keçirmişəm. Sonda şeir kitablarım və publisistik kitablarımla qazandığım şöhrət məni meydanlara gətirdi. Və meydandan sonrakı illərim də xalqın, camaatın, millətin gözünün qabağındadır. Yəni kimliyimi və necəliyimi cəmiyyət görür və bəlkə mənim özümdən də artıq bilirlər mən necə bir adamam. Yaşanan duyğulara söykənən, təklənəndə, sıxıntılı anlarında ehtiyacla, haqsızlıqla üzləşəndə ürəkdən haray kimi, hönkürtü kimi qopan yazılar da çox olur. Hər bir qələm sahibinin yazılarının arasında belələri var. Bu cür yaradıcılıq yazarın oxucuyla arasındakı pərdəni götürür və sən olduğun kimi görünürsən. Bu baxımdan, mənim indi bir çox adlarını çəkmək istədiyim şeirlərim var, bunlara tale şeirləri də demək olar: “Anaya məktub”, “Gərək biz bacaraq”, “Məni sevirsənsə”, “Bir yol istəyirəm”, “Qan yaddaşı”, “Hər üzdə bir işıq yansa”, “Şairlik nəyimə gərəkdir”, “İçimdəki dərd ağacı”, “Tənhayam, təkəm”, “Özünü öymür”, “Kişi ömrü”, “Ömür kitabım”, “Atamın ruhu” və s. Onlarca şeir və publisistika kitabım var. “Uşaqlığa dəyən güllə”, “Astar”, “Xətai yurdu” adlı romanlarım əslində mənim özümə həsr olunub bir növ. Düzdür, böyük ciddi ictimai məsələlərdən bəhs edirlər, amma həm də orda mənim həyatım keçir. Və bunlar mənim bir növ özümün və Azərbaycan insanının və onun ideallarının şəklidir. Mən çalışmışam bu şəkilləri çəkim. Türkiyəli qəzetci yazar dostum Bəxtiyar Aslanın mənimlə söhbətləri əsasında yazdığı “Dağların ruhu” adlı kitabı da elə bu baxımdan maraqlıdır və mənim kimliyimi göstərir. Doğulub boya-başa çatdığım yer bu gün də Azərbaycanın gözdən-könüldən uzaq yeridir, son dərəcə gözəl, amma son dərəcə baxımsız, iqtisadi cəhətdən zəif, geri qalmış bölgədir Yardımlı, onun Hamarkəndi. Bizim uşaqlıq illərimizdə vəziyyət, şərait daha ağır idi. Təsəvvür et ki, radiosuz, televiziyasız, işıqsız, yolsuz, maşınsız. Belə bir kəndi necə təsəvvür etmək olar. Və biz belə bir yerdə doğulub boya-başa çatmışıq. Amma bəxtimizdən çox gözəl müəllimlərim olub. Ucqarlıqda çox gözəl məktəbimiz olub. Onlar bizim məktəbimizə çox gözəl işıq da gətiriblər. Onlar bizim qəlbimizi böyük dünyayla bağlayıblar. İçimizə bir sevgi doldurublar ki, bu dağları aşıb o böyük dünyaya qovuşa bilək deyə. Ona görə də o qaranlığın içində içimiz işıqla dolub. Bizim kəndin axşamları çox qərib olur. Dünyanın heç yerində mən elə qəriblik, tənhalıq, dərd-kədər hiss etməmişəm. Sanki bu dünyadan qopmuş vəziyyətdə olursan. Ümid ancaq göylərə, ulduzlara qalır. Daim üzü göydəsən. Mənim taleyimin qəribliyi sonralar xoş ovqata, dərdim sevincə, ümidsizliyim ümidə, imkansılığım imkana çevrilib. Əslində mənim taleyim bütün bu qaranlığı işığa çevirən, dərdi- kədəri, qəribliyi gözəlliyə çevirən bir yoldu. Kənddən başlayır və böyük dünyaya doğru gəlir bu yol. Bu təsadüfü deyil ki, sonralar mənim şeirlərim haqda yazanların çoxu dəfələrlə etiraf ediblər ki, əgər bir rəng seçmək olsa, hər şairin şeirlərində üstün bir rəng görünər, mənim şeirlərimin də rəngi ağdır. Ona görə də, qəribədir ki, çox cilddə seçilmiş əsərlərim buraxılanda rəssam cild üçün ağ rəng seçib. Bu ağ rəngi mənə tale verib. Bu qaranlıq mühitdən bu günkü həyata məni taleyim gətirir. Mənim ömrüm risklərdən, sınaqlardan keçib. Və bəzən elə olub ki, dəfələrlə ömrümün, yolumun bitdiyini düşünmüşəm. Və həmin anlarda görünməz bir əl qoluma girib. Görünməz bir çıxış yolu açılıb gözümün qabağında. Və əslində ən böyük yol göstərənim də elə taleyimin özüdür. 90-cı ilin əvvəllərində Bakının qarışıq vaxtında Hindistana getmişdim. Yerli tanışlarım məni maraq üçün Hindistanın məşhur baxıcısı İqbalın yanına aparmışdılar. İqbal sonra özü danışırdı ki, Hindistanın dövlət başçıları hansısa iş görəndə yanına gəlib onunla məsləhətləşirlər. O, mənlə söhbət edirdi, mənim taleyimə baxırdı. Dediklərini yazırdım. Və bir böyük şeir də həsr etmişəm ona. Bütün həyatımı üzümə oxuyurdu. Və maraqlı bir söz dedi, dedi ki, ”Sən ömrün boyu bir qılıncın tiyəsi ilə addımlamısan. Amma sənin qoruyucun var. Güclüdür. Səni bütün çətinliklərdən keçirir”. Biri tərif kimi qəbul edə bilər bunu, biri özündən razılıq kimi baxar. Ancaq mən doğrudan da olanı deyirəm. Bunu da gizlətməyə ehtiyac yoxdur. Görünür, həmişə məni bu çətinliklərdən, risklərdən qoruyan bir güc olub. Düşünülmüş şəkildə yolları seçməmişəm. Doğrudan da tale ən qəfil anlarda mənim əvəzimə seçim eləyib. Və illər sonra görmüşəm ki, doğru seçim də elə odur. Həyatda daha bir önəmli şey də var, böyüklərimdən aldığın əxlaq dərsi. Düzlük, halallıq, gözütoxluq, mərhəmət. Bacardığım qədər hamıya əl tutmaq. Paxıllıqdan, qısqanclıqdan uzaq olmaq. Nəfsə uymamaq və s. Onlardan aldığım bu tərbiyə ömrüm boyu mənim həm zirehim olub, həm də silahım. Həm məni qoruyub, həm də mənə yol açıb. Əslində mən özümü yaxşılıq üçün, xeyirli işlər üçün doğulmuş və qanında babalarının ulu ruhunu daşıyan bir adam sayıram. Bunu şeirlərimdə də yazmışam ki, mənim taleyim, əslində, tikandan da çələng toxumağı bacarır. Bir çox şeirlərimdə buna işarələr var.

 

Mən kainat boşluğundan uçub gələn qum dənəsi,

 

Bir az ruham, bir az da can.

 

Bu dünyanın əvvəlində izim qalıb,

 

Olacağam bu dünyanın sonunacan.

 

Tale ilə bağlı şeirlərim çoxdu. Tale mənim qoruyucum olub. Əslində, mənim özüm haqda demək istədiklərim bunlardır. Amma şeirlərim, məncə, daha dəqiq deyir.

 

- Millət vəkillərindən insanların gözləntisi çox olur. Yadımdadır, ünsiyyətimiz zamanı dediniz ki, seçicilər başları ağrıyanda belə millət vəkilinə müraciət edirlər. Təbii ki, bu ifadə məcazi anlamdadır. Belə görürük ki, həqiqi millət vəkili olmaq, insanların müraciətlərini cavabsız qoymamaq böyük məsuliyyət tələb edir. İnsanlar seçdiyi vəkilindən qayğı gözləyir. Bəs sizin millətdən nə kimi istəyiniz var?

 

-Biz xalq bulağından su içmiş adamlarıq. Nəyimiz varsa millətimizə borcluyuq. Millətimizdən almışıq. Ona minnətdarq. Naşükürlük, qınından çıxıb qınını bəyənməmək bizə yad məsələlərdir. Belələri çoxdur. Mən millətimizə sevgimi və inancımı heç vaxt itirməmişəm. Ən çətin anlarda da bəziləri deyirdi ki, “Biz millət deyilik, biz artıq bu savaşı da unutduq. Nələr oldu, nələr oldu. Dəyişildik”. Amma mən belə anlarda da xalqıma inanmışam. Nikbinliyimi itirməmişəm. Ömür boyu xalqın mənə verdiyi böyük ruh və mənəviyyat dərslərinin əvəzini verməyə çalışmışam. Sözümdə, həyatımda da düz, səmimi olmağa çalışmışam. Xalq da bunu dəyərləndirib. Az-çox həyatda tanıyanlar bilir ki, tanınandan sonra ömrüm boyu böyük bir millət sevgisinin içində yaşamışam. Ən ucqar kəndlərdən tutmuş şəhərlərə qədər. Siyasi rəqabət, ədəbi qısqanclıqlar gözügötürməzliklər, atılan böhtanlar məni sındıra bilmədiyi kimi, maraqlıdır ki, millətimin sevgisini, mənə olan inamını da sarsıda bilməyiblər. Təmənnasız bir qarşılıqlı sevgi olub ortada. Əslində istəyim də bu qarşılıqlı inam və sevgini qoruyub saxlamaqdır. Mən şeirlərimin birində yazmışdım ki,

 

Sevin ki, atalar ürəyi təki,

 

Ey ürək, nişana qalanlardanam.

 

Mən elin əlindən qılıncı ilkin,

 

Çələngi sonuncu alanlardanam.

 

Mən əslində xalqdan, millətdən heç nə ummuram. Əslində biz niyə millətdən nəsə ummalıyıq? Allah bizi yaradıb ki, bu millətin bir fərdi kimi ancaq millətə xidmət edək. Onun yoluna, azadlığına, gələcəyinə, xoşbəxtliyinə, mənəvi zənginliyinə, dilinin, mədəniyyətinin getdikcə böyüməsinə çalışaq, dünyada tanınmasına və bu yer üzündə sonsuza kimi, gələcəyin sonsuzluqlarına qədər yaşaya bilməsi üçün ona gərəkli olan nə varsa bunları bacardığımız qədər, ağlımız kəsən qədər yaratmağa, yaşatmağa, tapmağa, gətirməyə, qurmağa çalışaq. Biz xalqın qanadına, onun yürüyən ayağına, döyünən ürəyinə çevrilməyə yaranmışıq. Bizim işimiz budur. Kim nə qədər bacarır, bu ayrı söhbətdir. Amma əlbəttə millətimizin daha kamil, daha güclü, daha mükəmməl olmağını istəyirik. Millətimizin ürəyinin sevgiylə dolu olmağını istəyirik. Vətəndaşlarımızın bir-birini ürəkdən sevməsini istəyirik. Kin, kidurət, dedi-qodu, xırda söhbətlər bizim millətdən uzaq olsun. Kimsə məni sevmir sevməsin. Başqalarını da sevməsin, böyüklü-kiçikli hamı özünü sevsin. Öz yolunu, öz dilini, öz mədəniyyətini, mənəviyyatını sevsin. Özünə hörmət etsin. Başqalarının aludəçisi olmasın. Başqalarına boyun əyməkdən, onlara kiçiklik etməkdən uzaq olsun. Zövq almasın belə şeylərdən. Bizi iki yüz ildir buna öyrədiblər. Bütün bunlardan uzaq olmağımızın vaxtı gəlib çatıb.

 

- Ara-sıra poeziya tədbirlərində iştirak edirsiniz. Həmkarlarınızla vaxt keçirmək sizə hansı duyğuları yaşadır?

 

-Dəyərli Aysel xanım, indi şair həmkarlarımla vaxt keçirməyə nə vaxtım, nə də imkanım qalır. Əvvəla onu deyim, şair dostlarımın çoxu dünyasını dəyişib. Müxtəlif nəsillərdən olan mənə yaxın insanlar idi. Hamısının adını burda deyə bilmirəm. Bəziləri, ola bilsin, anidən yadımdan çıxar. Amma hər halda 21 yaşımdan bir yerdə işlədiyim “Ədəbiyyat və incəsənət” qəzetində Qabil, Sabir Əhmədli, Zöhrab Tahir, Altay Məmmədov, Fərman Kərimzadə, İsa İsmayılzadə, Musa Yaqub, Məmməd Aslan, Nüsrət Kəsəmənli - hamısının adını çəkə bilmirəm, daha doğrusu, dünyasını dəyişmişlərin adlarını çəkdim, bu insanlarla hər bir görüşümüz, bir yola çıxmağımız bayrama çevrilirdi. Vaxtımız gen-bol idi. Azərbaycanı gəzirdik. Hər ocaqda, hər bulaq başında süfrə aça bilirdik. Təəssüf ki, indi onlar dünyada yoxdular. Dostlarımın sayı azalıb. Həm də əvvəlki kimi geniş vaxt keçirməyə imkan yoxdu. Təəssüf ki, Azərbaycanda, Bakıda ədəbi Mərkəz, Ədəbi klub da yoxdur ki, darıxanda ora gedəsən. Oturasan bir stəkan çay içəsən. Gözləyəsən ki, kimsə gələcək köhnə dost tanışlardan. Oturub dərdləşəsən. Belə bir məkan, söhbət yeri yoxdu. Amma bundan da daha ciddi məsələ vaxt çatışmazlığıdır. Təəssüf ki, məşğuliyyətlərimiz, işimiz çoxşaxəlidir. Ürəyin istəyən adamlarla da görüşməyə vaxt çatmır. Şübhəsiz, ən çox görüşmək istədiyim elə ədəbiyyat adamlarıdır. Mənim görüş üçün başqa məclisim də Milli Məclisdir. Millət vəkilləri ilə siyasi müzakirələr, bir çoxu ilə xeyir-şər bağlılığı bizi sıx yaxınlaşdırıb. Amma ədəbi mühitin ayrı bir özəlliyi var idi. Qədimdən Azərbaycanda bir söhbət ənənəsi olub. Müəyyən adamlar ayda bir-iki dəfə yığışırmış. Dünyanın gəliş-gedişi haqda sadəcə söhbət edirmiş. İndi bunlar yoxdu. Amma şübhəsiz ki, cavanlıqdan bəri davam edən yaxın ünsiyyətdə olduğum, xoş münasibətimiz olan adamlarla görüşlərimiz yenə də bayrama çevrilir. Və mən bu görüşlərə həmişə çox sevinirəm.

 

- Heç siyasətə gəldiyinizə görə peşman olduğunuz olub?

 

-Təbii ki, peşman deyiləm. Peşman olsam da indi nəyi dəyişə bilərəm? Heç nəyi dəyişmək mümkün deyil. Səhvləri düzəltməyə vaxt çatmaz. Bir müdrik adamın sözüdür: “Ömür o qədər qısadır ki, səhləri düzəltməyə vaxt qalmır”. Siyasətə ədəbi taleyimdən, kitablarımdan, xalqın ürəyində mənə olan inamından gəlmişəm. “Qan yaddaşı”, “Gəncə qapısı”, “Ömür kitabı” oxumuşdular və meydanda inandıqları adama qulaq asırdılar. Ona görə də meydanı 1988-ci ilin noyabr-dekabr mitinqləri zamanı 18 gün fəhlə dostumuz Nemət Pənahlı ilə bir yerdə mən idarə etmişdim. O vaxt onunla yaxın idik biz. Sonrakı dövrdə də camaat Azərbaycanın 6-7 rayonundan mənə müraciət etmişdilər. Deputat seçilməyim üçün. Mən də Bakının Xətai rayonunu seçmişdim, ordan seçilmişdim. Sonra elə bu siyasət və Azərbaycanın taleyindən kənarda qalmamaq istəyi məni məcbur eləmişdi bu ampluada qalmağa. Həm də o mənim daxili inamım idi. İlk şeirlərimdən başlayaraq mənim içimdə o ictimai ruh həmişə güclü olub. Ona görə də Azərbaycanın birinci müstəqil qəzetini buraxmışdım, “Azərbaycan” qəzetini. Azərbaycan milləti, demək olar, məni məcburən millət vəkili seçmişdi. Sonra müstəqillik aktına qol çəkmişdik. Sonra ilk mətbuat informasiya agentliyini yaratdıq. Latın qrafikasına keçidin əsasını qoyduq. Kitablarımızı latın qrafikasına keçirtdik. Sonra mətbuat haqqında, söz azadlığı haqqında qanunları qəbul elədik. Sonra bugünkü partiyamı yaratdım. Bu partiyanın adı və ideyası bu gün ölkədə aparıcı ideoloji xətlərdən biridir. Ölkənin ali məclisindən sözümü həmişə demək imkanım olub. Yəni öz sahəmdə qalmağa, elmin ardınca ədəbiyyatşünas kimi getməyə mənim böyük imkanlarım vardı, indi də ədəbiyyatşünaslıq yazıları yazıram. Amma təbii ki, gedib öz sahəmdə elmi işimi davam etdirmədim. Elmi rütbələr almağı düşünmədim. Hər halda peşmançılıq haqqında düşünməyə heç vaxt qalmadı. Mən elə hesab etdim ki, tale mənim boynuma bu vəzifəni qoyub. Bu işlərlə məşğul olmalıyam. Təbii ki, siyasətə görə itirdiyim şeylər az deyil. Amma başqa cür də mümkün deyildi. O vaxt ölkənin taleyi həll olunurdu, müharibə idi, düşmənlə üz-üzə qaldığımız çətin bir şəraitdə yaşayırdıq. Mən həm parlament üzvü kimi, həm də müstəqil qeyri hökümət təşkilatı olan diaspor təşkilatının - Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi dünyanın bütün qitələrində olmuşam. Bir çox ölkələrin parlamentlərində çıxışlar etmişəm. Yəni bunlar da işdir. İndi mən bilmirəm,  bunlarmı vacibdir, ədəbiyyatmı vacidbir. Elə məqamlar olub ki, orda o sözü mən demişəm, inanıram ki, onu baqası deyə bilməzdi. Başqası başqa cür deyəcəkdi, amma hər halda o sözü orda mən deməliydim. Ona görə peçmançılıq yoxdur.

 

- İş yerlərinin məhdud olmasını, gənclər arasında işsizliyin bu qədər yayılmasının səbəbini ziyalı olaraq məhz nədə görürsünüz?

 

-Gənclərin işsizliyi çox ciddi problemdir. Ümumiyyətlə işsizlik ölkədə ciddi problemdir. Bunun obyektiv səbəblərini biz bilirik. Azərbaycan müstəqillik qazanandan sonra böyük sovet iqtisadi sistemindən qopdu. Ölkədə hər şeyi yenidən qurmaq lazım idi. Və iqtisadiyyat məkanımız iş yerləriylə bağlı zavodlar, fabriklər SSRİ-nin böyük şəbəkəsinə bağlı idi. Ondan qopandan sonra bazar itirildi və bir sıra müəsisələr sıradan çıxdı. Təbii şəkildə bir işsizlər ordusu yarandı. Üstəgəl, bir milyon qaçqın-köçkün. Bunların hamısının işlə təmin olunması balaca Azərbaycan Respublikasında çox çətin idi. Üstəlik, hətta onun xiffətini çəkirəm, paxıllığım tutur, düşünürəm ki, hansısa bir şəkildəsə o təcrübəni bəlkə də bərpa etmək olar: köhnə vaxtlarda, sovet sistemində ali məktəblərə qəbul və sonrakı təhsil prosesi iqtisadiyyatla çox bağlı idi, nə qədər müəllimə, həkimə, mühəndisə ehtiyac var, ali məktəblərə o qədər tələbə götürürdülər. Nə qədər hüquqşünasa ehtiyac var, o qədər götürürdülər. İndi bu ölçü yoxdu. Əlavə, nə qədər özəl universitetlər açılıb. Fəsad elə burdan başlayır. Həmin özəl universitetlərdə dəbdə olan fakultələr - istər tibb fakultəsi, hüquq fakultəsi, iqtisadi fakultələr saysız-hesabsızdır. Mənasız yerə. Nəyə gərəkdir axı? Hətta filialları da var. Heç kim fikirləşmir ki, bunun axırı nə olacaq. Dövlət Universitetlərinə uşaqlar qəbul olunur, 4 il  həvəslə oxuyurlar. Heç birinə də təyinat verilmir. Halbuki əvvəllər dövlət universitetlərində təyinat var idi. Və bilirdin ki, universitetə daxil olmusansa, artıq təyinat alacaqsan. Təyinatdan sonra iş yerinə gedəcəksən, işlə təmin edəcəklər. Üstəlik səni ev növbəsinə götürəcəklər. Sən orda artıq ömrünün axrına kimi gələcəyini təmin olunmuş hiss edirdin. İndi o imkanlar yoxdu. Ona görə bu plansızlıq belə vəziyyətlər yaradır. Planlı təsərrüfatın o üstünlüyü vardı. Ona görə də işlə təminat məsələsi indi çətindi. Bəzən xaricdə ən gözəl universitetləri qurtaranlar belə qayıdıb işsiz qalır. Və yaxud o universitetləri qurtaranların çoxu qayıdıb gəlir bura, onların Azərbaycan dili və Azərbaycan mədəniyyəti, mənəviyyatı, torpağımız haqqında təsəvvürləri olmur. Ona görə mən deyirəm ki, Oksford Universitetini qurtarmaq azdır, Azərbaycanda yaşayıb işləyəcəksənsə burda da bir milli mənəviyyat universitetini və torpaq universitetini qurtarmaq lazımdır, gərəkdir ki, işləyəndə xalqınla dil tapa biləsən. Bunlar yəqin zaman keçdikcə düzələcək. Qarabağ azad olunub, orda, məncə, böyük bir iş cəbhəsi açılacaq. Quruculuq cəbhəsi açılacaq. Tədricən bu işlər qaydasına düşəcək əlbəttə. Amma cavanlarımızın işsiz qalması, onların xaricə üz tutmasına səbəb olur. Ölkəni tərk edib gedirlər. Beyinlərimiz gedir. Dünyanın heç bir yerində beyin itirmirlər, beyin qazanırlar. Ona görə də biz beyinlərimizi qorumalıyıq. Bu barədə ciddi düşünmək lazımdır.

 

-Təmkinli, səbrli və dinləmə mədəniyyəti yüksək olan insansınız. Bəs cəmiyyətdə baş verən hansı hadisələr sizi gərgin edir, özünüzdən çıxarır?

 

-Deməli, ən çox ölkədə narahat olduğum milli ləyaqət hissinin kifayət qədər qorunub qorunmamasındandır. Bəli, özümüzü tanımalıyıq, özümüzü dərk etməliyik. Torpağımızın üstündə dik dayanmalıyıq. Bu torpağın sahibi kimi. Amma bununla yanaşı, unutmamalıyıq ki, bu millətin böyük mənəvi dəyərləri olub. 200 ildir onu yıpradıblar. Bizi paramparça ediblər, əziblər. O dəyərləri qaytarmağa çalışmalıyıq. Bunun da yolları var. Yəni ilk növbədə dərslə, ailə tərbiyəsi ilə. Məktəbdən, ailədən gələn şeylər var. Amma bundan əlavə, bir də qanun var. Qanunlara sayğı. Məni qanunsuzluqlar ağrıdır. Qanunlara sayğısızlıq. Mən bir məqalə yazmışdım “Vətən cazibəsi, ədalət cazibəsi” adlı. Vətən cazibəsi böyük bir şeydir. İnsan hara getsə, Vətən onu çəkib gətirir. Amma ədalət cazibəsi deyilən bir şey də var ki, əgər o ədalət olmasa vətən də insanın gözündən düşər. Bəzən ailə də gözündən düşə bilər insanın. Gərək ədalət olsun. Haqq olsun. Təmiz münasibətlər olmalıdr. Yalandan, hiylədən, rüşvətdən, korrupsiyadan, əyrilikdən uzaq bir cəmiyyətdə yaşamağımızı dərk etdikcə biz daha da güclü olacağıq. Buna görə, bundan ötrü çalışmaq lazımdır və bu xalqın min illər boyu yaşamasının müəyən mənəvi özülləri, mədəni özülləri var. Kökləri var. O köklərsiz biz quruyarıq. İndi Azərbaycan cəmiyyətində qəribədir ki, bir aşınma gedir. Baxırsan gənclərimizə, təbii ki, hamısını demirəm, son dərəcə ağıllı və tərbiyyəli, təhsilli, savadlı gənclərimiz də var, amma xarici təsirlərə çox meyl etmək, bizə qəsdən ötürülmüş, müəyyən xətlərin, ideyaların, düşüncələrin əsiri olmaq mərəzi hiss edilir. Bu, təkcə əşya və brendlər deyil ki. Həm də fikirlərimizə, düşüncə tərzlərimizə bir yara kimi ocaqlar salırlar. Bu yara bədənimizə, düşüncəmizə düşür və sağalmır. Onlardan xilas olmaq, onlardan azad olmaq lazımdır. İndi görürsüz deyirlər, ekoloji cəhətdən təmiz məhsullardan istifadə etmək lazımdır. Amma əslində fikrin də ekologiyasının pozulduğu vaxtlar olur. Azərbaycanda genetik savaş gedir. Gizli şəkildə. Qida ilə, düşüncə ilə gələn, ideologiyalarla gələn savaş. Avropanın təsiri ilə, demokratiya adı altında gələn. Adət adı altında gələn. Qərbin inkişafının pərdəsi altında gələn, köhnə Səlib savaşıdan az fərqlənən, bizi məhv etmək xətti ilə gələn. Çox şeylər var ki, bizim millətimiz bunların hamısından qorunmalıdır. Bunlar ciddi işdir, məktəblə, ailəylə bağlıdır, mətbuatımızla, televiziyamızla bağlıdır. Amma baxırsan ki, mətbuat və televiziya bir çox hallarda xalqın dəyərlərini möhkəmlətməkdənsə onu yıpratmağa, onu dəyişdirməyə, onu pozmağa xidmət edir. İnsan cavanlıqda tez aldanır. Dəbə baxır, elə bilir ki, hamı orda necə göstərirlərsə o cür olmalıdır. Cəmiyyətin içində, baxıram, son vaxtlar elə qəribə meyllər qabağıma çıxır ki, heyrət edirəm. Nə vaxtdan biz o quyuların, uçurumların dibinə düşmüşük? Bunu düşünmək lazımdır və təbii ki, buna qarşı mübarizə aparmaq lazımdır. Qarabağ savaşı göstərdi ki, bizim əksər gənclərin ruhu yerindədi. Çox qısa bir qələbə bütün o dediyim bir çox mənfiliklərin üstündən xətt çəkdi. İnşallah, Qarabağın quruculuğu, Azərbaycanın gələcəyə yönəli dövlətimizin apardığı siyasət həmin o bir çox arzuladığımız keyfiyyətləri təzədən dirçəldəcək və millətimiz daha da güclü olacaq.

 

- Ata və babanızdan, ana və nənənizdən, övlad və nəvələrinizdən bəhz edərdiniz. Adınızı daşıyan nəvəniz Sabir Rüstəmxanlıda öz uşaqlığınıza xas olan xüsusiyyələri görə bilirsinizmi?

 

-Atam, babam, anam, nənəm insanlıq akademiyası olub hər biri. Baxmayaraq ki, çətin şəraitdə yaşayıblar. Mənəvi kamillik universitetləri olublar. İnsan və təbiət sevgisi ilə dolu olublar. Səhərdən- axşama işləməkdən yorulmayıblar. Zövq alıblar işlərindən. Uşaqlarını da halallıqla böyüdüblər. Məsələn, mənim babamın evinə ömür boyu bir tikə haram girməyib. Belə yaşamaqdan zövq alıblar. Başqa dünyaya, haqq dünyasına bağlı olublar o adamlar. Elə hesab ediblər ki, onların atdığı bütün addımlar Allah tərəfindən görülür, izlənilir və günün birində hər şeyə görə cavab verməli olacaqlar. Təbii ki, mənim uşaqlarım bu dediyim keyfiyyətlərlə tanışdılar. Həmişə danışırıq, söhbət edirik, bilirlər. Amma həyat dəyişilib. Başqa bir dövrdə və başqa şəhərdə yaşayırlar. Nəvələrimdən isə çox razıyam. Əslində nəvələrimin hərəsində bir gözəllik, bir xüsusiyyət daha qabarıqdır. Görürəm, izləyirəm. Yaxşı oxuyurlar, ağıllıdırlar, belə deyim. Ən balacaları, biri Gündüzün oğludur, digərləri  Cəmilin oğlu Uğur, qızı Mələkdir. Hərəsi bir cür gözəldir. Hərdən mənə məktublar yazırlar. Uğur yazmır, amma Mələk məktəbə gedir deyə gözəl məktublar yazır. Sevgiylə dolu məktublardır. Ən balaca qızım Aydanın oğlu Can, onunla hərdən telefonda danışırıq. Dörd yaşı var. Deyirəm, niyə məni axtarıb, aramırsan? Axrıncı dəfə danışanda mənə deyir ki, “Baba, sən bilmirsən, mən hərfləri öyrənirəm və başım çox qarışıqdı. Məşğulam, mənim vaxtım yoxdu”. Bu sözləri olduğu kimi onun dili ilə deyirəm. Uşaqlar yeni söz öyrənməyə maraqlıdırlar (Gülümsəyir). Nəvəm Sabir Rüstəmxanlı Gündüzün oğludur. Zahirən, şübhəsiz, mənə oxşarlığı var. Amma xarakteri, xasiyyəti necə olacaq onu deyə bilmərəm. Sakitdir, təmkinlidir. Bu il birinci sinifə gedir. Şahmata, rəqsə, oyuncaq silahlara maraq göstərir. Mən də zarafatla deyirəm, bizim düşmənlərimiz çoxdu, səni başdan-ayağa silahlandıracağam, narahat olma (Gülümsəyir). Amma, əlbəttə, istəyirəm düşüncə ilə, fikirlə silahlansın. Mən uşaqların, nəvələrin seçimlərinə çox ciddi müdaxilə etmək istəmirəm. İstəyirəm, öz zövqləri, ürəkləri ilə gələcək həyatlarını, yollarını müəyyənləşdirsinlər. Əlbəttə, məsləhət istəyəndə, çətinlik çəkəndə orda kömək etmək borcumdur. Amma ilk növbədə Allah onları necə yaradıbsa hərəsinə bir tale verilib hər halda. Hərənin bir taleyi var. O taleləri, imkanları, bacarıqları onları hansı yola çəkəcəksə o yolda onlara yardımçı olmağa çalışıram.

 

-  Suallarımı cavablandırdığınız üçün təşəkkür edirəm.

 

-Çox maraqlı suallar idi. Çox şeylər var, adam çox şey biləndə cavab verməsi çətin olur. İndi nə dərəcədə alındı, deyə bilmərəm. Sənə təşəkkür edirəm. Uğurlar arzulayıram.

 

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Ramil Əhmədin “Həsrətin uğultusu” adlı yeni yazdığı şeirini təqdim edir. Sanki bir filmdir, gözümüz önündən obraz kimi gəlib keçir HƏSRƏT. Bu kədərli payız gününün ovqatına çox uyğun gəlir bu qara sevda hekayəti.
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…” - deyir şair.

Həsrətin uğultusu

Səni xatırlayıram
Uzaq bir bozqırda,
Damından payız damcılayan
kirayə evin soyuq otağında...

Uzanmışam kürəyi üstə
tavandakı hörümçəyin toruna
balıq kimi düşür gözlərim,
Səslər axıb dolur qulağıma...

Mətbəxdən başlayır səslər,
Damcılayan suyun və
məmur maaşımın alın yazısı –
yarıboş soyuducunun fasiləli səsi...
Sonra damda gəzişən adsız quşların quğultusu,
İki küçə o yandan gələn
it hürüşməsi,
Pişiklərin canında qovulmaq əndişəsi...
Küləyin pərdəni aramla tərpədişi...
Bir də adamsızlığın, həsrətin uğultusu...

Küncdən küncə qaçan qaraltılar – siçanlar
Görəsən yeməyə bir şey tapdılar?
Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar
Çörək qırıntısı sevinclə yuvalarına qayıtdılar...

Saatın iki saniyəsi qulağımda qafiyələnir:
sən/siz, sən/siz, sən/siz, sən/siz...
Bir saniyə çəkmir “sən”in sevinci,
Bir saniyə sonra “sənsiz” olur,
Dünyanın bütün rəngləri solur...
Bir yandan da xatırladır mənə sənsizliyi
Borcdan bağlanan telefonumun tozlu səssizliyi...

Həm evimin hər yerindəsən
Həm də uzaqsan, yoxsan,
Bəlkə də indi mənimtək kürəyi üstə uzanmısan,
Bəlkə mətbəxinizdən su dammır,
Bəlkə soyuducun da doludur,
Bəlkə gəzişmir evinizdə siçanlar,
Bəlkə məhəllənizdən keçmir küləklər,
Bəlkə pişikləriniz də qorxmur qovulmaqdan,
Bəlkə sizin küçənizdə itlər unudub hürməyi,
Bəlkə qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...
Bəlkə telefonun borcunu da ödəyib ərin.

Mənim şəhərimdə,
mənim küçəmdə,
mənim otağımda olanlar
Sənin şəhərində,
sənin küçəndə,
sənin otağında olmayanlarla eyniləşir...

Keçir bu gecədən bir qatar,
Gecənin son səsidir uzaqlaşan.
Bitir bizim şeirimiz, başlayır bir roman:
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”

 

Dekabr ayının 28-də tanınmış Azərbaycan şairi Şahmar Əkbərzadənin 80 illiyidir. Bu yubiley münasibəti ilə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri, gözəl şairimiz Elçin İskəndərzadənin təşəbbüsü ilə xatirə kitabı işıq üzü görəcək. Şahmar Əkbərzadə barədə araşdırmalarını, məqalələrini, xatirələrini, şeirlərini kitabda görmək istəyənlər yazılarını This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərə bilərlər.

 

Almaniyada üzərində “Xarıbülbül” və Şuşa qalasının, eləcə də dahi şairimiz Nizami Gəncəvinin təsviri olan poçt markaları buraxılıb.
Bu poçt markaları dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvinin 880 illiyinə və Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə həsr olunub.

Wednesday, 13 October 2021 10:00

Dünya memarlıq inciləri: Peterburq məscidi

Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti foto Rusiyanın şimal paytaxtına aiddir. Peterburq məscidi. İnsan əlləri ilə ərsəyə gələn əsl möcüzə.

Wednesday, 13 October 2021 09:55

Bu gün Ümumdünya zombi günüdür

 

Bu günün əlamətdar hadisələrini diqqətinizə çatdırırıq:

 

13 oktyabr. Ümumdünya fəlakət təhlükələrinin azaldılması günü

 

Söhbət təbii fəlakətlərdən gedir, 1989-cu ilin 13 oktyabrında verdiyi qərarla 1990-99-cu illərdə BMT təbii fəlakətlərin təhlükəsini azaltmaq onilliyi keçirib, o vaxtdan da 13 oktyabr belə bir gün statusu alıb. Zəlzələdən, sel və sunamilərdən, siklonlardan, quraqlıqdan təkcə 2004-cü ildə 250 000 nəfər qurban gedib, ümumən, hər gün təbii fəlakətlər 184 can alır. Bu gün insanlar arasında maarifçilik işləri aparılır, ilk yardımdan istifadə etmək qaydaları aşılanır, öz informasiya mübadilələrini artırmaq, sinoptiklərin məlumatlarına diqqət yönəltmək, risk zonalarından uzaq durmaq kimi nəsnələr tövsiyyə edilir.

 

13 oktyabr. Pinqvinlər barədə məlumatlanmaq üzrə Afrika günü

 

Xoşum gəlir bu cür ekstravaqant adı olan günlərdən. Nə deyirik, gəlin məlumatlanaq. Biz sanırıq ki, pinqvinlər Arktikada, buzlaqlar qoynunda yaşayır, elə? Deməzsənmiş, orada cəmi 3 növ pinqvin yaşayırmış, 17 növ isə Afrika sakini imiş. Afrika pinqvinləri Arktika pinqvinlərindən ayaqlarının qara olması ilə fərqlənirmiş. Onların məskunlaşma yeri Cənubi Afrika sahilləri imiş. 2012-ci ildə Afrika pinqvinlərinin sayı 1930-cu ildəkinin cəmi 2 faizinə bərabər olub. Deməli, bu canlılar qırılmaq üzrədirlər, ona görə də onları qorumaq lazımdır. Dünyanın ən təzadsevər canlılarıdır pinqvinlər. Niyə belə deyirəm? Bir hissəsi ən soyuq yerdə - buzlaqlarda, digər hissəsi isə ən isti yerdə - ekvatorial ərazidə yaşayırlar.

 

Onları müşahidə etmək insanda xoş təəssürat oyadır. Nədənsə həddən artıq sevimli görünürlər adama bu qəribə məxluqlar. Kaş ki, bunca azalmayaydılar...

 

13 oktyabr. Ümumdünya zombi günü

 

2006-ci ilin bu nəhs günündə ABŞ-ın Pitsburq şəhərində, Monrovil ticarət mərkəzində ilk Zombi-gəzinti reallaşıb. Corc Romero orda “Ölülər üçün dan yeri” filmini çəkirdi, zombi mədəniyyətinin bütün heyranlarını da bir araya toplamışdı. Məqsəd bir idi – canlı meyit kimi yaşayan bu ac və evsiz insanları nümayiş etdirib aclıq və evsizlik sayını azaltmaq. Hərfi mənada canlı meyit, yaxud, öz üzərində nəzarəti itirib tam olaraq başqasının iradəsi ilə yaşamaq anlamını verən zombilik hazırda daha çox ölü diriltmək, cadugərlik və ekstrasenslik tərəflərinə meyl etməkdədir. Şeyx Nəsrullah kimi ölüdirildən ədəbi obrazına malik Azərbaycan da zombilikdən xali deyil. Bizdə zombilik, daha çox, şəxsi düşüncəsini büsbütün itirmiş, tam olaraq idarə olunan insanlara (dünyaşöhrətli Çingiz Aytmatovun təbirincə desək, manqurtlara) aid edilir.

 

13 oktyabr. Yeni kostyumda Ağ Evin qarşısında Qurbanovun şeirləri ilə

 

Beynəlxalq kostyum günü. Deyilənə görə, bu gün hər kəs özünə yeni kostyum almalıdır, pulu olmayanlar evdəki nimdaş kostyumlarını ütüləyib geyinməlidirlər. Təcili tibbi yardımın tibb bacıları günü. Hamısını təbrik edək. Büstqaltersizlik günü. Üstündən keçək. Azərbaycanda dəmiryolu günü. Dəmir yolu deyəndə ağla hələ də Ziya Məmmədov gəlsə də, yadda saxlamalıyıq ki, indi həmin gərövdəki Cavid Qurbanovdur. Deyilənə görə, Cavid müəllim həm də istedadlı şairdir, qoşmalar yazır, hətta bu qoşmalar ara-sıra ictimai-siyasi məzmun da kəsb edir.

 

1987-ci ildə Amerika donanması Fars körfəzində tarixdə ilk dəfə delfinlərdən hərbi məqsədlərçün istifadə edib. 1965-ci ildə SSRİ-də Dövlət keyfiyyət nişanı gündəmə çıxıb. 1957-ci ildə SSRİ-nin Yerin ilk süni peykini kosmosa buraxması ilə Kosmik era başlayıb. 1938-ci ildə yəhudi əsilli sovet şairi Osip Mendelştam həbs edilərək əmək düşərgəsinə salınıb. 1925-ci ildə İngiltərəyə 11 il baş nazirlik etmiş Dəmir ledi – Marqaret Tetçer dünyaya gəlib. 1900-cü ildə Ziqmund Freydin “Yuxuyozmalar” kitabı işıq üzü görüb. 1884-cü ildə Qrinviç sıfır meridianı kimi təsdiqlənib. 1792-ci ildə Vaşinqtonda Ağ Evin tikintisinə başlanılıb. 1582-ci ildə İtaliyada, ardınca da digər katolik ölkələrində Yulian təqvimi Qriqorian təqvimi ilə əvəzlənib.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından

 

 

 

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Borçalı xalçalarının sərgisi açılıb.
AzərTAC xəbər verir ki, UNESCO-nun “Kreativ sənayelərin inkişafı” layihəsi çərçivəsində təşkil olunan sərgidə Borçalı xalçasının toxunması ilə bağlı ustad dərsi də keçirilib. Tetritsakro rayonundan olan xalça ustası Nabat Anazarova xalçaların toxunması üsullarını nümayiş etdirib, Borçalı xalçaçılıq sənətinin fərqli xüsusiyyətləri və naxışlarının mənası barədə məlumat verib. Bildirib ki, bu xalçalar zərifliyi və yalnız təbii boyalarla rənglənmiş yun saplardan toxunması ilə seçilir.
Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva iştirakçılara Azərbaycan xalçaçılığının xüsusiyyətləri, onun əsas qolu olan Borçalı məktəbinə məxsus xalçaların özəllikləri, azərbaycanlıların məişətində xalça və xalça məmulatlarına olan münasibət barədə danışıb.
Tədbirdə iştirak edən Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin Yaradıcılıq prosesinin təşviqi Departamentinin rəhbəri İrine Saqanelidze Azərbaycan xalçaçılıq sənətini yüksək qiymətləndirib. O, jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan xalçaları çoxmədəniyyətli Gürcüstanın mühüm hissələrindən biridir. Gürcüstanda Borçalı xalçaçılığı kimi unikal ənənə var. Bu ənənə mədəni irs nümunəsi kimi qorunub saxlanılır və inkişaf etdirilir.
“Layihənin təşkilatçılarından olan Tbilisi Dövlət İncəsənət Akademiyasının tələbələri üçün bu ənənə ilə tanışlıq çox maraqlıdır”, – deyə Saqenalidze vurğulayıb.
Akademiyanın dekanı, professor Tinatin Kldiaşvili, ustad dərsinə qatılan Almaniyanın Halle şəhərinin İncəsənət və Dizayn Universitetinin tələbəsi Marieke Şvartz Azərbaycan xalçaları, xalçaçılıq sənəti ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycan xalçalarının unikallığı ilə seçildiyini vurğulayıblar.

Şair, tərcüməçi, AYB məsulu Səlim Babullaoğlunun iki şeir kitabı çap olunub.
“İlk hərfi itmiş cümlələr” adlı kitab “Parlaq imzalar”, “Oğlumla söhbətlər” isə “Qanun” nəşriyyatında işıq üzü görüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.