Super User
Ümumdünya Meterologiya Təşkilatının xəbəri şok effekti doğurdu:
İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının bağlanış mərasimi olub
Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayının və “OperaVision TV”in birgə təşkilatçılığı ilə oktyabrın 20-də II Beynəlxalq Vokalçılar Festivalının bağlanış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Festivalın Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirildiyini söyləyən nazir deyib: “Çox şadam ki, belə bir festivalı Azərbaycanda keçiririk və dəstək göstəririk. Opera sənəti ümumbəşər bir dəyərdir. Azərbaycanın opera sənətinin öz ənənələri var. Azərbaycan milli opera sənətinin tarixi dahı bəstəkarımız Üzeyir Hacıbəylinın 113 il bundan əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Bu sənət Üzeyir Hacıbəylidən sonra Müslim Maqomayev, Əfrasiyab Bədəlbəyli, Maestro Niyazi, Soltan Hacıbəyov tərəfindən daha da inkişaf etdirilib. Azərbaycan operası dünya operası ailəsinə daxil olub. Vokal sənətinin banisi olan Bülbülün davamçıları bu günə qədər Azərbaycan opera, vokal sənətini dünyanın ən mötəbər səhnələrində səsləndirirlər”.
Qeyd edilib ki, festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də istedadlı gənclərin ifasında təqdim olunub. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi praktik konfranslar, ustad dərsləri və s. təqdim olunub. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F.Əmirov, Niyazi, M.Maqomayev, C.Verdi, Motsart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndirilib.
“Euronews” kanalında Azərbaycan mədəniyyətinin təbliği davam edir
Bildiyiniz kimi, oktyabrın 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi çərçivəsində onun əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalının açılışı baş tutdu.
Bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən festivalın “Euronews” telekanalında işıqlandırılması təmin edilib.
Qeyd edək ki, işıq festivalı cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.
Festivalın əsas məqsədlərindən biri xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
“Azərbaycan opera ifaçılığının antologiyası” kitabının təqdimat mərasimi keçirilib
Oktyabrın 19-da Heydər Əliyev Sarayında İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində “Azərbaycan opera ifaçılığının antologiyası” kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifi Əməkdar artist, vokalçı İnara Babayevadır.
Tədbirdə çıxış edən İnara Babayeva ölkəmizdə İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində silsilə konsertlərin keçirildiyini və azərbaycanlı vokalçıların bu tədbirlərdən məmnun qaldıqlarını diqqətə çatdırıb.
Birinci kitabdan fərqli olaraq ikinci cildin ingilis dilində nəşr olunduğunu deyən İnara Babayeva bildirib ki, budəfəki antologiyada tenor, bariton və bass ifaçılarının əsərləri toplanıb. O, bu kitab vasitəsilə azərbaycanlı vokalçıların bütün dünyada təbliğ olunacağını söyləyib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova festivalın Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təşkil olunduğunu qeyd edib. Bildirib ki, festival çərçivəsində, həmçinin vokalçılıq sənətinin problemləri də müzakirə olunub.
Təqdim olunan antologiyanın əhəmiyyətini vurğulayan N.Hüseynova diqqətə çatdırıb ki, qadın səslərinə həsr olunan birinci cilddən fərqli olaraq budəfəki nəşr kişi səslərinə istiqamətlənib. Qeyd edib ki, antologiya vokal sənətini araşdıran tədqiqatçılar üçün dəyərli vəsaitə çevriləcək.
Tədbirin bədii hissəsində klassik milli bəstəkarların əsərləri səsləndirilib.
Vaşinqtonda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş konsert keçirilib
Vaşinqtondakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş konsert proqramı təqdim edilib və ziyafət verilib.
AzərTAC xəbər verir ki, tədbirə ABŞ dövlət qurumlarının, ictimai dairələrinin təmsilçiləri, diplomatik korpusun üzvləri, düşüncə mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılıblar. Tədbirdə yüksək səviyyəli qonaq qismində ABŞ dövlət katibinin müavini Kerin Donfrid, dövlət katibinin köməkçisinin müavini Erika Olson iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Xəzər İbrahim 18 oktyabrın ölkəmiz üçün əlamətdar gün olmasını, Prezident İlham Əliyevin müvafiq göstərişi ilə bundan sonra bu tarixin Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəyini diqqətə çatdırıb. İlk dəfə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası olaraq əldə edilən müstəqilliyimizin 18 oktyabr 1991-ci ildə bərpa olunduğunu bildirib. Müsəlman Şərqində ilk demokratik respublika olan ADR-in regionda böyük təsiri olduğunu vurğulayıb, ilk parlament, opera, universitetin burada təsis edildiyini, demokratik hüquqlar, qadın hüquqlarının təmin edildiyini qeyd edib.
Tədbirin keçirildiyi məkanın - Qadınların Milli Demokratik Klubunun təsadüfi seçilmədiyini, məhz qadın haqlarına istər ADR dövründə, istərsə də hazırda ölkəmizdə verilən dəyərlə əlaqələndirib. Bildirib ki, Nizami Gəncəvinin 880 illik yubileyinin Azərbaycanın müstəqilliyinin bərpası ilə eyni gündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və ABŞ 30 illik diplomatik münasibətləri tarixində sülh, sabitlik, enerji təhlükəsizliyi, mədəniyyətlər arasında körpü yaradılmasında çiyin-çiyinə əməkdaşlıq edir. Nizami Gəncəvinin yaradıcılığının böyük bir hissəsini də məhz sülhün aşılanması, insanların sülhə dəvət edilməsi təşkil edir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda sülh və əməkdaşlıq üçün gözəl imkanlar yaranmışdır və ölkəmiz müstəqillik əldə etdikdən sonra hər zaman sülhün və sabitliyin əldə edilməsində qərarlıdır.
Daha sonra ABŞ dövlət katibinin müavini Kerin Donfrid qonaqları Azərbaycan dilində salamlayaraq, Azərbaycanın Müstəqilliyinin Bərpası və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbirin onun təmsil etdiyi vəzifədə qatıldığı ilk tədbir olduğunu xüsusi vurğulayıb. O bildirib ki, Cənubi Qafqazda sülhü və tərəqqini təmin etmək üçün gözəl imkanlar var və ABŞ bu yolda Azərbaycanı dəstəkləməyə hazırdır. Azərbaycanın müstəqillik əldə etməsindən keçən 30 il müddətində ABŞ iqtisadiyyat, enerji, təhlükəsizlik, insan hüquqları, korrupsiya ilə mübarizə sahələrində ölkəmizi dəstəkləyib. ABŞ, həmçinin 20 il müddətində Əfqanıstanda NATO missiyasına və terrorizmlə mübarizə sahəsində göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır. Qeyd edib ki, 2021-ci ilin avqust ayında Azərbaycan Əfqanıstanda olan xarici vətəndaşların təhlükəsiz təxliyəsində vacib rol oynayıb və buna görə də Azərbaycan hökumətinə öz minnətdarlığını bildirib.
Tədbirin digər təşkilatçısı olan Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının rəhbəri Şato Qardecki çıxış edərək ölkəmizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib və Azərbaycan tərəfi ilə mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Daha sonra Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub. Konsertdə amerikalı musiqiçi, Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının üzvü professor Frank Kanlon, hazırda ABŞ-da yaşayan Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov dünya və Azərbaycan klassik musiqisindən əsərlər səsləndirib. Nizami Gəncəvinin şeirləri əsasında bəstələnmiş “Sənsiz” romansı və “Yeddi gözəl” musiqi parçası qonaqlar tərəfindən xüsusi olaraq bəyənilib.
Daha sonra keçirilən ziyafət zamanı qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.
Mədəniyyət Nazirliyi “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisində təmsil olunur
Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan "Qarabağın bərpa, yenidənqurma və inkişafı" beynəlxalq sərgisinin ("Rebuild Karabakh" - 2021) açılışı keçirilib.
20-22 oktyabr tarixini əhatə edən sərgi “Caspian Event Organisers”in (CEO) təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə gerçəkləşir.
Mədəniyyət Nazirliyi bildirir ki, açılış mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. Qeyd olunub ki, "Rebuild Karabakh" sərgisinin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında ünsiyyət platforması yaratmağa xidmət edir.
Sərgidə Mədəniyyət Nazirliyi ayrıca stendlə təmsil olunur. Stenddə Qarabağ xalçaları, Zəfər və Qarabağ mövzulu kitablar, keramika məhsulları və suvenirlər, bölgənin tarix-mədəniyyət abidələrinin fotoları sərgilənir. Monitorda Ağdamda yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi, Cəbrayıl və Füzulidə tikiləcək Memorial komplekslər barədə tanıtım filmləri, habelə nazirliyin dəstəyi ilə Qarabağ haqqında hazırlanmış videoçarxlar, habelə sərgi zamanı xalça toxuma prosesi əyani olaraq iştirakçılara nümayiş olunur.
Sərgi çərçivəsində Mədəniyyət Nazirliyinin "Qarabağa kitabla gedək" layihəsinin təqdimatı da keçiriləcək. Oktyabrın 22-də saat 12:30-da nazirliyin dəstəyi ilə konsert proqramı təşkil olunacaq.
"Rebuild Karabakh” sərgisi çərçivəsində işğaldan azad edilmiş ərazilərin davamlı inkişafı ilə bağlı konfrans, ərazilərin bərpası haqqında beynəlxalq və yerli ekspertlərin təcrübə mübadiləsi, mədəni abidələrin bərpası, Qarabağ bölgəsinin turizm potensialı, regionun enerji potensialı, şəhid və qazi ailələri üçün mikro biznes proqramları üzrə müzakirələr, startaplar müsabiqəsi, iştirakçı şirkətlər tərəfindən Qarabağın bərpası ilə əlaqədar layihə təqdimatları və digər tədbirlər nəzərdə tutulur.
Sərginin açılışında muğam üçlüyünün ifasında təqdim olunan musiqi nömrələri alqışlarla qarşılanıb.
Necə oldu ki, Xəlil Rza “Əsli və Kərəm” tamaşasının oynanılmasına mane oldu
“Ədəbiyyat və incəsənət” portalı Əsəd Cahangirin “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş “Açılmaz Əslidən düymə” yazısını “Daycest” bölümündə oxucularına təqdim edir.
“Açılmaz Əslidən düymə”
Əsəd Cahangir
Zalım fələk, dad eylərəm əlindən,
Açılmır Əslidən düymə, mən öldüm.
"Əsli və Kərəm" dastanından
Artıq iyirmi beş ili idi ki, Opera Teatrında bir kabus dolaşmaqdaydı - Qara Keşiş kabusu! Neçə illər idi ki, Əslinin tilsimli donunun düymələrinə heç kəs toxunmurdu... Teatrın paltar sexinin paltarlara arabir əl gəzdirən, kimin hansı paltarda səhnəyə çıxdığını əzbər bilən, bildiklərini dil-dil ötən işçisi Xanım xaladan başqa... "Bax, bu, Nəzakətin Leyli rolundakı örpəyidir. Bu, Zeynəbin Əslini oynayanda geyindiyi dondur...". Bütün bunların bir teatr, oyun olduğunu bilə-bilə Əslinin qırmızı donunun sehrli düymələrinə heyrətlə baxırdım! Bunlar ki, adi düymələrdir! Görəsən, bu düymələrdə dastan yaranandan Kərəmi və oxunandan dinləyiciləri, opera bəstələnəndən ta bugünəcən tamaşaçıları yaxıb-yandıran qeyri-adi nə var ki?!.
"Əsli və Kərəm"in ilk tamaşası 1912-ci ildə göstərilib. Kərəm rolunda milli opera sənətimizin ilk ulduzu Hüseynqulu Sarabski, Əsli rolunda qadın rollarının mahir ifaçısı, "qadın rolu oynamaq ən böyük kişilikdir" deyən Əhməd Ağdamski şöhrət qazanıb. Sonra nakam aşiq-məşuqları kimlər oynamayıb?! Bütöv bir əfsanələr qalereyası - Həqiqət Rzayeva, Rübabə Muradova, Sara Qədimova, Gülxar Həsənova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Əbülfət Əliyev, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov... Amma Kərəm roluna Qulu Əsgərov, Əsliyə isə Zeynəb Xanlarova möhür vurublar.
Ta ki, Qarabağ olayları başlayana qədər iki məhəbbət operası - "Leyli və Məcnun"la "Əsli və Kərəm" Opera Teatrı səhnəsində qoşa addımlayıb. 1988-ci ildə yüz ilə yaxın səhnədən düşməyən "Əsli və Kərəm"in Opera Teatrında son tamaşası olub və həmin gecə Əsli rolunun ifaçısı Rəsmiyyə Sadıqova ilə Kərəm rolunun ifaçısı Baba Mahmudoğlu opera müğənnilərimizdən heç birinin üzləşmədiyi gözlənilməz bir olaya rast gəliblər. Elə bir olay ki, tamaşanın finalı yox, əvvəlindəcə yanıb-tökülüb, amma səslərini də çıxara bilməyiblər. Mərhum şairimiz Xəlil Rza səhnəyə çıxaraq - "Ar olsun sizə, ar olsun! Heç utanırsız?! Erməni qızına sevgidən bəhs edən tamaşa göstərirsiz?!!", - deyə onları dünyanın ən ağır "cinayət"lərində ittiham edib və bu tribunal çıxış bəs edib ki, əsər repertuardan çıxarılsın...
Şairin bu çıxışı öz-özlüyündə bir tamaşaydı - dramaturqun da, rejissorun da, baş qəhrəmanın da Xəlil Rzadan ibarət olduğu bir tamaşa! Səhnə ilə zalın yeri dəyişik düşmüş, mat qalmış aktyorlar tamaşaçıya, ən yaxşı halda kütləvi səhnənin sözsüz iştirakçılarına, anturajlara çevrilmişdilər. Meydan hadisələri teatr səhnəsinə ayaq açmış, Tağıyevin bir ətək pul töküb dəbdəbəli üslubda tikdirdiyi Opera Teatrı meydan teatrına çevrilmişdi...
*
Üzeyir bəy dahi idi və hər yeni əsəri ilə müsəlman Şərqi xalqları, o sıradan da, xalqımızın istər tarixi taleyi, istər bu günü, istərsə də, gələcəyi barədə yeni söz deyirdi. Avropa tipli professional musiqimizin özülünü qoyan dahi kimi onun hər hansı əsərinin repertuardan çıxarılmasını hörgüdən daşın götürülməsi ilə tutuşdurmaq olar. Daşın hörgüdən çıxarılması divarda boşluq yaratdığı kimi, "Əsli və Kərəm"in repertuardan çıxarılması da opera səhnəmizdə boşluq yaratmışdı.
Yaxın və Orta Şərq xalqları mədəniyyəti tarixində ilk opera kimi meydana çıxan "Leyli və Məcnun"da insan və Tanrı münasibətləri, "Əsli və Kərəm"də isə dini və milli fərqlərin doğurduğu faciə ön plana çəkilirdi. "Leyli və Məcnun"da insan və Tanrı var, "Əsli və Kərəm"də isə insan, millət, ümmət, din və Tanrı... "Leyli və Məcnun"da biz özümüzü bir Allah bəndəsi kimi, "Əsli və Kərəm"də həm də bir millətin (ümmətin!) üzvü kimi qavrayırıq. "Leyli və Məcnun" deyir ki, sevgilərin ən alisi Tanrı eşqidir, "Əsli və Kərəm" isə ən böyük din sevgidir deyir.
Dahi bəstəkarın mövzusunu ümumşərq ədəbiyyatından götürdüyü əsərlərindən fərqli olaraq, "Əsli və Kərəm"də mövzu Azərbaycan folklorunun özüdür. "Əsli və Kərəm"lə Azərbaycan opera musiqisi özünün tragediya mərhələsini başa vurur. Faciədən sonra həmişə komediya doğulduğu kimi, "Əsli və Kərəm"dən sonra ölməz "Arşın mal alan" operettası yaranıb.
Bəstəkarın "Əsli və Kərəm" də daxil ilk əsərlərində ümumşərq musiqi elementləri üstündürsə, "Koroğlu"da artıq aparıcı milli və Avropa musiqisi elementləridir. Şərqdən Avropaya gedən yol Azərbaycandan keçdiyi kimi, "Leyli və Məcnun"dan "Koroğlu"ya gedən yol da "Əsli və Kərəm"dən keçir. Maraqlıdır ki, "Əsli və Kərəm"in bütün süjeti yol üstündə qurulub. Aşiqin öz məşuqunun ardınca düzü-dünyanı dolaşdığı bu əsər milli ədəbiyyat tariximizdə ən gözəl "səyahətnamə"lərdən biridir. Azərbaycanın sanki Tanrı tərəfindən boyuna biçilmiş, həm faciələrimiz, həm də uğurlarımızın geopolitik əsasında duran bir amil - Avropa üçün Şərqin qapısı, Şərq üçün isə Avropaya açılan pəncərə olması "Əsli və Kərəm"də öz ifadəsini tapır. Bu xalq faciəsində təkcə Kərəmlə Qara Keşiş, müsəlmanlıqla xristianlıq deyil, həm də sözün hərtərəfli anlamında Şərq və Qərb kəsişir və toqquşur. Ona görə də bəstəkarın yaradıcılığının iki qütbü arasında həm ayırıcı sərhəd, həm də birləşdirici körpu rolunu oynayan "Əsli və Kərəm"dən imtina musiqi mədəniyyəti tariximizi tam başa düşməyə mane olur. Üzeyir bəyin yaradıcılığı musiqimizin inkişaf yolunu həddindən artıq sıxılmış, preslənmiş şəkildə əks etdirdiyindən dahi bəstəkarın hər hansı əsərinin unudulması, italyanlar və ya fransızlar üçün bir neçə əsrlik musiqi tarixindən imtina etməyə bərabərdir.
"Leyli və Məcnun" opera-muğamdır, "Əsli və Kərəm" opera-dastan, "Koroğlu" isə bu terminin kristal mənasında opera. Görəsən, bəstəkarın axırı şadlıq səhnəsi, toy təntənəsi ilə bitən onlarca dastanı bir kənara qoyub, məhz "Əsli və Kərəm"i seçməsinə səbəb nə olmuşdu? Professional musiqimiz hələ özünün tragediya mərhələsini yaşayırdı - bu, aydındır. Amma məsələ, sadəcə, bununla bağlı deyildi. Üzeyir bəy Qarabağdan çıxmış və "erməni məsələsi"ni bir qarabağlı kimi uşaq yaşlarından dərk etmişdi. Operanın bəstələnməsindən bir neçə il əvvəl erməni-müsəlman davasının növbəti dalğası qalxmış, Qori Seminariyasını bitirib Hadrutda işləyən gənc Üzeyir ermənilərin ölüm təhdidləri qarşısında Bakıya gəlməli olmuşdu. Qarşıdan 1918-ci il mart qırğını gəlir, "qanlı sənələr" kəsilmək bilmirdi. XX əsrin ilk iyirmi ili ərzində bütün Qafqaz erməni-daşnak fitnəsi ilə alovlanan qaynar qazana dönmüşdü. Gənc bəstəkar bir dahilik intuisiyası ilə bu əsərin Azərbaycanın tarixi taleyi ilə bağlılığını dərindən duymuş, gözəl dərk etmişdi. "Əsli və Kərəm" dastanının düzülüb qoşulmasından bir neçə yüz il, "Əsli və Kərəm" operasının bəstələnməsindən yüz il keçir. Bu gün nə dastanı düzüb-qoşan xalqın, nə də operanı bəstələyən dahinin yanılmadığını təsdiq etmək zorundayıq.
"Əsli və Kərəm" bizim ən illüziyasız dastanımızdır. Bu əsər az qala bütün dastanlar üçün səciyyəvi olan trafaret duvaqqapma səhnəsi ilə deyil, faciəvi sonluqla bitir. Başqa dastanlarımızdakı ilahi butaya burda şeytani sehr, cadu, tilsim əlavə olunur. Qarabağ sindromunda olduğu kimi, burda da tilsimi ortalığa atan Qara Keşiş olur. İstər dastanın, istərsə də operanın bütün ideya leytmotivi məhz rapa keşişlərin tilsimindən, şərindən ehtiyatlı olmağa çağırışdır. "Koroğlu"dan başqa, bütün operalarının, o cümlədən də "Əsli və Kərəm"in librettosunu bəstəkar özü yazıb. Operanın librettosunda olayların Qafqazdan İsfahana köçürülməsi, Kərəmin İsfahan şahının oğlu kimi təqdimi, görünür, geniş yayılmış erməni terroruna qarşı konspiroloji məqsəd daşıyırdı. Əsər, nə qədər ağır da olsa, iki ümmət arasındakı antipatiyaya nə vaxtsa son qoyulacağına inamsızlıq ifadə edir. Özü də Əslinin tilsimli qırmızı donu qədər sirli, mübhəm, metaforik bir müstəvidə. Və əlbəttə, operada bu qədər ağır dərdin, müsibətin içində məryəmlər, anyalar, sonyalara bənd olan tacir, bəyzadə, xanzadələrimizin, o cümlədən də Kərəmin eşqinə çox incə ironiya da ifadə olunur.
Kərəm bu "günahının" qarşılığında neçə əsr aşıqlarımızın telli sazında, bir əsrə yaxın isə Opera Teatrı səhnəsində od tutub yandı. Dastan yaradıcılığının qürub dövründə Üzeyir bəy xalqın erməni məsələsi ilə bağlı bu müdrik xəbərdarlığını professional musiqiyə ötürə bildi. Ən önəmlisi odur ki, tarixi-bədii yaddaş pozulmadı, əksinə, daha parlaq ifadə forması tapdı. Bir dastan kimi artıq ifa edilməyən "Əsli və Kərəm"i bir opera kimi unutmaq isə tarixi-bədii yaddaşımızı pozmaq demək idi. Özü də Qarabağ düyününün Əslinin düymələri kimi od saçdığı, bu alovun Azərbaycanın sərhədlərini aşaraq, Türkiyəni də bürüdüyü bir dövrdə! Olaylar artıq Ərzurumun gədiyinə varıb!
"Əsli və Kərəm"in repertuardan çıxarılmasında israr edən və buna nail olan Xəlil Rza, şübhəsiz ki, haqlı idi. Amma bu, bəlli zaman və onun doğurduğu ovqatdan doğan nisbi həqiqət idi. Bəli, onda məhz belə lazım idi. Zaman keçdi və onun nisbi həqiqəti də öz ömrünü başa vurdu. Üzeyir bəy Xəlil Rzadan daha haqlı idi. Çünki onun həqiqəti yüzilləri keçib gələn həqiqət idi. Ən haqlı isə dastanı düzüb-qoşan və bizə miras qoyan xalqın özüdür. Çünki xalqın həqiqəti bu dastanı ona nazil edən Haqqın həqiqətidir. Gərək bilməsəydi, nazil edərdimi? İşin əsli budur!
2013-cü ildə "Əsli və Kərəm"in iyirmi beş illik düyününü açan, onu səhnəyə qaytaran Opera Teatrının kollektivi bütün bunlar barədə məhz belə düşünürdümü? Bilmirəm. Əsas o idi ki, Opera Teatrının baş rejissoru Hafiz Quliyevin quruluşunda əsər səhnəyə yenidən ayaq açdı. Baş rolları gənc muğam ifaçılarından İlkin Əhmədov və Vüsalə Musayeva, Elnur Zeynalov və Arzu Əliyeva ifa etdilər.
XX yüzilin böyük filosoflarından Haydegger yazırdı ki, Romeo və Cülyetta olayı onlar sərdabədə eşq yolunda qurban gedəndə yox, Kapulettilərin sarayında düzənlənən bal-maskaradda ilk dəfə tanış olanda baş verir. Çocuqların baxışları toqquşduğu anda! Yəni əsas fikirdir, niyyətdir, olay isə fikrin realizəsidir. Bir atalar sözündə deyildiyi kimi, niyyətin hara, mənzilin ora. Opera Teatrının kollektivi iyirmi beş illik "Əsli və Kərəm" düyməsini açmaqla Qarabağ sindromunun çözülməsi üçün ümummilli niyyəti ifadə etdi. Və Tanrı kərəm etdi - Qarabağ düyünü çözüldü. Əslinin düymələri isə açılmasa da, olar...
“Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli”nə həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub
Oktyabrın 20-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, qəzetin xüsusi buraxılışı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ulduz" jurnalı ilə birlikdə hazırlanıb.
Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.
Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar AMEA-da çoxlu tədbirlər həyata keçirildiyini qeyd edib. AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən İ.Həbibbəyli akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr söylədiklərini, ölkəmizdə müxtəlif KİV-də məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 26 kitabın işıq üzü gördüyünü, daha bir neçə kitabın hazırda çapda olduğunu bildirib: “Akademiyanın müxbir üzvü Nüşabə Araslının hazırladığı kitab min səhifədən çoxdur və axırıncı redaktə prosesini keçirir. Həmçinin institutda iki cilddən ibarət “Nizami Gəncəvi ensiklopediyası” çapa hazırlanır. İnstitutumuzun əməkdaşı Siracəddin Hacının bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. O, Nizami ilə bağlı kitabların meydana çıxması baxımından dünyada rekordsmendir. Heç kəsin Nizami Gəncəvi haqqında on cilddən ibarət şərhləri yoxdur. Nizami haqqında 10 dildə hazırlanan kitabda Azərbaycan, türk, ingilis, rus, çin, alman, polyak, Ukrayna və gürcü dillərində yazılar yer alıb”.
Diqqətə çatdırıb ki, Nizami Gəncəvinin haqqında mətbuat orqanlarımızda minlərlə məqalə çap olunub. "Azərbaycan dünya Nizamişünaslığının mərkəzidir. Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı Nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr var. Eyni zamanda, bu gün Nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb. Bu qəzet vasitəsilə Nizami haqqında onun dövründən tutmuş bu günə qədər gedən inkişaf prosesini izləyə bilirik. 2021-ci ildə - "Nizami Gəncəvi İli"ndə Azərbaycan Nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyirsinizsə, bu qəzet onu əks etdirə bilir. Bu buraxılışı Azərbaycan Nizamişünaslığının tarixində yeni mühüm hadisə kimi dəyərləndirməyi özümə borc bilirəm. Bu iş, Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli”nə sanballı töhfəsi, xidmətidir. Həmçinin “Ulduz” jurnalı da bu layihəyə qoşulacaq, bu iş davam edəcək", - deyə İ.Həbibbəyli qeyd edib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Nizami Gəncəvi İli” xüsusi buraxılışının hazırlanma zərurəti və əhəmiyyəti” adlı məruzəsində prosesə tarixi aspektdən yanaşıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradıcılıq üzrə katibi İlqar Fəhmi qəzetin xüsusi buraxılışındakı məqalələrdə Nizami yaradıcılığına müxtəlif aspektlərdən toxunduğunu qeyd edərək deyib ki, “bu bizim ən ağrılı yerimizdir, çünki mübahisəli məsələlər çoxdur. Nizami ilə bağlı elə şeylər var ki, bəzən gedib siyasətə söykənir. Bəzən güzəştə gedəsi yerlərimiz var, elmi dairələrdə bu məsələlər yüksək səviyyədə araşdırılır. Bu sayın unikallığını mən onda görürəm ki, sanki mini formada Nizami ensiklopediyasıdır”.
AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu qəzetin bu buraxılışında işıq üzü görən yazıların kitab şəkilində çap olunmasını məqsədəuyğun hesab edib.
Xüsusi buraxılışın Nizamişünaslıqda son illər görülən ən yaxşı işlərdən biri olduğunu söyləyən filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd edib ki, dahi şairin yaradıcılığına geniş rakursda baxılan bu yazılar “Nizami Gəncəvi İli”nə ən gözəl töhfədir.
Tədbirdə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nəzakət Məmmədli, Siracəddin Hacı, Səadət Şıxıyeva çıxışlarda buraxılışı mütərəqqi addım kimi dəyərləndiriblər və Nizami irsinin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində görülən işlərdən danışıblar.
Belarus Dövlət Filarmoniyasında Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert keçirilib
Belarus Dövlət Filarmoniyasında Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib.
AzərTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə keçirilən konsertdə Belarus Dövlət Filarmoniyasının solistləri, milli və beynəlxalq festivalların laureatlarının ifasında dahi bəstəkarın repertuarından mahnı, romans və ariyalar dinlənilib. Konsertin aparıcısı proqram boyu M.Maqomayevin həyat və yaradıcılığı, anadan olduğu və böyüdüyü Azərbaycanla bağlılığı, vətəninə məhəbbəti, eləcə də yüksək ifaçılıq qabiliyyəti və mənəvi zənginliyi barədə dinləyicilərə geniş məlumat verib.
Konsertdə ifalar böyük alqışlarla qarşılanıb.
Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub
Sankt-Peterburqun dünya şöhrətli Dövlət Ermitaj Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.
AzərTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilib.
Mərasimdə çıxış edən Ermitaj muzeyinin direktoru Mixail Piotrovski Nizami Gəncəvi dühasından danışaraq bildirib ki, böyük Azərbaycan şairinin əsərlərinin mövzuları əsasında hazırlanmış miniatürlər bu gün dünyanın ən məşhur muzeylərini və kitabxanalarını bəzəyir. Nizami Gəncəvinin yaradıcılığı Yaxın və Orta Şərqdə fəlsəfi cərəyanların, ədəbi məktəbin əsasını qoyub.
M.Piotrovski xatırladıb ki, 80 il bundan öncə, Böyük Vətən müharibəsi dövründə və Leninqradın tam blokadasının 42-ci günündə Nizaminin 800 illik yubileyi Ermitajda qeyd olunub.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva isə Ermitajda Nizami Gəncəvinin 880 illiyinin keçirilməsini əlamətdar hadisə adlandırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib və dünyanın bir çox ölkələrində böyük mütəfəkkir şairin xatirəsi anılır.
Tədbirdə Ermitaj muzeyinin və Rusiya Milli Kitabxanasının əməkdaşları Nizaminin poetik irsində danışıblar.
Daha sonra Nizaminin əsərlərindən parçalar səsləndirilib.
Tədbir konsert proqramı ilə sona çatıb.