Super User

Super User

Wednesday, 06 October 2021 10:05

Xalq Yazıçısı Anarın imza günü olacaq

Qeyd etdiyimiz kimi, bu gün Bakı Expo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi rəsmi olaraq açılır. Sərgi ayın 10-na kimi davam edəcək. Sərgidə “Baku Book Center"in (Bakı Kitab Mərkəzinin) də stendi yer alacaq.
Mərkəzin rəhbəri Günel Rzayevanın bildirdiyinə görə, sərgi çərçivəsində orada hər gün maraqlı görüşlər, müəllif imza günləri və müxtəlif tədbirlər baş tutacaqdır.
Bu gün saat 12.00-də Xalq Yazıçısı, AYB-nin sədri Anarın imza günü baş tutacaq. Saat 15:20-də isə mərkəzin “Oyan” uşaq teatrı “Cənnətim Qarabağ” layihəsi çərçivəsində “Nizamidən Vaqifə” adlı poetik kompozisiyanı təqdim edəcək.

Wednesday, 06 October 2021 10:04

Kristian Jequel

“Dəniz sahilində”

Wednesday, 06 October 2021 10:03

Oyanmış vulkan

İspaniyanın Kanar adalarına aid  Palma adasında oyanmış vulkan bir həftəlik fasilədən sonra yenidən püskürməyə başlamışdır. Özü ilə dağıntı və fəlalət gətirən vulkan artıq yerli büdcəyə 200 milyon avro ziyan vurmuşdur. (Euronews)

Daşkənddə keçirilən “İpək Yolu dürdanəsi” kinofestivalının “5 gün ərzində kino” müsabiqəsində gənc Azərbaycan rejissorları Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmi “Maarifçilik və tərəqqi naminə” nominasiyasında qalib gəlib.
AzərTAC Özbəkistandan xəbər verir ki, “5 gün ərzində kino” müsabiqəsində Almaniya, Estoniya, Özbəkistan, İsveçrə və Meksika kinematoqrafçılarının filmləri də qaliblər sırasında olub.
Xatırladırıq ki, kinofestival çərçivəsində keçirilən Azərbaycan kinosu günlərində ”Daxildəki ada” (Rüfət Həsənov), “İrs” (Zaur Qasımlı), “Balıqçının qızı” (İsmayıl Səfərəli), “Olimpiya” (Əlisəttar Quliyev), “Biz” (Orman Əliyev), “Vəhşi durnalar zamanı” (Murad Hüseynov), “Sonuncu” (Fariz Əhmədov) və “Fəridə” (Kseniya Laqutina) filmləri Daşkənd, Xivə və Nukusda nümayiş etdirilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının oktyabr ayı üçün təbirlər planı açıqlanıb.
Filarmoniyanın mətbuat xidmətindən bildirilib ki, ilk konsert oktyabrın 8-də təşkil olunacaq. Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunacaq konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistləri Xalq artistləri Fərhad Bədəlbəyli (piano) Yeganə Axundova (piano) Murad Adıgözəlzadə (piano) və Əməkdar artist İlham Nəzərova olan konserti Xalq artisti Yalçın Adıgözəlov və Əməkdar artist Fuad İbrahimov idarə edəcək.
Həmin gün saat 16.00-da F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevdir) musiqisevərlərin görüşünə gələcək.
Oktyabrın 15-də tamaşaçılara “Zəfərə aparan yol” adlı konsert proqramı təqdim olunacaq. Tədbirdə Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Oktyabrın 18-də Beynəlxalq Azərbaycan Vokalçılar Festivalı çərçivəsində konsert proqramı təqdim olunacaq. Konsertdə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijoru, Azərbaycanın Xalq artisti Gülbacı İmanovadır) çıxış edəcək.
Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert təkrar olaraq oktyabrın 22-də yenidən təqdim olunacaq.

7-ci Moskva yəhudi kinofestivalının (MEKF) təntənəli açılışı Moskvada Oskar nominantı olmuş animasiya dramının premyerası ilə baş tutdu, söhbət rejissor Ari Folmanın "Anna Frank hardadır” filmindən gedir.
“Ədəbiyyat və incəsənət” portalı bu barədə TASS agentliyinə istinadən bildirir.
Festivalın qonaqlarına animasiya filmini onun yaradıcıları - Ari Folman və layihənin prodüseri Aleksandr Rodnyanski təqdim etdilər. "Bu, əllə çəkilən rəsm animasiyasıdır, onu hər gün onlarla sənətçi çəkirdi, layihə səkkiz il davam etdi. Bu, çoxlu sayda ölkələrin ən mürəkkəb məhsuludur, ona bir neçə aparıcı prodüser cəlb olunub", - deyə Rodnyanski filmi  nümayiş etdirməzdən əvvəl çıxışında bildirdi. Rejissor isə əlavə etdi ki, filmin yaradılması böyük beynəlxalq komandanın əməyi sayəsində mümkün olub. "350 ölkədən 40 rəssam bu film üzərində işləyib. Cəmi 159 min rəsm hazırlanıb", - deyə Folman bildirib.
Film artıq "Qızıl Qlobus", "Sezar" və "Asia Pacific Screen” mükafatlarını qazanıb, qeyd etdiyimiz kimi, “Oskar" mükafatının da namizədi olub. Həmçinin Ari Folman öz işini 74-cü Kann kinofestivalında təqdim edib, film Qüds film festivalının və Toronto Beynəlxalq Kinofestivalının da iştirakçısı olub.

Festival proqramına cəmi 40
film salınıb. Filmləri İsrail kinematoqrafları, habelə ABŞ, Latviya, Polşa, Almaniya, Britaniya, Fransa və digər ölkələrdəki yəhudi diasporu nümayəndələri istehsal ediblər, filmlərin süjetləri real həyatdan götürülüb. Filmlərin hamısında “Kaşer-stayl” qeydi var, yəni onlar kaşer yoxlamasından keçiblər. Oxucularımıza bildirək ki, yəhudiliyin kaşer anlayışı islamın halal anlayışı ilə uzlaşır, kaşerlik iudaizm qaydalarına əməl etmək normalarını tənzimləyir. Kino sənayesində kaşer ölçüsü filmlərdə seksin, narkomaniyanın, zorakılığın, antiyəhudiliyin, antisemitizmin təbliğidir.

Kinofestival oktyabrın 12-dək davam edəcək. Onun meydançaları “Oktyabr” kino mərkəzi, “İllüzion” və “Moskino” kinoteatrları, habelə Yəhudi muzeyidir. Təşkilatçı isə “Köçəri” Yəhudi kinosuna dəstək Fondu, Yəhudi muzeyi və Tolerantlıq mərkəzidir.

Populyarlıq əmsalı nə ilə ölçülür? Müxtəlif meyarlar var, bunlardan ən etibarlısı mediada gündəm xəbərlərini zəbt etmək hesab olunur.
Türkiyənin ən böyük rəqəmsal xəbər bankı olan Habermetre 8 mindən çox türk saytını araşdıraraq 2021-ci ilin sentyabrında ən məşhur adların populyarlıq siyahısını hazırlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Haberler.com-a istinadən məlumat verir ki, Habermetre tərəfindən açıqlanan məruzədə sıralanma bu cürdür:

1. Acun İlıcalı
Türkiyənin tanınmış prodüsseri Acun İlıcalı həm öz telekanalları, həm də şəxsi təşəbbüsü ilə yayımlanan müsabiqə proqramlarının köməyi ilə ay boyu gündəlikdən çıxmamış, 6 min 709 xəbər üçün mövzu kimi siyahıda birinci yeri tutmuşdur.

2. Haluk Levent
Təsisçisi olduğu AHBAR Assosiasiyası ilə etdiyi yardım sayəsində və 2022-ci ildə Türkiyəni tərk edəcəyini elan etməsiylə Haluk Levent 6 min 288 xəbər mövzusu olaraq siyahı ikincisi olmuşdur.

3. Müge Anlı
ATV ekranında yayınlanan proqramında cinayətləri aydınladan  ve gurultulu ölümlər barədə xəbərlər yayan Müge Anlı 5 min xəbərlə  listənin 3-cü sırasında yerləşmişdir.

4. Seda Sayan
Listənin 4-cü sırasında 3 min 531 xəbərlə populyar müğənni və teleaparıcı Seda Sayan gedir.
 
5. İbrahim Tatlısəs
 İbo Show-nun aparıcılığından qopmadan illərdir konsert verməyən və illər sonra konsert vermiş ünlü sənətçi İbrahim Tatlısəs 3 min 140 xəbərlə listənin 5-ci sırasındadır.

6. İrem Derçi
Bir neçə ay çabalardan sonra arzusunu yerinə yetirən və Harbiya Cemil Topuzluda konsert verməyə müvəffəq olan İrem Derçi 3 min 96 xəbər ilə sentyabr ayının 6-cısıdır.

7. Selin Ciğerçi
Listənin 7-cisi 3 min 60 xəbərlə  Selin Ciğercidır.

8. Esra Erol
8-ci sırada tez-tez öz proqramındakı maraqlı hadisələrlə ATV-nin ekranında görünən Esra Erol qərarlaşıb. Onun adına tüm 2 354 xəbər var.

9. Özdəmir
Gözəl aktrisa Esra Erol kimi sentyabr ayında sosial şəbəkələrdəki hesabından gələn mesajları ilə gündəmdə olan Özdəmirin də adı 2 354 xəbərin mövzusu ola bilib.

10. Sereney Sarıkaya
Ən nəhayət, ilk onluğu 2 min 349 xəbərlə aktrisa Sereney Sarıkaya tamamlayır.

Fotoda Serenay Sarıkayadır. Qeyri-adi tərzi ilə həmişə diqqət çəkən Serenay bu sırada 10-cu olsa da televiziyaların Maqazin proqramlarında ən çox görünən isimdir.

Wednesday, 06 October 2021 10:00

Gəl və apar günü?

 

Təqvimə baxdıqda görərik ki, bu günün qəribə təyinatı var: 6 oktyabr “Gəl və apar günü” kimi qeyd olunub.  Genişqəlbli insanlar bir-birinin evinə gedib həmin gün bəyəndikləri bir şeyi hədiyyə olaraq götürüb aparırlar. Gün gözütox insanlara hesablanıb. Heç bir sui-istifadə etmədən onlar dəyərcə ucuz, amma xoşagəlimli bir şey seçirlər adətən. Amerikada, Yaponiyada, Avropa ölkələrində qeyd olunur. Bizlərdə belə bir gün qeyd edilmir yaxşı ki. Onu görərsən, biri o birinin evinə gəlib 10 min manatlıq çılçırağını, o biri bu birinin evinə gəlib qarajındakı 100 min manatlıq çipini “gəl və apar günü”nün şərəfinə hədiyyə istəyə bilər, aləm dəyər bir-birinə.

 

Bu günün daha hansı təyinatları var?

 

“Ağılsız papaqçı” günü “Alisa möcüzələr ölkəsində” kitabının qəhrəmanının şərəfinə təsis edilib. Qonşularımız gürcülər bu gün Tbilisi gününü qeyd edirlər. Bayramın adı Tbilisoba adlanır. Təbii ki, Tbilisi bizlərə çox tanışdır. Sovetlər dönəmində Qərb bölgələrimizin əhalisi bizdə kərə yağı talonla verildiyindən ora kərə yağı almağa axışardı. İndi də bizdə aviabiletlər çox baha olduğundan ora təyyarə ilə uçmağa axışır. Tbilisi adı gürcü dilindəki tbili sözündən yaranıb, tərcüməsi isti deməkdir. Ötən gün Həkim gününü qeyd edən dünya bu gün də həkimlərin asissentlərinin gününü qeyd edəcək. Moldova şərab gününü qeyd edəcək. Niyə? Çünki bu kiçik və kasıb ölkə dünyaya şərab ixrac etməklə əhalisinin güzəranını qura bilir. Moldova şərabı ucuz və keyfiyyətli olduğu üçün hətta şərab vətəni Fransada belə yaxşı satılır. O  ki qaldı mətbəxsevər amerikalılara, onların bugünkü bayramları da olduqca orijinaldır – milli əriştə günü.

 

1973-cü ildə Misir və Suriya İsrailə hücum edərək 18 günlük ərəb-yəhudi müharibəsinə rəvac veriblər. 1948-ci ildə dünya tarixinin ən güclü zəlzələlərindən biri baş verib, Aşqabad yerlə yeksan olub. O məsəl var e, “Aşqabad batan kimi batdı”, - onun mənşəyi burdandır. Bu gün Türkmənistanda milli matəm günüdür. 1927-ci ildə Nyu-Yorkda ilk səsli film nümayiş olunub. 1768-ci ildə rus-türk müharibəsi başlayıb. (1774-cü ildə bağlanan sülh müqaviləsinə görə ruslar Qara dənizə çıxış əldə ediblər).

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından

 

 

 

 

 

Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq Səməd Vurğun adına Rus Dram Teatrının bir qrup əməkdaşına və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu mərasimin çoxdan keçirilməsinin planlaşdırıldığını bildirib: “Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram. Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər”.
Vurğulanıb ki, vaxtilə Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib.
Qarabağın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu bildirən A.Kərimov deyib ki, ancaq mədəniyyət sahəsində mübarizəmiz hələ də davam edir.
Nazir bildirib ki, səngərdə qalibiyyət qazanmışıqsa, mədəniyyət sahəsində də bu qalibiyyəti, uğuru davam etdirməliyik: "Azərbaycan mədəniyyətinin əsgərləri də mədəniyyət xadimləridir. Ermənistanın Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkə olub. Bundan sonra da mədəniyyət işçiləri bu tarixi missiyanı davam etdirəcək".
Hazırda Mədəniyyət Nazirliyində islahat prosesində yeni bir mərhələyə qədəm qoyduğunu söyləyən Anar Kərimovun sözlərinə görə, islahatları keçirməkdə əsas məqsəd mədəniyyətimizi strateji olaraq cəmiyyətə təqdim etməkdir.
Sonra mədəniyyət naziri Anar Kərimov ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilənlərə mükafatların vəsiqə və medallarını verib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mükafat alanlar fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 1974-cü ildə  M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, böyük rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub, təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb, saysız-hesabsız obrazlar yaradıb. Aktyor Azərbaycan Dövlət Teleziziyasında Ə.Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), C.Cabbarlının “Solğun çiçəklər” (Bəhram), N.Həsənzadənin “Kimin sualı var?” (İlham), B.Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) teletamaşalarında iştirak edib, “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev, “Cavid ömrü”ndə Əhməd Cavad, “Məhkumlar”da Polkovnik Hacıyev, alman rejissoru F.Xelmerin “Susuzluq və sevgi”sində Zaza, ABŞ rejissoru A.Helencerin “Burulğan”ında Kişi, “Təlatüm” bədii-televiziya filmində İlyas Şahdağlı, “Cavad xan”da Cavad xan rollarına çəkilib. N.Mehdixanlı 1986-cı ildə Naxçıvan MR-nın “Əməkdar artisti”, 1998- ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2016-cı ildə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Biz onu həm də gözəl qiraət ustası kimi tanıyırıq. Səs tembri insanı büsbütün alüdə edə bilir. Yubileyin mübarək, sənətkar, - deyirik.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.