Super User

Super User

Günün fotosu:

Vellinqton antipandemiya yürüşlərindən çalxalanmaqdadır

 

Yeni Zelandiyada, Vellinqton şəhərində bir neçə gündür ki, pandemiya məhdudiyyətləri əleyhinə əhalinin yürüşləri geniş vüsət almışdır. 

Polis bu yürüşlərin qarşısını almaqda çətinlik çəkir.

Foto: Euronews

 

Finlandiyanın “https://www.espoo.fi” xəbər saytında bu ölkənin Espoo şəhərində yaşayan gənc soydaşımız Aylin Cabbarovaya həsr olunmuş məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Elli Perttilyanın qələmə aldığı “Məktəb xorundan səsini artistliyədək yazdıran – Aylinin hekayəsi” sərlövhəli məqalədə soydaşımızın peşəkar musiqiçi olmaq arzusundan, 8 yaşında öz dostları ilə birlikdə musiqi qrupu yaratmasından, 12 yaşında olarkən “Səs uşaqlar” (“The Voice Kids”) beynəlxalq musiqi müsabiqəsində uğurlu iştirakından, konsertlərdə çıxışlarından, uzun fasilədən sonra isə pandemiya məhdudiyyətləri dönəmində mahnılar bəstələyib, instaqram səhifəsində paylaşmasından, 2021-ci ildə Aylinin səsyazma şirkəti ilə müqavilə imzalamasından, onun məktəb məzunlarına həsr etdiyi “Kun Etikseen sä astut” (“Siz içəri girəndə”) adlı mahnının populyarlıq qazanmasından bəhs olunub.

Rəsm qalereyası:

Xalq rəssamı Sakit Məmmədovun “Təbiət mənzərəsi” əsəri

 

Neftçalada yaşayıb yaradan ədəbiyyat xadimi Etibar Əbilov

Türk dünyası ədəbiyyatına üstün xidmətlərinə görə “Altın yıldız” mükafatına layiq görülüb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Uluslararsı Elmlər Akademiyasının təsis etdiyi bu mükafat türk dünyası ədəbiyyatına töhfə verən şəxslərə təqdim edilir. Qurumun rəhbəri Hasan Ahmetdir.

Xatırladaq ki, Etibar Əbilov Azərbaycan ədəbiyyatı tarixinin ən görkəmli nümayəndələrindən olan mərhum İmamverdi Əbilovun oğludur. 

İmamverdi müəllimin digər oğlu “Ədəbiyyat qəzeri”nin baş redaktoru Azər Turandır.

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) muğam sənətimizin elmi-nəzəri məsələlərinə həsr olunan dəyirmi masa layihəsinin növbəti tədbiri fevralın 11-də keçiriləcək. Dəyirmi masa xanəndə, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Şuşada dünyaya gələn Bülbülcanın 180 illik yubileyinə həsr olunub. Yeni, musiqili-elmi-nəzəri formatda keçiriləcək tədbirdə xanəndənin həyat və yaradıcılığı, muğam sənətinə verdiyi töhfələrdən söz açılacaq.

 

Tədbirdə Xalq artisti, bəstəkar Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist, tarzən Valeh Rəhimov, professorlar Vilayət Quliyev, Rafiq Əliyev, tədqiqatçılar, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı, Mustafa Çəmənli, Bülbülcanın ailə üzvləri Tərlan Zülalov və Anar Hacızadə çıxış edəcək.

Konsert hissəsində BMM-nin solistləri Əməkdar artist İlkin Əhmədov, xanəndələr Vəfa Vəzirova, Nisbət Sədrayeva, Hüseyn Məlikov, Rövşən Bəşirov çıxış edəcək. İfaçıları BMM-nin solistləri, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə musiqi ansamblı müşayiət edəcək.

 

Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Asiya və Afrika İnstitutu, Uluqbek adına Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Şərq Milli Muzeyi tərəfindən “Nizamidən Nəvaiyə: ənənələrin davamlılığı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

AzərTAC xəbər verir ki, onlayn formatda keçirilən konfrans Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileylərinə həsr olunub. Tədbirdə nüfuzlu ictimai-siyasi xadimlər, ziyalılar, tanınmış şərqşünaslar, türkoloqlar, səfirlər və diplomatik missiya təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli, Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika İnstitutunun direktoru M.V. Aleksey Maslov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Avrasiya Xalqları Assambleyası baş katibliyinin rəhbəri, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Svetlana Smirnova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rihsiyeva çıxış ediblər.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransın tanınmış ictimai xadimləri, ədəbiyyat və elmin insanlarını bir araya gətirdiyini qeyd edərək, Nizami Gəncəvi və Əlişir Nəvainin təkcə Şərqin deyil, bütün bəşəriyyətin əvəzolunmaz mənəvi xəzinəsi olduğunu bildirib. XII-XVI əsrlərin Şərq ədəbiyyatının İntibah dövrü hesab olunduğunu, bunun da daha çox Nizami və Nəvainin parlaq yaradıcılığı sayəsində gerçəkləşdiyini deyib. Akademiya prezidenti bildirib ki, Nizamidən sonra yüzlərlə şair və yazıçı, o cümlədən Əlişir Nəvai onun yaradıcılığından təsirlənib, mütərəqqi ideyalarını inkişaf etdirib. Kıdırəlinin fikrincə, Nizami və Nəvai əsərləri müasir dövrdə də öz aktuallığını qoruyub saxlayıb və bu kontekstdə klassik qazax poeziyasının və müasir ədəbi dilin banisi Abay Kunanbayulı da Nizami və Nəvai yaradıcılığından böyük ölçüdə təsirlənib, onları öz ustadı kimi qəbul edib.

Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər ölkələrdən alimlərinin iştirakı ilə bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, konfrans çərçivəsində “Əlşir Nəvai əlyazmaları Kazan kolleksiyalarında” kitabının təqdimatı da keçirilib.

 

Yuxulu gözlərində gizlənər arzularım,

Yuxulu gözlərində ürək boyda həqiqət.

Mənim umub-küsdüyüm o gözlərdə,  ilahi,

Nə qədər hıçqırtı var, nə qədər də sükunət.

 

Üsyan havasındadır hər səhər-axşam başım,

Göy üzünə ümidlər çilənməkdə qan kimi.

Səni yer kimi sevdim, səni göy kimi sevdim,

Bacarmadım sevməyi adi bir insan kimi.

 

Bu sevginin yükünü çiyinlərin daşımaz,

Bilirəm, çox ağırdı əzilərsən, sınarsan.

Amandı, mənim kimi ürəyə bel bağlama,

Bir gün öz odun düşər, öz odunda yanarsan.

 

Göz yaşların acıdır gözlərimi sil daha.

Səndə günah nə gəzir, suçlamağa qıymaram.

Yanımda qalmağınla sağalarmı yaramız?

Getməkdən heç danışma, getməyə də qoymaram...

 

20-ci əsrin tanınmış rəssamı Frensis Bekonun "Triptix, 1986-1987" adlı tablosu 35-55 milyon funt-sterlinq (47-75 milyon dollar) civarında hərraca çıxarılıb. Satış martın 1-də həyata keçiriləcək.

 

TASS agentliyi xəbər verir ki, bu barədə “Christie's” hərrac evi məlumat yayıb.

“Frensis Bekonun son böyük sənət nailiyyətlərindən biri kimi qəbul edilən bu əsər zamanın təbiəti və insanın tənhalığı haqqında düşüncələrin nəticəsidir”, - bunu  hərrac evindən bildirilib.

Belə ki, triptixin sol panelindəki kostyumlu kişi təsviri ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə “Versal” müqaviləsinin imzalanmasından sonra qəzetdən götürülmüş fotoşəkilinə əsaslanır. 

Sağ paneldəki təsvir Leon Trotskinin 1940-cı ildə öldürüldükdən sonra onun ofisinin fotoşəkilindən yaradılıb. 

Mərkəzi paneldəki adamın üzü isə rəssamın yaxın dostu Con Edvardsı xatırladır.

Qeyd edək ki, Frensis Bekon (1909-1992) fiqurativ (obrazlı) sənət ustasıdır. Onun əsərlərində əsas mövzu refraktorlu insan bədənidir. Rəssamın ekstravaqant, bəzən şokedici tabloları kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. 2015-ci ildə rəssamın "Avtoportret üçün iki eskiz" (1977) triptixi Londonda 22,4 milyon dollara satılıb. Bu dəfə isə qiymət azı iki dəfə yüksək olacaq.

 

Mədəniyyət Mərkəzindən verilən məlumata görə builki müsabiqədə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları”, “Ortaq dəyərlərimiz” mövzusunda nominasiyalar üzrə elan edilib.

Müsabiqəyə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan Milli Mətbuat Agentliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi müvafiq dəstək göstərir. Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşa şəhərinin tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərdə bərpa və dinc əhalinin qayıdışı, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələrə, araşdırmalara, televiziya verilişlərinə və s. materiallara müsabiqədə üstünlük veriləcəkdir.

Elan olunmuş müsabiqədə Azərbaycan Mədəniyyət Mərkəzi ənənəyə sadiq qalaraq Azərbaycan-Özbəkistan mədəniyyəti, dostluğu, əməkdaşlığı, hər iki ölkənin əldə etdiyi nailiyyətlər” mövzusu üzrə qaliblər müəyyənləşdiriləcəkdir. Qeyd olunan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə  “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı) fəxri diplom, pul mükafatlarına layiq görüləcəklər.

Müsabiqəyə təqdim olunan materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.

Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 25 noyabr 2022-ci il müəyyən edilib.

 

Seçim meyarlarına aşağıdakılar daxildir:

 

• materialın orijinallığı;

 

• material müsabiqə mövzusuna uyğun olmalıdır;

 

• materialın faktlar, jurnalist araşdırması ilə zəngin olmalıdır;

 

• materialın maarifləndirici əhəmiyyəti olmalıdır;

 

• yazının peşəkarlıq səviyyəsi yüksək olmalıdır;

 

• jurnalistin materiala daha daha çox yaradıcı yanaşması;

 

• oxucu və izləyici auditoriyanın genişliyi.

 

• ən azı bir qəzet, bir xəbər saytında dərc olunmalı, televiziya kanalında yayımlanmalıdır;

 

Qaliblər diplomlar və hər nominasiya üzrə aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

 

• I yer –    500 AZN

 

• II yer – 300 AZN

 

• III yer – 200 AZN

 

• 5 nəfər həvəsləndirici diplom.

 

Müsabiqəyə təqdim olunacaq materialın (məqalə, videomaterial) elektron surəti, yaxud videomaterial WeTransfer proqramı vasitəsi ilə qeyd olunan elektron poçt ünvanına göndərilməsi zəruridir.

 

Müsabiqəyə təqdim olunan materialla yanaşı, iştirak edəcək jurnalistin şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti, jurnalistin təmsil etdiyi mətbu orqanın adı, yaxud müstəqil jurnalistdirsə öz fəaliyyəti haqqında kiçik məlumat, müəllifin elektron poçt ünvanı və əlaqə telefonlarının yazılması zəruridir.

 

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası üzv qəbulu barədə elan açıqlayıb. Elanı təqdim edirik:

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası 

 ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla dövlət qurumlarının, biznes və qeyri-kommersiya tərəfdaşlarının əlaqələndirilməsi, beynəlxalq və yerli layihələrin idarə olunması məqsədilə təsis olunmuşdur.

Bildiririk ki, Federasiya 2022-ci il ərzində müvafiq dövlət, özəl və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır və müxtəlif layihələr, tədbirlər və digər fəaliyyətlər üçün hazırlıq və planlaşdırma işlərini həyata keçirir.

Bu məqsədlə, yaradıcılıq sənayesi və mədəniyyət biznesi (yaradıcı və mədəniyyət sənayeləri: ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual – video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatları Federasiyaya qoşulmağa və “Kreativ Azərbaycan” (https://creative.az) brendi altında yaradıcılıq və mədəniyyət iqtisadiyyatının inkişafına, eləcə də, ölkəmizin bu sahədə tanınmasına töhfə verməyə dəvət edirik.

Federasiyaya üzv olmaq üçün tələblər:

Fərdi şəxslər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan fərdi sahibkarlar, kreativ biznes peşəkarları, yüksək yaradıcı istedada malik şəxslər və s.;

Şirkətlər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi  və real fəaliyyəti olan özəl şirkətlər;

QHT-lər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi  və real fəaliyyəti olan QHT-lər, ictimai birliklər və fondlar.

Federasiyaya üzv olmaq istəyən fiziki və hüquqi şəxslərdən aşağıdakı əlaqə vasitələri ilə müraciət etmələri xahiş olunur. Təsdiq olunan müraciətçilərə üzvlük barədə bildiriş göndəriləcək.

 

Əlaqə:

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası

Bakı şəhəri, “Azure” Biznes Mərkəzi - 9-cu mərtəbə, 53-cü otaq

Tel: 055-206-70-88

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.