Super User

Super User

 

“Sərt pandemiya qaydalarına tam riayət edəcəyik” deyə zəmanət verərək təşkilatçılar Almaniyanın  paytaxtı Berlin şəhərində Avropanın ən nüfuzlu üç kino forumundan biri olan (digərləri Venesiya və Kann festivalları) “Berlinale” Beynəlxalq Film Festivalının açılışını etdilər. 

“Ədəbiyyat və incəsənət” portalı RFİ saytına istinadən məlumat verir ki, 72-ci “Berlinale”nin əsas proqramında 27 tammetrajlı film (16 bədii, 11 sənədli), “Forum Special” proqramında isə 14 ekran əsəri var. Bundan əlavə, festivalın “Encounters”, “Generation 14+”, “Berlinale Series Market” kimi proqram və bölmələri də var.

Pandemiya ilə əlaqədar “Berlinale” formatını bir qədər dəyişib. Festivalın əsas müsabiqə filmlərinin (“Qızıl ayı” və “Gümüş ayı” uğrunda yarışanlar) nümayişi fevralın 16-dək keçiriləcək. Mükafatların təqdimetmə mərasimi də həmin gün olacaq. Bundan sonra isə fevralın 20-dək bütün “Berlinale” kinoteatrlarında festivalın filmlərinin təkrar nümayişi təşkil olunacaq. Pandemiya şərtlərinə görə “Berlinale” kinoteatrlarının tutumu 50 faizə qədər azaldılıb. 

İndi isə açılış filmi barədə. Bu, “Peter fon Kant” filmidir. Film Rayner Verner Fissbinderin məşhur “Peter fon Kantın acı göz yaşları” filminə çəkilmiş remeykdir. Hadisələr 1972-ci ildə baş verir. Normal  qəhrəmanlarla yanaşı homoseksual və lezbiyan qəhrəmanlar da filmdə “at oynadırlar”.

Təbii ki, alman filmidir. Özlərini sevən almanlar öz festivallarını nəyə görə əcnəbi filmi ilə açsınlar ki?

 

Bu ömür bir qazan qardı...

 

Yoxdu bu qəmin yiyəsi,

Götür qoy gözün üstünə.

Sinəmdəki yaraları

Kim sərib duzun üstünə?

 

Bu dəryanı kim daşdırdı?

Nə qum qaldı, nə daş durdu.

Yalanlar göz qamaşdırdı-

Getmədik düzün üstünə.

 

Səs deyil hər haray- həşir,

Canımız bir sevda nəşi.

Tuta bilmədik günəşi,

Yıxıdı tozun üstünə.

 

Yerdi əsən, yeldi əsən?

Axsaq imiş o tələsən.

Qələm yorulub deyəsən,

Əyilib sözün üstünə.

 

Qəfəs deyil, amma dardı,

Yer üzü damar- damardı...

Bu ömür bir qazan qardı-

Qoymuşuq közün üstünə...

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev "Çıxış yoxdur” tamaşasının nümayişindən sonra ƏSA Teatrının kollektivi ilə görüşüblər.

Görüşdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tamaşanın xarici festivallarda ölkəmizi təmsil edə biləcəyini və ƏSA Teatrının qastrol səfərləri həyata keçirməsinin zəruri olduğunu qeyd edib.

Teatr kollektivi göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə öz təşəkkürlərini bildirib.

Saturday, 12 February 2022 10:00

Premyera maraqla qarşılanıb

 

Fransız eksiztensialist yazıçı Jan-Pol Sartrın Azərbaycanda ilk dəfə səhnələşdirilən "Bağlı qapı arxasında" əsəri əsasında ƏSA teatrında hazırlanan "Çıxış yoxdur" fəlsəfi-dramının nümayişi anşlaqla keçib.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə , prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur.

Rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Lalə Süleymanova, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Feziyeva, Gülçin Qasımova canlandırıblar.

Qeyd edək ki, Jan-Pol Sartrın 1944-cü ildə yazdığı "Bağlı qapılar arxasında" əsəri ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir.

 

Azərbaycanın dilbər guşəsi Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağ Azərbaycanın mədəniyyət məbədidir.

8 noyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik Azərbaycanın qəlbi, Qarabağın incisi, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa şəhərini 28 illik işğaldan azad etdi.

Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı.

Mədəniyyət Nazirliyi bu sərəncamı rəhbər tutaraq “Şuşa mədəniyyətinin inciləri” layihəsini həyata keçirir. Bu layihədən bəhrələnərək Mədəniyyət Nazirliyi və Azərbaycanın Qarabağ bölgəsində 3 dildə (Azərbaycan, rus və erməni) yayımlanan CBC FM radiosunun birgə həyata keçirdiyi “Qarabağın mədəni irsi” rubrikasına start verir. Rubrikanın əsas məqsədi onlayn-platformalarda sözügedən layihə çərçivəsində yayımlanan məlumatları Qarabağ bölgəsində audio formatda 3 dildə (Azərbaycan, rus və erməni) mütəmadi olaraq dinləyicilərə təqdim etmək və beləliklə, Şuşanın mədəniyyəti haqqında daha çox insanın maariflənməsinə nail olmaqdır.

 

Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edir. “Ədəbiyyat və incəsənət”portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, fevral ayının 7-də başlayan film nümayişləri ayın 15-ə qədər davam edəcək. Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə çəkilmiş 19 film nümayiş olunur.

Azərbaycan kinosu retrospektivinin açılışına rejissor Fariz Əhmədovun premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutan “Sonuncu” adlı filmi ilə fevral ayının 7-də start verilib.

Qeyd edək ki, 19 filmdən ibarət “Azərbaycan kinosu. Retrospektiv” proqramına 1935-ci ildən bu günə qədər olan dövrü əhatə edən komediya və triller, nağıl və detektiv hekayələr, kinoromanlar, sevgi hekayələri, sosial dramlar və sürreal təmsillər daxildir. Sovet dövrünün son səssiz filmlərindən biri olan “Dəcəl dəstə”dən tutmuş ilk müstəqil filmlərdən biri olan “Yarasa”ya, müharibədən sonrakı və mülayimləşmə dövrü filmlərindən beynəlxalq festivalları fəth edən müasir müəllif filmlərinə qədər müxtəlif dövrlərə aid proqram Azərbaycan kinematoqrafiyasının geniş janr və üslublarını nümayiş etdirir. Filmlərin yarıdan çoxu Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik kinolentdən, Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim olunan rəqəmsal nüsxələrdən nümayiş etdirilir. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunur.

Retrospektiv proqramının kuratorları “İllüzion” kinoteatrının art-direktoru Aleksandra Lavrova və Mədəniyyət Nazirliyiniun Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovdur.

Retrospektevin növbəti günlərinin proqramını təqdim edirik:

 

12 fevral 16:00

“Bizim Cəbiş müəllim”

 1969. 75 dəq. Rejissor: Həsən Seyidbəyli. 35 mm. 12+

 

12 fevral 18:10

“İstintaq”

 1979. 87 dəq. Rejissor: Rüstəm Ocaqov. 35 mm. 12+

 

12 fevral 20:35

“Şeytan göz qabağında”

 1987. 89 dəq. Rejissor: Oktay Mir-Qasım. 35 mm. 12+

 

13 fevral 19:00

“Qətldən yeddi gün sonra”

 1991. 93 dəq. Rejissor: Rasim Ocaqov. 35 mm. 18+

 

14 fevral 19:00

“Balıqçının qızı”

 2019. 88 dəq. Rejissor: İsmayıl Səfərəli. dcp. 12+

 

14 fevral 21:30

“Səpələnmiş ölümlər arasında”

 2020. 88 dəq. Rejissor: Hilal Baydarov. dcp. 18+

 

15 fevral 19:30 Bağlanış

“Duz, istiot zövqə görə”

 2019. 22 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+

 

“Axşama doğru”

 2020. 12 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+

 

“Daxildəki ada”

 2020. 79 dəq. Rejissor: Rüfət Həsənov. dcp. 18+

Bu gün əməkdar artist, Mədəniyyət Nazirliyi yanında İçtimai Şuranın eksperti, “Ustad dərsləri” ekspert qrupunun rəhbəri, aktyor Azad Şükürovun doğum günüdür. 

Bu münasibətlə İctimai Şura onu təbrik edib. Təbrik mətnində deyilir:

 

“Hörmətli Azad müəllim. Sizi Mədəniyyət Nazirliyi yanında İctimai Şura adından doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və yaradıcılıq uğurları arzulayırıq. Şuramızda  "Ustad dərsləri" işçi qrupunun rəhbəri kimi səmərəli fəaliyyətinizə görə də Sizə ayrıca minnətdarlıq edirik. 

Siz 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olmuş, hələ orta məktəbdə oxuduğunuz illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olmaqla öz incəsənətə sevginizi büruzə vermisiniz, daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılmısınız.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil almağınız (1977-1981) aktyor kimi püxtələşməyinizə səbəb olub. 

İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmış (1981-1984), daha sonra Tədris Teatrında (1984-1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990-1992) sənətə xidmət etmisiniz.

1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmısınız. 

1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetində də çalışır, gənc nəslin təlim-tərbiyəsində rol oynayırsınız. Universitetdə kafedra müdirisiniz, dosentsiniz. 

Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərmisiniz, gözəl qiraət ustasısınız. 

2003-cü ildə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülməyiniz, 2002-ci ildə Əməkdar artist fəxri  adına layiq görülməyiniz əməyinizin əsl bəhrəsi sayıla bilər.

Bir daha Sizi təbrik edirik, sənət səmalarından heç vaxt əskik olmamağınızı diləyirik!”


Türkiyəli heyət ümumilikdə 8 layihə ilə gəlib, müştərək serialın çəkilməsi də planda var.

Nizami Kino Mərkəzində Türkiyənin ölkəmizdə səfərdə olan kinematoqrafçılar heyətinin mətbuat konfransı keçirilib.
AzərTAC xəbər verir ki, mətbuat konfransında “Eslem Film” şirkətinin rəhbəri Metin Yücel, “Asmalı Konak”, “Kurtlar Vadisi Pusu” kimi serilların rejissoru Selahattin Sancaklı, “Kurtlar Vadisi Pusu” filmində Yasin obrazını canlandıran Ertuğrul Şakar, prodüser Yalçın Çoban iştirak edib.
Metin Yücel media nümayəndələrinin diqqətinə çatdırıb ki, yaxın zamanda Azərbaycan kinematoqrafçıları ilə birlikdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Şuşadan bəhs edən filmin çəkilişlərinin başlanması nəzərdə tutulub. Müştərək filmin heyətinin yarısını Azərbaycan, yarısını da Türkiyə kino sənətçiləri təşkil edəcəklər.
Filmdə əsas məqsəd Azərbaycanı və ölkəmizin tarixi zəfərlə başa çatan Vətən müharibəsini dünyaya tanımaq, eyni zamanda otuz il doğma torpaq həsrətində olan azərbaycanlıların yurd, vətən nisgilini göstərməkdir. Filmin çəkilişləri Qarabağla yanaşı müxtəlif bölgələrimizdə də aparılacaq.
Rejissor Selahattin Sancaklı film layihəsinin əsas hekayəsinin Şuşa üzərində qurulacağını deyib: “Qarabağ savaşının hər mərhələsi nə qədər çətin olsa da, Şuşanın alınması və Şuşa döyüşləri bu müharibənin ən çətin mərhələsi olub”. Onun sözlərinə görə, layihənin davamı kimi serial çəlkilişi də nəzərdə tutulub.
Aktyor Ertuğrul Şakar filmin bütün türk dünyası üçün əhəmiyyətli olacağını vurğulayıb. Onun sözlərinə görə, Şuşa və Qarabağ savaşının filmlə dünyaya təqdimatına ehtiyac var.
Aktyor seçimlərinin hələ başlanmadığını qeyd edən prodüser Yalçın Çoban təşkilati işlər bitdikdən sonra kastinqlərin keçiriləcəyini bildirib.
Yaradıcı heyət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə görüş keçirildiyini də deyib. Layihənin büdcəsi və ssenarisi haqqında suallara cavabında heyət üzvləri bildiriblər ki, nazirlik və əlaqədar təşkilatlarla müvafiq razılıq əldə ediləndən sonra bu barədə konkret danışmaq olar.
Yaradıcı heyət ötən il Azərbaycanda polis işini təcəssüm etdirən filmi lentə aldığını və yaxın vaxtlarda təqdimatının keçiriləcəyini də diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycana birgə əməkdaşlıqla bağlı ümumilikdə 8 layihə ilə gəliblər. Müxtəlif janr və mövzuları əhatə edən layihələrin əsas məqsədi Azərbaycan və Türkiyə kinematoqrafçıları arasında təcrübəyə rəvac və əlaqələrin inkişafına təkan verməkdir.
Azərbaycan kinosu haqqında az bilgiyə sahib olduqlarını da etiraf edən yaradıcı heyətin üzvləri mədəniyyətlərin təbliği və tanıtımı üçün sənət sahəsində çoxsaylı layihələrin vacibliyini qeyd ediblər.

 

Mədəniyyət Nazirliyi yanında yaradılmış İctimai Şura ölkənin mədəniyyət mərkəzlərinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrində, ölkənin mədəni həyatının zəngin və rəngarəng olmağında çox maraqlıdır. Bu səbəbdən də şuranın nəzdində fəaliyyət göstərən işçi qrupları həm paytaxtda, həm regionlarda müxtəlif tədbirlər həyata keçirməkdədir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, növbəti belə tədbir gənclik şəhəri Sumqayıtda baş tutacaq. 

Son dövrlərdə Sumqayıt şəhərinin mədəni həyatında bir canlanma hiss olunur, bu sahədə kreativlik, yeni yanaşma tərzi öz sözünü deməkdədir. Pandemiyanın məhdudiyyətləri şəraitində yaranmış çətinliklərə baxmayaraq mədəniyyət sahəsi inkişafdan qalmır, teatr premyeraları, kitab yarmarkaları, rəsm sərgiləri, müxtəlif prezentasiyalar, müsabiqələr, virtual platformalarda forum və müzakirələr keçirilir, sosial mediada tanınmış sumqayıtlılar barədə tanıtım çarxları çəkilib nümayiş etdirilir. Hətta bu arada şəhərdə yeni kukla teatrı da yaranıb. 

Daha nələr etmək olar ki, sumqayıtlıların, xüsusən şəhər gənclərinin asudə vaxtları dəyərli keçsin, onların mədəni səviyyəsi yüksək qalsın? 

Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli” mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin nümayəndələrinin  iştirakı ilə dinləmə-müzakirələr keçiriləcək. 

Tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunacaq, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olacaq. 

Sabah bugünkündən bir addım öndə olmaq - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəaliyyət prinsipini qısaca olaraq bu postulatla ifadə etmək olar. Sumqayıt mədəniyyət forumu da bu prinsipin daha bir təzahürüdür.

 

Polşalı rejissor Malgozhata Şumovska dünyaşöhrətli rus yazıçısı Fyodr Dostoyevskinin həyat yoldaşı  Anna Snitkina haqqında tammetrajlı film çəkir, layihəyə Rusiyanın Hype Film şirkəti tərəfindən həmprodüsserlik edilir. Bu barədə cümə axşamı şirkətin mətbuat xidməti məlumat verib. 

Xəbəri “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən yayır. 

Film Endryu D. Kaufmanın "The Gambler’s Wife” (Qumarbazın arvadı) kitabına adaptasiyadır. Dostoyevskini xilas edən əsl sevgi, risk və qadın barədə təsirli bir hekayədir!

“Malgozhata Şumovska dünyanın ən çox tələb olunan rejissorlarından biridir və bu layihənin həyata keçirilməsi üzərində onunla əməkdaşlıq etmək bizim üçün böyük şərəfdir. Endrü Kaufmanın kitabında təsvir edilmiş Anna Snitkinanın heyrətamiz hekayəsi universal, aktual və nəzarətsiz görünür, xüsusilə də əsl vizioner rejissorun əlində", - deyən Hype Film-in prodüseri İlya Stüartın fikirlərini mətbuat xidmətindən sitat gətiriblər.

Film “Qumarbazın arvadı” adını alacaq. Rejissor gəncliyində Dostoyevskinin dünyasına, onun kitablarına aşiq olan, amma cəmiyyətdə mövqeyindən, zərərli vərdişlərindən əndişəyə düşən,

onunla birlikdə olub  ona kömək etmək istəyən fədakar qadının hekayəsini böyük ustalıqla ortaya qoymaqla ümumbəşəri sevgi mövzusunu şərəfləndirib.

Şumovskanın filmləri dəfələrlə beynəlxalq kinofestivallarda iştirak etmiş, onun "Bədən" (Cialo, 2015) və "Üz" (Tuvarz, 2017) filmləri  Berliniada mükafatına layiq görülmüşdür, "Qar artıq olmayacaq" tragikomediyası (Sniegu juz nigdy nie bedzie, 2020) Venesiya kinofestivalının əsas müsabiqəsində iştirak etmişdir. Hazırda o, əsas rollarda Naomi Uotts və Billi Houl ilə "Sonsuz fırtına" (Infinite Storm, 2022) layihəsi üzərində işi başa çatdırır.

Azərbaycanda çox bəyənilən, oxunan böyük Dostoyevskinin həyatını özündə əks etdirən bu filmə haçansa baxanda bəyənəcəyimizə əminik.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.