Mədəniyyət Nazirliyi və CBC FM radiosu “Qarabağın mədəni irsi” layihəsini təqdim edir

 

Azərbaycanın dilbər guşəsi Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağ Azərbaycanın mədəniyyət məbədidir.

8 noyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik Azərbaycanın qəlbi, Qarabağın incisi, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa şəhərini 28 illik işğaldan azad etdi.

Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı.

Mədəniyyət Nazirliyi bu sərəncamı rəhbər tutaraq “Şuşa mədəniyyətinin inciləri” layihəsini həyata keçirir. Bu layihədən bəhrələnərək Mədəniyyət Nazirliyi və Azərbaycanın Qarabağ bölgəsində 3 dildə (Azərbaycan, rus və erməni) yayımlanan CBC FM radiosunun birgə həyata keçirdiyi “Qarabağın mədəni irsi” rubrikasına start verir. Rubrikanın əsas məqsədi onlayn-platformalarda sözügedən layihə çərçivəsində yayımlanan məlumatları Qarabağ bölgəsində audio formatda 3 dildə (Azərbaycan, rus və erməni) mütəmadi olaraq dinləyicilərə təqdim etmək və beləliklə, Şuşanın mədəniyyəti haqqında daha çox insanın maariflənməsinə nail olmaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.