Super User
Ünsiyyət və əlaqənin necə qurulduğunu araşdıran dinamik və yaddaqalan bir tədbir – YARAT Muzey Gecəsi
Könül, “Ədəbiyyat və incəsənət”
YARATMüasir İncəsənət Məkanı oktyabrın 12-də sənətsevərləri ünsiyyətmövzusunu müxtəlifformalarda kəşf etməyə dəvətedən Muzey Gecəsi 2024-ühəyata keçirdi. Muzey Gecəsi barədə təəssüratlar çoxdur, gəlin “Yarat”ın PR meneceri Nərmin Həsənzadənin şərhində bu təəssüratları nəzərinizə çatdıraq.
Builki tədbir daxili aləmimizi anlamaq və ətrafımızı qəbul etmək mövzularının davamı olaraq, düşüncələrimizi, hisslərimizi və çətinliklərimizi necə ifadə etdiyimizə diqqət yetirdi.
Gecədə silsilə tədbirlərtəqdim olundu. Öncə YARATMərkəzinin 1-ci mərtəbəsindəkeçirilən İlhamə Babayevanınsəs terapiyası iştirakçılarasəsin şəfaverici gücünü kəşfetməyə imkan verdi. Buterapiyaprosesioxuyankasalarla, vokalyoqailə vəmantraifası ilə tamamlandı.
YARAT-ın 2-cimərtəbəsində SaintTwinsDetectivetərəfindənkeçirilən “Döngədəkiyaradıcı” oyunu,iştirakçılara 1950-ciillərinAmerikası ab-havasındahəyəcanvericidetektivmacərası yaşatdı. Gecədədigər mənalı tədbir Teatr O2-nin “5” adlı performansı oldu.
Bu interaktiv tamaşa sosial şəbəkələrin məhdudiyyətlərini araşdıraraq, canlı ünsiyyətin əhəmiyyətini vurğuladı.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində istedadlı rəssam Leyla Qabulovanın “Danışılmamış hekayətlər” adlı ustad dərsinə gələn iştirakçılar duyğuları fərqli baxış bucağından araşdıraraq əsərlər yaratdılar.
Həmin məkanın 2-ci mərtəbəsində isə DEWAR, Şəhriyar İmanov, Pünhan Əzim və Rəşad Rəyyanın – elektron musiqi, tar və qəzəlin, ənənəvi və müasir incəsənətin vəhdəti olan “XİTAB” performansı qonaqları valeh etdi.
Muzey Gecəsi 2024, Bakı Bulvarı ərazisində - Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının yanında, açıq havada, müasir Azərbaycan rep sənətinin nümayəndələri Okaber və Neocortex-in, ritm və lirikanın emosional ünsiyyətin formalaşmasında necə təsirli olduğunu vurğulayan canlı ifaları ilə yekunlaşdı.
Muzey Gecəsi 2024-ü unudulmaz edən hər 2000 iştirakçıya dərin təşəkkürümüzü bildiririk!
Bakı Bulvar İdarəsi, iTicket platforması, Meatadore, United Coffee Beans və ASAN radionun dəstəyi ilə keçirilən Muzey Gecəsi 2024 ünsiyyət və əlaqənin necə qurulduğunu araşdıran dinamik və yaddaqalan bir tədbir oldu.
Biz inanırıq ki, YARAT bundan sonra da bu cür yaddaqalan tədbirlərlə ruhumuzu oxşayacaq.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Bu gün Beynəlxalq Streyt-ədj Günüdür –HAMIYA LAZIM OLAN BİR GÜNDÜR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin doğum günü
Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.
Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!
17 oktyabr. Yoxsulluqla mübarizə günü
İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!
17 oktyabr. Streyt-ədj günü
Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!
17 oktyabr. Frederik Şopen sevgisi
Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü. Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.
1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.
Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Respublika Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar olaraq silsilə materiallar hazırlanıb.
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 75 illik yubileyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin yubileyi münasibətilə "Akademik İsa Həbibbəyli - 75 " adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Akademik_Isa_Hebibbeyli_el_melumat_bazasi/index.html yerləşdirilib. Məlumat bazası akademikin zəngin elmi, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Prezident İlham Əliyev tərəfindən akademik İsa Həbibbəylinin layiq görüldüyü orden, medal və təltiflərin verilməsinə dair imzaladığı rəsmi sənədlər, akademikə həsr edilən professor Rüstəm Kamalın “Elm tale kimi”, filologiya elmləri doktoru Lyudmila Səmədovanın “Böyük ədəbiyyatşünas alim və nəzəriyyəçi, akademik İsa Həbibbəyli” AYB-nin üzvü Məmməd Tahirin “Mənim tanıdığım İsa Həbibbəyli Azərbaycan elminə misilsiz töhfələr vermiş görkəmli alim yüksək mənəvi keyfiyyətləri ilə də müstəsna şəxsiyyətdir” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada İsa Həbibbəylinin müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, məqalələrin, dissertasiya işlərinin siyahısı, ssenari və tərcümələri də təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada akademikın kitablarının virtual sərgisi, video və foto qalereyası da sərgilənir.
Kitabxanada akademik İsa Həbibbəylinin yubileyi ilə əlaqədar məlumatlar, elmi araşdırmalar ilə zəngin olan həyat yolunu əks etdirən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/isa-hebibbeyli-75 yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “Diplomatik görüşlərdən xatirələr” kimi bölmələrlə yanaşı İsa Həbibbəylinin müəllifi olduğu “Kitabi Dədə Qorqud eposu. Heydər Əliyevdən İlham Əliyevə”, “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Arpaçay mahnısı”, “Qabdulla Tukay və Azərbaycan” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Almaniyada azərbaycanlı bəstəkarın təşkilatçılığı ilə beynəlxalq musiqi festivalı keçirilib
Almaniyada azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Səsin Körpüsü” ("Bridge of Sound") ansamblının yaradıcısı və bədii rəhbəri, həmyerlimiz Xədicə Zeynalovanın təşkilatçılığı ilə “Səsin harmoniyası” (“Harmony of Sound”) adlı dördüncü beynəlxalq musiqi festivalı keçirilib.
Kuba musiqi mədəniyyətinə həsr olunan festival “Passion de Cuba” adı altında Almaniyanın üç müxtəlif şəhərində - Bilefeld, Marienmünster və Detmoldda məşhur konsert zallarında təşkil edilib.
Diasporla iş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata ngörə, festivala bir çox ansambl və solistlər, o cümlədən Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Səsin körpüsü” kamera ansamblı, kubalı və alman musiqiçilərdən ibarət “Sonando”, “Los Pipos” latın-caz musiqi ansamblları, akardeon və saksafondan ibarət “Konbrio” adlı duet qatılıb.
Festival proqramına Kuba, Almaniya və Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Konsertlərdə, həmçinin Xədicə Zeynalovanın məhz bu festival üçün bəstələnmiş "Bakı Süitası", "Dialoqo" adlı əsərlərinin "Konbrio" və "Bridge of Sound" ansambllarının ifasında premyerası gerçəkləşib.
Bəstəkar “Səsin Harmoniyası” Beynəlxalq Musiqi Festivalının Azərbaycan musiqi mədəniyyətinin bütün dünyada təbliğinə, eləcə də dünya xalqlarının musiqi mədəniyyətlərinin birləşməsinə xidmət etdiyini bildirib. Xalqlar arasında sülhə çağırış olduğunu vurğulayıb.
Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı şanlı Qələbə münasibətilə Xədicə Zeynalovanın təşkilatçılığı ilə 2021-ci ilin noyabrında ilk dəfə “Səsin harmoniyası” Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı keçirilib. İlk festival “Odlar Yurdundan – Zəfərə doğru” (“Vom Land des Feuers”), ikinci musiqi festivalı “Sülh naminə”( “Um des Friedens willen”) şüarları ilə baş tutub. Üçüncü festival isə Argentina musiqinə həsr olunub.
Soydaşımız Almaniyanın tanınmış “Klosterlandschaft OWL” Fondu və Almaniya Mədəniyyət Nazirliyi tərəfindən “Artist in Residence – Künstlerin des Jahres 2024” mükafatına və nominasiyasına layiq görülüb, ilin bəstəkarı seçilib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Türk Mədəniyyəti və İrsi Fondu Gəncədə Qazax Kamera Xoprunun konsertini təşkil etdi
Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Füzuli günləri" adlı layihə çərçivəsində "ÇÖLÜN RUHU" xor musiqisi konserti baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, konsertdə Q.Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru və M.Maqomayev adına Azərbaycan Dövlət Xorunun ifasında Axmet Jubanov “Karlıqaş” II nəşr, Corc Hendel "Hallelujah", Estai “Kusni Korlan”, Jayau Musa “Ak Sisa”, “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirov “Füzuli” kantatası III hissə, qazax və Azərbaycan xalq mahnıları səsləndirilib.
Qeyd edək ki, Qazax Kamera Xorunun bədii rəhbəri, dirijor Merbol Kuspanov, xormeysterlər Leyla Kuschanova və Madi Abışev, müşayiətçi "Eren Enbegi Uşin" dövlət mükafatları laureatı Dina Niyazova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xorunun bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, müşayiətçilər Elxan Niftiyev, Nərmin Rzayevadır.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
“Yolcu selamı” - Havva Ay
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Yolcu selamı”
Havva Ay
Gökteki yıldızlar kadar hayallerim var bu hayatta,
Her birinin parıltısı umudumla...
Yürüyorum,
Yollarıma gül dökmüşler, ayaklarım acımıyor,
Daha önce beni düşünen biri geçmiş olmalı.
Bu yolda yürümek zorlamıyor,
İlerliyorum bir az daha...
Çevremde kuşların cıvıltısı...
Karışıyor kuşların sesine korkunç bir ses,
Az sonra bir dehliz ve
Düşüyorum,
Dökülüyor yüreğimde taşıdığım tüm yıldızlar,
Topluyorum kanayan ellerimle birer-birer,
Çünkü biliyorum Allah var.
Çıkıyorum yeniden yola,
Umudum her zaman beyaz renkli bir tomurcuk.
Yüzüme dokunuyor hafif esen bir rüzgar...
Bu kez gül serilmemiş yoluma,
Toprak ve çakıl batıyor ayaklarıma,
Başımı göğe kaldırıyorum, gördüğüm koca bir dağ.
“Kuşlar nerede?”
Bağırsana...
Sesim dağda yankılanıyor,
Haykırıyorum şimdi kâğıttan bir dağa.
Yankılandı sesim ve geri döndü bana,
Ne garip...
Yankı kadar karşılığını bulan çok az şey var
Bu dünyada.
Ahirete bu azığım, orda yankılansa
Yeter bana,
Dua ediyorum her bir adımda.
Bu satırlarda tanıştık siz yolcularla,
Yolunuz hangi güzergâhta?
Hak yolunda bir yolcuyum da,
Sürekli kanayan dizlerim,
Ve yaralarıma tövbemdir merhemim,
Bu yolda can vermeye hazır bir neferim.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
|
EKSPRESS SORĞU - Payız sənin üçün nədir?
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Payız...
Hər fəslin öz gözəlliyi var deyirlər. Amma payızın yeri bir başqadı mənim üçün. Daha güclü bir şəkildə ayağa qalxmağın üçün bir vəsilədir payız. Dolmuş buludlara ümidlə baxıb "Bu gün hər şey gözəl olacaq" fikrini dilinə gətirə bildiyin bir fəsildir payız. Payız üçün hər insan fərqli bir ləqəb qoyur. Kimi qızıl payız, kimi soyuq payız, kimi də Vətən müharibəsindən dolayı Şəhid fəsli deyir.
Hər insanın məntiqində, ağlında, düşüncəsində fərqli bir yerdədi bu fəsil. Soyuq olmasına rəğmən üşümədiyin, hər rəngin insana yaraşdığı yeganə fəsildir payız. Ağacların dincəldiyi - özəlliklə yaz-yay aralığında çiçəkləyən ağacların dincəldiyi bir fəsildir. Torpağın növbəti bahara qədər nəfəs aldığı fəsildir payız. Bir payız aşiqi olaraq demək istəyirəm ki, payızın qədrini bilin, hər anının dadını çıxarın, ola bilər ki, bir gün həmin payız gələr, amma siz həyatda olmaya bilərsiniz. Rəhmətlik Vüqar Biləcərinin də dediyi kimi, "Hər sonun bir əvvəli, hər əvvəlin bir sonu var", hər şeyin, hər fəslin qədrini zamanında bilək, zamanında dadını çıxaraq.
Necə ki, yay gələndə dənizə, rayonlara getməyə tələsiriksə payızda da eyni addımları ataq, təbiətlə təmasa qaçaq. Mənə elə gəlir ki, payızın dili olsaydı "indidən qədrimi bil, getdimsə gəlməyəcəm" deyərdi.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Abdulla Şaiq ocağında Füzuli sehri…
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Abdulla Şaiqin Mənzil-Muzeyində Şərq şeirin korifeyi, dahi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Füzuli rindü-şeydadır” adlı ədəbi-bədii, musiqili tədbir keçirildi.
15 oktyabr 2024-cü ildə gerçəkləşən tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə imzaladığı 25 yanvar 2024-cü il tarixli Sərəncama əsasən təşkil olunmuşdu.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir, universal düşüncə sahibi, filosof şair kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə dünya şöhrəti qazandırmışdır. Böyük Füzulini Şərq şeirinin ən çox oxunan və 530 ildir ki, dünya poeziyasında parlayan ən işıqll ulduz hesab etmək olar.
Füzuli istedadlı nümayəndələri ilə tanınan və ədəbi fikri zənginləşdirən bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlər də daxil olmaqla, əsrlər boyu Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.
Abdulla Şaiq ocağında şeir və sənət sevərləri Füzuli sehrinə salan tədbir bir-birindən maraqlı çıxışlarla yadda qaldı. Tədbiri Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Şəms-Qəmər” kamera xoru açdı. Xorun ifasında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” səsləndi.
Tədbirin təşkilatçısı və aparıcısı, muzey fondlarının baş mühafizi Günel Əsədova qonaqları salamlayandan sonra Məhəmməd Füzulinin həyat yaradıcılığı ilə bağlı qısa məlumat verdi. Muzeyin direktoru Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə “Füzulinin musiqi dünyası” mövzusunda danışdı.
Tədbirdə Füzuli yaradıcılığı haqqında elmi məruzlər dinlənildi. ADPU-nun professoru, filologiya elmləri doktoru Yaqub Babayev, filologiya elmləri doktoru Təranə Turan Rəhimli çıxışlarında dahi şairin yaradıcılığını təhlil etdilər. Professor Yaqub Babayev şıxışında Məhəmməd Füzulini eşq, məhəbbət şairi kimi təqdim edib dedi ki, mübaliğəsiz demək olar ki, dünyada Füzulidən böyük lirik şair yoxdur. O, lirik şeirin ilk və son peyğəmbəridir.
“Kamal Talıbzadə və Məhəmməd Füzuli irsinə ədəbi-nəzəri münasibət” mövzusunda çıxış edən Təranə Turan Rəhimli belə bir fikri ilə bölüşdü ki, “Bəkir Çobanzadə Füzuli yaradıcılığını ümumtürk ədəbiyyatı kontekstində təhlil edərək, onu böyük türk şairi adlandırmışdı. Kamal Talıbzadə isə Bəkir Çobanzadəyə həsr etdiyi məqaləsində onun bu mövqeyini dəstəkləyərək alimə qarşı yönələn əks hücumlara son qoydu, Füzulini " türk şairlərinin atası" adlandırdı. Ötən əsrin 60-cı illərində, romantizmə sərt ideoloji münasibətin davam etdiyi, milli ədəbiyyatımızın hələ "Azərbaycan sovet ədəbiyyatı" adı altında inkişaf etdiyi həmin dövrdə belə bir fikir səsləndirmək tədqiqatçıdan böyük cəsarət tələb edirdi."
Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi Elminaz Məmmədli “Məhəmməd Füzuli yaradıcılığı Abdulla Şaiqin təhlilində” mövzusunda məruzə etdi: "Həqiqətən dünyada ən böyük məktəb həyatdır. Həyatın bütün acılıqlarını dadmış Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran və onu həyata bağlayan iztirablarıdır." O, Abdulla Şaiqin qəzəl dəftərini nümayiş etdirərək, ədibin öz yaracılığına Füzuli poeziyasının təsiri ilə, lirik qəzəllə başladığını vurğuladı.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış tamaşadan bir parça ifa etdilər. Teatrın aktyorları Nuriyyə Əliyeva Leylinin anası , Səbinə Məmmədzadə Leyli rolunu canlandırdılar. Quruluşçu rejissor , Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi, aktyorların məharətlə oynadığı səhnə maraq və sevgi ilə qarşılandı.
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının tələbəsi Nurlan Rzayev Məhəmməd Füzuli obrazında lirik qəzəl söylədi. Azərbaycan Milli Konservatoriyasının 4-cü kurs tələbəsi Hüseyn Nağıyev kamançada Süleyman Ələsgərovun “Vətənimdir” romansını xüsusi məharətlə ifa etdi. Daha sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının müəllimi Elnur İsmayılov və gimnaziyanın şagirdi Rəhimə Mənsimzadənin ifasında Füzulinin “Leyli və Məcnun” əsərindən pantomim səhnə göstərildi
Bədii hissənin davamında Prezident təqaüdçüsü Leyla Muradzadənin ifasında, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədovanın Fortepiano müşayiəti ilə Cahangir Cahangirovun “Füzuli” kantatasından bir parça dinlənildi. Aktyorların və gənc istedfadların canlı ifası qonaqlar tərəfindən maraq və alqışla qarşılandı.
Sonda ümumrespublika müsabiqələr laureatı, gənc muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan Milli Konservatoriyasının tələbələri – tarda Cavanşir Rüstəmbəyli, kamançada Əli Rüstəmbəylinin müşayiəti ilə Məhəmməd Füzulinin qəzəllərinə muğam dəstgahı ifa etdi. Qonaqlar musiqili tədbirə xüsusi ovqat qatan muğam ifasını hərarətlə alqışladılar.
Sonda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə tədbir iştirakçılarına və ifaçılara təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
Beyləqanda Əməkdar artist Ağalar Bayramovla görüş keçirilib
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalı, Beyləqan təmsilçisi
Beyləqanda Respublikanın Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Ağalar Bayramovla görüş keçirilib.
Oktyabrın 16-da Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsəd Rzayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, şairlər, yazıçılar, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Sözün rəngi cilvələnir səsində!” adlı tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığına dair videoçarx təqdim olunub.
Daha sonra Ağalar Bayramov səhnəyə çıxaraq tədbir iştirakçılarını salamlayıb. Şəhidlərimizin əziz xatirəsi anıldıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səhnəyə dəvət olunub. İcra başçısı rayonumuzun qonaqlarını və tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə, eləcə də Beyləqanda mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rayon rəhbəri, Ağalar Bayramovun Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb və bədii-qiraətçiyə yaradıcılığında uğurlar arzulayıb.
Rayon rəhbəri daha sonra Ağalar Bayramova Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyəsini təqdim edib.
Ağalar Bayramov görüşün təşkilində əməyi keçən və onun yaradıcılığına yüksək dəyər verən hər kəsə öz minnətdarlığını bildirdi, tədbir iştirakçıları qarşısında çıxış edərək tanınmış şairlərin şeirlərini əzəmətli səsi ilə ifa etdi.
Usta qiraətçinin, xüsusilə şəhid ailələrinə ithafən səsləndirdiyi şeirlər tamaşaçılar tərəfindən coşqu və alqışlarla qarşılanıb.
Tədbirdə Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək yaradıcılığının kamillik dövrünü yaşayan bədii-qiraətçiyə uğurlar arzulayıblar.
Beyləqanlı şair Gileyli Bəylər tərəfindən bədii poeziya nümunələrinin səsləndirilməsı, xanəndə Zahid Quliyevin ifası, rayon Mədəniyyət nümayəndələrinin, xüsusilə də tanınmış mədəniyyət işçisi Nazim Çıraqovun çıxışı tədbirə xüsusi rəng qatıb.
Sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)
MƏN TƏƏCÜBLƏNDİM - 2028-ci ildə Avropada ən çox milyonçu, sizcə, harada yaşayacaq?
Varis, Azərbaycanın Əməkdar Jurnalisti, “Ədəbiyyat və incəsənət” üçün
Gecənin gec vədələrində Euronews telekanalına baxmaqla yuxuma haram qatmağımı telekanala və onun icmalçısı Garfield Myrie’yə halal edirəm.
Belə ki, inanılmaz mətləblərdən xəbər tutdum.
Türkiyə, Rusiya və İsveç 2028-ci ilə qədər milyonçuların payının ən çox artacağı Avropa ölkələridir. Bu barədə İngiltərənin iqtisadi analitik mərkəzi olan Adam Smith İnstitutu tərəfindən edilən bir araşdırmada deyilir.
Millionaire Tracker adlı bu araşdırmada dünya üzrə ən böyük artımın isə Tayvanda (51%) olacağı göstərilir.
Bizsə qayıdaq xəbərin əvvəlinə - ən uğurlu Avropa ölkəsi Türkiyədir, burada nağd pul, səhmlər, daşınmaz əmlak və özəl pensiya fondları da daxil olmaqla bütün aktiv sinifləri üzrə 1 milyon dollar (915.000 avro) xalis sərvətə sahib olanların sayının 34% artacağı proqnozlaşdırılır.
Kim bunu inanardı ki?
Bəli, Türkiyə Avropa ölkələrini qabaqlayır!
Reytinqin tərtibində istifadə olunan UBS Global Wealth Report 2024 məlumatları çətin iqtisadi vəziyyət şəraitində Türkiyədə şəxsi rifahın əhəmiyyətli dərəcədə artmaqda olduğunu vurğulayır.
Bəlkə də, çoxunuz bunu böyük bir zümrənin hədsiz yoxsullaşması fonunda bir ovuc insanın hədsiz varlanması hesab edəcəksiniz, öz işinizdir.
"Türkiyə 2022-2023-cü illər arasında hər bir yetkin şəxsə düşən sərvətin 157% artması ilə dünyanı təəccübləndirdi və bütün digər ölkələri geridə qoydu. Qətər və Rusiya Türkiyəyə ən yaxın ölkələrdir, onlarda artım 20% - ə yaxındır, ardınca 16% - dən bir qədər çox olan Cənubi Afrika Respublikası və 14% ilə İsrail gəlir” - hesabatda belə deyilir.
CNBC telekanalına görə, ölkədə inflyasiyanın hazırda 72% olmasına baxmayaraq, Türkiyənin göstəriciləri artır. Yüksək inflyasiya ölkənin 85 milyonluq əhalisinin bir çoxu üçün fəlakətli oldu və onların alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə azaltdı. Bununla belə, daşınmaz əmlak kimi aktivlərə sahib olan türklərin sərvəti artır, çünki inflyasiya bu aktivlərin dəyərini sürətlə artırır.
Ukraynada davam edən müharibəyə və genişmiqyaslı iqtisadi sanksiyalara baxmayaraq, Rusiyanın milyonçuların sayına görə qitədə ikinci yeri tutacağı proqnozlaşdırılır - artım 23% olacaq.
İngiltərə və Hollandiya isə ən kasıb ölkələrdir, belə ki, İngiltərə və Hollandiya təhlil edilən 36 göstəricisinin ən aşağı olduğu iki ölkədir və hər ikisinin də milyonçularının sayının əhalisinə nisbətdə xeyli azalacağı proqnozlaşdırılır.
Araşdırmaya görə, İngiltərə 2028-ci ilə qədər milyonçularının 20%-ni, Hollandiya isə 5% -ni itirəcək.
Milyonçuların payının azalacağını proqnozlaşdıran başqa bir ölkə isə Səudiyyə Ərəbistanı olub, burada 3% azalma gözlənilir. Bizim həsədlə baxdığımız ərəblər, sən demə, heç də həsədlə baxılacaq deyilmişlər, belə ki, Birləşmiş Ərəb Əmirliyində də azalma gözlənilir.
Smith İnstitutunun mütəxəssisləri hesab edirlər ki, Böyük Britaniyada milyonçiların sayının proqnozlaşdırılan azalması yüksək vergilər, o cümlədən, dondurulmuş əmlak vergisi hədləridir.
“İqtisadi güc müvəffəqiyyətə zəmanət vermir” - Garfield Myrie’ni dinlədikcə buna əmin oldum.
Avropa nəhəngləri Almaniya və Fransada artımın müvafiq olaraq 15% və 14% olacağı proqnozlaşdırılır ki, bu da bu ölkələri reytinqin aşağı hissəsinə aparır.
Proqnozlara görə, 2028-ci ilə qədər dünyanın qlobal iqtisadi nəhəngləri ABŞ və Çin də təvazökar artım nümayiş etdirəcəklər. Adam Smit İnstitutunun analitikləri hesab edirlər ki, ABŞ - da milyonçuların payının artımı cəmi 12%, Çində isə dünyanın ikinci ən böyük iqtisadiyyatının olmasına rəğmən, bu rəqəm cəmi 8% təşkil edəcək.
Bəli, Euronews məni təəccübləndirdi. İnanıram ki, mən də sizi təəccübləndirdim.
“Ədəbiyyat və incəsənət”
(17.10.2024)