Super User
Kainatın ruhu… - 18 OKTYABRIN YAZISI
Əkbər QOŞALI, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Dövlət Müstəqilliyinin Bərpası Günüdür!
Gün kimi gün, bayram kimi bayramdır 18 Oktyabr!
Dörd il öncəyədək günümüz gün deyildi, bayramlarımız da bayram dadında, ovqatında keçmirdi. İndi təqvimə yeni günlər, bayramlar gəlib; dünən də Füzuli Şəhəri Günü idi! Vətən müharibəsinədək işğal günləri ilimizi, ömrümüzü işğal etmişdi və bayram günləri də, necə deyərlər, arada qalırdı. İndi bayram bayramla çiyin-çiyinədir: Şəhər Günləri də, Dövlət Müstəqilliyinin Bərpası Günü də bir-birini tamamlayır, bir-birini ifadə edir, bir-birini doğurur və Zəfər işıqlı məzmunlarla doldurur... Heç təsadüfi deyil ki, bir çox digər əlamətdar gün və bayramlarımızı yenidən ayarlayan Ümummilli liderimiz də, Prezident İlham Əliyev də, təqvimimizi məhz Xalq Cümhuriyyəti dönəminə aid ilklərə kökləyib. 1991-ci ildə baş verən prosesin əsl adı Müstəqilliyin Bərpasıdır. Zatən, Konstitusiya Aktı (Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, respublikamızın demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq), “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannaməni rəhbər tuturdu.
Bunlar öz yerində, öz üfüqündə, göyündə və Günəşində olsun; beləliklə,
hər şey öz yerini alıb, göy üzündən qara buludları dağıdınca və Azərbaycan özü Dünyaya Günəş kimi doğunca, bayram-bayrama qarışdı. Günlərin, bayramların paradı yaşandı – lap planetlər paradının cazibadarlığı, onların Yer üzünə bəxş etdiyi kosmik emosionallıq və kainatın estetikası kimi...
Bir də, axı, kainatın ruhu, ərşin-gürşün nizamı vardır, kosmik qanunanuyğunluqlar vardır, illa vardır. “Bir zərrənin işığına milyonlar şərik”kən, böyükdə kiçiyi, kiçikdə böyüyü barındıraraq, maddə-maddə, molekul-molekul, atom-atom... şəkillənmələr, modelləşmələr vardır. Ayrıca,
insanlığın ekologiyası, mədəniyyətin iqlimi təbii ekologiyaya, iqlimə (və qarşılıqlı) təsirə malikdir. Bayramlarımız bayram dadını itirdiyi zamanlarda, Qarabağ, Gündoğar Zəngəzur bərəkətdən düşmüş, bulaqlar qurumuş, çaylar sozalmış, quşlar perik düşmüşdür – biz belə yaraşdırırdıq. Müharibələr torpağın bərəkətini pozur, o torpaqlardan qovulan adamlar qədər mina basdıran zehniyyətsizlər qanmırdı ki, qan-qada ilə yurd olmaz. Ola bilmədilər də. İndi Müstəqilliyin Bərpası Günü Şəhər günləri ilə və əlbəttə, şəhərlərimizin, qəsəbə və kəndlərimizin bərpası ilə süslənir. Dövləti, şəhəri, qəsəbə, kəndi bərpa etmək olur, bəs çurklənmiş, sobsuz günahlara batmış ruhu bərpa etmək olurmu? Biz (yaşıl enerjimiz daxil) bərpaolunanlarımızı bərpa etmişik, edirik və edəcəyik; qoy, haylar öz çirkli, zədəli və bərpaolunmayacaq ruh hallarına baxa-baxa qalsınlar… Ha Fransa, ha Hindistan, ha bir başqa ölkədən kəramət (bu misalda, silah) gözləməklə iş aşmaz. - Özü-özünə edənə el yığılsa, neynər?.. Ermənistan adıüstündə “baştutmamış dövlət”dir, vəssalam! Katasdr-madastr, sənəd-filan - Ermənistan üçün bunların funksionallığı olmayacaq, olsa-olsa, muzey eksponatı ola bilər…
Qarabağa, Zəngəzura (hələlik Gündoğar bölümünə) insanlıq qayıdır, mədəniyyət qayıdır, bərəkət qayıdır. O torpaqlar öz ilkin və əbədi sakinləri ilə - o torpaqlarda yaşama, yardıb-qurma haqqı olanlarla gül-çiçək açır, yaşıllanır. Səttar Bəhlulzadənin 1963-cü ildə çəkdiyi “Torpağın arzusu” şah əsərinə baxmısınız, elə deyilmi?..
Torpağımızın da, suyumuzun, ağacımızın da, adamlarımızın da arzuları çin olsun!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
MÜSTƏQİLLİYİMİZİN BƏRPASI GÜNÜ QUTLU OLSUN!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: 18 oktyabr, 1991. Parlament. Müstəqillik aktının imzalanmasından sonra millət vəkilləri tarixi foto çəkdirirlər.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Azərbaycan Ədəbiyyat Fondu Sabunçu Gənclər Evində Yeniyetmə və gənclərin mütaliəyə cəlb edilməsi layihəsini təqdim edib
Oktyabrın 18-də Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun, Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı, Sabunçu Gənclər Evinin təşkilati dəstəyi ilə Sabunçu Gənclər Evində “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi”nin qalibi olan Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində 67, 89, 89, 90, 94, 107, 169, 309, 310 nömrəli tam orta məktəblərin,
68, 72, 74 nömrəli məktəb-liseylərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Təqdimat mərasimini Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov ev sahibi qismində açaraq qonaqları təqdim edib, tədbirə uğurlar arzulayıb.
Tədbirin moderatoru olan Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn layihәnin birinci mәrhәlәsindә hәdәf auditoriyası olan yeniyetmә vә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib.
İkinci mәrhәlәdә ölkә şәhәrlәrindә hәdәf auditoriyası ilә görüşlәr keçirilir, mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 125 nüsxə olmaqla onlara hәdiyyә edilir.
Daha sonra çıxış edən Xalq yazıçısı Elmira Axundova dinləyicilərə kitabların faydasından, tərbiyəvi rolundan, özünün Ümummilli lider Heydər Əliyevən bəhs edən “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” əsərinin yaranma tarixçəsindən danışıb.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elnarə Əliyeva-İskəndərova təmsil etdiyi qurumun, ümumən Gənclər və İdman Nazirliyinin mütaliə mədəniyyıtini prioritet saydığını dilə gətirib, görülən cari işlərdən bəhs edib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayon nümayəndəsi Elnarə Məmmədova mütaliənin insanın formalaşmasında mühüm rolundan danışıb.
Daha sonra qiraətçi, “Azərbaycan oxucuları” Kitab Klubunun rəhbəri Yasin Laçınlı “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabından mütaliənin insana gətirdiyi hərtərəfli faydalar barədə bilgilər verib.
Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.
Tədbir foto-sessiya ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Türkiyədə “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Azərbaycan milli xalçaları və geyimlərinin sərgisi açılıb
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən mədəniyyət günü çərçivəsində İstanbulun Atatürk Mədəniyyət Mərkəzində milli geyimlərimiz nümayiş olunub, milli xalçalarımızdan ibarət sərgi açılıb.
“Ədəbiyyat və incəsənət” portallna Mərkəzdən verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbul Böyükşəhər Bələdiyyə rəhbərinin müavini Oytun Əskəroğlu, Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal və digərləri Türkiyə ilə Azərbaycan arasındakı tarixi bağlar və ortaq mədəniyyətimiz barədə danışıblar.
Qeyd edilib ki, iki qardaş ölkənin ortaq dəyərləri və tarixi bağları bütün mürəkkəb dövrlərdə özünü ən gözəl şəkildə büruzə verib.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Elmi Fond şöbəsinin müdiri Gülzadə Abdulovanın Azərbaycanı bölgələr üzrə təmsil edən 9 qadın geyimi nümayiş olunub.
Tədbir əsnasında xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsusu, özündə Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – oğul Zəfəri” adlı dünyada analoqu olmayan ikiüzlü xalça sərgilənib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Azərbaycan Müstəqillyinin bərpası gününə həsr olunmuş “ Vətənim” adlı konsertin silinməz təəsüratları
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan istedadlar ölkəsidir. Biz mədəniyyətimiz və incəsənətimizlə hər zaman fəxr edəcək bir xalqıq. Mən növbəti dəfə çox gözəl bir konsertin şahidi oldum.
Düzdür, Azərbaycan Milli Konservatoriyası səhnəsində konsert proqramları tez-tez təşkil olunur, tamaşaçı sevgisi qazanır. Hər dəfə biz bunu görürük, bu gün isə çox fərqli idi. Azərbaycan Müstəqillik gününə həsr edilən bu konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Professor, Xalq artisti Siyavuş Kərimi və Əməkdar artist Ramil Qasımov iştirak edirdilər. Bu konsert üçün repertuarı elə böyük incəliklə seçmişdilər ki, sanki Azərbaycan Respublikasının çətin, keşməkeşli, qürurlu, fəxrli ömür yolu vərəqlənirdi. Konsertin fəxri qonağı isə Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu idi.
Polad Bülbüloğlu gəncliyimdə ən çox dinlədiyim sənətkar olub. Ramil Qasimov Polad Bülbüloğlu repertuarından da ifalar etdi. Tamaşaçılar çox böyük sevinclə konserti izlədi .
Bütün bu mənzərə gözəl, xoş oldu.
Mənimsə fikrim rektor, Xalq atrtisti Siyavuş Kərimidə idi. Onun fortepianoya həzin toxunuşlarından musiqini bütün ruhuyla hiss etməyimdən danışmayacam, yox. Bu barədə yəqin çox yazıb, çox danışıblar. Mən bu insana uzaqdan baxıb öz özümə düşünürdüm: Sənətkarı göz üstündə tutmaq lazımdır, onları sevmək azdır, onları qorumaq və üstlərində əsmək lazımdır. Çünki öz yaradıcılığına ayıracağı vaxtı bütöv bir tədris müəssisəsini idarə etməyə ayıran, Azərbaycan Musiqisi üçün canını fəda edən insandı Siyavuş Kərimi.
Konsertdə ifa olunan musiqi əsərləri içində ürəyimə yol tapıb gözümdən yaş kimi süzülən "Ey xəyal" musiqi əsərini xüsusi vurğulamaq istəyirəm. Musiqisi Oktay Kazimiyə, sözləri Fikrət Qocaya aid olan, bir vaxtlar Rəşid Behbutovun ifası olan "Ey xəyal" mahnısı olduqca gözəl müşayiətlə ifa olundu. Konsert çox gözəl və uğurlu alınmışdı. Mənə elə gəlir ki, bütün mötəbər qonaqlardan tutmuş, təcrübəyə gələn tələbələrə qədər hər kəs böyük sevinclə ordan ayrıldı. Hətta deyərdim ki, ayrılmaq istəmirdilər.
Konsertdə Siyavuş Kərinminin yeni musiqi əsəri də ifa olundu. Xalq artisti Siyavuş Kərimiyə, Əməkdar artist Ramil Qasımova yaradıcılıq uğurları, necə gözəl birgə əsərlər arzu edirəm.
Xalq artisti Siyavuş Kəriminın həyatından keçən böyük şəxsiyyətlər olub - Ulu öndər Heydər Əliyev, gözəl sənətkarımız Xalq artisti Rəşid Behbudov, Azərbaycan Musiqisində iz qoyan xalq artisti Rafiq Babayev və s. Bəli, bu şəxsiyyətlərlə ünsiyyət abu havasını qoruyan gözəl sənətkarımızdan daha bir çox həzin, ürəyə yol tapacaq musiqi əsərlərini gözləyirik.
Azərbaycan Milli Konservatoriyası bütün xalqımızın bayramını bu möhtəşəm konsertlə təbrik edir.
Müstəqillik günün mübarək, gözəl məmləkətim!
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Alpamış Batır” türk xalqlarının iftixar rəmzidir - Almatıda elmi-nəzəri konfrans keçirilib
Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Respublikasının YUNESKO üzrə Milli komissiyası və İSESKO, Qazaxıstan Respublikasının Milli Komitəsi , Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutu ilə birlikdə “Dünya sivilizasiyasında türk xalqlarının ruhani irsi: “Alpamış Batır” dastanı” adlı elmi-nəzəri konfrans keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, konfransın açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın Türk mədəniyyətinin və irsinin beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işlərdən bəhs edib. O qeyd edib ki, Fondun həyata keçirdiyi bərpa və muzeyləşdirmə, elmi və təhsil, yaradıcılıq fəaliyyətindən bəhs edən layihələri türk mədəniyyətinin təbliğində və yayılmasında böyük, əhəmiyyətli rol oynayır.
Bu mənada Türk Mədəniyyəti və İrsi Fondu Milli İrsin Qorunması Konvensiyasının tələblərinə uyğun olaraq dünyada yayılmış Türk mədəniyyətinin qorunması üçün “TurkHeritage” rəqəmsal platforması üzərində çoxdilli “TurkDiscovery” proqramının həyata keçirilməsinə nail olubdur.
Bu proqramda ümumi türk mədəniyyətinin əsasları sənədli filimlər seriyasında translasiya olunur.
Aktotı Raimkulova Fondun himayəsi altında çap olunan “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyası ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” adlı kitab seriyalarından da bəhs edib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi Fond Türk dünyasını müxtəlif və rəngarəng sahələrdə çalışan sənətkarları ilə qaraşılıqlı əməkdaşlıq edir. Eyni zamanda Türk dövlətlərində türk irsini və mədəniyyətini öyrəənən, təbliğ edən müxtəlif mərkəzlərlə də sıx əlaqədədirlər.
Aktotı Raimkulova daha sonra qeyd edib ki, Türk irsinin və mədəniyyətinin yayılması və təbliğini həyata keçirən Fond türk xalqlarının dəyərlərini özündə saxlayan ədəbi nümunələrinin qorunması üçün də layihələr həyata keçirir. Bu mənada “Alpamış Batır” dastanı da türk xalqlarının qəhrəmanlıq dastanıdır. Bu əsər də türk xalqlarının
ədəbi nailiyyıtinə çevrilmiş əbədi abidədir. O, qədim dövrlərin adət-ənənələrini, biliyini, dünyagörüşünü, gerçəkliyini aydın təsvir edir. “Alpamış Batır” dastanı türk xalqlarına birlik və mənəviyyat aşılamaqla milli iftixar rəmzinə çevrilib. Dünya xalqlarının da bu əsərlə tanış olması üçün Türk Mədəniyyəti və İrsi Fondu “Alpamış Batır” dastanını qazax, rus və ingilis dillərində çap edib. Ümid edirəm ki, Ümumi türk mənəviyyatının və mədəniyyətinin incilərini özündə əks etdirən dastan geniş beynəlxalq aləmdə də yayılacaq.
“Dünya sivilizasiyasında türk xalqlarının ruhani irsi: “Alpamış Batır” dastanı adlı elmi-nəzəri konfransında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və Rusiya federasiyasının Ufa, Kazan, Novosibirsk şəhərlərindən gələn tanınmış alimlər elmi məruzə ilə çıxış ediblər.
Həmçinin, konfrans çərçivəsində “Alpamış Batır” dastanının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün beynəlxalq ekspertlər tərəfindən namizədliyinin irəli sürülməsi ilə bağlı müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Bu gün Dövlət Müstəqilliyinin bərpası günüdür
Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar elektron məlumat bazası, virtual və ənənəvi kitab sərgisi hazırlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portallna kitabxanadan məlumat verilib.
“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı elektron bazada bu günün təsis edilməsinə dair qəbul edilən rəsmi sənədlər, görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, “Müstəqilliyin bərpası və qorunub saxlanılması”, “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi tam mətnlər yer alır. Elektron bazada Azərbaycan Respublikasının dövlət simvolları haqqında məlumat verilir, bu mövzuları əhatə edən kitabların, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ölkə başçısına ünvanlanan təbrik və paylaşımlar, dövlət günü ilə əlaqədar təşkil edilən tədbir və konsert proqramlarının siyahısı da yer alır. Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/melumat-bazalari/Musteqilliyin_Berpasi_Gunu_el_melumat_bazasi/index.html elektron bazada “Müstəqilliyimiz əbədidir”, “İnkişaf məqsədimizdir”, “Foto və video qalereya”, “Virtual sərgi” kimi bölmələr də sərgilənir.
Elektron bazanın birinci səhifəsində yer alan virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, müstəqillik, onun mahiyyəti, insan həyatında daşıdığı müstəsna əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr yer alır. Materiallarda müdrik rəhbər, uzaqgörən siyasi lider, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqilliyini qoruyub saxlayan, günü-gündən daha da güclənən, beynəlxalq siyasi arenada müstəsna nüfuza malik olan Azərbaycan dövlətinin Şanlı qələbəsini, Zəfər tarixini əks etdirən video görüntülər təqdim edilir. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan virtual kitab sərgisində “Heydər Əliyev. Azərbaycan Parlamenti”, “İlham Əliyev. İnkişaf - məqsədimizdir”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev - İlham Əliyev. Azərbaycançılığın Zəfər yolu”, “Müstəqillik yollarında: liderlik missiyası”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri nümayiş olunur.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/musteqilliyin-berpasi-gunu yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Xalq yazıçısı Kamal Abdullanın Rafiq Əliyevlə birgə yeni kitabı çap olundu
Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitabı çapdan çıxıb.
“Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir.
Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir.
Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.
Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik elmi, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar üçün zəmin yaradır.
“Qeyri-səlis məntiq və nitq-dil” kitabı aktual məzmunu, novatorluğu ilə yanaşı, unikal tərtibatı ilə də diqqət çəkir. Nəşrin ilk fəsillərində L.Zadənin məşhur nəzəriyyəsinin yaranma tarixi, bu nəzəriyyənin digər elm və istehsalat sahələrinə uğurlu tətbiqindən söz açılır. Həmçinin qeyri-səlis məntiqin fasetləri ilə bağlı deyilənlər, onların ayrı-ayrılıqda araşdırılması, müxtəlif elm və həyat sahələrinə tətbiqi ümumiləşdirilmiş şəkildə təqdim edilir. Eyni zamanda, dil və nitqin nəzəri dilçilikdə qəbul edilmiş fərqindən, bu fərqi ortaya qoyan dilçi alimlərdən, dil-nitqin “nitq fəaliyyəti” çərçivəsindəki birgəliyindən söz açılır.
Sonrakı fəsillərdə fonoloji, morfoloji, leksik qatlarda, cümlə və mikromətnlərdə qeyri-səlislik məsələləri araşdırılır. Dilçilik elmi və süni intellekt məsələləri araşdırılan fəsildə isə süni intellektin tərkib hissəsi kimi özünü göstərən təbii dilin emalı və xüsusilə, “sentiment” təhlil əsasında dilçilik üçün perspektivli istiqamətlərə işarə edilir. “Bədii dil və qeyri-səlis məntiq” fəslində informasiya kanalında özünü göstərən “küylər”lə bədii süsləmələr arasında paralellik nəzərdən keçirilir, bədii informasiyanın ötürülməsindən söz açılır.
Kitabın “Nəticə” hissəsində hər fəsildən doğan ümumi yekun müddəalar yer alır. “Əlavələr” bölməsində oxuculara qeyri-səlis məntiqin dörd əsas faseti haqqında geniş məlumat verilir. Kitab ingilis dilində yığcam “Rezyume” ilə tamamlanır.
Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı təkcə elmi dairələr üçün deyil, eyni zamanda, geniş oxucu auditoriyasına dərin fəlsəfi və intellektual təcrübə təqdim edir. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini bir daha ön plana çıxarır. Oxucuları düşüncələrarası səyahətə dəvət edən bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır, Azərbaycan elminə mühüm töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Bağışladım...” - UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Baba Vəziroğludandlr.
Olan oldu, keçdi deyib, səni yenə bagışladım, - deyir şair.
Xoş mütaliələr!
Bağışladım...
Olan oldu, keçdi deyib,
Səni yenə bagışladım.
Sevdim səni bircə kərə,
Dönə-dönə bağışladım...
Bağışladım səni yenə,
Bağışladım dönə-dönə.
Tanrı səni verən günə,
Sevən günə bağışladım...
Səninlə bir keçdiyimiz,
Dilləndi hər cığır, hər iz.
Bir yerdə and içdiyimiz,
Aya-günə bağışladım...
Doğma, əziz bir küçəyə,
Sənsiz ötən hər gecəyə.
Boynubükük bir çiçəyə,
Solan gülə bağışladım...
Bu dünyada onu bil ki,
Sən eşqimin sonu, ilki.
Səndən başqa kimim var ki?!
Səni sənə bağışladım...
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“BİR ŞEİRİN HEKAYƏTİ” Təranə Turan ilə
Təqdim edir: Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Bir şeirin hekayəti" rubrikasının qonağı şair və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Təranə Turan Rəhimlidir.
-Xoş gördük, əziz Təranə xanım.
"Rəsm səssiz şeirdir, şeir isə danışan rəsmdir. (Plutarx)
Dəyərli Təranə xanım, rubrikamızın şərtinə görə yaradıcılığınızdan bir şeirin hekayətini oxucularınıza söyləməyinizi xahiş edəcəyəm, bizə danışan o rəsmi anladın. Seçdiyiniz şeir Sizdə hansı təəssüratları oyatmışdı? Həmin anlara qayıdaq, o anları xatırlayaq.
Buyurun, əziz şairimiz bizə
"Bir şeirin hekayəti"- ni söyləyin.
-Xoş gördük!
2015-ci il idi. Uzun zamandan sonra uşaqlıq illərimin keçdiyi, 27 il öncə satılan evimizin qarşısında dayanmışdım. Bütün gözəl xatirələrimin ünvanı, divarları arasında körpəliyimin məsum ətrini, uşaqlığımın şıltaq duyğularının coşqusunu, ilk gəncliyimin qanadlı arzularının həyəcanını qoruyub saxlayan ev...
Bu bağlı qapı arxasında bütöv bir dünya vardı, bunu kimsə bilmirdi. İkimərtəbə evin eyvanı hündür daş hasar arxasında gizlənmişdi, amma xəyalımdakı ətirşah çiçəklərini sanki yenə orada hiss edirdim, ətrini dalğa-dalğa ciyərlərimə çəkirdim. Necə çətin idi o qapının arxasında qoyub getdiklərimi düşünə-düşünə o qapının önündə dayanmaq...
Elə bilirdim ki, nənəm o nazlı yerişiylə yenə də bağçada gəzişir, nəvələrini başına toplayıb ən çox sevdiyimiz məşhur yeddi nağılı və nağıldan da maraqla dinlədiyimiz əzəmətli keçmişindən, mənsub olduğu bəy ailəsinin dəbdəbəli həyatından danışır. Nənəmin ipək səsi bizi ötən əsrin əvvəllərinə, Qarabağın adlı-sanlı bəylərindən olan Dadaş bəyin sürgününə qədərki illərə aparır. Xəyalımda otaq-otaq gəzdiyim o malikanədəki hər əşyanı, hər hadisəni ən xırda detalına qədər bilsəm də, yenə nənəmə suallar yağdırıram.
O qapının arxasından babamın nənəmə zəhmli, nəvələrinə mülayim gələn doğma səsini eşidirəm sanki. Babam məxmər gızılgülü dərib:
" ən gözəl gül budur, bunun ətrinə bax" deyib mənə uzadır. Mən isə ərköyüncə: "baba, yenə saplağını qısa dərmisən, güldana qoya bilməyəcəyəm" deyə gileylənirəm.
Sanki yenə atam tut ağacının altındakı taxtda mütəkkəyə dirsəklənib daim fikirli gözlərini uzaqlara zilləyib siqaret çəkir. Tüstü arxasından tutqun baxışlarının nə dediyini anlayıram. Anam yenə pilləkəndə dayanıb mənə aldığı təzə kitab üçün sevinclə ona sarılmağımı gözləyir. Kəhər at, novruz tonqalı, yasəmən ağacı, yay-qış çörəyin, fətrin ətri ilə qonşuları həyətə gətirən təndir, tut ağacının başında, haça budağın arasındakı evcik, həyətin ortasındakı, bacı-qardaş ətrafında dövrə vurub qaçdığımız böyük hovuz, əncir ağacının altında, üstünə qaya daşı qoyulduğundan içini heç vaxt görmədiyimiz quyu, meyvə bağındakı mütaliə guşəm... və daha nələr... bütün bunlar o qapının arxasında idi.
O qapıdan içəri addım atsam, nə baş verəcəkdi?! Oradakı dünyam qoyub getdiyim kimi qalmışdımı? Babam, nənəm, atam rəhmətə getmişdi, orada onlar yoxdu. Evimiz, həyətimiz necə, olduğu kimi qalmışdımı? Bəs nənəmin dibçəkdəki çiçəkləri? Bu düşüncələrlə bir xeyli darvazanın üstündəki "22' rəqəminə baxdım, baxdım...
Bir qadın səsi sanki məni yuxudan ayıltdı: "Qızım, evdədirlər, qapını döy". Qorxdum. O qapını döyməyə, mehriban qarşılanıb içəri dəvət edilməyə, orada hər şeyin özgələşdiyini, ya da yox olduğunu görməyə ürəyim gəlmədi. O sirli aləmi, uşaqlıq, ilk gənclik xatirələrimi yaralamamaq üçün, yaddaşımda öncəki əzəmətiylə canlı qalan o məsum dünyanı dağıtmamaq üçün oradan uzaqlaşdım. Və "Özgə qapı önündə" adlı şeirim yarandı.
ÖZGƏ QAPI ÖNÜNDƏ
Bu qapının dalında uşaqlığım dayanıb,
Bu qapıdan o yanda daha duymazlar məni.
Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam,
Bu qapıdan girməyə indi qoymazlar məni.
Orda qalıb nənəmin xanım-xatun yerişi,
Qanovuz ətəklərin xışıltısı ordadı.
O bağçada babamın əkdiyi ağacların
Dəyməmiş alçası da şəkər dadır, bal dadır.
Məxmər ləçəklərini yerə sərib qızılgül,
Hənirimdən tanıyıb ağac, budaq, bağ məni.
Bu həyətə girməsəm ətrini qoxladığım
Qızılgül kollarının haqqı tutacaq məni.
Bu qapının dalında qanadlı arzularım,
Şaxta, boran görməyən isti, qaynar bir həyat.
Havası xoş, suyu saf, orda hamı mələk tək,
Bu qapının dalında cənnət kimi bir həyət.
Bu həyətdə saz səsi, kəhər at kişnərtisi,
Novruz tonqalı boyda uşaq fərəhi qalıb.
İkimərtəbə evin aynabənd eyvanında
Ətirşah çiçəkləri sanki xəyala dalıb.
Onda qonum-qonşu da ev adamı kimiydi,
Bu qapı səhər-axşam açıq idi hamıya.
İyirmi ildən çox ötüb, özgə qapı önündə
Keçmişə qapı açan adamı kim tanıyar?!
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əmir Əhəryarın adsız şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Əmin Əhəryardır.
Əmin Əhəryar
Təbriz
Şəhəri bürüyən ağ lələklər kimi
Xiyabanda sərilmiş ayaqları dadmaq,
Ağrı dağına çıxmaq kimi ağırdır.
Əlləri qabardan, çatlayan yanaqsızları
Bağrına almaq şəhərin borcudur...
Heç görübsünüz iki ulduzu bir gecədə
Saymaq ola?!
Yuxuya gedir...
Düşüncəsi başdan düşən dəniz dalğaları.
Göylüm bir budaq alma ağacından asılı qalmış
Bərk-bərk yapışmış əllərini
Və mahnıları yenidən qoş...
Qarğalar xiyabanda hücum edənədək
Addımlarını bir, ikiyə qat
İkili gecələri yalqızcasına
Keçməkdə dad var
Son şamı yemək
Dad vericidir Davinçinin barmaqlarında...
Təklik saraylarına girir pozğuncasına
Gözləri, mavi dənizi boğan qız.
Şəhəri diskindirəcək
Sıtqa-sıtqa göz yaşları...
Məni boş ver...
Ağ lələkləri zincirlə...
Hörüklə Təbrizin saçlarını...
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)