Super User
Tarixi romanlar ustadı Yunus Oğuzla ana vətəni Şirvanda görüş keçirilib
İyunun 22-də Şirvan şəhər Mərkəzi Kitabxanaaının təşkilatçılığı ilə Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistikasının inkişafındakı xidmətləriinə görə "Tərəqqi" medalına layiq görülmüş, Əməkdar Mədəniyyət işçisi, tarixi romanlar müəllifi, yazıçı, publisist Yunus Oğuzla görüş keçirilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Tədbir Mərkəzi Kitabxananın əməkdaşları- Aysel İsmayılova və Gülnar Muradova tərəfindən hazırlanmış "Yunus Oğuzun həyatı" adlı video çarxla başlamışdır.
Görüşdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları- Alma Cəfərova, İlhamə İmanova "Yunus Oğuzun yaradıcılığı", Kəmalə Quliyeva müəllifin yeni çapdan çıxan "Cığır" kitabı haqqında çıxış edərək qeyd etmişlər ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ustadlarından olan Yunus Oğuz Azərbaycan tarixinin təbliği və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır. Onun "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur- zirvəyə doğru", "Əmir Teymur- dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Səfəvi Şeyxi" tarixi romanları var. Yunus Oğuz yalnız tarixi romanlar müəllifi kimi deyil, həm də esse və felyetonları ilə də oxuculara yaxşı tanışdır. Tədbirdə yazıçının bacısı Mətanət Zərbəliyeva, sinif yoldaşı Dilbər Abdullayeva onun haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər ərazi partiya təşkilatının sədri Zahir Qəhrəmanov, alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Şəhla Məcidova, 18 nömrəli məktəb liseyin direktoru İsmayıl Usubov, şəhər ziyalısı Rasim Xəlilov Yunus Oğuzun yazdığı tarixi romanların əhəmiyyətindən söhbət açmışlar. Tarixi romanlar əsasında filmlər çəkilməsini təklif etmişlər. Yunus Oğuz çıxış edərək, Mərkəzi Kitabxananın rəhbərliyinə və kollektivinə onunla görüş təşkil etdiklərinə görə öz təşəkkürünü bildirərək qeyd etmişdir ki, ilk dəfədir, kitabxana tərəfindən onunla görüş təşkil olunur.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev Yunus Oğuza kitabxananın "Fəxri oxucusu" fəxri fərmanı və hədiyyə təqdim etmişdir. Sonda yazıçı öz kitablarını oxuculara hədiyyə etmişdir. Tədbirdə "Yunus Oğuz tarixi romanlar müəllifi " adlı sərgiyə baxış da keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.
Türk dünyası Kitab və Ədəbiyyat festivalı iştirakçıları mükafatlandırılıblar
Ötən gün Azərbaycan Yazıçılar Birliyində I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının iştirakçıları və festivalın təşkilində əməyi keçən şəxslər mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə ki, bir sıra yazıçı-publisist, media nümayəndələri, tələbələr və ASAN Xidmət könüllüləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb. Tədbir xalq yazıçısı Anarın çıxışı ilə başlayıb. O iştirakçılara festival müddətində göstərdikləri xidmətə görə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri və I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının təşkilatçısı Xəyal Rzaya "Bəxtiyar Vahabzadə" mükafatını təqdim edib. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid, tənqidçi İntiqam Qasımzadə və Nizami Tağısoy Türksoy tərəfindən "Molla Pənah Vaqif" medalı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazıçı-publisist Yunus Oğuz "Çingiz Aytmatov" medalı, gənc şair Ramil Əhməd "Aşıq Veysəl" medalı ilə təltif olunub. Daha sonra tələbələr I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalında iştiraka görə sertifikatlarla mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkilib və tələbələrə Anarın kitabları hədiyyə edilib.
Unudulmaz sevgi şeirləri - “Bilirəm ki, yorulmuşam...”
Bilirəm ki, yorulmuşam...
Ömür qısa,
Yol uzun.
Nə olsun ki,
Bu gecə də parlamadı ulduzum.
Qəribsəmə,
Çək içinə
tənhalığın ətrini,
Sən sabahın qədrini bil,
Mən dünənin qədrini...
Bu son tələ
Bir az gendən
Gülüb keçsə, gələrəm.
Ömür keçdi
Gələmmədim
Ölüm keçsə,
Gələrəm...
Elçin Mirzəbəyli
Dünyanın ən yaxşı aeroportları reytinqinə Qətər aeroportu başçılıq edir
Bütün dünya üzrə aviadaşıyıcılar və aeroportlar tərəfindən təqdim edilən xidmətlərin keyfiyyəti sahəsində tədqiqatlarla məşğul olan məşhur “SkyTrax” statistika şirkəti (Böyük Britaniya) dünyanın ən yaxşı aeroportlarının siyahısını təqdim edib.
Siyahıda birinci yeri Qətərin Doha şəhərindəki Hamad beynəlxalq aeroportu tutur. “Qatar Airways” aviadaşıyıcısı üçün baza kimi xidmət edən Hamad aeroportu ikinci ildir ki, reytinq siyahısında birinci yerdədir. Hamad aeroportu öz mağazaları və terminallar arasında hərəkət edən rahat qatarı ilə məşhurdur.
Xatırladaq ki, əvvəlki 8 il ərzində reytinq siyahısında birinci yeri Sinqapurun Çanqi limanı tuturdu. İndi Çanqi üçüncü yerdədir. Ekspertlər bu dəfə həmin aeroportun personalını dünyada və Asiyada ən yaxşı personal, oradakı restoranı ən yaxşı restoran, habelə 2-5 milyon sərnişinə xidmət edən ən rahat aeroport kimi qeyd ediblər. Çanqi hava limanı “Singapore Airlines”, “Jetstar Asia Airways”, “Scoot” və “SilkAir” aviadaşıyıcıları üçün hab rolu oynayır.
Siyahıda ikinci yeri Tokionun (Yaponiya) “Dünyada ən təmiz aeroport” və “Asiyada ən yaxşı aeroport” nominasiyalarında qalib gəlmiş Haneda aeroportu tutur.
Liderlərin ilk beşliyini 5-10 milyon sərnişinə xidmət edən ən yaxşı aeroport hesab edilmiş Narita beynəlxalq aeroportu (Yaponiya) və Cənubi Koreyadakı İnçxon beynəlxalq aeroportu qapayır. “Korean Air” üçün baza məntəqəsi rolu oynayan bu aeroport “Thai Airways”, “China Eastern Airlines” və “China Southern Airlines” aviaşirkətlərinin təyyarələrini qəbul edir.
Reytinqdə ikinci beşlik Parisdəki (Fransa) Şarl de Qoll adına aeroportla başlanır. Bu aeroport son bir il ərzində 9 pillə irəliləyərək 15-ci yerdən 6-cı yerə çıxıb. Dünyada ən gərgin işləyən limanlardan biri sayılan bu hava limanı Fransanın “Air France” milli daşıyıcısı üçün habdır.
Yeddinci yeri Almaniyanın Münhen hava limanı tutur. 2021-ci ildən sonra bu liman bir mövqe geriləyib. Mərkəzi Avropada ən yaxşı hava limanı ekspertlərin fikrincə, ən yaxşı otelə malikdir. “Lufthansa” hava xətləri şirkətinin təyyarələri burada saxlanır.
Son bir ildə 9 pillə irəliləmiş İstanbulun yeni aeroportu hazırda 8-ci yeri tutur. Bu il həmin aeroportun layiq görüldüyü mükafatlar arasında “Ən yaxşı ailə aeroportu”, “Ən yaxşı mağaza”, “Cənubi Avropada ən yaxşı hava limanı” və “30-40 milyon sərnişin üçün ən yaxşı aeroport” nominasiyalarını qeyd etmək lazımdır. Liman hələ də genişlənməkdə davam edir. Gözlənildiyinə görə, 2025-ci ildə bu liman sərnişin axınının həcminə görə dünyada ən iri hava limanı olacaq və ildə 200 milyona qədər sərnişinə xidmət edəcək.
Reytinqdə daha bir Avropa hava limanı Sürix (İsveçrə) aeroportudur. Bu liman son bir ildə iki pillə geriləyərək 9-cu yeri tutur. Avropada ən təmiz aeroport hesab edilmiş bu liman “Edelweiss Air” və “Swiss” üçün hab funksiyasını yerinə yetirir.
Siyahıda birinci onluğu daha bir yapon aeroportu – Osaka şəhərində yerləşən Kansay regional hava limanı qapayır.
Beynəlxalq Muğam Mərkəzində “Bayatı Şiraz” muğamı təqdim olunub
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin iyun konsertində “Bayatı Şiraz” muğamı təqdim olunub.
AzərTAC xəbər verir ki, proqramda BMM-nin solistləri Rəvanə Qurbanova, Səbinə Ərəbli və Günay İmamverdiyeva çıxış ediblər. Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Təranə Əliyeva, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev, udda Vasif Yusifli və ikinci tarda Ruslan Muradov müşayiət ediblər.
2017-ci ildən həyata keçirilən layihənin işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri “Mədəniyyət” televiziyası vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim olunur.
Layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.
Gəncədə “Şuşa biz gəldik” adlı konsert proqramı təqdim olunub
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şuşa İli"nə həsr olunmuş "Şuşa biz gəldik" adlı konserti keçirilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə reallaşan tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin övladları, Gəncə SOS uşaq kəndinin və Gəncə Uşaq Evinin sakinləri iştirak ediblər.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının musiqiləri, müxtəlif rəqsləri ifa olunub.
İsveçrədə türk mədəniyyəti festivalı keçirilib
İsveçrənin Sürix şəhərində bu il ikinci dəfə türk mədəniyyəti festivalı təşkil edilib. Festival ölkədə yaşayan türklərin də böyük marağına səbəb olub.
20 min insanın iştirak etdiyi festivalda türk mədəniyyətinə aid ebru və şüşə sənəti ilə ənənəvi türk yeməklərini tanıtmaq üçün stendlər açılıb.
Festival iştirakçılar arasında keçirilən hədiyyə lotereyası ilə sona çatıb.
Xatırladaq ki, İsveçrə Türk Diyanət Vəqfi tərəfindən təşkil edilən ilk festival 2018-ci ildə keçirilib. Koronavirus pandemiyası səbəbindən ikinci festival isə 3 il müddətinə təxirə salınmışdı.
Mədəniyyət Nazirliyinin Regional İdarələrində çalışan dövlət qulluqçuları üçün təlimlər keçirilib
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Mədəniyyət Nazirliyinin Regional İdarələrində çalışan dövlət qulluqçuları üçün “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə” mövzularında təlimlər keçirilib.
Portalımız nazirliyə istinadın xəbər verir ki, təlimçi qismində Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.
Təlimdə ümumilikdə 92 nəfər iştirak edib.
Təlim iştirakçılarına etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi və s. məsələlər haqqında məlumatlar verilib.
UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəranla bağlı təbliğat aparılır
Məlum olduğu kimi UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə Azərbaycandan 3 şəhər Lənkəran şəhəri (2021, “qastronomiya” tematikası üzrə) Şəki şəhəri (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı şəhəri (2019, “dizayn” tematikası üzrə) daxil edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan şəhərlərin beynəlxalq təqdimatı və təbliği, yerli şəhər yaradıcılığı və kreativliyinin inkişafı istiqamətində Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası birlikdə sosial şəbəkə hesabları üzərindən təbliğat maarifləndirmə işlərinə start verib.
Beləliklə, Mədəniyyət Nazirliyi və tərəfdaşları həmin postların və məlumatların milli və beynəlxalq səviyyədə populyarlaşması üçün geniş ictimaiyyəti qeyd olunan səhifələri izləməyə dəvət edir. Bununla yanaşı, adıçəkilən yaradıcı şəhərlərlə bağlı izləyicilər tərəfindən hər hansı maraqlı məzmunun paylaşılması istəyi olacağı təqdirdə həmin məlumatları This email address is being protected from spambots. You need JavaScript enabled to view it. və This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtlarına göndərilməsi xahiş olunur.
Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan 3 şəhərin “Facebook” və “instagram” sosial şəbəkələrindəki səhifələri təqdim olunur:
https://www.instagram.com/shekicityofcraft/
https://www.facebook.com/shekicityofcraft/
https://www.instagram.com/bakucityofdesign/
https://www.facebook.com/bakucityofdesign/
https://www.instagram.com/lankarancityofgastronomy/
https://www.facebook.com/lankarancityofgastronomy/
Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
İrana səfəri çərçivəsində həmçinin, İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən İran Kino və Audiovizual işləri təşkilatının rəhbərliyi ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir A.Kərimov ölkəmizdə kino sahəsinin inkişafının Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, Azərbaycanda yeni yaradılmış Kino Agentliyinə dair məlumat verib. İranın kino sahəsində geniş təcrübəyə malik olduğu, bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağı qeyd olunub. Bu kontekstdə, müştərək kino festivallarının, qarşılıqlı kino həftələrinin təşkilinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb. Həmçinin, kino sahəsində mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub. A.Kərimov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sənədli filmlərin çəkilməsinin əhəmiyyətinə İran tərəfinin diqqətini çəkib. Görüşdə eyni zamanda, birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub. Sonda, kino muzeyi ilə tanışlıq baş tutub.
**
Anar Kərimov həmçinin İranın Milli Kitabxana və Arxiv idarəsinin rəhbəri Əlirza Muxtarpurla görüşüb. Görüşdə Azərbaycanla İran arasında kitabxana və arxiv sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir İranın zəngin arxivlərində Azərbaycana, xüsusilə də ölkəmizin Qarabağ bölgəsinə dair əlyazmaların saxlanıldığına istinad edərək, bu sahədə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib. Eyni zamanda Ermənistan ərazisində mövcud olmuş xalqımıza məxsus zəngin mədəni irsimizə, dini abidələrimizə aid İran arxivlərində mövcud sənədlərlə tanışlıq, onların araşdırılması istiqamətində birgə fəaliyyət aparılmasının önəmi qeyd olunub. Ə.Muxtarpur öz növbəsində rəhbərlik etdiyi qurumla ölkəmizin müvafiq qurumları arasında kitabxana və arxiv sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib. Bu kontekstdə, İran kitabxana və arxivlərində saxlanılan sənədlərlə tanışlıq və birgə araşdırmaların aparılması üçün işçi qrupun yaradılmasının məqsədəuyğunluğuna da diqqət çəkilib.
Görüşdən sonra kitabxanada qorunub saxlanılan Nizami Gəncəvinin yaradıcılığına aid qədim əlyazma və digər arxiv sənədləri ilə tanışlıq baş tutub.