Super User
III “Azerbaijan Design Award” müsabiqəsinin qalibləri mükafatlandırıldı
İyunun 22-də Bakı Konqres Mərkəzində yerli və beynəlxalq dizaynerlərin III “Azerbaijan Design Award” (“Azərbaycan dizayn mükafatı”) müsabiqəsinin yekun tədbiri keçirildi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dizaynerlər Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdən əvvəl qonaqlar müxtəlif dizayn təşkilatlarından və nominasiya üzrə təqdim edilən işlərdən ibarət sərgi ilə tanış oldular.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dedi ki, xalq olaraq biz bu coğrafiyada və tarixdə həmişə dizayn işi ilə məşğul olmuşuq: “Bizdən qabaq bu torpaqlarda yaşayan əcdadlarımız həmişə dövlət, bayraq, fikir, fəlsəfə dizaynı veriblər. Bu, zamanla bizim mədəniyyətimizin bir hissəsinə çevrilib. Tariximizin yeni səhifəsində bizim və bizdən sonrakı nəsillərin üzərinə böyük məsuliyyət düşür. Bu gün burada rahat şəkildə belə tədbirləri keçirməyimiz, ilk növbədə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şücaət göstərən Ordumuzun, əsgərlərimizin səylərinin nəticəsidir. Biz bu Qələbə əzmi ilə işğaldan azad edilən torpaqlarla bu coğrafiyanın dizaynında böyük bir dəyişikliklər etdik. Bu Qələbəni və əzmi qorumaq və mədəni irsimizə sahib çıxmaq üçün hər birimiz öz sahəmizdə peşəkar olmalıyıq”.
Elnur Əliyev qeyd etdi ki, Mədəniyyət Nazirliyinin əsas məqsədlərindən biri də yaradıcı sənayeyə dəstək göstərməklə bu sahənin inkişafı ilə iqtisadiyyatımıza töhfə vermək və həmçinin yaradıcı insanlarımızın dünyaya çıxışını təmin etməkdir. Tədbirin önəmindən danışan nazirin birinci müavini belə görüşlərin yeni istedadların və kreativ düşüncə sahiblərinin üzə çıxarılmasında yardımçı olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, bu il Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı Mədəniyyət Nazirliyinin təklifi əsasında dizayn müsabiqəsinin kateqoriyaları sırasına Şuşa mövzusu da əlavə olunub.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası (AYSF) İdarə heyətinin sədri Vasif Eyvazzadə federasiyanın fəaliyyəti haqqında geniş məlumat verdi. Vurğuladı ki, bu sahədə təhsilin təkmilləşdirilməsi, müasirləşdirilməsi günün tələbidir. O, həmçinin dizayn sahəsində AYSF-nin təşəbbüsü ilə inklüzivliyin tətbiqinin vacibliyinə diqqət çəkdi.
Azərbaycan Dizaynerlər Assosiasiyasının sədri Rəhim İsmayıl, sədr müavini Ramin Nəsirov, rəssam Faiq Əhməd, dizaynerlər Knyaz Yaqubov, Nizami Ağa müsabiqə ilə bağlı fikirlərini bölüşdülər.
Çıxışlardan sonra “Şuşa İli”, “Sənaye”, “Tətbiqetmə”, “İnteryer”, “Eksteryer”, “Reklam”, “İllüstrasiya”, “Qablaşdırma dizaynı”, “Brendinq”, “Veb”, “Çap” dizaynları nominasiyaları üzrə I, II və III yerlərin qalibləri elan olundu.
Qeyd edək ki, 2018-ci ildən keçirilən “Azerbaijan Design Award” müsabiqəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləşdirərək dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə töhfə verir. Yerli və beynəlxalq dizaynerlər üçün ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək və istedadlı şəxsləri üzə çıxarmaq məqsədi daşıyır. Müsabiqə çərçivəsində müxtəlif mövzular üzrə yerli və xarici dizaynerlər tərəfindən təqdim olunan layihələr Azərbaycandan olan mütəxəssislər də daxil olmaqla beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.
“Laskovıy may” qrupunun solisti 48 yaşında tibbi xərəkdə vəfat edib
Rusiyanın musiqi əfsanələrindən biri, 80-ci illərin ən populyar qrupu olan “Laskovıy may” qrupunun solisti Yuri Şatunov 48 yaşında dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istimadən xəbər verir ki, qəfildən halı pisləşən müğənni üçün təcili yardım çağırılsa da, o elə xərəkdəcə dünyasını dəyişib, həkimlər onun həyatını xilas edə bilməyiblər. Məlum olub ki, Şatunov infarktdan dünyasını dəyişib.
Xatırladaq ki, 1986-1988-ci illərdə Şatunovun da tərkibində olduğu "Laskovıy may" qrupu SSRİ məkanlnda nömrə bir hesab olunurdu, “Ağ qızılgül", "Qoy, axşam olsun", "Yay" və "Əriyən qar" kimi mahnılarla böyük məşhurluq qazanmışdı.
Rövşən Abdullaoğlunun yeni romanı işıq üzü görüb
Bu günlərdə tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun “Koramal” adlı yeni romanı “Qədim qala” nəşriyyatında işıq üzü görüb.
Adətən dünyanın ən ucqar nöqtələrinə səyahət edən və əsərlərində uzaq materiklərdə baş verən hadisələri canlandıran yazıçının budəfəki mövzusu doğma Qarabağdır.
Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar... Böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Qeyd edək ki, işıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənmiş “Koramal” kitabının ilk təqdimatı Gəncə şəhərində baş tutub.
Kitabın Bakıda və digər regionlarda da təqdimatı və oxucularla müzakirəsi planlaşdırılır.
Ölkəmiz ilk dəfə “I’m artist” beynəlxalq onlayn incəsənət sərgisində təmsil olunacaq
Azərbaycan ilk dəfə iyunun 25-dən iyulun 4-dək təşkil olunacaq beynəlxalq maarifləndirmə hərəkatının “I’m artist” III beynəlxalq onlayn incəsənət sərgisində geniş tərkibdə təmsil olunacaq.
Bu barədə sərginin kuratoru, gənc və istedadlı xalçaçı-rəssam, sulu boya ustası Leyla Vazehi Əfəndiyeva AzərTAC-a məlumat verib.
“Fərqli ölkələr, bir təyinat" adlı sərgidə digər ölkələrin rəssamları ilə yanaşı, Azərbaycan rəssamlarının sərgilənməsindən qürur duyuram”, – deyə L.Əfəndiyeva bildirib. O, həmçinin sərgidə bir-birindən istedadlı tanınmış rəssamlarımızla yanaşı, gənc rəssamlarımızın da əsərlərinin nümayiş olunmasına çalışdığını söyləyib. Həmçinin o, bu vacib və maraqlı məsələdə əvəzsiz köməyi olan layihə rəhbəri Smruti Nayaka öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “I’m artist” dünya rəssamlarının qlobal platformasıdır. Rəssamlar burada öz əsərlərini nümayiş etdirərək, onlayn-sərgilərdə iştirak edir, ustad dərsləri, seminar və konfranslar kimi çoxsaylı tədbirlərdə fikir mübadiləsi aparırlar. “I’m artist”in əsas məqsədi istedadlı gəncləri öz geniş internet platforması ilə cəmiyyətə tanıtmaqdır.
Prezident İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazandığı, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratdığı, eyni zamanda, ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanındığı qeyd olunub.
Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Müğənni Pyer Narsis vəfat edib
Kamerun əsilli rusiyalı müğənni və şoumen Pyer Narsis vəfat edib. Və bu barədə iyunun 22-də onun qızı Karolina Kristel instaqramda yazıb.
Onun sözlərinə görə, 45 yaşlı ifaçı böyrək əməliyyatından sonra ürək dayanması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Narsis 2000-ci illərdə “Şokoladnıy zayats” mahnısı ilə məşhurlaşmışdı. O, “Sibir bərbəri”, “Diqqət, modern! 2004” kimi filmlərdə də iştirak edib.
Günün fotosu: Rusiya dizaynerləri parça tapa bilmirlər
Günün fotosu: Rusiya dizaynerləri parça tapa bilmirlər
Rusiyanın 84 şəhərindən gələn dizayner birinci Moskva moda həftəsində iştirak edib. Onların əksəriyyəti beynəlxalq sanksiyalara görə keyfiyyətli parça ala bilmədiklərindən şikayətləniblər.
Foto: Euronews
Akademik Milli Dram Teatrında “Medeya” tamaşasının premyerası olub
Akademik Milli Dram Teatrında Evripidin “Medeya” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanın premyerası keçirilib.
Sözügedən tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva və işıq üzrə rəssamı Rafael Həsənovdur. Medeya rolunda Əməkdar artist Münəvvər Əliyeva çıxış edib.
“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.
Qeyd edək ki, Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.
Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.
AYB-nin Cənubi Azərbaycan Komissiyası məhsuldar işləyir
Xəbər vermişdik ki, Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Birliyin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın sayca 8-ci təqdimat mərasimi keçirilib. Mərasim barədə daha geniş məlumatı “Ədəbiyyat və incəsənət” portalı AYB sədrinin müşaviri Sayman Aruza istinadən verir.
Tədbirdə hər iki taydan elm və ədəbiyyat nümayəndələri, şairlər və araşdırmaçılar iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Ədəbiyyat Qəzetinin baş redaktoru Azər Turan, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, tanınmış şairə Nəsibə İsrafilqızı, ədəbiyyatşünas Zöhrə Əsgərova, Fəxrəddin Ziya, Varlıq jurnalının baş redaktoru Məhəmmədrza Heyət, Güney Azərbaycanın tanınmış ədəbiyyatçısı Məsud Haray, tanınmış tədqiqatçı Həsən Kərimzadə, Azərbaycanın Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına institutunun aparıcı elmi işçisi, Kərimulla Məhəmmədzadə təltif olunublar. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, Səməd Behrənginin həyatı və yaradıcılığı barəsində geniş məlumat verərək mükafatın əhəmiyyətini vurğulayıb. Daha sonra Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri tanımış yazıçı-tədqiqatçı Sayman Aruz da öz növbəsində Cənubi Azərbaycan ədəbiyyatının təbliğatının genişləndirilməsininin vacibliyinə diqqət çəkib.
Sonda mükafatlar öz sahiblərinə təqdim olunubdur.
Bu gün “Molla Nəsrəddin 2022” komediyası təqdim ediləcək
“Səhnə” teatrının dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” komediyası bu gün yenidən nümayiş olunacaq.
İnsabları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyən tamaşa iyunun 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, xoreoqrafı İmran Əlidir.
Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyeva çıxış edəcək.
Qeyd edək ki, tamaşa musiqi, rəqs, şən zarafatlar, güldürərək düşündürən hikmətli sözlər və xarakterik obrazlarla zəngindir. Bu obrazların arasında yaxın keçmişin qoçusu, dünənin ziyalısı, bu günün blogeri də var. Onlar Molla Nəsrəddinin sevdiyi qıza qovuşmasına mane olmağa çalışırlar. Düşdüyü çətin vəziyyətlərdən həmişə çıxış yolu tapmağı bacaran Molla Nəsrəddin isə onu özü ilə aparmağa gəlmiş Əzrayıl ilə dostlaşır, ondan yaşamaq möhləti alır və bədxahları ilə mübarizəyə başlayır. Komik vəziyyətlərlə müşayiət edilən bu mübarizədə Əzrayıl Molla Nəsrəddinə kömək edir.