Super User

Super User

 

“Bu gün Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə mənim göstərişimlə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı.”

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib: “Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu qədər nifrətin, qeyri-insani hərəkətlərin haradan qaynaqlandığını gərək psixoloqlar, yaxud psixiatrlar desinlər, çünki normal adam bu əməllərə əl atmaz.

 

(AzərTAC-ın materialından istifadə olunmuşdur)

 

Azərbaycan Dövlət Akademik Filarmoniyası bazar günü qonaqlı-qaralı idi, burada “Qarabağ gecəsi” adlı xeyriyyə mərasimi təşkil edilmişdi. “Ədəbiyyat və incəsət” portalı xəbər verir ki, mərasim Qarabağ Dirçəliş Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Televiziyasının təşkilati dəstəyi ilə baş tutmuşdu.

 

Özündə xeyriyyə konsertini və rəsmi ziyafəti ehtuva edən mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət naziri Anar Kərimov və digər hökumət rəsmiləri iştirak edirdilər.

Əvvəlcə ölkəmizin azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Silahlı Qüvvələr Gününə təsadüf edən tədbirdə iştirak edən qazilər, müharibə iştirakçıları öz təbrik paylarını aldılar. 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə orduya göstərilən diqqətdən danışdı. Bildirdi ki, Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək düşmən işğalında olan ərazilərimizi azad etdi. Hazırda əsas amalımız Qarabağda quruculuq işlərinə birlikdə dəstək olmaqdır.

Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd etdi ki, bu tədbirdən əldə olunan gəlir Qarabağımızın yenidən dirçəlməsinə sərf ediləcək. 

Çıxışçı məlumat verdi ki, yaxın zamanda Ağdamın məşhur memarlıq abidəsi sayılan İmarət kompleksinin bərpa edilməsinə başlanılacaq. 

Tədbir konsert proqramı ilə davam etdi. Bədii rəhbəri və dirijoru Xalq artisti Fəxrəddin Kərimov olan Qara Qarayev adına Kamera orkestrinin, xalq artisti Fərhad Bədəlbəylinin, Əməkdar artistlər Aygün Zeynalovanın, Arzu Əliyevanın, Ceyla Seyidovanın, gənc muğam ifaçılarının  möhtəşəm çıxışları tamaşaçıların sürəkli alqışlarına səbəb oldu. 

Konsertdən sonra açıq səma altındakı ziyafət zamanı mərasimin baş sponsoru “Avrora” şirkətinin, eləcə də digər sponsor şirkətlərin nümayəndələri Təşəkkür Serifikatına layiq görüldülər. 

Mərasim zamanı əməkdaşımız xeyriyyə tədbirinə qatılmış bəzi tanınmışlarla söhbət edərək onların fikirlərini aldı. Azərbaycan Mediasiya Şurasi İdarə Heyətinin sədri Nadir Adilov, “Ekvita” şirkətinin icracı direktoru İlqar Mehti, yazıçı, əməkdar jurnalist Varis fikir bildirərək Qarabağın dirçəldilməsi yönündə həyata keçirilən bu sayaq tədbirləri alqışladılar, ümidvar olduqlarını bildirdilər ki, yaxın müddətdə bu sayaq tədbirlər artıq Qarabağın özündə keçiriləcək.

 

“The Beatles” musiqi qrupunun əfsanəvi solisti Pol Makkartni İngiltərədə düzənlənən Qlastonberi festivalında çıxış edən ən yaşlı müğənni olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, müğənni səhnəyə proyeksiya olunan ekranda 1980-ci ildə vəfat edən qrup yoldaşı Con Lennonla Cant Buy Me Love mahnısını duetdə oxuyub. 

58 yaşı olan mahnını ser Makkartninin fanatları coşğun alqışlarla qarşılayıblar. Ötən həftə 80 illik yibileyi qeyd edilən muğənni, dünyanın pop kralı adını daşımağı haqq eləyən bu sevimli adam üçün bütün zal Hapoy Brithday to You mahnısını oxuyub.

“Mənə burda olmaq çox xoşdur. Mən 2020-ci ildə bu səhnədə oxumağa söz vermişdim, amma pandemiyaya görə Qlastonberi festivalı onda təxirə salındı” - deyib Pol. 

Xatırladaq ki, bu festival İvislər ailəsinin fermasında - ecazkar təbii gözəlliyə malik məkanda keçirilir.

Əlbəttə ki, yibileyi qeyd edilən məşhur müğənniyə nə Xalq artisti adı, nə “Şöhrət” ordeni verilib. İngiltərədə belə ənənələr yoxdur. Oradakı sənətçilər üçün ən yüksək imtiyaz çoxmilyonlu oxucu sevgisidir, bir də qazandıqları astronomik məbləğlər.

 

İyunun 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilir. 

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilən iclasda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələlərlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunacaq, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar ediləcək. 

İyunun 28-də keçiriləcək təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşündə isə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdiriləcək, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul ediləcək. 

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 altinstitutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir. 

Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur. 

Xatırladaq ki, 2018-ci ilin fevralın 5-7-də Banqladeş Respublikasının Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 10-cu konfransı çərçivəsində Azərbaycanın növbəti sessiyasının keçirilməsi üçün namizədliyi təsdiqlənib və Qəbələ şəhəri 2020-ci il üzrə “İslam dünyasının turizm paytaxtı” seçilib. 

Daha əvvəl Azərbaycan 2006-cı ildə təşkilata üzv ölkələrin Turizm Nazirlərinin 5-ci Konfransına ev sahibliyi edib.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli filialında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. 

 

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının, o cümlədən Qazax rayonunun və Daş Salahlı kənd şəhidlərinin xatirəsi anılıb.

Kitabxanadan bildirilib ki, filialın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri, AzərTAC-ın əməkdaşı, şairə Zərəngiz Mansurova ölkəmizdə orduya göstərilən diqqətdən danışıb. Bildirib ki, ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək ərazilərimizi düşmən işğalından azad edib. Zərəngiz Mansurova bu qələbədə Qazaxın və doğma kəndi Daş Salahlının da töhfəsi olduğunu bildirib. Qanlı döyüşlərdə ailəsinin də itki verdiyini, bacısı, könüllü döyüşçü Vəfa Dəmirçioğlunun böyük rəşadətlər göstərərək, el qəhrəmanı, “Şəhidlərin qız qardaşı” kimi şərəfli ad qazandığını söyləyib. O, özünün yazdığı “Qazaxdan gəlmişəm Qələbəyə mən” şeirini oxuyub.

Daş Salahlı kənd sakini, şair Elmar Sahib çıxış edərək həm 1992-ci il müharibəsində, həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində Qazax rayonunun, eləcə də Daş Salahlı kənd sakinlərinin qəhrəmanlıqla döyüşdüklərini, Nicat Nəsibovun, Vəfa Dəmirçioğlunun, Süleyman Süleymanovun, Mayis Yaqubovun, Əmir İbrahimovun və 339 nəfər Qazax, 18 nəfər Daş Salahlı şəhidinin xatirəsinin bu gün də hörmətlə yad olunduğunu bildirib. O, “Qazax şəhidləri” şeirini söyləyib. Kitabxanaçı Esmira Zülfüqarova şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını, onların şərəf işinin bütün gənclərə nümunə olduğunu deyib. O, Zərəngiz Mansurovanın “Yaşa, Vəfa Dəmirçioğli” şeirini oxuyub.

Əslən qazaxdan olan şairə Ramilə Haqqı o qanlı günlərin şahidi olduğunu, Vəfa Dəmirçioğlunu şəxsən tanıdığını deyib və bu el qəhrəmanının, eləcə də bütün şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb. 

Cəfərli kənd şəhidi Nicat Nəsibovun qardaşı İlkin Nəsibov, Qazax şəhidi Sərxan Abdullayevin qardaşı Elman Abdullayev, Mayis Rəhimovun yaxın qohumu İsrail Qayayev və başqaları dövlətimizin şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. 

Sonda kitabxananın müdiri, 44 günlük Vətən müharibəsinin şəhidi, kapitan Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva tədbir iştirakçılarına təşəkkürünü bildirib, şəhidlərin ölməz xatirəsinin ürəklərdə daim yaşayacağını, gələcək nəsillərə örnək olduqlarını söyləyib.

 

Əli Kərim adına Sumaqayıt Poeziya Klubunda Aşıqlar Birliyinin Sumqayıt bölməsi qərarlaşmışdı, onun rəhbəri Qənirə xanım Mehdixanlı həvəslə, coşğu ilə işə gəlirdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xalqına, ulusuna fayda verməyə çalışan Qənirə xanım təcrübəli pedaqoq idi, neçə nəsil sumqayıtlı yetişdirmişdi. Qənirə xanım həm də şair idi, aşıq şeiri nümunələri yazıb yaradırdı. 84 yaşlı Qənirə xanım 

Azərbaycan Yazışılar Birliyinin üzvü, tanınmış pedaqoq, əmək veteranı idi, o, Qazax Pedaqoji Texnikumunun - Qazax Müəllimlər Seminariyasının bəlkə də yaşayan sonuncu məzunu idi. 

2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi birliyin üzvü olan Qənirə  xanımın 80 illik yubileyini təntənə ilə qeyd də etmişdi.

Acı xəbər aldıq. Demək nə qədər ağır olsa da, Qənirə xanım sıralarımızı tərk elədi.

Allah rəhmət eləsin, ruhu şad olsun. 

Özündən sonra qalan yadıgarları sırasında, şübhəsiz, şeirləri də başda duracaq. 

 

 

BU YOLDAN

 

Bürüyüb dünyanı yol damar-damar,

Yolçular yollardan rahatlıq umar,

Kimiyə daş-kəsək, kimiyə hamar,

Keçir namərdlər də, mərd də bu yoldan.

 

Biri toy-düyünlə gəlindir köçür,

Biri dərdlərini götürüb qaçır,

Hamı son mənzilə bu yolla köçür,

Keçir məhəbbət də, dərd də bu yoldan.

 

Mehdixanlı, uzun-kəsədi yollar,

Qıyarmı yolçular küsə bu yollar,

Fərq qoymaz yaxşıya, pisə bu yollar,

Keçir qoyunlar da, qurd da bu yoldan.

Günün fotosu: ABŞ-da abort hüququ qadağan edildi

 

ABŞ Ali Məhkəməsi dünən abort hüququnu qadağan edib. Qadağa qadınların böyük etirazlarına səbəb olub. 

 

Mənbə: Euronews

Rəsm qalereyası: Leonardo da Vinçi, “Sirli məclis”

 

Sual-cavab rubrikasında oxucumuz E. Abbasov soruşur ki, bu yaxınlarda xalq yazıçımız Kamal Abdullaya TÜRKSOY təşkilatının verdiyi ödül nə ödül idi. 

Demək, Xalq Yazıçısı, Akademik Kamal Abdulla TÜRKSOY-un “Şərəf” medalı ilə mükafatlandırılıb.

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının bir qrup görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, eyni zamanda da sevilən romanların müəllifi, xalq yazıçısı Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.

“Şərəf” medalı, Kamal Abdullayla yanaşı,  Qazaxıstan Yazıçılar Birliyinin sədri Ulyukbek Yesdaulet və Qırğızıstandan görkəmli ədəbiyyatçı və türkoloq Osmanakun İbraimova da təqdim edilib.

Qeyd edək ki, “Şərəf” medalı TÜRKSOY-un təsis etdiyi ən ali mükafatdır.

 

Ötən ay Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası uğurla təqdim olunan “Bəxtiyar” musiqili komediyası növbəti dəfə sabah - iyunun 26-da nümayiş olunacaq.

 

Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. 

Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir. 

Tamaşada Bəxtiyar obrazını teatrın gənc və istedadlı solisti Emin Zeynallı, Saşa obrazını isə Nəzrin İsmayılzadə canlandıracaq.

Tamaşa heyətində Əməkdar artist İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Fərid Rzayev, Nigar Qarayeva, Ofeliya Məmmədova, Murad Əliyev, Əli Kərimov, Mehriban Rəcəbova, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov və başqaları da var.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.