Super User

Super User

 

Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə nazirliyin müvafiq nömrəli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” (bundan sonra Qaydalar) təsdiq edilib.

 

Nazirlikdən bildirilir ki, qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Test imtahanı 7 avqust 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 18 iyul 2022-ci il saat 09:00-dan 28 iyul 2022-ci il saat 17:00-dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/ linki vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər.

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

Namizədlər müsahibə mərhələsi ilə bağlı ətraflı məlumatı (http://culture.gov.az/az/umumi-xeberler/14275) linkinə daxil olmaqla əldə edə bilərlər.

Günün fotosu: Avropanın istilərdən bağrı çatlayır

 

Avropanı inanılmaz istilər öz ağuşuna alıb. İspaniyada minlərlə hektar meşə yanmaqdadır. Xüsusən Kataloniyada bir neçə gündür temperatur 40 dərəcədən aşağı düşmür. 

Almaniya və Fransa da şiddətli istilərə təslim olub. “Badenbadenin mavi gecələri” deyilən həmin o dağlıq ərazidə insanlar istidən evdən çölə çıxa bilmirlər, “fransız əhli kef eləyir” söhbəti isə indi heç yerinə düşmür, fransızlar günvurma diaqnozu ilə xəstəxanalara dolmaqdadır. 

Hətta ən sərin Avropa ölkələrindən olan İsveçrədə də isti üzrə antirekord qeydə alınıb- 36 dərəcə.

 

Foto: Euronews

İnvestorlar pullarını iqtisadiyyata yox, mədəniyyətə yönəldə bilərlər

 

İsveçrədə ən iri müasir incəsənət yarmarkası - Art-Bazel öz işini başa çatdırdı. Bu sərgidə dünyanın qırx ölkəsindən 289 qalereya iştirak edirdi. Əgər iki il əvvəl yarmarka bütünlüklə onlayn rejimdə keçirilirdisə, keçən il ümumiyyətlə təxirə salınmışdısa, bu il sərgi pandemiyayaqdərki dövrdəki vüsətlə açılmışdı.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

Maraqlı bir tendensiya: 2020-ci ildə incəsənət əsərlərinin satışı 22% aşağı düşmüşdür. 2021-ci ildə onlar yenidən 29% qalxmışdır, mütləq dəyərlərdə bu 65 milyard dollardan da çox artım deməkdir. 

Bu il yarmarkanın təşkilatçıları düşən fond bazarının və artan inflyasiyanın fonunda investorların kapital qoyuluşunun təhlükəsiz bir yolu kimi incəsənəti nəzərdən keçirəcəklərinə ümid edirlər.

"Fond bazarında fəal fəaliyyət göstərən insanlar incəsənət əsərlərinin satın alınmasına inanın ki, ehtiyac duyurlar, - SFA Advisory şirkətinin təsisçisi və rəhbəri Liza Şiff bunu əminliklə söyləyir. - Səhmlər ucuzdur, investisiya üçün indi onları satmaq istəmirlər. Lakin inflyasiya haqqında daimi söhbətlər olsa belə, həqiqətən inflyasiya rəqəmi artsa belə art məhsulların satışında  düşüş görünmür. Mənim fikrimcə, qloballaşma elə böyük incəsənət toplayıcıları bazarı yaradıb ki, hətta kimsə təmkin göstərsə belə, başqaları bu bazarda fəallıqla at çapırlar".

Bəli, hazırkı kataklizmlər - siyasi təbəllüatlar və iqtisadi tənəzzüllər dövründə qızıla, platinə, misə, neftə birjada pul qoymaqdansa incəsənət şedevrlərinə pul qoymaq daha ağlabatan görünür. 

Sonda onu da deyək ki, Bazeldə ilk iki gün ərzində yarmarkaya yalnız peşəkar kolleksionerlər buraxılırsa da, iyunun 16-dan 19-dək bütün sənətsevərlər üçün qapılar açıq oldu.

 

Şəkildə: Art-Bazel-dən görüntülər

 

Yutlandiya Ukraynanın milli sərvətinin qorunması üzrə Avropa mərkəzlərindən birinə çevrilib. Danimarkanın şərqindəki Orxus şəhərinə Ukraynanın müharibənin başlaması ilə məhv olmaq təhlükəsi altında olan bir neçə muzey kolleksiyası təxliyə edilib. İndi bu dəyərlərin bəziləri Mosqor Muzeyində sərgilənir. Ötən gün bu xəbər dünya mediasının ən çox tirajlanan xəbərlərdən olmuşdur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Danimarkadakı Mosqor muzeyinin direktoru Mads Keller Holds söyləyib: “Hər bir ukraynalını, ilk növbədə, özünün və ailəsinin taleyi ilə yanaşı ölkənin milli sərvətlərinin taleyi də maraqlandırır, “muzey kolleksiyalarının axırının necə olacağı” hər kəsi narahat edirdi. Yurdsevər ukraynalılar qorxurdular ki, işğal altında olan ərzilərdə ruslar tərəfindən sistematik şəkildə sərvətlərin oğurlanması və talan edilməsi Ukraynanın mədəniyyət xəzinəsinin məhvinə səbəb ola bilər. Odur ki, əlaqədar şəxslər faktiki olaraq bir neçə gün ərzində əməkdaşlıq etdiyimiz müəssisələrdə bütün sərgiləri söküb və eksponatları çıxarmağa çalışıblar. Bu vəziyyətdə onlar mədəni irsin, heç olmasa, bir hissəsinin burada - Danimarkada təhlükəsizlikdə olmasına zəmin yarasıblar, ukraynalılar mədəniyyətin xilasına böyük əminliklə inanırlar.”

Əslində, Ukrayna Mədəniyyət Nazirliyi fevralın 24-də Rusiyanın işğalından dərhal sonra muzey sərvətlərinin təxliyə hazırlığını elan etmişdi. Bildirilmişdi ki, ən əhəmiyyətli irs obyektləri onların qorunması üçün təhlükə yaranan kimi çıxarılmalıdır. Amma bu işi məhz indi həyata keçirmək mümkün olub. Xilasedici rolunu isə Mosqor muzeyi oynayıb. 

Bu gün Mosqor muzeyinə mindən çox eksponat, o cümlədən Çerniqov, Xarkov və Lvovdan da qiymətli muzey eksponatları  gətirilib.

 

Prezident İlham Əliyev tərəfindən imzalanmış, görkəmli bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında 2022-ci il 15 mart tarixli Sərəncamın icrası məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilməkdə davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu məqsədlə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə bəstəkarın "Min bir gecə" baleti bu gün - iyunun 20-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında nümayiş olunacaq.

 

Bu ilin 12 sentyabr tarixində Şimali Hollivudda təqdim ediləcək Amerika Televiziya Akademiyasının 74-cü Emmy Mükafatlarının təqdim etmə mərasimində Akademiyanın üzvü kimi azərbaycanlı Kamran Qasımov da iştirak edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Emmy Mükafatları Oskardan sonra dünyanın ikinci ən nüfuzlu incəsənət mükafatları hesab olunur. Təqdimetmə mərasimi NBC telekanalı tərəfindən yayımlamır. 

Akademiyanın yeni üzvlərinə - o cümlədən həmyerlimix Kamran Qasımova mərasimdə  iki dəqiqəlik çıxış etmək imkanı da yaradılacaq.

 

“Geri dön”, “Sən ağlama”, “Biliyorsun”, “Şinanay”, “Dəli qızın türküsü”, “Yalnızca sitəm” kimi onlarca mahnılarla adını qızıl hərflərlə türk musiqi tarixinə yazan Sezen Aksunu içi Azərbaycan qarışıq bütün dünyada sevirlər. Bu günlərdə isə ünlü sənətçi ilə bağlı çox gözəl bir xəbər paylaşılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, 

Türkiyənin məşhur sənətçisi “Disney Plus”un reklam siması seçilib. Müğənni barədə filmin çəkiləcəyi də nəzərdə tutulub.

Bu il 68 yaşını haqlayacaq məşhur sənətçinin həyatı və karyerası barədə ekranlaşdırılacaq ekran əsəri “Disney Plus”da yayımlanacaq.

Qeyd edək ki, tanınmış türk sənətçisi aktrisa kimi də özünü sınayıb. O, məşhur türk filmlərində yaddaqalan obrazlar canlandırıb. Onlardan biri isə həqiqətən unudulmazdır. Söhbət “Minik sərçə” filmindəki Hülya obrazından gedir.

 

Bilirsən, necə olur,

ürəyi səksəkəli

gözləri açıq yatmaq?!

Ürəyinin səsindən,

ya da öz nəfəsindən

çəkinib gecə yarı,

canbəsər ümidlərlə

qaçmaq qapıya sarı...

 

Bilirsən necə olur,

Biləyinin yerinə

ümidlərini kəsmək?!

bütün xəyallarını

bir gecədə doğramaq...

Xatırlayıb  torpağın

səndən aldıqlarını,

bilirsən, necə olur,

ölüm üçün darıxmaq?!

 

Qəlbindəki üsyanı

duyan olmasın deyə,

saxta qəh-qəhələrlə

nə bilim, daha nələrlə,

özünə rol oynamaq.

sənə aid olanı

bir suç kimi gizləmək,

özündən itgin düşüb,

özündən firar etmək

bilirsən, necə olur?

 

Bilirsən, necə olur,

Qəlbini yola salmaq

özgəsinin köçündə.

Sonra...

sonra bircə günün içində

xəyalını boşamaq.

Bilirsən, necə olur,

səni sənsiz yaşamaq?!

bilirsən, necə olur...?

Bilmirsən... heç bilmə də...

 

Ceyhunə Mehman

Tbilisidə “Perxuli” musiqi festivalı keçirilib. Festivalda Azərbaycanın “Xarıbülbül” mahnısı və rəqsi ifa olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festivalda Azərbaycanı Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs anamblı təmsil edib. 

Ansamblın gənc rəqqasələri müğənni, Azərbaycanın Xalq artisti Azərinin (Anaxanım Tağıyeva) ifa etdiyi “Xarıbülbül” mahnısı əsasında gözəl rəqs nümunəsi nümayiş etdiriblər. Onların rəqsləri alqışlarla qarşılanıb. 

Festivalın aparıcısı David Tamaşaşvili AZƏRTAC-a müsahibəsində deyib ki, “Perxuli” qədim gürcü rəqsidir. Bu gün Tbilisinin qədim mərkəzi hesab olunan “Şeytanbazar” ərazisində bu festivalı təşkil etməklə biz musiqi tariximizə nəzər salmaq istədik. Festivalda Gürcüstanda yaşayan milli azlıqların nümayəndələri, eləcə də Litvadan gəlmiş qonaqlar iştirak ediblər. Azərbaycan rəqs qrupunun ifa etdiyi “Xarıbülbül” mahnı və rəqsi tamaşaçılar tərəfindən coşqu və alqışlarla qarşılanıb. 

“Azərbaycanlıların mahnı və rəqsi hamının xoşuna gəldi. Azərbaycan rəqsləri həmişə hamının ürəyini oxşayır. Gurultulu alqışlar da məhz bu sevginin göstəricisidir”, – deyə D.Tamaçaşvili vurğulayıb. 

Qeyd edək ki, Tbilisidəki 164 saylı məktəbin müəllimi Ceyran Qurbanovanın rəhbərlik etdiyi “Ceyran” rəqs ansamblı paytaxtda və Gürcüstanın bölgələrində Azərbaycan mahnı və rəqslərini uğurla təqdim edir.

 

IX Qlobal Bakı Forumunda iştirak edən Beynəlxqlq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı və Akademiyanın vitse prezidenti Füzuli Məcidli  Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Yazıçılar Birliyinin mətbuat katibi qonaqlara Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, Birliyin yerləşdiyi tarixi bina haqqında məlumat verib. 

Beynəlxqlq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Türk dünyası ədəbiyyatındakı yeri, yaratdığı əsərləri barədə fikirlərini bölüşüb və ədibin Akademiyanın Əlişir Nəvai Qızıl medalına layiq görüldüyünü bildirib. 

Medalı təqdim edən D.Kıdırali  Əlişir Nəvai Qızıl medalının türk dünyası ədəbiyyatı sahəsində böyük xidmətləri olan tanınmış insanlara verildiyini diqqətə çatdırıb. Eyni zamanda  bir neçə həftə əvvəl Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən I Türk Dünyası Kitab Festivalından danışıb.

Azərbaycan Yazıçılar Birliyin sədri Anar  Darxan Kıdırəliyə ona verdiyi dəyərə görə öz minnətdarlığını bildirib. Və Beynəlxalq Türk Akademiyasının  türk dünyasının elm və ədəbiyyat, tarixi irsimizin qorunması və araşdırılması sahəsində ortaya qoyduğu uğurlu nəticələrin bütün Türkdilli xalqlar üçün əhəmiyyətindən danışıb. 

Xalq yazıçısı qeyd edib ki, Əlişir Nəvai qızıl medalını alması onun Azərbaycan Yazıçılar Birliyinə sədirlik etməsinin 35-ci ildönümünə təsadüf edir və rəmzi mənası vardır.

Qeyd edək ki, görüşdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi, Səyyad Aran, mətbuat katibi Xəyal Rza, sədrin müşaviri Salman Aruz, eləcə də Azər Turan, Şahin Musa, Aida Eyvazlı işirak ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.