Super User

Super User

Monday, 03 April 2023 10:30

Varlanmaq formulunda biznes-planın rolu

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdədir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Bu dəfə bu barədə danışacağıq.

 

Biznes-plan nədir

 

 Biznes-plan sizin biznesinizi, onun istiqamətini, sizin bütün məqsədlərinizi və sizin şirkət üzrə prtnyorlarınıza təklif etdiklərinizi dəqiq müəyyən etməyə imkan verir. Onun baza komponentinə cari və gələcək balanslar, gəlir və ziyanlar haqqında hesabatlar və nağd pul vəsaiti axını daxildir. O, resursların dəqiq müəyən edilib paylaşdırılmasında, risklərin yaranma imkanlarının nəzarətdə saxlanılmasında və düzgün qərarların qəbulunda sizə yardımçı olacaq.

 

Biznes-plan sizin kompaniya, onun təşkilinin prinsipləri, borc götürülən vəsaitin necə qaytarılacağını əsaslandıran hesablamalar haqqında müəyyən və xüsusi məlumatlar daşıdığından, yaxşı tərtib edilmiş biznes-plan kredit və investisiyaların alınması üçün təqdim olunan sənəd paketinin həlledici komponentidir. Paralel olaraq o, sizin personala, təchizatçılara və digər partnyorlarınıza məqsədlərinizin mahiyyətini və kompaniyanızın əməli strategiyasını izah edə bilər.

 

Mövzudan daha geniş bəhs etmək zərurəti duyduğumdan, bundan sonrakı günlərdə biznes-plan barədə daha geniş danışacağam.

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(03.04.2023)

 

 

 

 

Parisdə Luvr muzeyinin Karusel (Carrousel) qalereyasında beynəlxalq incəsənət festivalı təşkil edilib. Azərbaycan festivalda Heydər Əliyev Fondun təşkilatçılığı və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunur. Pavilyon Azərbaycan mədəniyyətinin ölkə xaricində tanıdılması, onun ənənəvi dəyərlərinin qorunması ilə yanaşı, müxtəlif müasir istiqamətlərdə inkişafını əks etdirir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan ilk dəfə Luvr Karusel “Art Shopping” Salonuna qoşulub. Festivalda Azərbaycan incəsənət nümayəndələrinin əsərlərindən ibarət pavilyon fransız, eləcə də müxtəlif ölkələrdən olan sənətsevərlərin diqqət mərkəzində olub.

Azərbaycan pavilyonunun təqdimatında Fransadakı səfirimiz Leyla Abdullayeva, “Carrousel” İncəsənət Salonunun direktoru Miryam Annone Kastane (Myriam Annonay Castanet) və Salonun kommersiya direktoru Stefan dö Boyson (Stephane de Boysson) çıxış edərək, Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında danışıblar.

Karusel incəsənət Salonunun direktoru Miryam Annone Kastane Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Heydər Əliyev Fonduna “Art Shopping” Salonu ilə əməkdaşlıq təşəbbüsünə, heykəltəraş Elvin Nəbizadəyə və rəssam Anar Hüseynzadəyə möhtəşəm əsərlərinə görə təşəkkür edib.

Səfir Leyla Abdullayeva Azərbaycanın yerləşdiyi geosiyasi məkan haqqında məlumat verib. Avropa və Asiya arasında yerləşən Azərbaycanın zəngin mədəni irsindən söz açıb. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən danışıb. Fondun Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasında böyük rolu olduğunu vurğulayıb. Bildirib ki, məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün iki azərbaycanlı incəsənət nümayəndəsinin əsərləri Karusel “Art Shopping” festivalımda nümayiş olunur.

Karusel “Art Shopping” Salonunun kommersiya direktoru Stefan dö Boyson Azərbaycanın müasir incəsənətindən söz açaraq, Bakıya səfərindən danışıb. Ölkəmizdə sənətə yüksək qiymət verildiyini bildirərək, istedadlı azərbaycanlı rəssamlar, nadir müasir incəsənət əsərləri haqqında məlumat verib.

Azərbaycan pavilyonunun ziyarətçiləri heykəltəraş Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Bienalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən Parisdə Luvr Karusel “Art shopping” festivalında nümayiş olunmaq üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalasiyasını heyranlıqla seyr ediblər.

Müəllif ziyarətçilərin suallarına cavab olaraq bildirib ki, göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycanda multikulturalizmin – ölkədə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin, onlara qarşı tolerantlıq və hörmətin simvolu olduğu bildirilib. 

Azərbaycan pavilyonunun ziyarətçiləri rəssam Anar Hüseynzadənin tablolarını seyr ediblər. Xarici ziyarətçilər azərbaycanlı rəssamım əsərləri vasitəsilə qədim İçərişəhər, onun özünəməxsus dar küçələri, doğma Abşeronla tanış olublar.

A.Hüseynzadənin simvolizm qrupundan olan rəsm əsərləri qeyri-adi yanaşmada olan natürmort və portretlərlə təqdim olunur. Onun “Kosmos” seriyasından olan əsərləri ilk dəfə bu Salonda tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın Karusel “Art Shopping” festivalında iştirakı çərçivəsində instaqram sosial şəbəkəsində “Fransada Azərbaycan müasir incəsənəti” mövzusuna həsr olunmuş səhifə yaradılıb. Həmçinin, rəssam Anar Hüseynzadə tərəfindən ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. 

“Art Shopping” festivalı bu gün yekunlaşacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ekspress-sorğu” rubrikası növbəti dəfə görüşünüzə gəlir.  Rubrikanın aparıcısı Habil Yaşar bu dəfə kitabsevərlərdən “Bir gün bir kitab yazmaq istəsəniz, mövzusu və adı nə olardı?” sualına cavab alıb.

 

İradə Allahverdiyeva, müəllimə

Məni nədənsə əkizlər çox maraqlandırır. Bənzərlikləri, fərqlilikləri nələrdir, həqiqətənmi bir-birilərini tamamlayırlar, güclü olanının güc səbəbi hansılardır və s. Odur ki, əkizlər barədə yazardım. Adı da elə “Əkizlər” olardı.

 

Ceyran Məmmədova, hal-hazırda işsiz

Öz keşməkeşli həyatımı qələmə alardım. "Xatirələr" adı altında.

 

Tural Nəbiyev, müəllim

Bir gün kitab yazmaq istəsəm, elə yaxın tariximizdən - 44 günlük VƏTƏN MÜHARİBƏSİndən yazmaq istərdim. Başqa xalqların qəhrəmanlıq tarixində həsəd apardığımız hadisələrin bilavasitə özümüz şahidi olduq. Və indi başqaları bizə həsəd aparmalıdır. Bunları qələmə alıb dünyanın bilməsini istərdim...

 

Mətanət Məhərrəm, müəllimə

Kitab yazsa idim, mövzusu əbədi mövzu olan sevgi olardı.

 

Lətifə Abbasova, yazar

Bir gün kitab yazmaq istərsəm, hərçənd bu, məni hər zaman düşündürən bir mövzudur, təsəvvürümdəki bir həyatı qələmə alardım. Adını isə “Uçub gedən xəyallarım” qoyardım.

 

Səadət Qənbərova, yazar

Hətta bir kitab yox, ikisini birdən yazar, öz həyatımı qələmə alardım. "Üşüyən xəyallarım", "Sahilsiz gəmiyəm" – kitabların adlarını da bu cür qoyardım.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

 

 

 

 

 

Ədəbiyyatımızla bağlı regionlarda keçirilən istənilən tədbir diqqət mərkəzinə gəlməlidir. Çünki ədəbiyyat paytaxt despotunda qaldıqca inkişafını itirmiş olur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yardımlıda yaşayan şairlərlə görüş təşkil edilib. Öncəsdən qeyd edək ki, Cənub bölgəsinin baş şəhəri olan Lənkəranın bölgənin digər guşələrinə bu qayğısı təqdir olunmalıdır. 

Görüşə yardımlıdan olan şairlərdən Sakit Ilkin, Mərdan Dadaşlı, Pənah Dumanoğlu, Guloglan Imanov, Səfail Aqiloğlu, İqbal Nəhmət və saz ifaçısı Çingiz Əhmədov qatılaraq Lənkəran oxucularına xoş ovqat bəxş ediblər.

İqbal Nemət portalımlza açıqlama verərək söyləyib: “Möhtəşəm təşkilatçılığa görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərliyə, dostumuz, görüşün baş tutmasında böyük zəhməti olan Cəfər Fətullayevə, görüşdə iştiraklarına  görə başımızın tacı olan şəhid analarına, Lənkəran ədəbi mühitinin görkəmli nümayəndələrinə, məktəblilərə, ziyalılarımıza, oxucularımıza, şairlərin şeirlərini ifa edən qiraətçi dostlara ürəkdən təşəkkür edirik! Davamlı olsun, gələn ayaqlar, görən gözlər, duyan urəklər var olsun!”

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının “College Awards” – Gənclər Emmisi mükafatının təqdimat mərasimi keçirilib. 

 

Mərasimdə ölkəmiz də təmsil olunub, “Real” Televiziyasının Proqramlaşma Departamentinin rəhbəri, Real FM-də yayımlanan “Cinema Radio” Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, mükafatının builki münsiflər heyətinin üzvü Kamran Qasımovun timsalında. 

 

“Ədəbiyyat və incəsənət” portalı Kamran Qasımova istinadən məlumat verir ki, mərasimdən sonra o, Amerika Televiziya Akademiyasının vitse-prezidenti Laurell Vitmkob, Akademiya Fondunun sədri Kris Abrego, Akademiyanın qubernatorlarından olan Skot Frimanla müzakirələr aparıb. 

Qeyd edək ki, bu il Akademiya Fondu Gənclər Mükafatını “Ən yaxşı dram”, “Ən yaxşı komediya janrında serial”, “Ən yaxşı animasiya”, “Ən yaxşı qeyri-oyun serialı”, “Ən yaxşı sənədli film” nominasiyaları üzrə təqdim edib. Münsiflər heyəti 1 ay ərzində filmlərin səsverməsində iştirak edərək nominantları müəyyən ediblər. 1977-ci ildən etibarən keçirilən “College Awards” kino və televiziya sahəsinə üz tutan gənclərin yaradıcılığını stimullaşdırmaq, yeni istedadların üzə çıxarılması məqsədini daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.0223)

Martın 31-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir təşkil olunub. 

Tədbir Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Ələkbər Muradovun yaradıcılığına həsr edilib.

 

Əvvəlcə tədbir iştirakçıları 31 Mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Sonra Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixindən və rejissorun yaradıcılığından bəhs edib. 

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Ə.Muradovla televiziyada birlikdə işlədiyi dövrlə bağlı xatirələrini bölüşüb.

Tədbirin sonunda rejissor Ə.Muradovun 1918-ci il azərbaycanlıların soyqırımı mövzusunda çəkdiyi “Yaddaşın rəmzi” adlı sənədli film nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Friday, 31 March 2023 19:30

Aqil Abbasın 70 illiyinə

“Ədəbiyyat və incəsənət”in daimi müəllifi Elman Eldaroğlu yazır 

 

Yazıb-yaratmaq həvəsi, həyat eşqi hələ də tükənməyib. Özünə güvənən, aktiv, o cümlədən hədsiz enerjili adamdır. Cəsarətli və qorxmazdır. Meydandan geri çəkilmək, hadisələrə biganə qalmaq, eləcə də danışmaq vacib olan yerdə susmaq təbiətinə yaddır. Ən sıxıntılı vaxtlarında belə depressiyaya məruz qalmır. Görüşlərə gecikməyi sevmir. Əzmkar, çalışqan və çox inadkardır. Yeniyetmə yaşlarında dalaşqan, gənclik illərində isə çılğın olub. Bu xüsusiyyət hələ də onu tərk etməyib, amma ürəyi ipək kimi yumşaqdır…

 

“Dəli-dolu, davakar olduğuma görə o vaxt məni institututdan da qovublar. Dəli-doluluq öz yerində, həm də inqilabçı olmuşam. Elçibəy, Vəkil Hacıyev, Bəxtiyar Vahabzadə müəllimlərimiz olub. Onlar kimə dərs deyiblərsə, o uşaqlar sanki sovet vətəndaşı deyildilər, türk idilər. Bəxtiyar Vahabzadə Azərbaycan sovet ədəbiyyatından heç vaxt dərs deməyib, tələbədən də soruşmayıb. O, bizim bilmədiyimiz insanlardan, yazıçılardan danışırdı. Deyirdi ki, kitabda olanları özünüz oxuyun və o, kitabda olmayanlardan dərs deyirdi. Əbülfəz bəy də eyni zamanda. Onun dərslərində başqa universitetlərdən də tələbələr gəlib otururdular. Onların dərs dedikləri insanlar sonradan inqilabçı oldular. Xalq hərəkatında öndə gedən adamlar onlar olub. İndi də bir nəsil yetişir. İndi gələn nəsil bizdən istedadlıdır. Bizdən daha üsyankar, istəklidir. Bizim iddiamızı ortaya qoymağımız çətin idi, nə qəzet, nə jurnal var idi. İndi Allaha Şükür 20 yaşında roman yazır, çap etdirir. Facebook-a yerləşdirir, hamı da oxuyur.”- söyləyir...

Xüsusi liderlik qabiliyyətinə malikdir, mükəmməl təhlil etmək və düzgün qərar vermək bacarığı var. Bu xüsusiyyəti ona həmişə uğur qazandırır. Yalan vəd verməkdən, kimisə aldatmaqdan zəhləsi gedir. Hətta bunun üçün zəruriyyət yaransa belə, susmağa üstünlük verir. Səmimiyyətinə söz ola bilməz...

Deyir ki,- “Səmimi olmaq çox çətin məsələdir. İndi səmimi insanları sevmirlər. Mən isə başqa cür ola bilmərəm. Mənim ailəmdən, doğulduğum torpaqdan gəlib bu səmimiyyət. İnsanları sevirəm, bacardığım qədər hər kəsə əl tutmağa çalışıram. Deputat kimi rayonlara gedəndə insanları kəndin çayxanalarında qəbul edirəm. Qarabağda ləqəbim var: "Müəllim". "Müəllim gəlib" - deyirlər, hər kəs çayxanaya gəlir, mən də bacardığım qədər hər kəsə kömək edərəm. Bəzilərinə gücüm çatmayanda onu da deyirəm, yalan vəd vermirəm. Mən rayonlara adətən səhərlər çıxaram. Yolda kimisə görəndə mütləq o insanları götürüb getdikləri yerə çatdıraram. Çox adam məni tanımır yol gedəndə. Belə hallarla da qarşılaşıram. Adam olub, dövlətdən inək istəyir, ala bilmir, maşını icra hakimiyyətinin qarşısına sürüb, o məsələni həll etmişəm. Heç vaxt kimisə yolda qoymaram.”

Yəqin ki, haqqında söhbət açdığım yazıçı, jurnalist, millət vəkili Aqil Abbası Azərbaycanda tanımayan adam yoxdur. Kimisi əsərlərini, kimisi məqalələrini oxuyub, kimisi də milli məclisdəki fəaliyyətini izləyib və s.. Odur ki, tərcümeyi-halından uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm, bir neçə kəlmə yetər. 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində Məhəmməd kişinin ailəsində anadan olub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüblər. Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib. 1976-cı ildə əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlayıb və bir il orada çalışıb. 1977-1987-ci illərdə "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri, 1987-1990-cı illərdə isə "Sovet kəndi" qəzetinin xüsusi müxbiri işləyib. 1990-cı ildən "Ədalət", 1993-cü ildən "Boz qurd" qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlayıb. Elə o vaxtlardan da mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi", "Qapqara uzun saçlar" povestlərinin və “Dolu” filminin ssenari müəllifidir. 2005-ci ildən Milli Məclisin deputatıdır. Bir sıra mükafatlara layiq görülüb. 2013-cü ildən sinəsini Azərbaycan Respublikasının “Şöhrət” ordeni bəzəyir...

 

Ötən günlərin söhbətidir, televiziya rəhbərlərindən birinin yanında görüşdük. Birlikdə olduğumuz bir saatda mobil telefonuna gələn zənglər susmaq bilmirdi. Cavablarından hiss edirdim ki, seçiciləri və dostlarıdır. Seçicilər maddi yardım, iş istəyir, dostları isə, kimisi toya, kimisi də qonaqlığa dəvət edirdi. Yorulmursuz ki?- deyə soruşdum. O isə:- “Bəzən yoruluram, amma usanmıram. Çünki elə insanlar var ki, nə qədər kömək etsən də, yenə gəlir, yenə istəyir, bundan insan yorulur. Təsəvvür edin, hər həftə gəlirlər, amma yenə də əliboş qaytarmıram, kimsəni naümid qoymuram. Bəzən elə olur ki, cibimdə pul olmur, milli məclisin yeməkxanasına düşüb, borc alıb verirəm.”- deyə cavab verdi...

 

Gözütox, mərhəmətli, mehriban, ədalətli adamdır. Elə bu xüsusiyyətlərinə görə də Tanrı ondan heç nəyi əsirgəməyib. Necə deyərlər, çin olmayan arzusu qalmayıb. Allahdan nə diləyibsə verib.

 

 “Ən böyük arzum Şuşanı, Ağdamı görmək, Qarabağa qayıtmaq olub. O da, çox şükür, reallaşdı. Tanınmış yazıçı, jurnalist olmaq istəmişəm, o arzuma da çatmışam. İndi arzularım ancaq nəvələrimlə bağlıdır. İnsanlar arzuları bitsə, intihar edər…”- söyləyir.

 

Bəli, haqqında sevə-sevə danışdığım Aqil Abbas xalqın adamıdır, xalqın arasında olmaqdan rahatlıq tapır. Azərbaycanın yazılı tarixində yer tutan, ürəklərdə yuva quran ağsaqqal yazarımızın aprelin 1-də 70 yaşı tamam olur. Yəqin ki, təbrik edənlər, şəninə xoş söz söyləyənlər çox olacaq. 

Qoy, bu yığcam yazı söylənəcək təbriklərə bir başlanğıc olsun! 

Aqil müəllimə növbəti yubileyi münasibəti ilə möhkəm cansağlığı, firəvan həyat arzulayıram. 

Çox yaşa, USTAD!

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsində iştirak üçün müxtəlif şəhər və rayonlardan ümumilikdə 26 min 768 nəfər qeydiyyatdan keçib. İştirakçıların qeydiyyatı fevralın 20 –dən martın 30-dək www.uif.az internet saytı üzərindən aparılıb.

21 nominasiya üzrə nəzərdə tutulan festival həm peşəkar, həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

Üç mərhələdə nəzərdə tutulan festivalın birinci mərhələsi 2023-cü ilin aprel-iyun ayında keçirilir. Bu mərhələdə qalib olmuş iştirakçılar festivalın ikinci mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın ikinci mərhələsi iyun-avqust ayında reallaşacaq. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak hüququ əldə edirlər. Festivalın final mərhələsi Bakı şəhərində 2023-cü ilin sentyabr ayında keçiriləcək. Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

Qeyd edək ki, festivalın əsas məqsədi Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir. 

Festivalın əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

Bu gün böyük bəstəkar Rafiq Babayevin doğum günüdür

Sözün həqiqi mənasında o, böyük bəstəkar idi, Azərbaycan cazından danışarkən hökmən Vaqif Mustafazadənin adı ilə yanaşı onun da adı çəkilirdi. Söhbət bu gün anadan olmasının 87-ci ili tamam olan istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayevdən gedir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rafiq Babayev 1936-ci il martın 31-də Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı, ailədən gələn musiqiçi istedadı, sanki bu gəncin gələcək həyat yolunu müəyyən edib. Yaşlı nəsil o dövrləri yaxşı xatırlayar. 60-cı illərdə dünyanın caz dəbi Azərbaycana da gəlmişdi. Tək musiqi ilə yox, enli  bakenbardlar, uzun saç, klyoş şalvarlar, ipiri köynək yaxalıqları. Bu həmin dövr idi ki, gənclər kommunist sərtləşməsi səngimişdi deyə rahat nəfəs ala və qərb təsirinə düşə bilirdi. 

Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına ilk addımlarını atmış olur.

Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur. Ötən əsrin 60-cı illərində ikinci baharını yaşayan milli caz Rafiq Babayevin töhfələri ilə səsini bir daha bütün dünyaya çatdırır. 1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir. Və çox gözəl bilirsiniz ki, “Qaya” Azərbaycan musiqisi tarixi üçün nə deməkdir. 

Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışır. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəmir. Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.

Həyat yolu Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə kəsişən Rafiq Babayevin hərtərəfli şəxsiyyəti mədəniyyətimizdə öz izini qoymaqla bərabər, yeni musiqiçilər nəslinin nümayəndələri üçün də ilham mənbəyi olan bir məbəddir. 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyası daha sonra bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazdı.

Çox təəssüf ki, böyük bəstəkar faciəli və amansız ölümə tuş gəldi. 19 mart 1994-cü il. Bakı metrosunda törədilmiş terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq artisti, Azərbaycanın caz musiqisi sənətinin yeni parlaq səhifələrini yaradan Rafiq Babayevin də adı var. Qəribədir ki, o, ilk dəfə metroya minirdi həmin gün. Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata elə oradaca əlvida dedi.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

 

AMEA Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AMEA Ədəbiyyat İnstitutunun icraçı direktoru, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənliyə istinadən məlumat verir. 

 

Tədbiri giriş sözü ilə Mehman Həsənli açaraq qeyd edib ki, Bakı Slavyan Universiteti (BSU) ilə birgə təşkil olunan tədbir Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına daha ciddi maraq yetirməyə həsr olunub. O vurğulayıb ki, Azərbaycan-Polşa ədəbi əlaqələrinin çox zəngin tarixi keçmişi var və xüsusilə XX əsrin əvvəllərində bu əlaqələr daha da güclənib: “Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yaranan münasibətlər əlaqələrimizin yeni səhifəsini təşkil etməkdədir. Ədəbiyyat İnstitutu da ədəbi əlaqələrin inkişafına önəmli töhfələr verib”.

Bakı Slavyan Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov isə çıxışında Ədəbiyyat İnstitutu ilə BSU arasında yaradılmış bu cür əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib.

Tədbirdə Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova “Henrik Senkeviç”, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Olqa Tokarçuk”, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Elnarə Abdulrəhmanova “Vislava Şımborska” və polyak diasporasının nümayəndəsi Aleksandr Kostin “Polşa ədəbiyyatının polyak icması və tələbələr arasında təbliği haqqında” məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində BSU-nun Tərcümə fakültəsinin tələbələri polyak ədəbiyyatı nümunələrindən seçmələr səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.