Super User

Super User

Günün fotosu: ruslardan növbəti vəhşilik

 

Baxmut cəbhəsindəki Ukrayna ordusuna silah-sursat və ərzaa daşınması üzrə vacib tranzit məntəqə olan Konstantinovka istirahət günlərində rusların artilleriya hücumuna məruz qalıb. Ruslar mülki obyektləri, yaşayış evlərini bombalayıblar, 6 vətəndaş həlak olub, onlarla vətəndaş yaralanıb. 

Bombalanma nəticəsində şəhərin mərkəzində nəhəng bir dəlik yaranıb. 

Bu barədə Euronews Ukrayna Prezidenti Administrasiyaaının rəhbəri Andrey Yermakın Teleqram kanalındakı məlumatına istinad edərək xəbər yayıb. 

 

Fotonun müəlliflik hüququ: Fotograma EBU

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Monday, 03 April 2023 17:30

Teatr rəhbərləri, hara baxırsınız?

“Ədəbiyyat və incəsənət”in daimi müəllifi Elman Eldaroğlu bu dəfə aktyor İlqar Cahangir barədə yazır. Özü də yazmır, sual qoyub cavab gözləyir əslində. 

 

 

İlqar Cahangiri bu ölkədə tanımayan az adam tapılar. Öz pərəstişkarları olan, sevilən aktyorlardan biridir. İstedadı ilə özünü təsdiq etmiş sənətkarlardandır. Ölkə rəhbəri tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına da layiq görülüb. Di gəl ki, uzun müddətdir işsizdir, rəsmi olaraq heç bir yerdə çalışmır. Nə yaxşı ki, seriallara dəvət alıb ara-sıra rollara çəkilir. Yoxsa tamamilə fəaliyyətsiz qalardı, necə deyərlər, dolanışığını da nizamlaya bilməzdi...

 

Çox maraqlıdır, görəsən ölkəmizdə fəaliyyət göstərən teatrların rəhbərləri haraya baxır. Yəni doğrudanmı İlqar Cahangir bir aktyor kimi onların nəzərlərindən çox uzaqdadır? Onu görmək, iş təklif etmək eləmi çətindir?

Təvazökar olduğundan işsizlik problemini dilə gətirməsə də, sıradan bir pərəstişkarı kimi, inanıram ki, yuxarıda qeyd etdiyim sualların cavabını tapmaqda kimsə bizə yardımçı olacaq...

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayının 7-9 tarixlərində 3 gün dalbadal tamaşaçılarını biri-birindən gözəl tamaşalarla sevindirəcək. 

7 aprel –“Nəğməmə inan”

8 aprel –“Qırmızı papaq”, “Kimdir müqəssir”

9 aprel –“Dəcəl çəpişlər”, “Utancaq qız”, “Baladadaşın toy hamamı”

 

Sonrakı aprel günlərində də teatr maraqlı repertuar təqdim edəcək:

14 aprel – “Molla Nəsrəddinin beş arvadı”

15 aprel –“Qırmızı papaq”, “O olmasın, bu olsun”

16 aprel – “Qızıl cücə”, “Amerikalı kürəkən”

21 aprel – “999-cu gecə”

22 aprel – “Sehrli nəğmə”, “Psix”

23 aprel – “Qoğalın macərası”, “Bəxtiyar”

28 aprel – “Paris Notr-Dama ithaf”

29 aprel – “Məchul pilləkən”, “Utancaq qız” , “Anamın kitabı”

30 aprel – “Buratino”, “Lara Martins Jazz club”

 

Şəkildə: “Nəğməmə inan” səhnədədir

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Sabah Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunacaq.

 

Solistləri dirijor Mustafa Aşurovun rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, ifaçılar Vəfa Vəzirova, Rəvan Qaçayev, Zabitə Əliyeva, Nurlana Abdullayeva, Samir Piriyev və Taleh Yəhyayev çıxış edəcəklər.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Cavid Zeynallının SSRİ-nin siyasi elitasında yer alan Mixail Suslov barədə qeydlərini təqdim edir. 

 

SSRİ-nin məşhur kitab seriyası olan ЖЗЛ (Жизнь Замечательных Людей) - "Görkəmli adamların həyatı" seriyası haqqında yazı oxuyurdum. Boz kardinal Suslovun adı keçirdi. Sonra onun haqqında olan xatirələrin bəzilərinə göz gəzdirdim. 

Deyirdilər ki, Suslov SSRİ-nin ən hiyləgər siyasətçisi idi. Rəhbərlərlə dil tapıb yerini yaxşı salmağı heç kim onun qədər yaxşı bacarmırdı. Təsəvvür edin, Stalin onunla məsləhətləşirmiş. Xruşov üçün əvəzolunmaz kadr olub. Brejnevin isə sağ əli idi. Hətta Brejnevin kürəkəni Çurbanov deyirmiş ki, qayınatam ondan çəkinirdi. Hərçənd, buna inanmıram, amma Çurbanov onu da deyirmiş ki, Brejnev ona Mixail Andreyeviç deyə mürəciət edirmiş. Suslov isə Baş katibi sadəcə Leonid çağırırmış. 

Bu şəxs Saratovda kasıb ailədə anadan olmuşdu. Atası uzun illər Bakıda - neft mədənlərində işləmişdi. Demək, Suslovun formalaşmasında Bakı mühiti də rol oynayıb. 

İçki məclislərini sevməzmiş, oturmağa məcbur olanda onun qədəhinə adi su süzülərmiş. Brejnevlə ova getmirmiş. Brejnev ovdan qayıdanda deyirmiş ki, Suslov bizim hamımızdan çox işləyir, onun ov payını artıq edin. 

Hədiyyə qəbul etməyib. Ən yaxşı halda kitab alıb. O da müəllifin imzası ilə. Şəxsi mülkü olmayıb. Partiyanın ayırdığı mənzildə yaşayıb. Mebellərin arxasında da möhür və bu cümlə: "Sov.İKP MK-nın işlər idarəsi”.

Kreml yeməkxanasında onun üçün sosiska və kartof püresi saxlanılırmış. İnanırmış ki, kommunizm olacaq. Sadə geyinirmiş. Bir dəfə Brejnev iclasda məsələ qaldırıb ki, hörmətli büro üzvləri, gəlin köməkləşib Mixail Suslova təzə palto alaq.

Xruşovun devrilməsinin ideya müəllifi olub. Məşhur cümləsi var: İdeologiyaya qənaət etmək olmaz.

35 il Mərkəzi Komitənin katibi işləyib. Hamıya "siz" deyə müraciət edib. O cümlədən, sürücüsünə də. Sürəti 60-dan yuxarı qaldırmağa icazə verməzmiş. Hamı ilə məsafəli davrandığına görə, heç kim onu yaxından tanımayıb. 

1982-ci ildə, 79 yaşında vəfat edib. Qızıl Meydanda dəfn olunub. Yalan-doğru, ölümündən sonra məlum olub ki, maaşının çox hissəsini Sülh Fonduna köçürürmüş. 

Yəqin ki, bu deyilənlərdə bir az da şişirtmə var. Bəlkə də, heç yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: İnkişaf Perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat bu gün bitəcək. 

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə gəlir. 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində  “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçirilməsi ilə bağlı sizlərə xəbər çatdırmışdıq. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumda  iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür və onlayn qeydiyyat bu gün başa çatır. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aprel ayında klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək. 

 

Sənət ocağı aprelin 6-dan 9-dək - dalbadal 4 gün tamaşaçılarını sevindirəcək. 

6 aprel-“Manqurt” 

7 aprel-“Filumena Marturano” 

8 aprel- “Cəhənnəm sakinləri” 

9 aprel-“Ölülər” 

Növbəti günlərdə isə bu tamaşalar nümayiş olunacaq:

14 aprel - “Dəli yığıncağı” 

15 aprel -“Qətibə İnanc” 

16 aprel -“Ah, bu uzun sevda yolu” 

21 aprel -“Xurşidbanu Natəvan” 

22 aprel -“Zorən şorgöz” 

23 aprel -“Mənim günahım” 

28 aprel -“Şah Qacar”

29 aprel -“Qürbətdən gələn məktublar” 

30 aprel -“Xanuma”

 

Şəkildə: “Manqurt” tamaşası nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Könül Xasıyevanın yaradıcılıq gecəsi keçiriləcək. 

Konsert  proqramında xanəndənin ifasında muğamlarımızla yanaşı, xalq mahnılarımız da səslənəcək. Gecədə həmçinin xanəndənin sənət yoldaşlarının da çıxışları nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

İllərdir ki, Avropada mədəniyyət sahəsində ən böyük hadisə Avropa Bədii Sənətlər Günlərin (Journées Européennes des Métiers d’Art, JEMA/EACD) hesab edilir. Artıq 16-cı dəfə keçirilən tədbir bu il  20 Avropa ölkəsində martın 28-dən keçirilməyə başladı və bu gün - aprelin 3-də yekunlaşır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2002-ci ildə Fransada biennale formatında təsis edilən, özündə sərgilər, konfranslar və digər tədbirləri ehtiva edən bu forum 2011-ci ildən başlayaraq hər il keçirilir. Artıq 2012-ci ildə EACD təşəbbüsündə 20-yə yaxın ölkə iştirak edib. Sevindirici odur ki, Avropa xalqılarının ən zəngin mədəni sənətkarlıq nümunələrini yaşadıb təbliğ edən bu tədbirlərdə bu il ilk dəfədir ki, Azərbaycan da iştirak edir. 

Və ölkəmizdə Avropa Bədii Sənətlər Günlərinin ilk tədbiri xalça sərgisindən ibarət olub. Sərginin təşkilindən məqsəd incəsənətin və Azərbaycanın zəngin mədəni irsinin, qədim xalq ənənələrinin tərkib hissəsi olan xalçaçılıq sənətinin təbliği olub ki, Avropada bu sənətə maraq hədsizdir.

Daimi sərgilər məkanında - “NUR Art House” qalereyasında Avropa İttifaqı, “World Crafts Council Europe” və “The Creative Europe Programme” təşkilatlarının dəstəyi ilə “Arts Council Azerbaijan” istehsalat birliyi ilə birgə təşkil olunmuş xalça sərgisinin açılış mərasimində çıxış edən “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətlər Günləri baharda təşkil edilən Avropa Bədii Sənətlər Günləri iştirakçılara xalq sənətinin ecazkar dünyasını kəşf etmək, ustalarla görüşlər keçirmək, təlim mərkəzlərində onların peşəkar təcrübəsindən faydalanmaq, seminarlara və digər tədbirlərə qatılmaq imkanı verir.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko öz çıxışında sərginin təşkilinə görə Dadaş Məmmədova və “NUR Art House” qalereyasının direktoru Röya Tağıyevaya təşəkkürünü bildirib. 

“NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva çıxış edərək bildirib ki, günümüzdə incəsənət aləminə və xalq yaradıcılığının sirlərinə bələd olmaq üçün təkcə muzeyləri ziyarət etmək yetərli deyil. Qalereyada ilboyu təsviri incəsənətə, dizayna, fotoqrafiyaya və əlbəttə xalçalara həsr olunmuş çoxlu tədbirlər təşkil olunduğu vurğulayan natiq deyib ki, bizim üçün birgə parlaq emosiyalar yaşamaq, ən başlıcası – yaradıcı ideyaları həyatda təcəssüm etdirən insanlarla tanış olmaq üçün gözəl imkan yaranıb. 

Sərginin ekspozisiyalarında istər qədim, istərsə də müasir xalçaçılıq nümunələri təqdim edilir. Tədbir çərçivəsində xalçaçılıq sənəti üzrə ustad dərsləri də təşkil olunacaq. 

Sərgi dünən - aprelin 2-də bağlanıb. 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.