Super User

Super User

Marionet teatrı qərbdə çox populyardır, nə yaxşı ki, bizdə də incəsənətin bu sahəsi dəbə minib. Elə bu günlərdə anşlaqla keçən “Leyli və Məcnun” tamaşası belə deməyə əsas verir ki, kuklalar da öz hissiyyatlarını canlı insanlar kimi verə bilirlər. Maraqlıdır, bəs marionet tetarı yaratmaq çoxmu xərc istəyir? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, marionet tetarı üçün kuklaların  hazırlanmasına uzun vaxt tələb olunur. Bu prosesdə sona kimi heç də cəmi bir nəfər usta iştirak etmir. Bir kuklanın ərsəyə gəlməsinə azından dörd tamam fərqli sənət adamları, mütəxəssislər cəlb olunurlar. Bir usta taxtadan kuklaları bütövlükdə cilalayır, digəri hərəkət-idarə sistemini yığıb formaya salır, başqa mütəxəssis onun geyimini, aksesuarlarını hazırlayır və başqa biri isə kuklanın vizual bəzədilməsi, boyanması işi ilə məşğul olur. Bu mütəxəssisləri bir yerə yığmaq çox çətindir. Olur ki, bu tip işlərdə bəzi məsələləri burda - yerli miqyasda həll edirik, bəzilərinin həlli üçünsə xarici ölkə teatrlarına müraciət edilir. 

Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyir ki, haqqında söz açdığımız “Leyli və Məcnun” tamaşası üzərində işləyərkən kuklaları müxtəlif ölkələrdə bir neçə mütəxəssisin köməyi ilə hazırlayıblar. Ümumilikdə isə bədii və texniki nəzarət, eləcə də kuklaların son yığma işləri özləri tərəfindən aparılır. Xüsusən tamaşada hər bir personaj üçün hazırlanan kuklalar hərəsi ayrı bir zaman müddətində ərsəyə gətirilir. Misal üçün, “Leyli və Məcnun” tamaşasında Məcnun kuklası 2 aya hazırlanıbsa, Leyli kuklasının tamamlanmasına 6 ay vaxt sərf olunub. Hər bir kuklanın baş hissəsinin hazırlanmasına həftələrlə vaxt gedir. Əgər kukla tamaşanın konsepsiyasına uyğun gəlmirsə, prosesi yenidən başlamalı olurlar. Bu isə təbii olaraq xeyli vaxt alır. 

Burada hansısa bir normativ olmadığı üçün kuklaların konkret hazırlanma müddəti də dəqiq bilinmir. Ümumiyyətlə dünyada keyfiyyətli marionet kuklası hazırlayan cəmi 2-3 mütəxəssis var. Təxminən bir marionet kuklasının hazırlanması isə inanılmaz qiymətə başa gəlir. Neçəyə? Deyək! 7-10 min dollara.

 

Şəkildə: Marionet kuklalardan Leyli və Məcnun.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunacaq.

 

Solistləri dirijor Mustafa Aşurovun rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, ifaçılar Vəfa Vəzirova, Rəvan Qaçayev, Zabitə Əliyeva, Nurlana Abdullayeva, Samir Piriyev və Taleh Yəhyayev çıxış edəcəklər.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının poçtunda ötən gün 50 illik yubileyini qeyd edən gözəl şairimiz, portalımızın Redaksiya Heyətinin üzvü Əkbər Qoşalı ilə bağlı ürək sözləri o qədər çoxdur ki, onların hamısını dərc etmək də mümkün deyil. Seçmə yazıların dərcini davam etdiririk, bu gün Təranə Vahid “Sözün Əkbəri” deyir. 

 

 

Təranə VAHİD 

 

SÖZÜN ƏKBƏRİ 

 

Əkbərin təmiz ruhundan havalanan dualar var: “Günün ağ olsun!”duası kimi.

İlk dəfə Əkbər Qoşalını “Azərbaycan gəncləri” qəzetində görmüşəm, yazı gətirmişdi. Yazının içində kəklikotulu çay da vardı və o kəklikotulu çayı elə təsvir etmişdi ki, o çayın ətrini hələ də duyuram... Əkbər yadımda bugözəl yazıyla, bir də üzündəki nurla qaldı. Sonralar biləcəkdim ki, istedadlı asamlar bir-birini elə o nurdan tanıyır...

Əkbərlə iş yoldaşı olmadıq, bir yerdə işləmədik, qonşu olmadıq, ayda-ildə hansısa tədbirdə ya qarşılaşdıq, ya heç qarşılaşmadıq. Amma ədəb-ərkanı, ağayanalığı, sözə, ədəbiyyata, xalqına, millətinə, Türk dünyasına sonsuz sevgisiylə Əkbəri həmişə özümə dost bildim. Zaman   keçdi, çox sular axdı, Əkbərin şeirləri   qanad açıb uçdu, kitabları çap olundu,   Türk dünyasının gənclərini başına toplayıb   türk ruhunu, türk şeirini bir araya gətirdi, minillik bağlar yenidən pöhrələdi. 

Əkbər ədəbiyyat naminə çox işlər gördü.   Amma nə ötən illər, nə qazandığı uğurlar, nə yaşadığı bu qoca şəhər Əkbəri dəyişdirə bilmədi, heç özü də dəyişmək istəmədi; nə duruşunu, nə tövrünü, nə Tovuzlu ləhcəsini...   Əkbərlə bağlı bir xatirə də yadımdadı. “Ulduz” jurnalının “Variasiya” layihəsi vardı.   Heç yerdə çap olunmayan hekayə sonluğu   verilmədən saytda yayımlanırdı. Qələminə   güvənən yazarlar sonluq yazır, müəllif onlardan birini seçirdi. “Vağzaldakı qarı” hekayəmə maraqlı, gözlənilməz sonluqlar   yazanlar çox oldu. Əkbərin yazdığı sonluğu   seçdim. Dostolduğumuza görə yox, Əkbərin yazısında işıq vardı və o işığı - Zəfər işığını indi hər kəs görür... Heç yadımdan çıxmır, Əkbər neçə il öncə bir status paylaşmışdı. Təxminən beləydi ki, mənim Qarabağda çoxlu dostlarım var. Laçından, Kəlbəcərdən... Ən ağır illərdə belə onlarla bir çay süfrəsinə yığışanda hər kəsdən qabaq   qalxıb hesabı verərdilər. Onları həmişə qürurlu, mərd gördüm... Bilmirəm niyə, amma bu status məni kövrəltmişdi...

Dəyərli dostum, mənə elə gəlir ki, sən türkün ayağı dəyən hər yerdə yaşamısan, Səmərqənddə, Buxarada, Aşqabadda, Türküstanda, Bişkəkdə, Tibetdə, Sibirdə, Altayda... Tanrı dağlarında Türk dünyasının birliyi üçün dua eləmisən, türk boylarının ozan gecələrində türk ruhunu öymüsən, Sakit okenadan Atlantik okena kimi baş qurdların başında getmisən və hələ də gedirsən... Nağıl qəhrəmanlarının, dastan   qəhrəmanlarının yaşı olmur, köhnə dostum, nə niyyətin varsa, hasil olsun, ruhun qanadlı, sözün axarlı, ömrün uzun olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli aprelin 28-də saat 10:00-da Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbul edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar aprelin 19-dək nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

MƏDƏNİYYƏT NAZİRİ VƏZİFƏSİNİ İCRA EDƏN ADİL KƏRİMLİNİN BİLƏSUVARA SƏFƏRİNİN TƏFƏRRÜATLARI

 

Əlbəttə ki, bu verilən suala ən yaxşı cavab Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin bu rayona olan işgüzar səfərinin nəticələridir. 

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Adil Kərimli öncə Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib. 

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub. 

Qəbulda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından ümumilikdə 48 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflərdən ibarət olub. 

Görüşdə hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.

Mədəniyyət sahəsində fəaliyyət göstərən kadrların vəziyyəti - bu da mədəniyyətin bir səviyyə göstəricisidir, digəri səviyyə göstəricisi isə mədəniyyət obyektlərinin durumudur. 

Adil Kərimli vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub. Müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonra rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə – Yedditəpə kurqanlarına - qəbir abidələrə də baxış keçirilib. 

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, Biləsuvar rayonu ərazisindəki abidələr, o cümlədən adıçəkilən kurqanlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydiyyata alınıb və mühafizəsi təşkil olunub.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin növbəti səfəri Qobustan rayonuna olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

 

“Ədəbiyyat və incəsənət” “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi Nümayəndəliyi məlumat yayıb.

 

Qeyd edilir ki, aprelin 6-da UNESCO-nun “İpək Yolları” proqramının 35-ci ildönümü Azərbaycan, Çin, Qazaxıstan, Monqolusan, Oman tərəfindən qeyd olunacaq.

“Proqrama forum, sərgi, film nümayişi, elmi simpozium və konsert daxildir. Hamınızı şənlikdə gözləyirik!”, - nümayəndəlikdən bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

 

Builki Avroviziya təmsilçimiz “TuralTuranX” apreldə üç ölkəyə səfər edəcək.

 

Olay.az yazır ki, əkizlər 3 apreldə İsrailə gedəcəklər. Bağmanovlar Təl-Əvivdə səhnəyə çıxacaqlar.

Aprelin 15-də Amsterdamda konsert verəcək qardaşlar səhərisi gün “London Eurovision Party”də səhnə alacaqlar.

Qeyd edək ki, “Avroviziya-2023” mahnımız “Tell me more” ötən günlərdə müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında bu gün portalımızın Güney Azərbaycan təmsilçisi, təbrizli yazar Əli Çağlanın “Dünya tərəzisi” şeirini təqdim edirik. Şeir ictimai motivlidir, insan kədəri ilə cəmiyyət kədərinin bir-birinə qarışmasından bəhs edir. 

 

*

 

Tərəzisi dünyanın,

Heç vaxt taraz olmadı.

Zülüm qaldı ayaqda

Ölüm qaldı ayaqda,

Şənlik biraz olmadı.

 

Ucaldıqca bir qolu,

Demək ki, yüngül oldu.

Bir qol tərəqqi tapdı,

Bir qol tənəzzül oldu.

 

Şahlar qılınc çaldılar,

Qan tökdülər, ay oğlum!

O qanlar toplandılar,

Tərəzinin qolunda,

Yarandı zülüm, zülüm!

Qan tökdülər, ay oğlum!

 

Bir qolu göydə qaldı,

O qol sevinc qoluydu.

O qol həyat qoluydu,

O qol yaşam qoluydu,

Bu yandan da bir qolu,

Qanlar ilə doluydu.

 

Ucada qalan qolun,

Başında bayraq oldu.

Azadlıq bayrağıydı,

Vətənin torpağıydı,

Nədənsə tapdaq oldu.

 

Tərəzisi dünyanın,

Məhkumu hakim etdi.

Heç vaxt taraz olmadı,

Hər nəyin ömrü bitdi.

 

Sən də gözlə ay oğlum,

Yaydan sonra payız var.

Görərsən, keçdi günlər,

Görərsən soldu güllər,

O güllər kimi ömrün,

Görərsən birdən solar.

 

Yaşa, yüngül tərəfdə,

Qoy o qol ağırlaşsın.

Qoy o qolun içindən,

Qalxıb azadlıq daşsın.

Zülümün ağlı çaşsın...

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Monday, 03 April 2023 13:45

O körpüsalandır, o yolçəkəndir…

 

“Ədəbiyyat və incəsənət” portalı Elçin Mirzəbəylinin Əməkdar jurnalist, şair Əkbər Qoşalının 50 illiyinə həsr etdiyi yazısını təqdim edir

 

Yaşadığımız zaman kəsiyi, bəzən   özümüzdən asılı olmayaraq, bizi ən müxtəlif, bir çox hallarda daxili dünyamızla ziddiyyət təşkil edən prosesləriniçərisindən keçməyə vadar edir. Bəzən isə ayaq basdığın yolun səni hansıistiqamətə   aparacağını bilmədən illərlə irəliyə   addımlayır, yaxud irəliyədoğru yürüdüyünü zənn edib yerindəcə sayırsan. Yalnız daşıdığı dəyərlərəsonunadək sadiq qalmağı bacaranlar. İçdən, heç bir təmənna güdmədən Vətən sevdalısı olanlar hansı yola ayaq basmalarından asılı olmayaraq, yürüdükləri yolu belə daşıdıqları dəyərlərə  tabe etdirməyi bacarır, ayaqizləriylə yol içərisindən Yol başladırlar. Dəyərli ülküdaşım Əkbər Qoşalı da yüyürdüyü  yollara ülküsünün işığıyla aydınlıq gətirən, səbriylə, təmkiniylə, təpədən dırnağa Vətən daşlarından hörülmüş xarakteriylə Yolunu naxış-naxış toxuyanlardandır. 

Əkbərin poeziyasından söz açmayacağam. Şeirləri dipdiridi, sözlər, sətirlərbaxışlarına toxunduqca nəfəs alır, canlanır, düz gözünün  içinə baxaraqbozkırların bağrını yaran Türkün minillik sevdasından söz açır, Altaydan Qafqaza qılıncla çapılan yollarda sevgi toxumları cücərdir... 

Əkbər Qoşalı 50  yaşına varır və geridə buraxdığı zaman kəsiyində -təfərrüatına varmayacağam - dünyanın hər üzünü görüb. Hər üzünü... Amma ağ yalanların, boz böhtanların, qara hiylələrin şırnağından millikimliyimizin simgəsi olan üçrəngli bayrağımız kimi dimdik çıxmağı bacarıb, tərkə minməyib, tərk edib... Əkbər körpüsalandır, yolçəkəndir... Tək və Dünya Gənc Türk Yazarlar Birliyi çərçivəsində ülküdaşları ilə birlikdə həyata keçirdiyi layihələr Əkbərin Türk Ədəbiyyatı tarixində öz layiqli yerini alması üçün yetərlidir.

50 yaşın qutlu olsun, Əkbər bəy! Yoluna uğurlar!

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

 

Bu münasibətlə Milli Kitabxanada “Aprel döyüşləri” adlı virtual sərgi sərgilənir

 

 

Heç kəs unudulmur, heç nə yaddan çıxmır! Aprel döyüşlərinin ildönümü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb. 

Kitabxananın yaydığl məlumata görə, sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur. Burda o günlər barədə, verdiyimiz şəhidlər, əldə etdiyimiz ərazilər barədə tam və müfəssəl məlumat vardır. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.

Xatırladaq ki, 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalırdı və ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alırdı. Tarixə aprel döyüşləri kimi düşən dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Və bu ilk zəfər müjdəçisi sonrakı 44 günlük Vətən müharibəsində qələbəmizin təməlini qoydu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.