Super User

Super User

 

Bakı Kitab Mərkəzində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri, rəssam Nazim Məmmədovun ingilis dilində “Khojaly Scream” kitabının təqdimatı olub. Tədbir 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub. 

Nazim Məmmədovun məlumatına görə, təqdimat zamanı qonaqlar onun “Xocalı harayı” sərgisi ilə tanış olublar. Sərginin eksponatları dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda qətiyyətli və rəşadətli mübarizəsini əks etdirir. 

Qeyd edək ki, bu əsərlərin orijinal nüsxələri hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılır. 2002-ci ildə Nazim Məmmədov Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar 40 tablodan ibarət sərgi təqdim etmişdi. Onların hamısı muzeyə hədiyyə olunub. Bu rəsmlər müxtəlif layihələr, o cümlədən xaricdə sərgilənib. “Xocalı harayı” kolleksiyasının materiallar və rəssam Nazim Məmmədovun yaradıcılıq yolu onun oğlu Dadaş Məmmədovun kitabında yer alıb. Kitab 2010-cu ildə Azərbaycan dilində nəşr edilib, indi isə ingiliscə daha geniş oxucu kütləsinə təqdim olunur. 

Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva, teleaparıcı, tarixçi Fuad Axundov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, art-menecer Ülviyə Axundova çıxış ediblər. Sonra Azərbaycan klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

 

Aprelin 3-də Azərbaycanın Macarıstandakı səfirliyində “İki səs, bir sevgi” adlı şeir gecəsi təşkil olunub. 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə baş tutan tədbirdə Çexiyada yaşayan şairə və dramaturq Leyla Bəyim və YARAT Müasir İncəsənət Məkanında İctimai Proqramların rəhbəri, şairə və tərcüməçi Ülviyyə Axundova müəllifi olduqları şeirləri səsləndiriblər. Budapeştdə yaşayan gənc azərbaycanlı pianoçu Sona Ağarzayeva öz ifası ilə poeziya gecəsini müşayiət edib.

Tədbirdə Macarıstanın dövlət qurumları, mətbuat, ictimai-siyasi, elmi və mədəni dairələrinin, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun təmsilçiləri, Budapeşt şəhərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

 

Özü də 3 illik fasilədən sonra 

 

Bu gün Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.

 

Xəbər verdiyimiz kimi, sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”-ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir. 

"AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirir. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya cəmləyir. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir.

“AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və digər ölkələrdən şirkətlər qatılıb. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Budəfəki sərgidə də Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər. 

Qeyd edək ki, sərgi aprelin 6-dək davam edəcək.

Sərgi barədə geniş reportajlarımızı qaçırmayın. 

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Növbəti həyəcanlı xəbəri paylaşırıq. Söhbət havamızın çirklənməsindən gedir. Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Bu barədə sizləri bilgiləndirmişik. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, stansiyalardan əldə edilən göstəricilərin  təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində isə 1.1 dəfə yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, festival aprelin 7-8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində baş tutacaq.

 

Festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak edəcək.

Həmçinin muxtar respublikanın rayonlarından yığılmış müxtəlif çeşiddə göyərtilərin satışı təşkil olunacaq, həm də onlardan hazırlanacaq kətələr nümayiş olunacaq. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyəcək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edəcəklər. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar.

Festivalda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə diplomlar təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Tuesday, 04 April 2023 08:30

Teatrın direktoru işdən çıxarılıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əmək­dar incə­sə­nət xadimi Akif Məlikov işdən çıxarılıb.

“Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

 

A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.

Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.

Xatırladaq ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edilib. Həmin müəssisələrin 65 yaşına çatmış işçisinin müəssisədə çalışma müddətinin uzadılması və ya əmək münasibətlərinə xitam verilməsi barədə qərar müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Tuesday, 04 April 2023 16:30

İran "qırmızı xətti" keçir

Sirr deyil ki, bu gün İranla münasibətlər gündəm təşkil edir. “Ədəbiyyat və incəsənət” aktual mövzulara nüfuz edərək bu mövzu barədə danışmaq istəyir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfərini həzm edə bilməyən İran heç cür sakitləşmək bilmir. Qələbədən ötən müddət ərzində hər gün demək olar ki, İranın təxribatları ilə üzləşirik. Ermənistanla münasibətləri hər addımda dərinləşdirən Tehran rejimi Azərbaycana qarşı təhdidlərini, hədələrini son vaxtlar daha da artırıb. Bu təhdidlərin son günlər açıq müstəviyə keçməsi isə İranın məqsədlərinin nə qədər çirkin olduğunu bir daha göstərir.

 

Azərbaycanın haqlı savaşı zamanı Ermənistana hər cür, o cümlədən hərbi dəstək verən Tehran bu dəstəyini müharibənin bitməsindən sonra azad etdiyimiz sərhəd boyu zonanın qarşı tərəfində irimiqyaslı hərbi təlimləri ilə bir daha ortaya qoydu. Maraqlı və sual doğuran nüans odur ki, Azərbaycanın sözügedən sərhədi 30 il Ermənistanın işğalı altında olduğu müddətdə İran bir dəfə də olsun burada hərbi təlim keçirməmişdi. Nəinki hərbi təlim keçirməmiş, ümumiyyətlə, Ermənistanın 30 il ərzində İranın müsəlman qardaşı olan Azərbaycanın ərazilərini işğal etməsini bir dəfə də pisləməmişdi. Vətən müharibəsindən sonra isə Ermənistan sərhədlərinin toxunulmazlığını İranın "qırmızı xətti" elan etdi.

Bundan başqa, İran həyasızlığını davam etdirərək, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərindəki separatçı tör-töküntüləri üçün qeyri-qanuni yük daşımalarını da sürdürürdü. Yalnız Azərbaycanın kəskin və qətiyyətli addımlarından sonra Tehranın bu həyasızlığının qarşısı alındı.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli bəyanatında nəzərdə tutulan kommunikasiyaların və yolların açılmasını nəzərdə tutan müddəanın icrasına bu gün məhz İranın əsas maneə olduğu şübhəsizdir. Ermənistandan çox İran Azərbaycanın qərbi ilə Naxçıvan arasında quru yolunun bərpasını əngəlləyir. İqtisadi tərəfləri ilə yanaşı, İran bu məsələnin siyasi ağırlığı altında da inildəyir.

İranın Ermənistanın Qafan şəhərində tələm-tələsik konsulluq açması, eləcə də əhalisinin mütləq çoxluğunu Azərbaycan türklərinin təşkil etdiyi, bütün dünya azərbaycanlılarının özünə mənəvi paytaxt bildiyi Təbrizdə Ermənistan konsulluğunun açılmasının planlaşdırıldığına dair bəyanatlar Tehranın hansı bəd oyunların başında durduğunu göstərir.

İranın terror dövləti olduğu bütün dünyaya məlumdur. Tehran çirkin məqsədlərinə çatmaq üçün terrora əl atmaqdan heç vaxt çəkinməyib. Bu ilin əvvəlində Azərbaycanın Tehranda səfirliyində törədilmiş terror aktı bunun bariz nümunəsidir.

Səfirliyin bir əməkdaşının şəhid olması, ikisinin yaralanması ilə nəticələnmiş silahlı hücumun Tehran rejiminin planlaşdırdığı və həyata keçirdiyi terror aktı olduğu heç kimdə şübhə doğurmur.

Diqqət çəkən məqam ondan ibarətdir ki, İran təhdidlərini təkcə Azərbaycana deyil, onun ən yaxın müttəfiqi Türkiyəyə qarşı də yönəldir. Azərbaycan-Türkiyə ittifaqından, qardaşlığından hədsiz narahatlığını gizlətməyən Tehran rejiminin son hərəkətləri Bakı ilə yanaşı, Ankaraya da ünvanlanıb.

Tehran rejiminin son günlər səsləndirdiyi bəyanatlar, atdığı addımlar artıq onun bütün "qırmızı xətləri" keçdiyini söyləməyə əsas verir. Dünyanın nüfuzlu ölkələrinin terror təşkilatı kimi tanıdığı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hazırladığı son animasiya videosunda Araz çayı üzərindən Azərbaycan tərəfə uçan hansısa quşun sonradan kamikadze dronlara çevrildiyi əksini tapıb. Animasiya görüntüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "Laçın" şeirini səsləndirməsi ilə müşayiət olunur.

Sabah mövzuya digər aspektdən yanaşmağa çalışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasının aparıcısı Habil Yaşar bu dəfə kitabsevərlərdən “O hansı kitab olub ki, bir dəfə oxumanıza rəğmən dəfələrlə oxumaq istəmisiniz?” sualına cavab alıb

 

Tural Nəbiyev, müəllim

Bu cür kitablar çoxdur. Ancaq “Səfillər” romanını oxuduqca oxumaq istəmişəm.

 

Lətifə Abbasova, yazar

Mən adətən həmişə oxuduğum əsərləri tək bir dəfə oxuyuram və oradaki hadisələr məni cəlb edərsə yaddaşıma həkk olar bəzi məqamları. Amma vaxti ilə İlyas Əfəndiyevin “Sarıkoynəklə Valehin dastanı” əsərini bir neçə dəfə oxumuşam, hətta onu ozumlə uzaq Sibirə də aparmışdım, elə orada bir neçə dəfə oxudum.

 

Ceyran Məmmədova, hal-hazırda işsiz

Rəşad Nuri Güntəkin "Dodaqdan qəlbə" romanını.

 

İradə Allahverdiyeva, müəllimə

Əlibala Hacızadənin “Ayrılığın sonu yoxmuş” romanını.

 

Mətanət Məhərrəm, müəllimə

İkinci dəfə oxumaq istədiyim kitab olmayıb...

 

Səadət Qənbərova, yazar

Çox kitabları dönə dönə oxumuşam. İstər xarici, yəni dünya ədəbiyyatı, istərsə də öz ədəbiyyatımız. Viktor Hüqonun əsərlərini. “Səfillər”ini. Lev Tolstoyun “Anna Karenina”sını. Azərbaycan ədəbiyyatından Əlibala Hacızadənin bütün əsərlərini, İlyas Əfəndiyevin "Dağlar  arxasında  üç dost", Cəmşid Əmirovun`"Qara  Volqa" əsərlərini.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

 

 

 

 

 

Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən 9-dək Bakıda qastrolda olacaq.

 

Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.

Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayacaq.

İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirəcək.

6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.

Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.

Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.

“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gələcək. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətiriləcək. Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəri olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Yaz-yay mövsümündə ziyarət üçün dünyanın ən gözəl şəhərlərinin siyahısı açıqlanıb

 

Niderlandın paytaxtı Amsterdam şəhəri yaz-yay mövsümündə səyahət etmək üçün dünyanın ən gözəl şəhəri adlandırılıb.

Reytinqdə liderlik edən Amsterdam artıq bir neçə ildir ki, ifrat sayda turist axınına qarşı fəal kampaniya aparır. Bəli, başqaları günüm günorta çağı çıraqla turist axtarır, Amsterdamsa turist əlindən bezib. 

 

 “Bounce” turizm tətbiqinin keçirdiyi tədqiqatın nəticələrinə istinad etsək, reytinqin tərtibi zamanı orta yağıntı miqdarı, temperatur və bahar mövsümündə bu və ya digər şəhərdə nə ilə məşğul olmağın mümkün olduğu araşdırılıb.

Baharda dünyanın ən gözəl və ziyarət edilməli şəhərlərinin onluğu belədir: 

 

Amsterdam (Niderland), 

London (İngiltərə), 

Praqa (Çexiya), 

Pekin (Çin), 

Roma (İtaliya), 

Las-Veqas (ABŞ), 

Paris (Fransa), 

Vyana (Avstriya), 

Melburn (Avstraliya) 

Los-Anceles (ABŞ). 

 

Amsterdam siyahıda bahar fəslinə təsadüf edən çox sayda tədbir və bayramların sayəsində liderlik edir. Misal üçün, aprelin 27-si Kral günündə insanlar Kral Villem-Aleksandrın doğum gününü qeyd etmək üçün narıncı rəngdə paltar geyinərək gecə gec saatlaradək rəqs edirlər.

Bahar, həmçinin Kekenxof Kral parkında nəfəs kəsən lalə sahələrini ziyarət etmək üçün də ilin çox uyğun fəslidir. Bu parka paytaxtdan gəlmək çox asandır.

Bundan başqa, baharda Amsterdamda şəhər parklarında pikniklər çox populyardır. Xüsusən şəhər sakinləri və turistlər Vondel parkında yığışmağı çox xoşlayır.

Amsterdamın turistlər arasında ən populyar Avropa şəhərlərindən biri olduğuna baxmayaraq, şəhərin özü qonaqlara, ən azından, ilk növbədə, böyüklər üçün əyləncələrlə cəlb olunanlara, o qədər də şad deyil.

Bundan əlavə, artıq 2023-cü il mayın ortasından Amsterdamda turistlər üçün yeni davranış qaydaları qüvvəyə minəcək.

 

Şəkildə: Amsterdamı hədər yerə lider çıxarmayıblar ki…

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.