Super User
İnsanlar işbazların əsarətində
MİLLƏT VƏKİLİ RÜFƏT QULİYEV ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ DİQQƏT YÖNƏLDİR
Müəyyən sahələrdə qeyri-peşəkarların meydan sulamasına adət etmişik. Keyfiyyətsiz, necə deyərlər, “geydirmə” olan pal-paltar, ayaqqabı, məişət texnikasını da istismar etməkdən çəkinmirik. Amma ərzaq sahəsində keyfiyyətsizlərə, geydirmələrə meydan vermək olmaz. Çünki əks təqdirdə sağlamlığımıza və həyatımıza ciddi təhlükə yaranar. Və çox yaxşıdır ki, ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərməkdədir və o, ərzaqla manipulyasiya edənlərə qarşı amansızdır. Agentlik bir neçə gün öncə Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayaraq cəmiyyəti xəbərdar etmişdir.
“AQTA-nın məlum addımını qətiyyətlə alqışlayır və dəstəkləyirəm". Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına millət vəkili Rüfət Quliyev Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığının aşkarlanmasından danışarkən deyib. O vurğulayıb ki, AQTA-nın monitorinq siyasətini bəyənir: “Tək apteklər yox, bütün ticarət şəbəkələrində bu formada yoxlamalar həyata keçirilməlidir. Həm vaxtı keçmiş, həm də tərkibi müvafiq qaydalara uyğun olmayan saxta məhsulların istehsalçıları, satıcıları ilə mübarizə aparmaq lazımdır. Hüquq mühafizə orqanları da məsələyə müdaxilə etməlidir. Saxta qidaların satışını reallaşdıran istehsalçılar insanların həyatını təhlükə altında qoyurlar. Bu, böyük problemdir".
Millət vəkili portalımız vasitəsilə istehlakçılara da müraciət edib:
"Alıcılar istər aptek, istərsə də ticarət şəbəkələrində saxta qida məhsullarını gördükdə hüquq mühafizə orqanları, AQTA, İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng edib, xəbər verməlidirlər. Biganə qalmaq olmaz. Bu gün istehlakçılar analoji məhsulu görüb, almırlarsa, o demək deyil ki, sabah heç bir tanış, qohum, qonşuları həmin qidadan zəhərlənməyəcək. Xahiş edirəm ki, bütün alıcılar çox diqqətli olsunlar. İctimai nəzarət də buna deyirlər".
Gəlin elə bu yerdə oxucularımıza bildirək ki, insan orqanizmi üçün müstəsna əhəmiyyət kəsb edən orqanik bitki yağlarını yalnız tanınmış və sınanmış firmaların məhsulları arasından seçmək vacibdir. Bu sırada “Herba flora”, “Azərsun”, “Ataşah” kimi brendlər əsas yer alır.
Şəkildə: AQTA-nın aşkarladığı saxta yağlar, habelə “Ataşah” brendinə məxsus müxtəlif çeşidli keyfiyyətli yağlar.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Dünya Gənc Türk Yazarlar Birliyi yeni kitab ərsəyə gətirib
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə - Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri” adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni kitab nəşr olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Kitabın redaktoru yazıçı-publisist Kənan Hacı, eksperti şair-publisist Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibçiləri DGTYB üzvləri Həsən Kür və Ayşən Rəhim, dizayneri isə Əli Zeynalovdur. Onu da qeyd edək ki, adıçəkilən kitabın Sumqayıt şəhərində, Samux rayonunda, Mingəçevir şəhərində və Gədəbəy rayonunda 44 günlük Vətən müharibəsi iştirakçılarının, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat törənləri təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu davam edir
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir. Müraciətlər üçün ən son tarix iyulun 1-dir.
Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.
Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:
• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.
• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
• Tamaşaçı rəğbəti mükafatı.
• Tərəfdaşların xüsusi mükafatları.
Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin
50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.
“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
“Qəribsəyən gecənin tənha bir əsiriyəm...” - Aysel Səfərli
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında çoxdandır ictimai mahiyyət kəsb edən, habelə fəlsəfi və didaktik şeirlər dərc edilirdi. Oxucularsa təbii ki, daha çox sevgi şeirləri arzulayırlar. Bu dəfə məhz növbədə sevgi şeiridir, Aysel Səfərli “Darıxıram” deyəcək.
*
Mən darıxmaq adında ən uzun yuxu yatan,
Gözlərini boşluğa geniş açan biriyəm.
Otağının qapısı sabaha bağlı qalan,
Qəribsəyən gecənin tənha bir əsiriyəm...
Əllərin əllərimdə sevginin son ifası,
Ən həzin nəğmə fonum səndən gələn zəng səsi.
Sübhə sağ çıxmaq üçün, yat, yuxun şirin deyən,
Hər axşam gözlədiyim uzaqdakı nəfəsin...
Bir salxım göz yaşını gilələyər yanağım,
Axar yuxu yerinə şeir kirpiklərimdən.
Darıxar ayrılığın qollarımda boş yeri,
Həsrətin sübh çağına bir ah çəkər dərindən.
Hər axşam boş səmada buludu tapdayıram,
Göyün ətəklərini yığıram ayaq altdan...
Çoxdandı unutmuşam yerdəki adamları,
Bilmirəm nə baş verir, daha aşağı qatda...
Mən darıxmaq adında ən uzun yuxu yatan,
Gözlərini boşluğa geniş açan biriyəm.
Otağının qapısı sabaha bağlı qalan,
Qəribsəyən gecənin tənha bir əsiriyəm...
Elə darıxıram ki...
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
“Mən dəyərəm min cavana” musiqili komediyası nümayiş olunub
Aprelin 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” ikihissəli musiqili komediyası nümayiş olunub. Qeyd edək ki, komediya illər öncə də repertuara daxil idi, indi restovrasiyadan sonra yenidən səhnəyə yer alıb.
Olduqca gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən illər keçsə də, o, yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır. Tamaşanın budəfəki nümayişində Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal və sənət ocağının digər əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanıb. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə böyük sənətkarın 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişib və 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə bir təskinlik kimi təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Killers of flower the Moon - Skorzesenin Di Kapriolu və De Nirolu şedevrinin mayın 20-də premyerası olacaq
Çoxdandır ki, kinoindustriya kuluarlarında, kino dərgilərində və kinosevərlərin arasında bir ad dolaşır: “Killers of flower the Moon” - dilimizə tərcümədə “Çiçəkli Ayın killerləri”.
Rejissoru dünyaşöhrətli Martin Skorseze olan və Hollivud ulduzları Leonardo Di Kaprionun baş rol aldığı filminin premyera vaxtı və yeri nəhayət ki, məlum olub: Mayın 20-də Kann şəhərində təşkil olunacaq Beynəlxalq Kann Film Festivalı çərçivəsində Lumier Böyük Teatrında!
“Ədəbiyyat və incəsənət” portalı film.ru saytına istinadən xəbər verir ki, triller və vestern janrında olan filmin premyerasında rejissor Martin Skorseze və aktyor Leonardo Di Kaprio ilə yanaşı filmdə yer alan daha bir ulduz - Robert De Niro, eləcə də Cessi Plemons və aktyor heyətinin digər üzvlərinin qırmızı xalçadan keçməsi gözlənilir.
Ekran əsəri Kann Film Festivalının rəsmi proqramında iştirak edəcək, lakin onun əsas müsabiqədə iştirakı hələlik bəlli deyil. Bu barədə aprelin ortalarında keçiriləcək ən nüfuzlu Avropa kinoforumunun təşkilatçılarının mətbuat konfransında açıqlama veriləcək.
Qeyd edək ki, filmin hüquqları “Apple” şirkətinə məxsusdur. “Paramount Pictures”la əməkdaşlıq edən “Apple” şirkəti “Çiçəkli Ayın killerləri” detektiv dramını cari ildə oktyabrın 6-da kinoteatrlarda kütləvi nümayişə buraxacaq. Ekran əsərinin geniş formatda nümayişinə isə Şimali Amerikada oktyabrın 20-dən etibarən başlanılması planlaşdırılır. Kinoteatr nümayişlərindən sonra film bütün dünyada “Apple TV+” videoyayım platformasında yayımlanacaq.
İndi isə oxucularımızı maraqlandıran əsas sual: film nə barədədir?
“Ədəbiyyat və incəsənət”in əldə etdiyi bilgilərə görə, film Devid Qranın elmi populyar “Çiçəkli Ayın killerləri. Neft. Pul. Qan” romanının motivləri əsasında çəkilib. Filmin ssenari müəllifləri rejissor Skorzese özü, habelə Erik Rotdur.
Ekran əsərindəki hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən yerli Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.
Xatırladaq ki, rejissor Martin Skorseze üçün Kann kinifestivalı doğmadır və o özü Franaanın kəhraba sahilini çox sevdiyini dəfələrlə dilə gətirib. 1976-cı ildə müsabiqə proqramında təqdim olunan "Taksi sürücüsü" filminə görə Skorzese “Qızıl palma budağı" mükafatına layiq görülüb. Sonradan o, müntəzəm olaraq kinofestivalda iştirak edərək "İşdən sonra" filminə görə ən yaxşı rejissor mükafatını alıb.
Və heç şübhəsiz, tam əminliklə deyirik, əgər Skorzesenin Killers of flower the Moon şedevri Kann festivalının müsabiqə proqramına daxil edilsə, qalibiyyət əldə edəcək. Zira, belə filmlər on ildə bir dəfə çəkilir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
“İnsanın özünə təsəlli verməsi qədər acınacaqlı bir səhnə yoxdur...” – Tural Atəşin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Tural Atəşin hekayəsi ilə tanışlıqdır.
NƏSR
Tural ATƏŞ
SƏRHƏD UZAQDAYDI...
İnsanın özünə təsəlli verməsi qədər acınacaqlı bir səhnə yoxdur...
Sərhəd uzaqdaydı...
Yaralı bir ayaq, hiss etmədiyin əl, boynunda can verməkdə olan adam... “Çata bilməyəcəksən...” deyən məntiqimi dinləyə bilməzdim, məni irəli dartan tək şey ümid idi... Başımı qaldırıb “yaxınlaşdıqmı” deyə baxsam da, fərq yox idi. Sanki yerimdə sayırdım. Mən getdikcə sərhədi əvəz edən sıra dağlar uzaqlaşırdı.
İyirmi dəqiqə olardı ki, fasiləsiz addımlayırdım. Geriyə dönüb baxmaq zamanım belə yox idi. Hər an arxadan açılan atəş səsi, ardınca köksümü dəlib keçən istilik, üz üstə yerə yıxılmaq, isti qan... Belə bir şey olacağını düşünür, bütün gücümlə irəli dartınırdım. Buradan mümkün qədər uzaqlaşmalı idim.
Leytenant boynumda arada nəsə deyir, tərpənməyə çalışırdı. Ayağımın altında xırçıldayan qar, təngnəfəsliyin gətirdiyi xışıltı onun zəif pıçıltısını eşitməyə imkan vermirdi. Nə danışdığını başa düşmür, “hardayıq?”, “çatmadıqmı?” soruşduğunu düşünürdüm. Yalandan ümid vermirdim, sadəcə, “hələ var”, “möhkəm ol!” deyib davam edirdim.
Qar bəzi yerlərdə dizimi keçirdi. Hər yan ağappaq idi. Arada qarın altından boylanıb qaralan qayalar, başındakı ağ yükdən xilas olmuş ağaclar bu sonsuz ağlığın sərhədsiz olmadığını deyirdi. Relyefin kələ-kötürünü itirən bu ucsuz-bucaqsız hamarlığı arabir rastlaşdığım heyvan ləpirləri pozurdu. Ətraf qorxunc dərəcədə səssiz idi. Bu sükutu, sadəcə, bir az aralıdan axan, üzü donmuş çayın zəif şırıltısı qismən pozurdu. Soyuq idi, çox soyuq...
Boynumda yaralı bir adam, zorla yeriyirdim... Arada o qımıldanıb dikəlməyə çalışanda tarazlığım pozulur, hərəkətsiz qalmağını xahiş edirdim. Bəzən səssiz qalırdı, “yəqin, huşunu itirib” düşünürdüm, öldüyünü fikirləşmək istəmirdim. Onu torpağa vermək haqsızlıq olar. Leytenant elə-belə adam deyil...
Qarın içi ilə çox gedə bilməyəcəyimin fərqində idim, sürətimi azaldırdı. Dərə ilə axan çaya doğru irəlilədim. Açıqlıqda hərəkət etmək peşəkarlığa zidd olsa da, başqa yolum yox idi. Buzun üstündə daha sürətlə gedirdim. Arada suyun daşlara çırpıldığı yerlərdə buz olmurdu, yenidən qara bata-bata getməyə məcbur olurdum... Taqətim tükənirdi. Lakin dayanmaq olmazdı, buralardan mümkün qədər aralanmalı idim. Bir azdan hava da qaralacaqdı. Canavarların, çaqqalların qan iyinə gələcəyi bəlli idi...
Hazırlıqsız yaxalanmışdıq. Yoxsa bizə heç nə edə bilməzdilər. Bir hərbi hissəni belə qıracaq qədər peşəkar taqım idik. Leytenant da bizimlə idisə, vəssalam... O, elə-belə adam deyildi. İndiyə qədər tanıdığım kəşfiyyatçılar içində o qədər cəsarətli, taktikalı, sərrast birini görməmişdim. Taqımda hamıdan cüssəsiz olsa da, həmişə bizdən bir addım öndə olurdu.
Hazırlıqsız yaxalanmışdıq... Bizim işdə təsadüf deyilən bir şey yoxdur, gəldiyimizdən öncədən xəbər tutmuşdular... Əməliyyatı yerinə yetirə bilməmişdik... Güman ki, taqımdan, yalnız ikimiz həyatda qalmışdıq. Onlardan da geriyə kiminsə sağ qaldığına inanmıram, yoxsa çoxdan arxamızca gələrdilər. Amma bu, mənim şansımı artırmırdı. Ən qısa vaxta hadisə yerinə gələn dəstək izlərimizi aşkarlayacaqdı. Qarın örtmədiyi bir parça ərazi də yox idi ki, izimizi itirək... Şaxta iliyimə işləyirdi. Soyuq havanın yeganə avantajı oksigen bolluğu idi. Yoxsa çiynimdə snayper, boynumda leytenant, heç iki kilometr gedə bilməzdim...
Sərhəd uzaqdaydı...
Başqa yolum yox idi. Dayana bilməzdim. Aldığımız təlimlər sayəsində ayaqda dura bilirdim. Normal bir adam bu şəraitdə çoxdan yerə yıxılıb donub ölməyini gözləyərdi. Bizə ölmək belə qadağan idi. Hər şəraitdə sağ qalmaq öhdəliyimiz idi...
Birdən-birə həngamənin içinə düşmüşdük. Özümüzü toplayana qədər bizdən iki adam vurulmuşdu. Leytenant necə vuruldu, anlamıram. O, ruh kimi bir adam idi. Qumbaralar olmasa, bizə heç nə edə bilməzdilər. Leytenanta silah ver, dünyanı qırıb qurtarsın. Adam silahla bütünləşirdi sanki. O həngamənin içində gözünü belə qırpmırdı. Qorxu hissi ona yad idi, savaş başlayanda o sakit, daim gülümsəyən, mədəni adamın içindən elə bil bir canavar çıxırdı...
Letenantın həyatda qalacağına ümidimi itirmişdim artıq... Ailəsinə ölümünün necə deyiləcəyini düşünürdüm. “Oğlunuz bir qəhrəman idi...” Bu onlar üçün nəsə ifadə edəcəkdimi? Atasının, anasının, bacısının necə haray çəkib ağladığı gözümün önündə gələndə bədənimdən gizilti keçdi. Ən dəhşətlisi isə, atası gəlib məndən “oğlum necə öldü?”, “son nəfəsində səninlə idi, nə dedi?” desə, nə cavab verəcəkdim?... Ağlımdan keçənlərdən dəhşətə gəldim. Əllərim boş olsa, başıma bir yumruq atardım! “Düşünmə, davam et, enerjini başına deyil, ayaqlarına sərf et!”
Qulaqlarım hələ də güyüldəyirdi. Bu qarşılaşma onlar üçün də ağır olmuşdu. Hər tərəf cəsədlərlə dolmuş, qar tala-tala qırmızıya boyanmışdı. Yaraladıqlarım bir yana, dörd adamı tək mən öldürmüşdüm. Leytenantın məndən ən az iki-üç dəfə çox adam vurduğuna əmin idim. Qumbaralar... Zibilə qalsın qumbaraları. Çox xain, mənasız şeydirlər...
Görəsən, öldürdüklərimiz hara gedəcək? Cənnətəmi, cəhənnəməmi? Biz ölsək, hara gedəcəyik? Onlarla eyni yerə? Lap deyək ki, hamımız cənnətə getdik, orada qarşılaşdıq? Cənnətdə də atışacağıq? Tanrı buna nə deyəcək? Yəqin, yetərli bir izahı olacaq. Ağlımdan keçənlərə bax! Bunlar mənim işim deyil, molla deyiləm. Cənnət də, cəhənnəm də rədd olsun. Dayanmamalıyam... Boynumu zorla dikəldib irəli boylanıram.
Sərhəd uzaqdaydı...
Atəş səsləri kəsiləndən sonra özümü topladım. Leytenant yanımda qıvrılırdı. Qanım süzülə-süzülə onu zorla sürüyüb bir az hadisə yerindən uzaqlaşdırdım. İkimizi də qan aparırdı. Sol əlim parçalanmışdı, barmağımın biri üzülüb sallanırdı. Barmaqsız əlcəyimi belə çıxarmadım. Qış geyiminin üzərindən geydiyim nazik, ağ kamuflyajı bir zülmlə cırıb barmağımı yerinə qoyub əlcəkqarışıq sarıdım. Sonra baldırımı da... Leytenantın gicgahının qanı dayanmırdı. İlk onu sarıdım. Sol tərəfini deşib keçən güllə yarasını sarımağın bir mənası yox idi, daxili qanaxma olacaqdı. Amma birtəhər sarğı qoyub onu boynuma aldım. Ağrı belə hiss etmirdim. Yaralarımdan çox şalvarın üzərindən baldırıma qoyduğum sarğı məni narahat edirdi, hər addım atdıqca dartılır, sanki nəyəsə ilişmişəm kimi ayağımı çəkişdirirdi.
Leytenantın gicgahından boynuma damlayan qanın istiliyini daha hiss etmirdim. Ya qan dayanmışdı, ya da şaxtadan elə sarğıdaca donurdu... Artıq qımıldanmırdı. Ölmüşdü? Bir anlıq bu ucsuz-bucaqsız dərələrdə yalnız və yaralı olmağın vahiməsi çökdü canıma. Sürətimi artırmağa çalışsam da, olmurdu. Olmurdu... Bayaqdan boynumda daşıdığım Leytenantı tutduğu üçün hərəkətsiz qalan əllərim keyimişdi. Yavaşca qollarımı yanıma salıb silkələdim. Bir az keyi açılsın. Belimi bir az irəli əyib leytenantı tutmadan əllərimi oynada-oynada yeriyirdim. Heç on addım getməmişdim ki, sürüşüb tappıltı ilə boynumdan yerə düşdü. Yüngülləşdim. Dərindən bir nəfəs alıb başının üstündə yerə çökdüm. Qımıldanmırdı. Çox zəif nəfəs alırdı. Əlimi üzünə qoydum, az qala buzlamışdı... Çağırdım... Cavab yox idi.
Hava toranlaşırdı. Səma aydın olsa da, günəş görünsə də, elə bil alov şəkli idi; görüntü var, istilik yox... Onu boynuma qaldırmağa çalışdım... Mümkün olmayacağını anlayıb yenidən dizlərim üstə çökdüm... Sanki yerdən qaldıra bilmədiyim üçün sevinmişdim. Bu fikirdən səksəndim, bədənimə, ruhuma yad bir düşüncə idi... “Daşımamaq üçün bəhanə axtarırsan, əclaf?!”
Onu apara bilməyəcəyimi anlayırdım... Artıq mənası da yox idi. Leytenant ölürdü...Yaşam instinkti onu qoyub getməyi hökm edir, məntiqim, iradəm buna tabe olurdu... Başqa yolum yox idi... Ətrafa boylandım. Onu gizləmək üçün yer axtardım. Sürüyüb bükəkdəki kolun dibinə gətirdim. Bura qoyub getməyi düşünürdüm. Bir anlıq onu canlı-canlı parçalayan canavarlar gəldi gözümün qabağına. Vicdanım sızladı. Müharibəyə lənət oxudum. Hönkürmək istədim... Ağlamağı unutmuşdum. Bu necə bir peşədir, İlahi, insani duyğuları belə zamanla unudursan... Hər öldürdüyün adamla bir az ölürsən...
Gücümü topladım. Qaldırıb kolun başına qoymaq istəyirdim. Heç olmasa insan kimi... “Ölsün” deməyə dilim gəlmədi. Ona elə dərin bir sayğım var idi ki. Gözünü qırpmadan hamımız üçün ölümə gedərdi... Əlində-ovcunda nə olsa, bizimlə paylaşırdı. Bəzən mənə elə gəlirdi ki, ona “ömründən iki il mənə ver” desəm, adəti üzrə, səssiz-səssiz gülümsünüb “yaxşı” deyərdi. Heç vaxt anlamırdım: peşəsi adam öldürmək olan birində bu qədər böyük ürək necə ola bilər?
Əllərim tutmurdu daha. Taqətim yox idi. Onun hərəkətsiz, arıq bədənini kolun başına qaldıra bilmədim... Yenə zülüm-zülüm ağlamaq istədim. Çarəsizlik ölümdən dəhşətli imiş... Kaş ki, möcüzə baş verəydi... Bizim işdə möcüzələr yox idi, möcüzəyə inanmaq da. Bizim işdə möcüzə özünsən, dəstək özünsən.
Onu kolun dibinə uzatdım. “Barı bir şey olardı, üstünü örtərdim... Görəsən, yerimdə olsaydı, məni qoyub gedərdimi? Getməzdi! Bəlkə də, yanımda dayanıb, elə özünü də mənimlə ölümə tərk edərdi.
Kaş ki, leytenant həkim olardı... Bir cərrah. Pasiyentləri üçün əlindən gələni edərdi. Təmənnasız. Kaş ki o, öldürməyi deyil, yaşatmağı özünə peşə seçərdi, hamıdan uzaqda, bir dərədə, kolun dibində təkcə ölməzdi...
Son sözlərini demədən getməyi də ağır gəlirdi. Yanında eləcə dayanmışdım. Üzünə baxmağa ürəyim gəlmirdi. Ölüb-ölmədiyini belə yoxlamağa cəsarətim çatmırdı. Gözünü qırpmadan insanları qıran, nə qədər cəsəd görən biri qarşısında hərəkətsiz duran adamın üzünə baxa bilmirdi... Qalmağın mənası yox idi. Getməli idim. “Bağışla, qardaş, bağışla” deyib yalvardım. Dikəldim. Həm bir az dincəlmişdim, həm də dik gedə bilirdim. Daha sürətlə addımlayırdım, daha ümidlə... Qorxa-qorxa baxışlarımı üfüqdə dolandırdım.
Sərhəd uzaqdaydı...
Qaçmağa çalşsam da, alınmır. Üstəlik, buzun üstündə sürətli gedəndə daha çox sürüşürəm. Susuzluq da bir yandan. Bu soyuqda nə susuzluqdur gəlib, anlamıram. Dodaqlarım quruyub. Dilimi çıxarıb islatmaq belə istəmirəm. Ağzım donur. Dodaqlarımı kip sıxmışam... Özümə “dayanmaq olmaz” deyə təlqin edirəm. Leytenantsız daha çox yol qət etsəm də, itirdiyim qan, yorğunluq, gərginlik nəfəsimi kəsir. Snayper də bir yandan çiynimi salır. Başqa vaxt əlimdə diş çöpü kimi sərbəst oynatdığım sevimli silahım belə yükə dönüb...
Silahların içində ən sevdiyim elə snayperdir. İncə, füsunkar, qəmzəli... Onu sevirəm. Bir-birimizə bağlanmışıq. Onun nazı ilə oynamaq mənə zövq verir. Tətiyini belə həmişə yumşaq sıxmışam. Bir ad da vermişəm – "Mjolnir!"
Yunan mifolojiyasında tufan tanrısı Torun çəkicinin adı olub. Ordan götürmüşdüm. Mənası “dağıdıcı”, “ildırım” deməkdir. Onu Tora sirli-sehrli sənətkarlığı ilə məşhur olan ustalar – mağaralarda yaşayan cırtdanlar düzəlmişdi. Torun çəkici sahibinə bağlı idi, hara atsa da, düşməni öldürdükdən sonra yenidən Tora qayıdırdı. Həm də Mjolnir yalnız öldürücü silah deyildi, o həyat da verə bilirdi. İkili xüsusiyyətinə görə o çəkicə heyran olmuşdum. “Kaş elə bir silahım olardı” deyə arzulayırdım uşaq vaxtlarımda. Mənim snayperim də mənə bağlı idi. Üstəlik, təkcə məhvedici silahı deyildi, düşmənlərə ölüm, dostlarıma isə həyat idi. O qədər adamı qoruyub ki mənim Mjolnirim...
Məncə, silahların içində qadına bənzəyən bircə snayperdir. İşini uzaqdan, hay-küysüz görür. Sakitcə dayanıb lazım olan anda ortaya çıxmağı yaxşı bacarır. Zərif, lakin güclü, qadınlar kimi həssas.
Mjolniri düşmən torpağına atıb getmək ağır gəlirdi. Xainlik idi. Amma təsəllim var idi yenə; mənsiz bir heçdir, özümü xilas etməliyəm... Onu çayın kənarında iri daşın altına soxdum. Silahsız özümü çılpaq hiss edirdim. Bir-iki addım getməmiş yazda sel gələndə qumun altında qalacağını düşündüm. Qayıdıb daşın altından çıxardım. Çaydan bir az aralıda kolun içinə soxdum. “Mütləq, geri gələcəyəm Mjolnir, gələcəyəm” – dedim... Deyəsən, bu təsəllini ondan çox özümə edirdim, qurtulacağıma dair bir ümid verirdim özümə... İnsanın özünə təsəlli verməsi qədər acınacaqlı bir səhnə yoxdur...
Çayın bitdiyi yerə çatmışam. Yolun ən çətini burdan sonra başlayır. Sərhədə qədər dağa dırmanmaq... Oradan sonra necə olacağını da bilmirəm. Ancaq ümidliyəm... Yamaca dırmanmağa başlayıram. Buz parçasına dönən ayaqlarım bədənimi saxlaya bilmir. Addımlarımın arası 20-25 santimetr ancaq olar. Özümə hökm etməyə çalıram. Bu addımlarla sərhədə çatmağım mümkün deyildi ki. Dırmanmağa davam edirəm. Dərədən uzaqlaşdıqca küləyin gücünü də hiss edirəm. Qarı sovurub üzümə çırpır. Kirpiklərimdən, qaşlarımdan qırov sallanır. Önümü görmək çətinləşir... Ayaqlarım sözümə baxmır. Büdrəyirəm. Əllərimi havaya atsam da, dayana bilmirəm. Donmuş barmaqlarım kol-kosdan tutub məni saxlaya bilmir. Dərəyə yuvarlanıram. Gözlərim yumulu, donmuş əllərimi sağa-sola atıram... Tappıltı ilə dərəyə düşürəm... Dağın, qarın, küləyin, müharibənin var-yoxunu söyürəm yana-yana. Yıxıldığı üçün torpağa qəzəblənib ağlayan uşaq kimi hiss edirəm özümü. Hər şeyi güllələmək istəyirəm. Boğazımdan içəri dolan qarı keyimiş əllərimlə təmizləmək olmur. Az-az əriyib bədənimə axır...
Zorla dırmandığım 20-30 metr məsafə mənə ekvator qədər uzun görünür. Köpək kimi əllərim yerdə, dizlərim üstə başımı aşağı sallayıb dayanıb dincəlirəm. “Yaxşı ki, suya düşmədim. Bu şaxta ilə elə burdaca donardım...”
Dizlərim üstə dayanmışam. Sakitləşmişəm bir az. Hər şey elə qəribə gəlir ki... Nədir insanların dərdi? Nəyin davasıdır axı? Niyə sülh içində yaşaya bilmirik? Ağızdolusu “müharibə”, “müharibə” deyənlər, görəsən, heç savaş görüblərmi? Sevdiyin insanların gözünü önündə parça-parça olmasını, qiymətli adamları ölümə tərk etməyin dəhşətini dərk edirlərmi? Mərminin bədənini dəlib keçməsini, sümüklərinin parçalamasının necə hiss etdirdiyini bilirlərmi? Ya da bədəninə bitişik olmalı olan ayağının səndən üç metr aralıda necə göründüyünü, “bu, mənim ayağımdırmı?” deyə dəhşətlə özünü yoxlamağını anlayırlarmı? Məncə, müharibəyə can atan adamların çoxu şüuraltı olaraq hesab vermədən, həbs olunmadan adam öldürmək arzusunda olanlardır. Adam öldürmək asandır, əsas məsələ bununla yaşaya bilməkdir. İnsanlar dəhşətli canlılardır...
Sərhəd uzaqdaydı...
Məsafə azalsa da, yolum çətinləşmişdi. Hava qaralırdı. Çovuyan qardan ətrafı görə bilmirdim. Artıq yerimək mümkün deyildi. İməkləyə-iməkləyə dırmanırdım. İndi daha diqqətli idim, bir səhvlə dərəyə yumbalanacağımı öyrənmişdim. Bəzən qarın xırçıltısını eşidəndə diksinirdim. Bura qədər canavarların arxamca gəlməməsi şansım idi... Şans?! Dediyim sözə gülməyim gəldi. Bu gün şans sərhəddən daha uzaqda idi... Tapançamı yoxladım. Üzərimdə idi... Canavarlar gəlsə... Axmaqlayıram. Donan barmaqlarım tətiyi sıxa bilməz. Canavarlar gəlsə, bədənimi necə parçaladıqlarına, ətimi didikləyib acgözlüklə udmaqlarına şahid olmaqdan başqa yolum olmayacaqdı... Üstəlik, burada atəş açmaq diri-diri gömülmək demək idi. Silahın gurultusundan o dəqiqə qar uçqunu başlayardı. Bu nəhəng kütlənin altında diri-diri gömülərdim. Canavarlar yaxşı idi. Açıq səmaya baxaraq ölmək diri-diri gömülməkdən daha ləyaqətli, daha asan ölümdür...
Ümidim də donur, deyəsən... Acınacaqlıdır, az öncə leytenantın öldüyünü ailəsinə necə deməyi düşünmüşdüm. İndi öz ölümüm... Təntənəli bir dəfn mərasimi, bütün qohumlar, yaxınlar doluxsunub... Evimizdəki ah-nalə ətrafa yayılır... Hamı dalımca ağızdolusu danışır, uşaqlıqda necə qanacaqlı, ürəkli olduğumu deyir. Qısası, adamın ölümə tamahı düşür. Amma anam... İnanmıram məndən sonra yaşaya bilə. “Hərbiyə gedirəm” deyəndə əlini dizinə çırpıb bircə dəfə “eləmə, qurbanın olum...” demişdi. Dirəşməmişdi. Bilirdi ki, dedimsə, edəcəyəm. Dikbaş, saymazyana olmuşam. Kaş ki olmazdım...
Görəsən, bir mühəndis, ya da şöhrətli idmançı olsam, ölümüm necə olardı? Hərbçi olmasaydım, insanlara daha faydalı nə ola bilərdim? Uşaqlarımla, qadınımla bir evdə yaşlanmaq, qışda qonşularla, dostlarla yığışıb domino oynamaq...
Sürünürəm. Heyrətə gəlirəm, bu qədər yolu necə dırmandım, anlamıram. Həyat eşqi necə bir gücdür, necə bir sirdir ki, insanı ölməyə belə qoymur?! Başqa vaxt kiminsə belə şərtlərlə bu qədər yolu gəldiyini desəydilər, bircə kəlmə “basıb bağlamayın” deyərdim...
Şaxta şiddətlənib. Dodaqlarım, deyəsən, donub bir-birinə yapışıb. Aralamaq istəyirəm, ağzım açılmır... Gücüm tükənib. Sərhədə çox yaxınlaşdığımı bilirəm. Çünki nisbi maili yerdə olduğumun fərqindəyəm. Başımı qaldırmağa heyim yoxdur. Son gücümü ancaq irəli dartınmağa sərf edirəm... Artıq iməkləmirəm, sürünürəm. Ya da süründüyümü, davam etdiyimi düşünürəm. Fərqində deyiləm. Üzüm soyuq qara dirənsə də, heç nə hiss etmirəm. Beynimin əllərimə, ayaqlarıma “irəli” deyə verdiyi komandanı bədənim yerinə yetirirmi? Ayaqlarımı, əllərimi, həqiqətən, tərpədirəmmi? Bəlkə, mənə elə gəlir? Bəlkə, bayaqdan donmuşam, bilmirəm? Ölmüşəm, bəlkə, xəbərim olmadan? Ölmüşəmsə, deməli, ölüm o qədər də əziyyətli, çətin deyilmiş. Əksinə, çox rahat... Nə düşünürəm-düşünüm, fərqi yoxdur, beynim “dayanmaq olmaz!” deyə əmr edir, irəli dartınıram...
Yerdən qaldırıldığımı hiss edirəm. Zorla gözümü açıram, qarın içindən dik götürüb sürətlə aparırlar. Nə danışdıqlarını, kim olduqlarını, hara apardıqlarını bilmirəm. Dostmu, düşmənmi, anlamıram. Səslər eşidirəm, lakin qavraya bilmirəm eşitdiklərimi. Hər yer yenə qaranlıqlaşır, gözlərim yumulur... Anlamıram, qaralan mənim həyatımdırmı, yoxsa gecə düşüb...
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Esra Gezginci Azərbaycan haqqında sənədli film çəkib
Türkiyənin tanınmış aparıcısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Esra Gezginci “Əsrarəngiz Azərbaycan” adlı sənədli film ərsəyə gətirib. Film aprelin 2-də Azərbaycan İctimai Televiziyasının efirində yayımlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənədli filmin əsas mövzusu Azərbaycanın mədəni irsi, folkloru, xüsusilə Qarabağın tarixi, həmçinin Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləridir.
Esra Gezgincinin sözlərinə görə, “Əsrarəngiz Azərbaycan” filmində Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan səyahəti əks etdirən ümumilikdə 10 veriliş çəkilib.
Qeyd edək ki, sənədli film daha öncə Türkiyənin NTV kanalında izləyicilərə təqdim edilib. Verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışan E.Gezginci Şuşanın önəmi barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Uşaqkən bol xəstələnmələri, mülkiyyə məktəbində erməni müəllim tərəfindən incidilməsi, faciə janrının banisi olması…
Nəcəf bəy Vəzirovun doğum gününə
Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirovun anadan olmasının 169-ci ildönümü tamam oldu. Azərbaycan ədəbiyyat tarixinə bələd olan çox az adam tapılar ki, ona “Yağışdan çıxdıq yağmura düşdük”, yaxud “Müsibəti–Fəxrəddin” adları tanış olmasın.
Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli özünüdərk hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Nəcəf bəy Vəzirov 1854–cü il aprelin 2-də Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində, evin tək oğlu olaraq dünyaya göz açıb. Yazıçının uşaqlığı fərəhsiz keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşüb. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olub. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, o, on iki yaşında məktəbə gedib və tez bir zamanda oxuyub–yazmağı öyrənib.
Nəcəf ilk təhsilini dini məktəbdə alıb. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Bəli, elə buradanca qabardaq ki, ermənilərin xalqımıza qarşı öz torpaqlarımızdakı basqısı hələ o vaxtlardan mövcud idi. Mülkiyə məktəbində erməni müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir.
O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.
Gimnaziyada oxuyarkən N.Vəzirovun böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H.Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır.
O xatirələrində yazır: “1873–cü ildə altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.
N.Vəzirov 1874–cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olunmaq istəyir. Lakin attestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəmədiyindən Moskvaya qayıdır və sentyabrda Petrovski–Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.
Onun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H.Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir. 1878–ci ildə N.Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Daha sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. 1890–cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N.Vəzirovun xoşuna gəlmir.
Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradır. N.Vəzirov 1903–cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.
1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.
1913–cü il noyabrın 15–də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışıb. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edib. Azərbaycanda aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyib.
Nəcəf bəy Vəzirov 1926–cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyulun 13–də orada ürək çatışmazlığından vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Milyonların sevimlisi İbrahim Tatlısəs Bakıya gəlir
Mayın 20-də “Baku Crystal Hall” səhnəsində Türkiyənin sevilən müğənnisi, "İmperator” ləqəbli sənətçi İbrahim Tatlısəsin "Əfsanə geri dönür!" adlı konserti təşkil olunacaq.
Öz bənzərsiz ifaları ilə milyonların sevgisini qazanan məşhur müğənni illər sonra yenidən Bakıda öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)