Super User
“Məhəbbətin dərsi” – Aydın Tağıyevin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı qocaman yazıçı Aydın Tağıyevin “Məhəbbətin dərsi” hekayəsini təqdim edir.
Məktəb yaşlı, tənha müəllimin bağlı-bağçalı xudmani evinin beş-on addımlığında idi.
Tənəffüs vaxtı məktəbdə uşaqların səs-küyünə, qıy-qışqırığına deyinənlər, darılanlar da var idi. Təkcə yaşlı, tənha müəllim bu səslərdən hərdən köks ötürsə də, xoşhal olurdu. Yay vaxtı məktəbdə dərslər kəsiləndə də müəllimin həyətindən uşaq səsləri gələrdi. Müəllim öz bağında növ-növ ağaclar əkmişdi və o ağacların meyvələri yetişən vaxtlar həyətinin darvazası həmişə açıq olardı.
Müəllimin bağçasında kiçik bir qızılgül kolluğu da var idi. Bu kolluqda yaz-yay, payız-qış həmişə qızılgüllər ətir saçırdı. Müəllim o güllərdən öz əli ilə dərib uşaqlara versə də, bərk-bərk tapşırmışdı ki, bu güllərə ondan icazəsiz toxunmasınlar. O, bağa girib bəzən heç dəyməmiş kal meyvələri də dərib yolan ağlıkəsməz dəcəllərə təkcə bunu qadağan etmişdi.
Müəllim o gül kollarının üstündə əsim-əsim əsirdi. Səbəbi təkcə özünə məlum idi. Bağdakı ağacların mer-meyvəsinə qızırqalanmayan yaşlı müəllimlərinin güllərə qarşı bu xəsisliyi uşaqları arabir heyrətləndirirdi. Qış ayları idi. Qızılgül kollarından yalnız birinin üstündə üç gül qalmışdı. Sazaq olsa da, müəlim yenə də o gül kolunun yanında lal-dinməz dayanmışdı. Əyilib kol üstündəki gülləri qoxladı. Elə bil ilıq nəfəsi ilə həm də onları isitmək istəyirdi. Köks ötürüb ağır-ağır koldan uzaqlaşdı. Səhər yuxudan oyanan kimi heç əl-üzünü yumamış yenə bağa keçdi. Ayaqlarının altında axşamdan donub buz bağlamış qar xırçıldadı. Müəllim gözlərinə inanmadı. Kolun üstündəki üç qızılgül gecə ikən dərilmişdi. Bu kimin işi ola bilərdi. Ətrafı dörd gəzib dolandı. Heç bir izə-ləpirə rast gəlmədi. Birinci növbə dərsi yox idi. İkinci növbə yuxarı siniflərə dərs deyirdi. Zəng çalınmışdı. Müəllim hələ də fikirli idi. Bu kimin işi ola bilərdi. Özünün dəfələrlə xəbərdarlığı bir yana, qışın gecə sazağının qılınctək kəsdiyi bir vaxtda hansı qocaq bağa girib o qızılgülləri qoparıb aparmışdı?..
Müəllimin sinfə girməyindən xəbər tutmayan qızlar bir rəfiqələrinin başına yığışıb hay-küy qopartmışdılar. Qız əlindəki qızılgülləri onlara göstərib, xoşbəxtcəsinə qəhqəhə çəkib gülürdü. Yaşlı müəllim quru-quru öskürdü. Oğlanlı-qızlı bütün uşaqlar yerlərini tutdu. Ola bilməzdi. Bu güllər onun həyətindəki koldan dərilmişdi. Bəs bu nə iş idi. Müəllimlərinin duruxub fikrə getdiyini görən sinifdəki ən zirək, dilli-dilavər bir qız ayağa durub izahat verdi ki, müəllim, bəs bu gün rəfiqəmizin ad günüdür. Bu gülləri ad günü münasibətilə ona hədiyyə ediblər. Müəllimin sifətinin qırışığı birdən-birə açıldı. Üzünü “səbəbkar”a tutub: – Mən də səni təbrik edirəm, qızım, – dedi.
Məsələ məlum idi. Gülləri qıza sevdiyi oğlan hədiyyə etmişdi. Müəllimin həssas baxışları sinfin oğlanlarında gəzdi. Bir oğlan başını az qala partanın altında gizlətmək istəyirdi. Həmin oğlan üç gün dalbadal onun dərslərindən yayınsa da, müəllim ona qayıb yazmadı. Sinif yoldaşları ilə ona xəbər yollayıb evinə çağırdı. Oğlanı bağçaya, qızılgül kollarının yanına apardı. Mehriban bir səslə: – Bax, oğlum, yazda gəlib kolların hərəsindən bir cubuq kəsib apararsan, həyətində özün əkib becərərsən, – dedi.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
“Öz dilimin varlığı Mənim üçün bayramdır” – Əyyub Türkayın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Əyyub Türkayın uşaq şeirləri ilə tanışlıqdır.
UŞAQ ŞEİRİ VAXTI
ƏyyubTÜRKAY
XARIBÜLBÜL
Niyəçoxdurdəyəri,
Bildimxarıbülbülün;
AdınıŞuşamızla
Birçəkirlərbugülün.
Artıqbugülçevrilib
Qələbənin rəmzinə.
Sevilərəkdöşənib
Qarabağındüzünə.
Birzamandüşmənlərə
Əsirdüşmüşdügülüm.
İndi azadlıqdadır
Mənimxarıbülbülüm.
8 NOYABR
Yenitariximizin
8 Noyabrgünü.
Zəfəriminyayılıb
Səsi, sədası, ünü.
Oxuyuramdərslikdə
44 günlüksavaşı.
Bir-birinəqarışmış
Sevinc, kədər,gözyaşı.
"Zəfər" sözü, sənnecə
Möhtəşəm, ucaadsan.
Qulağımdasəslənir:
Şuşamız, sən azadsan!
PAYIZYAĞIŞI
Birazdanqızılpayız
Qapımızıdöyəcək.
Əsənmöhkəmküləklər
Ağaclarıəyəcək.
Məniisladabilməz,
Tez-tezyağanyağışlar.
Leysandanqorunmağa
Nəqəşəngçətirimvar.
Ürəyiaçığammən,
Gəlin, çətriməqonaq.
Yağışlı, soyuqgündə
Gəzək, mehribanolaq.
QARYAĞIR
Bir bax, necəqar yağır,
Əhvalımız şən olsun.
Sankigöydən nur yağır,
Qar, sənə əhsən olsun .
Dümağ qarım, yağ bağa,
Yağ təpəyə, yağ dağa.
Sən səbəb ol marağa,
Sevincimiz tən olsun.
Xizəkləri tez sürək,
Lopa-lopa qar görək,
Çoxlu oynayaq gərək,
Ömrümüz gülşən olsun.
Üşüsə də əlimiz,
Nəğmə deyər dilimiz,
Üzdə açar gülümüz,
Elimiz də şən olsun.
MƏNİM ANA DİLİM
Öz tarixi günü var
Mənim ana dilimin.
Azərbaycandır adı
Mənim doğma elimin.
Öyrəndim əlifbanı
Birinci sinifdə mən.
Sevinərək yazıram,
Əziz ana, can Vətən!
Dilimizi qorumaq
Ən uca, xoş məramdır.
Öz dilimin varlığı
Mənim üçün bayramdır.
GÖRMƏMİŞ İPƏK
İpək adlı pişiyim
Miyo-miyo səs edir.
Bu səsi ilə deyir,
Tez ol, sən məni yedir.
Başqası yemək atsa,
Gedib onu da yeyir.
Onun bu hərəkəti
Yaman xətrimə dəyir.
Deyirəm zəhmətimi
Gəl unutma, ay İpək.
Yoxsa mənim gözümdə
Olarsan acgöz köpək.
TOPLANIN QORXUSU
Mənim üçün alıblar
Böyük oyuncaq pələng.
Tamam zolaq-zolaqdır,
Həm gözəldir, həm qəşəng.
Bizim balaca Toplan,
Onu gördü, duruxdu.
Qorxudan mırıldayıb,
Görün, necə karıxdı.
Yaxın gedib iylədi
Qorxa-qorxa pələngi.
Bildi ki, canlı deyil
Meşələrin nəhəngi.
CƏMİLİN YUXUSU
Kitabları əzməyi
Cəmil çox xoşlayırdı.
Əlinə keçən kimi
Cırmağa başlayırdı.
Girdi bir gün kitablar
Cəmilin yuxusuna.
Onlar səbəb oldular
Uşağın qorxusuna.
Kitablar danışırdı
Bir-birinin dilindən.
Əl atıb yapışdılar
Oğlanın kəkilindən.
Hərəsi öz haqqını
Tələb edirdi ondan.
Cəmil heyrətə gəldi
Bu qorxulu oyundan.
O diksinib oyandı,
Kitabları axtardı.
Onları incitməyi
Birdəfəlik qurtardı.
BALACA RƏSSAM
Türkay şəkillər çəkir,
Rəngdən alır ilhamın.
Qələmi əldən düşmür
İki yaşlı rəssamın.
Bir iş var ki, biləsiz,
Rəsmi çəkir divarda.
Nənəsi gülüb deyir,
Usta lazım ağarda.
Atasıyla bağçaya,
Getdi balaca rəssam.
Daha şəkli vərəqdə
Çəkdi asanca rəssam.
“Ədəbiyyat və incəsənət”
(06.05.2023)
Gələn bahar bəlkə də, gəlib məni görmədi…
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikaaında yenidən Əlizadə Nuridir, bu dəfə “Zindan” adlı şeiri ilə.
Xəyal qovur dünənə,
Qovur yenə bu axşam.
Uşaqlıq şəklim də yox-
Bilim uşaq olmuşam.
Yenə də yarpaqları,
Külək çırpır tut kimi.
Gözəl kötükdü… sınmış
Ağaca tabut kimi.
Ötüb keçdim hamını,
Özümə çatmaq olmur.
Boğulduğum dəryada
Bəs niyə batmaq olmur?
Bir ağ bulud boylanır,
Göy üzünün damından.
Yenə də yağış damır
Gecənin yanağından…
Sözdən yüngül gələrəm,
Amma səsdən ağıram.
Sən axar su kimisən-
Axırsan… mən baxıram.
Qoy sevim bu baharı,
Təzə girib- körpədi.
Gələn bahar bəlkə də
Gəlib məni görmədi.
…Çağırdım son dostu da,
Çıxmadı səsə… yoxmuş.
Sən demə, bu dünyada
Allahdan kimsə yoxmuş…
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
Azərbaycan ədəbiyyatından hansı əsərin filmə çəkilməsini istərdiniz?
“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasının aparıcısı Habil Yaşar bu dəfə kitabsevərlərdən “Azərbaycan ədəbiyyatından hansı əsərin filmə çəkilməsini istərdiniz?” sualına cavab alıb.
Tural Nəbiyev, müəllim
Əslində Azərbaycan ədəbiyyatında filmə çevrilməsi gərəkən çox kitablar var. Bunların sırasında tarixi əsərlər ön plana çıxmalıdır. Bu gün kitabın az və ya heç oxunmadığı zamanlarda filmə çəkilmə həmin tarixlərin öyrənilməsinə təkan verər. Bu mövzuda Şah İsmayıl, M.Ə.Rəsulzadə və digər tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinə həsr olunmuş filimlərimizi görmək istərdim.
Malik Məmmədov, təqaüdçü
Hələ də Çingiz Abdullayevin Dronqosuna film çəkilməyib, bu xoşagəlməz faktdır.
Mətanət Məhərrəm, müəllimə
Varisin "Sonuncu ölən ümidlərdir" əsərinə.
Ceyran Məmmədova, hal-hazırda işsiz
Heç birini.Bizimkilər film çəkə bilmirlər. Özüm oxuduqca beynimdə çizdiyim film daha gözəl alınır
İradə Allahverdiyeva, müəllimə
Nizami Gəncəvinin “Xəmsə”sinə film çəkilsə əla olar. Elə Habil Yaşarın “Yeddinci ayın yeddisi” romanına çəkilən film də pis alınmaz məncə.
Lətifə Abbasova, yazar
Azərbaycan Ədəbiyyatında keçmişdə olanları demiyəcəyəm. Çünki indiki gəncliyi keçmis əsərlər çox da maraqlandırmır. Amma müasir gozəl bir əsər olsa istərdim film çəkilsin. Məsələn, sevgi mövzusunda. Bir də ki, şəhidlərimizə aid gözəl filmlər gormək istərdim.
Səadət Qənbərova, yazar
Əlibala Hacızadənin "Təyyarə kölgəsində” romanına film çəkilsə
Bütün reytinqləri qırar.
Zabitə Nəsirova, elmi işçi
Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının motivləri əsasında “Təhminə” filmi çəkildi, amma çox zəif. İstərdim o romana daha güclü rejissor, məsələn, Timur Baydarov film çəkəydi.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
Bu gün Yarat-ın “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgisi açılır
Bu gün Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgi açılacaq. Aprelin 6-da açılacaq sərgi 10 gün davam edəcək.
“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.
Qeyd edək ki, sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
Bu gün Molla Pənah Vaqifin anım günüdür
306 yaşlı şairin xatirəsinə Azərbaycan xalqının əbədi sevgisi var
Molla Pənah Vaqif ömrünün son illərini Qarabağ xanının vəziri olaraq Şuşada yaşamışdı. Vaqifin yaradıcılığının məhsuldar illəri məhz bu dövrə təsadüf edir.
1797-ci ildə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy hakimiyyətə gəldikdən sonra şairi oğlu Əli bəylə birlikdə edam etdirir. Camaat Vaqifi Şuşada böyük şərəflə dəfn edir. Məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Molla Pənah Vaqif təxminən 1717-ci il aprelin 6-da Qazax mahalının Yuxarı Salahlı kəndində doğulub. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilib. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini bilir, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdi. Vaqif lirika, qoşma və qəzəl janrında mükəmməl əsərlərin müəllifidir.
Aprelin 6-sı Molla Pənah Vaqifin anım günüdür. Ruhu şad olsun.
Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyir ki, Ulu Öndər, böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olanda həm poetik, həm də siyasi təfəkkürünə rəğbəti olan Molla Pənah Vaqifə 1982-ci ildə Qarabağın həmaili olan Şuşada heykəl qoydurdu. Şairin məzarı üstündə məqbərə-kompleks ucaldıldı. Məqbərə-kompleks Cıdır düzünə yaxın bir ərazidə inşa olunmuşdu. Dördkünc quruluşa malik idi. Türbə inşa edilərkən türbə relyef, arxitektura baxımından dağlıq massivə uyğunlaşdırılmışdı. Türbədə Vaqifin heykəltəraş Albert Mustafayevin hazırladığı büstü qoyulmuşdu.
Vaqifin məqbərə-kompleksinin açılış mərasimində çıxış edən Ümummilli Lider Heydər Əliyev Şuşanı Azərbaycanın tarix və memarlıq abidəsi kimi dəyərləndirmişdi. 1982-ci il yanvarın 14-də keçirilən tədbirdə iştirak edən gənc şairlər Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsini təklif etmişdilər. Böyük tarixi şəxsiyyət təklifi müsbət qarşılamış, hətta "Mən özüm də gəlib iştirak edəcəyəm", – demişdi. Məhz Ulu Öndərimizin dəstəyi ilə Vaqif Poeziya Günləri Şuşanın işğalına qədər davam etdi.
Şuşa işğal olunanda ermənilər digər tikililər kimi türbəni də dağıtmışdılar. Vətən müharibəsində Zəfərimizdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada nəhəng bərpa və quruculuq işlərinə start verildi. Təsadüfi deyildir ki, Şuşada quruculuq işləri böyük Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin türbəsinin yenidən qurulması ilə başladı. 2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfərində abidə-kompleksin yenidən qurulması barədə tapşırıq verdi. Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə inşa etdirdiyi məqbərənin eynisini İkinci Qarabağ müharibəsində qazanılan Zəfərimizdən sonra Prezident İlham Əliyev yenidən inşa etdirdi. Bu, dövlətimizin başçısının Azərbaycan mədəniyyətinə, incəsənətinə verdiyi dəyəri nümayiş etdirir.
2021-ci il avqustun 29-da Vaqifin məqbərəsinin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında xüsusi məqamlara toxunaraq bildirdi ki, təxminən 40 il bundan əvvəl, şaxtalı-qarlı havada, o da atası ilə birgə Vaqifin məqbərəsinin açılışı günündə iştirak edib. İkinci dəfə isə Şuşaya 1982-ci ilin iyul ayında Vaqif Poeziya Günləri keçiriləndə gəlmişdim. Prezident İlham Əliyev dedi ki, biz ikinci dəfə Vaqifin məqbərəsinin açılışını qeyd edirik: Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı.
S.Xasayevanın sözlərinə görə, Vaqifin adını daşıyan və tarixin müxtəlif dönəmlərində yaradılan məqbərə 306 yaşlı şairin xatirəsinə Azərbaycan xalqının əbədi sevgisini özündə təcəssüm etdirir.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
Gəlibdi həsrət artıq, yolum-izim dumandı - “Qəzəl saatı”nda Lilpar Cəmşidqızıdır
“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında Sumqayıtda yaşayıb-yaradan şair Lilpar Cəmşidqızının qəzəllərinin dərcini bu gün yekunlaşdırır. Buyurun, son 4 qəzəllə tanış olun.
***
Könül çıxardı bir gün, dar olmasaydı xanə,
Ağıllı bir sevən də, verərmi qüssə canə.
Dedim məhəbbətinlə gəl oynama əzəldən,
Könül veribsən artıq, o qaşları kəmanə.
Nə Leyli var, nə Məcnun yaman dəyişdi dövran,
O çöllərin tozunda, de kim düşüb dumanə?
Sevib- sevəndə insan, qanadlanır səmadə,
"Məhəbbətin"dəmindən, olur könül miyanə.
Sevənlərin çoxunda, bitib- gedib sədaqət,
Yalanla doğdu insan, nə eyləsin zəmanə.
Bu bəhridən çıxanlar, boğulmayır cahanda,
Ömür sürən zamanda, gəlir qayıq limanə.
Qızılgün yanında o xəstə bülbül olsa,
Bulaq başında hər gün ətir səpərdi nanə.
Ötüb- keçən məhəbbət, qayıtmayan qatardı,
Kədərlə yol gedənlər, edir bunu bəhanə.
Nələr alıbdı səndən, nələr veribdir aləm ,
Susur könül də Lilpar, dolanda sevgi qanə.
***
Pəncərədən gələr külək, bağlamamış, əsər keçər,
Yar qayıdar bu gün səhər, gəlməsə görsənər keçər.
Gəl görüşək deyər mənə, bax nəfəsim gəlir gedir,
Gör necə il sıxılmışam, dar küçədən qəhər keçər?
Çöldə yağış döyəcləyər, daş divarın yuyar üzün,
Göydə bulud sıxar gözün, göy çəmənə tökər keçər.
Gözlərimin dərinliyin, görmək üçün baxar bir az,
Çayda batıb boğulmamış sahilinə üzər keçər.
Mən necə söyləyim ki, yar inciməsin, darıxmasın,
Yoxsa gələr görər məni, bir sənəlik küsər keçər.
Məktubunu sətir- sətir mən oxuyum cavab verim,
Çox düşünüm bir az gərək ağzını yar büzər keçər.
Gör nə qədər yazılmamış kəlməsi var, bu Lilparın,
Bir qəzəlin içindəkin, ağladaraq gülər keçər.
***
Düşərdimi bir eşqə, könül vurulmasaydı?
Axardımı damardan o qan durulmasaydı?
Nə sevgi vardı indi, nə ülvi bir məhəbbət,
Nə Adəm ilə Həvva, cahan qurulmasaydı.
Cəhənnəm ilə Cənnət, dolub daşardı hər gün,
Bilərdi səhvin insan, günah sorulmasaydı?
Fəğan edərdi bülbül, qızılgülün dəmindən?
Açanda gül budaqdan o xar sarılmasaydı.
Cəfa çəkən bir aşiq, dözərdi min bəlayə,
Külək gələrdi hardan, o cam qırılmasaydı?
Tutub bərabər aşiq, içəndə qəm şərabın,
O fərqi bilməz idi, ürək yarılmasaydı.
Yazardı burda Lilpar, tapıb qələm və dəftər,
Cilid- cilid kitablar, əgər yorulmasaydı.
***
Xəyali-yarə yetsəm, görüşməyim gümandı,
Gəlibdi həsrət artıq, yolum-izim dumandı.
Vüsalına ümid yox, qayıtmayır ki, zalım,
Zəhər tökür dilindən, o bəxtəvər yamandı.
Vurulmuşam o bilmir, bir od yanır içimdə,
Ki, oxlayan yaxamdan, o qaşları kamandı.
Gözümdə sellər oynar, tutanda yar əlimdən,
Bir azca diqqət etdim ki, tutduğum samandı.
Bu sevgidən səmər yox, yalançıdır məhəbbət,
Gedən bu bəxti bizdən, gətirməyən zamandı.
Mənim bu qanlı könlüm sıxışdırır yaxamda,
Döyəcləyəndə köksüm, deyim ki, qəhrəmandı.
Nə arzudur, nə istək, bilinməyir xəyalın,
O gözlərin də, Lilpar, oxunmamış romandı.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir
“Heydər Əliyev İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə elan edilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində eyniadlı müsabiqə elan olunur.
Yaşı 21-ə qədər şəxslər aprel ayının 25-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, öz adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.
Güllər mövzusunda olacaq əsərlərdə ölçü və texnika sərbəstdir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyası üçün ayrıca sərgi açılacaq. 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət edilə bilər. Sərgilər Xətai Sənət Mərkəzində təşkil olunacaq.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat və fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, festival və müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Şəkildə: Uşaqlar gül rəsmi çəkməyi xoşlayırlar
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
Nəyə tələbat olduğunu tapmaq və bu tələbatı təmin etmək
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq, mövzu biznes planın hazırlanmasıdır. Söhbət planlı hərəkət barədə olacaq.
Planlı hərəkət etmək niyə vacibdir?
Söz verdiyim kimi, biznes-plan barədə daha geniş danışmağa başlayıram. Ümumiyyətlə, hazırkı sürət əsrində planlı yaşamadan nəyəsə iddia etmək çox yanlışdır. O cümlədən, biznes sahəsində də plansız fəaliyyət göstərmək bəri başdan özünü uğursuzluq zolağına düçar etmək deməkdir.
Məsələn, mən elə insanla rastlaşmışam ki, aqrar sektorda biznes qurmaq istəyib, icarə sahəsi götürüb, orda tələb və təklifi öyrənmədən hansısa bir məhsulu əkib, nəticədə külli miqdarda ziyana düşüb. Bir başqası ticarət sektorunda böyük həcmdə bank krediti götürərək mövsümi dəblə tanış olmadan xarici ölkələrdən birindən böyük partiyada qadın paltarı gətirib, nəticə onun üçün də məyusedici olub. Amma bu insanlar planla hərəkət etsəydilər, bazar analiz olunsaydı, mütəxəssislərlə məsləhətləşsəydilər, təbii ki, fiaskoya da uğramayacaqdılar.
Hər bir yeni başlayan və ya artıq təcrübəsi olan iş adamının uğur formulu çox sadədir: Nəyə tələbat olduğunu tapmaq və bu tələbatı təmin etmək.
2010-cu ildə mən həm fəaliyyətə yeni başlayan sahibkarlar üçün, həm də artıq fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün söz söyləmək, məsləhət vermək zərurəti duyaraq biznes planının tətbiqi nəzəriyyəsi mövcusunda kitab yazdım. Mən sahibkarlara aşılamaq istəyirdim ki, hər bir fəaliyyət növünün təməli biznes-planla hərəkət etməkdir. İşin sistemli plan əsasında qurulmasının vacibliyini dərk etməmək, kortəbiilik perspektivlərin uçuruma yuvarlanması deməkdir. Elə həmin kitabda mən həm də biznes aləmində uğur qazanmağın qısaca düsturunu verdim: Biznes aləminin dərin, hərtərəfli analizi onu sübut edir ki, hər bir fəaliyyət növünün uğuru səlis, professional, vaxtlı-vaxtında hazırlanmış plandan və həmin plana əməl edilməsindən asılıdır. Və həmin biznes planın hazırlanmasını da mütəxəssislərə həvalə etmək lazımdır.
Qərb dünyasının biznes aləminin uzun tarixi və bugünkü nəticələri sübut edir ki, hər bir biznesin sığortası və uğuru müxtəlif növ konsaltinq xidmətləri ilə sıx bağlıdır. Dünyanın ən böyük və aparıcı konsernləri əbəs yerə məsləhətçilərlə və konsaltinq qrupları ilə əməkdaşlıq etmirlər ki.
Biznes aləmi sərt və praqmatikdir. Mülayimlik və xeyirxahlığın burada yeri yoxdur. O, sentimentallıqdan məhrumdur və xeyriyyəçilikdən də uzaqdır. Pul müəyyən qayda və qanunlara riayət edərək həmişə onun artımı üçün şərait olan yerə can atır, onun üçün sərt mühit olan yerlərdən yan keçir və xüsusilə də, onun üçün ciddi riskin yarandığı zonalardan uzaq qaçır.
Biznes-plan olmadan, ümumiyyətlə, kommersiya fəaliyyətinə baş qoşmağa dəyməz, uğursuzluğa düçar olmaq riski xeyli böyükdür.
Biznes-plan gələcək müəssisənin və ya layihənin bütün əsas aspektlərini təsvir edən, onun qarşılaşa biləcəyi bütün problemləri analiz edən, həmçinin, həmin problemlərin həlli üsullarını müəyyən edən sənəddir. Buna görə də düzgün tərtib olunmuş biznes-plan sonda bu suala cavab verir: bu işə vəsait qoymağa dəyərmi və bu iş bütün vəsait və güc sərfini ödəyəcək bir gəlir gətirəcəkmi?
Biznes-plan, ilk növbədə, məhz sizə biznesinizin perspektivlərini, mövcud iqtisadi situasiyanı və imkanlarınızı görməyə, kampaniyanın inkişafının effektiv istiqamətlərini və qoyulan məqsədlərin əldə edilməsi üçün bütün zəruri addımları müəyyən etməyə, öz ideyalarınızı analiz etməyə, onların səmərəliliyini və reallığını yoxlamağa imkan verəcək. Bununla əlaqədar təkcə bu planlı işin yekunu – biznes-plan deyil, həm onun işlənib-hazırlanma prosesi qiymətlidir. Bu işə cəlb olunanların hamısı gələcək birgə fəaliyyət və ünsiyyət təcrübəsi, eləcə də biznesin inkişaf perspektivlərinə əsaslandırılmış baxış qazanacaqlar.
Biznes-plan siz və sizin əməkdaşlar üçün standart rolunu oynayacaq. Siz bu standartla onun praktiki reallaşdırılması üzrə fəaliyyətin nəticələrini müqayisə edərək, bu fəaliyyətə zəruri korrektivlər daxil edəcəksiniz. Bu plan əməkdaşlara öz vəzifələrini aydın başa düşməyə, hamı üçün ümumi olan bizneslə bağlı şəxsi perspektivləri görməyə, qoyulan məqsədlərin əldə olunmasında şəxsi əməyini qiymətləndirməyə imkan verəcək. Biznes-plan müəssisənin ilk fəaliyyət ilində prioritetlərin və fərdi iş tapşırıqlarının müəyyən edilməsində faydalı olacaq.
İşlənib-hazırlanmış biznes-planı «məqsədə aparan yol» kimi, müəyyən olunmuş məqsədlərin əldə edilməsi üçün vaxta görə ən optimal və ən az riskli marşrutu müəyyən edən xəritə kimi nəzərdən keçirin.
Onu da nəzərə alın ki, çoxsaylı amillər, o cümlədən, «gözlənilməz hava dəyişikliyi» nəzərdə tutulmuş planları hiss olunacaq dərəcədə dəyişə bilər. Yeni başlayan kompaniyalar üçün biznes-planda nəzərdə tutulmuş marşrutdan kənaraçıxmalar praktikası adi haldır. Mümkün kənaraçıxmaları qabaqcadan görməyə, «ehtiyat variantlar» işləyib-hazırlamağa və «ehtiyat yollar» hazırlamağa çalışın. Axı artıq məlumdur ki, «modifikasiya edilə bilməyən plan yaxşı ola bilməz».
İnamla demək olar ki, daim dəyişkən olan biznes dənizində uğur həlledici şəkildə bir neçə elementdən asılıdır ki, onların da ən əsasları bunlardır:
· Qərar çıxarılan zaman işlərin ümumi vəziyyətini anlayıb qiymətləndirə bilmə;
· İnkişaf səviyyəsinin məqsəd və perspektivlərinin müəyyən edilməsi;
· Müəssisənin bir vəziyyətdən digərinə – keyfiyyətcə təzəyə keçid prosesinin planlaşdırılması;
· Strateji qərarların qəbulu üçün maksimal informasiyaya malik olmaq.
Biznes-plan kifayət qədər həcmli sənəddir və onu tərkib etibarı ilə 10 hissəyə bölmək effektiv alınar:
1. Rezüme;
2. Məqsəd və vəzifələr;
3. Məhsul (xidmət);
4. Bazarın analizi;
5. Marketinq planı;
6. İtsehsalat planı;
7. İdarəetmə personalı;
8. Tələb olunan vəsaitin həcmi və mənbələri;
9. Maliyyə planı və risklərin analizi;
10.Müfəssəl maliyyə planı.
Növbəti söhbətimizdə bu 10 mövqenin hər birini ayrıca şərh edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
Xalq artisti Ramiz Quliyevin yaradıcılığına həsr edilmiş kitab işıq üzü görüb
Xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevin 75 illiyinə həsr olunmuş “Ramiz Quliyev. Səslən tarım” adlı kitab işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru və tərtibatçısı tanınmış jurnalist Tahir Aydınoğludur. “Yaradıcılıq xatirələrimin palitrası” adlanan məcmuədə dünyaşöhrətli tarzənin şəxsi xatirələri ilə bərabər, Azərbaycan və digər ölkələrin tanınmış sənət xadimləri və musiqiçilərinin məqalələri yer alıb. Professor Ramiz Quliyevin 65 illik yaradıcılıq fəaliyyəti və bu tarix zamanı baş vermiş əlamətdar hadisələr sənətkarın həmkarları və tələbələrinin yazılarında daha da canlanır və maraqlı məqamları ilə diqqət cəlb edir.
Məcmuə 6 hissədən ibarətdir - ilk iki bölümdə tarzənin uşaqlıq və gənclik illəri bağlı xatirələri əks olunub. Həmçinin, burada Ramiz Quliyevin yerli və xarici mətbu orqanlarda işıq üzü görmüş məqalə və yazılarına yer ayrılıb. Kitabın xüsusi bölümü Azərbaycanın İkinci Qarabağ müharibəsində mübarizəsi və möhtəşəm qələbəsinə həsr edilib. Növbəti iki bölüm isə sənətkarın sinfində müxtəlif illərdə təhsil almış tanınmış sənət adamlarının xatirələrindən ibarətdir - Milli Konservatoriyanın rektoru, professor Siyaviş Kərimi, Abdulla Qurbani, Serhat Turunc, Elxan Mənsurov, Malik Quliyev, Ramiz Əzizov, Sahib Paşazadə, Vüsal İsgəndərzadə, Ümid İbrahimov, Şahin Verdiyev, Polina Desyatniçenko, Muhammad Aman və digər tarzənlərin məqalələrində professor Ramiz Quliyevin pedaqoji yanaşması və yeni tar məktəbinin özəllikləri geniş təhlil olunub. Məcmuənin son iki bölümündə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva, professor Elmira Axundova, professor Nizami Cəfərov, Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, professor Qəzənfər Paşayev, tanınmış yazıçı Natiq Rəsulzadə və Azərbaycanın digər tanınmış siyasi, mədəni və ictimai xadimlərinin yazılarına xüsusi yer ayrılıb. İndiyədək heç bir yerdə çap olunmamış və professor Ramiz Quliyevin şəxsi arxivindən olan fotolar kitaba xüsusi rəng qatıb.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)