Super User
“Skamya” lirik komediyası Opera və Balet Teatrının səhnəsində canlanacaq
Mayın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Gelmanın pyesi əsasında “Skamya” komediyası nümayiş olunacaq.
Əsas rolları İrina Apeksimova və Qoşa Kutsenko ifa edəcəklər.
“Skamya” - dramaturq Aleksandr Gelman tərəfindən yaradılan səmimi əhvalatdır. Tamaşada çətin yol keçən və bir-birinə ürəklərini açan kişi və qadından söhbət gedir. Əvvəlcə tamaşanın janrı komediya kimi göstərilir. Lakin burada həm romantika, həm intriqa, həm də zəngin hisslər ahəngi mövcuddur.
Tamaşa dünyanın 30 ölkəsində göstərilib. “Skamya” Moskvanın “Büllur Turandot” mükafatına və Nitsada keçirilən Rusiya incəsənəti festivalının Qran-prisinə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
“Öz kefimin paşasıyam” deyir Arğın Paşa
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikaaından ən yaxşı şeir seçmələrini sisin diqqətinizə çatdırırıq. Sırada Arğın Paşadır. Bu gün o “Öz kefimin paşasıyam” deyir.
ÖZ KEFİMİN PAŞASIYAM
Yoxluğunda üşümürəm,
Öz kefimin paşasıyam.
Dərd yükünü daşımıram,
Öz kefimin paşasıyam.
Nə gözlərim dəniz olur,
Nə ürəyim bir an solur,
Boşalır külqabım, dolur,
Öz kefimin paşasıyam.
Qəm çəkmirəm bir an, lələ,
Cavandır bil, bu can hələ,
Ürək sözüm coşur belə,
Öz kefimin paşasıyam.
Önəmsizdir mənə saat,
Yaşayıram dərdsiz, rahat,
Cəhənnəm olsun bu həyat,
Öz kefimin paşasıyam.
Düşünməki dağılmışam,
Dağlarınla, dağ olmuşam,
Şair fəsli doğulmuşam,
Öz kefimin paşasıyam.
Yaşamıram bir an sürgün -
Ki, işlərim düşə düyün,
"Dünya beş gün, o da xoş gün",
Öz kefimin paşasıyam.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Pərdələr və arakəsmələr barədə mütləq həqiqət - Hümbət Həsənoğlu yazır
“Ədəbiyyat və incəsənət” portalı Hümbət Həsənoğlunun “Pərdələr və ya arakəsmələr haqqında” adlı essesini oxucularına təqdim edir
Nar meyvəsini açanda içindəki pərdələri görmüsünüz. Qoz meyvəsinin içində də belə pərdələr, arakəsmələr vardır.
Pərdələr ona görədir ki, meyvənin bir hissəsində olan xəstəlik, mərəz asanlıqla digər hissələrə keçməsin.
İnsan bədəninin daxilində hər orqanın da öz pərdəsi var. Ürəyin, ciyərlərin, hətta beynin də öz pərdəsi var.
Belə, lakin görünməyən pərdə-arakəsmələr gözümüzə, qulağımıza və digər hissiyyat orqanlarımıza da qoyulub.
Məsələn, insan gözü yalnız 400-700 nm işıq dalğası diapazonunda görür. Bundan kənar diapazonda insan gözü heç nə görmür. Əks halda biz əllərimizdə, ətrafda qaynaşan milyardlarla mikroblar görərdik ki, bu da yaşayışımızı mümkünsüz edərdi. Eyni zamanda, dünyamız belə rəngbərəng və gözəl deyil, ağ-qara və boz rənglərdə olardı.
Qulağımıza da pərdə( məhdudiyyət) qoyulub. Biz səsi yalnız 16-20000 hs. arası tezlikdə eşidirik. Bundan qıraq tezliklərdə, təbiətdə elə səslər ola bilir ki, biz dəhşətə gəlib qulağımızı tıxayıb yaşamalı olardıq.
Allahın dənizlər arası qoyduğu pərdə haqqında Quranda da yazılıb.
O gözə görünməyən pərdədən sular fırtınada belə qarışmır.
Düşünürəm ki, Allah bizim beynimizə də məhdudiyyət pərdələri qoyub. Bu pərdələrə görə biz ruhlar aləmini heç vaxt dərk edə bilməyəcəyik. İnsan min ildən sonra da quşların, kəpənəklərin, cırcıramaların dilini başa düşməyəcək. Bunlar ona görə edilib ki, onlar bizdən və əksinə qorunaq.
Bəşəriyyət Allahın onun üçün müəyyən etdiyi, pərdələrlə dəqiq çərçivələnmiş dar bir cığırla gedir.
İnsan öz ağlı ilə də belə görünməz pərdə yarada bilir.
İnsanın ailədə, ictimai yerlərdə, könüllü olaraq özü ilə digər insanlar arasında qoyduğu bu məhdudiyyət pərdəsinin adı əxlaqdır.
Əxlaq insanı heyvandan fərqləndirən əsas meyardır.
Hətta dilimizdə də “pərdə saxlamaq” ifadəsi var.
Ailədə, cəmiyyətdə, kollektivdə, dostluqda belə
“pərdə saxlamaq” la çox problemlərin qarşısını almaq olar.
Bizi ayırmaq üçün deyil, bizləri qorumaq üçün yaradılan pərdələri birlikdə qoruyaq.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq
Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.
ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblı (rəhbər Ədalət Behbudov), solistlər və violin ansamblı, eləcə də kollecin müəllim və tələbələrinin ifalarında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək. Konsert proqramında “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” aşıq havaları və digər bəstəkar mahnıları səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Bir şeiri iki dəfə oxumaq məcburiyyəti - Varis yazır
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin günümüzün ədəbi mənzərəsini müəyyənləşdirməyə çalışan amorfizmlərdən bəhs edən “Virus dövrü ədəbiyyatı” termini sizə tanışdırmı? yazısını oxucularına təqdim edir.
Hazırda dünya siyasəti, iqtisadiyyatı, elmi, mədəniyyəti, turizmi, idmanı – bir sözlə mövcud olan hər bir sahə böhran içindədir. Baş verənlərdən dərin sarsıntı keçirən yazıçılar da şedevr yazıb-yarada bilmir, öz yaradıcılıqlarını, bir növ, əkinçilər kimi dincə qoyurlar.
İndi insanlıq bir fobiya yaşayır, hamı şəraitin girovudur. Sərhədlərini bağlayıb hər gün karantinlərini bir az da şərtləşdirən, ardınca hiperinflyasiya və bahaçılıq girdabına düşən dünya dövlətlərində yeganə aktiv sahə isə, təbii ki, virus infeksiyası ilə cəngə çıxmış tibb, qiymət artımı etiketlərini hər gün dəyiş-düyüş edən tacirlər, bir də, qismən, informasiyadır, onun istehsalı və istehlakıdır.
Bununla belə, nəşriyyatların, mətbəələrin qapandığı, çap məhsullarının tam dayandığı bir şəraitdə bəzi ədiblər elektron mediada, xüsusən sosial şəbəkələr üzərində ədəbiyyatın, hər halda, mövcudluğunu isbatlamağa çalışırlar. Məsələn, qərbdə maraqlı şeir nümunələri yayılmaqdadır. Hətta bəzi ədəbiyyat funksionerləri yarızarafat, yarıgerçək bu şeirləri “karantinizm” cərəyanına aid edirlər.
Oxuculara onlardan birini təqdim etmək qərarına gəldim. Düzdür, adətən sətri tərcümədə şeir bədiiliyini tam itirir, amma məna yükü və mesajı tam olaraq qorumağa çalışmışam.
Müəllifi Conatan Riddir. Siz onu iki dəfə dalbadal oxuyacaqsınız. Niyə? Birinci dəfəsini oxuyun, səbəbini sonda izah edəcəyəm.
Şeirin adı “İtirilmiş nəsil”dir.
Mən itirilmiş nəslin nümayəndəsiyəm. Və mən inanmaq istəmirəm ki. Mən bu dünyanı dəyişə bilərəm. Başa düşürəm, olsun ki, bu sizi hiddətləndirəcək, amma “Xoşbəxtlik artıq sənin içindədir”. – Bu, həqiqətən yalandır. “Pul məni xoşbəxt edəcək!”. Və otuzumda öz övladıma danışacam ki, O – mənim həyatımda ən vacib kəs deyil. Mənim bossum mütləq biləcək Mənim prinsiplərim belədir: İş. Ailə. Birinci daha vacibdir. Uzun illərdir ki, İnsanlar ailə halında yaşayır Amma buna baxmayaraq Cəmiyyət heç vaxt əvvəlki kimi ola bilməyəcək. Ekspertlər mənə deyir, Otuz ildən sonra öz boşanmamın on illiyini qeyd edəcəyəm. Mən düşünmürəm ki, Mən sonadək özüm qurduğum ölkədə yaşayacağam. Gələcəkdə Təbiətin məhvi bir norma olacaq. Heç kim inanmır Biz öz gözəl planetimizi qoruya biləcəyik. Və əlbəttə Mənim nəslim artıq itirilib. Səfehlik olar düşünmək ki, Ümid var.
İndi isə şeiri axırdan əvvələ cümləbəcümlə oxuyun. Şeirin adı bu dəfə “Ümid var”dır. Oxudunuzmu?
Bax bu tip şeirlər müasir insan inkişafının əksliklərini, ziddiyyətlərini özündə xarakterizə edir. Düzdür, onlar elə də dəyərli ədəbi nümunələr deyil, amma motivasiya baxımından çox əhəmiyyətlidirlər.
Günümüz də məgər belə deyil? Baş verən qorxunc hadisələr – koronavirus pandemiyasının gətirdiyi fəlakətlər və zorən izolyasiya insanları depressiyaya salmadımı, saldı. İndi də inflyasiyalar, bahalaşmalar, müharibələr insanlığın başının üstündən qorxunc kabus kimi əskilmir. Amma şərə məğlub olmamaq üçün, yaşamaq üçün pozitiv qalmaq da əsas şərtdir. Hər bir şərin əks tərəfində xeyir var, şərə boyun əyməyək deyə xeyirə söykənməli, ondan güc almalıyıq.
Şəkildə: Conatan Ridd
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
UNESCO-nun mənzil-qərargahında “İpək Yolu” ölkələrinin konsert proqramı təqdim olunub
UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində konsert təşkil edilib.
AzərTAC xəbər verir ki, konsertdən öncə çıxış edən UNESCO Baş direktorunun müavini Qabriela Ramos “İpək Yolu” üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıb. Sonra təşkilatçı ölkələrin səfirləri mədəni irsdən danışıblar. Konsertdə ölkələr musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələrini təqdim ediblər.
Konsertdə Səidə Zülfüqarova (piano) və Ağarəhim Quliyev (fleyta) Cövdət Hacıyevin “Ballada”, Fazil Soyun “Qara torpaq”, Fikrət Əmirovun fleyta və fortepiano üçün pyeslərini ifa ediblər. Bununla yanaşı, Azərbaycan milli rəqsləri “Naz eləmə” və “Uzundərə” təqdim olunub.
Xatırladaq ki, UNESCO-nun “İpək Yolu” proqramının 35 illiyi münasibətilə “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayan təbirlər silsiləsi Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən “Find your own Silk Road in Azerbaijan” adlı sərginin açılışı ilə davam edib. “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr edilmiş tədbirlər təşkilatçı ölkələrin konsert proqramı ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Dünya Bankında Azərbaycan xalçaçılıq sənayesinin müasir inkişaf mərhələsi müzakirə edilib
Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin ABŞ-da tanıdılması istiqamətində təşkil olunmuş sərgi ilə əlaqədar Vaşinqtona səfəri çərçivəsində “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Emin Məmmədovun Dünya Bankının bir sıra rəsmi şəxsləri və mütəxəssisləri ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı “Azərxalça” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlərin əsas məqsədi Azərbaycan xalça sənayesinin müasir inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparmaq və bu sənaye növündə Dünya Bankı Qrupuna daxil olan maliyyə institutları ilə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi olmub.
Dünya Bankının İdarə Heyətinin üzvü, icraçı direktor Dominik Favre, Bankın Gender departamenti və Avropa və Mərkəzi Asiya regionlarında münaqişələr üzrə qrupunun rəhbər şəxsləri və mütəxəssisləri ilə keçirilmiş görüşlərdə “Azərxalça” ASC rəhbərliyi Azərbaycanda xalça sənətinin müasir inkişaf mərhələsi barədə məlumat verib. Emin Məmmədov təmsil etdiyi qurumun regionlarda ən çox qadın işçilərin çalışdığı müəssisə olduğunu diqqətə çatdıraraq, xanımların sosial rifah halının “Azərxalça” ASC üçün prioritet təşkil etdiyini bildirib.
Hazırda Azərbaycan xalçaçılıq sənətinin sənaye sahəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən “Azərxalça” ASC sədri bütün digər incəsənət növlərində olduğu kimi, xalçaçılıq sənətinin də rəqabətə davamlılığının artırılması üçün müasir dünyanın həm zövq, həm də texnika tələblərinə cavab verməli olduğunu bildirib. Bunun üçün “Azərxalça” ASC-nin həm yerli, həm də dünyanın tanınmış dizayn mütəxəssisləri ilə də çalışdığı qeyd edilib. Emin Məmmədov bu dəyişikliklərin Azərbaycan xalçalarının ənənəvi bazarlardan başqa, ABŞ kimi yeni bazarlarda da geniş yayılmasına imkan verəcəyinə inamını ifadə edib.
Görüşlərdə, ənənəvi sayılan və daha çox əl əməyi tələb edən bu kimi sənət növlərinin qorunması və iqtisadi cəlbediciliyinin artırılması istiqamətində Azərbaycanın gördüyü işlər təqdir edilib və bunun gələcəkdə digər inkişaf etməkdə olan ölkələrdə də sosial və iqtisadi model olaraq tətbiq edilə biləcəyi vurğulanıb.
Keçirilmiş görüşlərdə Dünya Bankında Azərbaycanın nümayəndəsi Namiq Nağdəliyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Mahmud Mahmudov iştirak ediblər.
Qeyd edək ki, “Azərxalça” ASC-nin nümayəndə heyəti mart 27-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan xalçalarından ibarət sərginin açılışında iştirak edib. “Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkil etdiyi sərgidə Azərbaycan xalçaçılıq sənətinin ənənəvi nümunələri ilə yanaşı, müasir dizaynda tərtib edilmiş yeni xətt xalçaları da nümayiş etdirilir. Sərgi bir il müddətində ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən qalereyasında fəaliyyət göstərəcək.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Öcal Oğuz: “Ermənistanın Qarabağdakı təcavüz siyasətindən dərin təəssüf hissi keçiririk”
“Ermənistanın Şuşadakı, Qarabağdakı təcavüz siyasətindən dərin təəssüf hissi keçiririk”.
AzərTAC xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı UNESCO-da Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz deyib.
“Biz bilirik ki, UNESCO-nun təməl prinsipi sülh və barışdır. Təşkilatın əsas amalı məhz budur. Biz Milli Komissiyalar olaraq hər zaman bu yöndə çalışmağa, təşəbbüslər etməyə hazırıq”,- deyə Öcal Oğuz bildirib.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Adil Kərimli: “Təəssüf ki, bəzən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edilir…”
Xəbər verdiyimiz kimi Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi olub. Açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Adil Kərimli cıxış edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Adil Kərimli çıxışında qeyd edib ki, hazırda Ermənistan ərazisində Azərbaycanın tarixi-mədəni abidələri məhv edilib, tarixi Azərbaycan ərazi adları dəyişdirilib.
Onun sözlərinə görə, Ermənistan ərazisində xalqımıza məxsus ümumilikdə 300-dən çox tarixi-mədəni abidələr sistemli şəkildə məhv edilib.
Adil Kərimli bəzən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edildiyinə təəssüfləndiyini bildirib və qeyd edib ki, bu baxımdan da, bu cür mədəni birliklərin mövcudluğu, onların fəaliyyəti, birgə əməkdaşlığı əhəmiyyətlidir.
Qeyd edək ki, hazırda Azərbaycan dövləti tərəfindən, Mədəniyyət Nazirliyinin xəttiylə məhv edilən abidələrimizin bərpası aparılmaqdadır və müəyyən nəticələr də göz önündədir.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
UNESCO-da İpək Yolları Proqramının 35 illiyi qeyd edilir
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Parisdə yerləşən Baş qərargahında İpək Yolları Proqramının 35 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. UNESCO-nun Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Oman ilə birgə təşkilatçılığı ilə baş tutan tədbirlər çərçivəsində 2023-cü ilin 6 aprel tarixində “İpək Yolları Müxtəliflik, Dialoq və Sülh” mövzusunda Beynəlxalq Forum öz işinə başladı. Forumun nazirlər panelində ölkəmiz adından çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın tarixən İpək Yolları üzərində yerləşən ölkə olaraq zəngin mədəni irsə malik olduğunu qeyd etdi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 6 aprel tarixində UNESCO ilə Azərbaycan arasında ikitərəfli görüş keçirildi.
Həmçinin yubiley tədbirləri çərçivəsində təşkilatın binasında “İpək yolları gənclərin gözü ilə” adlı xüsusi sərginin açılışı da oldu. Azərbaycan tərəfindən təqdim edilən sərginin “Öz İpək Yolunu Azərbaycanda tap” şüarı ilə keçirildiyini və bizi birləşdirən zəngin mədəni irsə həsr edildiyini bildirdi.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)