
Super User
YENİ LAYİHƏ: Qarabağ abidələri barədə əfsanələr - AĞOĞLAN MƏBƏDİ
“Ədəbiyyat və incəsənət” portalının “Qarabağ abidələri barədə əfsanələr” adlanan yeni layihəsində oxucularımıza işğaldan azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələrimiz barədə toplanmış əfsanələri təqdim edəcəyik.
Rubrikanı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, yazıçı Zahirə Cabir (Dadaşova) aparır.
İlk olaraq sizlərə Laçın rayonunun Ağoğlan kəndindəki Ağoğlan məbədi barədə danışılacaq.
Ağoğlan kəndi füsünkar gözəlliyi, səfalı təbiəti ilə seçilir, dəniz səviyyəsindən 1 250-1 300 metr yüksəklikdə, rayon mərkəzindən isə 26 km cənub qərbdə yerləşir.
Kəndin ərazisində mövcud olan mədəniyyət nümunələri və memarlıq abidələri Azərbaycan tarixini ən qədim zamanlara, hətta antik dövrlərə qədər aparıb çıxarır.
Kəndin ən əhəmiyyətli abidəsi isə Qafqaz Albaniyası dövrünə aid olan, eyni adlı çayın sahilində yerləşən "Ağoğlan" qəsr kompleksidir.
Araşdırmaçılar yazırlar ki, "Ağoğlan" məbədinin tarixi çox qədimlərə, hətta xristianlıqdan da əvvəllərə qədər gedib çıxır və bura hər zaman ziyarətgah olub. Ona görə də yerli əhali tərəfindən bura əvvəllər “Ağoğlan piri” adlandırılıb və inanc yeri kimi istifadə edilib.
V-VI əsrlərə aid alban monastırı olan tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastr formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.
ZAHİRƏ CABİR
AĞOĞLAN ƏFSANƏSİ
Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.
Qədim zamanlarda bir cavanın bulaq başında bir qıza gözü düşür. Onun dərdindən dəli olur. Nəhayət öyrənir ki, bu qızı başqa birisi sevir, odur ki, artıq buna bir çarə tapa bilməyir, qıza namə göndərir ki, nə vaxt məni sevib, məni tapmaq istəsən, ayağına dəmir bir çarıq geyib, əlinə də bir dəmir əsa alarsan. Çarığın altı yırtılıb, əsanın ucu əyiləndə məni ancaq gəlib taparsan. Qərəz bu sözü deyib yola düzəlir. Meşələr keçir, ormanlardan su içir, yad gözəl bir məmləkətə yetişir. Ulu Yaradan bu məmləkəti elə bil özü üçün, özünün mələkləri üçün yaratmışdı, eşqin, məhəbbətin coşub-çağlayan vaxtı yaratmışdı. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, qırmızı palıd ağacları, göydə süzən qartalları olan bir məmləkətə gəldiyi üçün özünü xoşbəxt sayırdı. Cavan oğlan çox gözəl bənna idi. Az keçmir ki, gənc səyyah yerli əhalinin hörmətini qazanır, camaatı ilə qaynayıb qarışır. Təbiət vurğunlu gənc burada yerli əhalinin köməyi ilə bir məbəd tikir. Yalnız ibadətlə məşğul olmağı, Allaha dua etməklə yaşamağı üstün tutur. Çayın sahilində saldığı məbəd bu yerlərə pənah gətirən insanlar üçün bir sığınacaq olur. Gənc səyyah yerli adamlardan dərisinin rənginin ağlığına görə seçildiyindən onu Ağoğlan çağırırlar, onun tikdiyi məbədə Ağoğlan məbədi, çaya da Ağoğlan çayı deyirlər.
Sizə kimdən deyim, həmin Ağoğlanın istədiyi, görən andan sevdiyi qızdan. Sən demə qız da onu sevmişdi. Atası onu başqasına ərə vermək istəyəndə onu sevmədiyini söyləyir. Qıza elçi düşən hər bir oğlana yox cavabı verir. Bunu görən ata hirslənir, ifritin köməyi ilə onu tilsimləyir, quşa döndərir. İfrit quşu götürüb evinə gətirir, qəfəsdə saxlayır. Quş bir gün qəfəsin açıq qaldığını görüb, uçur. Sevgilisini tapmaq ümidi ilə yorulmadan qanad çalır. Nəhayət ki, Ağoğlanın yaşadığı gözəl diyarı tapır. Amma o quş idi, Ağoğlan onu tanıya bilməzdi. Odur ki, quş Ağoğlanın tikdiyi məbəddə özünə yuva tikir. Ağoğlan da quşa meyl edir. Onu gözdən qaçırmır. Amma bu yerlərdə də Ağoğlanı istəməyənlər tapılır. Yaz ayında güllü çiçəkli bir çəmənlikdə Ağoğlan çayın kənarında məclis qurub, gəlib gedən səyyahlara, məbədi ziyarət edənlərə ehsan verərdi. O bu diyarda evlər tikər, bənnalığı ilə qazandığı bütün pullarını kasıb insanlara xərclərdi. Bir gün çayın kənarında aşpaz böyük bir qazanda ehsanlıq yemək hazırlayır. Yemək hazır olur. Aşpaz Ağoğlana və onunla bir süfrədə oturanlara yemək çəkmək istəyəndə quş aşpaza mane olur, qoymur ki, qazana yaxınlaşsın. Aşpaz hirslənib əlindəki çömçə ilə onu vurur, qazandan yemək çəkmək istəyəndə quş özünü qaynar qazana atır. Ağoğlan bunu görəndə donub qalır, quşun nə üçün belə etdiyini heç kəs başa düşmür. Aşpaz qazanı kənara boşaldır, qazanda quşdan başqa ölü bir ilan da çıxır. Sən demə quş bunu bilib onların zəhərlənməməsi üçün özünü qazana atıbmış. Ağoğlan bundan çox təsirlənir, quşu əlinə götürür, göz yaşları tökür. Tikdiyi məbədin divarının yaxınlığında onu basdırmaq istəyir. Həmin anda tilsim sınır, quş cildindən cıxır, əvvəlkindən də gözəl bir qız olur. Ağoğlan qızı tanıyır. Eldə özünə hörmət qazanan Ağoğlana camaat yeddi gün, yeddi gecə toy eləyir, muradlarına hasil olurlar. Tikdiyi qəsrdə uzun illər birgə yaşayıb ömür sürürlər.
Həyatda xoşbəxt olmağa səbəb tapmayanlar dünyanın gözəlliklərini görə bilməyənlərdir. Ancaq dünya o qədər gözəldir ki, onun gözəlliklərini seyr etmək insanı başqa bir aləmə apararaq ruh yüksəkliyi bəxş edir. Gözəlliklər içində yaşayanlar xoşbəxt insanlar olur. Ağoğlan da yad məmləkətdə, gözəlliklər yurdunda öz xoşbəxtliyini tapdı.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
REDAKSİYANIN POÇTUNDAN - Oxucularımızın yaradıcılığı
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında oxucumuz Şəbnəm Abdurrahmanovanın bir şeiri sizlərə təqdim edilir.
Ana həsrəti… Şeirin mövzusu bax bu ilahi kədər barədədir.
Yenə səhər açılıb,
Açammıram gözümü.
Gecədən itirmişəm ,
Tapammıram özümü.
Evi qoxu bürüyüb.
Otaq siqar tüstüsü.
Yataqla üzbəüzdü
Anamın boy güzgüsü.
Yarıkey boylanıram
Güzgüdə öz əksimə...
"Ay bədbəxt, bəsdi durdun
Cəllad kimi qəsdinə!"
Yenə səsi gəlir, bax!
Yoxsa dəli oluram?!
Axı yalnızam evdə...
Uşaq kimi qorxuram...
Əlim gedir şəraba...
"Axı sübhün beşidi,
Zəhər qatma qanına.
Sən yalnız deyilsən ki,
Anan gəlib yanına."
Bəsdi daha, sus, dinmə!
Axı sən daha yoxsan!
Nə olar ki, ay ana,
Yadımdan bir an çıxsan?!
"Alışa bilmirəm,bax
İllərdi yoxluğuna
İnsan yetim qalırmış
Ananın yoxluğunda...."
.........
Yenə təkəm otaqda...
Nə bir insan, nə bir səs.
Huşum gedir özümdən
"Ana, ölürəm, tələs!"
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
Yetişdirdiyi elmi kadrlar arasında Suriya, Vyetnam, Cənubi Koreya, İran və Əfqanıstan vətəndaşları da vardır…
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Ötən gün onun doğum günü idi, hamımız onu ürəkdən təbrik etdik. Ömürlər var ki, əslində, bir neçə ömrə sığan hadisələrə qucaq açır. Bu gün sizə belə ömürlərdən biri barədə söz açacağam.
Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qazax mahalında sayılıb seçilən Babanlılar nəslinin layiqli nümayəndəsi Məhəmməd Babanlının 72 yaşı tamam oldu.
Məhəmməd Babanlı Azərbaycan Respublikasında elmin, təhsilin inkışafında böyük xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan dəyərli alimdir. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-2021-ci illərdə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru vəzifəsində işləmişdir, 2021-ci ilin avqust ayından isə həmin müəssisənin icraçı direktorudur. O, eyni zamanda 2015-ci ildə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək yaradılmış Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar beynəlxalq laboratoriyasının elmi rəhbəridir.
M.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində tanınmış mütəxəssisdir. O, çoxkomponentli qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif etmiş, onun nəzəri və metodoloji aspektlərini hazırlayaraq geniş şəkildə reallaşdırmışdır. Apardığı sistemli fundamental tədqiqatlar nəticəsində perspektivli yarımkeçirici, topoloji izolyator, termoelektrik, fotoelektrik, superion keçirici və digər funksional xassəli materiallar kimi praktiki əhəmiyyət kəsb edən yeni sinif birləşmələr və qeyri-stexiometrik fazalar aşkar etmiş, onların istiqamətli sintezinin elmi əsaslarını yaratmışdır. 1000-dən artıq elmi əsərin, o cümlədən, 4 monoqrafiyanın, ali məktəblər üçün 12 dərslik və dərs vəsaitinin, 550-dən artıq məqalənin və 5 patentin müəllifidir. 300-dən artıq məqaləsi “Web of Science” və “Scopus” elmimetrik bazalarına daxil olan beynəlxalq elmi jurnallarda, o cümlədən yüksək impakt faktorlu “Nature”, “Nature Communications”, “ASC Nano”, “Nano Letters”, “Quantum materials”, “Physical Review Letters”, “Physical Review B”, “Scientific Review”, “Solid State Chemistry”, “Journal of Alloys and Compounds”, “Journal of Thermal Analysis and Calorimetry” və s. jurnallarda çap edilmişdir. M.Babanlının elmi-tədqiqat layihələri bir sıra beynəlxalq və respublika qrantlarına layiq görülmüşdür.
Alim elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 36 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. Yetişdirdiyi elmi kadrlar arasında Suriya, Vyetnam, Cənubi Koreya, İran və Əfqanıstan vətəndaşları da vardır.
Kimyaçı alim respublikamızın elmi-ictimai həyatında da fəal iştirak edir. Müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert şurasının üzvü, sədr müavini və sədri, BDU-nun Elmi şurasının, bir sıra Dissertasiya şuralarının üzvü olmuşdur. Hazırda o, “Azərbaycan Kimya Jurnal”ının, həmçinin “Web of Science” və “Scopus” bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry”, “Turkish Journal of Chemistry”, “Condensed Matter and Interphases”, “Physics and Chemistry of Solid State”, “New Materials, Compounds and Applications” və “Chemical Problems” jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Bundan əlavə, Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə, REA-nın Rəyasət Heyəti tərəfindən mükafat və diplomla təltif edilmişdir. 2016-cı ildə “Thomson Reuters” şirkəti tərəfindən ən çox istinad olunan görkəmli elmi məqaləyə görə, xüsusi mükafata layiq görülmüşdür.
2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. “Russ.J.Inorg.Chem” jurnalında 2019 və 2020-ci illərdə ən çox istinad olunan məqalələr müsabiqələrinin qalibi kimi diplomlarla təltif edilmişdir.
Qeyd edək ki, AMEA-nın müxbir üzvü professor Məhəmməd Babanlı “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. Azərbaycan elmi qarşısındakı misilsiz xidmətlərinə və anadan olmasının 70 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Xalq şairi Səməd Vurğun adına Diplom”la təltif olunmuşdur.
Məhəmməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ziyalıdır. El-obasına, ölkəsinə və dövlətinə sadiq əsl vətənpərvər insandır!
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Məhəmməd Babanlını doğum günü münasibətilə ürəkdən təbrik etdilər, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar arzuladılar.
Məhəmməd Babanlı 22 yanvar 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Qazax rayonunda medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.
1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə aspiranturada professor Əlihüseyn Quliyevin rəhbərliyi altında yarımkeçiricilər kimyası sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarusiya Dövlət Universitetinin İtisaslaşdırılmış Şurasında müdafiə etmişdir.
1986-ci ildə dosent elmi adı almışdır. 1988-ci ildə Moskva Dövlət Universitetində “Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adı almışdır.1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır. 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir. 1993-2000-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sədr müavini, 1997-2000-ci illərdə həmin Şuranın sədri olmuşdur.
1000-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 36 elmlər namizədi yetişdirmiş, 4 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur.
ABŞ-ın Amerika Biblioqrafiya Institutu tərəfindən 2000-ci ilin Adamı adına layiq görülmüşdür.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə, BDU-nun Fəxri fərmanı ilə 2010-2011, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyəti tərəfindən diplomla təltif olunmuşdur.
Ailəlidir. 2 qızı, 1 oğlu, 8 nəvəsi var.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Elnaz İslamvənddən “Qadın”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Köylü Qız adıyla tanınmış güneyli şairə, Elnaz İslamvənd 1983-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, 2005-ci ildə pedaqoji fakültəsini Təbriz universitetində bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci il və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.
QADIN
Harada quyulanarsa;
Oyaq gözlərlə baxar qadın!
Üfürər tanrı, gözlərindəki torpağı,
Gömülməz!
Yeddi can var köksündə
Çıxmaz,
Canı can doğurar, bitməz!
Mətbəxdəki duz qabında mumyaya dönər
Tablolarında gül pənbə rəngi görünər
Getməz!
Yaşarmış gözlərində,
Cavanlaşar şəhər.
Süpürər yanağını
Quyulanar, quyulanar.
Doldurar ancaq
Erkəklərin çanağını
Gözlərindən
Göyərçinlər uçar öföqə sarı.
Qartal qanadlarını gizlədərək “dikdabanlarında”
Sərçələri qonaqlamağa çırmalanar dik-dik
Atlanar… Atlanar…
Sığalsızkən saçları
Dördnala çapar əzik-əzik
Yol!
Özündə başlayıb, özündə bitər
İki ayaq yeriyər onda, görməzsən!
İki ayaq uzaqlaşar səndə, bilməzsən!
Sevgi,
Malikanəsidir qadının!
Səsi qapı səsi,
Gülüşü pəncərə
Hadır ol!
İşkilləməsin dodağını qadın!...
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
DOST Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının rəsm əsərləri ilk dəfə Cənubi Koreyada - beynəlxalq sərgidə nümayiş etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a verilən məlumata görə, əlilliyi olan gənclərin əl işlərindən ibarət sərginin açılışı Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Qanqvon əyalətində təşkil edilib.
“Birlikdə böyü, əbədi parla” devizi ilə keçirilən sərgidə mərkəzin benefisiarları Şamxal Xələfli, Şəbnəm Əhmədova və Qumru Əliyevanın müxtəlif mövzularda çəkdikləri tablolar, o cümlədən “Şuşa”, “Neft buruqları”, “Qış mənzərəsi” əsərləri qonaqların və media nümayəndələrinin marağına səbəb olub.
Tədbirdə iştirak edən Cənubi Koreyanın hökumət nümayəndələri, diplomatik korpus üzvləri və sənət xadimləri Azərbaycan rəssamlarının əsərlərindən ibarət ekspozisiyaya baxıblar. Sərgidə əsərləri yer alan müəlliflərin emosional və rəssamlıq baxımından yüksək səviyyədə iş nümayiş etdirdikləri diqqətə çatdırılıb. Bu cür əsərlərlə rəssamların dünyaya ümid və gözəllik bəxş etdiyi vurğulanıb.
Tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri ilə bağlı məlumat da verilib, sosial cəhətdən həssas əhali qruplarına aid, o cümlədən əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və cəmiyyətə adaptasiyası sahəsində aparılan işlərdən danışılıb.
Qeyd edək ki, ekspozisiyada Asiya, Amerika, Afrika, Avropa və Okeaniya ölkələrindən 53 rəssamın 274 əsəri sərgilənir.
Sərgi fevralın 1-dək Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları müddətində Qanqneunq İncəsənət Mərkəzində sənətsevərlərin ixtiyarında olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
Şəhidlər barədə şeirlər – Əbülhəsən Eyvazov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əbülhəsən Eyvazova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ƏBÜLHƏSƏN BALAŞ OĞLU EYVAZOV
(01.11.1996.-30.10.2020.)
Əslən Kürdəmir rayonunun Mollakənd kəndindən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
İGİD ƏBÜLHƏSƏN
Bu müqəddəs yolu könüllü seçdi,
Üçrəngli bayrağı öpüb, and içdi,
Doğma vətən üçün canından keçdi,
İgid Əbülhəsən, mərd Əbülhəsən!
Üzündən, gözündən tökülürdü nur,
İşlədi, zəhmətlə qazandı uğur,
Belə övladyla el duyur qürur,
İgid Əbülhəsən, mərd Əbülhəsən!
Dostlar arasında hörmətli idi,
Necə qorxmaz idi, cürətli idi,
Sözü bütöv idi, qeyrətli idi,
İgid Əbülhəsən, mərd Əbülhəsən!
Aprel döyüşündə döyüşmüşdü o,
Bir anda böyüyüb, dəyişmişdi o,
Düşmənlə mərdliklə vuruşmuşdu o,
İgid Əbülhəsən, mərd Əbülhəsən!
Fəxr edilən oğul, qayğıkeş qardaş,
Füzulidə qoydu yağını çaşbaş,
Düşmənin qolları qırılaydı kaş…
İgid Əbülhəsən, mərd Əbülhəsən!
Vətən müqəddəsdir, şəhidlər ölməz,
Düşmənlər bir daha sevinməz, gülməz,
Adı qəlbimizdən heç vaxt silinməz,
İgid Əbülhəsən, mərd Əbülhəsən!
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
İndi bizim Göyçədə heç kimimiz qalmadı...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Küllərindən yenidən doğula bilmək üçün əvvəl yanıb kül olmağı gözə almaq gərəkdir. Deyirlər Azərbaycan da 20 yanvarda verdiyi azadlıq qurbanları hesabına bağrına çəkilən o böyük, o dərin yaradan yendiən doğuldu o gün.
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
Kim bilir, bəlkə bu da tarixin bir sınağıydı. Kütləmiyik, yoxsa xalqmıyıq? Bəlkə də o gecə atılan güllələr məhz bu suala cavab axtarırdı və öz cavabına sinəsini tank gülləsinə sipər edən, ölümün gözünə dik baxan, əli yalın qorxmaz şəhidlərin simasında tuş gəldi.
Bəli, azadlıq fədaləri bu ağır məsuliyyəti öz boynlarına götürüb böyük bir xalqın adından bir gecədə kütləni xalq edən o müqaviləyə öz qanlarıyla qol çəkdilər.
O qanlı imzalardan biri də 20 yaşlı gənc şair Ülvi Bünyadzadəyə məxsus idi.
Ülvi Bünyadzadə haqqında ilk dəfə oxuduğum zaman o, mənə Ərtoğrul Cavidi xatırlatmışdı. Çünki onların hər ikisi hələ ömürlərinin bahar çağındaykən, hələ qarşıdakı hədəflərinə çatmamış yolun yarısında, nakam köçmüşdülər bu dünyadan. Və onların hər ikisi öz qısa ömürlərinə çox böyük və çoxşaxəli bir yaradıcılıq sığdırmışdılar.
Ülvi 20 illik qısa ömrünə nələr sığdırmamışdı ki? 200 dən çox şeir, 40-a yaxın hekayə, 5 pyes, Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunan “Ömür yolu” poemasını və “Qansızlar” povestini, dünya ədəbiyyatından-inglis və rus dillərindən 20-yə yaxın orjinal tərcümə, saysız ictimai məzmunlu məqalə və bir də yarımçıq qalan əlyazması...
Bütün bunlardan əlavə o, qarmon, tar, saz, piano və kamançada məharətlə çalır, ərəb, fars, latın, özbək, inglis və rus dillərini də mükəmməl bilirmiş.
23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açan Ülvi məktublarında həmişə belə yazırmış: "İndi bizim Göyçədə heç kimimiz qalmadı..."
Bütün Azərbaycan gəncliyinə görk olacaq andında isə belə yazırdı Ülvi:
"Mən Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm: bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsil-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun, öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim"
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
“DOSYA” - Qazax teatrında növbəti premyera olacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan öz kökünə bağlı bir məmləkətdir, bu səbəbdən də, ulu mədəniyyətimiz daim inkişafda, özünütəkmildədir. Bu gün ölkəmizdə əyalət teatrlarının yaşaması, funksionallığı onu deməyə əsas verir ki, zəngin ənənəsi olan Azərbaycan teatrı dəbdən düşmür, həm insanlarımızın asudə vaxtının təşkilində, həm də onların mədəni səviyyə plankasının yüksəkdə qalmasına xidmət edir.
Bu gün sizə ən Qərb teatrımız olan Qazax Dövlət Dram Teatrı barədə söz açmaq istəyirəm, belə ki, teatr türkiyəli dramaturq Tuncər Cücənoğlunun “Dosya” əsəri əsasında hazırlanan eyniadlı tamaşasının premyerasına hazırlaşır. Premyera yanvarın 27-də baş tutacaq.
“Dosya” tamaşası barədə danışacağam, öncəliklə istərdim sizlərə teatr barədə məlumat verim.
Qazaxda ilk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı yaradılıb, 1943-cü ildə bu teatr dram teatrına çevrilib və ona Səməd Vurğunun adı verilib. Dövlət Dram teatrı kimi 1949-cu ilə kimi fəaliyyət göstərib. O dövrdə teatrın repertuarında əsasən Azərbaycan və dünya klassiklərinin əsərləri, həmçinin müasir ədəbiyyat nümunələri yer alırdı. Teatrda çox məşhur isimlər - Gürcüsatan Respublikasının Xalq artisti İbrahim İsfahanlı, Azərbaycan Respublikasının Xalq artisti Muxtar Avşarov, Solmaz Orlinskaya, Barat Şəkinskaya, əməkdar artistlər Əliheydər Həsənzadə, Rüsxarə Ağayeva, rejissor Məcid Zeynalov və başqaları fəaliyyət göstərmişdir.
1949-cu ildə Mərkəzi Komitə əyalət teatrlarının qeyri-rentabelliyini nəzərə alaraq Qazax Dram Teatrının fəaliyyətinə xitam verib. Əslində isə bu antihimanist addım sırf antiAzərbaycan addım idi, çünki cəmi 15 kilometr məsafədə Ermənistanın əyalət teatrı - İcevan Teatrı fəaliyyətini davam etsirməkdəydi.
11 il fəaliyyətsiz qaldıqdan sonra Qazax teatrı 1960-cı ildən Xalq teatrı kimi fəaliyyətini davam etdirdi, 1988-ci ildən isə yenidən Dövlət Dram teatrı statusunda fəaliyyətə başladı, Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə ilk tamaşasını göstərdi.
Teatr müxtəlif illərdə Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan rayonlarında qastrol səfərlərində oldu. 90-cı illərin əvvəlində atəşkəsdən əvvəl Qarabağ bölgəsində-Ağdərə və Tərtər rayonlarında əsgərlər qarşısında çıxış etdi.
Bu illər ərzində teatrda 70-dən artıq əsərə quruluş verilmiş, teatr respublikada keçirilən festivallarda dəfələrlə iştirak etmişdir. Müxtəlif illərdə teatrda Respublikanın Xalq artistləri Zülfiqar Abbasov, Tariyel Qasımov, Rafiq Əliyev, Vaqif Şərifov, əməkdar artistlər Vidadi Əliyev, Münəvvər Əliyeva fəaliyyət göstərmişdir. Teatr rus, alman, bolqar, türk, tacik dramaturgiyasına müntəzəm müraciət edib, klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edir.
Teatr Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının keçirdiyi müxtəlif teatr festivallarının iştirakçısı olub.
Teatrın direktoru Saqif Sarı oğlu İskəndərov, baş rejissoru Musa Eyyub oğlu Eyyubovdur.
Və indi də növbəti premyeraya - “Dosya”ya qayıdaq.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, quruluşçu rəssamı Aysan Məmmədovadır.
Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova, Məlahət Vəliyeva, Zəmanə Dərviş, Yusif Qoca, Nəsimi Aşpazov, Xaqan Qurbanov və Aydın Orucov, Məmməd Hacəliyev ifa edəcəklər.
Teatrda cari ilin repertuar planından kənar uşaqlar üçün İsgəndər Coşqunun “Ana laylası” pyesi əsasında eyniadlı tamaşa da hazırlanır. Quruluşçu rejissoru Vüsal Məmmədov olan səhnə işi fevralın sonunda balaca tamaşaçıların ixtiyarına veriləcək.
Qazax Dövlət Dram Teatrı cari sənət mövsümü üçün plan üzrə 4 əsəri repertuarına daxil edib. Bunlar aşağıdakılardır:
Əli Əmirlinin “Onun iki qabırğası” komediyası. Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verəcək.
Həmçinin Braziliya yazıçı-dramaturq Gilyerme Fiqeyredunun “Ezop”, türkiyəli dramaturq Turqut Özakmanın “Adət” əsərləri Əməkdar artist Xəzər Gəncəlinin, gənc yazıçı Jalə İsmayılın “Ametis bəy və Apetit xanım” əsəri Qazaxa dəvət olunacaq Füzuli Dövlət Dram Teatrının rejissoru Nicat Mirzənin quruluşunda hazırlanacaq.
Uğurlar, elm, söz və sənət məskəni olan ulu Qazaxın teatrı!
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
“Nəsrəddin Xoca” Xalq artisti Vaqif Mustafayevin quruluşunda lentə alınacaq
TÜRKSOY Daimi Şurasının ötən ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, “Nəsrəddin Xoca” (“Molla Nəsrəddin”) filmi çəkiləcək.
Təşkilata üzv ölkələrin mədəniyyət nazirliklərinin və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək ekran əsəri Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin quruluşunda lentə alınacaq.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, filmin çəkilişinə hazırlıq çərçivəsində Vaqif Mustafayevin rəhbərliyi altında ölkəmizdən nümayəndə heyəti bu günlərdə Türkiyəyə səfər edib. Ankarada TÜRKSOY-un iqamətgahında təşkilatın Baş katibinin müavini Sayit Yusufla görüş keçirilib. Film layihəsinin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Vaqif Mustafayev deyib ki, çəkiliş qrupu Qazaxıstan, Qırğızıstan və Özbəkistanda filmin lentə alınacağı yerləri müəyyən etmək üçün araşdırmalar aparıb və bu ölkələrdə müvafiq görüşlər keçirib.
Rejissor, eyni zamanda, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin rəsmiləri ilə də söhbətlər aparıldığını diqqətə çatdırıb, qardaş ölkənin Ağşəhər və Əskişəhərdə çəkilişlərin aparılacağı yerlərin müəyyən ediləcəyini bildirib və bu prosesə verdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.
Görüşdə Türkiyədən sonra Türkmənistanda da bu istiqamətdə araşdırmaların aparılacağını deyən rejissor ilkin təhlil mərhələsinin may ayına qədər tamamlanacağını və çəkilişlərə bu ilin ikinci yarısında başlanacağını bildirib.
Sayit Yusuf Türk dünyasının məşhur kino sənətçilərinin iştirakı ilə həyata keçiriləcək layihənin qardaş xalqların ortaq mədəni irsini bir arada yaşatmaq və çəkiləcək filmlə dünyaya tanıtmaq üçün əhəmiyyətini vurğulayıb. O, başda rejissor Vaqif Mustafayev olmaqla çəkiliş qrupuna uğurlar arzulayıb.
Görüşdən sonra nümayəndə heyəti TÜRKSOY-un binası ilə tanış olub, qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
“YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Vüsal Sumbatzadə Barat oğlunun Bakı şəhərində doğulan övladı Kənanın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı fonda istinadən məlumat verir.
Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
"Onlar bizə əmanət" layihəsi indiyədək 115 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)