
Super User
“DOSYA” - Qazax teatrında növbəti premyera olacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan öz kökünə bağlı bir məmləkətdir, bu səbəbdən də, ulu mədəniyyətimiz daim inkişafda, özünütəkmildədir. Bu gün ölkəmizdə əyalət teatrlarının yaşaması, funksionallığı onu deməyə əsas verir ki, zəngin ənənəsi olan Azərbaycan teatrı dəbdən düşmür, həm insanlarımızın asudə vaxtının təşkilində, həm də onların mədəni səviyyə plankasının yüksəkdə qalmasına xidmət edir.
Bu gün sizə ən Qərb teatrımız olan Qazax Dövlət Dram Teatrı barədə söz açmaq istəyirəm, belə ki, teatr türkiyəli dramaturq Tuncər Cücənoğlunun “Dosya” əsəri əsasında hazırlanan eyniadlı tamaşasının premyerasına hazırlaşır. Premyera yanvarın 27-də baş tutacaq.
“Dosya” tamaşası barədə danışacağam, öncəliklə istərdim sizlərə teatr barədə məlumat verim.
Qazaxda ilk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı yaradılıb, 1943-cü ildə bu teatr dram teatrına çevrilib və ona Səməd Vurğunun adı verilib. Dövlət Dram teatrı kimi 1949-cu ilə kimi fəaliyyət göstərib. O dövrdə teatrın repertuarında əsasən Azərbaycan və dünya klassiklərinin əsərləri, həmçinin müasir ədəbiyyat nümunələri yer alırdı. Teatrda çox məşhur isimlər - Gürcüsatan Respublikasının Xalq artisti İbrahim İsfahanlı, Azərbaycan Respublikasının Xalq artisti Muxtar Avşarov, Solmaz Orlinskaya, Barat Şəkinskaya, əməkdar artistlər Əliheydər Həsənzadə, Rüsxarə Ağayeva, rejissor Məcid Zeynalov və başqaları fəaliyyət göstərmişdir.
1949-cu ildə Mərkəzi Komitə əyalət teatrlarının qeyri-rentabelliyini nəzərə alaraq Qazax Dram Teatrının fəaliyyətinə xitam verib. Əslində isə bu antihimanist addım sırf antiAzərbaycan addım idi, çünki cəmi 15 kilometr məsafədə Ermənistanın əyalət teatrı - İcevan Teatrı fəaliyyətini davam etsirməkdəydi.
11 il fəaliyyətsiz qaldıqdan sonra Qazax teatrı 1960-cı ildən Xalq teatrı kimi fəaliyyətini davam etdirdi, 1988-ci ildən isə yenidən Dövlət Dram teatrı statusunda fəaliyyətə başladı, Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə ilk tamaşasını göstərdi.
Teatr müxtəlif illərdə Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan rayonlarında qastrol səfərlərində oldu. 90-cı illərin əvvəlində atəşkəsdən əvvəl Qarabağ bölgəsində-Ağdərə və Tərtər rayonlarında əsgərlər qarşısında çıxış etdi.
Bu illər ərzində teatrda 70-dən artıq əsərə quruluş verilmiş, teatr respublikada keçirilən festivallarda dəfələrlə iştirak etmişdir. Müxtəlif illərdə teatrda Respublikanın Xalq artistləri Zülfiqar Abbasov, Tariyel Qasımov, Rafiq Əliyev, Vaqif Şərifov, əməkdar artistlər Vidadi Əliyev, Münəvvər Əliyeva fəaliyyət göstərmişdir. Teatr rus, alman, bolqar, türk, tacik dramaturgiyasına müntəzəm müraciət edib, klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edir.
Teatr Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının keçirdiyi müxtəlif teatr festivallarının iştirakçısı olub.
Teatrın direktoru Saqif Sarı oğlu İskəndərov, baş rejissoru Musa Eyyub oğlu Eyyubovdur.
Və indi də növbəti premyeraya - “Dosya”ya qayıdaq.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, quruluşçu rəssamı Aysan Məmmədovadır.
Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova, Məlahət Vəliyeva, Zəmanə Dərviş, Yusif Qoca, Nəsimi Aşpazov, Xaqan Qurbanov və Aydın Orucov, Məmməd Hacəliyev ifa edəcəklər.
Teatrda cari ilin repertuar planından kənar uşaqlar üçün İsgəndər Coşqunun “Ana laylası” pyesi əsasında eyniadlı tamaşa da hazırlanır. Quruluşçu rejissoru Vüsal Məmmədov olan səhnə işi fevralın sonunda balaca tamaşaçıların ixtiyarına veriləcək.
Qazax Dövlət Dram Teatrı cari sənət mövsümü üçün plan üzrə 4 əsəri repertuarına daxil edib. Bunlar aşağıdakılardır:
Əli Əmirlinin “Onun iki qabırğası” komediyası. Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verəcək.
Həmçinin Braziliya yazıçı-dramaturq Gilyerme Fiqeyredunun “Ezop”, türkiyəli dramaturq Turqut Özakmanın “Adət” əsərləri Əməkdar artist Xəzər Gəncəlinin, gənc yazıçı Jalə İsmayılın “Ametis bəy və Apetit xanım” əsəri Qazaxa dəvət olunacaq Füzuli Dövlət Dram Teatrının rejissoru Nicat Mirzənin quruluşunda hazırlanacaq.
Uğurlar, elm, söz və sənət məskəni olan ulu Qazaxın teatrı!
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
“Nəsrəddin Xoca” Xalq artisti Vaqif Mustafayevin quruluşunda lentə alınacaq
TÜRKSOY Daimi Şurasının ötən ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, “Nəsrəddin Xoca” (“Molla Nəsrəddin”) filmi çəkiləcək.
Təşkilata üzv ölkələrin mədəniyyət nazirliklərinin və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək ekran əsəri Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin quruluşunda lentə alınacaq.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, filmin çəkilişinə hazırlıq çərçivəsində Vaqif Mustafayevin rəhbərliyi altında ölkəmizdən nümayəndə heyəti bu günlərdə Türkiyəyə səfər edib. Ankarada TÜRKSOY-un iqamətgahında təşkilatın Baş katibinin müavini Sayit Yusufla görüş keçirilib. Film layihəsinin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Vaqif Mustafayev deyib ki, çəkiliş qrupu Qazaxıstan, Qırğızıstan və Özbəkistanda filmin lentə alınacağı yerləri müəyyən etmək üçün araşdırmalar aparıb və bu ölkələrdə müvafiq görüşlər keçirib.
Rejissor, eyni zamanda, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin rəsmiləri ilə də söhbətlər aparıldığını diqqətə çatdırıb, qardaş ölkənin Ağşəhər və Əskişəhərdə çəkilişlərin aparılacağı yerlərin müəyyən ediləcəyini bildirib və bu prosesə verdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.
Görüşdə Türkiyədən sonra Türkmənistanda da bu istiqamətdə araşdırmaların aparılacağını deyən rejissor ilkin təhlil mərhələsinin may ayına qədər tamamlanacağını və çəkilişlərə bu ilin ikinci yarısında başlanacağını bildirib.
Sayit Yusuf Türk dünyasının məşhur kino sənətçilərinin iştirakı ilə həyata keçiriləcək layihənin qardaş xalqların ortaq mədəni irsini bir arada yaşatmaq və çəkiləcək filmlə dünyaya tanıtmaq üçün əhəmiyyətini vurğulayıb. O, başda rejissor Vaqif Mustafayev olmaqla çəkiliş qrupuna uğurlar arzulayıb.
Görüşdən sonra nümayəndə heyəti TÜRKSOY-un binası ilə tanış olub, qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
“YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Vüsal Sumbatzadə Barat oğlunun Bakı şəhərində doğulan övladı Kənanın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı fonda istinadən məlumat verir.
Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
"Onlar bizə əmanət" layihəsi indiyədək 115 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
Günün fotosu: Xanım Meloni Ərdoğanın qonağıdır
Günün fotosu: Xanım Meloni Ərdoğanın qonağıdır
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Günə bundan da gözəl fotomu seçmək olar. Xanım Meloni Ərdoğanın qonağıdır.
Euronews-a aid olan bu fotonun xəbərini də elə eyni adlı TV-nin efirindən şəxsən izləmişəm.
İtaliyanın Baş naziri Corc Meloni Türkiyəyə səfər edib. Bu, üç həftə əvvəl İtaliya G7-yə sədr olduqdan sonra xablm Meloninin ilk xarici səfəridir. Niyə məhz Türkiyəyə? Çox maraqlıdır əlbəttə!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saatlıq danışıqlar bağlı qapılar arxasında keçirilib.
İtaliya KİV-lərinin məlumatına görə, Meloni Liviyadan miqrasiya axınının məhdudlaşdırılması məsələsində Ərdoğanın dəstəyini geri qaytarıb və bu, Romada əsas xəbər olub.
Bundan əlavə, İtaliya hökumətinin başçısı Ərdoğana Rusiya-Ukrayna müharibəsindəki mövqeyinə, xüsusən də Qara dənizdə taxıl dəhlizinin yaradılmasında roluna görə təşəkkür edib.
Bölgəyə yayılmaqla hədələyən Qəzzadakı müharibəyə gəlincə, müşahidəçilər Meloni və Ərdoğanın bu məsələ ilə bağlı fikir ayrılıqlarından danışırlar.
İstanbulda iki lider arasında danışıqlar iki saatdan çox davam edib. Görüşdən əvvəl Meloninin qəhvə içdiyi və Qapalı Çarşı Bazarını ziyarət edərək yerli sakinlərlə söhbət etdiyi də Euronews efirində nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)
Azad dünyanın dustaq canlıları - ESSE
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”
İmam Əli( Ə) “yazıq Adəm övladı (əcəli gizlidir) nə vaxt öləcəyini bilmir”, deyirdi...
Necə də gözəl vurğulayıb əslində, lovğalıq və təkəbbürlük hissindən əcəlimizin zamanını belə bilmədik heç zaman.
Nəfsimizin əsarətində yaşayıb, sonsuz bir ömürə sahib olacağımızı təxmin etdik əzəl gündən.
Bəli, “Nəfs" - bizi gələcəkdən məhrum edən o güclü məfhum....
O qovdurmadımı Adəmi öz səltənətindən?
O düçar etmədimi dəyər verilib İlahisi tərəfindən yaradılan canlının, qalan geri həyatını zülümlə yaşamağına?
Nə idi bunun səbəbi görən?
Niyə varlığını, bir darlığa dəyişdirdi ki?
Heçmi düşünmədi cəzasının bu qədər ağır olacağını?
Düşünsəydi o həyatı yaşayardımı, yenə də nəfsinə kölə olardımı yenidən?
Olardı bəlkə də.
Çünki bizlər də bir Adəm övladı olaraq heç zaman nəfsimizdən imtina etməyi bacarmadıq təəssüf ki.
Vəfasızlıqla dönük çıxanımız oldu, mənəvi həyatı bir dirhəmə satıb, etibarını xisləti üzündən əldən verənimiz oldu çox təssüf…
Bunun ən acınacaqlı tərəfi də o oldu ki, heç zaman bunun öz nəfsimizdən yarandığını anlamadıq, eynən Adəm kimi...
Adəm bir " Almayla" öz nəfsinin qurbanı olub Cənnəti, biz də öz dünyavi cənnətimizi unutduq beləcə.
Peşmançılığımız isə bir heçlikdən ibarət oldu sadəcə.
Azad bir dünyanın, dustaq canlıları olmağı da özümüz seçdik, gözəl insan.
İstər yaxşı, istər pis, nələrinsə bir gün dəyişilməsi, az da olsa doğru yolda addımlamaq ümidi ilə...
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)
Planlı hərəkət etmək niyə vacibdir?
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Söz verdiyim kimi, biznes-plan barədə daha geniş danışmağa başlayıram. Ümumiyyətlə, hazırkı sürət əsrində planlı yaşamadan nəyəsə iddia etmək çox yanlışdır. O cümlədən, biznes sahəsində də plansız fəaliyyət göstərmək bəri başdan özünü uğursuzluq zolağına düçar etmək deməkdir.
Məsələn, mən elə insanla rastlaşmışam ki, aqrar sektorda biznes qurmaq istəyib, icarə sahəsi götürüb, orda tələb və təklifi öyrənmədən hansısa bir məhsulu əkib, nəticədə külli miqdarda ziyana düşüb. Bir başqası ticarət sektorunda böyük həcmdə bank krediti götürərək mövsümi dəblə tanış olmadan xarici ölkələrdən birindən böyük partiyada qadın paltarı gətirib, nəticə onun üçün də məyusedici olub. Amma bu insanlar planla hərəkət etsəydilər, bazar analiz olunsaydı, mütəxəssislərlə məsləhətləşsəydilər, təbii ki, fiaskoya da uğramayacaqdılar.
Hər bir yeni başlayan və ya artıq təcrübəsi olan iş adamının uğur formulu çox sadədir: Nəyə tələbat olduğunu tapmaq və bu tələbatı təmin etmək.
2010-cu ildə mən həm fəaliyyətə yeni başlayan sahibkarlar üçün, həm də artıq fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün söz söyləmək, məsləhət vermək zərurəti duyaraq biznes planının tətbiqi nəzəriyyəsi mövcusunda kitab yazdım. Mən sahibkarlara aşılamaq istəyirdim ki, hər bir fəaliyyət növünün təməli biznes-planla hərəkət etməkdir. İşin sistemli plan əsasında qurulmasının vacibliyini dərk etməmək, kortəbiilik perspektivlərin uçuruma yuvarlanması deməkdir. Elə həmin kitabda mən həm də biznes aləmində uğur qazanmağın qısaca düsturunu verdim: Biznes aləminin dərin, hərtərəfli analizi onu sübut edir ki, hər bir fəaliyyət növünün uğuru səlis, professional, vaxtlı-vaxtında hazırlanmış plandan və həmin plana əməl edilməsindən asılıdır. Və həmin biznes planın hazırlanmasını da mütəxəssislərə həvalə etmək lazımdır.
Qərb dünyasının biznes aləminin uzun tarixi və bugünkü nəticələri sübut edir ki, hər bir biznesin sığortası və uğuru müxtəlif növ konsaltinq xidmətləri ilə sıx bağlıdır. Dünyanın ən böyük və aparıcı konsernləri əbəs yerə məsləhətçilərlə və konsaltinq qrupları ilə əməkdaşlıq etmirlər ki.
Biznes aləmi sərt və praqmatikdir. Mülayimlik və xeyirxahlığın burada yeri yoxdur. O, sentimentallıqdan məhrumdur və xeyriyyəçilikdən də uzaqdır. Pul müəyyən qayda və qanunlara riayət edərək həmişə onun artımı üçün şərait olan yerə can atır, onun üçün sərt mühit olan yerlərdən yan keçir və xüsusilə də, onun üçün ciddi riskin yarandığı zonalardan uzaq qaçır.
Biznes-plan olmadan, ümumiyyətlə, kommersiya fəaliyyətinə baş qoşmağa dəyməz, uğursuzluğa düçar olmaq riski xeyli böyükdür.
Biznes-plan gələcək müəssisənin və ya layihənin bütün əsas aspektlərini təsvir edən, onun qarşılaşa biləcəyi bütün problemləri analiz edən, həmçinin, həmin problemlərin həlli üsullarını müəyyən edən sənəddir. Buna görə də düzgün tərtib olunmuş biznes-plan sonda bu suala cavab verir: bu işə vəsait qoymağa dəyərmi və bu iş bütün vəsait və güc sərfini ödəyəcək bir gəlir gətirəcəkmi?
Biznes-plan, ilk növbədə, məhz sizə biznesinizin perspektivlərini, mövcud iqtisadi situasiyanı və imkanlarınızı görməyə, kampaniyanın inkişafının effektiv istiqamətlərini və qoyulan məqsədlərin əldə edilməsi üçün bütün zəruri addımları müəyyən etməyə, öz ideyalarınızı analiz etməyə, onların səmərəliliyini və reallığını yoxlamağa imkan verəcək. Bununla əlaqədar təkcə bu planlı işin yekunu – biznes-plan deyil, həm onun işlənib-hazırlanma prosesi qiymətlidir. Bu işə cəlb olunanların hamısı gələcək birgə fəaliyyət və ünsiyyət təcrübəsi, eləcə də biznesin inkişaf perspektivlərinə əsaslandırılmış baxış qazanacaqlar.
Biznes-plan siz və sizin əməkdaşlar üçün standart rolunu oynayacaq. Siz bu standartla onun praktiki reallaşdırılması üzrə fəaliyyətin nəticələrini müqayisə edərək, bu fəaliyyətə zəruri korrektivlər daxil edəcəksiniz. Bu plan əməkdaşlara öz vəzifələrini aydın başa düşməyə, hamı üçün ümumi olan bizneslə bağlı şəxsi perspektivləri görməyə, qoyulan məqsədlərin əldə olunmasında şəxsi əməyini qiymətləndirməyə imkan verəcək. Biznes-plan müəssisənin ilk fəaliyyət ilində prioritetlərin və fərdi iş tapşırıqlarının müəyyən edilməsində faydalı olacaq.
İşlənib-hazırlanmış biznes-planı «məqsədə aparan yol» kimi, müəyyən olunmuş məqsədlərin əldə edilməsi üçün vaxta görə ən optimal və ən az riskli marşrutu müəyyən edən xəritə kimi nəzərdən keçirin.
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)
Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərinin yer aldığı dərslik nəşr edilib
Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Piano əsərləri” kitabı nəşr edilib. Kitab Ankara Dövlət Opera və Balet Teatrının əməkdaşı, peşəkar fortepiano sənətçisi, həmyerlimiz Nailə Əhmədova tərəfindən tərtib olunub.
Bununla bağlı AzərTAC-a məlumat verən Nailə Əhmədova Türkiyədə Azərbaycan bəstəkarlarının, klassiklərinin əsərlərinin həddən artıq çox sevildiyi üçün belə bir əsərə ehtiyac yarandığını deyib.
“Klassik musiqimizin banisi Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının musiqiləri möhtəşəmdir və bu əsərlər qardaş Türkiyədə çox sevilir. Musiqilərimiz qulağa xoş gəlir, ürəkaçandır, tələbələr tərəfindən asan mənimsənir. Aralarında çətin mənimsənən musiqilərimiz də var, amma o əsərlərin də dinləyici auditoriyası Türkiyədə çoxdur”, - deyə Nailə Əhmədova bildirib.
Bu musiqiləri bir kitab şəklində hazırlayıb, tələbələrinə dərs vəsaiti olaraq təqdim etməsi ilə bağlı ideyanın üç-dörd il əvvəl yarandığını qeyd edən pianoçu deyib: “Əvvəl mütəmadi olaraq notların surətini çıxarıb tələbələrə paylayırdım. Doğma Türkiyəmizdə bu qədər ehtiyac olduğu halda nədən belə bir tərtibat olmasın, bizdən də bir xatirə qalsın, deyə düşündüm. Elə bu fikirlə də nəhayət ki, kitabımız ərsəyə gəldi. Zəngin repertuar seçimi olan kitabda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Musa Mirzəyevlə yanaşı, avropalı bəstəkarların da əsərləri yer alıb. Kitabın sonu da Üzeyir Hacıbəylinin “Yaxşı yol” əsəri ilə bitir”.
Müsahibimiz bildirib ki, Türkiyədə ilk dəfə fortepiano ifası üzrə tələbələr üçün hazırlanan belə bir dərs vəsaiti musiqi ictimaiyyəti üçün də olduqca maraqla qarşılandı: “Ümid edirəm ki, müvafiq qurumlar, xeyirsevər azərbaycanlılar bundan sonrakı nəşrlərin daha geniş tərtibatda və tirajda yayılmasına, azərbaycanlı musiqiçilərimizin qardaş Türkiyədə çox geniş təbliğinə öz dəstəklərini göstərərlər”.
Nailə Əhmədova kitabın Türkiyə ilə yanaşı Fransa, İtaliya, Amerika, Almaniyada da marağa səbəb olduğunu deyərək bildirib ki, o ölkələrdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət tərtiblə bağlı təşəbbüslər də var.
Nailə Əhmədova deyib ki, hazırda azyaşlılar, gənclərlə yanaşı, yaşı 40-daha çox olan və Azərbaycan musiqilərinə böyük maraq göstərən, fortepiano dərsləri almaq istəyənlərin də sayı Türkiyədə artmaqdadır: “Məqsədim budur ki, Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin böyük səhnələrində zövqlə ifa edilsin və insanların ruhunu oxşasın”.
Nailə Əhmədova kitabın nəşrində xidməti olan “Arkadaş” Yayın Evinə də təşəkkürünü bildirib.
Qeyd edək ki, kitabda müəllifin özünəməxsus tədris metodu yer alıb.
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
36-cı hissə
Seçim
Ülkərevə nə halda qayıtdısa, anası ürəyini tutdu. Sözsüz bilinirdi ki, qızı yeni faciəyə tuş gəlib. Anası nə illah elədisə, Ülkər nə baş verdiyini danışmadı. Sadəcə dilə gətirdi ki, işdən çıxıb.
Bir neçə gün evdə oturub bir yana çıxmadı. Seçim etməliydi. Həyata qaldığı yerdən davam etsinmi, yoxsa hər şeyə tüpürüb başqa yol seçsin.
Bax onda da bütün həyatı gəlib kino lenti kimi gözünün önündən keçdi. Talesiz taleyinə hey göz yaşı axıtdı. Qızı gəlirdi, balaca əlləri ilə başını tumarlayırdı, gözünün yaşını silirdi. Aylin olmasaydı, tüpürərdi bu çirkab dolu həyata. Çoxdan canına qıyardı, bir ucuz intihar yolu seçib dünya ilə vidalaşardı. Amma bu balaca məxluq sanki tutub onu saxlayırdı, deyirdi, bəs mənim axırım necə olacaq?
Aylin necə duruş gətirə bilərdi bu rəzil dünyada? Anasının başına gətirilənlər onun da başına gətirilməyəcəkdimi? Kim zəmanət verərdi axı buna?
Çox ağır, sıxıntılı günlər idi, həyat tam namüəyyənlik içindəydi.
Bir həftə keçmiş anasının növbəti həkim müayinəsi vaxtı yetişdi, evdəki son pulu aparıb verəsi oldu, beş manat çörəkpulu saxladı, vəssalam.
Maddi sıxıntı qədər mənəvi sıxıntı da keçirirdi, gücü ona çatırdı ki, hey ağlasın. Göz yaşı quruyanda bir qədər musiqi dinləmək, filmlərə baxmaq, kitab oxumaq barədə düşündü. Bunlar bir qədər onu dərdin əlindən aldı. Səhər açılırdı, axşam düşürdü, gün beləcə keçirdi.
Evlərində kitab yox idi, telefondan pdf variantda sevgi romanı tapıb oxudu. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını. İllər öncə bu romanın ssenarisi əsasında çəkilmiş “Təhminə” filminə baxmışdı, çox bəyənmişdi həmin filmi. Amma roman daha mükəmməl idi. Təhminədə özünü gördü. Bir bax, bəlkə də qırx-əlli il öncənin əhvalatıdır, orada da qadına kişilər tamahkarcasına, ağızları sulanaraq baxır, haqqında nalayiq sözlər çıxarırlar.
Qoca, idbar Dadaş deyir ki, Təhminəylə yatmışam. Manaf, Spartak görüntü yaradırlar ki, Təhminəylə yatmışıq. Kişilərin yeganə işi qadını ovlamaqdır, bu alınmayanda da öz məğlubiyyətlərini etiraf etmədən ona ləkə yaxmaqdır.
Demək, bu qədər il ərzində heç nə dəyişməyib. Köhnə hamamdır, köhnə tas.
Növbəti günlərdə kommunal xərcləri ödəmək, Aylinin liseyinin pulunu keçirmək kimi müşküllər də gəlib yükünün üstünə qalandı. Borc alsın. Amma kimdən? Tanışı da yox idi borc almağa. Bəlkə Gülgündən? Əsla. Bəlkə Banudan? Heç bir vəchlə. Bəlkə Nazəndə xanımdan? O da müalicə alırdı, təqaüdü iynə-dərmana gedirdi.
Bəlkə bacısını arasın? Bacısının nömrəsini yığdı. Bacısı onun nömrəsini bloka salmışdı, əri yazığı buna məcbur eləmişdi.
Bəs nə etsin axı?
Ölmək olmazdı, qızının xatirinə yaşamalıydı. Öz həyatına iki yolla əlvida deyə bilərdi. Biri intiharla. Digəri isə yüngül qazanc dalınca düşməklə. Özünü qızına fəda verməliydi ikinci yolu seçməklə. Nazanın kartı vardı, nömrəsi vardı. Onun yanına gedib əxlaqsızlıqla məşğul olaraq pul qazanmaq seçimi aktual idi. Onsuz da adına fahişə deyirdilər fahişə olmaya-olmaya. İndi də qoy əsl fahişə olsun.
Bu qərarı verib rahatlaşdı.
Yolu bəlli idi. Ertəsi gün Nazanın yanına gedəcəkdi. Ondan “iş” istəyəcəkdi.
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Elnaz İslamvənddən “Qıvrılan yol”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Köylü Qız adıyla tanınmış güneyli şairə, Elnaz İslamvənd 1983-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, 2005-ci ildə pedaqoji fakültəsini Təbriz universitetində bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci il və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.
QIVRILAN YOL
Mən yoruldum, gözün aydın,
Bu sən, bu verdiyin ürək.
Artıq tanrının əlindən,
Heç iş belə gəlməyəcək.
Kim deyir ki, ömür boyu,
Yora bilməz yollar məni!
Fəsillər aldadır bizi,
Təqvimlər oynadır səni.
Birisi köçürtdü səni,
O fəsildən bu fəsilə.
Yuxu da görməzdim belə,
Ayağım səndən kəsilə.
Mən yoruldum, gözün aydın,
Dönürəm, bu imza, bu qol.
Sonunda zəhrini tökdü,
İlan kimi qıvrılan yol…
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)
Tomun və Cerrinin cavan vaxtları
Sərtyel, “Ədəbiyyat və incəsənət”
KƏLAMLAR
Əgər sənə deyirlər ki, sən qəşəngləşmisən, bu elə odur ki, sənə desinlər, sən əvvəllər pis gündə idin.
Çıpslər - bir ədəd kartofun bir kilo kartofun qiymətinə sırınmasıdır.
Müdriklik odur ki, sən başqalarından ağıllı olduğunu gizlədirsən, amma bunu elə edirsən ki, onlar əsl həqiqəti duyurlar.
Gəmi suyun altına ətrafındakı suya görə getmir ki, içinə dolmuş suya görə gedir. İmkan vermə ki, pislik sənin içinə dolsun.
Qırmızı dənizdə qara kürü yemək Qara dənizdə qırmızı kürü yeməkdən daha gözəldir.
İttihametmədən gözəl özünütəmizəçıxarma hələ kəşf edilməyib.
Öz məqsədləri olmayan başqasının məqsədləri üçün çalışar.
Şəkildə: Tom və Cerrinin uşaqlıq şəkilləri tapılıb.
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)