
Super User
Azərbaycanın sədrliyi ilə toplantı
Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlama Şurasının 34-cü iclası çərçivəsində İran İslam Respublikasının Tehran şəhərində təşkil olunan Turizm Komitəsinin toplantısı keçirilib.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirdə Azərbaycanı Agentliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.
Toplantı zamanı təşkilatın 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər üzrə iş planına əsasən, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) regionu ölkələri üçün turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinin yaradılması, turizm standartlaşdırması üzrə işçi qrupu tərəfindən hazırlanmış İƏT regionunda fəaliyyət göstərən yerləşdirmə müəssisələrinin davamlılığı ilə bağlı ümumi kriteriyalar, üzv dövlətlər arasında İpək Yolu turizmi istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupun yaradılması müzakirə edilib.
Həmçinin İƏT və UNESCO-nun birgə əməkdaşlığı ilə qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması üçün müvafiq tədbirlərin təşkili, eləcə də üzv dövlətlərin mövcud turizm potensialının təşkilat çərçivəsində daha geniş təbliğatının aparılması məqsədilə yeni layihə olan "İƏT-in turizm səfirləri"nin təyin edilməsi məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Bolqarıstanda Azərbaycan kinosu gecəsi və fotosərgi təşkil olunub
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı MENAR Beynəlxalq Film Festivalında Azərbaycan kinosu gecəsinin və “Azərbaycana səyahət” adlı fotosərginin açılışı olub.
Bu barədə AzərTAC-a ölkəmizin Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, gecədə ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və MENAR Beynəlxalq Film Festivalının təşkilatçı şirkətinin rəhbərləri çıxış edib, iştirakçılara Azərbaycanın mədəniyyəti və kino sənəti haqqında məlumat veriblər.
Yanvarın 22-dən 28-dək davam edəcək “Azərbaycana səyahət” fotosərgisində Bolqarıstanın türkəsilli fotoqrafı Arslan Əhmədovun müəllifliyi ilə Azərbaycanın ucqar bölgələrində yaşayan soydaşlarımızın yaşayış tərzini və mədəniyyətini, eləcə də Qafqaz, Talış dağlarının əsrarəngiz təbiətini əks etdirən fotolar nümayiş olunub.
Tədbirlərdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, yerli mədəniyyət xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, jurnalistlər, həmçinin yerli və xarici kinosevərlər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
3 seçilmiş! - ƏDƏBİ TƏNQİD
Əli Bağış (Savalan Qorqud Daşdəmir) yazır
“Ədəbiyyat və incəsənət”in təqdimatında
“Günəşi sağ əlimə, ayı sol əlimə qoysalar belə, yenə yolumdan dönmərəm! Muhəmməd RəsulAllah
“Tanrı göydən dərdi məni, Yerə göndərdi məni” Ramiz Rövşən
Heç bir zaman əhliləşməyən, öz tutduğu yoldan dönməyən, Qiyamətdəki Qurd.
15 dekabr 2023-cü ildə 77 yaşı tamam olan nəhəng şair, böyük fikir və əqidə adamı, dahi Ramiz Rövşənin 2-ci ən böyük poeması “Canavar ovu” barədə bəzi fikir və mülahizələrimi yazmaq istədim. Əziz dostum və böyük şairimizə elə kiçik doğum günü hədiyyəsi kimi də düşünmək olar! Poema, dahiyanə, sufi-ekzistensial “Süd dişinin ağrısı”poemasından fərqli olaraq həm metafizik, həm alleqorik, həm də bədii üslubda yazılmış möhtəşəm sənət əsəridir. O, 5 yaşında ata yurdu Qubadlıda bir qış günü xalasıyla qonşu kəndə yol gedən zaman qarşılaşdığı Canavarı 32 il sonra ölümsüzləşdirib... Əsər 5 nəzm və 5 nəsr bölümündən ibarətdir. Həyatda olduğu kimi, dialoqu xoşlamayan şair bu möhtəşəm poemada da yalnız monoloqdan istifadə edib. 2-ci bölmədə (Uşaqla ) və 5-ci bölmədə (Allahla) Canavarın monolqu, doğrudan, valehedicidir. 1,3 və 4-cü bölümlər isə şairin Allah, insan, azadlıq, tənhalıq, deqradasiyaya uğramış cəmiyyət barədə fikirlərinin Canavar timsalında ifadəsidir! Bir dəfə (çoxlu görüşlərimiz olur) şairdən soruşdum ki, Ramiz müəllim, Canavarı göydən kəndə niyə apardınız ki? Gülüb belə cavab verdi, mən Canavarı kəndə aparmadım ki, özü məni kəndə apardı… Doğrudan da, “Dəstəyi Allah əlində” olan Canavar axı hər canlıya nəsib olmayan “Azadlığın tənhalığı”ndan imtina edib bütün eybəcərlikləri özündə ehtiva edən ikiayaqlı məxluqlar dünyasına (Taifə) niyə girsin ki?!
Göydən enən Canavar, bəlkə, elə öz “azadlığının tənhalığı”ndan qaçıb o kəndə (Taifə), öz ölümünə sığınırdı? Ruhən, mənən aclığı Canavarı maddi aclığa sürükləyirdi. Ulaya-ulaya özü kimi tənha olan bayquşu axtaran, ,,Allah kimi alınıb-satılmayan “ yalquzağın vahiməli səsi şairi belə qorxudur!!! Birdən o səs Allaha çatar və Allah özü yaratdığı iki əbədi tənhaya -Bayquşa və Canavara həmdəm olmaq üçün Yer üzünə enərdi. Allahsız ovçular Allaha atəş açardılar və Qiyamətdən öncə Qiyamət qopardı... Amma göydə Allah, yerdə şair buna imkan vermədilər! ...Sus, ulu yalquzaq, ulama, bəsdi, bəsdi, çək gözünü bu göydən daha. Yaxşı ki, bir bulud aranı kəsdi, yaxşı ki, çatmadı səsin Allaha...
Doğulmamışdan atasını, 6 yaşında anasını itirən, yetim qalıb tək-tənha böyüyən Muhəmməd rəsulAllah, nəbilik gəldikdən 10 il sonra Məkkədə çoxlu zülm, əzab görməklə bərabər, çox az tərəfdar topladığından ən sonda yeni dinini təbliğ edib daha çox tərəfdar toplamaq məqsədi ilə Məkkənin 70 km cənubundakı müşrik ərəblərin 3 ən böyük bütündən biri olan Əl-Latın yerləşdiyi Taifə doğru üz tuturdu...
“Şair, hökmdarın hüzurundasan!” yazıldığı qanlı-qadalı, ölümlü-itimli, xəyanətin, satqınlığın diz boyu yürüdüyü zamandan -1937-dən 9 il sonra nə ana, nə ata tərəfində yazı-pozu adamı olan, qosqoca Bakının qədim kəndi Əmircandan bütün Azərbaycana, özünəqədərki bütün stereotipləri darmadağın edəcək bir dahi doğulurdu...
Və bulaq başında yalquzağın Əjdər kişinin 13 yaşlı oğluyla və onun quzusuyla sorğu-sualı başlayır! Əsatirlərimizdə Qiyamətə qədər dözüb yaşayan, Qiyamətin tufanında dərisi boğazından çıxana qədər caynaqlarını torpağa batırıb dayanan və dözən nəhəng yaradılmış Yalquzaq, müdrik qocaya (şairə) reinkarnasiya olub,Yaradana, onun yaratdığı ikiayaqlı və dördayaqlılara suallar ünvanlayır: “Sən 13 yaşında dəcəl uşaqsan, Mən 13 yaşında qoca yalquzaq” Və ya “Ay Allah bəndəsi, biz ki yaşıdıq, Niyə mən qocayam, sən uşaq?..”desin Və ya “Yoxsa ayrı vaxt var hərədən ötrü; Canavar vaxtı var, adam vaxtı var?!” Və ya “Niyə quşun vaxtı quş kimi uçmur, Qarğalar 300 il yaşayır niyə?!” Yalquzaq gözüylə yaratdığı dünyanın “ədalətsizliyindən” Yaradana şikayət edən Yalquzaq (şair) sonra 13 yaşlı uşağa yaşadığı və yaşamağa məhkum olduğu fani dünyanın ən böyük eybəcərliklərindən birini -”yaşamaq uğrunda mübarizə”nin “şirinliy”ini izah edir: “Tanrı hər quzuya bir qurd göndərib, Hər qurda bir quzu, haqq-hesab budu. Bu cığal dünyada min ildən bəri Bəlkə də, ən düzgün haqq-hesab budu”. Yalquzaq (şair) demək istəyir ki, oğul, güclü olub zalım olacaqsan, zəif olsan, məhv olacaqsan! Hər ikisi Allahsızlıqdır! Ədalətli olacaqsan, mənim balam ədalətli!!! Bəşərin qurtuluşu ədalətdədir!
...Taifin kənarlarına çatan RəsulAllah Muhəmməd, oğulluğu Zeydə ədalətli olmağı, yalnız və yalnız ədalətli olmağı təlqin edirdi! Zeyd dayandı və soruşdu: - Ədalət nədir, ya RəsulAllah? - Oğul, ədalət - özünə rəva görmədiyin heç bir şeyi başqasına rəva görməyəcəksən deməkdir!..
Ən sonda Yalquzaq (şair) quzuya insan dünyasının “gözəlliy”ini anladır: “Sən də belə qorxma ölümdən, quzu, İnan dünyagörmüş bu yalquzağa. Canın qurtaracaq zülümdən, quzu, Bıçaq görməyəcək boğazın daha...
Bilirəm, o evdə əzizlənirsən, Hamı sevə-sevə aldadır səni. Sənə öz əlindən qənd yedizdirən Bu dəcəl uşaqdı cəlladın sənin” Stop! Və quzu birdən-birə ikiayaqlının daha təhlükəli, daha riyakar, daha ikiüzlü olduğunu anlayır. Və sevinir ki, bu ikiayaqlılardan fərqli olaraq,Yalquzaq onun ətini yeyib, sümüklərini “ölüncə qab dibi yalayan” köpəklərə atmayacaq, onu bütövlükdə udub, Quzunu (qurbanı) Yalquzağa (cəllada) çevirəcək!..
Doğrudan da, faşist həbs düşərgələrində nasistlərə xidmət edən yəhudilər (qurbanlar) (O yəhudiləri nasistlər “Kapo” adlandırırdılar) öz millətinə qarşı nasistlərdən daha çox qəddarlıq (cəlladlıq) edirdilər...
“...Fikir vermə- mələdikcə qoy mələsin o quzu, Səni aldadır eləcə həzin-həzin o quzu.
İlan dili çıxarsa da, inanma yalandı daha. Bu qurd da, o quzu da ikisi bir candı daha.
Yıxılsan, elə bilmə ki, qurd özü udacaq səni. Yox, bu qurdun qarnındakı o quzu udacaq səni...”
Canavarın quzunu apardığını oğlunun bağırtısından duyan Əjdər kişinin tüfəngi götürüb (!) bulağa sarı qaçarkən qızının quzunun boynuna bağlanmış lentini tapmağını şair çox milli bir şəkildə yozur: Əjdər kişi quzunun qanına boyanmış lenti tapanda elə bildi ki, canavar quzunu yox, onun qızını qaçırıb... Və Əjdər kişi ”Oğraş!” deyə bağırıb göyə iki güllə atdı! Stop! Şair tüfəngə sığınan, tüfəngə güvənən insanın Canavar (təbiət) qarşısında acizliyini, zəifliyini ecazkar şəkildə belə ifadə edir:
Hanl sənin hirsin, kinin? -Bu tüfəngin içində. Bu tüfəngin içindədir Sənin bütün gücün də!
Səcdə qıl bu tüfəngə sən, Uca tut onu din kimi, Bu tüfəngin içindəsən Çıraq içində cin kimi.
Bu tüfəngin içindəsən, Uyuyursan xısın-xısın. Lüləsi- gözündən iti, Gülləsi- qolundan uzun...”
Bütün sovet və bəzi sol təmayüllü qərb ədəbiyyatında insanın mütləq təbiəti ram edəcəyi, təbiətə qalib gələcəyi bir doktrina kimi irəli sürülüb. Dahi Nazim Hikmət belə illüziyaya qapanıb: “...Akın var, güneşe akın! Güneşi zapt edeceğiz, güneşin zaptı yakın...” yazmışdı. (Bütün təbiət fəlakətlərinə: daşqın, zəlzələ,vulkana qarşı bütün dünya ölkələrindən daha çox hazırlıqlı olan Yaponiya kimi dünyanın 3-cü iqtisadi gücü sunami qarşısında rəsmən əlacsız qaldı!) Ağlından başqa Yaradan tərəfindən heç bir mühafizə (Çeyran kimi qaçmaq, balıq kimi üzmək, şahin kimi uçmaq, möhkəm pəncə, iti diş, zəhər və s. kimi hücum vasitələri) sistemi olmayan insan ən müasir elm, texnika, silah kimi nəsnələrə sahib olan kimi onu yaradan Təbiətə (Allaha) qarşı, O-nun mükəmməl yaratdığı düzənə qarşı savaşa başlayır! Bəlkə, elə buna görə Uca Yaradan öz müqəddəs kitabında - Quranda “insan nankordur “deyə dəfələrlə vurğulayır! Haşiyələr: 1-ci haşiyə SSRİ tarixində ölkədən ən ağlasığmaz qaçışı edən adam Stanislav Kurilovdur! 14 dekabr 1974-cü ildə kruiz layneri ilə Vladivostokdan ekvatora və geriyə (heç bir porta dönmədən) üzən gəmi ilə Filippin yaxınlığında gəmidən okeana atılıb 3 gündə 100 km (!) məsafə üzən Kurilovdan jurnalistlər soruşanda ki siz okeandakı canlılardan qorxmadınız? (“Okeanda tək adam” kitabı rusca internetdə var) Kurilovun cavabı çox maraqlı olur: Bir neçə saatdan sonra insan okeanla elə harmoniyaya girir ki, elə bilirsən, sən də bu canlılardan birisən. Akulalar kimi, delfinlər, müxtəlif canlılar kimi!
2-ci haşiyə Yapon Kvantun ordusunun zabiti Hiroo Onoda 1944-cü ildə Filippində (yenə Filippin) partizanlıq etmək əmri alır və 29 il (!) Amerika ordusuna qarşı savaşır. 1973-cü ildə (Bu barədə ingiliscə “Təslim olmadım” kitabında yazıb) ən sonda ona əmri vermiş mayoru tapırlar, o, silahı yerə qoymağı əmr edir! Hiroodan jurnalistlər soruşur ki, bu 29 ildə meşələrdə vəhşi heyvanlar, zəhərli sürünənlər, zəhərli böcəklər arasında siz necə yaşadınız? O belə cavab verir ki, bir aydan sonra sən də onların bir parçası olursan, onlarla harmoniyada yaşayırsan!
...Məkkə müşriklərinin tapındığı 13 ilahdan ən böyük üçü belə adlanır: 1.Hübal 2.ƏL-Lat 3.ƏL-Uzza ƏL-Lat bütü bərəkət və əkinçilik tanrısıdır. Bu ikinci tanrı Taif qəsəbəsində yerləşirdi. Muhəmməd rəsulAllah və oğulluğu Zeyd təkallahlığı yaymaq üçün Məkkədən 70 km cənub-qərbdə yerləşən Taifə 2 günlük yolçuluqdan sonra yetişdilər.
Şəvval ayının 27-si idi.
RəsulAllah taiflilərin qəbilə başçılarına Allahdan başqa Allah olmadığını, özünün də O-nun elçisi olduğunu dönə-dönə izah etdi.
10 gün ərzində bütün dediklərinə, gətirdiyi dəlillərə baxmayaraq ( Allah rəsulunun bir ləqəbi də Əmin idi, yəni doğruçu, düzgün. Bunu taiflilər də bilirdi), Taifin qəbilə rəisləri eynən Məkkənin qəbilə rəisləri kimi həqarət etməyə başladılar:
-Allah elçi göndərmək üçün sənin kimi yetimdən başqa birini tapa bilmədimi?!
Sən yalançısan.Torpaqlarımızdan çıx, hara gedirsən, get. Qövmün və həmşəhərlilərinin dediklərini qəbul etmədiyini görüncə bizləri dədə-baba dinimizdən döndərməyəmi gəldin?!”
Və insanlığa “Rəhmət olaraq göndərilən”i qovdular.
Allahın elçisi bütpərəstlərin bu hərəkətindən çox qəmgin və mütəəssir halda qəbilə rəislərinin evindən çıxanda uşaqların, cavanların, qız və qadınların yolun iki tərəfi boyunca sıraya düzüldüyünü gördü. Özü öndə , Zeyd arxasınca taiflilərin cərgəsi arasında keçərkən daş, tüpürcək, söyüş yağışı başlandı. Uşaqdan böyüyə kim əlinə nə keçsə, Allahın Elçisinin üzərinə atırdı. Zeyd O-nu bacardığı qədər qorumağa çalışsa da, qanlar içərisində olan üz-gözünü belə silə bilmirdi.
Ayaqlarına atılan daşlardan axan qan ayaqqabılarına axır, yerdə iz buraxırdı. Taifli qadınlar sidik və nəcasət dolu qabları köməksiz qalmış bu iki Allah fədaisinin üzərinə tökürdülər...
Yağan saysız-hesabsız daşlardan (“Sənə bir daş atar yerindən duran, Səni sevdiklərin daş-qalaq eylər...”) canlarını zorla qurtarıb Taifdən kənardakı üzüm bağlarına sığındılar. Rəhmət və Bağışlanmaq üçün göndərilən yenə bəla istəmədi və yalnız belə dedi:
- Allahım, qüvvətsiz və çarəsiz qaldığım, xalq tərəfindən bu hala düşdüyüm üçün Sənə şikayət edirəm...”
Bəzi araşdırmalara görə, bu zülm yolçuluğu 2 km-dən çox olub. Azğınlaşmış insanlar it sürüsü kimi iki saatdan çox Allahın Elçisini qovmuşdular...
“Qovur, qovur səni bu it sürüsü,
Bu qorxaq itlərin
igid sürüsü.
Ağızları
köpüklənə-köpüklənə,
Bir-birinə güvənib
ürəklənə-ürəklənə
qovur səni bu itlər...”
“İtlər hürüşdü, adamlar çığırışdı:
- Kəndə canavar girib, canavar!.. Qoymayın, qaçdı!..Yolunu kəsin,vurun öldürün!..
...Əslində, o canavar özü də bu dəqiqə heç onu qovanları görmürdü. Kəndin içiynən arxasına baxmadan qaçırdı və arxadan onu qovan adamların söyüşünü, onu qovan itlərin hürüşünü eşidirdi...
...Dəyib bir-birinə evlər, həyətlər,
Bu nə qovhaqovdu, nə vurhavurdu?
Gör necə qudurub it oğlu itlər,
Qovur küçə-küçə qurd oğlu qurdu.
Ölüncə qab dibi yalayanların
Sən bir hirsinə bax, hikkəsinə bax.
Qapılarda quyruq bulayanların
Qabağından qaçmaq
zülmdü, Allah!..”
Stop!
1970-ci ildə Ramiz Rövşənin “Gənclik “nəşriyyatı tərəfindən ilk kitabı çap olundu. Tiraj 4500 ədəd, qiyməti isə 14 (!) qəpik.
Müəllifin ilk kitabının adı “Bir yağışlı nəğmə “ idi.
Kitabda gənc müəllifin 55 şeiri yer almışdı.
Və Azərbaycan sovet ədəbi mühitində sözün həqiqi mənasında bir “Xirosima bombası” partlayışı effekti yaratdı.
Nə Lenin, nə partiya, nə kolxozçu, nə zavod fəhləsi, nə sovet sisteminin “nailiyyətləri”ni tərənnüm edən bir misra belə yox.
Ya bu kitab 100 il keçmişdən gəlmişdi, ya 100 il öncədən gəlmişdi...
Özünə qədərki bütün sovet ədəbiyyıtına məxsus stereotipləri darmadağın edən şeirlər idi.
“Partbiletim sol cibimdə, ürəyimin başındadır”. “O kimdir, külüngü dağ kimi vurur, Keçici bayrağın yanında durur”, “Mən hansı bir insana bənzədim ki Lenini”, “Bəli, Avroradan Qış sarayına atılan topları biz atmalıydıq”, “Leninləşir bütün bəşər, Bütün ellər, qəbilələr”. “Leninlə söhbət” poeması, “Lenin zirvə” şeirlər kitablarının tüğyan etdiyi zaman “Yatar oğlanların pişik yuxusu Qızların evinin pilləkanında” və ya “Təkcə gücsüzlüyündən yıxılmır, atam balası, Arabir gücündən yıxılır adam..”, “Ölməyə yox, İlahi, Yaşamağa vətən ver!..”, “Qadınlar düşdülər Allahın arxasınca. Allah zəmini biçirdi, Qadınlar dərz bağlayırdılar” kimi şeirlər yaza bilmək ən azı cəsarət idi...
55 eyni ruhlu şeirə görə Ramiz Rövşənə Azərbaycan yazıçılarının plenumunda (!) 3 günlük məhkəmə qurulur və onu 3 gün “qovurlar”.
Axı necə olur ki, sən bizim kimi daha çox “pay” almaq üçün “quyruq bulamırsan?” Sən kimsən belə? Bizim qurduğumuz dünyanın-“Saray şairi”evimizin bünövrəsinə əxlaqlı şeirlər dinamiti qoyub partladırsan?
24 yaşlı gənc şairi mənən asmaq üçün Qolqofa yollayırlar.
Şair ara-sıra çap olunsa da, yalnız 16 il sonra ikinci kitabı - “Göy üzü daş saxlamaz” çapdan çıxır.
Birinci kitabdan sonra sağ qalanlar və sonradan böyüyənlər yenidən şairlə savaşa qalxırlar.
Ən sevdiyim şairlərdən birinin “Göy üzündə daş nə gəzir?” kimi guya Ramiz Rövşəni yıxıb sürüyən böyük yazısı çap olunur.
Bir-iki məqamı nəzərə almasan, çox qərəzli və kitabın mahiyyətindən anlamayan bir yazı kimi oxucu yaddaşıma həkk olunub...
1970-ci ildən başlayan anti-Ramiz Rövşən hərəkatı 48 ildir davam edir.
“...Bir vaxt iri köpəklər hürərdilər üstümə, İndi xırda küçüklər hürüşür addımbaşı. Hürməkdə o köpəklər yaman ustaydı, usta, Bu küçüklər hələ ki bir az naşıdı, naşı...”
O “şair”lər şairə “daş atır”lar ki, bütün yaradıcılığında Ramiz Rövşən qırmızı xətt kimi keçir. Hamısının yaradıcılığında şairin “Nəğmələr”i var... Amma elə həvəslə, elə ürəklə “oturduqları ağacı” baltalayırlar ki, hərdən bu yazıqlara demək istəyirsən, Ramiz Rövşən var deyə, sizlər də şair sayılırsınız. O, olmadığı gün sizlərin qiyaməti başlayacaq...
Canavar qaçır, itlər, adamlar qovur.
“bu kəndi bürüyən nədi?
Sənin qorxundu, qorxun!
Arxanca yüyürən nədi?
Sənin qorxundu, qorxun...”
Canavar o it və insan sürüsündən yox, öz qorxusundan qaçırdı.
O qorxu –“ o mundar itlərə yem olmaram mən” qorxusu idi.
O qorxudan canını qurtaran Canavar kənd qəbiristanına üz tutur.
“...Ora üz tut, ora yüyür,
Üz tut qəbrə-gora, yüyür!..
Ölümdən gizlənməyə,
Ölümü gözləməyə
Ondan yaxşı yer hanı?!”
Və Canavarın Allaha üz tutmağı, yəni sonuncu monoloqu başlayır:
“Burda dörd tərəfim başdaşlarıdı,
Çaşdım bu daşları görəndə, Allah.
Bu ətdən, sümükdən yaratdıqların
Yoxsa daşa dönür öləndə, Allah?
Diş kimi torpağa batıb bu daşlar,
Yoxsa diş çıxarıb bu torpaq belə?
Yoxsa bircə-bircə dadıb bu daşlar
Axırda hamını udacaq belə?...”
Diri İnsan Qorxusundan qəbiristana qaçan Canavar bu dəfə Daşlaşmış İnsan Qorxusu ilə üz-üzə gəlir. Sonda qanına susamış Diri İnsandan və köpəklərdən Daşlaşmış İnsanın enli kürəyinə sığınır.
Hər yerdən əlacı kəsilən Yalquzaq sonda Yaradandan öz canavar cənnətinə qovuşmağı istəyir.
...Qıraqda deyil ki qurdun cənnəti,
Qurdun cənnəti də öz içindədi...
Mənim içimdədi cənnətim, Allah,
Tez ol, yetir məni o cənnətə sən.
Özün al canımı bu sabah-sabah,
Özün ötür məni o cənnətə sən...
“O yalquzaq gizləndiyi başdaşının arxasından sıçrayıb çıxanda Əjdər kişinin gülləsi onu havada haqladı. Özü də düz alnının ortasından dəyib bir göz qırpımında canını aldı...”
Yalquzaq nə insanlara, nə də köpəklərə-yaradılmışlara təslim olmadı.
Onu Yaradana və Göndərənə canını təslim etdi...
İyun. 632-ci il. Mədinə şəhəri.
Aləmlərə Rəhmət olaraq Göndərilən sonuncu Rəsul can üstədi.
Yerinə yetirdiyi nəhəng bir missiyanın rahatlığı, o missiyanı yerinə yetirən zaman heç vəchlə, heç bir halda təslim olmamaq, güzəştə getməmək inadı, bütün məşəqqətlərə dözərək ümmətinə bəla istəməmək mərdanəliyi və Onu Göndərənə verəcəyi hesabat qorxusu içində idi.
Bu zaman vəhi mələyi göründü:
- Səni yoxdan Yaradan Sənə salam deyir. Arzu edərsə, ta Qiyamətə qədər onu yaşadaram.
Yanındakılar Allah Rəsulunun şəhadət barmağı, sevincdən dolan göz yaşları ilə yuxarını göstərdiyini gördülər və son sözlərini eşitdilər:
- Məni Rəfiqimə qovuşdur...
2030-cu illər .
Əmircan.
Ata evi.
60 yaşlarında Rövşən, arıqlamış, zəifləmiş halda yataqda uzanan dahi şairin, hər şeyi olan nəhəng Atanın yanında oturub göz yaşlarını saxlaya bilmir:
- Bir istəyin varmı, Ata?!
Şair zəifləmiş, heç bir zaman heç kimə əyilməyən, təslim olmayan vücudunun sağ əlinin barmağını yuxarıya doğru qaldırır:
- Gözümüzü özün qapa.
Göz yumunca Haqqı tapaq.
Hər ağızdan bir söz qopar
Son anda: Allah!
Dayandı.
Sonda güclə əlavə etdi:
-Onu istəyirəm, oğul, Göndərəni!..
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə başlanılıb
Son illərdə aşıq sənətinə və ədəbiyyatına dair bir sıra uğurlu nəşrlər ərsəyə gətirən Azərbaycan Aşıqlar Birliyində (AAB) bu dəfə dastanlarımıza müraciət etmək qərara alınıb.
Bu barədə AzərTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, iki cilddə çap olunması nəzərdə tutulan antologiyada hazırda da aşıqlarımızın repertuarında mühüm yer tutan dastanlara yer veriləcək. Belə ki, günümüzün ustad aşıqlarından Ələddin Göyçəli, Fətulla Göyçəli, Ağamurad Şirvanlı, Arif Əsgərov, Altay Məmmədli, Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nasğıyev, Elman Talıstanlı, Məmməd Bozalqanlı, Nizami Şirinov, eləcə də İxtiyar Qocayev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Anar Kərimov, Anar Qurbanov və digərlərinin repertuarından lentə alınmış “Abbas və Gülgəz”, “Qurbani”, “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Alıxan və Pəri”, “Şah İsmayıl və Gülzar”, “Yəhya bəy Dilqəm”, “Aşıq Hüseyn və Reyhan xanım” və digər dastanların yenidən sənətsevərlərə və geniş oxucu kütləsinə çatdırılması nəzərdə tutulur.
Toplunun ilk cildi bu ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı olub
Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova bildirib ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu kimi bir-birindən maraqlı ustad dərsləri, mühazirələr, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılacaq. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Səfir vurğulayıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir.
Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar Yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır. Bu gün Çin Yeni il bayramının müxtəlif ölkələrdə keçirilməsi, xüsusilə Bakıda Milli Xalça Muzeyində baş tutması bizi çox sevindirir”, - deyə xanım Qo Min əlavə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün soyuq hava olsa da bu bayramın ürəklərə istilik gətirdiyini qeyd edib.
H.Hüseynova bu gün Bakıda Çin bayramının keçirilməsini yüksək qiymətləndirib. Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası komissiyanın ən geniş qrup olduğunu diqqətə çatdıran H.Hüseynova, iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
H.Hüseynova bu cür bayramların il ərzində mütəmadi keçiriləcəyini deyib və tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib.
Tədbir iştirakçılarına Çin dilində müraciət edən Rafiq Abbasov onlara yaşıl əjdaha ilinin əfsanəsi barədə məlumat verib. Tədbirdə gənclər və uşaqların təmsil olunduğunu vurğulayan R.Abbasov onların bədii çıxışlarının maraqla qarşılandığını deyib.
Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq.
Daha sonra ecazkar ölkənin ustad dərsləri və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb.
Tədbir bədii hissə ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
1990-cı ildə yazılan şeirlər
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Ağlar
Bu bağdan ötən ağlar,
Bu yerdə vətən ağlar.
Yarı şəhid olanın
Sevgisi nakam ağlar.
O gün tanklar banladı,
Yaman yerdə haqladı,
Sinələri şumladı,
Qisas qana qanladı.
Bu bağ dönüb el oldu,
Güllər açdı dil oldu.
Gözdən axan sel oldu
Qəlb olur talan ağlar.
O gecənin danını
Sökdü şəhidlər qanı
Eşidə bilməsə də,
Xoruzun ilk banını.
Analar gələr yasa,
Əlacı qalmış səsə.
Dözməyib əhrimən də
Dinib deyər: Can!, ağlar.
Ağzımda yanar dilim,
Qanla bölünür elim.
Bu zülmü yerdə qoysam,
Qoy qan olsun qənimim.
Ağladı tər qərənfil,
Havalandı qızılgül.
Dolaşdıqca ələ tel
Dillərdə fəğan ağlar.
Hər yanı sardı yağı,
Qırdı oğul- uşağı.
Xalqa yasaq qoydular
Doyunca ağlamağı.
Azalmır insan seli,
Bürümüş göyü, yeri.
Göz yaşı boğur dili,
Sözü pırtlaşan ağlar.
Bu dəhşət unudulmaz,
Gündüzdən ay umulmaz.
Azadlıq aşiqləri
Bu torpaqdan kəm olmaz.
Qoyma dönə yağını,
Görsün övlad dağını.
Bölmək yad torpağını
Bilməsin asan ağlar.
Düşdü
Hərbi fişənglərin gur işığında
Sabahçün bir dastan dillərə düşdü.
Azadlıq sözünün aşkarlığında
Tankların güzarı ellərə düşdü.
Haqqımın gur səsi kövrək ün oldu,
Haraya gələnim qan içən oldu.
Qərarlar boş yerə təskinim oldu,
Sabahı düşünmək sibirə düşdü.
Tökülən qanı da səsə qoydular,
Ağ bir böhtanıda səsə qoydular.
Haqq sözə məhbəsi hədə qoydular,
Bu yerdə aşkarlıq bekara işdi.
Görmüşük həmişə bütöv bölünər,
Bu yurdu təzədən niyə bölürlər?
Deyirdik dünyaya sığmaz yalan- şər,
Həqiqət dedikcə haqq şərə düşdü.
Haqqı nahaq ilə qoşa sandılar,
Bağlı iclaslara arxalandılar.
Haqq deyə-deyə qurcalandılar,
Bu günüm dünəndən betərə düşdü.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Daha bir diləyə üzüm gəlmədi”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb.
Daha bir diləyə üzüm gəlmədi...
... daha bir diləyə üzüm gəlmədi;
sordu: “İstəyin nə?”, dedim: “Varlığın!”,
hər kəs öz işini görə bilərdi –
nəyi pisimiş ki, “Çoxallahlığın?”.
Mənim dualarım nəzirlər kimi,
çox yerə paylansa pis olardı ki?
bütlər də olardı nazirlər kimi –
arxasız, dayaqsız kim qalardı ki?
Daha bir diləyə ürək etmədim,
buludlar aranı tuturdu hərdən,
həm də çoxusuna hələ yetmədim;
dil tapa bilmirəm mələkləriynən.
Nəyi pisimiş ki “Çoxallahlığın?”
qulaq çox olardı insan ahına!
hər kəsin, hər işin, hər dolaşığın
dərdi deyilərdi öz Allahına.
Olsun ki, üstümə hücum çəkəcək,
“kafir” bağıracaq din adamları,
Amma ki, Tanrımız əfv eləyəcək –
Tanıyır imanın yandıranları!
İmkan tapacaqmı bir qulaq asa
Qapısın döydüyüm qudurğan, harın,
Bu qədər “Allahlıq edən” vardısa
Nəyi pisimiş ki, “Çoxallahlığın...”!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - “Zəngi” balıq məzəsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə “Zəngi” balıq məzəsinin hazırlanma qaydası təqdim ediləcək.
“Zəngi” baliq məzəsi
ƏRZAQLAR:
Xan balığı – 100 qr
Bolqar bibəri – 35 qr
Xiyar – 35 qr
Duza qoyulmuş xiyar – 15 qr
Pomidor – 35 qr
Kahı – 15 qr
Ağ lobya (konserv və ya
bişirilmiş) – 35 qr
Ağ reyhan – 8 qr
Qırmızı soğan – 8 qr
Limon – 5 qr
Zeytun yağı – 10 qr
Duz – 4 qr
İstiot – 0,05 qr
HAZIRLANMASI:
Əvvəlcə balığa duz, acı bibər, kök, dəfnə yarpağı, limon və ya sirkə, cəfəri kökü əlavə olunaraq, suda bişirilir. Soyudulur, təmizlənir, didilir. Sonra tərəvəzlər samanvarı şəkildə doğranır, bir qabda qarışdırılır. Kahı doğranır, reyhanın yarpaqları ayrılır və üzərinə əlavə olunur. Duz, istiot, limon suyu, zeytun yağı, didilmiş balıq əlavə olunur və qarışdırılır. Ya pay şəklində, ya da bütöv halda buluda qoyulur. Üzəri zövqlə bəzənir və süfrəyə verilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Bu gün Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq
Bu gün saat 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib.
AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.
Xatırladaq ki, Xasiyyət Rüstəm çağdaş özbək ədəbiyyatında yeri olan şairdir, eləcə də Özbəkistan - Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində fəallıq göstərir.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
39-cu hissə
Dəhşət saçan bir kitab
Bəzən bir gündə altı-yeddi müştərini yola salırdı. Pullar qalaqlanırdı, evin xərclərini qarşılamaq o yana, özünə qır-qızıl da alırdı. Özünü dünyanın ən bədbəxti hesab edir, daim qorxu və hürkü içində yaşayırdı, bir gün onun hansı yola qulluq etməsi üzə çıxanda onu həmişə müdafiə edərək “fahişə olmadığını” dilə gətirən, əri ilə mübahisələrə girən bacısı, orda-burda şəstlə gəzən, “mən zalım Qələndərovun oğluyam” deyə qürrələnən qardaşı, ona görə ürək xəstəliyi tapan anası hansı vəziyyətə düşəcəkdilər? İncikliklərə baxmayaraq, hələ də ona öz övladı kimi münasibət göstərən, ona inanmağa çalışan Nazəndə xanım bəs? Çox çətindir daim qorxu-hürkü içində yaşamaq.
Telefonuna hər zəng, hər mesaj gələndə diksinirdi, özünə yer tapa bilmirdi.
Naza özünün feysbuk və instaqram səhifəsində hərdən əlinin altında olan qızların fotolarını düzürdü, “Bakının ən gözəl cananları məndədir” statusu yazırdı, bu fotolarda, təbii ki, o da olurdu, ilk dəfədə nə qədər etiraz etmişdisə, Naza fikrindən əl götürməmişdi, demişdi:
-- Guya təkcə sənin yiyən var? Məndə elə qız var ki, ata-ana qızıdır, evdə, universitetdə onu ən tərbiyəli qız hesab edirlər, özü də nişanlıdır, bugün-sabah tikdirib ərə verəcəyik onu. Elə qız var, atası sistemdə işləyir. Eləsi var, əri ola-ola gizlicə bu yola qulluq eləyir. Onlar mənə şəkil qadağası qoymur, sən qoyursan? Ay zalımın qızı, ərin yox, atan yox, qardaşın da səndən üz döndərib, sən kimdən, nədən qorxursan? Bir də ki, ha desinlər sənsən, deynən mən deyiləm. Ad-familiya yazılmayıb ki, əllərində sübutları olsun. Deynən, adam adama oxşayar da.
Yeganə olaraq Ülkərin bir tutalqası var idi, bu işdən qazandığı pulları murdar pul hesab eləyirdi, ilk dəfəsindən lombardla danışmışdı, qızıl girov qoyub oradan pul götürürdü, evə xərclik verirdi, zaman tamamlananda qazandığı pullarla lombarda borcunu ödəyirdi. Yəni təsəllisi var idi ki, murdar pulları evinə aparmır, anasına, balasına xərcləmir.
Bir dəfə Nazəndə xanım Ülkəri həyat yoldaşı Ərəstuna ehsan süfrəsi açarkən evinə dəvət etmişdi, ehsan yeyiləndən əvvəl qəbirüstünə getdilər. Orada bir kişi marıtlayıb Ülkəri süzürdü, Ülkər hiss edirdi ki, nəsə bir xoşagəlməz hadisə baş verəcək. Elə də oldu, həmin kişi Ülkərə yaxınlaşıb dedi:
-- Canan, keçən dəfə nömrəni qoymadın, səni Mama Rozasız, özüm çıxarmaq istəyirəm hər dəfəsində, nömrəni ver.
Ülkər “Siz nə danışırsız, məni kiminləsə səhv salmısız” deyib cəld ondan aralandı, nigaran qalan, “Bizim Zibanın yoldaşının səninlə nə işi” sualını ünvanlayanNazəndə xanıma “Məni kiminləsə səhv salıb” izahatını verərək şiddətlə döyünən ürək çırpıntıları ilə həmin mərasimi yola verdi. Hara kimi gizlətmək olacaqdı bu boyda işi?
Qəribə psixologiyaları var fahişələrin. Hamısının dilinin ucunda bir bəraət nitqi hazırdır, “Neynəməliyəm, evimə çörəkpulu aparmamalıyam?” deyən qadınlar, “Əyin-başıma görə utanıram, neynəməliyəm, adam kimi yaşamamalıyam?” deyən qızların hər birinin öz həqiqəti var, hər biri özü naminə edirdi nə edirdisə, səhv yolda, utanc gətirəcək bir yolda olduqlarını duyurdular, bununla belə, bu yolu yeganə xilas yolu kimi getməkdə israrlı idilər, öz güzəranları, rahat həyatları üçün bu yolu yeganə yol hesab edirdilər.
Fahişələrin arasında əsla utanıb çəkinməyənlər də var idi, hətta seçdikləri peşədən qürur duyurdu belələri. Onlar üçün çöl də bayır kimiydi. Bəziləri özləri sosial şəbəkədə oğlan tutur, bir saatlarının və bir sutkalarının qiymətini yazırdılar. Onlar başıuca gəzir, heç nədən çəkinmir, rahat həyat sürürdülər.
Ülkərin isə məsələsi tamamilə başqa idi. O, özünün naminə yox, qızının naminə edirdi nə edirdisə. Ailə qura bilməyəcəyi, arxa-dirək tapmayacağı həqiqəti ilə barışmışdı, normal, barı qızının təhsil haqqını ödəyə biləcək iş yeri tapacağına ümidləri də ölmüşdü. Başı daşdan-daşa dəyəndən sonra bu yolu seçmişdi. Bu yol onu daim ruhi sarsıntı, qorxu-hürkü içində saxlayırdı, amma başqa seçim görmürdü özlüyündə.
Fahişə sözünün yükü çox ağır idi, heç cür bu sözü həzm edə bilmirdi. Fahişələr barədə dükan-bazarda söhbət eşidəndə, bir film görəndə diksinirdi, hətta gözünə F hərfi ilə başlayan bir söz sataşanda da diksinirdi.
Bir gün hansısa hiss onu Axundov adına Mərkəzi Kitabxanaya çəkib apardı. Kitabxana oxuduğu Pedaqoji Universitetin yanındaydı, qızlarla bura tez-tez gələrdilər. Hər dəfəsində gözləri dörd halda ətrafa baxardı, təsadüfən Rüfəti görəcəyinə inam içinə hakim kəsilərdi. O təmiz, saf günləri üçün indi bu çirkablığın işində inlədiyi halında çox darıxdı, burnunun ucu göynədi.
Şəxsiyyət vəsiqəsini verib kitabxanaçı xanıma ağlına gələn ilk bəhanəni uydurub dedi:
-- Xanım, mən feministəm, qadın hüquqsuzluğu barədə elmi iş yazıram, əxlaqsızlığa meyil edən, yəni peşəkar... -- fahişə demək istədi, amma dili gəlmədi bunu deməyə, -- ...əxlaqsız qadınlar barədə bilgi almaq istəyirəm, hansı kitabı məsləhət görərdiniz?
Qadın da qəribə adlanan (əslində Ülkər üçün kitabın adının, müəllifinin heç bir fərqi yox idi, qadının nə dediyinə ona görə əhəmiyyət vermədi) qəhvəyi cildli bir kitabı tapıb ona uzatdı.
Ülkər boş masalardan birinin arxasına keçib kitabı ortadan açdı, oxumağa başladı:“Həyat nədir? Sual qəliz sualdır. Hərə öz həqiqətləri ilə yaşayır. Sabrina Valisce də eynən.
Yeni Zelandiyada yaşayarkən Sabrina Valisce fahişə kimi həyatının böyük bir hissəsini insan alverinin dekriminallaşdırılması ilə bağlı kampaniyalara həsr edib.
İndi isə fikrini dəyişərək deyir ki, qadınlardan fahişə kimi istifadə edən kişilər cəzalandırılmalıdır. Onun həyat hekayəsinə qulaq kəsək.
Sabrina Valisce adi uşaqlıq keçirib, şən və qayğısız olub. Amma qəfildən ailə səmalarına qara buludlar dolur. 12 yaşında ikən atası özünü öldürür. Onda onlar yaşıl qitədə yaşayırdılar. Bu, onun həyatını büsbütün dəyişir. İki il ərzində anası yenidən ailə qurur və onlar Avstraliyadan Yeni Zelandiyanın Vellinqton şəhərinə köçürlər. Burada isə Sabrina Valiscenin həyatı acınacaqlı keçir.
"Mən özümü bədbəxt hiss edirdim", -- Valisce deyir.
"Ögey atam qəddar insan idi və dərdimi danışmağa biri yox idi".
Onun arzusu peşəkar rəqqasə olmaq idi və məktəbdə nahar vaxtı balet sinfi də qurmuşdu. Bu o qədər uğurlu alınır ki, məşhur rəqs qrupu Limbs orada gəlib dərs verirmiş. Lakin heç iki ay keçməmiş qız küçədə fahişəlik etməyə məcbur qalır. Hadisə bu cür olur:
Məktəbdən evə qayıdan yolda parkdan keçərkən bir kişi ona seks müqabilində 100 dollar təklif edir.
"Məktəbli formasında idim və bu murdarlığı etdiyimi heç kəs anlaya bilməzdi”, -- deyən qız onun istəyinə təslim olur.
Valisce pulu məşhur Auklənd şəhərinə səyahət etmək, oranı görmək üçün istifadə etmək istəyir və burada Gənc Kişilərin Xristian Birliyi nəzdindəki turizm agentliyinə üz tutur.
"Kömək üçün kiməsə zəng vurmaq istəyirdim. Yataqxananın həyətindəki telefon kabinəsinə girdim və bir nömrə yığdım. Məşğul göstərdiyinə görə gözləməyə qərar verdim", -- o deyir.
"Elə bu zaman mənə polislər yaxınlaşdılar və nə etdiyimi soruşdular. Telefondan istifadə etmək üçün gözləyirəm, dedim".
Polislər telefonu istifadə etmək üçün başqa heç kimin olmadığını dedilər. Onlara elə gəlirdi ki, "son dərəcə ağıllıdırlar", Valisce deyir -- amma əsl səbəbini izah edəndə dediklərimi anlamadılar.
"Onlar üzərimi axtardılar ki, prezervativ olub-olmadığını bilsinlər. Çünki bu məhəllə fahişəxanalarla dolu Karanqhap küçəsinin arxasında yerləşirdi.
"Sözün düzü, elə bu zaman pul qazanmaq yolunu tapdım. Polislər məni qorxutsalar da, bilirdim ki, pul qazana bilməsəm, küçələrə düşməyə məcbur qalacağam və məni indi, fahişə olmadığım halda divara sıxıb, axtarış apararaq qorxu və hədə gəlirdilərsə, fahişə olduğumu zənn edirdilərsə, demək ki, fahişə olub-olmamağımın heç bir fərqi olmayacaqdı".
Valisce Karanqhap küçəsinə gedir və orada işləyən bir qadından məsləhət istəyir. QadınValisceyə işləyə biləcəyi iki dalan göstərir.
"O, mənə prezervativ də verdi və qiymətləri, o qiymətlər müqabilində edə biləcəyim şeyləri başa saldı. Çox yaxşı qadın idi. Yaşı az olsa da, Samoanın bu işlə çoxdan məşğul olduğu bilinirdi".
İki il küçələrdə işlədikdən sonra 1989-cu ildə Valisce Christchurch-də yerləşən Yeni Zelandiya Fahişəlik Kollektivinə baş çəkir.
"Oraya kömək almaq məqsədilə yaxınlaşmışdım. Fahişəlikdən qurtulmaq istəyirdim, amma mənə qoruyuculardan başqa heç bir şey təklif edən olmadı", -- o deyir.
O, həmçinin hər cümə günü kollektivin təşkil etdiyi şərab və pendir yığıncağına dəvət alır.
"Onlar “seks işçiləri”nə qarşı olan stiqmanın pis bir şey olduğunu müzakirə edir və deyirdilər ki, başqa işlər kimi, fahişəlik də pul qazanmaq növüdür", -- Valisce xatırlayır.
Belə olduqda o, gördüyü işi məqbul qəbul etməyə başlayır.
O, kollektivin masaj salonunun koordinatoru kimi işləməyə başlayır və vasitəçilik də daxil olmaqla, insan alverinin bütün aspektlərinin dekriminallaşdırılması üzrə kampaniyaların müdafiəçisinə çevrilir.
"Elə bilirdim ki, bir inqilab baş verəcək. Dekriminallaşdırmanın qadınlar üçün yaxşı şeylər vəd etdiyinə ürəkdən inanırdım", -- o deyir.
Dekriminallaşdırma 2003-cü ildə qəbul olunur və Valisce bu münasibətlə fahişəlik kollektivi tərəfindən təşkil olunan bayram məclisində iştirak edir.
Fahişəlik 2003-cü ildə qanuniləşdirildikdən sonra Yeni Zelandiya mətbuatında fahişələrin “iş elanları” görünməyə başlayır.
Lakin az keçmədən Valisce sanki yuxudan ayılır. Fahişəlik İslahatı Qanunu imkan verir ki, fahişəxanalar qanuni biznes kimi işləsin.
Birləşmiş Krallıq Daxili İşlər üzrə Seçki Komissiyası insan alverinə qarşı müxtəlif yanaşmaları müzakirəyə çıxarır. Buraya tam dekriminallaşdırma da daxildir. Amma Valisce deyir ki, bu, Yeni Zelandiyada dəhşətli bir hal aldı və qanundan xeyir görən yalnız aradüzəldənlər və qumarbazlar oldu.
"Zənn edirdim ki, qanun qadınlara güc verəcək və hüquqlarını tanıdacaq", -- o deyir.
"Az keçmədən anladım ki, doğru olan bunun əksi imiş".
Problemlərdən biri o idi ki, fahişəxana sahibləri istədikləri qiymətə "hər şey daxil paketi"ni təklif edir və kişilər də qadınlarla istədikləri kimi davranırlar.
"Bizə “hər şey daxil paketi” olmayacağı vədi verilmişdi", -- Valisce deyir.
"Yoxsa qadınlar təklif etdikləri seksual xidmətlərin dəyərini özləri bilə bilmir və ya hansısa təklifi rədd edə bilmirlər. Bu da dekriminallaşdırmaya və onun gətirəcəyi xeyirə zidd idi".
40 yaşlı Valisce Vellinqtonda yerləşən fahişəxanaya iş üçün müraciət edir və gördüklərindən şoka düşür.
"İlk iş günümdə bir qızın əsəb pozğunluğu yaşadığını gördüm. O, əsəbdən əsir, ağlayır və danışa bilmirdi. Katibə ona acıqlanır və deyirdi ki, işinin başına qayıtsın. Mən əşyalarımı götürüb oradan ayrıldım", -- o deyir.
Bir müddət sonra o, Vellinqtondakı fahişəlik kollektivinə gördüyü mənzərədən danışır.
"Bununla bağlı nə edəcəyik?"
"Kömək üçün hara müraciət etməliyik?" -- o soruşur.
Onun bu sualına heç kim əhəmiyyət vermir və sonda kollektivdən ayrılmaq qərarına gəlir.
O vaxta kimi təşkilat onun yeganə dəstək yeri, seks alveri işçisi olduğuna görə qınaq görmədiyi məkan olmuşdu.
Əslində Valiscenin "abolisionist" istiqamətdə gedən yolu hələ təşkilatda könüllü olduğu müddətdə başlayıbmış.
“Təşkilatda gördüyüm işlərdən biri mediadakı xəbərləri toplamaq idi. Orada bir şey oxumuşdum: bir nəfər danışırdı ki, seks ticarətindən ayrıldıqdan sonra hisslərini anlamağa başlayıb.
Mən də onun dediyi “Nə baş verdiyini anlamıram, niyə özümü bu cür hiss edirəm?” hissini illər boyu yaşamışdım. Və yalnız məqaləni oxuduqdan sonra öz-özümə dedim: “İlahi, bu mənəm”.
Valisce üçün geriyə yol yox idi.
O, 2011-ci ildə fahişəliyi atır və Avstraliyanın Queensland şəhərində yerləşən Qızıl Sahilə köçür. Çaşqın olsa da, depressiya yaşasa da, o, həyatının istiqamətini dəyişmək qərarında idi.
Qonşusu ona internet fahişəliyini məsləhət bilir, o isə bunu rədd edir.
"Elə bil ki, alnıma "fahişə" sözü yazılmışdı. Qonşum bunu necə bilmişdi? Bilirəm ki, bunun yeganə səbəbi qadın olmağım idi", -- Valisce deyir.
Sonralar həmin qonşusu hər görəndə Valisceyə həqarət edirmiş.
Valisce internetdə qadınlarla tanış olmağa başlayır. Bu feministlər dekriminallaşdırmaya qarşı idilər və özlərini abolisionistlər adlandırırmışlar.
Onların modelinə əsasən, fahişəliyə məruz qalan şəxs dekriminalizasiya olunmalı və bunu törədənlər və bu işdə ara düzəldənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Hazırda Avstraliyanın Daxili İşlər üzrə Seçki Komissiyası da bu modeli nəzərdən keçirir.
Melburnda 1980-ci illərin ortalarından bəri fahişəxanalar qanuniləşdirilib. Sistemə qarşı kifayət qədər dəstək olsa da, ona qarşı artmaqda olan bir hərəkat da nəzərə çarpır. Melburnda bir fahişəxana 2002-ci ildən bəri fond birjasındadır.
Valisce insan alverindən ayrılıb keçmişi ilə barışaraq feminist fəala çevrildiyi anı "yeni həyatının başlanğıcı" hesab edir.
"Keçmiş həyatımdan əvvəlcə emosional, sonra fiziki və son olaraq fikrən uzaqlaşdım", -- o söyləyir.
Konfransdan sonra Valisce həkimə gedir və ona travmasonrası stress pozuqluğu diaqnozu qoyulur.
"Bu, fahişəliyin nəticəsi idi -- mənə çox pis təsir etmişdi, amma təsirdən çıxmağı yaxşı bacarırdım", -- o deyir.
"Özünü hiss edə bilmək üçün uzun zaman lazım gəlir".
Valisce üçün ən yaxşı müalicə onu başa düşən və fahişəliyin vurduğu ziyan əleyhinə mübarizə aparan insanlarla işləməkdir. O, həm də səsini ucalda bilməyən qadınlara kömək etmək uğrunda çalışır.
"Mənim məqsədim insanları bu sənayeyə cəlb etmək, ya da buradan uzaqlaşdırmağa çalışmaq deyil", -- o deyir.
"Amma fərq yaratmaq istəyirəm və başqa qadınlara kömək etmək üçün bacardığım qədər səsimi ucaltmalıyam".
Pəncərədən şərin qarışdığını görən Ülkər yalnız indi fərqinə vardı ki, dörd-beş saata kitabı oxuyub bitirib. O, yerindən durub cildinə “The pimping of prostitution: Abolishing the Sex Work Myth” yazılmış kitabı kitabxanaçıya qaytardı, oradan çıxdı. Bura kimi də tutduğu yol onu qorxudurdu. Amma bu kitabı oxuduqdan sonra bu yol onu lap dəhşətə gətirdi.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)