
Super User
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
40-cı hissə
Vaxt daralır
Saat 8:40-da Ülkər yenidən güzgünün qarşısından durdu.
Onun gəlişinə sayılı saatlar qaldıqca həyəcandan bədənitnin əzaları ağrıyırdı artıq, beyni gizildəyirdi, ürəyi çırpınır, nəfəsi təntiyirdi.
Qarnından bir sancı da tutdu.
Onun mətbəxdəki, qonaq otağındakı siyirtməli nəyi vardısa, hamısını açıb qurdaladı ki, bəlkə dərman tapa. Düşünürdü ki, tetraskilindən-zaddan tapıb içməsə, qarnının sancısı kəsməyəcək.
Amma Onun mənzilində dərman yox imiş. Vardısa da, Ülkər tapa bilmədi.
Neyləsin? Vaxt daralırdı. Telefonu götürdü. Vatsapı açıb yazmaq qərarına gəldi. Uzatmaq lazım deyildi. Təcili Ona “yox” yazıb mənzili tərk eləməli, öz fahişəliyinin dalınca getməli idi. Ev, ailə... Görünür, bunlar onun qisməti deyilmiş.
Əlləri əsə-əsə, göz yaşlarında boğula-boğula yazmağa başladı:
“Əzizim. Mən sənin evlilik təklifinə “yox” deyirəm. İndi yazacaqlarım, ola bilər ki, səni dəhşətə gətirəcək. Ağlına belə gəlməyəcək bir həqiqətlə baş-başa qoyacağam səni. Mən sənə “əzizim” deyə müraciət edirəm, edəcəm də, Dubayda görüşümüzdən üzü bəri bir dəfə də adını çəkməmişəm, bilmirəm buna diqqət etmisənmi. Sənin adını belə dilə gətirməkdən qorxmağım bilirsən hansı səbəbdəndir? Çünki mən ləkəliyəm, murdaram. Sənsə təmizsən, su kimi safsan. Mən səni də çirkaba batıra bilmərəm, ona görə də səndən uzaq durmalıyam.
Mən dünyanın ən ciddi, ən tələbkar ailəsində doğulub, daim qadağalar altında yaşayıb bilirsən axırda kim oldum? Yatsan, yuxuna belə girməz. Mən sənin həyat yoldaşın, uşaqlarının anası ona görə ola bilmərəm ki, mən fahişəyəm. Bəli, fahişə...”
Yazırdı, burada dayandı. Göz yaşları onu boğmağa başladı.
“Mən fahişəyəm” yazdı az sonra yenidən.
“Mən fahişəyəm” yazdı yenə də.
“Mən fahişəyəm” yazdı növbəti dəfəsində.
Özündə-sözündə deyildi. Nə etdiyinin, nə yazdığının fərqində belə deyildi. Bilmirdi ki, hey eyni kəlmələri ardıcıl yazır. Amma bu kəlmələr sırayla mesaja düzülürdü:
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
Sonra nidalar qoymağa başladı. Nidalar sıralandı:
!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!
Hönkürtüsü heysizliklə, zəifliklə əvəzləndi, gözləri qaraldı, taqətsiz halda kürəyini divara söykədi.
Sonra telefon əlindən düşdü.
41-ci hissə
Özün yazan yazı
Süleyman şüurlu həyatında bir şeyə də əmin olmuşdu, sənin özünə layiq gördüyün səviyyə hansıdırsa, cəmiyyət ən azı səni iki-üç pillə aşağıda görməyə çalışacaq. Yəni özünə dəyər vermək, ucalara can atmaq lazımdır, özünə dəyər vermədinsə, başqalarından nəsə gözləməyə haqqın varmı? Romanın bu hissəsini qələmlə necə qaraladısa, vərəq cırıldı.
“Mən fahişəyəm” yazdı az sonra yenidən.
“Mən fahişəyəm” yazdı yenə də.
“Mən fahişəyəm” yazdı növbəti dəfəsində.
Özündə-sözündə deyildi. Nə etdiyinin, nə yazdığının fərqində belə deyildi. Bilmirdi ki, hey eyni kəlmələri ardıcıl yazır. Amma bu kəlmələr sırayla mesaja düzülürdü:
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
“Mən fahişəyəm”.
Sonra nidalar qoymağa başladı. Nidalar sıralandı:
!!!!!!!!!!!!!!
Zəng vurub Elgündən təcili yanına gəlməsini tələb etdi. Cəmi iyirmi dəqiqə keçmiş Elgün gəldi. Qızlar onu xüsusi təmtəraqla qarşılayıb roman barədə suallar yağdıranda Elgün o qədər sevindi ki, səsi belə titrədi. Düşündü ki, artıq həmyerlisi Süleyman müəllimdən romanının çapı üçün pul alması məsələsi həll edilib. Əgər Süleyman müəllim romanı işçilərinə də oxutdurubsa, demək, bəyənib, yüz faiz bəyənib.
Elə bu düşüncələrlə də qanadlanmış halda Süleymanın otağına girdi, amma romanı hələ oxuyub bitirmədiyi üçün kitaba sarılan Süleyman onun gəlişinə əsəbi reaksiya göstərərək onu fasiləsiz olaraq danladı, “Bu əsər bu adla çap edilə bilməz” deyə əminliklə bildirdi.
Elgün Bayat imkanlı həmyerlisinin qərar qəbul etdiyinə əmin oldu və tələsik onun fikrini təsdiqlədi:
-- Siz necə deyirsinizsə, elə olsun, Süleyman müəllim. Adını dəyiş deyirsiniz, dəyişim. Təki kitab çıxsın, minlərlə Ülkər taleyi yaşayan qızlar ibrət dərsi götürsünlər. Minlərlə Ülkərlər yaradan kişilərimiz xəcalət çəksinlər. Hər bir fahişə beş-altı alçaq kişinin sənət əsəridir.
Elgün sonra bir qədər utana-utana ona nə qədər maliyyə ayrılacağını soruşdu. Dedi, indi kitablar çox kiçik tirajla satılır, min nüsxə kitab üçün haradasa üç min manat pul lazım olacaq.
Süleyman isə onun ümidlərini qırdı, hələ qərar vermədiyini bildirib onu yola saldı. Və “Qulaqlarını aş, yaxşı-yaxşı eşit, çalış faciə yox, komediya yazasan. Bu gün cəmiyyət ağlamağa öyrəşdiyindən gülmək istəyir” ibarələri ilə onu əliboş yola saldı.
Romanın ən tükürpədən yerində idi. Ülkər bədənini satırdı, çirkaba bulaşmışdı. Özü özünə “fahişə” deyirdi. Amma Süleyman hələ də fikrində qəti idi ki, Ülkər fahişə deyil.
Romanı əlinə alıb oxumağa davam etdi. Ağlına belə gətirməyəcəyi hadisələr barədə oxuyacaqdı az sonra.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)
Varlanmaq üçün uğur formulu - Məqsəd və vəzifələr
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Burada ideyanın analizi aparılmalıdır. Planlaşdırmanın iyerarxiyasını unutmayın. Plan müəssisənin elan edilmiş məqsəd və vəzifələrini açıqlamalıdır.
Məqsədlər dəqiq və səlis ifadə edilməli və təkcə sizin biznesdə əldə etmək istədiklərinizi deyil, həmçinin, verilmiş iqtisadi situasiyada, verilmiş məkan və verilmiş zamanda əldə edilməsi mümkün olanları əks etdirməlidir.
Məqsədlər konkret, miqdarı cəhətdən müəyyən, əldəediləcək və real olmalıdır. Fəaliyyətinizin nəticələrini həmin məqsədlərlə müqayisə edərək fəaliyyətinizin effektivliyi haqqında nəticəyə gələ bilərsiniz.
Əsas istiqamətlər və məqsədlər sizin nəyə nail olmaq istədiyinizdən danışır. Növbəti mərhələdə onları elə dürüst ifadə etmək lazımdır ki, onlar bu yolda həll edilməli məsələlər də müəyyən edilməklə sizin buna necə nail olmaq istədiyinizi göstərmiş olsun.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)
Şəhidlər barədə şeirlər – Famil Əhmədzadə
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Famil Əhmədzadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
FAMİL AĞAƏHMƏD OĞLU ƏHMƏDZADƏ
(23.09.1975.-14.10.2020.)
Əslən İsmayıllı rayonundan olan, tarix müəllimi, Azərbaycan Silahlı Qüvvələrin zabiti-ehtiyatda olan baş leytenant, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
FAMİL MÜƏLLİM
Famil müəllim idi, tarixdən deyirdi dərs,
Öyrətməyə var idi onda sonsuz bir həvəs.
Qəlbində doğma yurda tükənməzdi məhəbbət,
Deyirdi , “Bu diyarda, yaşamaq bir səadət,
Bizimdir bu diyarın Quzeyi, həm Güneyi”,
Məktəbdə yaratmışdı zəngin tarix muzeyi.
Söyləyirdi, uşaqlar, sevin eli, torpağı,
İnanın, qaytaracaq bu sevgi Qarabağı.
Müharibə başladı, haqq-ədalət savaşı,
Famil dədayanmadı, olsa da qırx beş yaşı…
Orduya yazıldı o, könüllü zabit kimi,
Hünərlə döyüşürdü, qorxmaz bi igid kimi.
Əsgərlər arasında vardı xətir-hörməti,
Onlara güc verirdi müəllimin söhbəti.
Budur, hər gün, hər səhər hücumdadır ordumuz,
Addım-addım düşməndən azad olur yurdumuz.
Ordumuz düşmənləri məhv edir rəşadətlə,
Famil də göz qırpmadan döyüşürçcəsarətlə.
Doymazdı danışmaqdan yurd dağından, daşından,
Arzusuydu, bir kitab yazsın haqq savaşından.
Döyüşdü pələng kimi, şirtək Suqovuşanda,
Bir fəxarət duyuruq Famildən danışanda.
Tarix müəllimiydi, qanıyla tarix yazdı,
Başqa cür olsa idi, Famil Famil olmazdı.
Qanı yerdə qalmadı, Vüqar qisasın aldı,
İgid zabit qardaşı düşməni lərzə saldı.
Yetirdiyi nə qədər layiqli şagirdi var,
Adına layiq olan oğlu var-Fəridi var.
Famil müəllim kimi oğullar ölə bilməz,
Haqq məğlub ola bilməz, haqqın qolu bükülməz!
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)
Şuşa nağılı
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət”in təqdimatında
Sizə hardan xəbər verim, qarafikirlilərdən, oğrulardan, yalançılardan, qonşuya xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yaba ilə dovğa içənlərdən, xoruz belində bostan əkənlərdən, nə bilim nədən, nə bilim nədən… Lənət olsun quyruqlu yalana, rəhmət olsun quyruqsuz düzə. Rəhmət yazana, lənət pozana. Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağıllı yesin, ağılsız hesablasın.
Sizə kimdən deyim, nədən danışım. Biri vardı, biri yoxdu başı bəlalı şiş dağlar qoynunda bir gözəl vardı. Adına Şuşa deyirdilər. Pak qəlbli, şüşə kimi şəffaf, qaşı qara, gözü qara ay üzlü ğözəl. Ona baxan, bir də baxım deyərdi. Aya deyərdi ki, sən çıxma mən çıxım. O sanki Qarabağ üçün doğulmuşdu. Bir-birini görən gündən aşiq idilər. Qarabağ onu dəlicəsinə sevirdi. Bağında sehrli bir gül bitirmişdi ki, dünyanın heç bir yerində o güldən yox idi. Bu gülü yalnız Şuşa tanıyırdı. O hər gün solmayan bu gülü qoxlayar, Qarabağın ətrini duyar, onunla fəxr edərdi.
Amma deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Şuşanın gözəlliyini görənlər onu Qarabağın könlündən qoparmaq istədilər. Amma Qarabağ son qanına qədər onu yadlara vermədi. Uzun döyüşlərdən sonra onlar öz sevdalarından əl çəkdilər.
Qonşuluqda eli-obası bilinməyən, köçəri kimi Qarabağın elinə pənah gətirmiş Armen adlı bir xain yaşayırdı. Qarabağ öz elində Armenə ev tikmək üçün yer vermişdi. Bir gün Armen Şuşanın gözəlliyini görüb onu nəyin bahasına olursa-olsun Qarabağın əlindən almaq istədi. Qarabağın gücünə bələd olanda isə hiyləyə, fitnə-fəsada əl atdı. Yavaş-yavaş Qarabağla dost oldu, canından keçməyə hazır olduğunu ona göstərdi. Armen Qarabağın saf qəlbinə yol tapdı, onun bütün sirlərini öyrəndi. Şuşanın yaşadığı qalanın gizli yollarını, sehrli açarların yerini bilən xain bir gün xəyallarında arzuladığı Qarabağın sevgilsinə qovuşmaq ümidi ilə onu ələ keçirdi. Qalaya hakim oldu. Qarabağın əkdiyi sehrli gülü Şuşaya göndərdi. Amma Şuşa gülü yalnız Qarabağın əlindən alıb qoxlayardı. Və o gül şehi üstündə, heç vaxt solmazdı. Amma Armenin əli ilə dərilmiş gül solmuşdu. Şuşa xainin hiyləsini anladı. Təslim olmadan özünü şiş qayalara çırpdı, öldürmək istədi, ölə bilmədi, düşmənlər onu tutub əsir götürdülər, əl-qolunu zəncirlədilər. O gündən Şuşanın ürəyi qan, gözləri qan oldu. Sevgilisinin onu əsirlikdən qurtara biləcəyi günü gözlədi. Qarabağ isə şahinlərlə xəbər göndərdi, onu gözləməyə, təslim olmamağa, bir gün qovuşacaqlarına əmin etdi. Xain düşmən hər gün Şuşaya sovqatlar göndərir, onu yeni hiylələriylə ələ almağa çalışırdı. Şuşa- “ ölərəm, sənin olmaram”- dedi və ümidlə Qarabağı gözlədi.
Nəhayət bir gün Qarabağ yurdunun ərənlərini başına topladı. Onlar dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi Qalaya yetişdilər. Qarabağ üzünü tanrıya tutub dedi: “Ədalətli Tanrım, mənə kömək ol. Məni ya öldür, ya da Şuşama yetir!”
Tanrı onun haqq səsini eşitdi. Qalada qanlı döyüşlər getdi. Ər igidlər Qarabağla birgə mərdliklə, cəsarətlə vuruşdular, od saçan nəfəslərilə düşməni yandırıb kül etdilər. Qarabağ xain düşməni tapıb öz əllərilə məhv etdi, gözəlinə qovuşdu:
- Gözəlim, Şuşam! Sənin həsrətindən nuru öləziyən, az qala kor olan gözlərimə işıq gəldi, Elə bilirdim ki, ölmüşəm, səni görüb dirildim. Sevincdən ağladım, hıcqırdım. Bizim qovuşmağımıza ruhlar da şad oldu. Qulağıma Xanın, Bülbülün zəngulələri, ecazkar avazları gəldi. Üzeyir Qələbə marşını çaldı. Vaqifin qoşmalarını, Xan qızı Natəvanın qəzəllərini, Cıdır düzündə şahə qalxan köhlən atların kişnərtisini eşitdim.
- Könlümün məhbubu Şuşam! Səninçün o qədər darıxmışdım ki..Şükürlər olsun ki, Tanrı bizi bir-birimizə qovuşdurdu.
Beləcə Qarabağ Şuşaya qovuşdu. Göylər sevincdən ağladı.
Şuşa nağılı belə bitdi. O toy-büsatlı gecədə mən də oldum. Yedim, içdim, şənləndim. Ballı şərbət içdim, bığımdan axdı, amma ağzıma düşmədi. Göydən isə üç alma düşdü. Biri mənim, biri sənin, biri də nağılı söyləyənin. Sən sağ, mən salamat. Sən yüz yaşa, mən isə iki əlli. Hansı çoxdur özünə götür.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)
“QADINIM” - bu gün Akademik Musiqili Teatrda premyeradır
Könül, “Ədəbiyyat və incəsənət”
Öncələr bu teatrın adı Musiqili Komediya Teatrı idi. Bu sovet teatr quruluşunun sxmei idi. Yəni, musiqilidirsə, demək, komediya olmalıdır. Bəs niyə, tutalım dram musiqi qəlibinə sığmasın?
Müstəqillik dönəmində bu qüsur aradan qaldırıldı. Teatr indi Akademik Musiqili Teatr adlanır. Və bu gün, teatrın səhnəsində premyeradır. Amma bəri başdan deyək ki, uşaqların tamaşaya baxması yolverilməzdir, tamaşada 18+ qadağası var.
Hələ noyabr ayından məşqləri gedən bu tamaşa sadəcə sevgidən bəhs edir.
Beləliklə, bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanmış "Qadınım" tamaşasının premyerası olacaq.
Tamaşaçıya musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət? Dərin fəlsəfi məna çalarları olan tamaşanı izləyənlər bunun şahidi olacaqlar...
Tamaşanın bədii rəhbəri Əliqismət Lalayevdir.
Türk retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet artistləri iştirak edirlər.
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir. O, həm də aktrisa kimi çıxış edəcək.
Taatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri isə Murad Həsənov hazırlayıb.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər də qəbul olunur.
Tamaşanın bəyəniləcəyinə əminik, çünki teatr premyeranın alınacağına əmindir.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)
Azərbaycanın turizm imkanları İspaniyada təbliğ olunur
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə dörd yerli tərəfdaşla birlikdə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” turizm sərgisində nümayiş etdirilir.
Agentlikdən AzərTAC-a bildirilib ki, ispandilli ölkələr üzrə nüfuzlu turizm tədbirlərindən biri hesab olunan sərgidə Avropanın bir sıra ölkələrindən, həmçinin Latın Amerikasından olan turoperatorlar və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir.
Görüşlər çərçivəsində Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, şərabçılıq, qolf, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına yeni daxil olmuş “Xınalıq və Köç Yolu” mədəni landşaftı, o cümlədən işgüzar turizm imkanları haqqında geniş məlumat təqdim olunur.
Sərgidə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi diqqət mərkəzindədir.
Milli stendimizi Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da ziyarət edib.
Yanvarın 28-dək davam edəcək sərgidə 152 ölkədən 9 mindən çox şirkət iştirak edir və sərgini 150 mindən çox insanın ziyarət edəcəyi proqnozlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)
CAZ AXŞAMI - Gəncə Dövlət Filarmoniyası böyük mədəniyyət mərkəzinə çevrilməkdədir
Gəncə Azərbaycanın Qərb paytaxtıdır. Eləcə də, yüksək mədəniyyət, elm, təhsil ocağıdır. Son günlər Gəncənin mədəni həyatı bir qədər də zənginləşib.
Martın 18-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Caz axşamı” keçiriləcək. Bu səhnədə ilk dəfə tanınmış cazmen, Əməkdar artist Emil Əfrasiyab solo proqram təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filarmoniyaya Ramil Qasımovun direktor təyin olunmasından sonra bura həqiqətən də mədəniyyət mərkəzinə çevrilməkdədir. Elə təkcə ötən ay keçirilmiş vokal festivalını qeyd etmək, bizcə, kifayət edər.
İndi isə qayıdaq “Caz axşamı”na. Bu Konsert caz-muğamın yaradıcısı, dünyaşöhrətli pianoçu, bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 84-cü ildönümünə ithaf olunacaq.
Gəncə Dövlət Filarmoniyası musiqisevərlərə daha bir solo proqram hazırlayır. Belə ki, aprelin 21-də burada Xalq artisti, vokal ustası Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı konserti keçiriləcək. Xalq artisti Azər Zeynalov da Gəncədə ilk dəfə solo proqramla çıxış edəcək.
Hər iki konsertə biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək mümkündür.
Bu arada, həqiqətən də gəncəlilərə həsəd aparmağa dəyər.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)
“ASAN xidmət”də “Blokçeyn Təlim Mərkəzi” yaradılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “PAŞA Bank” ASC-nin birgə təşəbbüsü ilə yaradılan “Blokçeyn Təlim Mərkəzi”nin açılışı tədbiri baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “PAŞA Bank” ASC-nin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əsas məqsəd qabaqcıl blokçeyn texnologiyasına və kriptovalyutalarına dair təlimlərin keçirilməsi, fərdlərin və qurumların inkişafına dəstək üçün onlara müvafiq sahədə konsultasiyaların verilməsidir.
Mərkəz təcrübə mübadiləsi üçün aparıcı məkan olmaqla bu istiqamətdəki həvəskarları və peşəkarları resurslar, şəbəkə imkanları ilə təmin edəcək, onları sənayenin ən son nailiyyətləri ilə tanış edəcək.
Hazırda “Blokçeyn Təlim Mərkəzi” blokçeyn texnologiyasının tarixi, inkişaf mərhələləri, platforma tipləri, riskləri və s. barədə məlumatlanma məqsədilə infosessiya elan edir.
İnfosessiyaya müraciət üçün son tarix: 31 yanvar 2024.
Qeydiyyat üçün link: https://forms.gle/Q8ASFEKvy6LAdZST7
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
“O səs Türkiyə”nin qalibi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub
Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki ilk təmsilçilərindən biri, “O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına DOST-dan məlumat verilib.
Mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarını gəzib, təlim prosesini izləyib.
Elnur Hüseynov Mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl işləri ilə tanış olub.
Ölkəmizi 2008 və 2015-ci illərdə “Avroviziya” mahnı müsabiqəsində iki dəfə təmsil etmiş ifaçı musiqi studiyasında benefisiarların məşq prosesinə qoşulub, onlarla birgə mahnılar ifa edib, maraqlı duetlər səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Parisdə yaşayan əski azərbaycanlı milyonçu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
1920-ci ilin 28 aprelində bolşeviklər yerli satqınların köməyi ilə Azərbaycan Xalq Cümhuriyyətini süqut etdirərək ölkəmizi işğal etdilər. Və qırmızı repressiya illəri başladı. Milli düşüncəli, vətənpərvər, varlı hər bir kəs təqib edildi. Həmin dönəmdə
bir çox dövlət xadimlərinin, görkəmli ziyalıların ailələri ölkəni tərk etmək məcburiyyətində qaldı. Belə təzyiqlə üzləşən ailələrdən biri də cümhuriyyət dövründə ticarət və sənaye naziri vəzifəsini icra edən Mirzə Əsədullayevin ailəsi oldu. Bu gün o ailənin bir üzvü barədə danışacağıq.
Mirzə Əsədullayev məşhur Azərbaycan milyonçuları - Şəmsi Əsədullayevin oğlu və Ağa Musa Nağıyevin kürəkəni idi. Onun həmin dönəmdə 15 yaşında bir qızı var idi, Ümbülbanu adında.
Ümbülbanu 1905-ci ilin yanvarında Bakıda anadan olmuşdu, məlum hadisələrə görə atası həbs ediləndə Vətənindən didərgin düşdü. Tale onu Fransaya apardı. O, sonralar “Banin” təxəllüsü ilə Fransa ədəbiyyatının tanınmış simalarından birinə çevrildi. Və ömrünün sonunadək Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı kimi məşhur olan, dostları tərəfindən “Qafqaz gözəli”, “Şamaxı şahzadəsi” adlandırılan Ümbülbanunun bu gün - bu qarlı-şaxtalı yanvar günündə 119 yaşı tamam olur.
O, gözümü açanda anası artıq dünyasını dəyişmişdi. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmədi. Hakimiyyətə gələn bolşeviklər atasını həbs etib, babalarının var-yoxu da əllərindən alırlar. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Sonradan Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.
Onun 1946-cı ildə çap olunan “Qafqaz günləri” kitabı müəllifinə ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.
Ümbülbanunun uşaqlığının ağlı-qaralı xatirələri “Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı “Paris günləri”, “Ernest Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu rəğbəti qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.
Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcümələri ilə tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.
İlk dəfə onu Azərbaycan oxucusuna diplomat Ramiz Abutalıbov tanıdıb.
Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Ümbülbanu soy-kökünü heç vaxt yaddan çıxarmayıb. O, Qarabağda baş verən hadisələri həyəcanla izləyib. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edib.
Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.
Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Ümbülbanu qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıdıb. Bu gün onun yazdıqları həmvətənləri və dünya oxucuları tərəfindən maraqla oxunur. Özü Vətənə qayıda bilməsə də, əsərləri bu gün bizimlədir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)