ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”

 

 

Şəkil kimi oğlanları, şəkil kimi balaları torpaq edir müharibələr, savaşlar... Anaların arzuları isə belə olmur...

Övladı dünyaya gələndən sonra  onun ilk gülüşünə sevinir, məktəbə getməyini, böyüyüb Vətənə bəzək vuran bir övlad olmasını, toyunu görməyi arzu edir.  Bu arzuları, bu istəkləri isə bəzən fələk pozur, bəzən qəza pozur, bəzən də müharibələr...

Böyük ekrandan bir gözəl oğlan baxırdı hamıya... Özü sağ olsaydı həmin günü toyu olacaqdı bəlkə də ... Çünki anası Aygün Məmmədli  hələ 21 yaşı olanda  Müşfiq Orucova dsemişdi ki, “bala səni tez evləndirməyəcəm, özünün evin-eşiyin olsun, qazancın olsun ki, arvadının yanında dilin qısa olmasın... Belə getsə mən səni ancaq 30 yaşında evləndirəcəm...”

18 sentyabr 1994-cü ildə Zəngilanda doğulan Müşviq Orucovun  30 yaşını  qeyd etmək üçün 20 sentyabr 2024-cü ildə “ Şəhid analarına Dəstək “ İctimai Birliyinin sədri Ceyran Həsənova  Müşfiqin anası ilə həmdərd, həmtale olan şəhid anaları və atalarını-  şəhid Mirzə Novruzovun anası Rüxsarə xanımı, şəhid Əlizaman İslamovun anası Hürnisə xanımı, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyevi, şəhid Fəxrəddin Qurbanovun atası Seyfəddin Qurbanovu, şəhid Nurlan Mustafayevin anası Rəhilə xanımı, şəhid Toğrul Hacıyevin anası İlhamə xanımı, şəhid Cavid Həsənovun anası Mirvari xanımı, şəhid Cəmil Nəcəfovun anası Mətanət xanımı, şəhid  polkovnik leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovanı, ictimaiyyət nümayəndələrini Nizami kinoteatrına dəvət etmişdi.  2016-cı ilin aprel günlərində qalibiyyət savaşında Vətən uğrunda şəhid olan Müşfiq Orucovun həyatından bəhs edən “Vətən namusumdur” sənədli həyat filminə tamaşa edirdik.

Müşfiq Orucovun anası Aygün Məmmədli ilə yanaşı oturmuşam.  Böyük ekranda Müşfiqin şəkli görünür. Gözəl yaraşıqlı, xətti-xalına, gül camalına nə qədər tamaşa etsən, gözəlliyinin işığından doymaq olmur. Müşfiq haqqında xatirələr dilə gəlir, körpəliyindən Bakıdakı  7 nömrəli Zəngilan məktəbinə getdiyi, Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter texnikası fakültəsini bitirdiyi günə qədər keçdiyi qısa ömür yolunu yenə də izləyirik.

Müşfiq Arif oğlu Orucovun  şəhidlik xəbəri gələndə, onun adının yanında belə bir xəbər də səslənmişdi: Universitetə 700 bal ilə daxil olub, təhsil ocağını uğurla bitirən gözəl oğlan...”.

Əlimi Aygün ananın əlinin üstünə qoymuşam. Ananın əli bumbuzdur, yenə də daşa dönüb Aygün ana. Hər ikimizin göz yaşlarımız bu xatirə filmin kadrlarını izlədikcə sinəmizə süzülür... Bir şəhid oğul nə qədər göz yaşı içərmiş...

Onsuz olmur... Yada düşəndə bağrının başı yanar...

İnsan nə qədər güclü olmalıdır ki, bu gözəıllikdə, bu boy buxunda bir oğulu itirib, sonra özü də yaşaya, nəfəs ala bilsin... Lakin elə deyil, oğulları müharibədə və ya qəzada ölən analar, atalar yaşamırlar ki... Onlar da övladları ölən günü ölürlər. Övladını əlacsız halda torpağa əmanət edəndən sonra yaşamağa məcbur olurlar... Daha nəfəs o nəfəs olmur, daha gün o gün olmur...

Mən aprel döyüşlərində həlak olan şəhidlərimizin hər birinin ailəsində olub onları kəlmə-kəlmə, söz-söz həm ürəyimə yazdım, həm də ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabında ömürlük əbədiləşdirdim. Ona göprə də hər bir şəhidi öz balam bilirəm. Çünki onların həyat hekayətlərini ürəyimlə, ruhumla yazdım.

Ruh demişkən, ruha dönmüş şəhidlərimizin hər biri ruh kimi ömrümə gəldilər. Onların  kitabını yazanda başımın üstündə dolandılar. Hətta  səhv etdiyim səhifələrdəki səhfin yerini göstərdilər... Bəzən hər hansı bir təhlükədən xəbərdar etdilər... Qorudular məni, xəta toxunmasına imkan vermədilər...

Müşfiq Orucov ailənin ilk övladı idi. Aygün xanımın payında Tanrıdan bir oğul , bir qız var idi.  Özü rus dili və ədəbiyyatı müəlliməsi olan Aygün Məmmədli vətəninə, torpağına, elinə-obasına bağlı qeyrətli bir Azərbaycan qızıdır. Bütün müsbət xasiyyət və xüsusiyyətlərini oğluna hələ körpəlikdən ötürə bilmişdi.  Zəngilan düşmən əsarətində olsa da, Aygün müəllimə oğlunu vətən torpağının nə vaxtsa geri qaytarılacağına inandırmışdı. Müşfiqin oyuncaqları tank, avtomat oldu...  Tay-tuşları ilə oynayanda görmədiyi səngərləri öz uşaq təsəvvürü ilə düzəldib, oyuncaq tankı üçün anbar qazdı, oyuncaq əsgərlərini o tankda gəzdirdi, o səngərdə yatızdırdı...  Evcik-evcik oynadığı uşaqlığı taleyinə, taleyinin yazsına çevrildi.

İndi anası Aygün Məmmədlinin  direktor olduğu 7 saylı Zəngilan məktəbində marş çalınanda bayrağı mütləq Müşfiq aparırdı... Vətən və zəfərə inanc şerlərinin ən gözəl ifaçısı, söyləyəni də  Müşfiq idi... Müşfiq belə Müşfiq idi.

Müşfiq gözəl tar çalırdı... tar onun  incə barmaqlarının təmasından oxuyurdu... İndi o tar da oxumur... O tarı dindirən olsa qan ağlayar, simlərinin atəşi barmaq yandırar... Axı ağacdan düzəldilən nə varsa hamısının təmas yaddaşı olur. Onlar da öz sahiblərini sevir, vurulur, hətta sadiq qalırlar... Unutmurlar!!!

Müşfq Orcovun  30 yaşını “Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi 20 sentyabrda qeyd etdi.  İctimai Birliyin sədri Ceyran Həsənova da  elə  aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun anasıdır.  Onun da oğlu Müşfiqin təhsil aldığı Azərbaycan Texniki Universitetini bitirib, digər iki qrup yoldaşı ilə birlikdə hərbi xidmətə getmişdilər.  Onların da taleləri  elə Müşfiqin ömür yolunun qırıldığı yerdə qırıldı...

Ceyran xanım öz çıxışını belə tamamladı: “20 sentyabr gününü  Azərbaycanın Ali Baş Komandanı, Prezident  İlham Əliyev  “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü “ kimi təsis etdi. Bu mötəbər və möhtəşəm  adın, imzanın içərisində bizim övladlarımızın da adı və qanı vardır. Ona görə də biz başımızı dik tuturuq! Təki Vətən yaşasın”.

Böyük ekrandan Müşfiq Orucovun danışan bir şəkli baxır... Müşfiq boynunu bir az yana çevirib, harayasa baxır... O baxışlarda bir razılıq, rahatlıq var... Sanki elə 20 sentyabr 2024-cü il üçün çəkilib. Bu baxışlar  dünyaya və düşmənlərimizə deyir ki, nə oldu? Gördünüzmü, biz öz torpaqlarımızı alıb, Vətənimizi bütövləşdirdik.? Zəngilan azaddır, Kəlbəcər azaddır... Qarabağ azaddır...

Şəkil kimi bir oğlanın doğum günü- 30 yaşı özü olmadan qeyd edildi. Bəlkə də sağ olsaydı, Aygün Məmmədli bu gün oğlu üçün arzuladığı toyu çaldıracaqdı...

Bir toy çalınmadı, bir arzu qaldı...

Bir ana oğluna tamarzı qaldı...

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

ƏLİZADƏ NURİ

 

 

                                        MƏNƏ GÖY ÜZÜ VERİN

 

Mənə bir yelləncək verin,

tapıb oynadacam uşaqlığımı.

 

Bir cüt qərənfil verin,

bir şəhid məzarı girib yuxuma...

 

Mənə bir parça kağız verin,

yığım qələmə qısılan sözləri.

Son şeir vəsiyyət kimi olur.

 

Bir əlçim bulud verin –

gözlərimə sıxıb özüm yağışa çevirəcəm...

 

Mənə bir kamança verin –

ağlatmalı nə çox dərd var.

 

Bir qurtum su verin –

bu ümid çox qurudu,

keçmir boğazımdan.

 

Məni azadlıqla tanış eyləyin,

görüm halı necədi.

 

Mənə bir ulduz verin –

isidim əllərimi...

 

...Bir az göy üzü verin,

bir tikə ay işığı,

Yer üzü sizə qalsın...

 

 

                                         ÖMÜR YANMIŞ ZƏMİ KİMİ...

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür – yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...

 

 

                                                         FIRLANIR

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib –

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi –

Nə qədər naşı fırlanır...

 

                               

                                        BU ÖMÜR İSLANMIŞ KAĞIZMIŞ DEMƏ...

 

Hər gün ürəyimdən durnalar uçur –

Mənim bu canımda payızmış, demə.

Məni bu dünyanın yadına salan,

Yaddan çıxartdığım o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Gördüm ki, bir söyüd içini çəkir –

O da mənim kimi yalqızmış, demə.

 

Udduğum havanın içində dadın...

Yanım – bir az isin, üşüyən qadın.

...Çərpələng düzəltdim, o da uçmadı –

Bu ömür islanmış kağızmış, demə...

                 

                 

NƏFƏSDƏRMƏ

 

Günəşi gizlədiblər,

Buludun arxasında.

Adam var toylardadı

Adam var öz yasında...

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə qəmgin...

Ayın da ay dərdi var.

 

Tanrı insan yaradıb,

Hər yan haydı, haraydı.

Yoxsa tək darıxdı o? –

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir,

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Özünə bir ev tikib

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı –

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən.

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox

Alma ağacı düşsün...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür – qatar kimidi

Sonda depoya gedir...

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

 

Çərşənbə axşamı, 24 Sentyabr 2024 11:04

“Şairin şiiri” - Arslan Kaya (Âhar)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

Şairin şiiri

Arslan Kaya (Âhar)

 

Döktüre -döktüre  susmak Cemal Süreya'nın şiirinde,

İstanbul'u değil  de Orhan Veli'yi dinlemek İstanbul'da,

Sarı saçlarına bağlamak deli gönlünü,

Kaldırımlara dost olmak mesela...

Mecburiyetini yaşamak bilmeyenlerin...

Kasketli Kaptan misali

Kaybolmak Bodrum kıyılarında,

Sürgündeyken Halikarnas gibi

Sessiz gemilerde türküler söylemek,

Adını haykırmak sevdanın; Lavinia!

Sonsuz mısralarda yeniden anlamak

Nefretin ve aşkın benzerliğini-

Yaşamak değil midir bir İstiklal sevgisini?

Şiir değil midir Âhar'ın sevgilisi?

 

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Çərşənbə axşamı, 24 Sentyabr 2024 10:33

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 24. Dahilər və kitab

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

24.

DAHİLƏR VƏ KİTAB

 

Bəli, mütaliə hər baxımdan bizə fayda verir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. İnsan bütün ömrü boyu mütaliə etməlidir. İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır. Mütaliə etmədən düşüncə formalaşa bilməz. Əgər bizim uşaqlar bu gün kitab oxumasalar onlar həyatda heç vaxt uğur qazana bilməyəcəklər. Yalnız mütaliə nəticəsində şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilirlər.

Mütaliə şagirdlərdə mədəniyyətin yüksəldilməsinə aparan bir yoldur. Mütaliə biliyi genişləndirməklə bərabər, həm də insana məmnunluq hissləri bəxş edir. İnsan həyatında mütaliənin rolu əvəzolunmazdır. Böyük mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində mütaliənin əhəmiyyəti haqqında müdrik fikirləri ondan sonra gələn Azərbaycan mütəfəkkirlərinə böyük təsir göstərmişdir. İnsanın ucalığını onun elmi səviyyəsində axtaran Nizami hər hansı bir insanın başqasına üstün gəlməsini qalibin elmi səviyyəsi ilə izah edir:

Elmlə, hünərlə! Başqa cür heç kəs,

Heç kəsə üstünlük eləyə bilməz! - deyən şair kamilliyin mənbəyini elm və bilik axtarışında görür. Kitabı, mütaliəni yüksək qiymətləndirən şairin özü böyük mütaliəçi olmuşdur. Dünya ədəbiyyatının incisi sayılan Nizami Gəncəvi “Xəmsə”si onun müəllifinin mütaliəsinin, elmi axtarışlarının nəticəsidir. Şair beş poemasında kifayət qədər əsər adı çəkir ki, bunlar hamısı onun mütaliə obyekti olmuşdur.

Dünyada nə qədər kitab var belə,

 Çalışıb əlləşib, gətirdim ələ,

Oxudum, oxudum sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxardım

 - deyən şair özünün mütaliəsinin məzmunu haqda aydın təsəvvür yaradır.

Məşhur filosof Sokrata görə mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Ona görə də biz mütaliəni sevməli və təkcə sevməli yox, ona vərdiş etməyi bacarmalıyıq. Ona görə də, “Gəlin oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək”.

Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq. Dahi şəxsiyyətlərin mütaliə və kitabxana haqqında söylədikləri fikirlərə niyə də diqqət etməyək?

Görkəmli filosofların, dünya liderlərinin, dahi yazarların kitabların insan həyatındakı rolu barədə söylədikləri əlbəttə ki, diqqətdən kənarda qalmamalıdır. Biz kitabımızın əvvəllərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan prezidenti İlham Əliyevin kitablara münasibətlərinə toxunduq. İndisə digər fikirlərə göz yetirək:

 

*Antik dövrün ən məşhur filosoflarından biri, romalı Mark Tulliy Siseron:

“Kitabsız ev ürəksiz bədəndir”.

*Antik dövrün ən məşhur filosoflarından biri, romalı Lutsiy Anney Seneka:

“Kitabsız yaşamaq kor, kar, lal yaşamaqdır”.

*Fəlsəfə tarixində uca mərtəbələr fəth etmiş alman filosofu Artur Şopenhauer:

“Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır.”

*Türk dünyasının böyük lideri, görkəmli siyasi və hərbi xadim Mustafa Kamal Atatürk:

“Bir neçə qəpiyim olanda mütləq yarısını kitaba xərcləyirdim. Başqa cür etsəydim, Atatürk olmazdım”.

*İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı Vinston Çörçill:

“Kitablar, bütün müxtəlifliyi ilə insan zəkasına sivilizasiyanın zəfərlə irəliləməsi üçün vasitələr təklif edir”.

*Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti, 2009-cu ildə isə Nobel Sülh mükafatçısı, akademik, hüquqşünas, memuarçı Barak Obama:

“Oxumaq vacibdir. Oxumağı bilirsənsə, bütün dünya sənin üzünə açılır”.

*ABŞ-nin dövlət xadimi, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-nin ilk prezidenti Corc Vaşinqton:

“Düşünürəm ki, kitablar haqqında bilik, digər biliklərin qurulması üçün əsasdır”.

*Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan:

“Gələcəyimiz, şəhərimiz, ölkəmiz və dünyanın gələcəyi üçün; Hər kəsi öz savadı, sevgisi və gözəlliyi üçün mütəmadi olaraq kitab oxumağı vərdiş halına gətirməyə dəvət edirəm”.

*Dahi alman yazıçısı İohann Vilhelm Höte:

“Mütaliə etməyi öyrənmək üçün nə qədər əmək və nə qədər vaxt sərf olunduğuna şübhə etməyin, mən özüm buna 80 il vaxt sərf etdim və bunu deyə bilərəm ki,məqsədimə tamamilə nail olmuşam”.

*Azərbaycanın tanınmış ədibi, dramaturgiyamızın görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov:

“Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisləri edir”.

*Görkəmli rus yazıçısı, maarifçisi Vissarion Belinski:

“Öz kitabxananın kitablarını ona görə çoxaltma ki, sənin çoxlu kitabın var desinlər. Ona çalış ki, öz əqlini görkəmli şəxslərin kitabları ilə zənginləşdirəsən. Öz əqlini də kitablar kimi qiymətli edəsən. Bədii əsərlər canlı mənbədir və insanlıq hissi cəmiyyətə buradan axır”.

*Görkəmli Azərbaycan satiriki Mirzə Ələkbər Sabir:

“Kitab sənin ilk dostundur”.

*Tanınmış rus alimi, tənqidçisi Nikolay Dobrolyubov:

“1849-cu ildə 411 kitab mütaliə etmişəm. Mütaliə etdiyim kitabların müntəzəm qeydiyyatını aparmışam. Mütaliə etmək mənə uşaqlıqdan çox xoş gəlirdi. Odur ki, çox keçmədən mütaliə mənim əsas məqsədim və yeganə sevincim oldu.”

*Azərbaycanın Xalq şairi Səməd Vurğun:

“Kitabsız bir ömrün nə mənası var”.

 

 

Növbəti:

25. Oxucu kavlifikasiyası

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Baş qərargahı Bakıda yerləşən və türkdilli dövlətlər üzv olduğu beynəlxalq təşkilat olan Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə 23-27 sentyabr 2024-cü il tarixlərində Azərbaycanda fəaliyyət göstərən yüksək səviyyəli menecerlərin iştirakı ilə İstanbulda Ərazi İdarəetmə Təcrübə Paylaşımı Proqramı keçirilir. 

 

Təcrübə Paylaşma Proqramında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistandan yüksək səviyyəli menecerlər iştirak edirlər. 

Proqram Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Fatih Bələdiyyəsi, İstanbul Ticarət Universiteti və Türk Dünyası Vəqfinin töhfələri ilə həyata keçirilir. 

Proqram çərçivəsində iştirakçılar Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Milli Saraylar Müdirliyi, Vəqflər Ümumi Müdirliyi, Gelibolu Tarixi Ərazi Müdirliyi, Çanaqqala Savaşları Gelibolu Tarixi Ərazi Müdirliyi, İstanbul Tarixi Ərazilər Bölgəsi Müdirliyi, Fatih Bələdiyyəsi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA)  tərəfindən həyata keçirilən ərazi idarəçiliyi təcrübələri haqqında nəzəri və praktiki biliklər əldə edəcəklər. 

27 sentyabr 2024-cü il tarixində İstanbul Ticarət Universitetinin Sütlüce Kampusunda keçiriləcək Təcrübə Paylaşımı Proqramının sonuncu günü səhər sessiyalarının ilkində Türk Dünyası Ərazi İdarəetmə Dərnəyi Vizyon Seminarı iştirakçıları arasında ünsiyyət və qarşılıqlı əlaqənin artırılmasına dair ideyaları müzakirə edəcək. Qurumlarla birlikdə layihələr inkişaf etdiriləcək və ortaq qanunvericilik üzərində çalışılacaq. Bu seminardan sonra iştirakçılar öz ölkələrində mədəni irs və konservasiya təcrübələri haqqında təqdimatlar edəcəklər.

27 Sentyabr 2024-cü il Cümə günü ictimaiyyətə açıq olan proqramın günorta seansları İstanbul Ticarət Universitetinin Sütlüce Kampusunun konfrans zalında saat 14:00-da başlayacaq. Günortadan sonra keçiriləcək ilk sessiyanın moderatorluğu Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu və Yıldız Texniki Universitetindən Prof. Zeynep Gül Ünal, Gürcüstan Universitetindən Prof. James K. Reap və Liverpool Universitetindən Prof. Soumyen Bandyopadhyay-ın məruzəçi olacağı "Türk Dünyasında Mədəni İrs və Qorunma" adlı panel keçiriləcək. Bu paneldən sonra tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti və beynəlxalq təşkilatların nümayəndələrinin yekun nitqləri ilə yekunlaşacaq.

Türk Mədəniyyəti və İrsi Fondu haqqında:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun əsasnaməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (hazırda Türk Dövlətləri Təşkilatı kimi tanınır) Bişkek Zirvə toplantısında 23 avqust 2012-ci ildə qəbul edilmişdir. Fond öz fəaliyyətinə 11 sentyabr 2015-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astana Zirvə toplantısında səfir Günay Əfəndiyevanın Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olunması ilə başlayıb. Beynəlxalq təşkilat statusuna malik olan Fondun Katibliyi Bakıda yerləşir. Hazırda Fonda Qazaxıstanın keçmiş mədəniyyət naziri Aktoti Raimkulova rəhbərlik etməkdədir.

Türk Mədəniyyəti və İrsi Fondu layihə və proqramların dəstəklənməsi və həyata keçirilməsi yolu ilə türkdilli xalqların mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi daşıyır. Bu məqsədlərə çatmaq üçün Fond müvafiq qurumlarla əməkdaşlıq edir və türk xalqları arasında mədəniyyət, təhsil, elm, insan hüquqları, turizm, informasiya və kommunikasiya sahələrində və digər prioritet sahələrdə fəaliyyətə dəstək verir. 

Türk Mədəniyyəti və İrsi Fondu aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

* Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği;

* Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı elmi-texniki problemlərin həlli;

* seminarların, treninqlərin, konfransların, konqreslərin və sahə tədqiqatlarıyla sərgilərinin təşkili;

* Dövri nəşrlərin elektron və çap formatında hazırlanması;

* müsabiqələr, festivallar, turnirlər və s. tənzimləmə;

* türkdilli xalqların yaşadığı bölgələrdə ənənəvi və tətbiqi sənətin canlandırılması, dəstəklənməsi və inkişafı;

* Sənətkarlara, rəssamlara və digər yaradıcı sənətçilərə əqli mülkiyyət hüquqlarının qorunmasında köməklik etmək.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və sektor müdiri Xəyal Məmmədov, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu və Rami Kitabxanasının rəhbəri Ali Çelik arasında görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Mərkəzindən verilən xəbərə görə, Rami Kitabxanasında baş tutan görüş zamanı Azərbaycan-Türkiyə kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi və kitabxana işi sahəsində qabaqcıl təcrübələrə dair fikir mübadiləsi aparılıb.

 

Qeyd olunub ki, müasir kitabxanaçılıq xidməti, “canlı kitabxana” anlayışı ilə İstanbulun elm, incəsənət və mədəni həyatının mərkəzlərindən birinə çevrilən Rami Kitabxanası gələcək nəsillər üçün elm mənbəyi olmaqla yanaşı, qədim bilikləri müasir tədqiqatlarla bir araya gətirir.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Rami Kitabxanasının müdiri Ali Çelik arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, burada Azərbaycan klassiklərinin nəşrlərinin təqdimatı və sərgilərin təşkilinə dair razılıq əldə olunub.

 

Görüşdən sonra kitabxana ziyarət edilib. Özünəməxsus prinsiplər əsasında fəaliyyət göstərən bu elm ocağında təşkil olunan müasir oxu zalları, nadir kitablar fondu, qədim nüsxələrin bərpası prosesi ilə tanışlıq olub.

 

Qeyd edək ki, 250 illik tarixə malik keçmiş Rami kazarmasının binasında yerləşən kitabxana Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan əsaslı yenidənqurma işlərindən sonra ölkənin ən böyük canlı kitabxanası olaraq 2023-cü ilin yanvar ayında fəaliyyətə başlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Elmira Səfərova uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki musiqi məktəbində alıb. Kövkəb Səfərəliyeva, Lidiya Yeqorova və digər görkəmli pedaqoqlardan musiqi sənətinin sirlərini mənimsəyib. İllər sonra müsahibələrinin birində o, belə demişdi: “Gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdı. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim...”.

 

Sentyabrın 23-də Bakı Kitab Mərkəzində görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın anadan olmasının 90 illiyi münasibətilə keçirilən tədbirdə də həyatını musiqiyə həsr etmiş bu insan haqqında ürəkdolusu danışılıb, onunla bağlı xatirələr bölüşülüb.

 

AzərTAC xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub.

 

Bu tədbirin onun üçün mühüm əhəmiyyət daşıdığını bildirən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı Elmira Səfərovanı nəcib insan, bənzərsiz pedaqoq, dəyərli dost, vətənpərvər ziyalı, Azərbaycanı bütöv varlığı ilə sevən bir musiqişünas kimi səciyyələndirib.

 

Tədbirdə E.Səfərovaya həsr olunmuş videoçarx nümayiş edilib.

 

Xatirə axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ülkər Talıbzadə və başqaları çıxış edərək Elmira Səfərovanın yorulmaz pedaqoji fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

 

Bildirilib ki, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunan Elmira Səfərova professor Mayor Brennerin sinfində təhsil alıb. Tələbəlik illərindən istedadlı pianoçu kimi tanınıb, konsertlərdə çıxış edib. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.

 

1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimlik fəaliyyətinə başlayan Elmira Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə yüksək səviyyəli peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub. Həmçinin konservatoriyada respublikanın musiqi məktəblərinin müəllimləri üçün ixtisasartırma kurslarında metodiki işlər və mühazirələr aparıb, bir sıra metodik vəsaitlərin, elmi məqalələrin müəllifi olub.

 

Qeyd edilib ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Elmira xanım konsertlərdə solo və ansambl ifaçısı kimi çıxış edib. Mütəmadi olaraq keçirdiyi tematik açıq sinif konsertləri də böyük marağa səbəb olub. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı da Elmira xanımın bu sahədə mühüm xidməti idi.

 

Diqqətə çatdırılıb ki, 1997-ci ildə dünyasını dəyişən Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər.

 

Tədbirdə tanınmış və gənc musiqiçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirlib.

 

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından təşəkkürünü bildirən musiqişünas, akademik Zemfira Səfərova Elmira Səfərovanın uşaqlıq, gənclik, tələbəlik illərindən söz açıb.

 

Vurğulayıb ki, yüksək insani keyfiyyətlərə malik görkəmli musiqi xadimi, qayğıkeş müəllim Elmira Səfərovanın əziz xatirəsi onu tanıyanların, yetirmələrinin qəlbində və mədəniyyət tariximizdə daim yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Azərbaycanın dahi şair və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə Almaniyada xüsusi poçt markası buraxılıb.

 

AzərTAC xəbər verir ki, poçt markası Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə hazırlanıb.

 

Xüsusi dizaynda hazırlanmış poçt markasının üzərində görkəmli şairin portreti əks olunub.

 

Poçt markasının məlumat hissəsində Məhəmməd Füzulinin zəngin yaradıcılığının Azərbaycanla yanaşı, ölkəmizdən kənarda da geniş coğrafiyada ədəbi mühitə böyük təsir göstərdiyi vurğulanıb. Onun bədii-fəlsəfi irsinin Azərbaycan poeziyasını yeni zirvələrə qaldırdığı, ana dilimizin inkişafına töhfələr verdiyi qeyd olunub. Həmçinin Məhəmməd Füzulinin şeirlərinin ahəngdar və ifadəli xarakterinin onları musiqi əsərləri üçün ideal material etdiyi, Avropada çoxlu sayda rəssam və şairlərin yaradıcılığına da təsir göstərdiyi diqqətə çatdırılaraq, şairin aşağıdakı beyti təqdim edilib:

 

"Aşiq oldur kim, qılır canın fəda cananına,

 

Meyli-canan etməsin hər kim ki, qıymaz canına".

 

Poçt markası Azərbaycanın Almaniyadakı səfirliyinin Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə sentyabrın 18-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirdiyi “Qəlbimdəki şair” (Der Poet in mir) adlı tədbirdə iştirakçılara təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-8-də Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. 

Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər.

Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub. Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək.

Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Çərşənbə axşamı, 24 Sentyabr 2024 10:14

Tallində Azərbaycan Mədəniyyəti Günü keçirilib

Estoniya paytaxtında Milli Mədəniyyət Günləri-2024 çərçivəsində Azərbaycan Mədəniyyəti Günü böyük uğurla keçirilib. Tədbir rəssam Rövşən Quliyevin təşəbbüsü ilə “Qarabaşlılar qardaşlığı” Evində təşkil olunub.

 

AzərTAC xəbər verir ki, bayramın təşkilində İnteqrasiya Fondu, Mədəniyyət və İdman İdarəsi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi iştirak edib.

Gecənin xüsusi qonağı Tallin tamaşaçıları üçün ənənəvi Azərbaycan aləti olan sazda melodiyalar ifa etmək üçün Bakıdan gəlmiş Mübariz Əliyev olub. Tədbirdə, həmçinin qarmonda folklor əsərləri ifa edən musiqiçi Elnur İmanov və “Grace” rəqs qrupu çıxış ediblər. Eston milli rəqslərini ifa edən, bununla da iki xalqın dostluğunu və mədəni müxtəlifliyini nümayiş etdirən Estoniyanın “Leesikad” qrupunun çıxışı gecəyə xüsusi ovqat qatıb.

Tədbiri çoxlu sayda tamaşaçı ziyarət edib. Fəxri qonaqlar arasında yer alan Azərbaycan parlament qrupunun sədri Riyna Solman dostluq münasibətləri və mədəni dialoqa göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Tədbirdə, həmçinin Almaniya və Finlandiyadan da qonaqlar iştirak edib ki, bu da bayrama beynəlxalq xarakter verib.

Təşkilatçılar bütün iştirakçıları Azərbaycanın milli yeməkləri və şirniyyatlar, nar şirəsi və şəraba qonaq ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.