ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 23 Sentyabr 2024 11:17

Şəhidlər barədə şeirlər - Nurəddin Hümbətov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Nurəddin Hümbətov 

Nurəddin Hümbətov 26 dekabr 1998-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində dünyaya göz açmışdır. 2004—2016-cı illərdə M.Ə.Sabir adına 1 saylı məktəbdə orta təhsil almışdır.

2017-ci ildə hərbi xidmətə yollanmış, 2018-ci ildə Beyləqanda hərbi xidmət müddətini bitirmişdir. Bir çox sahələrdə çalışdıqdan sonra 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağ istiqamətində xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. MurovdağınSuqovuşanınFüzulininHadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə ŞuşaXocavənd istqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ey vətənin canında,

Can kimi qalan şəhid,

Əfsanəyə çevrilən

Ey dastan olan şəhid.

 

İzlədim son zəngini,

Şəhidlik arzuladın,

Tanrı eşitdi səni,

Tarixə döndü adın.

 

Əzbər oldun dillərdə,

Gəzdin bölük-bölük sən.

Məndən on il balaca,

Məndən min il böyüksən.

 

Yaşla böyümür insan,

Əməliylə böyüyür.

Şəhidlər qəlbimizdə,

Vətən boyda döyünür.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

 

Yay mövsümünün üç ayı ərzində Sankt-Peterburqdan gələn beynəlxalq aviareyslərin ən populyar istiqamətləri Türkiyə, Belarus, BƏƏ, Özbəkistan, Tacikistan, Azərbaycan, Çin və Qırğızıstan olub.

 

AzərTAC Pulkovo hava limanını idarə edən “Vozduşnıye vorota severnoy stolitsı” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hava limanı yay fəslində ümumilikdə 6,6 milyon sərnişinə xidmət edib.

 

Şirkətdə yay ərzində ən populyar beynəlxalq istiqamətlərin Antalya və İstanbul (Türkiyə), Minsk (Belarus), Dubay (BƏƏ), Daşkənd və Səmərqənd (Özbəkistan), Düşənbə (Tacikistan), Bakı (Azərbaycan), Şanxay (Çin) və Oş (Qırğızıstan) olduğu qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novorossiyskdə (Rusiya) keçiriləcək “Teatr limanı” VI Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

 

AzərTAC Rusiya mediasına istinadla xəbər verir ki, festival sentyabrın 20-dən 29-dək Novorossiysk, Kabardinka və Gelendjik səhnələrində keçiriləcək.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 23-də Novorossiyskdə, sentyabrın 25-də isə Kabardinkada alman yazıçısı Patrik Zyuskindin eyniadlı pyesi əsasında hazırlanmış “Kontrabas” tamaşasını təqdim edəcək.

 

Bu, musiqi alətinə olan sevgisinə görə orkestr karyerasından imtina edən musiqiçinin parlaq monoloqudur. Tamaşa məhəbbət, tənhalıq və musiqidən, bir əmələ coşqun həvəs və onu etməyə qadir olmamaq, yüksək ilahi duyğusu və ona nail olmağın qeyri-mümkünlüyü, qəhrəmanı əzab-əziyyət çəkməyə məcbur edən kişinin qadına olan sevgisindən bəhs edir.

 

Festivalda Azərbaycanla yanaşı, Rusiya Federasiyasının 11 regionundan 16 teatr, eləcə də Norveçdən bir kollektiv iştirak edəcək. “Teatr limanı” 2018-ci ildən Rusiyanın cənubunda, Novorossiyskdə keçirilən yeganə davamlı beynəlxalq teatr festivalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Astanada Qazaxıstan Xalqları Assambleyasının təşkilatçılığı ilə “Milli dəyərlər – millətin xəzinəsi” adlı festival keçirilib.

 

AzərTAC-ın şəhər akimliyinə istinadla verdiyi xəbərə görə, tədbirdə qazax xalqının mədəniyyətini, dekorativ-tətbiqi sənət növləri ilə tanışlığı, dostluq və sülhü təbliğ edən şəhər etnomədəni birliklərinin nümayəndələri iştirak ediblər.

 

Onların arasında qazax, rus, ukraynalı, tatar, qaraqalpaq, özbək, azərbaycanlı və digər millətlərin nümayəndələri olub.

 

“Bugünkü tədbirin məqsədi qazax xalqının mədəniyyətini, o cümlədən adət-ənənələrini və incəsənətini nümayiş etdirmək, xalqların mədəni identikliyini müəyyən etməklə, etnomədəni irsi qorumaq və yaymaqdır”, - deyə “Jayxun” Qaraqalpaq Etnomədəni Birliyinin sədri Tazabike Saliyeva bildirib.

 

Festival çərçivəsində keçəçilik üzrə ustad dərsi təşkil olunub. İştirakçılar keçə məmulatlarının hazırlanma texnikası ilə tanış olmaqla yanaşı, ixtisaslı ustaların rəhbərliyi altında özləri də onu sınaqdan keçiriblər.

 

Tədbirdə Qazax Xalq Çalğı Alətləri Ansamblının çıxışı iştirakçılara bayram əhvali-ruhiyyəsi bəxş edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sentyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində tanınmış bəstəkar, Əməkdar artist Fərhəng Hüseynovun 75 illiyi münasibətilə “Les Essences” (Almaniya) kamera orkestrinin konsert proqramı keçirilib.

 

AzərTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən orkestrin bədii rəhbəri, türkəsilli skripkaçı Öndər Baloğlu Azərbaycanda səhnə aldıqları üçün şad olduğunu dilə gətirib.

 

Onun sözlərinə görə, belə möhtəşəm festivalda iştirak etmək qürurvericidir.

 

“Müəllim, ifaçı və bəstəkar olan Fərhəng Hüseynov Türkiyənin Adana şəhərinin Çukurova Universitetində simli alətlər kafedrasının müdiri olub. O, tələbələrinə skripka alətinin sirlərini öyrədib. Dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərdə müvəffəqiyyətlə çıxış edən sənətçi türk xalqının dərin məhəbbətini qazanıb. Fərhəng Hüseynov və tələbələrinin konsert çıxışlarını hazırda aramızda olan, bəstəkarın həyat yoldaşı, istedadlı pianoçu Leyla Hüseynova müşayiət edib”, - deyə Baloğlu əlavə edib.

 

Fərhəng Hüseynovun irihəcmli əsərlərindən söhbət açan ifaçı qeyd edib: “Bəstəkar Mersin Opera və Balet Teatrının sifarişi ilə ən irihəcmli əsəri “Kraliça Aba” baletini yazıb. Baletin musiqi dili Azərbaycan və türk folklorunun ritm-intonasiyalarının vəhdəti ilə diqqəti cəlb edir. Əsər Türkiyədə böyük uğur qazanaraq, antik mövzuda ilk balet kimi qəbul olunub”.

 

Konsert proqramında dahi bəstəkar, Xalq artisti Qara Qarayevin əsərlərindən musiqi nömrələri, “Sarı gəlin”, “Uzun, incə bir yoldayam” mahnıları və digər əsərlər səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib, AzərTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Əsasnamədə Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları, maliyyələşdirilməsi, hüquq və məqsədləri, fəaliyyətinin təşkili və digər məsələlər öz əksini tapıb.

 

Əsasnaməyə əsasən, Qoruq Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu və Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənilmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlərin yerləşdiyi, eyni zamanda, zəngin təbii potensiala, iqtisadi və ekoloji resurslara malik olan, dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq Mərkəzlə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Mərkəz vasitəsilə Dövlət Turizm Agentliyinə təqdim edir. Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın mühafizəsini, abidələrin funksional təyinatını, memarlıq estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə Agentliyin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır. Qoruğun fəaliyyətinə Mərkəzin təqdimatı ilə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.

 

Qeyd edək ki, Qoruq Azərbaycan Prezidentinin 2023-cü il 16 iyun tarixli Sərəncamı ilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Bazar ertəsi, 23 Sentyabr 2024 15:13

Soyuq çay - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

İki gün əvvəl evə getmək istəmədiyim günlərdən birini yaşayırdım. Saat təxminən axşam altı radələrində bütün pessimistliyimlə və əlimdə Fransın kitabı ilə parkda oturmağı seçdim. 

 

Frans deyirəmsə, yəqin ki vəziyyətimin necə müşkül olduğunu anlamısınız. Düşüncələrim bir-bir xırdılanaraq, qəpik -quruş kimi ciblərimdən sanki ətrafa saçılırdı. Üzümü parkın mərkəzində olan fəvvarəyə tərəf tutaraq, əlimdə olan şəraitdən maksimum dərəcədə istifadə etməyə çalışırdım. Qulağımda Sezen Aksu "Hər şeyi yak" deyirdi və elə bu vaxt Frans ona qarşılıq verərək, -"Və budur, sizin məktubunuzu aldım, Milena. Bu fərqi necə izah etməli? Kimsə çirkabda uzanaraq ölüm yatağında can üstədir və bütün mələklərdən ən nəcibi olan ölüm mələyi gəlir, ona baxır. Bu adam ümumiyyətlə ölməyə cəsarət edəcəkmi?"-deyirdi. Kitab və mahnı sanki qarşılıqlı mübahisə edən iki cütlük kimi bir-birini tamamlayır, mən isə onların ağuşunda dünyadan əllərimi üzmüş şəkildə bir ahəngə qapılmış otururdum. 

Elə bu dəm də oturduğum skamyada bir hərəkətlilik hiss etdim. Sağa tərəf çevrildiyim zaman yetmiş və yaxud səksən yaşlı, halsız, əsalı, beli əyilmiş və çirklənmiş, köhnə geyimi ilə qoca bir kişinin skamyanın digər ucunda oturduğunu və bayaq mənim baxdığım həmin nöqtəyə baxdığını gördüm. Yorğun və bənizi solmuş bu qocanın gözləri göz yaşı yuvasına bənzəyirdi və üzündə bəlkə də göydəki ulduzların sayı qədər qırışlar var idi. Normalda skamyada kimsə yanımda oturduğu zaman, bu halı bəyənmədiyimdən qalxıb getməyi seçirdim. Lakin bu dəfə oturub onu izləməyi seçdim. Bir az dincəldikdən sonra ayağa qalxaraq skamyanın yanındakı zibil qabını əsası ilə qarışdırmağa başladı. "Hər halda yazıq yemək axtarır"-deyə düşündüm. Daha sonra zibil qabından soyuq çay və enerji içkilərinin qablarını götürərək cibindən çıxardığı paketə yerləşdirdiyini gördüm. Sonra skamyanın yanındakı zibil qabından uzaqlaşaraq digərlərinə doğru yol almağa başladı. Beləcə, həm oturub dincələrək, həm də qutuları bir-bir toplayaraq parkın gecəni işıqlandıran lampaları arasında gözdən itdi. Saat səkkizə işləyirdi. Öz-özümə dedim ki, bu günlük bu qədər, Jalə. Artıq bəsdir, dur və evə get. Beləliklə cibimdəki son bir manatımı soyuq çay üçün xərcləyərək evə qayıtdım. 

Soyuq çay....soyuq çay....

Bir addım uzaqda qalan park işıqları... 

Dua edin ,əziz dostlar. Dua edin ki, cəmiyyət soyuq çaylardan daha çox alsın və parkın bütün zibil qabları dolub-daşsın. Təki qəlbimiz isti qalsın. 

Bu arada siz yenə də evdəki qazı da yandırmağı unutmayın. Çünki evimizdəki soyuqluğun da isti çaya ehtiyacı var.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Əlindəki kiçik daşı oynadarkən, laqeyid və vecsiz baxışlarla izlədiyi dalğalara ayna tuturdu ala gözləri.

Dalğaların hiddətlə qayalara çırpıldığı kimi, onun qızılı saç telləri də küləyin iradəsinə yenilərək çırpılıb üz-gözünə dağılırdı.

Hər şeyin çiynindəki yük, ya qabağına qatıb qovduğu qəzəb idi sanki. 

Dalğalarda, əsən bu külək də, elə onun qızılı saç telləri də, hətta laqeyid baxışları da qəzəbliydi elə bil. 

Nəydi bu qeyz, nəyə tutmuşdu axı onların acığı?

Dalğaları köpürdüb sahilə daşdıran, küləyi coşdurub bu dünyanın, canına saldıran və onun öləzimiş baxışlarını uzaqlara zilləyən o səbəb hər nə idisə eyni idi.

Bəlkə də, elə gördüklərinə, şahid olduqlarına tüğyan edirdi onlar?!

Nələr görmüşdü onlar? Ya da, daha doğrusu nələr görməmişdi ki?..

Yüksələrkən alçalanları da görmüşdülər, olduğu zirvədən özünü aşağı atıb intihar edənləri də.

Məqsəd vasitələri doğrultmur, biz axı bunu hələ illər əvvəl “Sonuncu ölən ümidlərdir” romanının qəhrəmanı Nailənin həyatından öyrənmişdik.

Ən böyük uçurum gözlər idi elə bəlkə də, hansı ki, düşən göz yaşı kimi axıb gedir birdə qayıda bilmirdi geriyə. 

Eyni ilə Bermud üçbucağında itən gəmilər və təyyarələrtək sonrakı aqibəti bilinmir, yox olub, heçliyə sovrulurdu.

İnsanı yolda tanıyarlar deyiblər "Səndən ötrü min yol" dediklərimiz nə etdilər o yolda?!

Kimi yola çıxdıqlarını yolda tapdıqlarına dəyişdi. yolun yarısında yol yoldaşının əlini buraxıb, onu  yarı yolda qoyub, başqasının əlindən tutdu. 

Kimi yarı yoldan geri qayıtdı. Kimi yarı yolda istiqamətini dəyişib başqa tərəfə səmt götürdü.

Kimi xəyanət etdi, kimi vəfasız çıxdı..

Yollar çox idi uğura gedən yol, zirvəyə gedən yol, uçuruma gedən yol.

Zirvə deyib yola çıxanları bu yolda hər şey mübahdır deyib yoldaşlarına badalaq gələnləri uçurum qırağında da çox gördük biz. 

"Çərpələng uçuran" romanının qəhrəmanı Əmir kimi səndən ötrü min yol deyənlərin əzabına göz yumanları da çox gördük.

Küləy üsulca qulağına nəsə xoş bir şey pıçıldamağa başladı. Musiqi səsiyidi bu. Dalğa kimi dənizdən sahilə doğru xoş təsir bağışlayan həzin bir musiqi səsi yayılırdı yavaş-yavaş fəzaya.

Bir an sanki bu xoş musiqinin ona söyləmək istədiklərinə qulaq verib bir əlində oynatdığı daşa bir də dənizə baxdı və düşünməyə başladı.

Niyə də onu incidən hər kəs və hər şeyi eynən elə indi əlindəki bu daş kimi dənizin dərinliklərinə tolazlamasın? 

Və niyə də artıq eynən bu musiqi sədaları kimi onu səsləyən xoşbəxtliyə qulaq verməsin?

Xoşbəxtliyi axı niyə oturub gözləməlidir? Niyə onu  özü axtarıb tapmamalı və ya niyə qəlbindəki xoşbəxtlik ümidi toxumlarını özü cücərtməməlidir?

Bir müddət yenə gözlərini dənizdən çəkib əlindəki daşın üstündə qərarlaşdırdı.

Və az sonra qeyzli dalğalar onun daşla birlikdə dənizə tolazladığı bütün inciklik və ümidsizliyini udub dənizin dərinliklərinə həbs edirdi.

O, isə artıq musiqi sədalarının gəldiyi istiqamətə səmt götürmüşdü...

 

Qapaq şəklindəki impressionist rus xanım rəssamı Marina Laqutinanın “Sahildə” əsəridir. 

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün 

 

Hamıya məlumdur ki, Azərbaycan elmi keçid dövründədir. Elmdə islahatlar aparılır və ictimaiyyət buna dəstək verməli, elmin, alimlərin yanında olmalıdır.

 

İslahatların ilk mərhələsi kimi təbiət və dəqiq elm sahələri ilə məşğul olan institutları AMEA -dan ayrıb Elm və Təhsil nazirliyinin tabeliyinə verdilər, bunun nə qədər düzgün addım olduğunu zaman göstərəcək. 

Burada çox diqqətli olmaq lazımdır, əgər bu gediş effekt verməsə təcili başqa tədbirlər görülməlidir. Çox gözləmək, vaxt itirmək olmaz.

Dünya elmi sürətlə inişaf edir. Biz təcürəbələr keçə- keçə Biləcərini keçmək əvəzinə, Qobustana gedib çıxa bilərik.

Bu saat real vəziyyət budur ki, ümumən elmdə xaotiklik var. 

Yaşlı, görkəmli alimlərin yerini doldurmaq olmur, elmi məktəblər məhv olur.

Professor dünyasını dəyişir, yerinə adam tapıb şöbə müdiri qoymaq olmur.

Maaşların azlığı istedadlı alimləri elmdən itələyir, harada maaş çoxdursa vaakum kimi alimləri elm sahəsindən sorub aparır.

Elmi tədqiqat institularında gender problemi ciddidir, verilən maaş ailənin əsas qazanc gətirəni kimi kişilərin bu sahəyə gəlməsinin qarşısını alır.

Bir az kəskin deyim, məktəblərimiz kimi elmi tədqiqat institutlarının da əksəriyyəti " Qızlar pansionatına" çevrilir.

Düzdür müxtəlif elm sahələrində çox iatedadlı, zəhmətkeş xanım alimlərimiz də vardır. Ancaq elmi institutlar başdan- başa xanım əməkdaşlardan ibarət olmamalıdır. İndiki hal maaş azlığının yaratdığı anormallığın bir spektiridir .

Problemlər çoxdur, İNŞALLAH zaman- zaman həll olunar. Ancaq sürətli olmaq lazımdır, biz müharibəni sürətlə udduq. İstənilən problemin həllində sürət başlıca rol oynayır. Yatıb- yatıb iki ildən bir dərman atmaqla xəstə sağalmadığı kimi, hərdən bir qərarla da elmdəki problemləri həll etmək olmayacaq.

On ildir namizədliyə görə 60 m verilir. Bu yaxınlarda ezamiyyət pulunu artırdılar, ekspedisiya pulu isə hələ də günə 30 manatdır. 30 manata heç yerdə otel yoxdur, yol pulu, ərazini gəzmək üçün maşın pulu, yeməkpulu, bunlar hələ ki, havadandır.

Bu cür problemlər, çətinliklər və xaos şəraitində  rahat yerdə oturub, alimləri, elmi tədqiqat institutlarını, onların rəhbərliyini qınamaq, alimlər nə edir, AMEA nə işlə məşğuldur demək ən azı cahillikdir, ədalətsizlikdir.

Belə insanları elmi institutların illik hesabatlarına dəvət etmək lazımdır, görsünlər ki, bu şəraitdə nələr edirlər. Necə öz maaşlarından kəsib məqalələr çıxardırlar.

Konkret bizim Botanika İnstitutu əməkdaşları "Qırmızı kitabın" yeni variantını yazıbdırlar, "Qarabağın florası və bitkiliyi" kitabının üzərində işləyirlər. Bunlar bilirsiz nə qədər çətin işdir? Yüzlərlə bitki növünün yerini müəyyən etmək, bioloji xüsusiyyətlərini işləmək böyük zəhmət tələb edir. COP29 la, digər məsələlərlə bağlı neçə konfrans keçirilib, İşğaldan azad edilmiş ərazilərə və digər rayonlarımıza elmi ekspedisiyalara gediblər. Xarici elmi bazalrda onlarla məqalə yerləşdiriblər.

Digər institutlar da yəqin ki, öz sahələrində bu kimi fədakarlıqla işləyiblər.

AMEA- da qalan institutlar da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Qıraqdan durub mənasız fikirlər söyləmək, elmlə heç bir əlaqəsi olmadan ittihamlar etmək heç kəsə başıucalığı gətirməz.

Alimlərimiz müasir dövrümüzdən gələcək Azərbaycanımıza işıq salan nur mənbələridir.

Həm də öz- özündən yanan nur mənbələri.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın payız mövsümündə ilk iclası keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sentyabrın 21-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən iclası giriş sözü ilə açan Şura sədri, Bakı Atatürk Mərkəzinin direktoru, Vl çağırış Milli Məclisin üzvü, akademik Nizami Cəfərov ölkənin mədəni həyatı, dövlət mədəniyyət strategiyası, çağdaş beynəlxalq çağırışlar və s. barədə fikirlərini bölüşüb. 

İctimai Şuranın sədr müavini Əkbər Qoşalı indiyədək həyata keçirilən tədbirlər və görüləcək işlər barədə, o cümlədən Bakı və Mil-Muğan üzrə keçirilən geniştərkibli ictimai dinləmələr, uşaq ədəbiyyatının, özəl nəşriyyatların mövcud durumu ilə bağlı dinləmələr, media çıxışları, müxtəlif beynəlxalq və yerli tədbirlərdə iştirakla bağlı ətraflı məlumat verib. 

İctimai Şuranın sədr müavini Vüqar Qədirov, Şura üzvləri - Əməkdar incəsənət xadimi Ayaz Salayev, Ülviyyə Bəbirli, Samirə Mustafayeva və Xanoğlan Əhmədov çıxış edərək, Şuraya edilən müraciətlər, qaldırılan problemlər və təkliflər barədə danışıblar.

Şuraya edilmiş bəzi müraciətlər üzrə əlaqədar yetkili şəxslərlə yerindəcə telefon bağlantısı qurulub, kömək göstərilməsi imkanları araşdırılıb.

İclasa yekun vuran akademik Nizami Cəfərov Şuranın fəaliyyəti ilə bağlı ötən müddətdə qarşıya çıxan bəzi məsələlər barədə fikirlərini bölüşüb, qarşıdakı dönəmdə fəaliyyətə dair tövsiyyələrini verib. 

Qərara alınıb ki, Gəncə, Quba, Şəki, Lənkəran şəhərlərini, Qarabağı, Şərqi Zəngəzuru əhatə edən regional mədəniyyət idarələri öndə olmaqla, indiyədək ictimai dinləmə keçirilməmiş bütün regionalarda ictimai dinləmələr təşkil olunsun. Qarşıdakı ilk ictimai dinləmənin oktyabr ayında keçirilməsi məqsədəuyğun hesab edilib. 

İclasda, həmçinin mədəniyyətyönümlü fəaliyyəti ilə seçilən QHT-lər, mədəniyyət yazarları ilə ayrıca görüşlərin keçirilməsi, müzakirələrin aparılması qərara alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.