ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Sentyabrın 27-də Muzey Mərkəzinin Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə “Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi” adlı sərgi açılacaq.

 

AzərTAC xəbər verir ki, sərgidə Azərbaycan rəssamlarının müasir abstrakt incəsənət nümunələri nəhəng müxtəlif vizual formalarda nümayiş etdiriləcək.

 

Təşkilatçıların qeyd etdiyi kimi, Azərbaycanda müasir incəsənətin bu əsas istiqaməti hələ də tədqiq edilməmiş qalır və təqdim olunan sərgi bu janrda bir sıra yerli əsərlərdən ibarət ekspozisiyaları açır. Layihə sənət tarixçilərinin bu istiqamətdə araşdırmalarını stimullaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, abstrakt həndəsi ornamental elementləri olan qədim xalçaların ənənəvi mədəniyyətimizdə abstrakt incəsənət nümunələri də dərin köklərə malikdir. Xalçaların, kilimlərin quruluşunun özü mücərrəd həndəsə üzərində qurulub. Bu mənada Azərbaycan xalqı öz mədəni şüur matrisini - abstrakt təfəkkür və mücərrəd vizual formalar təcrübəsini daşıyır.

 

Təşkilatçılar qeyd edirlər ki, Mir-Nadir Zeynalov, Hüseyn Haqverdi kimi abstraksiya sahəsində fəaliyyət göstərən rəssamlarla yanaşı, digər istiqamətlərdə fərdi əsərlər yaradan bir sıra müəlliflər də var. Bu cür əsərlər sərgidə Kamal Əhməd, Gennadi Brijatyuk, Ucal Haqverdiyevin timsalında nümayiş etdirilir. Yəni, bu sənət formatı bir çox sənətkarlarımızı həyəcanlandırır. Elçin Aslanov və Ramiz Aslanov xalça ornamentləri ilə ənənəvi miniatürlərin müasir formada sintezini yaradıblar.

 

Sərginin təşkilatçıları bildiriblər ki, bu tədbir rəssamlar üçün praktikanın daha da inkişafına, eləcə də sənətşünasların mücərrəd incəsənət istiqamətində yeni nəzəriyyəsinə və onun çeşidinin genişlənməsinə təkan verir. Tamaşaçılar isə Azərbaycan abstrakt incəsənətinin kəşflərini və yeni sərgilərini gözləyə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Sentyabrın 25-də Qırğızıstan Respublikasının Cəlal-Abad şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Turizm nazirlərinin 9-cu iclası və Turizm üzrə işçi qrupunun 19-cu iclasında Dövlət Turizm Agentliyinin nümayəndə heyəti iştirak ediblər.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, iclas çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Xizək Kurortları İttifaqı haqqında geniş məlumat verilib, hazırda 4 ölkənin (Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan) üzv olduğu ittifaqa qoşulmağa digər TDT ölkələri də dəvət edilib.

 

Bununla yanaşı, TDT çərçivəsində növbəti ilə ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin gündəliyi müzakirə olunub, üzv dövlətlərin turizm şirkətləri və mövcud hava yollarının iştirakı ilə təşkil ediləcək B2B formatlı Turizm Forumunda iştirakda ölkəmizin maraqlı olduğu qeyd edilib.

 

Turizm nazirlərinin 9-cu iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə öz növbəsində cari ilin noyabr ayında ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi edəcəyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

O, ilk dəfə COP29-un tematik proqramına turizm mövzusunun inteqrasiya edildiyini və 20 noyabrın “Turizm günü” olaraq təyin edildiyini vurğulayıb.

 

“Turizm günü” çərçivəsində təşkil ediləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü”nə üzv dövlətlərin turizm nazirləri dəvət edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Çərşənbə, 25 Sentyabr 2024 18:47

Günün fotosu: Azərbaycan avtomatı

Azərbaycanın istehsal etdiyi, şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

Silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.

Foto: AzərTAC

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

 

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert Kamera və Orqan Musiqisi Zalında təqdim olunub.

AzərTAC xəbər verir ki, bədii rəhbər və baş dirijor Respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurovun rəhbərliyi, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Şaiq Əsədov (balaban), Əvəzxan Əzizov, Vüsal Qasımov, Rəvan Qaçayev, Gülyaz Həsənzadə (xanəndə) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Xan Şuşinski, Klaus Badelt, Astor Piazzollanın əsərləri səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Çərşənbə, 25 Sentyabr 2024 13:27

Bir neçə saat böyük xarici təzyiq altında

Əkbər QOŞALI, “Ədəbiyyat və incəsənət” üçün

 

Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdəki Andiçmə mərasimində çıxış edərkən ötən dönəmdə əldə edilmiş nəticələrə, mövcud duruma və ölkənin qarşısında duran vəzifələrə çox önəmli vurğular etmişdi. Prezidentin bir sıra fikirləri dərhal aforizmə, şüara çevrildi. 

Örnəyi, “Bizim ailəmiz Türk dünyasıdır” – bu deyim artıq qardaş ölkələrdə də dillər əzbəridir. Beynəlxalq təşkilatlarla bağlı bundan sonra da uyğun addımlar atılacağını bildirən dövlət başçısı, Türk Dövlətləri Təşkilatını sıranın başına qoyaraq, ilk növbədə məhz bu doğma təşkilat çərçivəsində fəaliyyətin daha da gücləndiriləcəyini bildirmiş, “bu, bizim üçün prioritetdir” demişdi. Beynəlxalq prioritetlərinin dövlətimizin yürütdüyü siyasətdən çox aydın göründüyünü vurğulayan Prezident belə demişdi: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Sözümüz isə imzamız qədər keçərlidir. Və əlbəttə, “Türk çadırının orta dirəyi” olan, Turanın altun körpüsünün keçdiyi Azərbaycanın güclü – hərtərəfli güclü olması amillərin amili, şərtlərin şərtidir. Azərbaycan Prezidentinin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışından bir məqama diqqət edək. İşğaldan azad edilmiş ərazilərdəki irimiqyaslı tikinti-quruculuq işlərindən, infrastruktur layihələrindən söz açan Prezident dedi: “Təbii ki, bütün bu işləri görmək üçün iqtisadi imkanımız olmalıdır. Çünki mən onu da bildirməliyəm ki, bütün bu işləri biz öz hesabımıza edirik. Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam”.

Azərbaycanın gücü digər qardaş ölkələrin, Türk Dövlətləri Təşkilatının gücünə güc qatır. Güclü Azərbaycan xəyal deyil, ümid deyil, inamın özündən doğulan və məhz Dəmir Yumruqla doğrulan həqiqətin özüdür.

Bəli, Azərbaycan Prezidenti Milli Məclisə bu il ikinci dəfə təşrif buyurdu. Dövlət başçısı həm fevral nitqindəki fikirləri davam və inkişaf etdirmiş oldu, həm yeni tarixi vurğular etdi. 14 fevraldan 7 aydan çox vaxt keçib; bu keçən aylar, həftələr ölkəmizin yeni uğurları ilə, vacib irəliləmələrlə süslənib. Örnəyi, Qazaxın dörd kəndi qeyd-şərtsiz öz bayrağımız altına keçib; işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri geniş vüsət alıb, “Böyük qayıdış” proqramına uyğun ciddi addımlar atılıb, o cümlədən yeni təməlqoymalar, açılışlar həyata keçirilib; müxtəlif dövlətlərlə işbirliyi yolunda yeni sənədlər imzalanıb, bağlar strateji səviyyəyə yüksəlib. Qarabağ Universiteti, Azərbaycan-Türkiyə Universiteti fəaliyyətə başlayıb. Dükanlarımızda Kəlbəcərin candərmanı “İstisu”yu dolub-daşır və s. Əlbəttə, mən burada çox az örnək gətirmişəm, 7 ayın bütün yeniliklərini bir məqaləyə sığışdırmağa cəhd etməyə heç ehtiyac da yoxdur. Azərbaycan nəinki antiterror tədbirlərindən öncəki, hətta fevraldakı Azərbaycan deyil. – Təsəvvür edin, müharibədən sonra Qarabağın və Zəngəzurun gündoğar bölgəsinin bərpası üçün bu təqvim ilinin sonunadək xərclənməsi nəzərdə tutulan vəsait düz 19 milyard (!) manat təşkil edir. – 19 milyard!

 

O cümlədən:

3 min km avtomobil yolu çəkilib;

Önəmli dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib;

270 meqavat gücündə su elektrik stansiyaları artıq istismardadır;

8 min keçmiş məcburi köçkünün öz yurd-yuvasına layiqli dönüşü təmin edilib və s.

 

Ancaq son deyil bunlar, son deyil. Örnəyi, “Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur”.

Yuxarıdakı yazdığımız güclü Azərbaycan vurğusuna bir daha qayıdaq. Əlavə edək ki, güclü Azərbaycan nəinki öz xalqımız və qardaş, dost ölkələr üçün, eləcə də, qonşularımız üçün, bölgəmiz üçün, bizimlə işbirliyində maraqlı olan bütün yaxın-uzaq ölkələr üçün də çox önəmli şansdır. “Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub”. –  Azərbaycanın Müzəffər Ali Baş Komandanının bu vurğusu Qarabağın və Zəngəzurun gündoğar bölgəsinin dirçəldilməsi üçün aparılan genişmiqyaslı işlərlə bağlı olsa da, göründüyü kimi yalnız günümüzlə və yalnız adıkeçən bölgələrimizlə məhdudlaşmır. Asiya ilə Avropanı birləşdirəcək ipək dəmir yolları bizim torpaqlardan keçəcəkdir! Tarixdə belə olub, gələcəkdə belə olacaq!

Ölkəmizlə, dövlətimizlə, liderimizlə qürur duyuruq! Bu qürur milli ruhun gerçək, parlaq təntənəsidir! Bu təntənə bizi tarixi müqayisələrə cəlb etməklə yanaşı, gələcəyə götürür. Bəli, gələcək gənclərindir. Ümummilli liderin sözləri yada düşür: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq”. Bu sözlər isə Prezident İlham Əliyevin 23 sentyabrda Milli Məclisdəki çıxışındandır: “Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Doğrudan da, “bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır”?! –  Sual da budur, cavab da budur! – Bəli, o şanlı qələbələri bizim xalq, bizim dövlət, bizim ordu, bizim lider qazanıb! O qürurlu xalq bizik! Özü də, bu uğurlar düzxətli, bərabərsürətli hərəkət edilən hamar yolla əldə edilməyib – görünən-görünməyən o qədər, o qədər təziyiqlər olub ki! Onları dəf etmək, sıfırlamaq gərək olub. Dövlət başçısı “Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı” vurğusunu etdi, “mən heç başqa amilləri demirəm” dedi. Amma bütün təzyiqlər dövlətimizin, dövlət başçımızın iradəsi ilə və sanki bir ilahi qüdrətlə sıfırlandı! - Azərbaycanda separatçılığın kökü kəsildi! Bu, bir qərinənin, bir əsrin deyil, ən azı 200 ilin üst-üstə qalaqlanmış ağrısı-acısı, dərdi-azarıydı. Bitirdik, yendik! İncələn haqqın üzülməsinə illa imkan vermədik! – Yəni, doğrudan doğruya “fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”!  

Azərbaycan Prezidentinin Milli Məclisdən verdiyi yeni ismarıcları bəzilərinin öz keçici çıxarlarına uyğun yorumlamağa cəhd etdiyini də görməkdəyik. Əsasən də müharibə hazırlığından danışılır. Ancaq yorumçular, əslində, sülh hazırlığından danışmalıydı. Axı öz tarixi problemlərini ləyaqətlə həll etmiş dövlət nə üçün müharibə hazırlığında olsun ki? Ancaq bu o demək deyil ki, revanşizm cəhdlərini görməyək, məğlub dövlətin silahlandırılmasına göz yumaq. Bax, məsələ bundadır. – “Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır.

...Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq”.  - Ona görə də, dövlət başçısı hərbi gücümüzün artırılmasını “Birinci nömrəli vəzifə” olaraq ifadə etdi. Bu, üçüncü müharibə hazırlığı, müharibə çağırışı deyil, birinci qalıcı sülh hazırlığıdır. Sülh istəyən sülhü, müharibə istəyən müharibəni bulacaq. – Bir siyasi aksiomdur bu...  

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

 

Təşkilatımızın missiyası türk dünyasının mədəniyyəti və irsinin dəstəklənməsi, populyarlaşdırılması və qorunmasıdır.

Bu barədə AzərTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova Astanada "Füzuli – 530 misra" kitabının təqdimatı zamanı bildirib.

"Dövlət başçılarımızın tapşırıqlarına uyğun olaraq, biz ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstəririk", - deyə o vurğulayıb.

Raimkulovanın sözlərinə görə, Fondun işi türk irsinin qorunması və yayılması üçün elmi yanaşma, kataloqlaşdırma və sistemləşdirmədən ibarətdir.

"Biz digər türk təşkilatları ilə birlikdə, əsrlərlə yaşı olan türk dünyasının yazıçılarının, alimlərinin və şairlərinin yaratdığı ümumtürk irsinin nəşri və təbliğinə öz töhfəmizi verdiyimiz üçün böyük qürur hissi keçiririk", - deyə o bildirib.

Fond tərəfindən nəşr edilmiş Məhəmməd Füzuliyə həsr olunmuş kitabın təqdimatından danışan Aktotu Raimkulova, böyük şairin şərəfinə Azərbaycanda və bütün dünyada tədbirlərin keçirildiyini deyib.

"Onun gözəl poeziyası hər yerdə səslənir. Biz çox şadıq ki, Bakıda yerləşən Mədəniyyət və İrs Fondu Füzuli irsinin təbliğinə öz töhfəsini verib və onun qəzəllərini, poemalarını və şeirlərini qazax dilinə tərcümə edib. Bu sahədə təcrübəmiz var: biz bütün böyük əsərləri türk dünyasının dillərinə tərcümə edirik", - deyə fondun prezidenti vurğulayıb.

O qeyd edib ki, gələcəkdə digər dillərə - qırğız və özbək dillərinə tərcümələr planlaşdırılır.

"Artıq xeyli iş görülüb, böyük Füzulinin qəzəl və poemalarının Fondumuzun dəstəyi ilə qazax dilinə tərcümə edilməsindən məmnunluq duyuruq", - deyə o əlavə edib.

Raimkulova bildirib ki, görkəmli sənətkarların əsərləri türk dillərinə tərcümə olunaraq bütün türk dünyası üçün əlçatan hala gətirilir.

"Bu, bizim ümumi mədəni irsimizdir və Türk Mədəniyyəti və İrsi Fondu öz töhfəsini verir. Biz buna çox şadıq, çünki o, türk xalqları arasında birliyi gücləndirməyə xidmət edir", - deyə o yekunlaşdırıb.

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Çərşənbə, 25 Sentyabr 2024 13:18

Hara gedirsə, orda iz qoyur

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün günlərdən onun günüdür. Onun - sadə, səmimi, mehriban insanın - Adil Əliyevin. 

Prezident İlham Əliyevin Sərəncamı ilə bir müddət əvvəl Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Buna kimi biz onu millət vəkili, parlamentin vitse spikeri kimi tanıyırdıq. 

Əslində isə hər bir azərbaycanlı Adil Əliyevi “Mən millətimi sevirəm, az da olsa ona xidmət etməyi şərəf bilirəm” sözlərinin müəllifi, alovlu vətənpərvər kimi tanıyır. 
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 
1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.
1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020) olub.

2024-cü ilin iyul ayından Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.

9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Bəli, “bəzi cahil, işini düzgün bilməyən məmurlara və onların haqsızlıqlarına çox əsəbiləşirəm. Bir öhdəliyi öz üzərinə götürmüsənsə, heç olmasa layiqincə yerinə yetir” deyən Adil Əliyev hazırda məmur vəzifəsindədir və öz vəzifəsini şərəflə yerinə yetirir.

Sizi təbrik edirik, dəyərli Adil müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Tanınmış şairimiz, füsunkar Qubada yaşayıb yaradan Ramiz Qusarçaylı payız fəslinin gəlişini vəsf edib.

Buyurun. 

 

Payız şəkli 

 

Nə gözəl əsərdi bu,

Boyalar yumru-yumru.

Zirvələr sivri-sivri                             

Qayalar yumru-yumru.

 

Boz talada göy yamaq,

Kövşən sarı, yol dümağ,

Cığırlar yumaq-yumaq

Tayalar yumru-yumru.

 

Xəzəllər xışıl-xışıl,

İlğımlar işıl-işıl,

Mürgülər mışıl-mışıl

Röyalar yumru-yumru.

 

Burda hər şey gül kimi,

Daş açılıb tül kimi,

Çıxarıb ürəyimi

Soyalar yumru-yumru.

 

Rəngi qaçıb bir qızın,

Gözü dolub payızın,

Sevgilər uzun-uzun

Dünyalar yumru-yumru.

 

Nə gözəl əsərdi bu,

Boyalar yumru-yumru.

Zirvələr sivri-sivri                             

Qayalar yumru-yumru.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Rəsm qalereyası: Vinsent Van Qoq, “Sen-Pol xəstəxanasının bağında şam ağacları və fiqurlar”, 1889-cu il.

Könül, “Ədəbiyyat və incəsənət”

 

Kitabın təbliğatı üçün atılan hər bir addım təqdirəlayiqdir, gözəldir. Növbəti belə bir addım iki tərəfdaş tərəfindən atılıb və bu addım barədə bilgi almaq üçün biz ölkənin nəşriyyat sektorunda kifayət qədər ad eləmiş “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariqdən bilgi alırıq:

 

-“AzerGold” şirkətinin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırıldı. Köşkdəki kitablar isə “Parlaq İmzalar” nəşriyyatı tərəfindən təmin edilib.

Kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan “açıq kitabxana” tipli kitab köşkündə nəşriyyatımızın rəngli klassiklər seriyası, müasir Azərbaycan ədəbiyyatı, uşaq kitabları, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəşrləri, ən yeni kitabları təqdim olunur. 

Kitab mağazalarının olmadığını və müasir kitabların kənd kitabxanalarında yer almadığını nəzərə alsaq, bu layihə müasir oxucular üçün önəmli bir hadisədir. 

Qeyd edim ki, kitablar rübdə bir dəfə yenilənəcək və istənilən nəşriyyat və şəxs də öz kitablarından köşkə hədiyyə edə bilər.

Fürsətdən istifadə edib bu dəyərli təşəbbüs üçün AzerGoldun rəhbərliyinə, layihə rəhbəri Ariz Tarverdiyevə təşəkkür edirəm! Köşkün hazırlanmasına görə  isə Ramin Həsənəlizadəyə və dəstəkləri üçün Azsur şirkətinə minnətdaram! 

Arzu edirəm ki, digər böyük dövlət və özəl şirkətlərimiz də bu və ya digər şəkildə kitabın yanında yer alsınlar, kitaba dəstək üçün addımlar atsınlar.

 

Biz də özlüyümüzdə Nurman bəyin fikirlərinə qoşulur, hər kəsi kitabçılığın və mütaliənin dəstəyinə dəvət edirik! 

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.