ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Gülnarə Cəmaləddinin şeirləri təqdim edilir. 

 

 

Qış gecəsində

torpağın üstünə yağan qar kimi

tərtəmiz,

quş dimdiyində torpağa çəkilən dən kimi

canından yüngülcə çıxar gedər

çəkdiyin son nəfəs.

Qar kimi qarışıb torpağa itər adam.

Adına ölüm deyərlər

qar kimi ağappaq ayrılığın.

Səni də əkdim torpağa

ağac kimi, çiçək kimi,

ağaclar göyərdi,

çiçəklər göyərdi

sən necoldun, adam?!

Gedənlər qayıtdı,

ümidi yubatdım,

arzular göyərtdim

Sən göyərmədin, adam.

Sən göyərmədin, adam.

 

*

Səni sevmək

Şopeni dinləmək qədər dadlı

bir çiçəyi anlamaq qədər hüznlü.

Səni sevmək

odla oynamaq qədər qorxulu.

Səni sevmək

ölümü sevmək

demək.

 

 

Mən daha 

səni sevəcək qədər…

 

Gözüm

günahlara,

Dilim

yalanlara,

Könlüm

sevdalara alışdı.

Öldürdüm...

bir günahsız kəpənəyin günahına batdım,

bir qarışqa qarğışına tuş gəldim.

Mən daha səni sevəcək qədər

məsum deyiləm, zavallım.

 

 

Mən səni belə tanıdım, həyat

 

Sən atamın dərdi qədər kübar,

anamın göz yaşı qədər zalım.

Bir uşaq oyuncağı qədər aldadıcı

bir sevda qədər məsum.

Bir ölüm qədər amansız

Daşlara adlar yazacaq qədər

vəfasız.

 

 

Mənim gəncliyim

 

Xarabalıqda bitən çiçək kimiydi

mənim gəncliyim.

Ləçəkləri qəlpələrdən didik-didik

yoluq-yoluqdu.

Mənim gəncliyim yalın ayaqlarla

acqarına

azadlığı üçün yürüdü meydanlara.

Sənin tay-tuşların ata olur,

ana olur

gəlin olur,

gənc dost!

Mənim tay-tuşlarım

əsir düşdü,

Şəhid oldu.

biz hər səhər mərmi səsinə oyanıb,

hər gecə səngərlərdə mürgülədik.

Sənin tay-tuşların

nəğmə qoşur,

şeir yazır.

Biz cəsədlərlə torpağa yazdıq

ən gözəl şeirimizi.

Aynalara baxıb saçlarımıza sığal çəkmədik,

Aynalar utanar deyə

örtdük aynaların üzünü

ağ mələfələrlə.

Sabaha kim sağ çıxacaq ümidilə

hər axşam geridə qalanları tapşırdıq

            bir-birimizə...

Və hər gün gözlərimiz danışdı

kirpiklərimizin titrəyişiylə,

Və hər gün ağı dedik

səngərlərdə ölən gəncliyimizə.

Sən indi gəncsən,

güclüsən,

gözəlsən,

Qoy olsun!

Amma mən gəncliyimi

            yaşamadım desəm, gülmə,

Biz ağaclara,

divarlara,

torpaqlara yazdıq

ismimizi qanımızla

İtkin düşməsin deyə.

Nə nimdaş paltarımızdan,

nə də yalın ayaqlarımızdan

utandıq.

Yalnız düşmənə

            əsir düşən bayraqlarımızdan,

Bir də şəhid olan dostlarımızdan

utandıq, gənc dost!

 

*

Kitab haqqı,

mən cənnətlik ola bilmədim, Tanrım.

Öncə Sənə,

sonra ağaca,

adama,

daşa,

torpağa

asi oldum.

Gözümü-könlümü tox saxladım,

Halından hali olmayanların

halına ağladım.

Kitab haqqı,

mən cənnətlik ola bilmədim, Tanrım.

Ruhumu qarışqalar,

Ağlımı quşlar apardı.

Əvvəlindən bir buğda dənəsinə satıldım

Dünya dediyin cəhənnəmə atıldım.

Mən cənnətlik ola bilmədim, Tanrım.

Gücüm kəpənəyə çatdı,

sözüm sənə çatmadı,

ya da qəsdən

özün eşitmədin məni.

Buğda boyda günahdan

qoruya bilməmişdim deyə

nə səni,

nə özümü.

Hansı tərəfdəsən,

yerini göstər

bir işarətlə,

O tərəfə dönüb,

Ordan çağırım səni.

mən cənnətlik ola bilmədim, Tanrım,

cəhənnəm də mənlik deyil.

De,

hansı günahı işlədim yenidən?

Yer üzündən də

başqa cəhənnəmə

qov məni!

 

*

Hərdən yuxularımda görürəm səni,

qıvırcaq saçlarını hörürəm sənin.

Əvvəl nağıl deyərdim

səni aldatmaq üçün

indi yalan deyirəm

özümü inadırmaqçün.

 

*

Sən bilməzsən, quşcuğaz,

bilməzsən

            necə dönür evinə

evinə əliboş qayıdan kişi?!

Əlləri daşdan ağır olur,

Necə yazığ olur,

Fağır olur.

Ürəyinə daş bağlayır,

kirpiyini yaş saxlayır.

Sən bilməzsən, quşcuğaz,

bilməzsən

necə baxır körpəsinin,

qadınının üzünə,

sonra,

sonra barmağının ucuna,

ən ağır günah işləmiş kimi.

Kim deyir ki kişilər ağlamır, quşcuğaz,

kişilər də ağlayır,

ağlayır, amma

kişilərin göz yaşını

yağış yuyur yanağından,

külək aparır.

Kişilərin göz yaşını

kimsə görmür

qaranlıqdan,

qadınından savayı.

Sən bilməzsən, quşcuğaz,

bilməzsən,

neçə yazığ olur,

fağır olur

evinə əliboş qayıdan kişi.

Sənin nə vecinə,

səninki bir ovuc dəndi,

uzağı bir tikə çörək

hardan oldu alıb dimdiyinə

çəkiləcəksən yuvana.

Sən bilməzsən, quşcuğaz,

bilməzsən,

bu dünyada

hər gün

nə qədər kişi çörək ağacından asılır,

neçəsi çörəyə basılır,

neçəsi dözməyib satılır.

Gecələr kədərli üzlər girər yuxusuna,

Bir də ac qurdlar.

Hər gün evinin kandarında

neçə yol ölüb dirilər,

evinə əliboş qayıdan kişilər.

 

*

Burnumdadı

kürən otların saman qoxusu.

O illər necə də sadəlövhcəsinə sevərdim

göy üzünü,

quşların nəğməsini,

bir də anamın çörək ətri verən əllərini.

ovuclarımda uşaqlığımın kədərli üzü

seyr edərdim pəncərə arxasından

dağların dalında günəşin batışını.

Məhəllə qarısı kimi tanıyardım

amma bu cürə gənc

            və amansız bilməzdim ölümü.

kimsəsiz ev kimi

xatırlayıram o illərin  payızını.

Bir də heç vaxt ağlımdan silinməyən

ayrılığına ağladığım adamların qəmli üzünü.

nə Baxda

nə Bethovendə

nə də Dvorjakda dinləmədim

payızda arıların çaldığı

            ayrılıq simfoniyasını.

Divardakı əsgər şəkillərindən anlamışdım

müharibələrin yaxşı bir şey olmadığını.

kinolarda gördüyüm

            zənci qadınlarının kədərli üzlərindən

və bir də

vəllərə qoşulmuş kolxoz kəllərin

ümidsiz gözlərində

tanıdım köləliyi.

Və azadlığı daha çox sevdim

xırman atlarının belindəki

qırmanc izlərini xatırladıqca...

 

*

Sarı çiçək, nə baxırsan üzümə,

Ağlamağın yeridimi, ağlayım?

əyri gözdən, bəd nəzərdən, pis üzdən

səni harda daldalayım, saxlayım?

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Xəbər verdiyimiz kimi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu il “İslam dünyasında mədəniyyət paytaxtları” proqramının bir hissəsi olan üç şəhəri - Azərbaycan Respublikasında Şuşa, habelə Mərakeş Krallığında Marrakeş və Liviya Dövlətində Benqazini əhatə edən “İslam Dünyasında Mədəniyyət Paytaxtları” proqramının bir hissəsi olaraq, “Poeziya şəhərləri” illik mükafatı üçün müsabiqənin başlandığını elan edib.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, müsabiqə təşkilatçıları öz xoşməramlı niyyətlərini poeziyanın inkişafına və islam mədəniyyətinin təşəkkülünə yönəldiblər, ona görə də daha geniş arealda iştirakçıların müsabiqəyə qoşulması onların prioritetidir. 

Beləliklə, hər bir kəs müsabiqədə iştitrak edə bilər. Müsabiqədə iştirak edən şeirlər İslam dünyasında mədəniyyət paytaxtı kimi qeyd olunan hər bir şəhərdən üç qalibi seçmək üçün ICESCO-nun ixtisaslaşmış komitəsi və görkəmli şairlər tərəfindən qiymətləndiriləcək. 

Təkrar edirik ki, birinci yerin qalibi 2000 ABŞ dolları, ikinci yerin qalibi 1500 ABŞ dolları, üçüncü yerin qalibi isə təşəkkür sertifikatları ilə yanaşı, 1000 ABŞ dolları alacaq. 

Bundan başqa, ICESCO müsabiqədə iştirak edən qaliblərin şeirlər toplusunu nəşr etdirəcək.

Mükafat üçün namizədlərin şeirləri klassik ərəb və ya Azərbaycan dilində olmalıdır. Ərəbcə şeir sərbəst və ya qafiyəli poetik ölçüyə, Azərbaycan dilində yazılmış şeir isə tələffüz və ya prosodik ölçüyə uyğun olmalıdır. Şair şeirin mövzusunu təşkil edən dəyərlərdən, estetikadan, tarixdən, coğrafiyadan, şəhərin tarixindən ilham almalıdır. 

ICESCO bütün yaş qruplarından olan şairləri 2024-cü il dekabrın 31-dən gec olmayaraq https://icesco.org/9k90 linki vasitəsilə öz təkliflərini göndərməklə müsabiqədə iştirak etməyə dəvət edir.

 

Bu müsabiqə bir çox şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandıran qədim şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. O, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək məqsədi daşıyır. 

Əziz şeir xiridarlarımız, buyurun, qoşulun, qalib gəlin! 

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzdən verilən açıqlamaya görə, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.

Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.

İştirakçılar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.

Müraciət üçün son tarix cari il oktyabrın 15-dir.

Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçiriləcək.

 

Əvvəlki illərin təcrüsindən çıxış edərək deyə bilərəm ki, sərgi ölkədə maraqla qarşılanır, böyük auditoriya toplaya bilir. Təşkilatçı tərəf Hava limanının yaxınlığında olan Bakı Ekspo Mərkəzinə qatılmaq istəyən vətəndaşların daşınmasını təmin etməklə qapıları taybatay açmış olur. 

Bu il də belə olacaq. Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.

Sərgiyə giriş də əlbəttə ki ödənişsizdir.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. 

 

Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.

Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur. Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək. 

Sərginin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib.

Salam Sarvan müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” adlı şeir kitablarının müəllifidir. Şairin əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.

Rövşən Abdullaoğlu çağdaş nəsrimizdə ən çox oxunan yazıçılardan biri və 32 kitab müəllifidir. “Relslər üzərində uzanmış adam” romanı 2020-ci ildə “Readers Favorite” beynəlxalq kitab müsabiqəsinin qalibi olub.

Sərgi çərçivəsində 7 gün ərzində fəxri yazarların iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellərdə iştirak) təşkil olunacaq.

Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır.

Con Boynun oktyabrın 3-də “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

Bir sözlə, əsil kitab bayramı baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Cümə axşamı, 26 Sentyabr 2024 10:44

Məhəmməd Füzuli dünya orbitində

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu il anadan olmasının 530 illiyi qeyd edilən dahi Azərbaycan şairi Məhəmməd Füzuli barədə dünya alimlərinin, ədiblərinin fikirlərini toplamaqda davam edirəm. Bu dəfə ünvan Qazaxıstandır. 

 

Xəbər verdiyimiz kimi, Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanasında qazax dilində "Füzuli – 530 misra" kitabının təqdimatı və "Füzuli – 530" mövzusunda ədəbi-poetik məclis təşkil edilmişdi. 

Qazaxıstanın tanınmış ziyalısı, Filologiya elmləri doktoru Sauytbek Abdrahmanov dedi:” Qazaxları qardaş Azərbaycan xalqı ilə çox tellər bağlayır. Böyük şairimiz Abay Kunanbayevin gənclik şeirində o, böyük şairlərə baş əydiyini və onlardan xeyir-dua istədiyini söyləyirdi. İlk olaraq məhz Füzulinin adını çəkməsi çox şey deyir və bu, əlavə şərhə ehtiyac duymur"

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Cümə axşamı, 26 Sentyabr 2024 09:31

Suraxanı rayonunda “KƏLAĞAYI FESTİVALI”

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə kəlağayının təbliği sahəsində görülən işlər göz önündədir. Və bu fəaliyyətin öncülü də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyidir. Növbəri tədbir barədə söz açacağam. 

 

Paytaxtımızda Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyi”nin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsindəki Hövsan parkında Ictimai Birliyin “Sazlı, sözlu Kəlağayı Günləri” layihəsi çərçivəsində “Kəlağayı Festivalı” keçirildi. Elə öncədən onu deyim ki, kəlağayı festivalı daha bir trend olaraq günümüzə daxil oldu, hər il bu cür festivallar keçiriləcək. 

Yerli sakinlərin və qonaqların böyük marağı və aktivliyi şəraitində keçən tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin İctiai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva açaraq sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlıya verdi. Güllü Eldar Tomarlı festival iştirakçılarını salamladı. Qarabağ müharibəsində Vətən, torpaq, el yolunda canlarını fəda edən şəhidlərin ruhu ehtiramla yad edildi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Güllü Eldar Tomarlı xalqımızın milli dəyəri kəlağayının mənəvi dünyamızdakı yerindən, Azərbaycan xanımlarının başının tacı, abır-həya, namus, ismət, yaraşıq və gözəllik rəmzi olmasından, onun tanıdılmasında, təqdimi və təbliğində İctimai Birliyin, “Kəlağayı Muzeyi”nin gördüyü işlərdən söhbət açdı. 

Qeyd etdi ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il əlamətdar hadisənin 10 illiyidir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Muzeyi” bununla əlaqədar Azərbaycanın bölgələrində müxtəlif tədbirlər - şəhidlərin anım günləri, ali və orta məktəblərdə görüşlər, ölkəmizdə  ilkə imza ataraq Xətai rayonunda və Şuşada “Kəlağayı Festivalı” keçirilib. Bu gün də Suraxanı rayonunda bu möhtəşəm tədbir baş tutdu.

Festivalın bədii hissəsindən əvvəl sərgi təşkil olundu. Sərgidə Şəkidəki, İsmayıllıdakı kəlağayı ustalarının  milli atributlarımızı  təbliğ edən kəlağayıları, unikal portret kəlağayılar, mənəvi dəyərlərimizi, kəlağayıları vəsf edən kitablar, Güllü Eldar Tomarlının “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələri - toxuma əl işləri, quramalar nümayiş olundu. Xalqımızın adət-ənənələrini, məşğuliyyətini, sənətkarlığını, dünyagörüşünü özündə yaşadan müxtəlif qədim məişət əşyaları tədbir iştirakçılarının marağına səbəb oldu.

Fesivalda şairlərdən Brilyant Atəş, Zərifə Sufi Mikayıkzadə, Könül İbrahimsoy, yazıçı, araşdırmaçı Vaqif Osmanlı, 327 saylı məktəbin direktoru  Könül Əliyeva,  filologiya üzrə fəlsəfə doktoru, türkoloq Aytən Qurbanova, biologiya üzrə elmlər doktoru Tubu Qasımzadə və başqaları çıxış edərək kəlağayının müxtəlif xüsusiyyətlərindən, min illərdir milli dünyamızı özündə yaşatmasından, ornament və naxışların ötürdüyü informasiyadan söz açdılar, milli mənəviyyata, geyimə, əxlaqa bəzi gənclərimizin laqeydliyindən narahatçılıq da dilə gətirildi, bu cür tədbirlərin gənclərin tərbiyəsində müsbət rolu önə çəkildi.

Festival boyu milli musiqimizin, poeziyamızın, aşıq yaradıcılığının nümunələrini seyrçilərə uğurla təqdim edən Əməkdar Mədəniyyət işçisi aşıq və müğənni Solmaz Kosayeva, gənc müğənni, bəstəkar Arif Mehmandost, aşıqlardan Gözəl Kəlbəcərli, Şaiq İncəli, Rəvanə Lerikıi,  muğam üçlüyü və  başqalarının ifaları sürəkli alqışlarla qarşılandı.

 

Güllü Eldar Tomarlı bizə bildirdi ki, belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.

Sonda Güllü Eldar Tomarlı kəlağayının UNESCO-nun Qeyri-maddi Mənəvi İrs Siyahısına daxil edilməsinin 10 illiyi ilə əlaqədar “Sazlı, Sözlü Kəlağayı Günləri”nin ilboyu davam edəcəyini vurğuladı. Tədbirə dəstək olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə  əməkdaşlarına, dövlət qurumlarına təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

 İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Bu yazını təxminən bir ay öncə başlamışdım. Vaxt çatışmazlığından yarımçıq qoymuşdum. Bu yaxınlarda Qax rayonuna yolum düşmüşdü. Oradakı tanışlarımdan Yunus Əmrənin Oncallı kənd qəbiristanlığında olduğu ehtimal edilən qəbrini ziyarət etməyimə köməklik göstərmələrini xahiş etdim. Sağ olsunlar, sözümü yerə salmadılar. Onların köməyi ilə bu böyük insanın ehtimal olunan qəbrini ziyarət edə bildim, onun burada dəfn olunması barədə çoxlu söhbətlərin şahidi oldum.

Qayıdandan sonra yarımçıq qoyduğum yazını tamamlamağa qərar verdim. Artıq yazı hazırdır. Onu sizlərin diqqətinə təqdim edirəm.

 

Bütün türksoylu xalqların qəlbində özünə məskən tapmış Yunus Əmrə bir eşq aşiqidir. Onun adı türk-islam dünyasında ən böyük haqq aşiqi kimi çəkilir. Yunusu yaşadan onun haqqa bütün varlığı ilə bağlı olması, şeirlərində insandakı mənəvi ruhi saflığı hər şeydən üstün tutmasıdır. O, dərviş olaraq öyrəndiyi təsəvvüf düşüncəsini və İslam dininin inanc, ibadət və əxlaq prinsiplərini şeir yolu ilə insanlara izah etmişdir.

Yunus Əmrənin özünəməxsus pedaqoji görüşləri vardır və onlar tərbiyənin bütün növləri ilə əlaqəlidirlər. Onun yaradıcılığında yer tutan əsas mövzulardan biri də təlim-tərbiyə və əxlaq-mənəvi məsələlərdir. Y. Əmrənin türkçülük adət-ənənələrindən, türk əxlaqından və İslam əxlaqi dəyərlərindən qidalanan tərbiyə nəzəriyəsi, düşüncə tərzi və yaradıcılığı bir çox nəsillərin həyata baxışlarının formalaşmasında mühüm rol oynamışdır. Onun şeirlərinin məqsədi saf əxlaqa malik, kamil, vətənpərvər insan yetişdirmək olmuşdur.

“Mən gəlmədin dava üçün, mənim işim sevgi üçün”, - deyən Y.Əmrə irfanın insan həyatındakı müstəsna rolunu yüksək qiymətləndirir. “Böyük və əhatəli bilik” mənasını verən irfan həyatın və insanlığın mahiyyəti, dünyada baş verən hadisələrin hikməti, Allahın varlığının və sifətlərinin təhlili haqqında bilik və düşüncələrin məcmusudur. Allah elmdən çox irfanla bilinir. İrfan hər gözə, hər könülə görünməyən Tanrını bilməkdir. Buna isə eşq yolu ilə nail olmaq mümkündür.

Haqq aşiqinin eşqi ilahi eşqdir, onun əsərlərində insan sevgisi Tanrı sevgisi ilə birləşir. Yunusun insan sevgisi əslində onun insanda Allahdan bir zərrə olduğunu bilməyindədir. Yunusun fikrincə, hər insanda Allahın bir zərrəsi var. O, zərrənin bütününə – Allaha aşiqdir. Bu üzdən də “Yaradılanı sevdim Yaradandan ötrü”, - söyləyir . Yaradana qovuşmaq mənəvi kamillik – kamilləşmək yolundan keçir.
Mənəvi kamillik yolunun 4 qapısı var: şəriət, təriqət, mərifət və həqiqət. Bu həm də irfan elminin ana xəttini təşkil edir. Bu mərhələləri keçməyənlərin əli Allah dərgahına yetişməz. (Bəzən bu mərhələlərin sayının 3 olduğunu da söyləyirlər. Belə ki, mərifət ayrıca mərhələ kimi yox, haqqı tanıma elmi, həqiqətin dərki və ilahi bilik kəsbetmə, ariflik mənasında götürülür.)

Şəriət Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanun-qaydaların, əməli fəaliyyətlə bağlı göstərişlərin, rəftar və davranış normaları ilə əlaqəli buyruqların məcmusudur. Təriqət şəriət qaydalarına əməl etməklə gedilən yoldur, bu qaydaların əməli şəkildə gerçəkləşdirilməsidir. Həqiqət isə son məqsəd, yəni Haqqın özüdür.

 

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət ondan içəri.

 

Alimlər şəriəti tibb kitabına, təriqəti dava-dərmana, həqiqəti isə xəstəlikdən tapılan şəfaya bənzədirlər. VII əsr sufi alimi Əzizəddin Nəhf “əl-insan əl-kamil” kitabında yazır: “Bil ki, şəriət peyğəmbərin sözü, təriqət onun əməli, həqiqət isə peyğəmbərin gördükləridir”.

Haqq nuru ilə yanan şair “mumsuz baldır şəriət, təmiz yağdır təriqət”,- söyləyərək insanları bu nemətlərdən dadmağa, yalançı, fani dünyaya aldanmamağa, üzü Həqqə doğru getməyə səsləyir. Haqq aşiqi göstərir ki, insanın təkcə öz səyi və ağlı ilə kamilliyə yüksəlməsi və Allahına qovuşması – insanlığın yüksək nöqtəsinə çatması çətindir. Yunus Əmrəyə görə, insanlar mərifətli, elmli, adamlarla oturub-durmalıdırlar ki, həmin keyfiyyətlər onların əməllərində ifadə olunsun.

Təlim-tərbiyə, nəsihət almadan, daxilən təmizlənmədən, paklaşmadan və “əlifnən beyi bilmədən” haqq yoluna nəzər etmək mümkün deyil.

 

İşbu məclisə gəlməyən,

anub nəsihət almayan,


Əlifdən beyi bilməyən

oqır kişi olur hər gün.

 

Ona görə də o, bu zirvəyə çatmış kamil və yetkin şəxslərin - ərənlərin ətəyindən tutmalı, müdərris və mürəbbilərdən ( müəllim və tərbiyəçi ) öyrənməlidir:

 

Gəlmək gərək tərbiyətə,

pis işlərdən əl çəkə,


Nə söylərsə, mürəbbisi,

ancaq onu tuta gərək.

 

Şairinin fikrincə, insan özünü dərk etmək üçün “gərək çox bilə, gərək çox öyüd ala”. Təsadüfi deyildir ki, allah kəlamı olan Quranın 750 ayəsində öyrənmək tələbi irəli sürülür. Yunus Əmrənin “oxudum, bildim demə” sözləri Məhəmməd peyğəmbərin “Beşikdən qəbir evinə kimi öyrənin” buyruğuna haq verir, şair deyir:

 

Elm eli bilməkdir,

özünü dərk etməkdir.


sən özünü bilməsən,

elm nəyə gərəkdir.

 

Elm, bilik bizim gələcəyimizi aydınlaşdırır. Ayağımızı inamla yerə basmağımıza kömək edir. Bilik öyrənməklə əvvəlcə özümüzü tanıyırıq. Özümüzə istinadən başqalarını, başqalarından və təbiətdən öyrəndiklərimizlə yenidən özümüzü tanıyırıq. Beləliklə, bu günümüzü yaşayır və gələcəyimizi qururuq.

Biliksiz insan savaş davuluna bənzəyir, səsi çox, içi boş olur (S.Şirazi). Aldığı bilik sayəsində insanın özünü tanıması böyük nemətdir. Bilik insanı küləyin səmtinə əsməkdən xilas etməli, onun nə istədiyini və nə üçün istədiyini aydınlatmalıdır. İnsan elmə sahib olmaqla bilməlidir ki, onun borcu həm özünün, həm də başqalarının haqlarını qorumaqdır. İnsan oxuduğuna, biliyinə uyğun hərəkət etməlidir. “Nə qədər oxuyursan oxu, biliyinə uyğun hərəkət etmirsənsə, cahilsən”.

 

Oxuduğunun nə manası,

əgər haqqı bilməsən.

Haqqı ki bilmədin sən

demək quru əməkdir.

 

Müdrik ozana görə, sevgi, maraq və həvəs bilik öyrənməyin hərəkətverici qüvvəsidir. Onun fikrincə, həvəssiz və sevgisiz bir könül qara daşdır. “Daş könüldə nə bitər?” Elm öyrənmək əyləncə deyil, səbir və zəhmət tələb edir. Şair özü demişkən, elm öyrənmək istəyən “şərbəti əlindən qoyub, ağunu nuş etməlidir ki, haq yolunu tapa, doğru yola vara bilə.”

Ulu ozanın gözündə insan qəlbini ələ almaq, könülləri sevindirmək bir Kəbə yapmaq qədər qiymətlidir, savabdır. Öz yaradanına üz tutan insan daxilən saf və təmiz olmalıdır. Onun ruhu dünya kirinə bulaşmalı deyil. O, maddiyyat bataqlığında çırpınmalı da deyil. Bu mənada şairin “İşin-taşun murdar ikən, eşq neyləsin sənin ilə” sözləri təsadüfi sayılmamalıdır.

 

Bircə könül yapdın isə,

əl-ətəyin tutdun isə,


Bir yol xeyir etdin isə,

lap mində bircə, az deyil.

 

Şairə görə, “Bir könül yıqdın isə bu qıldığın namaz degil”.

Haqq aşiqi insanların gözündəki cahillik pərdəsini qaldırmağa çalışır. Y.Əmrəyə görə, cahillərə bilik vermək təhlükəlidir. Çünki “cahil mömün olsa yenə, cahilliyindən qalan deyil, cahil sığal görən deyil”. Şairin fikrincə, cahilin könlü qara daşdan betərdir. “Cahilə söz anlatmaq kora rəng anlatmaq kimidir”. (İmam Evzai). “Cahil kimsənin yanında kitab kimi səssiz olmaq məsləhətdir”. (Mövlana)

 

Dünyayə gələn köçər,

bir-bir şərbətin içər,


Bu bir körpüdür keçər,

cahillər anı bilməz.

 

Yunus Əmrə heç zaman xalqdan ayrılmamışdır. “Elim varsa, mən uluyam”, - deyən şair xalqa rəhbərlik edənlərin dinindən və millətindən asılı olmayaraq insanların hamısını bir gözlə görməyi tələb edir:

 


Yetmiş iki millətə

bir göz ilə baqmayan,


Şərin övliyasıysa,

həqiqətə asidir.


           

 Və yaxud:

 

Bütün xəlq olanlara

bir göz ilə baxmayan,


Xalqa müdərrisdirsə,

həqiqətə asidir.

 

Şair insanları haqq yolu tutmağa, gözəl əxlaq eyləməyə, doğruçuluğa, daxilən saflaşmağa və kamilləşməyə, ərənlərin və mərifət sahiblərinin qulluğunda durmağa, yaxşılıq etməyə və yaxşı-yaxşı işlər görməyə səsləyir:

 

Əl üzməyin əhillərdən,

uzaq gəzin cahillərdən.


Tanrı bezib bahillərdən,

onları heç görən deyil.

 

 “Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Cümə axşamı, 26 Sentyabr 2024 09:02

Özünü və dünyanı yazan şair FAİQ BALABƏYLİ

Sona Vəliyeva, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Filologiya elmlər doktoru

 

 

“Ədəbiyyat və incəsənət” portalı bu yaxınlarda 60 illik yubileyini qeyd edən şair Faiq Balabəyliyə həsr edilmiş yazıların dərcini davam edir. Sona Vəliyevanın “Özünü və dünyanı yazan şair” məqaləsində şairin yaradıcılıq məziyyətləri qabarıq göstərilir. 

 

 

Faiq Balabəylinin “Bir ovuc kədər” adlı son kitabını vərəqləyirəm. Poeziyanın yaranış prosesinə bələd olan adam kimi bir daha öz fikirlərimin üstündə əminliklə durmağa çalışıram.

Kim necə düşünür, düşünsün, bu həqiqətdir, hər şeir parçasında şair özünü yazır, yəni yaşadıqlarını, düşündüklərini, sevincini, kədərini qələm və kağızla bölüşür. Sonda bir də baxıb görür ki, yazdıqlarında tək özünün deyil bütün insanlığın hiss və duyğularını tərənnüm edib. Beləcə yaranışdan insanın üzləşdiyi dərd, kədər, itkilər, sevinc və məhəbbət duyğuları, bütün yaşantılar zamanın özüylə birgə yaranışa bəxş olunan hər nə varsa bir-bir poeziyada təzahür edir. Şairlər zamanın ölçüsüzlüyündə öz ömrünü, həyatını və insanlığın düşüncələrini təkrar-təkrar əbədiləşdirmək missiyasına İlahidən aldığı ilhamla görəvlidir. Söz Tanrının yer üzünə ən müqəddəs ərmağanı olduğu üçün şeirə, poeziyaya könül verən, sözdən möcüzə yaradan şairlər ən saf duyğuların daşıyıcıları kimi həqiqətən özlərini yazırlar. Şeir bitəndə içində tək şairin öz yaşantıları deyil, dünya və bəşər görünür. Mənim çox sevdiyim şairlər sırasında yer alan R. Həmzətovun bir sözünü xatırladım: “Şeir ya xoş bir təbəssümdən, ya da kədərdən, göz yaşından yaranır”.

Poeziya ən səmimi İlahi duyğuların bələdcisi kimi qəlbimizin dərinliklərində gizlənən hissləri, sirləri öz əlimizlə aşkar edərək, bizi özümüzlə üzləşdirir. Hərdən də şeir o qədər səmimi alınır ki, hər oxucu öz dünyasının yaşantıları kimi o şeiri qəbul edir və müəllifi bəxtəvər edən belə şeirlərdə bütün insanlığın hissləri birləşir:

 

Özümü  yazmaq istədim,

bu ömrü yaşadım necə?

Yaddaşımı vərəqlədim,

gündüz idi, yoxsa gecə, 

mən anadan doğulanda...

 

Hansı ömrün yaddaşını vərəqləyir şair?

İnsan dünyaya gələndə göy yaddaşını, mələk ömrünü qırx günə unuda-unuda yeni yer yaddaşına öyrəşməyə çalışır. Yerdəki yeni ömrünə, insan taleyinə qədəm qoyaraq “saatın əqrəbləri”  ömrün qova-qova apardığı aylarının, illərin sübut etdiyi yaş ölçüsünə də müəmmalı baxır. “Yaşım neçədir?” “Kiməm?” “Doğma bildiklərimlə məni birləşdirən hisslər nədir?” – deyərək hər şeyə bəzən təəccüblə baxır.  Qohum-qardaşdan, doğmalardan “arxa olmamaq” kədərini yaşayanda şair bir daha anlayır ki, şairlər hər zaman tənhadır. 

Ötən illərin o biri üzündə qalan ömür xatirələr adamı kimi şairlər tənhalıqla dərdləşir, hal-əhvallaşır. Bəzən də ömür karvanında yükünün ölçü-çəkisinə bələd olunca, görür ki, ən zəngin var-dövlət insanın yaşam təcrübəsində, qazandığı xatirələrdir. Uşaqlığı, gəncliyi, sevgisinin “məcnun” səhifələri ilə birlikdə malik olduğu vəfalı, sədaqətli dostlarla keçən ləyaqətli ömrün başucalığı gətirən duyğularının sevinci, fərəhi də demə ömrün ən tükənməz qazancı imiş. F. Balabəylibir ömür qazandığı dostların bəzilərindən vəfasızlıq görəndə belə onlara gileyini də dostcasına, qəribə duyğusallıqla çatdırır:

 

Üzümə ağ oldunuz, dost bildiklərim,

Üzünüz ağ olsun,

Qara rəngi heç sevmədim...

Günümü zəhər edən,

Xəstəliyimin adı şəkər

Şirinliyindən bəhs etdiniz elə,

Çəkdiyim acıdan xəbər tutmadız.

 

“Başa baxan” dostlara bu giley şeiri Faiqsayağı elə bir tənbeh təliminə çevrilir ki, məncə şeiri oxuyan oxucu mütləq yaddaşında sıralanan dost münasibətlərində mütləq yenidən diqqətli olmağa sövq olunur. Həqiqi dost isə ya bir olur, ya da iki... Əsl dost isə şair üçün qələm və kağızın olması həqiqətini şair M. Araz illər öncə belə çatdırırdı:

 

Anadan, bacıdan

gizlətdiyimi,

kağızdan, qələmdən

gizlətməmişəm...

 

Faiq bəy üçün də əsl sirdaşın, dostun kağız qələm olması yaradıcılığının hər səhifəsində təstiq olunur. Eyni zamanda şair öz qələm sirdaşıyla mübarizə meydanının cəngavəri kimi də oxusunun rəğbətini qazanır.

Bəli, şairin meydanı kağız, vərəq, külüngü qələm olduqca duyğular göy üzünə vaqifliyin sirrini axtara-axtara yerin özünü belə göylərə ucaltmaq gücünə malik olur. 

Yağışı, qarı, küləyi, fəsillərin mübarək gəlişi ömrün müdrikliyini artıra-artıra qəlbin poetik duyğu təkamülünə fərqli rəng gətirir. F. Balabəylinin son kitabında rastlaşdığım dəniz, su, külək, xatirələr, kənd həyatına nostalji münasibətlər, Vətən və şəhidlik zirvəsi kimi anlayışlar bir şairin qəlb yaşantılarının təzahürü kimi onu oxucusuna sevdirir. Şairlərin yaşadıqları həyatı nə qədər məşəqqətli, çətin olsa belə, ömrün keçən günlərini gələn ömür səhifələrindən daha çox əzizləyərlər. Bax onda şairlərin “xatirələr adamı” olmaq həqiqəti bir daha təstiq olunar. Uşaqlığın qayğısızlığı, atalı-analı ömrün güvən duyğusu, kənd həyatının sadəliyindən qaynaqlanan istiqanlılıq hissləri üçün darıxmaq şeirlərinin hər misrasından Faiq bəyin həm də kövrək insan olduğunu biruzə verir. Bu kövrəklik:

Arada kəndimizin üstündən

uçan buluda oturmaq

istəyirəm...

 

Arada könlümdən ağrı dolu

ayrılıqları yenidən yaşamaq

keçir,

baxmaq istəyirəm itirdiklərimin

əzabına necə dözməyimə...

– fikri oxucunun içini titrətməyə bilməz...

 

Çooox qəribə duyğulardı, deyilmi? İtkilərdən sonra axtarış, axtarışdan sonra tapıntıların olmasına İlahi inamım olmasaydı, deyərdim ki, “əstəqfurullah” de, şair!...

Kim özü-özünə “ayrılıqların ağrısını yaşamaq”  arzusunu dilər, sizdən savayı...

Faiq bəy dənizçidir. Bəlkə elə ona görə şeirləri də, şeirlərindəki lirika da dəniz üstünə günəş düşərkən min rəngə boyanan suların özü kimi saf və rəngarəngdir. Kədəri, xiffəti, ehtiyacları, arzuları suların, küləyin içindəki düşüncələrin rəngi kimi çətin ki, hər adama görünə...

Külək mövzusu klassik ədəbiyyatımızda “Ey Badi-Səba” – müraciətiylə XXI əsrə qədər yol qət edərək müxtəlif şairlərin dərdlərinin “çaparı”, qəlbinin sirdaşı kimi mistik gücün daşıyıcısı obrazında üz tutulan mövzudur. Külək hansı rəngdəymiş? A. Mirseyidin vaxtsız ölümünə yazılan “Mən görürəm küləklərin rəngini” şeirində bir vəfalı dostun yaşantıları belə ifadə olunur:

 

Mən bilirəm küləklərin rəngini,

Bizim yurdda əsən külək sarıdı.

Çiçəklərin yaymaq üçün ətrini,

Bəlkə Tanrı küləkləri yaradıb.

 

Mən bilirəm küləklərin rəngini,

Göstərməyə, amma yoxdu yanımda

Mən öləndə duymaq üçün ətrini,

Basdırarsız çiçəklərin yanında.

 

M. Müşfiqdən sonra ədəbiyyatımızda “külək” mövzusunun “əsintisi”nə çox şair can atsa da diqqətləri cəlb etmədi... İçinin təlatümünü, dəniz təlatümü qədər şeirləri ilə ovutmağa çalışan F. Balabəylinin dost itkisi kədərindən alışan alovu “Külək” şeiri sakitləşdirmir, əksinə bütün könülləri bürüyür:

 

Külək dolub yelkənə,

dənizin suyu şəffaf.

Göy üzündən gələn var,

deyir yerdədi Allah,

yerini bilən desin...

 

Bəzən daxili iztirablarımız dəli külək aləmi bir-birinə qatan kimi iliyimizə qədər işləyərək bizi bizdən alır, dəli-divanə edir:

 

Sərt külək uladı ac yalquzaq tək

çatmadım səsinə,

qaldım uzaq, tək

sıyrıldım, qınımdan çıxdım bu gecə
qaynadım, qanımdan axdım bu gecə...

 

Qoşulub yalquzaq səsinə gecə

küləyin səmtinə səni çağırım?

 

Dünya, ətraf aləm, kainat Tanrının bizə verdiyi təfəkkürün qavrayışı çərçivəsindən dərk olunacaq ölçüdədir. İmanlı, vicdanlı insanlar, şairlər, alimlər, zahidlər Allahı, onun yer-göy və onların arasında yaradılanları müxtəlif səpkidən anlamağa və çatdırmağa can atdılar. Şairin qavrayışı isə bambaşqadır. Şairin sözü, düşüncəsi vəhdir, bu İlahi pay hər adama qismət olmaz. Yer üzündə nə mövcuddursa, hansı gözəlliklər yaranırsa və ya hadisələr baş verirsə Tanrının bəxşişi sayılır. Ölüm də yerdə baş verir, yaranış da... Poeziyanın bizə göstərdiyi ülvi baxış bucağıyla baxdıqca görürük ki, Allah La məkan olduğundan çox bizimlədir, Yerdədi, şah damarımızdan belə bizə yaxındır. Hamı köçəcək bu dünyadan amma şair sözüylə, yaratdığı ilə insanlığa bəxş etdiyi poetik ərmağanla bu dünyada əbədi olacaq:

 

Hamı gedib, dünyada

tək bircə şeir qalıb.

Ölməyə tər çiçəklər,

dir də ki, şair qalıb.

Yerini bilən desin.

 

Faiq bəyin şeirlərində nə qədər lirik kədər mövcuddursa, mənəvi xarakter yozumunda dəli-dolu Azərbaycan kişisinin yenilməyən, mübarizələrdə polad kimi bərkiyən şəxsiyyətini də açıqca görmək mümkündür. Dənizçi kimi 1990-cı ilin 20 yanvar hadisələrində qəhrəmanlıq dastanı yazan Bakı buxtasının fatehləri sırasında gənc F. Balabəyli də vardı. Onların müstəqillik uğrunda mübarizə aparmaları həbslərlə, hədə-qorxularla qarşılansa da onlar öz sözlərini sonadək deyə bildilər. Bu qəhrəmanlıq dastanı faktlar və sənədlərlə F. Balabəylinin müəllifi olduğu “Bakı Buxtası- 20 Yanvar” kitabından dünyaya ətraflı izahlarla çatdırıldı. 

Alfous de Lamartin məhşur fikrini xatırlamaq çox yerinə düşür:

“Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasında fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər”.  F. Balabəylinin 1990-cı ilin yanvarında qəhrəman dənizçilərimizlə apardığı mübarizə əsl mərdlik mübarizəsi kimi dastana çevrildi. Sonralar bu qəhrəmanlığın tarixi Faiq bəy tərəfindən qələmə alındı: Mübarizə mücahidi şair, qələm adamı olunca yazılan tarix daha dərin duyğularla yazılır.

 

“Başqa ürəyinə heç nə gəlməsin

Mən bu məmləkətin qara daşıyam” – deyincə hər şey aydın görünməyə başlayır.

Bu daş isə o qədər ağır ki, o qədər gərəkli ki, yalnız haqq-ədalət taptananda, yaxşılıqlar unudulanda nankorun, namərdin başına çırpılıb “özünə gəl” – deyərək mərdliyi, kişilik ənənəsini itib-batmağa qoymur. 

Dəniz həyatı lirik ovqatı ilə həm də Vətən, xalq mücadiləsində şairi mübariz vətəndaş kimi tanıtdı. Ona görə şair dənizi mavi gözlü gözəl kimi sevdi, ona könül verdi...

 

Dənizçiyə dalğaların arasından,

əl eləyir su pərisi,

Dənizçiyə ad qoyarlar

su dəlisi.

Mavi sular, mavi gözlü

gözəl olar,

naz eləyər dənizçiyə...

 

Şairin sevgisi də, sevgi etirafları ilə birgə bağışlanma diləkləri də fərqli üslubdadır, yəni daha poetikdir. Eşqə həm də İlahi dərd kimi baxa-baxa onun dərkinə tənhalıqda izah tapmağa çalışır. Sevgidə qütblərin maqnit cazibəsi, qəlb cazibəsi qravitasiya çəkisi ilə mütənasib gəlməyəndə hər şey ayrılıq və kədər rənginə bürünür:

 

Sən axı bilmədin tənhalıq nədir

dözüb küləklərə ağ yelkən kimi

sinənə çəkmədin acı rüzgarı

sıxıb bir-birinə dodaqlarını

adını demədin özün özünün.

 

Sən axı bilmədin tənhalıq nədir

görmədin, sevmədin ayrılıqları...

 

Eşq olsun poeziyamıza belə zənginlik qatan tənhalığa! Axı şeir özü də ruhun xəlvətə çəkilərək özünü ehtiva etməsinin məhsuludur. Dərin sükutda yaranan, qəlbləri nurlandıran işıqdır. Cübran Xəlilin bir zamanlar dediyi “Böyük şair sükutumuzda  baş verənləri ifadə edə bilən şairdir” fikri çox yerinə düşür. Eyni zamanda şeir, poeziya ruhun azadlığının məhsulu olaraq bütün qəlb sarsıntılarını lirik yolla dilə gətirərək daxili təlafümləri sakitləşdirir, ovudur. Ona görə də Faiqin şeirlərinə ruhun azadlıq nəğmələri kimi baxmaq daha doğru olar. Əgər belə olmasaydı həm çəkdiklərini, kədəriylə, qəmiylə birgə gileylərini və arzu-istəklərini qələmə alıb bütün dünyaya car çəkməzdi ki...

Sevgi şeirlərindəki həsrətin ağırlığını “nəfəsin gedib-gəlməsi” məsafəsiylə ölçərək elə yana-yana qələmə alır ki, oxucu anındaca bu dərdi nəfəsinə çəkir:

 

Bir də yoluma çıxma,

gözləmə məni,

Hərdən nəfəsim gedir,

Qayıtmaq istəmir,

Sənin kimi...

 

Şair “sən nəfəsimsən” – demir, tərk olunan sevginin sahibinin bədəninin nəfəssiz qaldığının mənzərəsini yaradır. Nəfəssiz boğulmaq təhlükəsinin fiziki mənzərəsi təsəvvürdə ağır bir itkini göz önündə canlandırır.

 

Bir də yoluma çıxma

Qaranlıqdan gün üzünə çıxmaq qədər.

Gözləmişdim səni... 

– deyir. Qısa, minimalist səpkidə ifadə olunan məhəbbətin xiffət və kədərini, ürəkdən sevən aşiqin daxili iztirablarını göz önünə gətirir. Vaxtı ilə Vilyam Somerset Moem söyləyirdi: “Qısa və aydın yazmaq, səmimi və xeyirxah olmaq qədər çətindir”. Vüsalsız məhəbbətlərə həsr olunan və ya daxili göz yaşlarının göründüyü kədərli sevgi şeirlərinin ən yadda qalan nümunəsi kimi bu şeirə işıq kimi də baxmaq olar... Həsrət işığı kimi!

Sevgilər yaxşı ki, hər zaman ailə çərçivəsində məhdudlaşmır. Həsrət adlı müqəddəs, sirr, unudulmayan, könül yarasını sağalmağa izn vermədiyindən İlahi eşqin tərənnümü poeziyamızda əzəli-əbədi mövzusunu yaradır.

M. Füzulinin “Yarəb bəlayi eşq ilə qıl aşına məni” harayı əsrlərdir ki, hər gün yeni-yeni eşq qalaları ucaldır. Bu ucalığın zirvəsinə çatan aşiq dünyanın bəxtəvəri kimi Məcnun sevdasının işığında İlahi eşqə qovuşandır.

Kimin vəfasızlığından sevənlərin qovuşmamasını, günahkarın hansı tərəf olmasını deyil, günahın nə ilə yuya bilməsi kədərinin xiffətini çəkən Faiq bəy özü də bilmədən sevənlərin qəlbinin bir olduğunu, “mən” vəhdətində təzahür etdiyini belə söyləyir:

 

Bənövşə boynu bükük,

Novruzgülü bağrı qan

Dünya hamilə qalıb,

Can ayırıb canından,

Gecə doğar sabahı,

Nə yuyar bu günahı?

 

Sonra da:

 

Səni qınayacaq dostun, tanışın

Sirrini heçkəsə deməyəcəksən.

Ürəyin uçacaq yanıma mənim,

Yerini heçkəsə deməyəcəksən.

 

Saçımı darayan barmaqlarımla,

Durub tellərini oxşayacaqsan,

“Təzə bir xatirə tapasan deyə,

Köhnə məktubları oxuyacaqsan”.

– deyərək, həsrətli eşqin sərgərdanlıq axtarışında müqəddəsliyin, İlahiliyin 

mahiyyətini taparaq oxucunu da özünə bəxtəvər edir.

Demə, əsl sevgi şairin təbincə Vətən, yurd sevgisi ilə birləşə bilərək sahibini daha da zirvələrə ucaltmaq gücünə malik imiş. Bəli, Faiqin qələmində yurd, Vətən hətta doğulduğu kəndə, ilk eşqinə olan müqəddəs duyğular birləşərək BÖYÜK EŞQİ yaradır:

Mən də ürəyimin himinə bəndəm

dodağım səyriyər, kövrələ billəm

sənin yaşadığın obayam, kəndəm

viranə yurd yerim, çağırsan gəlləm.

 

Torpaq qoxusu tək doymaq olmayır

içimə çəkirəm iyini sənin

Günəş donlu qadın, niyə soyuqsan

çağırım, səsləyim nəyini sənin.

 

Həyatını, ömrünü, taleyini dənizə, suya bağlayan Faiq bəyin düşüncə və xarakteri də su kimi saf və təmizdir-təmənnasızdır. “Limanlara yazığı gələcək” qədər kövrək duyğular sahibidir, şair. Bəli, şairin limanlara yazığı ona görə gəlir ki, bütün limanlar ayrılıq daşıyır. Qayıtmağa, dönüşə ya qismət!

 

Körfəz boyu səpələnən yosunlar,

balıqların qumla dolan qulağı,

əgər məni incitsəniz gedərəm,

görünmərəm gözünüzə, uzağı. 

 

Yamyaşıldı duzlu suyun köynəyi

qayaların üzü cızıq-cızıqdı

gəmiləri üzüb gedib, göynəyir

bu dənizin limanları, yazıqdı… 

 

Su da, dəniz də ilk yaranışdı, əbədiyyət misalıdır, uzun ömürlülük rəmzidir. Su kimi saf ömrünüzün uzun və bərəkətli olmasını Tanrıdan diləyərək daim yazıb yaratmanızı arzu edirəm, Əziz Faiq bəy!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Çərşənbə günü, sentyabrın 25-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibliyinin binasında TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrları Direktorlar Şurasının üçüncü iclası keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirin təşkilində məqsəd türk dövlətlərinin incəsənət sahəsində əlaqələrinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması, TÜRKSOY-a üzv ölkələrin mədəni irsinin və adət-ənənələrinin təbliği olub.

 

İclası açan Türkiyə Dövlət Opera və Balet Teatrının baş direktoru Tan Sağtürk türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə görə TÜRKSOY-a təşəkkürünü bildirib. O qeyd edib ki, TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrlarının Direktorlar Şurası nisbətən yaxınlarda, yəni 2010-cu ildə yaradılsa da, bu struktur artıq türk dövlətlərinin mədəniyyətlərarası əlaqələrinin dərinləşməsinə mühüm töhfələr verib.

 

Daha sonra çıxış edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar artist Əliqismət Lalayev tədbir iştirakçılarının diqqətini Azərbaycanda teatr, opera və balet sənətinin zəngin tarixinə və böyük təcrübəsinə yönəldib. O, Şərqdə ilk qadın bəstəkarın Azərbaycan təmsilçisi Şəfiqə Axundova olduğunu xatırladıb və əlavə edib ki, onun 100 illik yubileyi Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində qala-konsertlə qeyd olunacaq. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) opera ifaçıları türk musiqisevərləri qarşısında çıxış edəcəklər.

 

Lalayev türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın mədəniyyət xadimlərinin qardaş ölkələrdən olan həmkarları ilə təmaslara hər zaman açıq olduğunu bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

ABŞ-da Azərbaycan Milli Musiqi Günündə "National Music & Global Culture Society"nin (Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti) prezidenti, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə doktoru, professor Nərgiz Əliyarova IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qaliblərini elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, ABŞ-dan olan bəstəkar Kian Ravai müsabiqənin qalibi olub. 2-ci yeri Ceyhun Allahverdiyev (Azərbaycan), 3-cü yeri isə Xuanxo Villaroya Qrau (İspaniya) tutub. Qaliblərə müsabiqənin diplomları ilə yanaşı, pul mükafatları da təqdim olunub.

 

İştirakçılardan Kozimo Bombardyeri (İtaliya), Sina Cafarikia (İran), Maykl Tan (Kanada), Ben Yi-Paulson (ABŞ), Rüfət Xəlilov (Azərbaycan), Cared Destro (ABŞ), Braça Bdil (İsrail) isə müsabiqənin diplomlarına layiq görülüblər.

 

Müsabiqənin münsiflər heyətinə Nyu-Yorkdakı məşhur Culyard Məktəbi Bəstəkarlıq kafedrasının müdiri Melinda Vaqner (münsiflər heyətinin sədri), Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Şimali Texas Universitetinin musiqi kompozisiyası kafedrasının dosenti Sunci Qonq daxil olublar. Bu il müsabiqədə dörd qitədən 22 ölkənin nümayəndəsi iştirak edib.

 

Professor Nərgiz Əliyarova bildirib ki, Beynəlxalq Bəstəkarlar Müsabiqəsi Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqənin məqsədi plagiata məruz qalmış bir sıra xalq mahnılarımızın məhz Azərbaycan mədəniyyətinə məxsusluğunun dünya musiqi ictimaiyyətinə çatdırılması və onların geniş təbliğidir.

 

Nərgiz Əliyarova layihəyə dəstək verdiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib, festival çərçivəsində müsabiqə laureatlarının əsərlərinin təqdimatına şərait yaratdığına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkür edib.

 

Qeyd edək ki, sentyabrın 28-də Bakıda Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində qaliblərin əsərlərinin premyerası olacaq.

 

Müsabiqənin qala konserti isə noyabrın 8-də Nyu-York şəhərində yerləşən “Linkoln Mərkəzi”nin “Bruno Volter zalı”nda keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.