
Super User
REDAKSİYANIN POÇTUNDAN: Aşıq Veysələ həsr edilmiş şeir
Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu bu dəfə Aşıq Veysəl barədə yazdığı şeirini “Ədəbiyyat və incəsənət” portalının redaksiyasına ünvanlayıb.
AŞIQ VEYSƏL
Ben giderim adım kalır.
Dostlar beni hatırlasın...
Dügün olur, bayram gelir.
Dostlar beni hatırlasın...
Aşıq Veysəl
Həsrət qaldı işığa, nurlu Günəşə, Aya,
Qəlbinin gözləriylə baxdı geniş dünyaya,
İlhamı bənzəyirdi coşqun, kükrəyən çaya,
Yaratdığı nəğmələr necə də həzin, gözəl,
Əbədi yaşayacaq qəlblərdə Aşıq Veysəl.
Anlatdı isanlara, ləyaqət necə olur,
Dərdə-bəlaya dözüm, dəyanət necə olur,
Doğma elə-obaya sədaqət necə olur,
“Bizlər gəldi-gedərik, Vətəndir-öncə, əzəl,”
Əbədi yaşayacaq qəlblərdə Aşıq Veysəl.
Nə qədər gözlülər var, yaşayırlar kor kimi,
Cahana qaranlıqdan boylandı o, nur kimi,
Mahnıları yayıldı dünyamıza şur kimi,
Ağacda qala bilməz, saralmış yarpaq, xəzəl,
Əbədi yaşayacaq qəlblərdə Aşıq Veysəl.
Söz yoluna çıxaraq yol getdi, gündüz-gecə,
Yolları addımladı, səbirlə, incə-incə,
Sözdən sərraflar üçün yaratdı altun külçə,
Yenə də yollardadır, öndədir, əldə “məşəl”,
Əbədi yaşayacaq qəlblərdə Aşıq Veysəl.
Sazının sədasını eşidirik bu gün də,
Haqqın doğru yolçusu, Allaha sadiq bəndə,
Veysəldən danışırlar, aşıqlar toy-düyündə,
Qiymətli söz ölməzdir, olsa ayrılıq, əcəl,
Əbədi yaşaycaq qəlblərdə Aşıq Veysəl.
Nə qədər Türk dünyası, nə qədər Türk eli var,
Tanrıdan- bu millətin baldan şirin dili var,
Bu söz səltənətinin Veysəl kimi ləli var,
Heç zaman köhnəlməyir nə cəvahir, nə də ləl,
Əbədi yaşayacaq qəlblərdə Aşıq Veysəl.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
Kəşf olunmamış, sirlərlə dolu ölkədən REPORTAJ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ölkəmizə gələn ərəb turistlərinin əlindən çoxumuz zinhara gəldiyimizi deyirik. Amma ərəblər təkcə bu turistlər deyillər axı.
Ərəb dünyası həmişə bizə sirli sehirli gəlib. Səhralar, dəvələr, ağ örpəyə bürünmüş insanlar, palmalar, canalan isti… İslam dininin təşəkkül tapdığı və peyğəmbərin mənsub olduğu xalq. Bu qədər. Səudiyyə Ərəbistanı Krallığına səyahətdən əvvəl bu ölkə haqqında məlumat öyrənmək üçün mütləq internetdə axtarışlara ehtiyac var.
Əgər 5 il əvvəl qaydaların sərtliyi, ölkəyə qadınların yalnız başıbağlı daxil olması, din polislərinin təhdidi ilə rastlaşması və s. "qorxu hekayələri"ndən başqa nəsə tapmaq mümkün deyildisə, indi müasirliyə meyil, turizmin inkişafı, dünyaya açılma ilə bağlı xoş xəbərlər səyahətçilərə unudulmaz səfər vəd edir. Bizə tanış olan stereotiplərdən hansının mif, hansının doğru olması ilə bağlı suallara cavabı isə yalnız bu ölkəyə səyahət zamanı tapmaq mümkündür. Səudiyyə Ərəbistanına bir həftəlik səfər müddətində həm heyrətləndik, sevindik, həzz aldıq, həm də vəcdə gəldik, bir sözlə, bütün emosiyalardan istifadə etdik.
Səudiyyə Ərəbistanı tarixən qapalı və mühafizəkar ölkə olub. Dünya turistləri krallığı "kəşf olunmamış, sirlərlə dolu ölkə" də adlandırırlar. Ancaq vaxt keçir və hər şey dəyişir. Sərhədlər yavaş-yavaş ziyarətçilərin üzünə açılır, viza şərtləri asanlaşır. Planetin ən zəngin dövlətlərindən biri sayılan Səudiyyə Ərəbistanı getdikcə daha əlçatan olur və müxtəlif yerlərdən olan insanlar onun mədəniyyəti, tarixi və görməli yerləri ilə tanış olmaq imkanı əldə edirlər. Ölkədə artıq turizmə, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə üstünlük verilir.
Paytaxt Ər-Riyad bizi rəngbərəng işıqlara bürünmüş uca göydələnləri, gözqamaşdıran işıq seli ilə qarşılayır.
"Dünyanın heç yerində belə parlaq işıqlar yoxdur. Elə bil şəhərin üzərinə göydən zər səpilib", - deyə ilk təəssüratımızı bir-birimizlə bölüşürük. Ər-Riyad müasir tikinti və ənənəvi mədəniyyətin təzadlarını, Şərq koloriti ilə Qərbin elementlərini bir arada görə biləcəyiniz şəhərdir.
Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhərdə böyük sənaye müəssisələri fəaliyyət göstərir. Paytaxtın bir neçə ali məktəbində ərəb və ingilis dilində təhsil, İslam Universiteti dünya ölkələrindən tələbələri də cəlb edir. Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi isə Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.
Ərəb qadınları dünya brendlərinin bahalı mallarından ibarət ticarət mərkəzlərində gəzməyi xoşlayırlar. Bütün qadınlar abaya geyinsələr də, ürəklərində dəb aludəçisidirlər. Ölkədəki alış-veriş sistemi əsasən nəhəng ticarət mərkəzlərindən ibarət olduğundan, ticarət və əyləncə mərkəzində ehtiyac olan hər şeyi tapmaq mümkündür.
Ölkənin əksər hissəsinin quraqlıq və səhra qumları olmasına baxmayaraq, marketlərdə həmişə təzə tərəvəz və meyvələrin geniş seçimi var.
Səudiyyə Ərəbistanının mətbəxi kifayət qədər çeşidli və ləzzətlidir. Burada zövqə uyğun təamlar dadmaq olur. Fast food həvəskarları böyük Qərb şirkətlərinin obyektlərinə üz tuturlar. Ər-Riyad çeşidli yemək menyuları təklif edən restoran və kafelərlə zəngindir. Hər yerdə təklif olunan ərəb qəhvələrinin və çeşidli xurmaların dadı uzun müddət damaqda qalır.
Səudiyyə Ərəbistanında diskoteka tapılmır, ancaq bayram və ya adi günlərdə və işdən sonra ailələr şəhərə çıxır, kafelərdə oturur, canlı konsertlərə tamaşa edirlər. 10 ölkənin kiçik pavilyonunu birləşdirən "Dünya bulvarı" adlı yeni məkan təkcə səudiyyəlilərin deyil, turistlərin də əsas gəzinti yerinə çevrilib. Böyük ictimai park, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və Qədim Əsərlər Mərkəzi kimi mütləq görüləsi məkanlar da turistlərə açıqdır.
Marağımıza səbəb olan məqamlardan biri - Səudiyyə Ərəbistanında qapalı məkanlarda mərkəzi istilik sisteminin yoxluğu oldu. Fəsildən asılı olmayaraq yalnız sərinlik sistemi işləyir.
İctimai nəqliyyat nadir halda gözə dəyir. Şəhəri piyada gəzmək mümkün deyil, məsafələr çox böyükdür. Digər tərəfdən, uzun yollarda qızmar günəşdən və çöldəki isti havadan qorunmaq lazım gəlir. Ona görə burada hər ailənin şəxsi avtomobili var.
Ər-Riyadda səhnəsində quruluşu müasir texnologiyalarla müşayiət olunan teatr da, ölkənin tarixini bütünlüklə əks etdirən muzeylər də, qədim və nadir kitabları ilə öyünən kitabxanalar da var.
Turizm ölkədə iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilir. Səudiyyə Ərəbistanı yalnız 2019-cu ildə fəal şəkildə xarici qonaqları qəbul etməyə başladığı üçün burada turizm infrastrukturu qeyri-bərabər inkişaf edib. Son vaxtlara qədər bura yalnız diplomatlar, iş adamları və zəvvarlar gəlirdisə, indi ölkə turistlərə açıqdır. Səyahət sevən insanlar böyük şəhərləri - Ər-Riyad, Əl Xobar, Dammam, Ciddə və Taif şəhərlərini seçirlər. Turistlər Qırmızı dəniz və Fars körfəzindəki kurortlarda, çimərliklərdə dincəlməyə, heyrətamiz dağ panoramalarından zövq almağa, bədəvilərin min illər boyu gəzdiyi səhralara, milli parklara ekskursiyalarda iştirak etməyə gəlirlər.
2017-ci ildə ölkədə turizmin inkişafına hesablanan "Baxış 2030" proqramı qəbul edilib. Bu proqramın reallaşdırılması ölkənin sürətli inkişafını nəzərdə tutur. Həmçinin proqram turizm sahəsində böyük inkişafa səbəb olub. Məsələn, təkcə 2021-ci ildə ölkəyə 63 milyondan çox insan səfər edib. 2019-cu ildə xarici turizmin inkişafı strategiyası işə salınandan bəri krallıq ölkəyə səfər etməkdə əsas məqsədi İslamın müqəddəs yerlərini ziyarət etmək olan ziyarətçilərin sayını iki dəfə artıra bilib. İsti və quraq iqlimə baxmayaraq, ölkəyə gələn turistlərin və zəvvarların sayı ildən-ilə artır. "Biz pandemiyadan sonra nəinki əvvəlki həcmləri bərpa edə bildik, həm də əsasən, daxili turizm hesabına rəqəmləri xeyli artırdıq", - deyə iqtisadi forumlarda qeyd edilir. Elektron viza xidmətinin işə salınması sayəsində ölkəyə daxil olmaq üçün tələb olunan sənədlərin işlənməsi xeyli asanlaşıb.
Azərbaycan vətəndaşlarının krallığa səfəri viza ilə tənzimlənir. İnanclı insanlarımız arasında bu ölkəyə dini turizm məqsədilə gələnlər üstünlük təşkil edir. Kiçik Həcc (Ümrə) və böyük Həcc ziyarətlərinə gələn azərbaycanlıların sayı kifayət qədər çoxdur. İslam dininin mərkəzinə - Məkkəyə gəlib dünyanın ən böyük məscidi sayılan Əl-Haramda namaz qılmaq, müqəddəs Kəbəni, Mədinəni ziyarət etmək, bu mistik ab-havanı duymaq əksər inanclı insanlarımızın arzusudur.
Krallıqda həmvətənlərimiz də çalışır. Belə ki, 2000-ci illərin əvvəllərində həkimlər bu ölkəyə gəlməyə başlayıb. Ölkənin şərqindəki "Saudi Aramco" neft şirkətində azərbaycanlı mühəndislər fəaliyyət göstərir. Son dövrlər ölkənin tanınmış restoran və digər iaşə obyektlərində idarəedici heyət olaraq, əsasən, azərbaycanlıların xidmətlərindən istifadə etməyə başlayıblar.
Son illər Körfəz ölkələrində qadınların hüquqlarını liberallaşdırmaq üçün bir sıra qanunlar qəbul edilib. 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı kralı ölkədə qadınlara avtomobil sürməyə icazə verən fərman imzalayıb. Artıq küçələrdə sükan arxasında qadınlara rast gəlinir.
Paytaxt Ər-Riyad tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi etdiyindən gələn qonaqları və turistləri yerli əhali artıq olduqları kimi görməyə öyrəşib.
İctimai yerlərdə bütün qadınların uzun qara don - abaya geymələri məcburi deyil. Bu geyim yalnız müqəddəs yerlərə ziyarət zamanı məcburidir. Ölkədə islahatları ilə sevilən vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud deyib ki, qadınların belə sərt geyim tərzindən imtina etmək hüququ var. Düzdür, daha mühafizəkar - qara abaya, niqab və əlcək geyinən qadınlara da rast gəlmək olur. Amma qadınlara çox açıq, qolları dirsəkdən yuxarı paltarlar, qısa ətəklər və şortlar geyinmək qadağandır.
Ölkəyə səfər edən turistlər üçün də sərt məhdudiyyətlər yoxdur.
Körfəz ölkələrinin ailə məsələləri və qadın hüquqları uzun illər bir sıra beynəlxalq konfransların qaynar müzakirə mövzusu olsa da, krallıqda artıq bu istiqamətdə buzlar əriməyə başlayıb. Məsələn, qadının təhsili, işləməsi müzakirə mövzusu deyil. Ailə münasibətlərində qadın və kişilərin boşanmalarına qadağa yoxdur. Ayrılandan sonra hər ikisi yenidən evlənə, istədikləri şəxslə ailə qura bilirlər. Amma ilk dəfə evlənəndə mütləq yerli sakinlə ailə qurmaları şərtdir. Minimum evlilik yaşı yoxdur. Formal olaraq məcburi nikahlar qadağandır, lakin bəylə qızın atası arasında razılaşma məcburidir.
Krallıqda çalışanların üçdə biri əcnəbilərdir. Əsasən, yoxsul Asiya və Afrika ölkələrindən olan işçilər ölkədə daimi yaşayır və işləyir.
Krallıqda başqa bir əcnəbi işçi qüvvəsi də var - onlar yüksək ixtisaslı mütəxəssislərdir. Avropa, ABŞ və Kanadadan olan mühəndislər, pilotlar, neftçilər və digər mütəxəssislər ailələri ilə birlikdə krallığa bir neçə illik müqavilə əsasında gəlirlər. Belə işçilərə yüksək maaş, mənzil, avtomobil, bütün ailə üçün tibbi sığorta verilir.
Səudiyyə Ərəbistanında hazırda cümə və şənbə istirahət günü sayılır. Namaz vaxtı bütün mağazalar və ofislər 15-20 dəqiqə bağlanır və alıcılardan, o cümlədən gələn turistlərdən bayırda və ya foyedə gözləmələri xahiş olunur. Böyük supermarketlərdə bütün müsəlmanların toplaşdığı ibadət otağı var. Mağazada asılmış səsgücləndiricilər vasitəsilə içəridə olan insanlara namaz vaxtı əvvəlcədən xəbər verilir.
Səudiyyə Ərəbistanı hələ də Məhəmməd Peyğəmbərin Mədinəyə hicrət etdiyi tarixdən - İslam təqvimi - Hicri-Qəməri təqvimindən istifadə edir. Hazırda ölkədə 1445-ci ildir.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
DAŞLARIN NAĞILI
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Kimdir başlığı oxuyub “Daşların da nağılı olar?”, - deyən!? Niyə olmür ki?! “Daşdəmirin nağılı” ola bilir, daşların nağılı ola bilmir?! Daşların o qədər nağılı var ki! Günlərlə dinləsən, qurtarmaz. Amma mən o nağılları danışmayacam sizə. Daşlar haqqında öz nağılımı danışacam. Əfsanəvi yox, daha çox realist nağıllardan olacaq mənim nağılım. Ola bilsin ki, ara-sıra qarışdırdım. Amma siz bənd olmayın, ötüb keçin. Yazının janrını müəyyənləşdirmək də sizə qalıb. Mən onu nağıl adlandırdım. Nə isə, keçək nağılımıza və ənənəvi qayda da başlayaq.
Deməli, biri varmış, biri yoxmuş torpaq olan hər yerdə çoxlu daşlar varmış. Hələ də var. Bizim kimi onların da anası torpaqdır. “Doğma torpaq” dediyimiz torpaq. Daşların bir hissəsi anaları torpağın qoynuna sərələnmiş, əbədi sükuta qərq olmuşlar. Sanki yorğunluqdan daş kimi düşüb yatıblar. Lap bar gətirmiş daş zəmisinə bənzəyirlər. Biz bu zəminin barını-qəribə, cürbəcür böyüklükdə, cürbəcür rəngdə və formada olan daşları hər gün görürük.
Amma görə bilmədiklərimiz də var. Çünki çoxu hələ analarının bətnindədir, işıqlı dünyaya gəlmək üçün gözləyirlər. Amma hamiləlik dövrü bizdəki kimi doqquz ay yox, min, milyon illər çəkir. “Doğuşları” qorxulu nağıllara oxşayır, çox böyük nərilti, gurultu qopararaq gəlirlər. “Mamaçaları” əsasən zəlzələ, vulkan, partlayış, tufan, uçqun, sel, daşqın, daha nə bilim nələr olur. Bax, belə hay-küylə dünyaya gəlir, özlərini tanıdandan sonra ad alırlar. Yaşamağa, işə-gücə yarımağa başlayırlar. Amma yaman çox yaşayırlar, çox uzun ömürlü olurlar. Təsadüfən “ölürlər”. Elə bil ki, “Ölməz Kaşşey”dirlər.
Vətənləri göylərdən başqa, torpaq olan hər yerdir. Axı, onları torpaq “doğur”. Birdə ki, “göy üzü daş saxlamaz” ki. Nə qədər yuxarı qalxsalar da, yenə torpağa düşürlər-analarının qucağına qaçırlar.
Yurd yerləri həm bizim qalaktika, həm də bizə məlum olmayan qalaktikalardır. Məmləkətləri bizimkindən milyon dəfələrlə böyükdür. Məskənləri təkcə torpağın üstü deyil, həm də onun ən dərin qatları, okeanların dibi, dağların ən uca zirvələridir. Biz olmayan və ola bilməyən hər yerdə onlar var.
Çox, amma çoxxx yaşlıdırlar, ey. Nəinki əcdadlarımızdan, onların ulu babalarından da əvvəl var olublar. Əcdadlarımızın əcdadlarının dünyaya gəldiyi günü bilirlər. Şairin söylədiyi kimi, “İnsan yoxkən daşlar olub, yer üzünün vətəndaşı”.
Peyda olduğumuz gündən bizi çox istədilər. Bütün digər varlıqlardan çox istədilər. Hamımıza eyni gözlə baxdılar. Heç rəngimizin, cinsimizin, dilimizin və dinimizin fərqli olmasına da bənd olmadılar. Öz evlərində - mağaralarında ulularımıza sığınacaq verdilər. Əcdadlarımızı məhv olmaq təhlükəsindən xilas etdilər. Düşmənlərdən, vəhşi heyvanlardan, soyuqdan, istidən qorudular onları. Mərdlik, dözüm və cəsarət öyrətdilər, M.Araz demişkən, yaşamaq üçün “daş ayaqlı, daş əlli” olmağa məcbur etdilər.
Top, tank, qrad mərmilərinə dönüb düşmənə atılan daşlarımız oldular. Qaraca Çobanın üç yaşar dana dərisindən olan, hər atanda on iki batman daş atan sapandına yoldaş oldular, mələküzlü Şeytana atılmalarına belə etiraz etmədilər. Bu daşlar, daş nizələr və oxlar dəyən düşmənlər “daş dəymiş ayı kimi bağraraq” qaçdılar, ya da cəhənnəmə vasil oldular.
Bizim üçün elədikləri bunlarla qurtarmadı. Xəstələnəndə dərdimizə dərman da oldular. Öz sehrli güclərini işə salıb ölməyə qoymadılar bizi. Əsəb xəstəliyi olanlarimiz zümrüd daşı gəzdirdilər. Özünə qapananlarımız yaqut və sapfir taxdılar. Ürək tutması olanlar mirvarıdən, zəhərlənənlər zümrüddən, baş və göz ağrısından əziyyət çəkənlər kvarsdan ikiəlli yapışdılar. Malaxit onları kədərdən, qəmdən uzaqlaşdırdı, keçmişlə bağlı peşimançılıqlarını unutdurdu. Qanaxmanı dayandırmaq, xərçəngi müalicəsi etmək üçün opal daşından,qorxu hissi yaşayanlar yaqut, yaşıl, sarı və adi sapfirdən, doğuşunəziyyətsiz keçməsi üçün təbii aqat ametisdən yararlanmağa, 12 xəstəliyin dərmanı olan firuzədən və s. istifadə etməyə başladılar. Dahi təbib İbn Sina kəhrəbanın köməyi ilə dabanlardakı çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə etdi. Nəsirəddin Tusi isə kəhrəbanın tozunu çaya və ya suya qataraq içməyi məsləhət gördü.
Mirvari müdriklik gətirdi, zümrüd bədəni və ruhu təmizlədi, gül rəngli kvars sevgi yaratdı, qara almaz və şələ daşı cəsarət oyatdı. Əqiq daşı Peyğəmbəri “Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən, bəd nəzərdən, pisliklərdən uzaq olarsınız”, - deməyə məcbir etdi. Bu gün də daşlarla müalicə - litoterapiya davam edir. Onu bəzən XXI əsrin təbabəti də hesab edirlər.
Yenə bitmədi. Daşlardan qalalar, qəsrlər, qüllələr, türbələr, heykəllər ucaltdıq. Kəndlər, şəhərlər saldıq, yollar çəkdik, səkilər, pilləkənlər qurduq, evlər tikdik. İndi də tikirik. Hələ çox illər də tikəcəyik. Çünki həsrətlə divarlara qoyulacaqları günü gözləyən gözəl daşlarımız çoxdur.
Elədikləri bunlarla da qurtarmadı. Bir vaxtlar ulu babalarmız öz keçmişlərini “daş fırçayla daşlara çəkib”lər. Tariximizin şahidi olan həmin daşlar əcdadlarımızın tarixini qasid kimi günümüzə çatdırıblar, hələ də çatdırırlar. Çox vəfalı və etibarlıdırlar. Min illər bundan əvvəl əcdadlarımızın onlara əmanət etdiklərini olduğu kimi əmanətçilərə yetirirlər. Bu gün Göytürk (Orxon-Yenisey), Qlozel, Saymalı, Qobustan-Gəmiqaya, daşdan yapılan daşbaba, daşnənə, bəngüdaş, daşat, daşqoç kimi plastik daş fiqurlar və yer kürəsinə səpələnmiş minlərlə digər kitabələr türkün daş yaddaşına çevrilərək, tariximizə güzgü tutur, onu dananların başına daş kimi düşür. Həmin daş kitabələr nələrdən xəbər vermir, nələrdən…”Daşlaşan, torpaqlaşan ulu babalarımız” nə çətinliklərdən keçiblərmiş, nə qəhrəmanlıqlar göstəriblərmiş! Nə gözəl öyüd, nəsihət göndəriblər bizə! Bizlə babalarımızın dilində danışan, şanlı tariximizi bizə yenidən yaşadan, ulularımızın öyüdlərini günümüzə çatdıran daşlara, daş kitabələrə eşq olsun! Əbədi olsunlar! Yaşasın daş-insan dostluğu!
Daşların etdiklərini saymaqla qurtarmaz. Çörəyimizin unu üçün dəyirman daşı da oldular. Ta nə etsinlər bizim üçün daşlar?! Bir sözlə, yarandığımız gündən daş bizimlə bir yerdədir, bizə sadiqdir, bizə gərəkdir.
Bəs biz daşlar üçün nə etdik? Biz də az şey etmədik onlar üçün. Çox sevdik onları, ən azı onlar bizi sevən qədər. Hələ səmavi dinlər yaranmamışdan əvvəl öz Allahlarımızı və totemlərimizi daşdan yapdıq. Onları ziyarət daşı edib, yanaqlarından öpdük. O qədər sevdik ki, əzizləyə-əzizləyə vətən, qarın, soy, silah, yurd, sirr kimi sözlərimizə qoşub özümüz kimi vətəndaş (vətən daşı) adlandırdıq, özümüzə qardaş, soydaş, silahdaş, yurddaş, sırdaş hesab etdik. Bizə ad qoyduqları kimi, biz də Dədəm Qorqud sayağı “elədikləri qəhrəmanlıqlara” uyğun olaraq onlara ad qoyduq: elçi daşı, çəki daşı, qaval daşı, fəlsəfə daşı, sevgi daşı, uğur daşı, böyrək daşı, övlad verən daş, dekorativ daş, daş kitabə, dəyirman daşı, çaxmaq daşı, mişar daşı, çay daşı, cadu daşı, sehirli daş, ziyarət daşı, qara daş …və baş daşı.
“Balalarını” onlardan ayrı düşməyə qoymadıq. Hə, hə, balalarını. Uşaq vaxtı nəhəng boz, girintili-çıxıntılı daşları ata, bir az kiçik, sığallı və çox gözəl görünən daşları ana, ətraflarına səpələnmiş kiçik daşları onların uşaqları hesab edərdik. Böyüklərimiz bizə demişdilər ki, o balaca daşları yekə daşların yanından uzağa atan da onların anaları ağlayır, qarğış edirlər. Ona görə bir az uzağa düşən daşları “valideynlərinin” yanına toplayaqdıq ki, ata-analarından ayrı düşüb “ağlamasınlar”. Ağlamamaqları üçün hətta onlarla “Beşdaş” da oynayırdıq.
Daşa sevgimizdən, məftunluğumuzdan alpinist də olduq. Çılpaq, sal daş qayalara dırmaşıb, onların ismətli qızlar kimi bizdən gizlətdikləri başqa gözəlliklərini də gördük, yenidən valeh olub, vurulduq onlara. Onlara o qədər aşiq olduq ki, şair demişkən, bircə insan düşüncəmizi saxlayıb, taleyimizi daş qayaların taleyinə bağlamaq istədik. “Gəlin qayası”ndakı kimi. Bəzən daş olmaq ürəymizdən keçdi. Sevgililərimizin keçdiyi yollarda “bir daş olmağı” (Ə.Cavad) arzuladıq. Bəzən də özümüzü vətən daşına tay tutub dedik ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”.
Daşları o qədər sevdik ki, onları baş tacımızın, üzüyümüzün, sırğamızın, boyunbağımızın qaşı elədik, başımıza qoyduq, barmağımıza, qulaqlarımıza taxdıq, boynumuzdan asdıq. Bu daşlar üstümüzdə olduqca qürurlandıq, özümüzü dünyanın ən varlı adamı sandıq, lovğalandıq hətta.
Daş sözü dilimizin əzbəri oldu. Yaxşı və ya pis olan çox şeydə o sözdən istifadə etdik. Dərdimizi daşa danışıb yüngülləşdik. Dedik ki, “Dərdimi daşa dedim, daş əridi”. Pis adamlara, yaramaz iş görənlərə qarğış edəndə “Səni görüm daşa dönəsən”, “Başına daş düşsün”, “Yolundan daş əskik olmasın”, alqış edəndə “Daş kimi möhkəm ol”, “Daş kimi sağlam ol”, “Daş kimi ol” söylədik. Sirlərimizi qorumaq üçün “Bir daş altda, bir daş üstdə” deyib keçdik. İnsanları birliyə və həmrəyliyə səsləyəndə düşündük ki, “Daş daşa söykənər-divar olar”. Özünə adi umac ova bilməyənlər haqqında “Kəsək oturub daşın gününə ağlayır”, peşimançılıq çəkənlərə “Daldan atılan daş topuğa dəyər” dedik. Yorulub ağır yatan adama “Daş kimi düşüb”, daş ürəkliləri görəndə uzümüzü Yaradana tutub “Daş qəlbli insanları neylərdin, İlahi” söyləmirikmi!?
Daşı əbədilik rəmzi bilib, daşişləmə sənəti icad etdik. Oxşaya-oxşaya onların üzərində sənət əsərləri yaratdıq. Daşların hesabına çapma alətləri ilə qaşov, iskənə, biz və bıçaqlar, hörmə texnikası ilə bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq meydana çıxardıq. Daşlardan daş heykəllər düzəltdik, onların üzərində qrafik yazılar yazdıq, həndəsi və nəbati naxışlar çəkdik. Daşların köməyi ilə tariximizi gələcəyə daşıdıq. Bu daşlar əsrlərdən keçdi, gəldi. Qədim milli-mənəvi dəyərlərimizi təcəssüm etdirdilər.
Daşı müqəddəs sayıb daş kultu oluşdurduq. Onlar haqqında “Daş qız”, “Yada daşı”, “Elçi daşı”, “Oğlanqız daşı” kimi əfasanə və rəvayətlər, “El atan daş dağdan aşar”, “Dağın yaraşığı daşdır, insanın yaraşığı başdır”, “Keçmişinə daş atanı gələcək topa tutar” kimi atalar sözləri, “Daş üzük” və “Daş paltar” kimi nağıllar və “Ergenekon” kimi dastanlar, çoxlu bayatılar və şeirlər (Ə.Kərim: “Daş”, M.Araz: “Daş harayı”, M.Yaqub: “Daş”, A.Cəmil:”Daş haqqında düşüncələr”, R.Rövşən: “Göy üzü daş saxlamaz” və s.), mahnılar (“Ay bəri bax, bəri bax!” və s.) düzub qoşduq.
Tarixən nəhəng və iri sal qayalıqların, daşların olduğu yerləri müqəddəs saydıq. Bu daş qayaları və dağları qayınata-qayınana hesab edib, onlara baxanda hörmət və etiram əlaməti olaraq başımıza papaq qoyduq, yaylıq bağlayıb, yaşmaqlandıq.Daşa sığınmaq, daşdan istifadə etmək sonralar düşüncələrimizdə daş pirlərin, ziyarətgahların yaranması ilə nəticələndi. Həmin pirlərə inandıq, onlara güvəndik, ümidlə ziyarət etdik. Oğuzun Kərimli kəndindəki övlad verən daş ziyarəti (“Qoşa qardaş”) kimi.
Daşlara olan sevgimiz bəzən acgözlüyümüzə də səbəb oldu. Hamısı mənim olsun deyib, kəndləri, şəhərləri viran qoyduq, insanları soyub-taladıq. Onları məhv etdib, xəzinələrimizi həm də qiymətli daşlarla doldurduq. Nənəmiz Nüşabənin İskəndərə dedikləri də bizə dərs olmadı. Anlamadıq ki, daş yerində gözəldir. Heç kəs onu özü ilə o dünyaya apara bilməyib, bilməyəcək də.
Daş sevgimiz yaşayır, insanlar olduqca da yaşayacaq. İşə bax ki, daşları o qədər çox istəyirik ki, öləndə də onlardan ayrılmaq istəmərik, özümüzə baş daşı etdirik. Onlar da istəyimizi yerə salmayıb, bizim cismən mövcud olmadığımız dövrdəki kimliyimiz olurlar. Bir zamanlar var olduğumuzun, elədiklərimizin, təvəllüd və vəfat tarixlərimizin sübutuna, qəbrimizin ünvanına çevrilirlər.
Nağılımız başa çatmaq üzrədir. Amma indilik göydən üç alma düşməyəcək. Çünki daş-insan dostluğu və yardımlaşması davam edir. Bir teluqu atalar sözündə deyildiyi kimi, daşın və insanın taleyini qabaqcadan demək olmaz. Hələ çox şeylər ola bilər…
Sizlərə isə yeməli alma əvəzinə, daş kimi möhkəm və sağlam olmağı arzulayıram.
Qoy həyat yolunuz həmişə daşsız-kəsəksiz olsun! Yolunuza heç vaxt daş çıxmasın! Özünüz də düşmənlərimizdən başqa, heç kəsin yolunda daş olmayın!
Amma hər şeyə rəğmən Vətən daşını sevin, o bir parça daş da Vətəndir. Qürbətə düşəndə həmin o kiçicik daş üçün də burnumuzun ucu göynəmirmi!?
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
Nassim Taleb qaçqınlıq fəlsəfəsi barədə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün dünyaşöhrətli kouç, sosioloq
Nassim Talebin «Qara qu quşu» kitabından bəhs etməkdəyik.
Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.
QAÇQINLIQ FƏLSƏFƏSİ
Qaçqınlıq fəlsəfəsinə aid gətirilən fakt da çox maraqlıdır: 1960-cı ildə Kastro rejimi hakimiyyətə gələndə kubalı qaçqınlar müvəqqəti, bir neçə günlük Mayamiyə köç etmişdilər, çamodanlarının üstündə oturmuşdular ki, bu gün-sabah geri dönəcəyik. Onlar, onların sonra doğulan nəsilləri hələ də Mayamidədirlər. Və yaxud, 1917-ci ildə Rusiyadakı bolşevik inqilabı zamanı ölkəni tərk etmiş bir çox rus mühacirlər dərhal geri dönəcəklərini zənn edirdilər. Yazıçı Vladimir Nabokov geriyə dönüşü çox da uzun olmasın deyə yaxın Berlin şəhərini özünə məskən seçmişdi, daimi mənzil də almırdı, kirayə mənzillərdə, otel otaqlarında yaşayırdı. Beləcə o, geriyə dönüşü olmadan bütün həyatını başa vurdu, «Montre-Palas» hotelində gözünü əbədi yumdu. Ümidlər insanların gözlərini bəzən bax beləcə kor edir.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
Şəhidlər barədə şeirlər - Orxan Əlili
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Orxan Əlili
Azərbaycan Ordusunun əsgəri, Vətən müharibəsinin şəhidi Orxan Elşad oğlu Əlili 2000-ci il avqustun 23-də Şəmkir şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlili noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Baxıb gülümsəyirsən,
Məzarının danışdan.
Vətən tarixi yazdın,
Sən iyirmi yaşından.
Xocalıda tökülən,
Qanımıza qan dedin.
Bütün arzularını,
Vətənə qurban dedin.
Məzarına baxıram,
Sanki məzar dil açır.
Şəhidlərin məzarı,
Niyə belə nur saçır?
Nur saçan məzarına,
Səmalar qar ağlayır,
İldırımlar hönkürür,
Buludlar qan ağlayır.
Ağlayır bu məzarın,
Başında duran ana.
Oğul toyu, qız toyu,
Arzular quran ana.
Gedirəm, salamat qal,
Zəfər qayəsi şəhid.
Səni tanrı tanıyır,
Quran ayəsi şəhid.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
“Kızıl elma” – Cemil Sütbaş
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
Kızıl elma
Cemil Sütbaş
Bana, neredesin, diye soran yâr
Aklım, fikrim, esim, derdim Turan'da.
Hayalimde erkin[1], ata vatan var,
Kıpkızıl bir elma gördüm Turan'da.
Başladı yolculuk, ta kızıl Çin'den,
Urumçi'den, esaretin içinden,
İtler ve çakallar çıkamaz inden,
Dolaşırken benim kurdum Turan'da.
Mahmuzladım atım, Kaşgar'a vardım,
Türkçeden dokunmuş kilimler gördüm.
“Divan-ı Lügât”ın sırrına erdim,
Kaşgarlı Mahmut'u sordum Turan'da.
Tanrı Dağlarına, cibek[2] yoluna,
Üçmiñ[3] göl içinden Issık Gölü’ne,
Kırgız diyarına, Manas iline,
Gönül verdim, selam durdum Turan'da.
Bişkek'e ulaştım, Narın'a göçtüm,
Bozüyün[4] içinde kımızdan içtim.
Semerkant'a doğru sınırı geçtim,
Özbekler yurduna girdim Turan'da.
Özbek'te mübarek bir şehre vardım,
İbn-i Sinâ ile yaramı sardım.
Buhari'den Peygamberimi sordum,
Şifa buldu bütün derdim Turan'da.
Alçaktan, korkaktan arı Türkistan,
Hem alp, hem de eren, bâri[5] Türkistan.
Ahmed Yesevî ki, Pîr-i Türkistan,
Erenler yurduna vardım Turan'da.
Özbek menem, Kırgız menem, Türk menem,
Kavkaz'da Nogayman, Merv'de Türkmen’em.
İslam’a hizmetkar, necip ırk menem,
Gözüm gönlüm ata yurdum Turan'da.
Kazak'ta Kıpçak'ı, Hunları gördüm
Saka'yı, Göktürk'ü- bunları gördüm.
Bugünlerde gezdim, dünleri gördüm,
Yılları tarihe sardım Turan'da.
Dombıra telinde, kobuz yırında,
Sütlü çaydan içtim han çadırında.
Kartallarla uçtum Kazak kırında,
Turan'dan hayaller kurdum Turan'da.
Aktöbe'den çıkıp Hazar'ı aştım,
Astrahan'a, Nogayel'e ulaştım.
Beştav'da bir tastan Nogayşay[6] içtim,
Kökbörü'ye[7] selâm verdim Turan'da.
Dağıstan'da erkinlikdi oyladım,
Koban[8] suvdu, ta Tuna'ga bayladım.
Nogayel'ge ozdum[9], hamur iyledim[10],
Bardım Arslanbek'dı kördüm, Turan'da
Başkırt, Çuvaş, Yakut, Kumuk, Karaçay,
Tuva, Balkar, Hakas, Gagavuz, Altay,
Tofa, Yaka, Dolgan, Kırım, Kabartay-
Koskoca bir çınar gördüm Turan'da.
Turan'a esiyor Bakü'den rüzgâr,
Yeşil, kızıl, bir de gök, ay-yıldız var.
Özgürce dalgalan sonsuza kadar,
Azerbaycan'da sen, yurdum Turan'da.
Ezan ülkesinde, Tataristan'da,
Hanbike'yi okuyorum destanda.
Bir yanımda Elmet, Kazan bir yanda,
Edil boylarına vardım Turan'da.
Malazgirt'e doğru yolları aştım,
Sultan Alparslan'a orda ulaştım.
Yandan çıktım, etrafından dolaştım,
Ve haçı hilalle sardım Turan'da.
Yolum Adıyaman- uzak menzilim,
Isparta'da halı, Uşak'ta kilim.
Kastamonu'yu unutmuş değilim,
Ilgaz Dağlarını sordum Turan'da.
Erciyes'ten bakıp Hasan Dağı’nı,
Gördüm, Kayseri'de kurt otağını.
Türkülerde andım Gesi Bağını,
Derdim yeşil fındık Ordu'm-Turan'da.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
[1] erkin: özgür
[2] cibek yolu: ipek yolu
[3] üçmiñ: üçbin
[4] bozüy: oba, keçeden yapılan çadır
[5] bâr, bâri: tüm, tamam
[6] Nogayşay: Nogay Türklerinin geleneksel çayı
[7] Kökbörü: gökbörü, Nogay Türk mitolojisinde kanatlı kurt
[8] Koban suv: Koban nehri
[9] ozuv: geçmek
[10] hamur iylev: hamur yoğurmak
“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyaya qastrol səfərinə yollanacaq
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi oktyabrın 31-də Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Vene Kultuurikeskus teatrının səhnəsində çıxış edəcək.
Teatrdan AzərTAC-a bildirilib ki, qastrol səfəri zamanı Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında hazırlanan “Asılqan” tamaşası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir. Tamaşada əsas rolları aktyorlar Elşən Əsgərov və Ləman Mərrih ifa edəcəklər.
Səfər Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Karyera Təhsil Akademiyası və Teatr və konsert şəbəkəsinin dəstəyi ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.
Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət “Füzuli – 530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyəti Günlərinin önəmindən danışıb. Vurğulayıb ki, iki ölkə arasındakı dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından söz açıb. Bildirib ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Dahi şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir.
Azərbaycan Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Məhəmməd Füzulinin əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış edib.
Azərbaycanın Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair, tərcüməçi Fərid Hüseyn və başqaları çıxış ediblər.
Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek İskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda "Zərdabi nəşr"də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının daha bir konserti Şəmkirdə keçirilib
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı paytaxtla yanaşı, bir sıra bölgələrdə də maraqlı tədbir və konsertlərlə davam edir.
“Ədəbiyyat və incəsənət”portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir Alman Lüteran Kilsəsinin səhnəsində festival çərçivəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev) konserti keçirilib.
Xormeyster, Azərbaycanın Əməkdar artisti Naala Baratelianın rəhbərliyi, konsertmeysterlər Lalə Bağırzadə və Fərdin İlham Məhəmmədzadə, Əməkdar artist Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) müşayiəti ilə solistlər Orxan Əlizadə, Səbinə Əlizadə, Zəminə Ağayeva və Şahnaz Əliyeva öz ifalarını təqdim ediblər.
Proqramda Cahangir Cahangirovun “Əzmə tağları”, “Cənnətim Qarabağ”, “Durnalar” (xor üçün işləyəni Aidə Hüseynova), Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamının xor üçün işlənməsi (Vaxtanq İmanov), “Mən səni araram”, Tofiq Quliyevin “Lirik mahnı”, “Tez gəl”, “İlk bahar” əsərləri ifa olunub.
Musiqi axşamında, həmçinin Azərbaycan xalq mahnılarına da yer verilib. “Laçın”, “Qalanın dibində bir quş olaydım”, “Bağa girdim üzümə”, “Oyna, yar” (xor üçün işləyəni Vaqif Məstanov), “Aman, nənə” (xor üçün işləyəni Qalib Məmmədov), “Basma, basma tağları” (xor üçün işləyəni İbrahim İsmayılov) və “Nə baxırsan?” (xor üçün işləyəni Nazim Məlikovdur) mahnıları konsertə əlavə rəng qatıb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – İbrahim İlyaslının şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
İBRAHİM İLYASLI
QARŞINIZDA BİR ÖMÜR SAYĞI DURUŞUNDAYIZ
Vətən müharibəsinin şəhid və qazilərinə
Vətən sizə can dedi, Vətənə can verdiniz,
Damarları təpimiş torpağa qan verdiniz.
Otuz il otuz yerdən yaraları çatlayan,
Millətə qırx dörd gündə şəfayla şan verdiniz!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Bir çağrışı bəs etdi ali baş komandanın,
Yüz illərə tən oldu – hökmünə bax bir anın?!
Vahimədən yağılar pərən-pərən oldular,
Haləsi böyüdükcə çəkdiyiniz hilalın.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Belə cəng, belə savaş yer üzü görməmişdi,
Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...
Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,
On min doqquz yüz əlli gündüzü görməmişdi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Xan Araz Sizi görcək qəhərlənib ağladı,
Köhlən Xudafərinin şahə qalxdı tağları.
O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,
Bu tayda ucalınca sənin zəfər bayrağın!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Azğın düşmənlərinə çoxları çıxdı yiyə,
Avropa diş qıcadı, Asiya getdi küyə...
Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,
“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Nərənizdən Şuşada qaya qopdu, daş yandı,
O gün qaş qaralmadı, qaralacaq qaş yandı.
DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,
Odlu nəfəsinizdən düşmən başa-baş yandı!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Ruhlar səltənətində ucalıqlar sizindi,
Uca başlar sizindi - uca dağlar sizindi.
Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,
Məmləkətdə haqq olan bütün haqlar sizindi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Ürəyim pasrçalansın, üzüm ağ olsun!- dedi
Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.
Bundan böyük ibadət görünməyib cahanda -
Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
Azərbaycan adını sinənizdən asdınız,
Yeni tarix yaradıb, yeni dastan yazdınız.
Qazi hüzurlarıdır daha səcdə yerimiz,
Şəhid məzarlarıdır ən müqəddəs andımız.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
MƏNİ BU QƏLƏMDƏN QORU, İLAHİ
Küfr mənlik deyil... Əstəğfürullah!-
Sənə can atıram, sənə, ilahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, ilahi!
Burdan daşlayırsan, o yandan çıxır,
Ordan təpinirsən, burda hazırdı.
Dünən gözlərimlə gördüm, masamda
Əyləşib yerimə şeir yazırdı.
İşə yüyürürsən – iş yerindədi,
Dükana girirsən – vitrindən baxır.
Meyxanadan qovub rədd eləyirsən,
Məscidin önündə qarşına çıxır.
Gah əziz dost kimi girir qollara,
Gah qarşı səngərdə top dalındadı.
Gah dilənçi misal çıxır yollara,
Gah milyonçu misal qul halındadı.
Bir əli göydələn saraylar tikir,
Bir əli ehmalca qazır altını.
Söyürəm, əlimdən özgə nə gəlir,
Hərçi-pətərinin yeddi qatını.
Elə qucaqlayıb yer kürəsini,
Bir küncü-bucağı çıxmır yadından.
Şərqdə müharibə alovlandırır,
Qərbdə dil-dil ötür “barış” adından.
Yerdə sahibidi küll-ixtiyarın,
Bildiyi məkrdi, duyduğu kindi.
Şahlar ən sevimli oyuncaqları,
Rəiyyət ovcunda plastilindi.
Yoxmu bu gedişin dönüşü, yoxmu,
Yoxmu bu gərdişin sonu, ilahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, ilahi!
ƏFƏNDİM
Düşmən də çəkməsin mən çəkənləri,
Mən çəkən zülümdən olmaz, əfəndim.
Adamlar bir yana, bu məmləkətdə
Quş da salamımı almaz, əfəndim.
Həmdəmim odlardı, sirdaşım sular
Könlümü qəriblik bular, ha bular.
Qeybdən nida gəldi:–Boşalan dolar!
“Quyu su tökməklə dolmaz”, əfəndim.
Boranlar adlayaq, xəzanlar keçək –
Ömür-gün yalandı, vaxt-vədə gerçək.
Mənim gözlərimlə sulanan çiçək,
Ömrü billahında solmaz, əfəndim.
Yeddinci qatında haqqım var deyə,
Sidqinən eşqimi bağladım Göyə.
Tutlar saza dönə, qarğılar neyə
Qoşub qəmlərimi çalmaz, əfəndim.
Tapdım çəmini də, tutdum dilə də,
Necə hökm elədi, getdim elə də.
DÜNYA söylədiyin qaldı belə də,
Bə deyirdin «belə qalmaz, əfəndim»?
SİZİN DƏ MƏHLƏYƏ YAĞIŞ YAĞIRMI?
Sizin də məhləyə yağış yağırmı,-
Sular oynaşırmı navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?
Evinə torpağın ətri dolurmu,-
Açıb pəncərəni çölə baxanda?
Yenəmi ürkəksən həminki kimi,-
Yenəmi qorxursan şimşək çaxanda?
Kəndə dönürsənmi xəyallarında,-
Yadına düşürmü o payız günü?..
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı körpü”nü.
...Və qəfil başladı leysan tökməyə,
Sel ağzına aldı bərəni-bəndi.
Bir anın içində çay aşıb-daşdı,
İki yerə böldü “İncəsu” kəndi.
Başqa yermi vardı daldalanmağa?-
Qaçıb akasyanın altında durduq.
Birdən çəpərində Osman dayının
İşıq dirəyini ildırım vurdu...
Titrəyib əsirdin həyəcanından,
Tutub əllərindən,- qorxma, - söylədim.
Qorxulu nağıllar düşdü yadıma,-
Sənin qəhrəmanın olmaq istədim.
Xəyalən özümü çaya vururdum,
Ağaclar axırdı pərli-budaqlı...
Guya traktor da keçə bilməyən
Seli yaracaqdım... Eh, uşaq ağlı...
Yadındamı o nur, o ipək qarı?-
Sənəm nənə... Qaşdan bizə baxırdı.
-Ay bala, sətəlcəm olarsınız ki!-
Deyib, əl elədi, evə çağırdı...
Sonrası... Nə deyim, sonrası heç nə,
Buludlar dağıldı, yağış da kəsdi...
Ancaq, ürəyimdə şırım açmağa
Mənə bu xatirə bir ömür bəsdi.
Sizin də məhləyə yağış yağırmı?-
Sular sevişirmi navlçalarda?
Qırx ildi həmincə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?
DEYNƏN
Bu günü ömürlük saxla yadında,-
Adına günlərin gözəli deynən.
O gün bir ürəyi atdım odlara,
Alovu dünyamı bəzədi,- deynən.
O hər gün fələyin qalxar yanına,
Öz ruhu özünü bələr qanına...
Qəsəmi yollara, qəsdi canına,
Sevdası sən adda sözədi,- deynən.
Əzabı yenidi, ağrısı köhnə,
Ötdükləri tərdi, qarğısı köhnə.
Dəvası, dərmanı, sarğısı köhnə,
Yarası bir ömür təzədi,- deynən.
Havalı başında çən var, çisək var,
Onda eşq adına nə istəsək var...
Dəstində bir qoma qannı çiçək var,
Billahi, güzarı bizədi,- deynən.
Könlümün gizli bir şahzadəsidi,
AYın sirri, GÜNün ağ haləsidi...
Bu qoşma bir ahın şəlaləsidi,-
İbrahim eləcə mirzədi,- deynən,
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)