
Super User
Moskvada Azərbaycan Kinosu həftələri keçiriləcək
Yanvarın 22-dən fevralın 20-dək Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan Kinosu həftələri keçiriləcək.
XTNS-in mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, bu pavilyonun qonaqları hər həftənin istirahət günlərində Azərbaycan kinematoqrafçılarının ən yaxşı filmlərinə tamaşa edə biləcəklər. Giriş sərbəstdir.
Kino həftələri çərçivəsində Eldar Quliyev, Anar Rzayev, Rasim Ocaqov, Ramiz Fətəliyev, Yuli Qusman və başqa məşhur rejissor və ssenaristlərin sovet dönəmində və postsovet dövründə çəkilmiş filmləri nümayiş etdiriləcək.
Filmlərdə əsas rollarda Azərbaycan və Rusiya aktyorları - Fəxrəddin Manafov, Aleksandr Kalyaqin, Lev Durov, Həsən Məmmədov, Fuad Poladov, Muxtarbəy Kantemirov, Polad Bülbüloğlu, Leyla Şıxlinskaya, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Həsən Turabov və başqaları çəkiliblər.
Seansların cədvəli ilə XTNS-in saytında tanış ola bilərsiniz.
Əməkdar artist Teymur Əmrah Fəxri fərmanla təltif olunub
Mədəniyyət naziri Anar Kərimov əməkdar artist, tanınmış müğənni Teymur Əmrahın 50 illik yubileyi münasibətilə Fəxri Fərman imzaıayıb, Fəxri Fərman sənətkara təqdim olunub.
Əməkdar artistə mükafatı İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova təqdim edib. Sevilən sənətkara mədəniyyət nazirinin ən xoş arzularını çatdıran F. Acalova ona gələcək fəaliyyətində uğurlar azulayıb.
Nobel mükafatçısı Svetlana Aleksieviç “Forbes”in siyahısına görə 50 ən nüfuzlu qadından biridir
Amerikanın “Forbes” jurnalı “50 Over 50” siyahısında Avropa, Yaxın Şərq və Afrika bölgəsində (EMEA) 50 yaşdan yuxarı 50 ən nüfuzlu qadının adını açıqlayıb.
Siyahıda iki yazıçı - Svetlana Aleksieviç və Bernardine Evaristo da yer alıblar.
73 yaşlı yazıçı və jurnalist Svetlana Aleksieviç 2015-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını alan ilk Belarus vətəndaşıdır. O, Belarus Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun vitse-prezidenti, Belarus PEN Mərkəzinin sədridir.
Nigeriya mənşəli ingilis yazıçısı 62 yaşlı Bernardin Evaristo “Buker Mükafatı -2019” da daxil olmaqla bir neçə ədəbi mükafatın qalibidir. O, 2004-cü ildə Kral Ədəbiyyat Cəmiyyətinə qəbul edilib.
Bu gün görkəmli bəstəkar Şəfiqə Axundovanın doğum günüdür
Xalq artisti, bıstəkar Şəfiqə Axundovanın anadan olmasından 98 il ötür.
Yaşadığı keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.
Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb.
“Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.
Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.
Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı gənc ifaçı Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu gün də ifa edilir.
Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Bəstəkarın insan duyğularına toxunan mahnıları dinləyicilərin qəlbində ona əbədilik qazandırıb.
20 yanvarla əlaqəli “Bir nəfəs qədər” tamaşası növbəti dəfə göstərilib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında şəhidlərə, qazilərə, əsgərlərə və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" (pyesin müəllifi: Samir Qulamov) tamaşası növbəti dəfə nümayiş edilib.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada, eyni zamanda, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.
Həvvayla Adəmi cahil adlandıran Sezen Aksuya hücumlar artır
Son günlər Türkiyədə gündəmi Sezen Aksunun yeni oxuduğu mahnısında işlətdiyi “bu cahil Həvva və Adəmə salam söyləyin” kəlmələrinə cəmiyyətin neqativ reaksiyası tutmaqdadır.
Xüsusən, din xadimləri, Türkiyədə fəaliyyət göstərən pravoslav, katolik kilsələri və sinaqoq Sezen Aksunun Adəm peyğəmbəri təhqir etdiyi üçün cəzalandırılmasını istəyir.
Bu arada ünlü türk sənətçisinin
yaxın dostu Tarkan onu müdafiəyə qalxıb.
“Ədəbiyyat və incəsənət” portalı “Sondakika” xəbər ajansına istinadən məlumat verir ki, Tarkan Türkiyənin gündəmində oturan bu məsələdə Cesen Aksunu dəstəkləyib. Sezen Aksu ilə fotoşəkilini paylaşan Megastar öz sosial media hesablarında yazıb:"Sezen Aksu, o canlı əfsanədir, o bizimdir. Son günlər ona dəymiş ədalətsizlik, hörmətsizlik və rüsvayçılıq heç vaxt unudulmayacaq və tarixdə də əsla yazılmayacaqdır".
Günün fotosu: Son rus hərbçisi Qazaxıstandan çıxarıldı
Rusiya sülhməramlılarının son bölməsi başda general-polkovnik Andrey Serdyukov olmaqla Qazaxıstanı tərk ediblər, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Foto: Euronews
Metacritic-in versiyasında 2021-ci ilin ən yaxşı filmləri
Metacritic resursu 2021-ci ilin ən yaxşı filmlərini müəyyənləşdiribdir. TOP-50-yə daxil olan filmlər ən nüfuzlu kino nəşrlərinin reytinqləri əsasında hazırlanıb. Kriterilərdən biri də hər bir filmin ən azı 7 resenziya qazanmasıdır.
“Ədəbiyyat və incəsənət” portalı həmin reytinqi diqqətinizə çatdırır:
1.“Hara gedirsən, Aida?”
2.“Soulun yayı”
3.”Roks”
4.“Balaca ana”
5.“Yaddaş”
6.“Bu, dəfn deyil, bu, dirilmədir”
7.“Qaçış” (animasiya filmi)
8.“Maşınımım sükanı arxasında əyləş”
9.“Şəfaya doğru yolda”
10. Wojnarowicz: F**k You F*ggot F**ker (sənədli)
Qeyd:“Köpəyin hakimiyyəti”, “Dünyanın ən pis adamı”, “Fransız xəbərçisi”, “Annütt”, “Böyüklər üçün sərsəm kino” kimi filmlər dekabr reytinqindən fərqli olaraq onluqda öz yerlərini itirmişlər.
Şəkildə: “Hara gedirsən, Aida?” filmindən kadr.
Kitabları satılmırsa istedadlı yazarlar neynəməlidirlər?
Məntiqli sualdır. Xüsusən Azərbaycan üçün aktualdır. Tirajlar cüzi, kitab mağazalarının sayı az, tək-tük müəllifləri çıxsaq, əksər yazarlar nəşriyyat sifarişinin nə olmasından xəbərsiz, nəşriyyatların 99 faizinin mətbəə funksiyası daşıması, əhalinin alıcılıq qabiliyyətinin çox aşağı olması, cəmiyyətdə kitaba marağın ölgün vəziyyəti, ədəbiyyat üçün reklam bazarının olmaması, dünyaya çıxış üçün keyfiyyətli tərcümə və piar xərclərinə sponsor ola biləcək milli burjuaziyanın yoxluğu, daha nələr, daha nələr...
Bəs vəziyyətdən çıxış yolu varmı? Əslində, hər bir qıfılın açarı mövcuddur, ədəbiyyatımız tam reabilitasiya ala bilməsə belə onu qismən dirçəltmək olar. Nə cür? İstedadlı, ancaq öz istedadlarından bəhrələnə bilməyən gənc yazarlar kitabları satılan, ədəbiyyatdan qazana bilən tək-tük yerli yazıçılardan örnək götürə bilərlər, onların təcrübəsindən istifadə edib uğura doğru irəliləyə bilərlər. Yəni, mövcud qaydalar çərçivəsində Azərbaycanda 5 min tirajla kitab satmaq olar.
Bu qaydaları hər dəfə hissə-hissə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərin nəzərinizə çatdırıtıq. Bu dəfə sizlərə Rusiya ədəbiyyatında xüsusi çəkisi və yeri olan Maksim Burdinin nəşr evinin “Müvəffəqiyyətə gedən yol” adlı mülahizələrini çatdıracağıq. Daha əvvəl də portalımız oxucularını Maksim Burdinin nəşr evinin piar strategiyası barədə məlumatlandırmışdı. Azərbaycan üçün oturuşmuş kitab bazarı olan Qərb ölkələri ilə, lap elə canımız Türkiyə ilə paralellər aparmaq nöqsanlıdır, yəni onların nümunəsi bizə yaddır. Uzun illər sovet ideologiyası ədəbiyyatı ideoloji alətə çevirmiş bir məmləkətdə yaşamışıq, burada hər şeyi yazıçının əvəzinə ediblər, beş rəqəmli tiraj, böyük qonorar, ev-bağ-avtomobil güzəştləri və s. imtiyazlar yazıçıları ideoloji alət etməklə onlara bol rifah gətirib. Ona görə də biz kapitalist kitab bazarına öz xasiyyətimizlə gəlmişik, bir sözlə, meşəyə odunla girmişik. İlk olaraq bu vəziyyəti köhnə SSRİ respublikaları arasında Pribaltika, Gürcüstan və Rusiya nizamlaya bilib, onları da özümüzə örnək götürməliyik. Beləliklə, Maksim Burdinin nəşr evinin “Müvəffəqiyyətə gedən yol” adlı mülahizələrini diqqətinizə çatdırırıq:
Hörmətli yazarlar!
Biz əsassız iddialarla özlərini dahi sayan cızma-qaraçılara xitab etmirik, onlar bu mühazirəni oxumaya bilərlər. Cənab yazarlar, sizin gənc və ya yaşlı olmanızdan asılı olmayaraq dərhal əsas sualdan başlayaq: sizin nə alıcılar, nə tənqidçilər, nə oxucular, nə də kütləvi informasiya vasitələrinin heç cür reaksiya vermədikləri hazır kitabınız varmı? Onda ümumiyyətlə yaradıcılığınızın diqqətdən kənarda qalmaması, kitablarınızın satılması, oxunmasının dərhal qeydinə qalmalısınız. Zaman keçdikcə, kitabınız eyni cür müasir "tanınmamış şah əsərləri" arasında, alternativ məkanlarda, yüz minlərlə kitabların altında itib batacaq və ya daha acınacaqlı olaraq nəşriyyatdakı anbarlarda tozlanacaq. Və siz yekun olaraq tanınmamış bir müəllif olaraq qalacaq, mənfəətsiz keçinəcək, stimulsuz, bir şey yaratmaq ilhamı olmadan qalacaqsınız.
Bütün bunların məhz sizinlə baş verməməsi üçün nəyin bahasına olursa-olsun, istənilən vasitəylə (!!!) maraq doğurmaq, yaradıcılığınıza diqqət yetirmək gərəkiyir. Və diqqətin cəlb edilməsi sənəti (və ya daha dəqiq decək, texnologiyası) piar adlanır.
Bir daha sual edirik. Özünüzə güvənirsinizmi? Mövzunuz çəkicidirmi, bestseller yaratmağın qızıl qaydalarına riayət edərəkmi yazmısınız? Kitabınız yaxşı redaktə olunubmu? Demək, sizin əlinizdəki yüksək əyarlı qızıldır, saxta qızılların da at oynatdığı bir genişlikdə onlara real alıcı tapmağınız gərəkiyir. Min dolanbac yolun bircə çıxışı var: tanıtım. Buna piar, raskrutka və s. kimi adlar da qoyublar.
Məhz sizin özünüzə və kitablarınıza “raskrutka” lazım deyil deyə düşünmək hədsiz yanlış düşüncədir, lisimeriya nəyə lazımdır ki?
Piar hamı üçün lazımdır. Fərqli olur piar nümunələri: aqressiv və klassik piarlar, bahalı piarlar, partizan piarı... Lakin müəlliflərlə, onların yaradıcılığının və adlarının "tanıdılması" üzrə çoxillik iş təcrübəmizin göstərildiyi kimi, ictimaiyyətin müəlliflə maraqlanmasının ən yüksək faizi məhz piar imicindən sonra müşahidə edilməkdədir.
Bəs piar kampaniyasına nədən başlamaq lazımdır?
Kitabınızın satışından (platforma götürən faizlər istisna olmaqla) qısa müddətdə mənfəətin 100 faizinə qədər artırılmasını təmin edə biləcək vicdanlı piar agenti seçməlisiniz.
Şəxsi smm meneceri, eləcə də on milyondan çox abunəçi əhatəsi olan ədəbiyyat üzrə pablik şəxs, elektron və kağız ədəbi jurnallar sizə işləyəcək. Müsahibələr, resenziyalar, tanınmış ədəbiyyat tənqidçilərinin rəyləri, ən böyük nəşrlərdə şeirlərinizin və nəsrinizin dərc edilməsi yüz minlərlə oxucu və real gəlir gətirəcəkdir. Texnologiya sadədir: oxucu sizinlə, yaradıcılığınızla, sizin haqqınzda nüfuzlu rəylərlə tanış olur, sonra kitabınızın yerləşdiyi internet saytına daxil olur və onu satın almaq üçün pulunu ödəyir. Daha həvəskar oxucu kütləsi də var ki, dərhal kitab mağazalarına yürüyüb rəflərdən sizin imzanızı axtaracaq.
Bəs nə üçün müəllifin “raskrutkası”, yaradıcılığının populyarlaşdırılması, kitablarının təşviqi ilə məşğul olmaq bu qədər vacibdir? Və unutmayın ki, söhbət yalnız ədəbi karyeranın başlanğıcında olan müəlliflərdən getmir. Təcrübəli yazıçılara da piarlaşma yeni başlayanlara lazım olduğu qədər eyni dərəcədə vacibdir. Professional təşviqi, haqqında keyfiyyətli resenziyalar olmadan ən qiymətli, ən unikal yeni kitab belə ümumi müstəvidə görünə bilməyəcək, yalnız seçilmiş "dar dairədə” qapanaraq qalacaq, ondan az qism insan zövq ala biləcək. Maksim Burdinin nəşriyyat evi, məsələn, yazıçı piarını həyata keçirmək üçün “Nəşriyyatın partnyoru” layihəsindən yararlanır. Hazırkı çox mürəkkəb dövrdə nə qədər istedadlı müəllif olsanız da, oxucuya özünüzü necə təqdim edə bilmək qaydalarından xəbərdar deyilsinizsə, müasir kitab bazarının necə təşkil edildiyini başa düşmürsünüzsə, əmin olun ki, heç kim sizi görməyəcək, tanımayacaq. Mütləq arxanızda yaxşı bir piar menecer, yaxşı bir ədəbi agent olmalıdır, əlbəttə ki, arxanızda nüfuzlu bir nəşriyyat olması şərti ilə. Beləliklə, pis və ya yaxşı yazıçı olmağınızdan asılı olmayaraq savadlı bir piar kampaniysı aparmadan heç vaxt oxucu kütləsinə nail olmayacaqsınız.
Piar həm yeniləri tanıdır, həm köhnələri xatırladır.
Piar - gündəmdə olmaq deməkdir! Uğurlar və yalnız uğurlar arzusu ilə hər birinizə kitablarınızın adlarını “Ən çox satılanlar” reytinqində görməyi arzu edirik.
Nadir Zeynalovun retrospektiv sərgisi davam edir
Xəbər verdiyimiz kimi, YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ötən ilin noyabr ayında Xalq rəssamı Mir Nadir Zeynalovun “Mistik ruhun ömrü” adlı retrospektiv sərgi açılıb.
Bugünlərdə öz işini davam etdirən sərgiyə maraq hədsiz böyükdür.
Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsər nümayiş olunur.
Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub.
Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.
Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkərək, bütün incəlikləri əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.
Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.
Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.
“Ömür yolu” adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.
Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.
Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. “Sənətkarın həyatında bir gün” formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və “Bakı Abadlıq Xidməti” ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.
Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.
Sərgi bu il aprelin 3-dək ziyarətçilər üçün açıq qalacaq.