
Super User
Akademik Milli Dram Teatrı fəaliyyətini müvəqqəti dayandırıb
Son günlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb.
Belə ki, yanvarın 23-dən fevralın 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub.
Bu barədə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın7-dək məhdudlaşdırılıb. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.
Moskvada keçiriləcək uşaq rəsm və bədii qiraət müsabiqəsində Azərbaycan da təmsil olunacaq
Müstəqil dövlətlərin Kitabyayımı Assosiasiyası bu ilin mart ayında ənənəvi uşaq kitabı həftəsi təşkil edəcək. Kitab həftəsinin əsas məqsədi uşaq və gənclər arasında mütaliəyə marağı daha da artırmaq, onların mütaliə vərdişlərini inkişaf etdirməkdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucuları müsabiqədə iştirak edəcəklər.
Uşaq kitabı həftəsi çərçivəsində uşaq rəsm müsabiqəsi də təşkil olunacaq. Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına təqdim olunan 10 ən yaxşı rəsm Moskvada keçirilən müsabiqəyə göndəriləcək. Münsiflər heyətinin qərarı ilə müsabiqədə iştirak edən 60 ən yaxşı rəsm nəşr olunan albomda yerləşdiriləcək. Qaliblər diplom və albomla təltif olunacaqlar.
Rəsm müsabiqəsinə 2022-ci ildə yubileyləri qeyd olunan yazıçıların əsərlərinin motivlərinə çəkilmiş şəkillər də təqdim ediləcək. Onların arasında Conatan Svift, Luis Kerrol, Alen Aleksandr Miln, Konstantin Paustovski, İvan Yefremov, Veniamin Kaverin, Astrid Lindqren, Eduard Uspenski vardır.
Qeyd edək ki, şəkillər A4 və yaxud A3 formatında rəng və ya karandaşla vatman kağızında çəkilməlidir. Şəkillər və videoçəkilişlər martın birinədək Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına təqdim edilməlidir.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev "Azercell"in prezidenti Zərinə Zeynalovanı təltif edib
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev "Azercell" MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüş keçirib.
Görüş zamanı Elnur Əliyev "Azercell"in 2021-ci il ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına xüsusi yanaşmasına görə şirkətin prezidentinə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2021-ci il ərzində “Azercell”in dəstəyi ilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audiomateriallar "Azercell"in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib. Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn olunub. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.
Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, "A" hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, "B" hərfi "Yeddi gözəl" poemasındakı Sasani hökmdarı Bəhramı, “F” hərfi isə məşhur Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.
Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami İli” elan edilməsi dövlətimizin, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami İli” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev deyib: "Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir".
Daha sonra Elnur Əliyev "Azercell" şirkətinin prezidenti Zərinə Zeynalovaya “Nizami Gəncəvi-880” xatirə nişanını təqdim edib.
“Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” kitabı nəşr edilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə keçirdikləri “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” adlı beynəlxalq konfransın materialları toplu halda nəşr olunub.
AzərTAC xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və dahi özbək şairi və görkəmli dövlət xadimi Əlişir Nəvainin anadan olmasının 580 illiyi münasibətilə bu kitabda hər iki ölkənin tanınmış alimlərinin, tədqiqatçılarının, ziyalılarının məqalələri çap edilib.
Kitabda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Özbəkistanın ölkəmizdəki səfiri Bəhram Əşrəfxanov, Amanulla Ceyhunun çıxışları, eyni zamanda Azərbaycan alimlərindən AMEA-nın müxbir üzvü Nüşabə Araslı, akademik Teymur Kərimli, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), dosent Aygün Bağırlı, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, dosent Akif Azalp, nizamişünas, dosent Zəhra Allahverdiyeva, nizamişünas, dosent Təhminə Bədəlova, nizamişünas, dosent Əzizağa Nəcəfzadə Özbəkistandan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov, Əlişir Nəvai adına Beynəlxalq Fondun direktoru Alimcan Dövlətov, professorlar İbrahim Haqqul, Nurbay Cabbar, Alimcan Duysenbayev, nəvaişünaslardan Ədhəmbəy Alimbəyov, Gülbahor Aşurova, Erqaş Oçilovun, Mirzə Gəncəbəy, Aysara Məmmədəliyeva İlhambəy Qurbanbayev, Nüsrətulla Cumaxoca və Uzak Juraqulovun Nizami Gəncəvi və Əlişir Nəvai haqqında yazdıqları qiymətli tədqiqatları yer alıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktorları akademik İsa Həbibbəyli və professor Şöhrət Siracəddinov, toplayıb nəşrə hazırlayan və redaktoru filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), rəyçiləri AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, məsul katibi Şəbnəm Babayevadır.
Günün fotosu: Burkino-Fasoda dövlət çevrilişi
Uqaduqu sakinləri Burkino-Fasoda hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsini bayram edir. Prezident Kabore islam təmayüllü qüvvələrə çox meydan verməkdə günahlandırılır.
Foto: Euronews
“Oskar” mərasiminin bəzi nüansları açıqlanıb
“Oskar” mərasimi son 3 ildə aparıcısız keçirilsə də, bu dəfə fərqli olacaq.
Xarici KİV xəbər verir ki, Kino Sənətləri və Elmləri Akademiyası bu il tədbirin daha ənənəvi formatda keçiriləcəyini açıqlayıb. “Variety” nəşrinin məlumatına görə, artıq bir neçə məşhur 94-cü “Oskar” mərasiminə aparıcılıq etmək üçün dəvət olunub.
Qeyd edilib ki, hazırda müzakirələr ilkin mərhələdədir və hələ konkret qərarlar qəbul edilməyib. Son sözü “ABC” şəbəkəsi, Akademiya və prodüser Vilyam Paker deyəcək. “Variety” mərasimin aparıcısı ola biləcək ulduzların adlarını da çəkib: “Dueyn Conson, Kevin Hart, Cimmi Kimmel və Tiffani Haddişin bu vəzifəni tutmaq ehtimalı azdır, Tina Fey, Emi Poler və Maya Rudolfun isə fəxri yeri tutmağa şansı daha çoxdur”. “Variety”nin məlumatına görə, şounun aparıcısı daha böyük ehtimalla “Eyni binada ancaq qətllər” serialının ulduzları – Stiv Martin, Martin Şort və Selena Qomez ola bilər.
“Oskar” mərasiminin son dəfə aparıcısı məşhur Kimmel olub və bu dəfə mərasimə birdən çox ulduz gətirmək qərarı məntiqli görünür. Bu, müxtəlif auranın köməyi ilə tamaşaçıların bir neçə təbəqəsinə ulaşmağa və tədbirin əhatə dairəsini artırmağa imkan verəcək.
Xatırladaq ki, növbəti “Oskar” mükafatlarının təqdimat mərasimi martın 27-də keçiriləcək.
The Weeknd “Spotify”də ən çox dinlənilən ifaçı olub
Efiopiya əsilli kanadalı ifaçı The Weeknd (Eybel Tesfaye) son bir ayda “Spotify”də ən çox dinlənilən müğənni olub. TASS xəbər verir ki, müvafiq statistikanı sözügedən musiqi servisi yayıb. Müğənninin kompozisiyalarının dinləyici sayı ay ərzində 85,7 milyon təşkil edib. “Daily Mail” nəşrinin yazdığına görə, bu uğur ifaçının yanvarın 7-də işıq üzü görən yeni “Dawn FM” adlı albomunun populyarlığı ilə bağlıdır.
İkinci yerdə 83,3 milyon dinləyici ilə kanadalı müğənni Castin Biber qərarlaşıb.
Qeyd edək ki, “Spotify” servisi 2008-ci ildən fəaliyyət göstərir. Hazırda 381 milyondan çox istifadəçisi var.
“Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır” - Firidun bəy Köçərlinin müdrik kəlamları
“Ədəbiyyat və incəsənət” portalı görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin müdrik kəlamlarını təqdim edir:
Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz .
Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin.
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin.
Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır.
Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri toplayıb bu kitabı tərtib etdim ki, onlar unudulub xatirələrdən çıxmasın.
Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir.
Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövqmənd etməlidir.
Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin.
Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tərcümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxumaqdan rəğbətləri kəsilir. Dilin şivəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır. Mərhum Həsənbəy Məlikovun “Əkinçi” qəzetinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barəsində bir az fikir eləyin.
“Eurovision 2022" mahnı müsabiqəsinin loqosu təqdim edilib
Bildiyiniz kimi, Eurovision 2022" mahnı müsabiqəsi bu il mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək.
TASS agentliyi xəbər veriri ki, builki musiqili yarışmanın sloqanı "The Sound of Beauty" ("Gözəlliyin səsi") olub. Loqo isə səs dalğaları ilə hazırlanıb.
Mikayıl Müşfiqin və Əli Kərimin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında dərc edilib
İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində istedadlı Azərbaycan şairləri Mikayıl Müşfiqin və Əli Kərimin ispan dilinə tərcümə olunmuş şeirlərinin və yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Mikayıl Müşfiq poeziyasının şah əsərləri sayılan “Küləklər”, “Yenə o bağ olaydı”, Əli Kərimin məşhur “Qış günündə” və “Daş” şeirlərinin ispan dilinə sətri tərcümə müəllifi Tutuxanım Yunusova, bədii tərcümə müəllifi tanınmış ispan tərcüməçisi Raul Poggi Alexandrodur.
Qeyd edək ki, “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.