
Super User
Mədəniyyət sahəsində gənc istedadlar mükafatlandırılıb
Hər il 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif sahələrdə uğur qazanmış gənclərimiz dövlət başçısı tərəfindən mükafatlandırılır. Bu gün dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özünü təsdiq etməsinə, tanınmasına münbit şərait yaradır. Hazırda istedadlı gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 1 fevral 2022-ci il tarixində “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər Gənclər üçün Prezident mükafatlarına layiq görülüb.
Mədəniyyət nominasiyası üzrə mükafatçılar sırasında Hüseynov Orxan İsa oğlu və Quliyev Azər Alik oğlu da yer alıb.
Mükafatçılarımızı yaxından tanıyaq:
Orxan Hüseynov 1999-cu ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ifaçılıq fakültəsində bakalavr (sabah qrupları) təhsili alıb. Hal-hazırda Akademiyada eyni istiqamət üzrə magistr təhsilini davam etdirir.
Təhsil aldığı illərdə Leonid Kerbel, Jerome Pernoo, Vladimir Perlin, Christian Poltera, Alen Meunier, Alexandr Chidchavadze, Yuko Miyaqawa, Aleksei Seleznyov, Petr Prause, Klaudio Marini, Pierluigi Rugierre kimi ifaçılardan ustad dərsləri almış. Azərbaycan Dövlət Simfonik orkestri, Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti, maestro R.Abdullayev, F.İbrahimov, F.Kərimov, T.Göycayevin rəhbərliyi altında konsertlərdə solo ifa etmiş. Paris, Berlin, Moskva, Tbilisi, Küveyt, Vatvil, Lixtenşteyq və s. şəhərlərdə dəfələrlə qastrol səfərlərində iştirak edərək Azərbaycanı təmsil etmişdir.
2020-ci ilin yanvarından «Baku Chamber Orchestra» gənclər kamera orkestrinin, 2021- ilin iyulundan «cadeNZa» orkestrinin artistidir.
2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na, 2016-ci ildə isə Prezident Təqaüdünə layiq görülüb, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.
Daha bir mükafatçımız Azər Quliyev 1997-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino tənqidi üzrə bakalavr və magistr (fərqlənmə diplomu ilə) təhsili alıb.
Rejissorun “Pa-Pa” adlı ilk filmi nüfuzlu Avrasiya Beynəlxalq Film Festivalında, Gürcüstanın Batumi şəhərində keçirilən Batumi Beynəlxalq Art-House Film Festivalının əsas müsabiqə proqramında yer alıb.
2021-ci ildə gənc rejissorun “Təngnəfəs” filmi cənub-şərqi Avropanın ən böyük və dünyanın nüfuzlu film festivallarından sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramına dəvət almış və filmin dünya premyerası həmin proqram çərçivəsində baş tutmuşdur. Müxtəlif vaxtlarda “Təngnəfəs” filmi Bişkek şəhərində baş tutan “MDB ölkələrinin gənc kinosu” adlı “Umut” Beynəlxalq kinoforumuna, Gürcüstanın Batumi şəhərində keçirilən Batumi Beynəlxalq Art-House Film Festivalına, Belarusun Minsk şəhərində keçirilən və “FİAPF”-ın akkreditasiyasına malik olan nüfuzlu “Listopad” film festivalına, Qazaxıstanda keçirilən (“Jaiyq”) Beynəlxalq Film Festivalına, “Moskva Premyerası” adlı MDB ölkələri arasında keçirilən nüfuzlu film festivalına dəvət alıb və orada böyük maraqla qarşılanıb.
2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” adlı pitçinq layihəsinə “Mozalan” studiyası adından, “İkinci planetin qırmızı rəngi” adlı layihə ilə qatılıb və qaliblər sırasında yer alıb.
2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Axundova Lalə Əhməd qızı
Bayramova Emiliya Polad qızı
Əliyev Azər Ruslan oğlu
Gülaliyeva Səyyarə Müşfiq qızı
Hidayətov Coşqun Hikmət oğlu
Hüseynov Orxan İsa oğlu
Xəlilli Əliqənbər Yadigar oğlu
Qasımov Əziz Kamal oğlu
Quliyev Azər Alik oğlu
Muradov Suad Rəşad oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2022-ci il
Bakı Uşaq və Gənclər Teatrının fevral repertuarı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı 2022-ci ilin fevral ayı üçün repertuar planını təqdim edib:
5 fevral -“Göyçək Fatma”
12 fevral - “Fidan və Qoğal”
19 fevral -“Qarınqulu ayı” (Premyera)
26 fevral - “Cənnətə bilet”
Qeyd edək ki, tamaşalar Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət Sarayının səhnəsində oynanılacaq.
Bakıda “İşıqlı kuklalar şousu” təqdim olunacaq
Mayın 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera Studiyasının konsert zalında Nikolay Zıkov teatrının (Moskva) təqdimatında, uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunacaq.
AzərTAC xəbər verir ki, öz kreativliyi ilə fərqlənən, yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq. Biletləri şəhərin kassalarından əldə etmək olar.
Qeyd edək ki, dünyanın ən tanınan kuklaçılarından biri olan Nikolay Zıkovun təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 50-dən çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Həmçinin o, yenilikçi yaradıcılıq fəaliyyəti və peşəkar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Kirpi günü, Mikoyanın atla gedişi və 8000 dollara qəzet
2-3 fevralın təqvimi Varisin təqdimatında
Ümumdünya su-bataqlıq hövzələri günü
Bu günü təqvimə salmaqda məqsəd müxtəlif ölkələrin ictimaiyyətinin və hokumətlərinin diqqətini su-bataqlıq hövzələrinin qiymətli sərvətinin qorunmasına cəlb etməklə planetin dayanaqlı inkişafına dəstək verməkdir. Ümumdünya su-bataqlıq hövzələri barədə Konvensiya 1971-ci ildə İranın Ramsar əyalətində imzalanmışdır, o vaxtdan ona Ramsar Konvensiyası adı qoyulub. Hazırda bura 144 ölkə qoşulub, Konvensiya hüdudlarına daxil olan su-bataqlıq hövzələrinin ərazisi isə 122 milyon hektara bərabərdir.
Bu hövzələrdə tarix boyu brokonyerlər quş, heyvan və balıq ovlayırlar. “Qaşqaldaq ovu” adı altında Azərbaycanda xüsusən quşlara qarşı kütləvi məhvetmə kampaniyası geniş vüsət alıb. Odur ki, hamı birləşib ekoloji tarazlıq üçün əhəmiyyətli rol oynayan su-bataqlıq hövzələrinin qorunmasına çalışmalıdır.
Azərbaycanda Gənclər günü
Bu gün Azərbaycanda gənclər günüdür. Belə bir gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Bu, Azərbaycanda gəncilyə göstərilən diqqət və qayğının bir nümunəsi sayıla bilər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. 1998-ci ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də belə bir gün qeyd olunmağa başlandı. Dünyada 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Bu il Gənclər və İdman Nazirliyi Gənclər günü münasibəti ilə Gənclər həftəsi elan etmişdir, ən böyük forumlarda, toplantılarda gənclər bir araya gəlirlər, fəal gənclərin əməyi qiymətləndirilir.
Bu sahədə əhəmiyyətli işlər görən qurumlardan Sabunçu və Sumqayıt Gənclər Evlərini ayrıca qeyd edə bilərik.
Bayramınız mübarək, əziz gənclər!
Ümumdünya Havay gitarası günü
Jumping Flea – dizüstü slayd-gitara 1880-ci ildə Portuqaliyada kəşf olunub, hazırda dünya musiqi irsində əhəmiyyətli yer tutur, bu səbəbdən də ayrıca bir gündə onun mövcudluğu bayram edilir.
Kirpi günü
Bu qəribə canlıların gününü təqvimə salmağın maraqlı tarixi var. Qədim romalılar ilan-əqrəbdən həyətlərini qorumaq üçün kirpilərin köməyindən yarınırlarmış. (Bizdə həyət və bağ evləri sahələrinə bu məqsədlə kirpi buraxmaq adəti hələ də qalmaqdadır). Kirpi gözünə döndüyüm də fevral ayında qış yuxusuna gedib öz işini tale ümüdinə buraxırdı, ilan-əqrəb basqısı gündəmdə vacib məsələ kimi dururdu. Buna görə də romalılar kirpiləri yatmağa qoymur, onları xüsusi qarmaqla oyadırdılar. O vaxtdan fevralın əvvəli kirpi günü kimi qeyd olunur.
Özünü qorumaq üçün üzərində iynə gəzdirən bu canlını xalqımız “sancmaq rəmzi” hesab edir, amma hərfi mənada yox, dolayı mənada. Yəni sözlə, zarafatla, yumor və satira ilə sancmaq. Təsadüfi deyil ki, ölkəmizdə “Kirpi” satirik jurnalı uzun illər fəaliyyət göstərərək nöqsanları aşkarlamışdır.
Kirpi günündə hamınıza kirpi iynəsindən kənar qalmaqla düzgün və ədalətli olmağı arzulayırıq.
Küləklər, küləklər...
Bu gün eston xalqı Tartu müqaviləsinin ildönümünü, çexlər Xromnitsa adlı dini bayramı, ispanlar Kandelyariyalı Müqəddəs Ana gününü, filippinlilər Konstitusiya gününü, latışlar Külək gününü qeyd edəcəklər. Öz aramızdır, Latviyada külək çox əsir, yoxsa bizim Bakıda? Bir ilin azı 300 günündə Bakıda gah Xəzri əsir, gah Gilavar, gah da ikisi birləşir. Bakımıza küləklər şəhəri adını da biz qoymuşuq. Haçansa xalq olaraq xoşbəxt olsaq, normal güzəranımız qurulsa, onda xahiş edirəm ki, biz də küləklər gününü bayram edək. Özü də, rüzgarlar əsən oktyabr ayında.
O ki qaldı amerikalılara, bu gün onlarda Milli Tater-tot günüdür. Ad qəribə səslənsə də ağlınıza kənar şey gətirməyin. Söhbət ABŞ-dan gedirsə, demək, bu hansısa mətbəx bayramıdır. Təqribən, bizim kartof perajkimizə oxşayan dadlı qidanın günüdür.
Mikoyanın atla gedişi
1986-cı ilin 2 fevralında Hindistanda Roma Papası ilə Dalay-Lama görüşüblər, bu görüş dünya siyasətində müəyyən dəyişikliklərə meydan açıb. 1970-ci ildə Münhendə tarixdə ilk dəfə əsəb transplantasiyası əməliyyatı keçirilib. 1937-ci ildə Qosfilmfond – SSRİ Sövlət Kino Fondu yaradılıb. 1935-ci ildə tarixdə ilk dəfə məhkəmə prosesində yalan dedektorundan istifadə edilib. 1932-ci ildə Mikoyan əsasən erməniləri düşünərək Ukraynadan və Kubandan 2 milyon pud buğda və 2 milyon pud qarğıdalı qopararaq Qafqazın ehtiyat dən fondunu yaradıb.
Boksçular, agah olun, 1892-ci ilin bu günündə tarixdə ən uzun boks yarışı olub, Harri Şarp və Frenk Krosbi arasında 76 raund davam edən döyüş 5 saat 3 dəqiqə uzanıb. 1870-ci ildə Reuters agentliyi iki başqa agentliklə birləşərək tarixdə ilk dəfə informasiya şəbəkəsi yaradıb. 1863-cü ildə yazıçı Samuel Klemens ilk dəfə Mark Tven imzasıyla çıxış edib. 1653-cü ildə Yeni Amsterdam qəsəbəsi şəhər statusu alıb. Bu gün həmin şəhər Nyu-York adını daşıyır.
1556-cı ildə Mərkəzi Çində planetin tarixinin ən dəhşətli zəlzələlərindən biri baş verib, Şansi və Xenan əyalətlərində 820000 insan həlak olub. 1536-cı ildə La-Plata çayının qərb sahilində ispan Pedro Mendoza Buanes-Ayres şəhərinin əsasını qoyub. 1274-cü ildə Florensiyada Dante ilə Beatriça arasında ilk görüş baş verib, bu görüş “İlahi komediya”nı yazan dahi şair üçün bütün həyatı boyu ilham mənbəyi olub.
Şakiraya təbrik düşür
1977-ci ilin bu günündə Kolumbiyada müasir pop musiqisinin kraliçası Şakira dünyaya gəlib. Narkomafiyanın başında duran Eskobar, ədəbiyyatın başında duran Markesdən sonra o, pop musiqisinin başında duran üçüncü ən məşhur kolumbiyalı kimi tarixə düşüb, biləsiniz. Şakiranı 45 illik yubileyi münasibəti ilə niyə də təbrik etməyək?
Bu gün azərbaycanlı yazıçı, əslən Cəlilabaddan olan, ədəbiyyat tariximizə “Alagöz” hekayəsi ilə düşmüş Meyxoş Abdullanın da yubileyidir, 60 illiyidir, onu da təbrik edirik.
Bu gün mərhum dilçi, filoloq Ağamusa Axundovun da yubileyidir, 90 illiyidir. Ağamusa Axundov barədə ayrıca qeydləri portalımızda oxuya bilərsiniz.
1904-cü ildə rus as-təyyarəçisi Vasiliy Çkalov, 1896-cı ildə Brodveyin əsas baletmeysteri, baletdə “dərinlik effekti”nin yaradıcısı Annabel Vudsford, 1861-ci ildə Nyu-York Müasir incəsənət muzeyinin yaradıcısı Solomon Quqqenhaym dünyaya gəliblər.
Əli Vəliyev, Mendeleyev...
Bu gün dünyadan köçənlərə gəlincə, 1983-cü ilin 2 fevralında Azərbaycan sovet xalq yazıçısı Əli Vəliyev, 1969-cu ilin bu günündə “vəhşət filmlərinin kralı” Boris Karloff, 1920-ci ildə Amerika qütb tədqiqatçısı, Şimal qütbünə ilk dəfə ayağı dəyən Robert Edvin, 1907-ci ildə rus kimyaçısı, dövri elementlər cədvəlinin kəşf etmiş Dmitri Mendeleyev, 1660-cı ildə şöhrətli flamand rəssamı, tarixi rəsm janrının böyük nümayəndəsi Qovert Flin vəfat ediblər.
3 fevral
Hissediləcək sıçrayış günü
Bu bayramın kökündə kiminləsə mövcud olan çox pis münasibətlərin ani qərarla, kökündən dəyişilməsi durur. Bəzən kimsə əxlaqca pozğunla, narkomanla, əyyaşla, ümumən, pis adamla münasibətini illər uzunu qıra bilmir, beləsindən ancaq ziyan görür. Bu 3 fevral günü qəti qərar qəbul etmək üçün ən uyğun vaxtdır. Necə ki, ağacın quru budaqları kəsilməsə ağac inkişaf etməz, eləcə də insan arzuolunmaz tanışlıqlardan qurtulmasa inkişafdan qala bilər. Haydı, qırılın pis bağlardan!
Şpisbergendə qütb cazı festivalı
1998-ci ildən dünya cazsevərləri 3-5 fevral günlərində Norveçə üz tuturlar, orda qütb dairəsində möhtəşəm caz festivalında – Polar Jazz-da iştirak edirlər. Bu, həm də dünyanın ən şimal musiqi festivalı kimi tarixdə ayrıca yer tutur.
Koronavirus dövrü olsa da Şpisbergendə bu il olduqca mötəbər cazmenlərin iştirakı gözlənilir. Bir sözlə, əsil caz bayramı olacaq.
“Musiqi ölən gün”
Musiqi ilə bağlı bugünkü təqvimdə daha bir xatırlatma var. Bu gün dünyada “Musiqi ölən gün” adı ilə qeyd ediləcək. 1959-cu ilin 3 fevralında əfsanəvi Amerika rok musiqiçiləri Baddi Xolli, Riçi Valens və Böyük Bopper (C.Riçardson) aviaqəzada həlak olublar, onların xatirəsini bütün dünya roksevərləri yad edəcəklər.
Vyetnamlılar Kommunist partiyasının yaranışını, tailandlılar veteranlar, mozambiklilər qəhrəmanlar gününü, avstriyalılar qulluqçuların məzuniyyəti gününü qeyd edəcəklər. Yaponlarda Setsubun günüdür, baharın nəfəsinin duyulması bayramıdır.
Amerikada isə Milli yerkökü tortu günüdür.
8000 dollara qəzet
2009-cu ilin 3 fevralında İran ilk dəfə kosmik fəzaya “Omid” (yəni Ümid) adlı milli peyk buraxıb. 2005-ci ildə tarixin ən bahalı qəzeti Çində işıq üzü görüb, Şençjen şəhərində Economic Daily qəzetinin xüsusi buraxılışı qızıl kağızda çap olunub, hər nüsxə 8000 dollara satılıb. 1992-ci ildə müstəqil Ukrayna Türkiyə ilə diplomatik əlaqələr qurub. 1987-ci ildə SSRİ-nin eks daxili işlər naziri, SSRİ-nin baş katibi Leonid Brejnevin kürəkəni Yuriy Çurbanov rüşvət maddəsi ilə həbs olunub. 1984-cü ildə Kaliforniyada süni mayalanma yolu ilə ilk uşaq dünyaya gəlib. 1969-cu ildə Fələstin milli konqresinə Qahirədə Yaser Arafat rəhbərliyə gətirilib. 1962-ci ildə ABŞ rəhbərliyi sosialist Kubasına iqtisadi embarqo qoyub. 1815-ci ildə İsveçrədə dünyada ilk pendir istehsal edən fabrika açılıb.
Kimlər gəldi...
1947-ci ildə Amerikanın müasir dövr qızıl yazıçıları pleadasında yer almış Pol Oster, 1891-ci ildə Azərbaycan yazıçı-səlnaməçisi, istiqlalçı mühacir, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli, 1874-cü ilin 3 fevralında Amerika yazıçısı, “itirilmiş nəsil” termininin yaradıcısı Gertruda Stayn, 1872-ci ildə məşhur Ukrayna memarı, Kiyevdə Nazirlər Kabinetinin binasını tikmiş İvan Fomin, 1820-ci ildə dünyanın ilk qadın həkimi Elizabet Bekvil dünyaya gəliblər.
Bu gün iki azərbaycanlı məmurun da doğum günləridir. 1954-cü ilin bu günündə Laçında hazırda Sumqayıtın icra hakimiyyəti başçısı işləyən, Sumqayıt bulvarı möcüzəsinin müəllifi Zakir Fərəcov dünyaya gəlib. 1941-ci ilin bu günündə Gəncədə isə Azərbaycan Milli Məclisinin komitə sədri olan, parlament tariximizdə, eləcə də ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri olan Arif Rəhimzadə doğulub.
Kimlər getdi...
1994-cü ilin 3 fevralında tanınmış Azərbaycan lirik tenoru, xalq artisti Rauf Atakişiyev, 1990-cı ilin bu günündə istedadlı aktyor, sevilən obrazlar yaratmış Hamlet Xanızadə, 1944-cü ilin bu günündə Azərbaycan Xalq Cumhuriyyətinin tanınmış dövlət xadimi olmuş Həmid bəy Şahtaxtinski, 1468-ci ilin 3 fevralında İoqann Qutenberq –alman çapşısı, Avropanın rəsmən ilk çapşısı vəfat ediblər.
Və ən nəhayət
1918-ci ilin 3 fevralında Rusiyada hakimiyyətə gəlmiş inqilabi komitə çar dövrünün və müvəqqəti hökumətin 600 milyard rublluq istiqrazlarını ləğv etdi. Bakı milyonçuları da bu zərbənin altını çəkdilər, birdən-birə varlı-hallı insanlar dilənçi kökünə düşdülər.
Antimilli məzmunu olan sovet hakimiyyəti ona görə də sonradan süqut etdi. Tarix boyu insanlara qarşı ədalətsiz mövqe tutan hakimiyyətlər gec-tez devrilirlər.
Bu gün görkəmli dilçi alim Ağamusa Axundovun 90 illiyidir
Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi Axundov Ağamusa Ağası oğlu 1932-ci ilin bu günündə Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-55) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-59), baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981-1999).AMEA-nin Dilcilik institutunun direkroru(1990-2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışmışdır.
O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi(1990)dir.
Ağamusa Axundov ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur.
Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən) üzvü olub, Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərib.
Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatdan dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984), Budapeşt (1986) və İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-da olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).
Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi demiş, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirmişdir. Onun "Ümumi dilçilik" (1978-1988), "Dilçiliyə giriş" (1966-1980), "Azərbaycan dili" (1972-1973-1974-1992) kitabları dönə-dönə nəşr olunmuşdur. O, "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində də işləmişdir. Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. "Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləmişdir (1993-cü ildən).
Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-ın "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülmüşdür (1987), ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvü(1987), Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2003-cü ildən) olmuşdur.
2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Görkəmli alimimiz 5 sentyabr 2015-ci ildə vəfat etmişdir, Bakıda, 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!
“All of Us Are Dead” serialı “Neftlix”in reytinqində birinci oldu
Yanvarın 28-də “Netflix”də start götürən Koreya istehsalı olan “All of Us Are Dead” serialı yanvarın 29-da servisin reytinqində birinci pillədə yer alıb.
Bu barədə “FlixPatrol” servisi məlumat yayıb.
Qeyd edək ki, serialda zombi-virusun episentrinə çevrilmiş orta məktəbdən bəhs edilir. Burada şagirdlər yaşamaq uğrunda mübarizə aparır.
Türkdilli ölkələrin radiosu - “Radio TMB ” fəaliyyətə başlayır
Fevralın 1-dən Azərbaycanda yeni radio fəaliyyətə başlayır.
Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə TMB (Türk Millətlər Birliyi) media qrupu yenilikləri ilə efir yayımına start verir. Türkdilli ölkələrin və xalqların müasir musiqisini təmsil edən “Radio TMB” beynəlxalq radio kanalı https://100.5fm.az/ platformasında dövlətlərarası informasiya məkanının inkişafına töhfəsini verəcək.
“TMB – Türk Musiqisini Birləşdirən radio” devizi ilə fəaliyyətə başlayan radionun fəaliyyətinin əsas prioriteti informasiya və media sahəsində layihələr hazırlamaqla yanaşı, dünya mədəniyyətinin populyarlaşdırılması, möhkəmləndirilməsidir. Türkdilli ölkələrin mədəni platformada birləşdirilməsi missiyasına artıq beynəlxalq TÜRKSOY təşkilatı da öz dəstəyini nümayiş etdirib.
“Gənclər sabahımızdır" adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər sabahımızdır" adlı tədbir keçirib.
Baş İdarədən bildirilib ki, tədbirdə ilk olaraq 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin "Oğuzlar" folklor xalq ansamblının, "Ailə" xalq ansamblının üzvlərinin və "Şəlalə" xalq çalğı alətləri ansamblının solistlərinin ifasında muğam və bəstəkar musiqiləri səsləndirilib.
Sonda İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məhərrəm Nəcəfzadə çıxış edərək gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib.
Sankt-Peterburqda “Yeddi gözəl” sərgisi uğurla davam edir
Sankt-Peterburqda, Dövlət Rus Muzeyinin Mərmər sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Yeddi gözəl” sərgisi öz işini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Dövlət Rus Muzeyinin elmi işlər üzrə direktor müavini Qriqori Qoldovski çıxış ediblər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqlar üçün kurator turu keçib.
Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin, klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.
Nizaminin poeziyası əsrlər boyu sənətkarları ilhamlandırıb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin klassikaya çevrilmiş “Yeddi gözəl” baleti buna bir nümunədir. Balet məşhur “Xəmsə” poemalarından birinin motivləri əsasında yazılıb. “Yeddi gözəl” baleti ilk dəfə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.
Sərginin ekspozisiyasında ədəbi və musiqili-xoreoqrafik mənbəyə əsaslanaraq, qiymətli dekorativ-tətbiqi sənət əsərlərinin nümayişi üçün xüsusi mühit yaradılıb. Ekspozisiya XVI əsrə aid “Kitab oxuyan gənc oğlan” Təbriz miniatürü əsasında Azərbaycanın məşhur konseptualist rəssamı Rəşad Ələkbərovun işıq və kölgə vasitəsilə yaratdığı “Miniatür” instalyasiyası ilə başlayır.
Layihənin konsepsiyası səs və vizual obrazların vəhdətini nəzərdə tutur. Videoinstalyasiyaların köməyi ilə tamaşaçının baş verən hadisələrdə şəxsi iştirakı effekti əldə olunur. Məsələn, qədim əlyazma kitabları təsvir edən videoinstalyasiyalarda miniatür personajları canlanaraq, tamaşaçını sehrli dünyalarına dəvət edirlər. Canlanmış orta əsrlər kitabının təmtəraqlı saraylarında səyahət edərkən tamaşaçı özünü balet məkanında tapır, burada onu kainatın hədsiz hüdudlarından xəyal kimi peyda olan rəqs edən balerinalar əhatəsinə alır.
Sərginin interaktiv davamı olaraq Heydər Əliyev Fondu və ICOM Azərbaycan Milli Komitəsinin təşkil etdiyi “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı nümayiş olunur. Videoçarxda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 150-dən çox tanınmış incəsənət və mədəniyyət xadimləri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri deklamasiya edirlər.
Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub. Sərginin kuratorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin sədri Emin Məmmədovdur. Sərginin ekspozisiyasını Heydər Əliyev Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından eksponatlar təşkil edir.
Sərgi 9 may 2022-ci il tarixinədək davam edəcək.