ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Şuşa İli”nə həsr olunmuş “Musiqili Şuşa” rubrikasında “Hacıbəyovlar: Niyazi” adlı tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açaraq muzeyin Musiqi Həvəskarları Klubunun pandemiya ilə əlaqədar ara verdiyi tədbirlərin bərpa olunması və gələcək silsilə tədbirlər haqqında məlumat verib. 

Niyazi mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov tədbir iştirakçılarını salamlayaraq maestro Niyazinin 110 illik yubileyi münasibətilə görüləcək işlər haqqında danışıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova “Musiqili Şuşa. Hacıbəyovlar: Niyazi” mövzusunda çıxış edib. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında mövzuya uyğun hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Gənclər Günü münasibətlə tədbirin bədii hissəsində gənclərin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.

 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Böyük Şeyx Zayed Məscidinə dünyanın ən böyük əldə toxunma xalçası döşənilib.

 

AzərTAC rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, nəhəng xalçanın toxunması prosesində müxtəlif ölkələrdən dəvət olunmuş məşhur xalça ustaları və rəssamlar iştirak ediblər. Belə ki, 1200 xalça ustası bir il müddətində yun və pambıq iplərdən istifadə etməklə 5400 kvadratmetr ölçüsü və hər 6 santimetrində 40 ilməsi olan, ümumilikdə isə 2,5 milyon düyün vurulmuş xalçanı ərsəyə gətirib. 

Nəhəng ölçüsünə rəğmən vahid parça halında toxunan bu sənət əsəri “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. 

Məscidin ibadət zalını bəzəyən bu unikal xalça heyrətamiz dizayna malikdir və onun toxunması prosesində canlı rənglər müxtəlif bitkilər, o cümlədən nar qabıqları, ağac yarpaqları, nadir otlardan istifadə olunub. 

Həmçinin onun toxunması üçün 5 min kvadratmetr sahəsi olan emalatxana ayrılıb.

Xəbər verdiyimiz kimi, Mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhər edib. Səfər çərçivəsində nazir Gəncə şəhər Mərkəzi Kitabxanasında olub. Burada Mərkəzi Kitabxana və filiallarının kitab fondu, dərnəklər, kurslar və göstərilən  xidmətlər haqqında məlumat verilib. Ümumi kitab fondu ilə tanış olan Anar Kərimov fondun zənginləşdirilməsi, xüsusilə latın qrafikalı kitabların alınması barədə tövsiyələrini verib.

 

Gəncə şəhər Uşaq incəsənət məktəbinə gələn nazir binanın vəziyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəbdə müxtəlif ixtisaslar üzrə 400-dən çox şagird təhsil alır. Sonra mədəniyyət naziri burada xoreoqrafiya dərsinin gedişini izləyib. Xoreoqrafiya sinfi yetirmələrinin uğurları barədə nazirə məlumat verilib. Bildirilib ki, məktəbin yetirmələri Türkiyə, Gürcüstan və Ukraynada festival və müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara layiq görülüblər.

Anar Kərimov şəhərdəki Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə də maraqlanıb. Məlumat verilib ki, burada ulu öndər Heydər Əliyev zəngin dövlətçilik irsinin qorunması və təbliği həyata keçirilir. Mərkəzdə qorunan ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövrünü əks etdirən materiallar – fotolar, müxtəlif tarixi sənədlər və s. haqqında ziyarətçilərə bilgi verilir. Bundan başqa, mərkəzdə mütəmadi olaraq konfranslar, tədbir və təqdimatlar keçirilir.

Görkəmli ədəbiyyatşünas və yazıçı Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyinə baxış zamanı nazir burada aparılan təmir işlərinin son mərhələləri ilə tapşırıq və tövsiyələrini verib. Anar Kərimov Mir Cəlal Paşayevin zəngin bədii və elmi irsindən söhbət açıb, onun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələri vurğulayıb.

Səfər çərçivəsində Anar Kərimov Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhəri üzrə elmi tədqiqat mərkəzinə də gəlib. Nazir bildirib ki, 44 günlük Vətən müharibəsində Zəfər çalmış ölkəmizi mədəniyyət və ədəbiyyat vasitəsilə daha uğurlu təbliğ etmək lazımdır. Milli dəyərlərimiz gənclər arasında daha çox aşılanmalıdır. Bu mənada yazıçı və şairlərin üzərinə böyük məsuliyyət düşür.

 

Azərbaycanlı kinorejissor Elmar Bayramovun rəhbərlik etdiyi "Old Stone Pictures" media-prodakşn ABŞ-da “İlin media mükafatı” kateqoriyasının qalibi olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsi xəbər verir ki, bu barədə məlumat döyüş filmləri prodüseri Alan Qoldberqin rəhbərliyi ilə Nyu-Cersi ştatının Atlantik-Siti şəhərində təşkil olunan “Action Marital Arts Mega Weekend” gecəsində açıqlanıb. COVID-19 pandemiyası səbəbindən 2021-ci ildə açıqlanmalı olan nəticələr bu il yanvarın sonunda elan edilib.

Saşa Mitçel, Sintiya Rotrok, Don Draqon Vilson, Maykl Jey Uayt, Robert Qoldman, Semyuel Kvok və digər tanınmış kino xadimlərinin təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən, “Old Stone Pictures” prodakşn 2020-ci il ərzində müxtəlif beynəlxalq döyüş filmləri festivallarında “Let me run” qısametrajlı filmi ilə 14 nominasiya üzrə birincilik qazandığına görə “İlin media mükafatı” kateqoriyasında qalib elan olunub.

Təntənəli mərasim zamanı mükafat “Old Stone Pictures”in rəhbəri Elmar Bayramova təqdim edilib.

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi fevralın 9-13-də 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər edəcək.

AzərTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi tədbirlərdə dəfələrlə Azərbaycanı layiqincə təmsil edən Dövlət Akademik Musiqili Teatrı fevralın 11-də "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramını, 12-də isə "Utancaq qız" (F.Dostoyevski) monotamaşasını Tehranda nümayiş etdirəcək.

Qeyd edək ki, janr etibarilə bir-birindən fərqli olan bu səhnə əsərlərinin hər biri iki dəfə göstəriləcək.

Rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda "Bir nəfəs qədər" tamaşası Zəfər salnaməmizi qanları ilə yazan şəhidlərimizin əziz xatirəsinə ithaf olunur. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.

Festivalda nümayişi nəzərdə tutulan digər səhnə əsəri isə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin "Utancaq qız" fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşadır. Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovdur.

Hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev səfər öncəsi təəssüratlarını bölüşüb: “Belə bir nüfuzlu beynəlxalq teatr festivalında iştirakımız bizi çox sevindirir. Xüsusi ilə də "Bir nəfəs qədər" tamaşasını seçməyimiz də əbəs yerə deyil. Hər birimizin canlı şahidi olduğumuz şərəfli tariximizi beynəlxalq arenada dünyaya bir daha göstərmək istəyirik. Düşünürəm ki, yaradılan bu şərait dünyaca məşhur "Fəcr" Beynəlxalq Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmətdir, ümumilikdə, teatr sənətimizə sevginin, marağın təzahürüdür. Bundan öncə də həm münsiflər heyətinin üzvü, eyni zamanda, ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Budəfəki festivalın da möhtəşəm mədəniyyət hadisəsinə çevriləcəyinə inanıram. Belə görüşlər ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir”.

Rəsm qalereyası: Rene Maqritt, “Arnheym nahiyəsi”

 

Fevralın 2-də Zərifə Salahovanın anadan olmasının 90 illik yubileyi tamam olub. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, bu münasibətlə mədəniyyət naziri onun 20 il bundan əvvəl yaratmış olduğu İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinə gələrək Zərifə xanımı təbrik edib. 

 

Nazir Z.Salahovanın Azərbaycan Respublikasının ictimai və mədəni həyatında fəal iştirak etdiyini və onun fəaliyyətinin həm dövlətimiz, həm də xarici ölkələr tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin, 1 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib.

Zərifə xanım diqqətinə görə nazirə minnətdarlığını bildirib və onu yaratdığı muzeyin kolleksiyası ilə tanış edib. Daha sonra nazir “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Zərifə Salahovaya təqdim edib. Sonda nazir Zərifə xanımın ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirib. 

Qeyd edək ki, Z.Salahovanın 2002-ci ildə əsasını qoyduğu Miniatür Kitab Muzeyində ümumilikdə dünyanın 83 ölkəsində çap edilmiş 8500-dən çox miniatür kitab saxlanılır. Miniatür Kitab Muzeyi dünyanın ən böyük miniatür kitab kolleksiyası nominasiyası üzrə Ginnesin Rekordlar Kitabına daxil edilmiş və "Guinness World Records" sertifikatı ilə təltif edilmişdir.  Hazırda, Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan 3500 ədəd miniatür kitab muzeydə nümayiş etdirilir. Muzeyin ekspozisiyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin yer aldığı miniatür kitablarla yanaşı, dini miniatür kitablar da nümayiş olunur. Muzeyin fondları yeni nəşrlərlə daimi zənginləşdirilir.

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütünlüklə İsrail ədəbiyyatına həsr edilib. Mərkəzin sədr müavini, dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirir ki, İsrail ədəbiyyatının Azərbaycanda ilk belə geniş təqdimatı olan bu nəşrdə, müxtəlif ədəbi nəsilləri və cərəyanları təmsil edən, fərqli janrlarda dəyərli əsərlər ortaya qoymuş 43 müəllifin yaradıcılığı öz əksini tapıb. 

S.Hüseynli deyir ki, dərginin bu sayında Azərbaycana bioqrafik cəhətdən birbaşa bağlı, mənşəcə dağ yəhudisi olan, daha sonra İsraildə və başqa ölkələrdə yaşayıb-yaradan ədiblərin də mətnlərinə, rəsm əsərlərinə, həmçinin onlarla bağlı nəzəri materiala yer verilib. 

Dərgidə Benyamin Tammuz, Moşe Şmilyanski, Yakov Xurgin, Moşe Şamir, Savyon Librext, Yehudit Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen, Yehoşua Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Аtalla Mansur, Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, İsaak Başevits-Zinger, Albert Beni, Etqar Keret, Rahel Bluvşteyn, Qali-Dana Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr Davıdov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Somek, Rami Meir, Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham Şlonski, Lea Qoldberq, Şaul Çernixovski, Yehuda Amiçai, Ş.Tal, Aron Vergelis və Moşe Dor  kimi sanballı ədəbi imzaların əsərləri toplanıb. 

298 səhifəlik nəşrin üz qabığında və içərisində əslən Azərbaycandan olan tanınmış yəhudi şair və rəssam Rami Meirin rəsm əsərləri yerləşdirilib.

Dərgidəki nəsr əsərləri Xalq yazıçısı Anar, Elçin Hüseynbəyli, Ayna Əlixanova, Cavanşir Yusifli, Məqsəd Nur, Dürdanə İbrahimova-Hüseynbəyli, Natiq Səfərov, Məhərrəm Qasımlı, Azad Yaşar və İlahə Əkbərin tərcüməsində təqdim olunur. 

Ədəbiyyatşünas Aron Vergelisin “İsrail ədəbiyyatının qaynaqları” məqaləsini Seyfəddin Hüseynli çevirib. Poeziya nümunələri - şeirlər isə Səlim Babullaoğlu, Əkbər Qoşalı, Afaq Şıxlı, Qismət Rüstəmov, Fərid Hüseyn və Giya Paçxataşvilinin tərcüməsində verilib. 

Mətnlər əsasən rus və ingilis dillərindən çevrilsə də, məşhur İsrail yazıçısı Moşe Şmilyanskinin hekayələrini şərqşünas Ayna Əlixanova orijinaldan - ivrit dilindən tərcümə edib.

Türkiyə və Ermənistan çarter reyslərini həyata keçirirlər. Bu barədə qərar iki ölkənin xüsusi nümayəndələrinin Moskvada keçirilən görüşündə qəbul edilib. Dayandırılmış reyslərin bərpası münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. 

Ölkələr arasında quru sərhədi isə 1993-cü ildən Türkiyənin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bağlı olaraq qalır.

Foto:Euronews

 

Füzuli Dövlət Dram Teatrı “Dönüş” adlı film-tamaşanı və "Nənəmin kələyi" tamaşasını təqdim edib.

"Dönüş" film-tamaşasında əsasən simvolik detallara üstünlük verilib. Filmdə təbiət və fövqəl güclərin təzahürü öz əksini tapır. Vətənpərvərlik mövzusunda olan tamaşanın müəllifi və rejissoru Nicat Mirzəzadədir.

Əli Hüseynovun quruluşu əsasında hazırlanan "Nənəmin kələyi" tamaşasının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.