
Super User
Günün fotosu: Türkiyə ilə Ermənistan arasında çarter reysləri açıldı
Türkiyə və Ermənistan çarter reyslərini həyata keçirirlər. Bu barədə qərar iki ölkənin xüsusi nümayəndələrinin Moskvada keçirilən görüşündə qəbul edilib. Dayandırılmış reyslərin bərpası münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Ölkələr arasında quru sərhədi isə 1993-cü ildən Türkiyənin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bağlı olaraq qalır.
Foto:Euronews
“Dönüş” və “Nənəmin kələyi" tamaşaları Füzuli teatrının səhnəsində nümayiş olunub
Füzuli Dövlət Dram Teatrı “Dönüş” adlı film-tamaşanı və "Nənəmin kələyi" tamaşasını təqdim edib.
"Dönüş" film-tamaşasında əsasən simvolik detallara üstünlük verilib. Filmdə təbiət və fövqəl güclərin təzahürü öz əksini tapır. Vətənpərvərlik mövzusunda olan tamaşanın müəllifi və rejissoru Nicat Mirzəzadədir.
Əli Hüseynovun quruluşu əsasında hazırlanan "Nənəmin kələyi" tamaşasının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış ediblər.
“Bir Xəzər əfsanəsi” baletinin premyerası olub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bir Xəzər əfsanəsi” baletinin premyerası olub.
Libretto müəllifi bəstəkar Lalə Cəfərova olan baletin quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Səhnə əsərini dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edib.
Əsas rollarda balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış ediblər.
İki pərdə və beş şəkildən ibarət baletdə ideya, onun həlli və tamaşaçını sürətlə dəyişən emosional vəziyyətlərə salan quruluş xətti diqqətəlayiqdir. Tamaşada ideya, dolğun məzmun və obrazların dərin emosional-psixoloji ifadəsi hakim idi.
Qeyd edək ki, Lalə Cəfərova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllimdir. Bir simfoniya, fortepiano və simfonik orkestr üçün iki konsert, simfonik süitalar, kamera, instrumental və caz əsərlərinin, mahnı və marşların müəllifi olan bəstəkar, eyni zamanda, bədii-sənədli filmlərə musiqi yazıb. Əsərləri Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik orkestr və xorun ifasında dəfələrlə səslənib.
72-ci “Sanremo musiqi festivalı”nın açılışı olub
İtaliyada 72-ci “Sanremo musiqi festivalı”nın açılışı olub.
TASS agentliyi məlumat verir ki, fevralın 5-dək davam edəcək festival İtaliyanın “RAI” telekanalı vasitəsilə canlı yayımlanır.
“Ariston” tarixi teatrının səhnəsində keçirilən festivalın açılış mərasiminin aparıcısı italiyalı məşhur aktrisa Ornella Muti olub. Musiqi festivalının ilk günündə tanınmış müğənnilər Gianni Morandi və Massimo Ranieri ilə yanaşı, Achille Lauro, Harlem Gospel Choir, Yuman, Noemi, Michele Bravi, Mahmud&Blanco, Ana Mena, Rkomi, Dargen D'Amico, Giusy Ferreri kimi gənc musiqiçilərin ifaları dinlənilib.
Xatırladaq ki, San Remo festivalı hətta soyuq müharibə vaxtı SSRİ-də populyar olub, Mərkəzi televiziya ilə yayımlanıb.
Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa hazırlanır
Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qarınqulu ayı” uşaq pyesi əsasında Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa hazırlanır.
Teatrdan bildirilib ki, tamaşanın rejissoru tanınmış teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti İntiqam Soltandır. Sözügedən tamaşa kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulub və ideya, məzmun, süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Əsərin əsas məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq hisslərini aşılamaq, düz danışmağın niyə vacib olduğunu göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.
Qeyd edək ki, “Qarınqulu ayı” tamaşasının premyerası fevralın 19-da teatrın səhnəsində keçiriləcək.
Musiqi ölən gün
Bu günə - 3 fevrala təsadüf edən əsas tarixi hadisələri və əlamətdar bayramları diqqətinizə çatdırırıq:
Hissediləcək sıçrayış günü
Bu bayramın kökündə kiminləsə mövcud olan çox pis münasibətlərin ani qərarla, kökündən dəyişilməsi durur. Bəzən kimsə əxlaqca pozğunla, narkomanla, əyyaşla, ümumən, pis adamla münasibətini illər uzunu qıra bilmir, beləsindən ancaq ziyan görür. Bu 3 fevral günü qəti qərar qəbul etmək üçün ən uyğun vaxtdır. Necə ki, ağacın quru budaqları kəsilməsə ağac inkişaf etməz, eləcə də insan arzuolunmaz tanışlıqlardan qurtulmasa inkişafdan qala bilər. Haydı, qırılın pis bağlardan!
Şpisbergendə qütb cazı festivalı
1998-ci ildən dünya cazsevərləri 3-5 fevral günlərində Norveçə üz tuturlar, orda qütb dairəsində möhtəşəm caz festivalında – Polar Jazz-da iştirak edirlər. Bu, həm də dünyanın ən şimal musiqi festivalı kimi tarixdə ayrıca yer tutur.
Koronavirus dövrü olsa da Şpisbergendə bu il olduqca mötəbər cazmenlərin iştirakı gözlənilir. Bir sözlə, əsil caz bayramı olacaq.
“Musiqi ölən gün”
Musiqi ilə bağlı bugünkü təqvimdə daha bir xatırlatma var. Bu gün dünyada “Musiqi ölən gün” adı ilə qeyd ediləcək. 1959-cu ilin 3 fevralında əfsanəvi Amerika rok musiqiçiləri Baddi Xolli, Riçi Valens və Böyük Bopper (C.Riçardson) aviaqəzada həlak olublar, onların xatirəsini bütün dünya roksevərləri yad edəcəklər.
Vyetnamlılar Kommunist partiyasının yaranışını, tailandlılar veteranlar, mozambiklilər qəhrəmanlar gününü, avstriyalılar qulluqçuların məzuniyyəti gününü qeyd edəcəklər. Yaponlarda Setsubun günüdür, baharın nəfəsinin duyulması bayramıdır.
Amerikada isə Milli yerkökü tortu günüdür.
8000 dollara qəzet
2009-cu ilin 3 fevralında İran ilk dəfə kosmik fəzaya “Omid” (yəni Ümid) adlı milli peyk buraxıb. 2005-ci ildə tarixin ən bahalı qəzeti Çində işıq üzü görüb, Şençjen şəhərində Economic Daily qəzetinin xüsusi buraxılışı qızıl kağızda çap olunub, hər nüsxə 8000 dollara satılıb. 1992-ci ildə müstəqil Ukrayna Türkiyə ilə diplomatik əlaqələr qurub. 1987-ci ildə SSRİ-nin eks daxili işlər naziri, SSRİ-nin baş katibi Leonid Brejnevin kürəkəni Yuriy Çurbanov rüşvət maddəsi ilə həbs olunub. 1984-cü ildə Kaliforniyada süni mayalanma yolu ilə ilk uşaq dünyaya gəlib. 1969-cu ildə Fələstin milli konqresinə Qahirədə Yaser Arafat rəhbərliyə gətirilib. 1962-ci ildə ABŞ rəhbərliyi sosialist Kubasına iqtisadi embarqo qoyub. 1815-ci ildə İsveçrədə dünyada ilk pendir istehsal edən fabrika açılıb.
Kimlər gəldi...
1947-ci ildə Amerikanın müasir dövr qızıl yazıçıları pleadasında yer almış Pol Oster, 1891-ci ildə Azərbaycan yazıçı-səlnaməçisi, istiqlalçı mühacir, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli, 1874-cü ilin 3 fevralında Amerika yazıçısı, “itirilmiş nəsil” termininin yaradıcısı Gertruda Stayn, 1872-ci ildə məşhur Ukrayna memarı, Kiyevdə Nazirlər Kabinetinin binasını tikmiş İvan Fomin, 1820-ci ildə dünyanın ilk qadın həkimi Elizabet Bekvil dünyaya gəliblər.
Bu gün iki azərbaycanlı məmurun da doğum günləridir. 1954-cü ilin bu günündə Laçında hazırda Sumqayıtın icra hakimiyyəti başçısı işləyən, Sumqayıt bulvarı möcüzəsinin müəllifi Zakir Fərəcov dünyaya gəlib. 1941-ci ilin bu günündə Gəncədə isə Azərbaycan Milli Məclisinin komitə sədri olan, parlament tariximizdə, eləcə də ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri olan Arif Rəhimzadə doğulub.
Kimlər getdi...
1994-cü ilin 3 fevralında tanınmış Azərbaycan lirik tenoru, xalq artisti Rauf Atakişiyev, 1990-cı ilin bu günündə istedadlı aktyor, sevilən obrazlar yaratmış Hamlet Xanızadə, 1944-cü ilin bu günündə Azərbaycan Xalq Cumhuriyyətinin tanınmış dövlət xadimi olmuş Həmid bəy Şahtaxtinski, 1468-ci ilin 3 fevralında İoqann Qutenberq –alman çapşısı, Avropanın rəsmən ilk çapşısı vəfat ediblər.
Və ən nəhayət
1918-ci ilin 3 fevralında Rusiyada hakimiyyətə gəlmiş inqilabi komitə çar dövrünün və müvəqqəti hökumətin 600 milyard rublluq istiqrazlarını ləğv etdi. Bakı milyonçuları da bu zərbənin altını çəkdilər, birdən-birə varlı-hallı insanlar dilənçi kökünə düşdülər.
Antimilli məzmunu olan sovet hakimiyyəti ona görə də sonradan süqut etdi. Tarix boyu insanlara qarşı ədalətsiz mövqe tutan hakimiyyətlər gec-tez devrilirlər.
Varisin “Həftənin təqvimi” yazısından
Heydər Əliyev Sarayında Gənclər Günü münasibətilə “AXIN” adlı sərgi açılıb
Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral - Gənclər Günü münasibətilə “AXIN” adlı sərgi açılıb.
AzərTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşıb.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, dövlətimizin prioritet istiqamətlərindən biri də gənclər siyasətidir: “Müasir Azərbaycan gənci müstəqil düşüncəli gəncdir. Dövlətimizin yaradıcı gənclərə diqqəti, onların xaricdə təhsili, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin inkişafı ilə bağlı layihələrə verdiyi dəstək bu gün gəncliyimizə açılan qapılardır”.
Əməkdar artist daha sonra bildirib ki, bu il fəaliyyətə başlamasının 50 illiyini qeyd edən Heydər Əliyev Sarayı mütəmadi olaraq gənclərə həsr olunan layihələr həyata keçirir. Bu sərgi də onlardan biridir: “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bir sıra işlər həyata keçirdik. Gənclərin saf düşüncəsi və sənətə məsuliyyətlə yanaşmaları bizi sevindirir. Bir daha gənclərimizi əlamətdar bayram münasibətilə təbrik edir, uğur arzulayıram”.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, gəncliyimizin ictimai-siyasi həyatda baş verənlərə, bu günə, keçmişə baxışı və bunları sənətdə təzahür formaları çoxbucaqlıdır: “Əsərlərin ideya-bədii mahiyyəti diqqəti cəlb edir. Bugünkü sərgiyə əsərlər xüsusi seçimlə qəbul olunub. Hesab edirəm ki, “AXIN” qrupu üzvləri gələcəkdə daha maraqlı əsərlər ərsəyə gətirəcəklər. Rəssamlara uğurlar arzulayır, sərginin təşkilinə dəstək olan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayına minnətdarlığımı bildirirəm”.
Sənətşünas, professor Ziyadxan Əliyev sərginin əhəmiyyətini yüksək qiymətləndirib. O, gənc rəssamların mövzu dairəsinin genişlənməsinin vacibliyini vurğulayıb. “Hər bir rəssam öz dövrünün aynası olmalıdır. Bu gün şahidi olduğunuz böyük Qələbəmizi çəkin və gələcəyə ötürün”, – deyə sənətşünas bildirdi.
Qeyd edək ki, “AXIN” sərgisi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçirilir.
Sərginin ekspozisiyasında 40-a yaxın gənc rəssamın əsərləri sərgilənir.
VII "Florida Keys" beynəlxalq musiqi müsabiqəsinə start verilib
Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən VII "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, beynəlxalq müsabiqə ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və təşkilatın nəzdindəki təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradovanın birgə təşkilatçılığı ilə keçirilir.
Müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim etməlidirlər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.
Qeyd edək ki, Florida ştatında yaşayan Pərvin Muradova bəstəkar Cövdət Hacıyevin qızıdır və layihənin rəhbəridir. Müsabiqə dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsi məqsədilə həyata keçirilir.
Müsabiqənin qala konsertinin və qaliblərin mükafatlandırılması mərasiminin 2022-ci il aprelin 5-də Nyu-Yorkun məşhur “Carnegie Hall” mədəniyyət mərkəzində keçirilməsi nəzərdə tutulub.
Parisdə gənc rəssam Fərhad Fərzəlinin sərgisi açılıb
Parisdə “Galerie DİX9” qalereyasında gənc rəssam Fərhad Fərzəlinin “Tiger is tiger is a tiger is a tiger” adlı sərgisinin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Çin təqvimində fevralın 1-də başlayan yeni ilin simvolik heyvanı, eləcə də Azərbaycan mədəniyyətində obrazlılığın rəmzi olan pələngin adını daşıyan sərginin açılışında UNESCO yanında daimi nümayəndəmiz, səfir Elman Abdullayev, daimi nümayəndəliyimizin diplomatları, yerli sənətsevərlər, media nümayəndələri iştirak ediblər.
Adət-ənənələrin, ritualların kaleydoskopuna çevrilmiş Bakı rəssam Fərhad Fərzəlinin antropoloji tədqiqatlarını zənginləşdirib, onu ölkəsinin müxtəlif mədəniyyət köklərini araşdırmağa sövq edib. Beləliklə, gənc rəssam araşdırmaları ilə pələngin müstəqil Azərbaycan kimliyinin rəmzi olduğunu bir daha təsdiqləyib və yaradıcılığını pələng obrazı ətrafında qurub.
Fərhad Fərzəlinin Fransada ilk sərgisinin kuratorları Azad Asifoviç və Əsli Səmədova birlikdə “Galerie DİX9” üçün orijinal layihə hazırlayıblar. Ənənəvi mədəniyyəti, xalq estetikasını və keçmiş sovet geosiyasi vəziyyətinin təhlilini bir araya gətirən gənc rəssam pələng obrazı ətrafında postsovet folklorunun kataloqlaşdırılmış formasını, eləcə də Azərbaycanın bütpərəst keçmişini və qalib ovçuluğu təmsil edən Mesopotamiya ilahi atributunu təcəssüm edir. Bəzi İslam ənənələrində mələk müjdəçisi hesab olunan pələng müasir dövrdə kişi gücünün rəmzi kimi qəbul olunur. Pələnglə bağlı anaxronistik əks-sədalar Fərhad Fərzəli yaradıcılığının, onun pələng obrazına bağlılığının əsasını təşkil edir. Rəssam bu rəmzin dəyərini öyrənmək üçün kodları və mövcud istinadları bir araya gətirib.
Sərgidə nümayiş olunan tablolarda pələng başının üz ifadələri sistematik bir ruhda dəyişir və pələngi onun çevik və dəyişkən obrazı ilə əlaqələndirir. Qədim miniatür stili və cizgi filmi antropomorfizmindən ilhamlanaraq çəkilmiş pələng başları təxəyyülü uzlaşdırmağa meyilliliyi əks etdirir.
Sərgidə nümayiş olunan pələng fiqurları qadınların geyindiyi pələng naxışlı paltarlardan hazırlanıb. Sanki rəssam qadınların pələngdən götürdüyü geyimi yenidən pələngin özünə qaytarmağa çalışır.
Qeyd edək ki, gənc rəssamın əsərləri bir çox milli və beynəlxalq səviyyədə təşkil edilmiş fərdi və kollektiv sərgilərdə nümayiş olunub.
Sərgi fevralın 27-dək ziyarətçilərə açıq olacaq.
Mədəniyyət naziri Anar Kərimovla ICESCO-nun Baş direktoru arasında görüş keçirilib
2 fevral tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında onlayn formatda görüş baş tutmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüş zamanı Azərbaycan və ICESCO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılmışdır.
Bu konteksdə, gələcəkdə ICESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi və təşkilatın ekspertlərdən ibarət texniki missiyasının yaxın müddətdə ölkəmizə mümkün səfəri müzakirə edilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilmiş və ICESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilmişdir.