ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mədəniyyət komitəsinin iş planına əsasən, yaz sessiyasında parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Çərşənbə axşamı, 25 Yanvar 2022 12:00

Sumqayıtda kukla teatrı olduğunu bilirdiniz?

 Sumqayıtda kukla teatrı fəaliyyətə başlayıb. Sumqayıt Gənclər Evində yerləşən teatrın təsisçisi Ayişə Səfərli  “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında bunları deyib:

"Teatr uşaqların dünya görüşünün inkişafına, teatr estetikasının dərk edilməsinə xidmət edir, onlarda teatra sevgi aşılayır. Nağıllar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir, nağıllarda olan müsbət xarakterli obrazlara rəğbət bəsləyərək onları özlərinə nümunə seçir.

Mən də Sumqayıtda müasir standartlara cavab verən kukla teatrının olmadığını nəzərə alaraq " Günəşim " kukla teatrını yaratmaq qərarına gəldim. "Günəşim" kukla teatrı 16 aprel 2019-cu ildən güclü komandanın əməyi nəticəsində fəaliyyətə başlamış və həmin gündən " Balaca dahilərin" sevimli teatrına çevrilmişdir. Teatrın repertuarında "Tıq- Tıq xanım", "Qırmızı papaq", "Qoğal", "Cırtdan" və digər məşhur nağıllarımız var.

2020-ci ilin mart ayında pandemiya başlayanda bütün teatrlar, o cümlədən "Günəşim" kukla teatrı tamaşa zallarının qapılarını bağlamalı oldu. Buna baxmayaraq tamaşalar onlayn təqdim olunmuş və yenidən fəaliyyətini bərpa etmişdir.

Teatrımız təkcə Sumqayıtda deyil Xızı rayonunda da səyyar tamaşalarla uşaqları sevindirir. Düşünürəm ki, uşaqların asudə vaxtının səmərəli təşkili hər birimizin mənəvi borcu, sosial məsuliyyətidir və bu yolda ilk yardımçımız analar və müəllimlər olacaq. Maraqlı və məsuliyyətli işdə hər birimizə uğurlar arzu edirəm!"

Teatrla maraqlananlar bu telefon nömrəsi ilə əlaqə yarada bilərlər - 077 767 12 72, İnstagram səhifəsi - gunesimkuklateatrı

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc Azərbaycan şairi Fuad Cəfərlinin “Kədərin şəkli” şeirlər kitabı özbək dilində işıq üzü görüb. 

 

AzərTAC xəbər verir ki, kitabakı “Ön söz”ün müəllifi Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən tərcüməçi Şahista Kamranlıdır.

Qayrat Məcid “Ön söz”də Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun özbək dilində ilk dəfə olaraq çap edilən şeirlər kitabının ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirir. 

Qeyd edək ki, Fuad Cəfərli Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Fuad Cəfərlinin şeirləri indiyədək türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.

Nəşr Özbəkistanın kitabxanalarına hədiyyə ediləcək.

Çərşənbə axşamı, 25 Yanvar 2022 10:29

Tağıyevin təsbehindən ucuz adamlar

Hacı Zeynalabdin Tağıyevin İçərişəhərdə qoyulan heykəli postamanetsizdir, yerdən qoyulub. Heykəltəraş Xanlar Əhmədov bunu xeyriyyəçinin xalqdan biri olması, daim xalqın arasında olması ilə izah edib.

 

 

Heykəlin qoyulduğu gün xalqdan biri Tağıyevin əlindəki təsbehi qıraraq yerə atıb. Adam nə hiss etməli, nə düşünməlidir ki, xalqının gələcəyinə işıq salmış böyük insanın abidəsinə qarşı bu cür sayğısızlıq nümayiş etdirsin?! Belə adamların beyin quruluşu, psixoportreti elmi iş kimi araşdırmalı, öyrənməli, elmi-praktik konfransların mövzusu olmalı, insanın xüsusi növü kimi tədqiq olunaraq geniş ictimaiyyətə təqdim olunmalıdır, biologiya, sosialogiya kabinetlərində, şəkilləri qoyulmalı, praktik məşğələlərdə istifadə olunmalıdır. Bəli, bu xüsusi növdür.

Tağıyevə ehtiram göstərməmək üçün xüsusi identiklik tələb olunur.

Təsbeh özü də köhnə Bakının identik nəsnələrindəndir. Onunla özünü yaxşı aparmayanları cəzalandırmaq, məsələn, başına vurub başa salmaq adəti olub - hüquqi dövlətdə polis müqəssirləri belə cəzalandırmasa da, güman ki, dəmir barmaqlıqlar arasında köhnə adətlərin çoxusu yaşayır… 

Tağıyevi öz vəsiyyəti ilə Mərdəkanın "Pirhəsən" pirində, böyük din alimi Axund Mirzə Əbu Turabın məzarının ayaq hissəsində dəfn ediblər. Qızı Sara xanımın sözlərinə görə, atası bu vəsiyyəti edərkən deyirmiş ki, "Axundun ayağını biləni mənim başım bilmir". Deyilənə görə, Tağıyev vaxtilə Əbu Turabın ona dediyi "Allah hər şeyə qadirdir. İstəsə, sənin bu varidatını bir anın içində əlindən ala bilər", sözlərinə şübhə ilə yanaşıdığına görə bu qənaətə gəlib… Sonralar məlum olduğu kimi, elə də olub - Tağıyevin hər şeyini mənimsəyiblər, bircə əlində qalan bağ evində ömrünü başa vurub. Qızının aqibəti isə məlumdur - aclıq və səfalət içində yaşyan Sara xanım daha ağır iztirablarla həyatını sonlandırıb.

Tağıyev xalqının təhsili, parlaq gələcəyi naminə, maariflənməsi üçün əlindən gələn hər şeyi etmişdi…, gəncləri xaricdə oxumağa göndərmişdi, Bakını içməli su ilə təmin etmişdi, ilk teatr binasını, bir neçə sənaye müəssisəsini, qızlar üçün məktəbi, neçə-neçə tarixi binanı tikdirmişdi…Quranı Azərbaycan dilinə tərcümə etdirmişdi… bir sözlə, əlindəki təsbehi çevirəndə xoşniyyətli işlər barədə düşünmüşdü… İndi onun təsbehini hansısa ağıldan kəm qırıb kənara atır.

Biz heykəllərimizə qarşı bu davranışı daha öncələr də görmüşük - Qarabağda, Şuşada. Düşmən işğal etdiyi əraziləri xarabalığa çevirəndə heykəllərimizlə, dəyərlərimizlə də vandalcasına davranıb, bir daha nümyiş etdirib ki, onun üçün heç bir bəşəri dəyər yoxdur. Biz Şuşada olan heykəllərimizi düşməndən pulla almışıq… Amma düşməndən! Tağıyevin təsbehini qıransa bizdən biridir axı! Bəli, təəssüf ki, bizdən biri!

 

Vüsal Məmmədov

 

Yanvarın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrin, habelə yazarların və digər incəsənət xadimlərinin “Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi. Xatirə nişanı Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən musiqi, teatr, kino və incəsənətin müxtəlif sahələrində çalışanlara, habelə elm və ədəbiyyat xadimlərinə təqdim edilir.

Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırdı ki Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev dedi: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir”.

Daha sonra Elnur Əliyev ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrə, habelə yazarlar və digər incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim etdi. Təltif olunanlar arasında bir çox təhsil müəssisələrin rəhbərləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digərləri olub.

Çərşənbə axşamı, 25 Yanvar 2022 09:49

“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan AzerNyuMedia Şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq. Mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim olunur.

Mükafat ilk dəfə 2019-cu ildə təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub.

“Cinema Radio” kino-radio kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir 26 yanvar saat 16.00-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin "Gənclik Mall"da yerləşən kinoteatrında keçiriləcək.

Təqdimetmə mərasimi Mədəniyyət Nazirliyi və "CinemaPlus"un dəstəyi ilə keçiriləcək. Mərasimdə, həmçinin, Azərbaycan filmlərindən “saundtreklər səslənəcək. Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir.

Yanvarın 24-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-publisist Zərəngiz Dəmirçi Qayalının 60 illik yubileyi qeyd olunub.

AzərTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid çıxış edərək müəyyən səbəblərə görə tədbirdə iştirak edə bilməyən bir sıra şair və yazıçıların salamlarını çatdırıb.

Sonra o, təmsil etdiyi qurumun təbrik məktubunu oxuyub.

Bildirib ki, Zərəngiz Dəmirçi Qayalı 8 kitab, 50-dən çox poema, yüzlərlə şeir və ballada, publisist yazılar, esselər, ədəbi araşdırma, oçerk və məqalələrin müəllifidir: “Ötən il o, “Zəfər sədası” və “ İki qardaş gücü” kitablarını oxuculara təqdim edib. Həmin kitabları bir növ şairənin keçdiyi ömür yolunun yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar”.

Yazıçı-publisist Zemfira Məhərrəmli deyib: “Azərbaycan çağdaş poeziyasında Zərəngiz Dəmirçi Qayalı adlı bir imza var. Onunla söhbətim bu günə deyil, əvvəlki illərə təsadüf edir. Mən onu AZƏRTAC-da fəaliyyətə başladığı illərdən tanıyıram. Onun yaradıcılığı ilə tanış olandan sonra istedadlı bir şair olduğunu kəşf etdim”.

Qeyd edib ki, hər bir qələm əhli onun yazılarına dəyər verməsini istəyir. O jurnalist etikası ilə hər birimizin kitab təqdimatlarını böyük həvəslə, özünəməxsus üslubu ilə işıqlandırıb.

Vurğulanıb ki, Zərəngiz Dəmirçi Qayalı 60 illik ömrünün 45 ilini söz sənətinə həsr edib və söz də onu mərtəbə-mərtəbə yüksəkliklərə qaldırıb.

Sonra Z.Məhərrəmli Zərəngiz Dəmirçi Qayalının “Qazaxdan gəlmişəm qələbəyə mən” şeirini oxuyub.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, ədəbi mühitdə Zərəngiz Dəmirçi Qayalını tanımayan insan yoxdur. O, öz istedadı və qələmi ilə bu hörməti qazanıb, istər poeziyada, istərsə də nəsrdə öz sözünü deyib. Xəyal Rza yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyib: “Qədimdən adəti üzrə yubileylər 12 ildən bir keçirilərdi. 12 yaş uşaqlıq, 24 gənclik, 36 yaş insanın oturuşmuş dövrüdür. 48 yaşında insan dünyəvi hadisələri fikirləşir, 60 yaşda isə müdriklik dövrünə qədəm qoyur. Bu gün Zərəngiz Dəmirçi Qayalının 5-ci dəfə yubileyi tamam olur. İndi Zərəngiz Dəmirçi Qayalının yazılarında püxtələşmiş bir insanın düşüncələrini görürük. Zərəngiz Dəmirçi Qayalı AZƏRTAC-ın müxbiri kimi hər zaman Milli Kulinariya Mərkəzinin tədbirlərini işıqlandırıb. Buna görə ona təşəkkürümü bildirirəm”.

Sonra Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Mərkəzinin fəxri diplomunu yubilyara təqdim edib.

“Qazax xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü şair Rafael İncəyurd bildirib ki, Zərəngiz xanım olduqca istiqanlı, ailə insanı, həm də həyatda özünü tapan bir xanımdır. O, İctimai Birliyin təbrik məktubunu oxuyub və fəxri diplomunu yubilyara təqdim edib.

Bakı Dövlət Universitetinin dosenti Anar Fuad, şair Səxavət Ənvəroğlu, hərbi jurnalist Zəminə Xınalı, "Mirvarid Dilbazi poeziya məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı və başqaları çıxış edərək yubilyarın yaradıcılığından söz açıb, onun göstərdiyi xidmətləri vurğulayıblar.

 

Azərbaycan Respublikasının Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memar dövlət təltiflərinə layiq görülüb.

 

Azərbaycan Memarlar İttifaqının binasında təntənəli təltifetmə mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və digər rəsmi qonaqlar iştirak edib.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayıb, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.

O, bildirib ki, 17 dekabr 2021-ci il tarixində imzalanmış həmin Sərəncam memarlarımızın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov respublikada memarlığın inkişafından söz açıb.

Nazir təltif edilmiş memarlara vəsiqələri və təltifləri təqdim edib.

 

Rəsm qalereyası: Aypara Ayxan, "Atım,atım, gözəl atım"

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, COVID-19-un "Omicron" variantının simptomları son günlərdə həm internetdə ən çox axtarılan, həm də həkimlərdən soruşulan sualdır. Bu variant ölkəmizdə yanvar ayının 10-da aşkarlansa da, təxminən bir aydan artıq müddətdir ki, "Omicron" ştammının simptomları ilə xəstə olan insanlar var və onların sayı günbəgün artmaqda davam edir.

 

Bir çox hallarda həmin simptomlarla PCR testi etdirənlərin nəticəsi neqativ çıxır. Lakin düşüncələrə görə, həmin variantın bizim laboratoriyalarda aşkarlanması üçün imkanlar yetərli deyil. Səhiyyə Nazirliyindən sorğumuza cavabda bildirilmişdi ki, COVID-19-a yoluxmanın hansı ştamla baş verdiyi xüsusi laboratoriyalarda aparılan araşdırma ilə aşkar edilir. "Azərbaycanda neçə belə laboratoriya var?" sualına isə nazirliyin cavabı belə olub ki, mütəmadi olaraq genetik analizlər aparılır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat konfransında bildirib ki, bu ştamm çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil.

İmmunoloq Vladimir Bolibok da mətbuata açıqlamasında deyib ki, "Omicron" yoluxduruculuq baxımından qızılcanı keçib. Düzdür, bu varianta yoluxanların əksəriyyəti xəstəliyi ağır keçirmir, amma yoluxma sayının bu qədər sürətlə getməsi Azərbaycan səhiyyəsinin istər tibbi personal, istərsə də xəstəxanalarda çarpayı sayı, dərman ehtiyatı baxımından vəziyyətini nəzərə alsaq, nə dərəcədə təhlükəli ola bilər?

Farmakoloq-həkim Müşfiq Hüseynov söyləyir ki, yeni ştammın daha yüngül simptomlarla müşahidə edilməsi hansısa təhlükənin olacağı ehtimalını zəiflədir: "Bəli, son günlərdə demək olar ki, hamı kütləvi şəkildə yoluxur. Amma sevindirici haldır ki, xəstəlik 14 günə deyil, daha az müddətə bitir. Bu variantda iybilmə, dadbilmənin itməsi çox nadir hallarda olur. Ciyərlər elə də ciddi zərər görmür. Əsas simptomları tamamilə qripə bənzəyir. Qızdırma, öskürək, boğazda ağrı, burun axması kimi simptomlarla müşahidə olunur".

"Buna görə də Azərbaycan səhiyyəsinin vəziyyəti necə olur-olsun, bu ştamla bağlı hansısa təhülkə hiss etmirəm və olası da deyil. Xəstəxanalar bu işdə kifayət qədər professionallaşıb. İnsanlar da anlayıblar ki, hər xırda şeydən ötrü həkimə getməyin mənası yoxdur. Çox adam evdə özü-özünü müalicə edir və edəcək", - deyə mütəxəssis bildirib.

Həkim qeyd edir ki, "Omicron" ştammı Azərbaycanda çoxdan var: "Mən digər müsahibələrimdə də demişəm. Bu variantın Azərbaycanda aşkarlanması son günlərdə təsdiq edilsə də, mən hesab edirəm ki, bizdə çoxdan var idi. Sadəcə laboratoriyalar bu ştammı təyin edə bilmirdi. Həkimlər simptomlarından əmin deyildilər. PCR testinin də neqativ çıxmasına görə yoluxanlar qrip kimi müalicə olunurdular. 15-20 gündür ki, şəhərin böyük bir hissəsi, ən çox da uşaqlar qripdirlər".

Həmsöhbətimizin fikrincə, bu cür kütləvi yoluxma COVID-19-un sonuncu dalğasının yaşandığını təsdiqləyir: "Mən bunu sentyabr ayında da demişdim, yenə də bildirirəm ki, mart-aprel aylarında COVID-19 tamamilə bitəcək və həyat normal axarına geri qayıdacaq. Yay aylarında koronavirusla bağlı hansısa problem olmayacaq".

"Yoluxma sayında bir müddət artım müşahidə olunacaq. Bu da əvvəlcədən təxmin olunan idi. Fevral-mart aylarında sonuncu dalğa yaşanacaq. Amma bundan da qorxmaq lazım deyil. Ümumiyyətlə, "Delta" variantı haqqında da qorxulu fikirlər səsləndirilirdi. Amma təhlükəsi deyildiyi kimi hiss olunmadı. İnsanlar artıq özlərini necə qorumalı olduqlarını, hansı halda həkimə müraciət etməli, necə müalicə olunmalı olduqlarını bilirlər", - deyə Hüseynov fikrini yekunlaşdırdı.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.