ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasovun hərəkəti ölkədə ciddi etirazlara səbəb olub.

O, ermənilərin təkidi ilə "Şuşa" komandasının adını "Buta" olaraq dəyişdirməyə razılıq verib. 

Azxeber.com saytına açıqlama verən  "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məsələyə kəskin iradını bildirib: 

"O komandanı ora göndərəndə KVN-çilərdən, məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşdumu? Sualları o komandanı  oraya göndərən dövlət qurumuna  vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərənlər açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib".

T.İmanov daha sonra əlavə edib: "İnandırım sizi, bunu bizim "Parni İz Baku"ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biyabır etdi, bu da ikincisi oldu".

Şənbə, 22 Yanvar 2022 10:30

Həmyerlimiz finalçılar arasında

 

Türkiyədə KalDer Bursa Beynəlxalq Karikatura Yarışması sona yetib. 

Yarışmaya 53 ölkədən 354 rəssam 818 əsərlə qatılıb. Finala 106 əsər adlayıb. 

Həmyerlimiz, istedadlı karikaturaçı-rəssam Soltan Soltanlının da bir əsəri finala seçilib.

Bu barədə Soltan Soltanlı “Ədəbiyyat və incəsənət” portalına məlumat verib.

Rəsm qalereyası:

Mir Nadir Zeynalov,

“Mistik ruhun ömrü”

 

Sirr deyil ki, indi dünyada “Squid Game” bumu yaşanır. 

“Netflix”in ən çox izlənilən seriallarından biri olan və dünya səviyyəsində geniş izləyici kütləsinə sahib “Squid Game” serialının ikinci mövsümü rəsmi olaraq təsdiqlənib.

 

TASS agentliyi xəbər verir ki, Netflix”in baş icraçı direktoru Ted Sarandos tamaşaçıların “Netflix”in indiyə qədərki ən populyar serialının ikinci mövsümünün davamı necə olacaq” suallarına belə cavab verib:

-Mən bunu əminliklə deyə bilərəm ki, qarşıda daha çox həyəcanverici bölümlər görəcəksiniz. “Squid Game” kainatı hələ təzəcə başlayıb.

Qeyd edək ki, Cənubi koreyalı rejissor və ssenarist Hvang Dong-hyukun çəkdiyi ekran əsəri bir dram serialıdır. Filmin konsepsiyasına görə, ailəsindən ayrılmış, borclu bir sürücü olan Seung Gi-hun böyük pul mükafatı qazanmaq üçün bir sıra uşaq oyunları oynamağa dəvət olunur. Təklifi qəbul edərək naməlum bir yerə aparılır və bir-birinə oxşar böyük borcları olan 455 digər oyunçu arasında özünü tapır. Oyunçular qırmızı kombinezonlu maskalı mühafizəçilər tərəfindən hər zaman nəzarət altında saxlanılır. Oyunçular tezliklə bu oyunlarda məğlubiyyətin ölümlə nəticələndiyini anlayırlar. Amma geriyə yol yoxdur.

 

İtaliyadan sensasion xəbər alınıb. 4 müddət baş nazir olan, neçə müddət həbsxana həyatı yaşayan media maqnat Silvio Berluskoni siyasətə qayıdır. O, prezident seçkilərində öz namizədliyini verəcək.

Foto: Euronews

 

Anna Axmatovanın ədəbi katibi 

Anatoli Nayman həyatdan getdi. 

 

Şair, tərcüməçi, ədəbi tənqidçi Anatoli Naymanın yaşı 85 idi.

“Ədəbiyyat və incəsənət” portalı Euronews-un rus redaksiyasına istinadən xəbər verir ki, Anatoli Nayman 1950-ci illərdə əvvəlcə şeir tərcüməçisi kimi şöhrət qazanmışdır, baxmayaraq ki, bu təxəllüs altında artıq o zaman hekayələr də dərc etdirirdi. Sonra o, qələmini tərcümə sahəsində də sınadı. 

Tərcümələr sayəsində o, Anna Axmatova ilə yaxınlaşdı — onlar həmmüəllif də olublar, italyan şairi Cakomo Leopardini rus dilinə birlikdə tərcümə ediblər. Sonra Nayman Axmatovanın ədəbi katibi olub.

O, öz tərcümələrində orijinal formasını maksimum canlandırmağa çalışaraq musiqi müşaiyətinin vacibliyini qeyd edirdi. Sovet dövründə onun Bodler, Tomas Eliot, Conn Donndan tərcümələri nəşr olundu, halbuki öz şeirləri və bədii nəsri samizdatda yayılırdı. Sovet ideologiyası Axmatovada olduğu kimi, Naymanda da “əksinqilabi meyillər”, “burjua təmayülü” hiss edirdi. 

Yalnız SSRİ-nin dağılmasından sonra Naymanın külliyyatı çap olundu. Naymanın XX əsrin ikinci yarısında  Leninqradın ədəbi həyatında açdığı  xüsusi yol diqqət mərkəzinə qalxdı. 

Amma ölüm də qoca yazara tərəf yol gəlməkdə idi.

 

Ölkəmizdə tüğyan edən qrip epidemiyası teatrların fəaliyyətini də iflic etməkdədir. Aktyorların səhhətlərində  yaranan problemlərlə əlaqədar Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında dəyişiklik olub.

 

 "Təklif" tamaşası yanvarın 23-də deyil, 29-da, "Kloun Z" tamaşası isə 30-da nümayiş ediləcək.

Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2-ci mərtəbəsində yerləşən səhnədə göstəriləcək.

 

 

Bakıda Rus Evi Prezidentin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə “Qısametrajlı kino günü – 2021” Ümumrusiya aksiyası çərçivəsində və Leninqradın faşist blokadasından tamamilə azad olunması günü ilə əlaqədar “Saşka. Əsgərin gündəliyi” filminin onlayn nümayişini keçirir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti xəbər verir ki, tanınmış aktyor, “Qızıl Qartal” mükafatı laureatı Kiril Zaytsevin debüt rejissor layihəsi olan “Saşka. Əsgərin gündəliyi” qısametrajlı hərbi dramı cəbhəçi yazıçı Vyaçeslav Kondratyevin “Saşka” povestinin motivləri əsasında çəkilib. 

Filmdə Böyük Vətən müharibəsi veteranının öz cəbhə gündəliyini tapmasından və müharibənin qızğın çağında onun başına gələn hadisə ilə bağlı hissləri sanki yenidən yaşamasından söhbət açılır. 

Filmin nümayişi yanvarın 25-dək davam edəcək.

Şənbə, 22 Yanvar 2022 13:00

Afişa: Musiqili Teatrın fevral repertuarı

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fevral ayında bir çox maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Repertuarla tanış olun:

 

2 fevral – “Bir nəfəs qədər”

4 fevral – “Qafqazlı qardaşqızı” (rus dilində)

5 fevral – “Meşə çaqqalsız olmaz”, “Qafqazlı qardaşqızı”

6 fevral – “Yağış göbələyinin macərası” (rus dilində), “Utancaq qız”

12 fevral – “Qırmızı papaq”, “Fransızsayağı qarnir”

13 fevral – “Dəcəl çəpişlər”, “Qızıl toy”

18 fevral – “Ər və arvad”

19 fevral – “Düyməcik” (rus dilində), “Mən dəyərəm min cavana”

20 fevral – “Buratino”, “Beş manatlıq gəlin”

25 fevral – “Silva” (rus dilində)

26 fevral – “Bir nəfəs qədər”

27 fevral – “Qızıl cücə” (rus dilində)

28 fevral – “Paris Notr-Dama ithaf”

 

 “Ədəbiyyat və incəsənət” portalının müsahibi Azərbaycanda  gözəl memarlıq  layihələrinin müəllifi, Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinın icraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü Cahid  Həsənovdur.

 

- Azərbaycanda, xüsusən Bakıda tarixi binaların simasına xələl gətirən reklamlar barədə ara-sıra çıxışlar edirsiniz.

- Bəli! Azərbaycanın, əsasən də Bakının memarlıq abidələrinin tarixi görkəmi vizual baxımdan bu binaların fasadlarında, xüsusi ilə də birinci mərtəbələrində fəaliyyət göstərən kommersiya obyektlərinin reklamları ucbatından öz əsrarəngiz, yaraşıqlı görkəmini itirmişdir. Əcnəbi dillərdə olan (lap Azərbaycan dilində olsun, fərq etməz) iri və kiçik həcmli reklam konstruksiyaları bu binaların üzərində tarix boyu  gözəl memarların, ustaların yaratdıqları incə, kiçik və ya  böyük həcmli ornametlərin oxunuşunu arxa plana salır. Halbuki, binaların ümumi gözəlliyində bu müxtəlif formalı ornametlər, detallar bir-birilərilə bir harmoniya təşkil etmişdir ki, bu da binaların gözəlləyinə dəlalət etmişdir.

Təsəvvür  edin, bu binaların fasadında olan reklam konstruksiyaları ilk baxışda  öndə olduğuna görə ərazini belə tarixi yadigar bina statusundan çıxarır. Milyonlarla turist qəbul edən Bakı məhz bu tarixi binalarla öyünür. Daha doğrusu, bu binalar turist axınına dəlalət edir. Bu halda isə bu xoşagəlməzliklər ümumilikdə Bakının tarixi memarlıq abidələri ərazisini sanki yeni tikililər olan əraziləri ilə eyniləşdirir.

Hələ bu başqa məsələdir ki, ümumiyyətlə tarixi binaların üzərində bu ağır konstruksiyaların quraşdırılması bu binalara texniki baxımdan xələl gətirir. Bakının Fəvvarələr Meydanı ərazisinə mütləq deyil ki, bir  memar gözü ilə baxılsın. Bir anlıq bu ərazilərin keçən əsrlərin əvvəllərindəki fotolarına baxsaq, canlı olaraq  tarixin o dövründəki əraziyə düşdüyümüzü hiss edərik. Yəni, binaların hər biri özü özlüyündə və hətta ətrafdakılarla bir vəhdət təşkil edir. O binalar bir-biriləri ilə harmoniya yaradır. Və bu məkan klassik memarlığı zəngin olan bir məkan statusunu daşıyır. Və məhz  elə bu müstəvidə özünə  dünyadan milyonlarla  turistləri cəlb edir. Ölkəmizin zəngin memarlığı məhz  bu binalarda özünü   təcəssüm  etdirir. Bu binaların birinci mərtəbələrində fəailiyyət  göstərən obyektlərin reklamları ucbatından binalar sanki alabəzək bir kəmər taxmış forma  alır.

- Sizcə, birinci mərtəbələrdəki obyektlər reklam quraşdırmamalıdırlarmı?

- Xeyr, quraşdıra bilərlər. Bunun üçün Avropa təcrübəsinə nəzər salmaq, oradakı qaydaları burada tətbiq  etmək lazımdır. Çox təəsüf ki, biz  hələ də buna nail ola bilməmişik. Belə ki, bu binaların birinci mərtəbələrində fəailiyyət göstərən müxtəlif təyinatlı ticarət obyektlərinə reklam yayımları üçün yalnız və yalnız vitrinlərində şərait yaradılmalıdır. Yəni şüşə üzərində və ya  şüşə arxası sahələrdə. Binanın özünə qəti şəkildə bir mismarın belə vurulmasına icazə verilməməlidir. Bir  nüansı da  diqqətinizə çatdırıram. Ümumiyyətlə, təkcə bina fasadlarındakı  reklamların yığışdırılması ilə bu iş həllini tapmayacaq. Mən bir memar kimi təklif edirəm ki, ümumiyyətlə, tarixi əhəmiyyətli binalarımız olan ərazilərdə belə müxtəlif  kommersiya təyinatlı reklamlara yer verilməsin. Götürək elə yenə Fəvvarələr  Meydanını. Bu ərazi Bakının qonaq otağıdır. Respublikamıza kim  gəlirsə mütləq bu ərazidə qonaq olur. Məhz elə buna görə bura gələcək turistlərə məhz burada bizə şans yaranır ki, tarixi mədəni irsimizi çatdıra bilək. Ona  görə də bu ərazilərdə telefon, kompyuter və s. kimi reklamlar  yerləşdirilməməlidir, indi rastlaşdığımız kimi. Burada  Azərbaycanın, Bakı və bölgələrimizin memarlıq  abidələri, incəsənət inciləri, xalçaçılıqla, dulusçuluqla, zərgərliklə, ipəkçiliklə bağlı reklam konstruksiyaları yerləşdirilib yayımlanmalıdır. Bir sözlə, Bakının bu qonaq  evi sayılan ərazisi sosial reklam məkanına çevrilməlidir. Yəni burada  bir, iki saat  müddətində qonaq olan hər kəsə Azərbaycanın tarixi haqda informasiyanın çatdırılması şansı verilir bizlərə.

Digər tərəfdən də yuxarıda dediyim kimi, bu tarixi lövhələr bu tarixi binalarla vəhdət  təşkil etməklə bu ərazinin tarixiliyini obrazlı şəkildə dünya ictimaiyyətinə çatdırmış olar.

- Buna  nəzarət  edən qurum varmı?

- Açıq məkanda reklamlara nəzarət edən qurum əvvəllər Bakı şəhəri İcra Hakimiyyəti idi. Sonradan bu səlahiyyətlər yeni yaranan Azərbaycan Dövlət Reklam Agentliyinə şamil edildi. Hal-hazırda da elə bu quruma  aiddir. Bilirsiniz,  bu qurum da reklam yayım vəsaitlərinin yığımı ilə məşğul olan qurum kimi, “təbii” olaraq  marağındadır ki, bu ərazilərdə açıq məkan reklamlarının sayı, hətta  həcmləri çox olsun. Çünkü  açıq məkanda reklama görə 1m2 üçün qiymət tətbiq olunub. Lakin həcmindən, sahəsindən, formasından asılı olmayaraq bu kimi binalarda reklamların quraşdırılması tam yasaq olunmalıdır. Dediyim kimi,  vitrinlərdəki yayım şəraiti elə kifayətdir.

Bir  maraqlı  məsələ də burasındadır. Deməli, hər hansı sahibkar obyekt açarkən iri həcmli, böyük formatlı  ad -reklam quraşdırmasına  meyillidir bizdə.  Bu, sovet  dönəmindən qalmış bir primitiv ənənədir. Belə ki, sovetlər dövründə reklamları hətta  binaların damında yerləşdirirdilər. Binanın fasadının eni 50 metr olurdusa, mütləq  damdakı reklam da 50 metr  uzunluğunda olmalı idi. O reklamlar ümumi panoram fotolarında görünürdü, lakin bu binaların yaxınlığında olanlar heç o damda  olan reklamı belə çox vaxt oxuya bilmirdilər. SUM, MUM, QUM üzərində, hətta  inzibati binalarda belə. Yəni vizual baxımdan, rakus baxımından gözlə görünmürdü belə reklamlar. Amma dünyada daha fərqlidir. Ticarət obyektinin üzərində olan adları, yəni reklamları nə qədər böyük həcmdə olsa, əslində effektliyini bir o qədər itirir. Görürsünüz dünya brendlərini? Ən bahalı qiymətlərə mallarını satan brendlərin adları, reklamları çox kiçik həcmli olur. Yəni obyektin fasad sahəsinin 100-də 1-i qədər. Burada əmtəənin effektli çatdırılmasından gedir söhbət. Ticarət obyekti boyu uzun-uzadı, iri həcmli reklamlara ehtiyac yoxdur. Və  son illərdə, deyərdim ki, bu sahədə irəliləyişlərimiz  vardır.  Yavaş-yavaş  bizdə də  bu  tendensiya baş tutacaq.

Bir  məsələ də  burasındadır ki, ərazisinə görə xüsusi reklamdaşıyıcı konstruksiyalar yerləşdirmək qaydaları tətbiq edilməlidir. Yəni klassik abidələr  ərazisində, yollarında belə klassik formalı reklam yayım konstruksiyaları tətbiq  olunmalıdır. Açıq  məkan  reklamı ilə  məşğul olan millli reklam firmalarımız bu işin öhdəsindən məharətlə gələ  bilərlər. Memarlar, dizaynerlər, rəssamlar, konstruktorlar və d. üçün yeni-yeni iş yerləri də açılmış olar. Bakını bu başından  o başınadək, yeri gəldi-gəlmədi rəqəmsal adı ilə yad ünsürlü reklam konstruksiyaları ilə doldurmaq qəti olmaz. Kimin gəlir götürəcəyi burada amil olmamalıdır. Burada  milli dəyərlərdən, memarlıq və şəhərsalmadan gedir söhbət. Bu ərazilərdə yerləşdirlən bu ekranlar ərazinin gözəlliyinə baxışdan insanı yayındırır. İçərişəhər istiqamətində olan ərazilərdə,  tarixi qoruğumuz  Bakı bulvarında prospekt boyu  dəmir  konstruksiyaların yerləşdirilməsi də yasaq  olunmalıdır.  Bu əraziləri bu monitorlarla kinoteatra döndərmək olmaz.

- Müsahibənizdə açıq məkanda  sosial reklamın genişləndirməsini vurğuladınız.

- Bəli. Sosial reklam mühüm əhəmiyyət kəsb edir. Dediyim kimi, Bakını ekranlarla doldurmaq lazım deyil. Xüsusi ərazilər təyin olunmalıdır. Həmin ərazilərdə reklam yayım ekranları deyil, Azərbaycanın tarixi-mədəni irsini tərənnüm etdirən kiçik memarlıq formaları, hətta  kiçik həcmli heykəl kompozisiyalar qurulmalıdır, məhz  elə o İçərişəhər istiqamətində, Azneft dövrəsindən Dəniz vağzalınadək, Bakı bulvarı ilə Neftçilər prospekti boyunca. Belə ki, Azərbaycanda  xalçaçı xanımın xalça toxumasını, dulusçularımızın iş fəailiyyəti anını, ipək parçalar formalarını və s. tərənnüm etdirən heykəl kompozisiyalar yerləşdirilsə, bu dediyim zolaqda görün nə qədər maraqlı bir  format alınar. Bununla yanaşı, Zəfər tariximizi əks etdirən formatlar da tətbiq  oluna  bilər. Tarixi memarlıq abidələrimizin maket formaları belə tətbiq oluna  bilər. Çində bu tendensiya çoxdan vardır. Bilirsiniz, ölkəmiz, xüsusi ilə Bakı şəhəri artıq  neçə illərdir ki, dünya səviyyəli tədbirlər məkanına çevrilib. Ard-arda müxtəlif  beynəlxalq tədbirlər  keçirilir. Şəhərə qonaq  gələn, deyək ki, hansısa bir  idmançının parklara, meydanlara çıxmağa vaxtı olmaya bilər. Lakin əsas yollar kənarlarında, dediyim kimi, tariximizi əks etdirən formatlar olarsa, o, bunu görmüş olar. Bu da onun beynində dərin iz buraxmış olar, yaddaşına həkk olunmuş olar. Və bu yerlər haqda maraqlı təəsüratlar yaratmış olar. Bu dediyim formaları həm də regionlarımıza gedən yolətrafı zolaqlarda da tətbiq  etmək olar. Yəni, sosial reklam o demək deyil ki, hansısa konsert proqramı, tamaşa, fləşmob tədbiri olsun. Sosial reklamın daha zəngin formatları elə dediklərim formatlardır.

- Müsahibə üçün çox sağ olun, Cahid müəllim.

- Siz sağ olun!

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.