Super User
Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirir ki, iclasın gündəliyində cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
İttifaqın İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi ssenarist Firuz Mustafa, Əməkdar artist Ötkəm İskəndərov, habelə
prodüser, rejissor, ssenarist Vahid Mustafayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.
Şair Ramiz Qusarçaylı “Nergiz” dərgisində
Tanınmış şair Ramiz Qusarçaylı Türkiyədə yayıma başlayan və ilk sayı işıq üzü görən “Nergiz” Ədəbiyyat Dərgisinin Yayın Kuruluna üzv seçilib və dərginin ilk sayında onun şeiri dərc olunub.
Bu barədə bilgi verən şair Ramiz Qusarçaylı “Nergiz” dərgisinin tesisçisi və imtiyaz sahibi olan istedadlı şair Burhan Bilgiçə dərin teşəkkürünü bildirir, əminlik izhar edir ki, “Nergiz” Ədəbiyyat Dərgisi nəinki qardaş Türki ve Azərbaycan ədəbiyyatına, eləcə də bütün Türk dünyasına hizmət edəcəkdir.
Mütaliəyə marağı artırmaq yolu
Kitabxanalarda uşaq ədəbiyyatının təbliği ilə əlaqədar azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədilə facebook-da “Kitabsevər uşaqlar” səhifəsi yaradılmışdır. Bu səhifə daxilində uşaq və böyüklər üçün “Sərhədsiz informasiya tribunası” ümumi qrupu yaradılmışdır.
Azərtac xəbər verir ki, layihənin rəhbəri və ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır. Qrupda Zərdab, Qusar, Şirvan, Xaçmaz, Ağdaş, Yasamal rayon Mərkəzi kitabxanalarının əməkdaşları fəal iştirak edirlər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, paylaşılan məlumatlar arasında Azərbaycan şair və yazıçılarının yubiley və anım günləri ilə əlaqədar, tarixi faktlar, hərbi vətənpərvərlik, müxtəlif informativ məlumatlar, nağıl və hekayələr üstünlük təşkil edir. Qrup beş ildir ki, fəaliyyət göstərir. “Sərhədsiz informasiya tribunası”nda yerləşdirilən materiallar dünyanın müxtəlif ölkələrindən izlənilir.
Necə oldu ki, Müslüm Maqomayevin külqabısı ilə Araz Ağalarov özünə karyera qurdu
“Ədəbiyyat və incəsənət” portalı “Daycest” bölümündə Crocus Group-un sahibi, milyardçı Araz Ağalarovun TASS agentliyinə iyulun 8-də verdiyi müsahibəsinin bəzi maraqlı məqamlarını təqdim edir.
Diqqət: Yazını götürüb dərc edəcək media nümayəndələrindən xahiş edirik ki, mütləq istinad etsinlər.
- Bir dəfə özünüzü dirijora bənzətmişdiniz.
-Belə şey olub, bəli.
- Sizin orkestr indi nə ifa eləyir?
- Məsələ artıq yeni repertuarı öyrənməkdə deyil, köhnəni saxlamaqdadır. Əgər obrazlı şəkildə ifadə edilsə… İqtisadiyyatda vəziyyət mürəkkəbdir, indiki mərhələdə biznesin inkişafı haqqında yox, biznesin saxlanması haqqında düşünmək lazım gəlir. Hər şey üst-üstə gəldi — həm pandemiya, həm də sahibkarlara təzyiq göstərən vergi yükü... Mənim fikrimcə, bu, reallıqlara uyğun deyil.
Bu gün biz hər bir rubldan 40 qəpik vergi veririk. Daxili bazarda işləyənlər, özəl müəssisə yaradanlar üçün bu, ağır yükdür. Ümumi tələbat azalmışdır, bir çox insanlarda maaşlar aşağı düşmüşdür, gəlirlər isə bir ildir ki, dalbadal azalır…
Mənə çoxdan elə gəlir ki, vergiləri azaltmaq vaxtıdır. Aydındır ki, indi buna getməyəcəklər, amma nəyisə dəyişmək mütləqdir.
— Bəs sizdə hansı orkestrdir, simfonik, yoxsa kamera?
— Müəyyən hallar üçün müxtəlif instrumental kollektivlərdən istifadə edirik. Hər şey konkret anda həll etdiyimiz vəzifələrdən asılıdır. Bəzən bir kvartet, hətta bir trio ola bilər. Biz binaların tikintisini, istismarını həyata keçiririk, ticarət, xidmət sahəsi, sərgilərin təşkili ilə məşğul oluruq, bizdə "Sənin evin", "Veqaslar”, Crocus City hipermarketləri şəbəkəsi, konsert zalı, Expo pavilyonları və mehmanxana var. Çox şey var, çox fərqli fəaliyyət istiqamətləri aparırıq. Özümüz özümüzü, indi deyildiyi kimi, kontentlə yükləyə bilərik. Hər zövqə uyğun.
- Niyə söhbət musiqi ilə başladı? Siz bir vaxtlar danışmısınız ki, ilk pullarınızı musiqinin köməyi ilə qazanmısınız.
- Bəli, sovet dövründə Bakıda səsyazma studiyaları yayılmışdı. Və onların xidmətləri çox bahalı idi. 60 dəqiqəlik kompakt kaset üçün müştərilər 10 rubl, saat yarım üçün isə 15 rubl ödəyirdilər. Bu rəsmi qiymət idi. Sifarişlər çox olurdu, Dövlət studiyaları (o vaxtlar digərləri yox idi) bu işin öhtəsindən gələ bilmirdilər və mən tanışlar vasitəsilə razılığa gəldim ki, kassetləri evdə yazacağam, sonra isə satmağa verəcəyəm. Bax bu cür ibtidai autsorsinq. Şərtlər mənimçün xoş deyildi, bir kaset üçün 2 rubl ödəyirdilər, qalanlarını isə özlərinə götürürdülər.
— Və nə qədər qazanırdınız?
- Ayda 1000 rubla qədər, inanılmaz olsa da.
- O zaman bu, böyük pul idi.
— Əlbəttə. Diplomlu mühəndislər bir neçə dəfə az alırdılar, mənsə onda yalnız institutun birinci kurs tələbəsi idim. Məsələ kommersiya relslərinə tez düşmüşdü: vinil plastinkalardan yazılmış master-kasetlər alırdım, sonra isə paralel olaraq onları on əsəd babin maqnitofona köçürürdüm.
- Keyfiyyəti qurban verirdiniz?
-Yox, yox, hər şeyi yüksək səviyyədə edirdim. Mən zir-zibil tərəfdarı deyildim, yaxşı texnikam vardı, əsl deklərim var idi.
— Bəs siz onları haradan almışdınız? Axı bu da çox pul tələb edirdi.
— Getdikcə təsərrüfatım genişlənirdi. Əvvəlcə iki maqnitofon var idi, sonra pul yığıb başqa birini, daha sonra növbətisini almışdıq. Bilirsiniz, mən erkən böyümüşəm. Atamı itirəndə 14 yaşında idim…
— Nə səbəbdən vəfat edib atanız?
- Bu irsəndir. Ata xəttindən olan bütün kişilər qan damarlarının tıxanması nəticəsində infarkt və ya insultdan ölürlər. Bu, 2000-ci ildə mənim böyük qardaşımla da baş verdi. O, atletik adam idi, hər gün onlarla kilometr piyada gəzirdi, az qala beşinci mərtəbəyə qalxırdı. 61 yaşında birdən gözlənilməz ölüm…
Sonra həkimlərə getdim, araşdırmağa başladım və bizim nəsil kişilərində genetik cəhətdən yüksək xolesterol və triqliseridlərin olması üzə çıxdı, normadan bir neçə dəfə yüksək. Sən demə, bu, fiziki cəhətdən möhkəm insanların çoxunun qismətidir. Çəlik ilə çətinliklə addımlayanlar var, amma 100 ilə qədər yaşayırlar. Lətifədə deyildiyi kimi: onun xəstəliyi başqalarının həyatından daha uzun çəkdi. Ciddi desək, xolesterin, triqliseridlər — fiziki sağlamlığın göstəriciləridir, amma böyük dozalarda onlar qan dövranına mane olurlar, damarlarda yığılırlar ki, bu da gec-tez insult və ya infarkta gətirib çıxarır.
Mən bu məsələni araşdırdım, statinlər və nikotin turşusu içmək lazım olduğunu başa düşdüm, Amerikada təcrübəli məsləhətçilər tapdım və artıq 20 ildir ki. xolesterolun aşağı səviyyəyə salınmasını təmin edə bilirəm.
Yeri gəlmişkən, maraqlı faktdır: bilirsiniz, dünyada həkimlərin orta ömür müddəti nə qədərdir? Onların xəstələrindən 15-20 il daha qısadır. Bax, bu, elə bir paradoksdur ki, onun məntiqi izahını tapmaq çətindir. Siz diqqət yetirirmisinizmi ki, psixoloq-məsləhətçilərin arasında kimsəsiz və boşanmış insanlar sayca çoxdur? Çox qəribə bir vəziyyətdir, başqalarına necə həyat qurmağı, ailənin əlaqələrini yaxşılaşdırmağı məsləhət görürlər, amma özləri ilə nə baş verdiyini başa düşə bilmirlər.
Eynən həkimlərlə də belədir. Göz müayinəsinə gedirəmsə və həkimi eynəkli görürəmsə, bu məni həyəcanlandırır. Özünə kömək edə bilməyən, amma məni müalicə etmək istəyən mütəxəssis nəyə nail olasıdır ki?
- Məsələyə fundamental yanaşırsınlz.
-Bəli, buna bir qədər tənqidi yanaşıram.
- Təkcə buna yox.
- Belə bir xüsusiyyətim var. Mən gəncliyimdən zəhlətökən, vasvasıyam. Hesab edirdim ki, əgər yaxşı bir şey etmək istəyirsənsə, əvvəlcə hər şeyi özün tam analiz eləməlisən.
- Niyə məktəbdən sonra Politexnik İnstitutuna getdiniz?
- Düzünü deyim ki, oraya girmək daha asan idi. Həmin illərdə Bakıda iki ali məktəb — Politexnik institutu və Azərbaycan Neft və Kimya İnstitutu məsləhətli sayılırdı, lakin onlarda müsabiqə dəhşətli dərcədə idi. Bunlardan betəri yalnız universitetin hüquq fakültəsi idi, lakin Sovet dövründə ora yalnız raykom katiblərinin, hakimlərin və prokurorların uşaqları düşə bilirdi.
-Sizin də ailəniz elə də adi deyildi.
- Atam Azərbaycan Elmlər Akademiyasının Su Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini işləyib, öz mühitində tanınmış alim sayılıb, Neft və Kimya İnstitutunun rektoru ilə yaxın dostluq edib. 16 yaşım tamam olanda anam rektorun evinə getdi. Dedi, salam, sizinlə məsləhətləşmək istəyirəm, Araz hansı instituta, hansı fakültəyə sənəd versin. Anam birbaşa xahiş etmirdi, lakin işarə aydın idi. Atamın doktorluq dissertasiyası yazmağa kömək etdiyi bu yaxın dostu isə anama dedi ki, “məsələni mənimlə deyil, Politexnik institutunda işləyən böyük oğlunuzla müzakirə etmək daha yaxşıdır." Qardaşım Politexnik İnstitutunda baş müəllim vəzifəsində çalışırdı.
— Demək, sizi yola verdi.
— Belə də demək olar. Mən onun bu münasibətini illər uzunu unuda bilməmişəm. Nə isə. Nəticədə, sənədlərimi politexə verdim, daxil oldum, oxudum və paralel olaraq kaset yazmaqla pul qazandım. 1976-cı ildə İnstitutu bitirdim, rabitə mühəndisi diplomunu aldım və Bakının şəhərlərarası telefon stansiyasına təyinat verdilər. Etiraf edim ki, ixtisas üzrə işləməyə can atmırdım.
— Niyə?
— Mənə elə gəlirdi ki, bu çox darıxdırıcı işdir. Mən fəal gənc idim, böyümək və inkişaf etmək istəyirdim, burada isə hansısa bir gündəlik, darıxdırıcı prosedurlar - bütün bunlar o qədər də maraqlı deyildi. Doğrudur, məni tez, iki ildən sonra Rabitə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin azad olunmuş sədri vəzifəsinə irəli çəkdilər.
— Nüfuzlu vəzifə idi?
— Müəyyən mənada, bəli. İndi, mobil rabitə dövründə inanmaq çətindir, lakin ötən əsrin 70-ci illərinin sonunda telefonçular müəyyən güc və resurslara malik idilər. Vısotskinin necə oxuduğunu xatırlayırsınlz? "Mən əbədi 07 yığıram..." . O vaxt şəhərlərarası telefon stansiyasının imkanları məhdud idi, insanlar saatlarla əlaqə gözləyirdi və mən problemi bir saniyə ərzində həll edirdim. Əlbəttə, mənə tez-tez müraciət edirdilər və mən heç kəsi rədd etmirdim.
- Maraqlıdır, o vaxtlar keqebeçilər ( Dövlət Təhlükəsizliyi Komitəsi əməkdaşları -red.) söhbətləri dinləyirdi?
- Rəsmi olaraq yox, ancaq hər hansı bir əlaqə xəttinə asanlıqla qoşula bilirdilər. Respublikanın rəhbər şəxsləri danışdıqları təqdirdə mühəndislər xətti mütləq dinləyirdilər ki, texniki problem, nasazlıq olanda aradan qaldırsınlar. Tutaq ki, Heydər Əliyev Moskvaya - MQİMO (Beynəlxalq Münasibətlər İnstitutu - red.) -da təhsil alan oğlu İlhama zəng edirdi və biz fasiləsiz əlaqəni-əsas xətti və iki ehtiyat xəttin fəaliyyətini təmin etməli idik. Adətən bizdən eşitdiklərimizi heç yerdə açıqlamamaq öhtəliyi götürürdülər, amma həmsöhbətlər açıq rabitə kanallarında olduqlarını başa düşərək heç nə barədə ciddi fikir söyləmirdilər. Belə, sakit, məişət danışıqları aparırdılar.
O zamanlar Zoom, Skype və digər VKS (video-konfrans sistemi - red.) yox idi. Ona görə də biz vaxtaşırı selektor müşavirələrini təmin edirdik. Stansiyada xüsusi danışıq otaqları var idi, məsələn, Azərbaycanın kənd təsərrüfatı naziri bütün müavinləri ilə gəlirdi, Moskvadakı ittifaq idarəsinin başçısı onlarla qiyabi konfrans keçirirdi. Mən hər dəfə heyran qalırdım ki, Moskvadakı rəhbərlər ölkədə vəziyyətə nə qədər sahibdirlər. Yerlərdə nə baş verdiyini ətraflı bilirdilər. Təsəvvür edirsinizmi, SSRİ - də 15 respublika, böyük təsərrüfat var, nazir isə hər kəsə kolxoz və sovxozlar haqqında dəqiq suallar verir. Və cavab verə bilməyənin dərhal kitabı bağlanır. Onda kadrları seçməyi bacarırdılar, idarəetmədəkilər insanlar yox, canavarlar idilər, əsl peşəkarlar idilər. Bax belə bir işdə çalışırdım. Amma bir neçə ildən sonra hiss etdim ki, yerindəcə oturmuşam, inkişaf yoxdur. İlişib qalmışam və dəyişikliklər istəyirəm. Birdən Moskvada Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Şurası yanında həmkarlar ittifaqı hərəkatının Ali məktəbinə daxil olmaq imkanı yarandı. Mən sənədləri topladım, tam əmin idim ki, heç bir problem olmayacaqdır. Amma məlum oldu ki, abituriyentlər arasında ağlasığmaz müsabiqə olasıdır, hansısa başgicəlləndirici, qeyri-real rəqəmlər var idi. Bütün ölkənin mənim kimi həvəsli gəncləri axışıb gəlmişdilər.
Aydındır ki, həmkarlar ittifaqı adında elm heç vaxt mövcud olmamışdır. Əslində, bura əyani aspirantura, yaxud əmək haqqının saxlanılması ilə adi iqtisadi ali məktəb idi. Nəzərdə tutulurdu ki, təhsil alandan sonra yüksək ixtisaslı kadrlar əvvəlki xidmət yerinə, lakin artıq rəhbər işə qayıdacaqlar. Ona görə də çoxları, mən də daxil olmaqla bura can atırdıq. Böyük rəqabəti görəndə dərhal başa düşdüm: şansım azdır. Ya hansısa əliuzun tanış axtarmaq, ya da qəbul imtahanlarını layiqli şəkildə verməyə çalışmaq lazım idi. Əsas fənlərin öhtəsindən plyus-minus gələ bilərdim, amma İngilis dilim çox zəif idi. Mən vaxtilə Bakıda rus məktəbində oxuyanda belə bir hiylə işlətmişdim, xarici dil kimi özümə Azərbaycan dilinini yazdırtmışdım. Bir neçə il buna fikir vermədilər, sonra birdən-birə şübhələndilər: doğma dilini xarici dil kimi öyrənən azərbaycanlı möhkəmcə danlandı. Deyim ki, o dövrlər mən axmaq olmuşam ki ingilis dilini öyrənməmişəm.
Ali məktəbdəki aspirantura şöbəsinin müdiri olan Qalina İvanovna açıq şəkildə dedi: “Araz, imtahanı Vadim Jerebkov götürəcək, o poliqlotdur, 17 dil bilir, onu aldatmaq ağlına belə gəlməsin".
— Bəs bu Jerebkovla necə dil tapdınız?
- Bax, mən müəllimin ev ünvanını soruşdum. Onsuz da itiriləsi heç bir şey yox idi. Getdim evinə. Kursk dəmir yolu stansiyasında yerləşən adi kərpic doqquzmərtəbəli bina idi. Mərtəbəyə qalxdım, qapını yəhudi qadın açdı, məni başdan-ayağa süzdü: "Siz kimsiniz?" Soruşdum, Vadim Aleksandroviç evdədir? O, geri döndü:"Vadik, səni istəyirlər” deyib mürəxxəs oldu. Jerebkov çıxdı. Məxmər xalatda, əlində siqaretli müştük. Bir qədər sərtliklə:" Siz nə istəyirsiniz?" soruşdu, izah etməyə başladım ki, Moskvada gəlməyəm, çıxılmaz vəziyyətdəyəm, aspiranturaya daxil olmalıyam, amma ingiliscə problemlərim var... Gördüm, artıq qapını bağlamaq istəyir. Mən davam etdim: "Bəlkə repetitorlar məsləhət görərsiniz?" Vadim Aleksandroviç başını buladı: “Siz üç ay ərzində dil öyrənməyi planlaşdırırsınız?” Və soyadımı soruşdu. Dedim: "Ağalarov". Və başladım, nə başladım. Ağa sözünün etmologiyasını izah etdim. Dedim, “Əcdadlarım Şamaxıdandır, ora ticarət yollarının mərkəzidir, “ağa" isə yüksək nüfuzlu, rütbəli insanlara hörmətlə yanaşıldığını vurğulayan tituldur.”
Jerebkov bir az yumşaldı, dedi:" Yaxşı, ağa, gəlin, səviyyənizi yoxlayacağam... " Məni içəri buraxdı. Nə yoxlasın? Bilik - demək olar ki, sıfır. Vadim Aleksandroviçin tez bir zamanda gözündə laqeydlik və boşluq ortaya çıxdı: “Hər kəs qəbul olmaq istəyir, amma bu iş imtahan komissiya tərəfindən həll edilir, buna görə, sizin şansınız əsla yoxdur". Bu sözlər üzümə çırpıldı.
Mən başa düşürdüm ki, indicə qovulacağam və heç olmasa, nəyəsə ilişmək üçün bir yol axtarırdım. Birdən masanın üstündə bir neçə külqabı gördüm. Müxtəlif ölçülü, formalı və rəngli külqabılar göz oxşayırdı. "Yığırsınızmı?"- deyə soruşdum. Professor canlandı:"Kimsə markalar, nişanlar və ya etiketlər yığır, mən isə külqabı yığıram".
Və sonra mən sanki işığa büründüm. Xatırladım ki, mənim dostluq etdiyim Müslüm Maqomayevin evində, royalın üstündə həmişə ən azı iki külqabı dururdu. O, buxar lokomotivi kimi siqaret çəkirdi, gündə üç-dörd qutu boşaldırdı və evin hər yerində dostlarının hədiyyə etdikləri külqabılar düzülürdü. Mən Jerebkovdan soruşdum: "Sizin kolleksiyanı zənginləşdirmək mümkündürmü? Məndə sizdə olmayan şeylər var". Belə bir təklifdən Vadim Aleksandroviç imtina edə bilmədi, bu pul deyil, hətta alkoqol da deyil. Bunun nəyi rüşvət olsun ki?
- Maqomayev öz əmlakını bölüşməyə asanlıqla razılıq verdi?
- Ümumiyyətlə, sual belə vermədi, dedi, “Sənə nə qədər lazımdır, götür”. Növbəti gün mən böyük bir qutu ilə professorgilə getdim. Professor eşidəndə ki, bu, Maqomayevdən gələn hədiyyədir, gözləri yaşardı…
Təsəvvür edin, Jerebkov mənimlə üç ay məşğul oldu, mükəmməl alınana qədər sözləri təkrar etməyə məcbur edərək əla tələffüzümə müvəffəq oldu. Dili eşitmə yolu ilə qəbul etdim, müəllim belə bir texnika seçdi. İki saat olmaqla həftədə iki dəfə dərsə gəldim və Vadim Aleksandroviç məndən bir qəpik almadan mənə dili öyrətdi. Unikal bir insan idi o.
O, mənə rus dilində heç bir söz olmayan Oksford özünüdərk proqramını da məsləhət görmüşdü. Mən daim maşında da kasetləri dinləyirdim və nəticədə imtahan verə bildim, aspiranturaya daxil oldum.
-Pulunuz var idi, bu aspirantura nəyinizə gərək idi?
-Sovet dövründə elmə, mədəniyyətə diqqət böyük idi, karyera pilləsində bu mərtəbədəki insanlar yüksəkdə dayanardı, nüfuz yiyələri idi. Əmim məişət kombinatının müdiri idi, dərzi, bərbər, çəkməçi sexlərinin yiyəsiydi, pulu xəzəl kimiydi, amma ali təhsil almamışdı, ömründə cəmi bir kitab oxumuşdu, “Moydadır”. Onu da yarımçıq. Akademiklərdən, yazıçılardan dəfələrlə çox qazansa da nüfuz pilləsində çox aşağı idi, elmsizlik öz sözünü deyirdi. Bu, mənimçün bir nümunə idi.
-Bəs Müslümlə necə dostlaşdınız?
-Müslüm məndən 13 yaş böyük idi, biz hələ Bakıda ünsiyyət qurmuşduq, o Tamara Sinyavskaya ilə sevişirdi, Tamara gah Moskvada, gah Milanda idi, Müslümlə onu calaşdırırdım ki danışsınlar. Özüm də baxırdım ki, əməkdaşlardan heç kəs onları dinləməsin. Amma dostluğumuz sonralar yarandı, o, səhnədən çıxıb birdən-birə tək qalanda, bax həmin məqam biz yaxınlaşdıq. Yox, tamaşaçılar onu hələ də çox sevirdilər, lakin Maqomayevlə yan-yana əyləşən, şöhrət zirvəsində olanda onu əhatələyən dostları dərhal yoxa çıxmışdılar və hiss etdim ki, ona mənəvi dəstək lazımdır. Bax, onda biz çox yaxın olduq.
Müslüm 50 yaşında çıxış etməyi dayandırdı, səhnədən sakitcə getdi, vidalaşmadan getdi. Baxmayaraq ki. son günlərə qədər tələb olunurdu. Onun səsi ilə heç kimin səsi müqayisə oluna bilməz.
— Bəs Azərbaycan səfirliyinin yaxınlığında yerləşən Maqomayevin abidəsinin xərclərini siz ödəmisiniz?
- Bəli, heykəltəraş Rukavişnikovu tapdım və layihə sifariş etdim. Hətta Müslümü daha yaxşı təsvir etməkmün məsləhətlər də verdim. O, axı həmişə səhnədə xarakterik pozanı qəbul edib... Rukavişnikov abidənin üzərində "Maqomayevə onun dostu Ağalarovdan" yazısını yazdı. Halbuki mən təkid edirdim ki, bu lövhəciyi gözlərdən uzaq eləsinlər. Axı bu cür şeylər təvazökarlıqdan uzaqdır.
- Orkestrinizdə kimsə saxta ifa edirsə nə edirsiniz?
- Çalışıram ki, vəziyyəti düzəldim, onu başqa alətlərə köçürüm. Həddindən artıq kritik hallarda litavrlara keçirirəm. Orada səhv buraxmaq mümkünsüzdür. Əlbəttə, kollektivin uzlaşması, ifaçılıq ustalığı vacibdir. Yalnız bu uzlaşma nəticəsində melodiya səslənəcək.
— Bəs indi vəziyyət necədir?
— Hələ ki, antraktdır. Son zamanlar baş verənləri dərk etmək, hara irəliləmək lazım olduğunu anlamaq lazımdır. İnsan elə qurulub ki, həmişə sabahı gözləyir. Ona elə gəlir ki, əsas tamaşa ertəsi gün olacaq, indi isə yalnız məşqdir. Belə ki, sabah həyat daha yaxşı olacaq anlamı ilə ömrünü keçirir.
Gələcəyə ümid etmək lazım deyil, bu günü yaşamaq lazımdır. Uşaqlıqdan bu bilgi mənimlədir, nənəmdən keçib. Nənəm hər səhər durardı və ilk növbədə dua edərdi. Mən balaca idim, anlamırdım. Bir dəfə soruşdum: "Niyə hər dəfə eyni şeyi mızıldayırsan?” Nənəm gülümsəyərək cavab verdi: “Haçan böyüyəcəksən, bax onda anlayacaqsan. Bu namazdır. Elə ki, oyandın, gördün sağ-salamatsan, heç yerin ağrımır, demək, artıq xoşbəxtsən".
Onun sözləri yaddaşıma möhkəm daxil olub, yaşamağıma kömək edir.
Mən yaşadığım bu günümü qiymətləndirməyi, hər günə sevinməyi öyrənmişəm.
Şəkillərdə: Araz Ağalarov və Müslüm Maqomayev 17 sentyabr 2008-ci ildə Müslümün ad gününü qeyd edirlər; Moskvadakı səfirliyimizin yaxınlığında Müslüm Maqomayevin abidəsinin açılışı mərasimi.
.
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
Rusiya Federasiyasının Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı Azərbaycan Milli Xalça Muzeyinin sərgisinin açılışı olub.
Tədbirin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, “Kazan Kremli” Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax və Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barəsində ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri və iş prosesindən bəhs edib.
Azərtac xəbər verir ki, Kazanda ilk dəfədir ki, Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ekspozisiya təqdim edilib.
Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu–XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.
2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti ilə tanışlıq, heç şübhəsiz hər bir xalq üçün maraq doğurur.
Burada həm klassik əsərlər, həm yeni müəllif xalçaları nümayiş olunur, sərgidə təqdim olunan “Saf tarix” instalyasiyası isə sənətkar yaradıcılığının açarı hesab oluna bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir.
Qeyd edək ki, “Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək davam edəcək.
Azərbaycanın mədəniyyət naziri Gürcüstanın Bas naziri ilə görüşüb
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC Tbilisidən xəbər verir ki, Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.
Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Milli Məclisdə komitə sədri yazıçını təbrik etdi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar jurnalist, yazıçı-publisist Varis Yolçiyevi doğum günü münasibəti ilə təbrik edib.
Görüşdə millət vəkili V. Yolçiyevin istər ədəbi, istərsə də ictimai fəaliyyətdə hər zaman fərqləndiyini diqqətə çatdırıb:
“Təsadüfi deyil ki, siz Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Beynəlxalq Yazıçılar Gildiyasının, Beynəlxalq PEN klubun, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının, Rusiya Yazıçılar İttifaqının da üzvüsüz. 1991-ci ildə “168 saat” qəzetinin baş redaktoru, 1993-cü ildə “7 gün” qəzetinin redaktoru olmusuz. 1995-ci ildə AzTV-nin “Gecə kanalı” proqramının yaradıcılarından olmusunuz.
2004-cü ildə “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilmisiniz. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru vəzifəsinə gətirilmisiniz. Siz, həmçinin Azərbaycanda ilk milli teleradio jurnalı “TV plyus”un baş redaktoru olmusunuz”, – millət vəkili bildirib.
18 kitabın redaktoru, 13 kitabın müəllifi olan V. Yolçiyevin yaradıcılığına toxunan millət vəkili bildirib ki, “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq”, “Sənə inanıram”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Metamorfoz”, “Yol ayrıcında azıb qalanlar”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Bitməyən matç”, “Üçbucaq”, “Uzaqdan gələn yağış” və b. kitabları ona oxucu məhəbbəti qazandırıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” ədəbiyyat mükafatı, Avrasiya materikinin III LiFFT festivallar festivalının qızıl medalı, UNESKO-nun “Adam Mitskeviç” medalı, Rusiya Yazıçılar İttifaqının “Mayakovski”, “Puşkin” medalları ilə təltif edilən yazarı Qənirə Paşayeva bir daha təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Q. Paşayeva Varisə Komitə adından təbrik məktubu və xatirə hədiyyəsi: tanınmış rəssam Sabit Çopuroğlunun rəsm əsərini təqdim edib.
USİD yeni nəşrlərini təqdim edir
Türkiyənin Uluslararası Sənət və Elm dərnəyi olan USİD-in sahibi olduğu İMBİK YAYINLARI və EFSUN YAYINCILIK nəşr evləri yeni kitablarını təqdim edir. USİD başqanı Mehmet Nuri Parmaksızın verdiyi məlumatda qeyd olunur:
-USİD -Uluslararası Sanat ve İlim Derneği’nin sahibi olduğu İMBİK ve EFSUN Yayınları olarak pandemi süreci çalışmalarımızı biraz aksatsa da, USİD -Uluslararası Sanat ve İlim Derneği olarak sanat ve ilim alanındaki çalışmalarımıza İmbik dergisi yanında, güvenilir ve kaliteli yayıncılık anlayışı ile İmbik Yayınları ve Efsun Yayıncılık olarak yola devam ediyoruz.
USİD-in yeni yayınlarına sahib olmaq istəyənlər www.usid.org.tr adresindeki web səhifəsindən kitab satış bölümündən, ya da internet üzərindən başqa satış sitələrindən alışveriş edə bilərlər:
http://www.usid.org.tr/40/kitap-satis
Tbilisidə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb
Gürcüstanda rəsmi səfərdə olan mədəniyyət nazirimiz Anar Kərimov yeni bir tədbirə qatılıb, yeni bir açılışa səbəb olub. Mədəniyyət Nazirliyinin məlumatına görə bu gün Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərgidə N.Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilir,
Azərbaycan və Gürcüstan rəssamları öz əsərlərini təqdim edirlər.
Sərgini Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla yanaşı, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri də izləyiblər.
Nazirimiz tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.
Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze isə dahi söz ustadı Nizami Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib. Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.
Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.
Ölməz Nizaminin dünyada bax bu cür geniş təbliği mədəniyyət siyasətimizin başlıca məqsədlərindən biri olmalıdır.
Sumqayıt ölkə memarlığında ilkə imza atır
Erməni separatçılarının cinayətləri ölkəmizi başdan-başa Şəhidlər Xiyabanına bürüyüb. Belə xiyabanlardan biri də Sumqayıt Şəhidlər Xiyabanıdır. 1992-ci ildə yaradılan, 510 şəhidimizin uyuduğu bu məkan 10 min kvadrat metr ərazini tutur.
Quruculuq və abadlıq işlərində daim öndə olan, fərqlənən gənclər şəhəri daha bir ilkə imza atır. Belə ki, Sumqayıtın Şəhidlər Xiyabanında təmir, bərpa və yenidənqurma işlərinə başlanılıb, bu işlər ona hesablanıb ki, ölkədə ilk olaraq Sumqayıtda şəhidlərimizin məzarları yerləşən ərazi qüssə, kədər gətirən anım məkanı yox, qürur gətirən zəfər məkanı olsun.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Sumqayıt Şəhidlər Xiyabanı tam olaraq öz simasını dəyişəcək, döşəmə daşları büsbütün dəyşdirilməklə, yaşıl ərazinin bitki örtüyü tam yenilənməklə xiyabanın girişində ağır konstruksiyalı müxtəlif atributlardan, fiqurlardan ibarət kompozisiya qurulacaq. Orta hissədə daim vətənin müdafiəsinə hazır olmanın gərəkliyini göstərən əsgər heykəli qoyulacaq. Bu heykəl şəhidlərimizin ümumi obrazını yaradacaq. Minadan gül, mərmidən yer kürəsi formatlı kompozisiya da inşa olunacaq. Bunlarla yanaşı, xiyabanda hündürlüyü 30 metrə çatacaq bayraq dirəyi ucaldılacaq. Xiyabanın sağ və sol hissələrində müxtəlif atributların, fiqurların quraşdırılması da nəzərdə tutulur.
Sumqayıt şəhərinin baş memarı Cahid Həsənov əməkdaşımıza söyləmişdir:
-Yeni layihə forma və ideya etibarı ilə yeni şəhərsalma və memarlıq layihəsidir. Sumqayıt Şəhidlər Xiyabanı ənənəvi soyqırım, naməlum əsgər, şəhidlər məzarlığı statusundan zəfər və qəhrəmanlıq kompleksi statusuna gətiriləcək. Bütün artibutlar - fiqurlar, kompozisiyalar, heykəl, yaşıllıq zolağı, döşəmə - hamısı tam bir vəhdət təşkil edəcək, park və xiyaban statusundan daha yüksək bir status yaradılacaq. Ən əsası - bura Sovetlər dönəmindən qalmış ildə bir dəfə - ildönümlərində baş çəkiləcək bir məkandan hər gün gediləcək kütləvi gəzinti yerinə çevriləcək.
Şəkillərdə: Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu və başçının müavini Gündüz Əliyevi şəhərin baş memarı Cahid Həsənov Şəhidlər Xiyabanının yeni layihəsi ilə tanış edir; Xiyabanın yenidənqurma maketi.