Super User

Super User

 

İlk dəfə olaraq azərbaycanlı violin ifaçısı, Prezident təqaüdçüsü, İsveçrə Konfederasiyasında master-solist pilləsində təhsil alan, beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli İsveçrə konfederasiyasının Martini şəhərində yerləşən qədim amfiteatrda təşkil edilən 5 konsert proqramından ibarət opera festivalının "L'Opera Du Rhöne" adlı layihəsinin orkestr konsertmeysteri seçilib.

 

AzərTAC xəbər verir ki, keçirilən opera festivalının konsertlərindən biri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Avqustun 10, 13, 17 və 20-də isə növbəti konsert proqramları təqdim olunacaq. 

Layihədə dünyaşöhrətli vokal ifaçıları və opera teatrlarının aparıcı solistləri Brigitte Torney, Delphine Gillot, Marc Mazuir, Jeremie Schütz və dirijor Sebastian Bagnoud iştirak edirlər.

Qeyd edək ki, bütün konsertlərə biletlər artıq satılıb.

 

Mədəniyyət Nazirliyi strukturlarının ən maraqlı layihələrindən biri də “Qonağımız var” layihəsidir ki, layihə çərçivəsində növbəti görüşün olduqca çəkici olacağı gözlənilir. 

 

Suraxanı rayonunun Heydər Əliyev Mərkəzində reallaşacaq tədbirin budəfəki qonağı Xalq yazıçısı Anar olacaq.

Avqustun 10-da təşkil ediləcək görüş zamanı görkəmli yazıçı yaradıcılığı ilə bağlı suallara cavab verəcək, təcrübəsini bölüşəcək.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli “Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə 2015-ci ilin yayında “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında beynəlxalq memorandum imzalanıb.

 

Dövlət Xidmətindən bildirilib ki, 2020-2021-ci illərdə pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.

Hazırda ərazidə yerli və yaponiyalı arxeoloqlar birgə elmi-tədqiqat işləri aparır. Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.

 

Məşhur gürcü müğənnisi, unudulmaz “Mimino” filmi ilə məşhirlaşmış Vaxtanq Kikabidze Rusiyanın 2022-ci il fevralın 24-də başlatdığı Ukrayna ilə müharibəni sərt şəkildə pisləyib.

 

Qərb mətbuatı xəbər verir ki, sənətçi bu haqda "Freedom" kanalında qonaq olarkən deyib.

"Bu alçaq müharibə xəstə başdan gəlir. Soyqırımı dəhşətli bir şeydir, bu, çox ciddi cəzalandırılmalı cinayətdir. Putin Stalinin çox böyük pərəstişkarıdır" deyə, Vaxtanq Kikabidze açıqlamasında söyləyib.

Qeyd edək ki, Kikabidze 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana hücumundan sonra Rusiyadakı bütün konsertlərini ləğv edib və o vaxtdan bəri bir daha həmin ölkəyə getməyib. 

Gözəl təşəbbüsdür. Şərə bəraət vermək olmaz!

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Şəmsi Bədəlbəyliyə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib.

1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona olduqca şöhrət gətirib.

Sənətkar burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub.

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli həmin teatra rejissor təyin edilir.

O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.

Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir.

Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, medalı TÜRKSOY-un Baş katib Sultan Raev təqdim edib. TÜRKSOY-un yüksək təltifi Komitə sədrinin bu ortaq türk qurumu ilə sıx əməkdaşlığına, ümumən Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi işinə töhfələrinə görə təqdim olunub.

Təqdimatda çıxış edən Qənirə Paşayeva bu il yaranmasının 30-cu ildönümü tamam olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının zəngin təcrübəsindən, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yola xidmətlərindən danışıb.

O, TÜRKSOY-un Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə diqqətini, habelə Qarabağ kökənli klassik sənətkarların yubileyinə həssas diqqətini yüksək qiymətləndirib.    

Azərbaycanın haqq savaşına dəstək verən TÜRKSOY-a, ümumən Türk dünyasına minnətdarlığını bildirən komitə sədri Şuşanın 2023-cü il umun “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi anlam daşıdığını vurğulayıb, ürək sözlərini bölüşüb.

TÜRKSOY-un yüksək təltifinə görə TÜRKSOY rəhbərliyinə minnətdarlıq edən Qənirə Paşayeva Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən üç tablonu TÜRKSOY-a hədiyyə edib.

Günün fotosu: İldırım Kubanın iqtisadiyyatını vurdu

 

Kubada inanılmaz olay baş verib. Adi təbiət hadisəsi - ildırımvurma neft anbarında şiddətli yanğın törədib, ölənlər və itkin düşənlər çoxdur, 120 nəfər yaralanıb. Yanğını iki gündür ki, söndürmək mümkün olmur. 

Ölkə iqtisadiyyatına güclü ziyan dəyib. 

 

Foto: Euronews

Hollandiyada - Helderland əyalətində, şəxsi təsərrüfatda sensasiya baş verib, ikibaşlı tısbağa dünyaya gəlib. Əlbəttə, gərgin xəbərlərdən təlatümdə olan Azərbaycan oxucusu üçün bu sayaq xəbər gündəm ola bilməz. Ancaq hər halda. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, tısbağanın quyruğu da ikidir. Amma daxili orqanları isə bir canlıya məxsus saydadırlar. 

Mütəxəssislər tısbağanın sağlam olduğunu və uzun illər yaşayacağını qeyd edirlər. Adətən bu növdən olan tısbağalar 150 il yaşayırlar. 

Media bu ən çox oxunan xəbərdə onu da qeyd edir ki, tısbağa barədə telereportajların, sosial media statuslarının sayları yüzlərlədir. Hətta film çəkən, roman yazanlar da var. 

İkibaşlı tısbağaya şeir yazan barədə, düzdür, hələ məlumat paylaşılmayıb, ancaq eləsinin olmasına inanırıq. Ən azı bu dərc etdiyimiz şeirə bənzər bir şeirin yazılmamasına kim zəmanət verər? 

 

Helderlandda çıxdım bağa

Qarşıma çıxdı tısbağa

Çox az yaşı vardı onun.

İki başı vardı onun.

Başlar bir-birindən gözəl.

Di qoş ona şeir, qəzəl. 

Şair qəlbim gəldi cuşa. 

Düşdüm dərhal soyuq duşa. 

Sonra yüz-yüz gillətdim mən.

Bu şeiri guppuldatdım mən.

 

Avqustun 13-dən 20-dək keçiriləcək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb. Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq olan festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival proqramının önəmli bir hissəsi olan “Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir. Xüsusilə dünya premyerasını 2019-cu ilə “Sundance” film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş “Bal ölkəsi” ekran əsəri bu bölmənin ən parlaq filmlərindən biridir. Xatırladaq ki, “Bal ölkəsi” ekran əsəri “Sundance” film festivalında üç mükafat və 92-ci Akademiya Mükafatlarında “Ən yaxşı beynəlxalq bədii film” və “Ən yaxşı sənədli film” kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.

Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus uzun və qısametrajlı sənədli filmlər də artıq məlumdur. Belə ki, seçki komissiyasının onlarla film arasından seçdiyi bu filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 

Film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məsələləri, istər sənədli film mövzuları barəsində aparılacaq panel müzakirələr festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəssisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri baş tutacaq müəlliflər sırasındadır.

Qeyd edək ki, festival Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq. Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

Festivalın proqramı ilə tanış olmaq istəyənlər https://aki.az/iii-sevil-beyn%c9%99lxalq-qadin-film-festivali-proqramini-elan-edir/ linkindən istifadə edə bilərlər.

Onu da xatırladaq ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

Bazar ertəsi, 08 Avqust 2022 13:00

Bu dəfə Xalq artisti Nurəddin Mehdixanlı

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Q.Abbasov adına Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Milli Akademik Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

 

Baş İdarədən mediaya verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, müharibə veteranları, qazilər və digər qonaqlar iştirak ediblər.

Nurəddin Mehdixanlı maraqlı mövzularda danışaraq, Şahin Musayevin "Qarabağ Azərbaycandır" şeirini səsləndirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.